Məhkəmə qərarları › İş №1(050)-223/2025

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-223/2025

06.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-223/2025 06.01.2026 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbriz oğlunun sədrliyi, məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1964-cü il tarixdə Masallı rayonu, Xıl kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, bir yetkinlik yaşına çatmayan uşağı olan, fərdi əməklə məşğul olan, İ qrup Çernobıl əlili, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 18 iyun 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 206.3.2 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 5 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 20 avqust 2020-ci il tarixli qərarına əsasən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 18 iyun 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 avqust 2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən vaxtından əvvəl şərti azad edilmiş, 04 aprel 2025-ci il tarixdə cəza müddəti başa çatmış, məhkumluğu ödənilməmiş, Masallı rayonu, Xıl kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs sürücülük hüququ olmadan və sərxoş vəziyyətdə yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 27 aprel 2025-ci il tarixdə, saat 18 radələrində sürücülük vəsiqəsi olmadan səxoş vəziyyətdə etibarnamə əsasında idarə etdiyi X1 məxsus “LİFAN 320” markalı, **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə köhnə Ələt- Astara magistral yolunun Masallı rayonu, Binə Xocavar kəndi ərazisindən keçən hissəsində üzü Masallı rayonu istiqamətində yolun sağ hərəkət zolağı ilə 60 km/saat sürətlə hərəkətdə olarkən yolun əks hərəkət zolağına çıxaraq hərəkətini davam etdirməklə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda, bunlara əməl etməyərək hadisənin qarşısını almağa texniki imkanı olsa da, ehtiyatsızlıqdan həmin vaxt onunla əks istiqamətdə hərəkət edən Zərərçəkmiş şəxs “B” kateqoriyalı sürücülük vəsiqəsi əsasında ayıq vəziyyətdə etibarnamə ilə 60 km/saat sürətlə idarə etdiyi “VAZ 21053” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə əks hərəkət zolağında, yəni yolun üzü Masallı rayonu istiqamətində sağ çiyin hissəsinin başlanğıcından 5 metr məsafədə toqquşmuşdur. Nəticədə ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs sol Vİ qabırğanın yerinidəyişməmiş və Vİİ qabırğanın yerinidəyişmiş sınığı, döş qəfəsinin sol yarısının arxa hissəsinin sıyrığı və sol budun arxa hissəsinin qançırı xəsarətləri ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aid bədən xəsarətləri alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, “Lifan” markalı maşın Fədail adlı şəxsin adına olsa da, 15-16 il müddətinə ona verilmişdir. Hadisədən bir gün əvvəl gecə saat 12-01 arası 350-400 qram spirtli içki içmişdir. O, maşını düzəltmək üçün usta yanına getmişdir. Onu ustanın yanına Bəhruz adlı şəxs aparmışdır. Maşını idarə edərkən sürücülük hüququ olmamış və sərxoş halda olmuşdur. Yolda iki avtomobil ötüşmüşdür ki, onlardan biri 07 markalı avtomobil olmuşdur. Şahidin idarə etdiyi maşın sürətlə hərəkət etmişdir. O isə avtomobili 40-50 km/saat sürətlə idarə etmişdir. Sürücülərdən biri avtomobili qaçırtsa da, o, idarə etdiyi avtomobil ilə digər avtomobillə toqquşmuşdur. Həmin vaxt ola bilər ki, yolda gedərkən xətti tapdalamışdır. Lakin hadisəni qəsdən törətməmişdir. Onu maşından arxasınca gələn maşının sürücüsü çıxartmışdır. Onu maşından düşürəndə bildirmişlər ki, maşınlar ötüşmüşdür. Hadisə vaxtı onun idarə etdiyi avtomobildə başqa şəxs olmamışdır, lakin hadisə nəticəsində özü ağır xəsarət almışdır. Törətdiyi əməldən səmimi peşmançılığını, özünün və övladının ağır xəstəliyini nəzərə alaraq yüngül cəzanın təyin olunmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin, şahidin ifadələri və işdə toplanmış digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Masallı şəhərində Digah adlanan yeri keçəndən sonra radar olmuşdur. Oranı keçəndən sonra həmin “VAZ 2107” markalı avtomobil ondan təxminən 150 metr aralanmışdır. O, “VAZ 2107” markalı avtomobil ilə eyni istiqamətdə Cəlilabada getmişdir. Radarı keçəndən sonra avtomobil gəlib onu keçmiş və 120-130 metr qabaqda hərəkət etmişdir. “Lifan” markalı maşın kafe yolundan yola çıxdığından “VAZ 2107” markalı avtomobil həmin avtomobili keçmişdir. Həmin vaxt onunla “Lifan” markalı avtomobil arasında 120-130 metr məsafə olmuşdur. O, hər iki avtomobilin sürücüsünün tanış olduqlarını fikirləşsə də, 10 metr qalmış “Lifan” markalı maşının sürücüsü maşını tam olaraq onun üstünə qaytarmışdır. O, da tam olaraq maşını sağ tərəfə çəkib əyləci sıxmışdır. Baş vermiş hadisə zamanı ayağı əzilmiş, qabırğaları sınmış, avtomobil isə ikiqat olmuşdur. Hadisə vaxtı onun idarə etdiyi avtomobildə sərnişin olmamışdır. Təqsirləndirilən şəxs hadisə zamanı avtomobili 40-50 km/saat sürətlə idarə etdiyini bildirsə də, avtomobili ən azı 80 km/saat sürətlə idarə etmişdir və şəkillərə baxılsa görünər ki, iki maşının ikisi də, ikiqat olmuşdur. Hadisədən əvvəl o, heç kimlə ötüşməmiş və toqquşma onun hərəkət zolağında baş vermişdir, bu barədə müstəntiqdə şəkillər vardır. Təqsirləndirilən şəxs ilə barışmadığını, şikayətçi olduğunu bildirərək ona dəymiş ziyanın ödənilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Şahid ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs “Lifan” markalı avtomobil ilə yolda hərəkətdə olarkən avtomobili üzərinə sürdüyünü görüb idarə etdiyi “VAZ 2107” markalı avtomobili bir qədər kənara qaçırtmışdır. Təqsirləndirilən şəxs isə avtomobil ilə yanından keçərək 70-80 metr arxadan gələn Elxanın idarə etdiyi “VAZ 21053” markalı avtomobillə toqquşmuşdur. O, bir anlıq güzgüyə baxanda hadisənin baş verməsini görmüşdür. Təqsirləndirilən şəxs avtomobili hansı sürətlə idarə etməsini yalan deyər, ancaq surəti saatda təxminən 80 km ola bilərdi. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil ilə onun hərəkət zolağına keçmişdir və heç bir ötmə əməliyyatı aparmamışdır. Qəza baş verən kimi avtomobili saxlamış, yaxınlıqda olan oteldən gələn şəxslərin və başqa maşınların sürücülərinin köməkliyi ilə Təqsirləndirilən şəxs avtomobildən çıxartmışlar, həmin vaxt Elxan artıq maşından çıxarılmışdır. Sonra o, baş hadisə barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin yol-nəqliyyat hadisəsi ekspertizasının 25 iyul 2025-ci il tarixli, 8/1433 nömrəli rəyindən görünür ki, “1.2 İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “LİFAN 320” markalı, **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol-hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində “Yol-hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Vaz 21053” markalı, **-BN- *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur”. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibb ekspertizası və X6 Publik hüquqi şəxsin Masallı rayon şöbəsinin məhkəmə-tibb ekspertizasının 12 may 2025ci il tarixli 334 nömrəli ekspert rəyindən görünür ki, vət.Zərərçəkmiş şəxs sol Vİ qabırğanın yerini dəyişməmiş və Vİİ qabırğanın yerini dəyişmiş sınığı, döş qəfəsinin sol yarısının arxa hissəsinin sıyrığı və sol budun arxa hissəsinin qançırı müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, avtomobil qəzası zamanı avtomobilin salonundakı qabarıq hissələrin təsirindən əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan 27 aprel 2025-ci il tarixə uyğun gəlirr, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan AZ AĞİR zərərvurmaya aiddir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixatrik Ekspertiza Mərkəzi” Publik hüquqi şəxsin 10 oktyabr 2025-ci il tarixli, 3460 nömrəli rəyindən görünür ki, yoxlanılan Təqsirləndirilən şəxs Üzvi şəxsiyyət pozuntusu aşkar olunur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə də, “Üzvi şəxsiyyət pozuntusu” qeyd olunsa da, həmin pozuntu öz ifadə dərəcəsinə görə onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində qeyd edilən cinayətləri törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21-ci və 22-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. - Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polis İdarəsinin 22 may 2025-ci il tarixli məktubundan görünür ki, Masallı rayon, Xıl kənd sakini xx xxxx 1964-cü il təvəllüdlü Təqsirləndirilən şəxs adına sürücülük vəsiqəsinin verilmədiyi və Cəlilabad rayon Ocağlı kənd sakini xx xxxx 1959-cu il təvəllüdlü Zərərçəkmiş şəxs adına 14 yanvar 2022-ci il tarixdə “B” kateqoriyalı BD-409162 saylı sürücülük vəsiqəsinin verildiyi aşkar olunmuşdur. - Masallı RPŞ-nin DYPB-dən alınmış 27 aprel 2025-ci il tarixli 01126 nömrəli alkotesterin nəticəsindən görünür ki, Təqsirləndirilən şəxs alkoqolun miqdarı 4,177 promildir. - Masallı rayon Polis şöbəsindən daxil olmuş əməliyyat tapşırığına cavab olaraq tərtib olunmuş 15 sentyabr 2025-ci il tarixli raportdan görünür ki, keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, 27 aprel 2025-ci il tarixdə, saat 18 radələrində köhnə Ələt-Astara magistral yolunun Masallı rayon, Binə Xocavar kəndi ərazisindən keçən hissəsində Masallı rayonu, Xıl kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs sürücülük hüququ olmadan, spirtli içkinin təsiri altında sərxoş vəziyyətdə idarə etdiyi “LİFAN 320” markalı, **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə üzü Masallı rayon istiqamətində hərəkətdə olarkən əks hərəkət zolağına çıxaraq Cəlilabad rayonu, Ocağlı kəndində qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs sürücülük hüququ ilə ayıq vəziyyətdə idarə etdiyi “VAZ 21053” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobillə ehtiyatsızlıqdan toqquşmuş və nəticədə Təqsirləndirilən şəxs özü və digər sürücü Zərərçəkmiş şəxs bədən xəsarətləri almışlar. Hadisə baş verən anda həmin yolda hərəkətdə olan başqa bir avtomobilin sürücüsü Şahid canlı şahid olmuş, digər şəxslər isə hadisədən sonra həmin yerə gəlmişlər. Bundan başqa hadisədən əvvəl hər iki sürücü üçün yolda digər təhlükə doğuran başqa bir maneələr olmamışdır. Sürücülərin hadisə vaxtı avtomobili hansı sürətlə idarə etmələri barədə dəqiq məlumat əldə edilməmişdir. - Masallı rayon Polis şöbəsinin İstintaq bölməsinin baş müstəntiqi Əli Şiriyevin 18 avqust 2025-ci il tarixli “əşyanın maddi sübut hesab edilməsi haqqında” qərarından görünür ki, Zərərçəkmiş şəxs idarə etdiyi “VAZ 21053” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobil və Təqsirləndirilən şəxs idarə etdiyi “LİFAN 320” markalı, **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü həll edilənədək Masallı RPŞ-nin duracağında saxlanılmışdır. - 19 noyabr 2025-ci il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs “VAZ 21053” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobili 19 noyabr 2025-ci il tarixdə qəzadan sonrakı vəziyyətdə təhvil almışdır. Bununla bağlı heç bir şikayət və narazılığı yoxdur. - Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə məlumatdan görünür ki, Zamanlı X3 AES-də qəzanın ləğvi ilə əlaqədar müddətiz əlildir, əmək qabiliyyətsizdir. - Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə məlumatdan görünür ki, X2 xəstəlik səbəbindən müddətiz əlildir, əmək qabiliyyətsizdir. - Masallı rayon Polis şöbəsinin İstintaq bölməsinin baş müstəntiqi Əli Şiriyevin 21 noyabr 2025-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə ********* saylı cinayət işi ayrılaraq başlanması və ayrıca icraata götürülərək istintqının aparılması, iş üzrə maddi sübut kimi tanınmış “LİFAN 320” markalı, **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanması üçün Masallı RPŞ-nin duracağında olması və “VAZ 21053” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs olması nəzərə alınmışdır. - Masallı rayon İcra Hakimiyyəti Başçısının Xıl kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 22 avqust 2025-ci il tarixli, 264 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs aşağıdakı ailə üzvləri vardır: arvadı X7, oğlu X10 – 2005-ci il, oğlu X9 – 2006-cı il, qızı X11 – 2008-ci il. - “Masallı rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsi tərəfindən verilmiş 18 sentyabr 2025-ci il tarixli məktubdan görünür ki, Masallı rayonu, Xıl kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs “Masallı rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin ruhiəsəb kabinetində dispanser qeydiyyatında durur. - “Lənkəran şəhər Psixatriya xəstəxanası” Publik hüquqi şəxsi tərəfindən verilmiş 19 sentyabr 2025-ci il tarixli məktubdan görünür ki, Masallı rayonu, Xıl kəndində qeydiyyatda olan Zamanlı X4 şəhər Psixatriya xəstəxanasında qeydiyyatdadır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nə dair 25 avqust 2025-ci il tarixli tələbnaməsindən görünür ki, xx xxxx 1964-cü il tarixdə Masallı rayonu, Xıl kəndində anadan olmuş Təqsirləndirilən şəxs – Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 18 iyun 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 206.3.2 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 5 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 20 avqust 2020-ci il tarixli qərarına əsasən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 18 iyun 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 avqust 2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən vaxtından əvvəl şərti azad edilmişdir. 04 aprel 2025-ci il tarixdə cəza müddəti başa çatmışdır. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Beləliklə, məhkəmə Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 143- 146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, qeyd olunan sübutlar təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın həll edilməsi üçün kifayət edir və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin, şahidin məhkəmə iclasında verdikləri ifadələri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək, tam sübuta yetirilmişdir. Məhkəmə bilavasitə məhkəmə istintaqında tədqiq edilən biri-digərini tamamlayan mötəbər və mümkün sübutlara əsaslanaraq, habelə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası CPM-in 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, onların kifayət etməsi nəticəsinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 263-1.1ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə altı min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 1-ci bəndinə əsasən məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayəthüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamının 8-ci bəndində qeyd edilir ki, - ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmin Sərəncamın 13-cü bəndinə əsasən məhkəmələrə tövsiyə edilir ki: cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixli Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də, göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf etməsini, 1 qrup Çernobıl əlili olmasını və oğlu X5 İ qrup əlilliyini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran halları müəyyən etmədi. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 47-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr CPM-in 346.1.11-346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-in 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Həmin Plenum qərarının 48-ci bəndinə əsasən cinayət qanununun sanksiyası müəyyən müddətə azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza növünü nəzərdə tutursa və təqsirkara məhz azadlıqdan məhrum etmə cəzası təyin edilirsə, hökmdə daha yüngül cəza növünün və ya həddinin təyin edilməməsinin səbəbləri göstərilməlidir. Eləcə də, təqsirkarın şərti məhkum olunması, ona təqsirli bilindiyi cinayətə görə CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi, cəzadan azad edilməsi hökmdə əsaslandırılmalıdır. CM-nin 263-1.1-ci maddəsinin sanksiyasında əsas cəza olaraq cərimə növündə alternativ cəza nəzərdə tutulmasına baxmayaraq məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzanın təyin edilməsini qanunauyğun, ədalətli və humanizm prinsiplərinə uyğun hesab etmir. Məhkəmə qeyd edir ki, daha yüngül cəzanın təyin edilməsinin müzakirə olunması üçün əsaslar da, yoxdur. Çünki Təqsirləndirilən şəxs əməlində cinayətin residivi olmasa da, əvvəllər Azərbaycan Respublikası CM-in 206.3.2 və 234.1-ci maddələri ilə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilmədiyi dövrdə yenidən cinayət törətmişdir. Eyni zamanda Zamanlı X3 AES-də qəzanın ləğvi ilə əlaqədar müddətiz əlildir və əmək qabiliyyətsizdir. Belə olan halda cərimə ödəmək iqtidarında deyildir. Ona görə də, məhkəmə ona Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun hesab edir. Həmçinin Cinayət Məcəlləsi cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də, nəzərə almışdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 18 iyun 2020-ci il tarixli hökmü ilə təyin edilmiş 5 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən 02 avqust 2023-cü il tarixdə vaxtından əvvəl şərti azad edildiyi gündən 6 ildən çox vaxt keçmədiyindən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməsə də, hazırda törətdiyi cinayət ehtiyyatsızlıqdan törədilmiş cinayətlər kateqoriyasına aid olduğundan onun hazırki əməli cinayətin residivini yaratmır. Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - azadlıqdan məhrum etmə növündə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə, CPM-in 346.1.13-cü maddəsinin tələbinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli və cəzasının əvvəli müəssisədə qeydiyyata alındığı gündən hesab olunmalıdır. Məhkəmə, CPM-in 346.1.20-ci maddəsinin tələbinə əsasən qətimkan tədbiri məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.1.2-ci maddəsinə əsasən iş üzrə maddi sübut “LİFAN 320” markalı, **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin Masallı RPŞ-nin duracağında olması, “VAZ 21053” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilin isə Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə 200 (iki yüz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bundan başqa iş materiallarından müəyyən olunur ki, Zərərçəkmiş şəxs yazılı şəkildə iddia ərizəsi təqdim etməmiş və mülki iddiaçı kimi tanınmamışdır. Eyni zamanda zərərçəkmiş şəxs məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlanana qədər də, yazılı formada mülki iddia ərizəsi təqdim etməmişdir. Azərbaycan Respublikası CPM-nin 183-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. Məhkəmə hesab edir ki, iş üzrə Zərərçəkmiş şəxs dəymiş zərərin qalan hissəsinin ödənilməsi ilə bağlı mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat vaxt sərf etmişdir. Ona görə də, 110 (bir yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsindən Müdafiəçi ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197, 198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli müəssisədə qeydiyyata alındığı gündən hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut “LİFAN 320” markalı, **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin Masallı RPŞ-nin duracağında olması, “VAZ 21053” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə 200 (iki yüz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi xidmətə görə 110 (bir yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsindən ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elşən Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar