Məhkəmə qərarları › İş №1(050)-224/2023

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-224/2023

29.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-224/2023 29.11.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Masallı Rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Masallı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmamış, Masallı şəhəri D.Əbilova küçəsi ev 15 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə bir bükümdə narkotik vasitə hesab edilən tiryəki qanunsuz olaraq əldə edib üzərində daşıyaraq yaşadığı Masallı şəhəri D.Əbilova küçəsi ev 15 ünvanında yerləşən fərdi yaşayış evinə aparıb orada satış məqsədilə 4 hissəyə ayırıb üzərində saxlamaqla gizlətmiş, xx.xx.2023-cü il tarixdə, saat 19 radələrində Masallı RPŞ-nin əməkdaşları keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı şəhəri Səməd Vurğun küçəsində saxlanılaraq polis şöbəsinə gətirilmiş, orada üzərinə keçirilən şəxsi-axtarış zaman əynində olan göy rəngli şalvarın sol yan cibindən 04 ədəd şəffaf rəngli sellofana bükülmüş, ayrıayrılıqda təmiz çəkiləri 0,455 qram, 1,175 qram, 0,865 qram və 2,223 qram, ümumi təmiz çəkisi 4,718 qram təşkil edən xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eyni olan narkotik vasitə tiryək aşkar olunaraq götürülmüşdür. Həmin əməllərinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında bildirdi ki, ona qarşı irəli sürülmüş ittihamda özünü qismən təqsirli bilir. Qeyd olunan narkotik vasitə həqiqətən də ona məxsusdur. Baxmayaraq ki, o, narkotik vasitələrin istifadəçisi olmuş, lakin narkotik vasitələrin satışı ilə heç bir əlaqəsi yoxdur. Hazırda da, özünü narkotik vasitələrin satışı ilə deyil istifadəçisi kimi təqsirli bilir. Həmçinin onun üzərində olan narkotik vasitə dörd büküm deyildə bir bükümdə 4 qram olmuşdur. Belə ki, həmin narkotik vasitə olan tiryəki bir bükümdə Göytəpə şəhərində tanımadığı şəxsdən 40 manat müqabilində şəxsi istifadəsi üçün almışdır. Təxminən bir il yarım olar ki, narkotik vasitələrdən istifadə etmirmiş, son 25 gündə yenidən istifadə etməyə başlamışdır. O, narkotik vasitələrin satıcısı deyildir. Hətta o, narkotik vasitələri elə istifadə etmişdir ki, heç kim bunu bilməmişdir. Həmçinin narkotik vasitəni satış məqsədi ilə əldə etdiyini deməsinin cinayət olduğunu bilməmişdir. Çünki elə başa düşmüşdür ki, satış məqsədi ilə əldə etmə hələ satmaq demək anlamına gəlmədiyi üçün satış məqsədilə əldə etdiyini demişdir. Eləcədə dindirildiyi zaman hər kəs bir tərəfdən üzərinə suallar yağdırdığından canını qutarmaq üçün satış məqsədini demişdir. Lakin o, heç bir zaman narkotik vasitələrin satıcısı olmamışdır. Saxlanılarkən və polis şöbəsində olduğu zaman ona qarşı hər hansı bir zor tətbiq olunmamışdır, döyülməmişdir. Narkotik vasitələrdən istifadə etdiyi üçün peşmandır. Odur ki, məhkəmədən qeyd etdiklərinin nəzərə alınaraq ona ən yüngül cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs ona qarşı ittiham elan edilmiş cinayət əməlini törətməkdə özünü təqsirli bilməsə də, onun həmin əməli törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilən mötəbər sübut növləri ilə tam sübuta yetirilmişdir. Həmçinin məhkəmə təqsirləndirilən şəxsin ifadəsini səmimi qəbul etməməklə özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda, narkotik maddələri qəbul etməkdə, üzərində gəzdirməkdə və satışı ilə məşğul olmaqda şübhəli olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması və Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunmasından ötrü keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 19 radələrində Masallı şəhəri Xətai parkının yaxınlığında saxlanılaraq RPŞ-nə gətirilmişdir. Gətirildikdən sonra təhqiqatçının otağında video çəkiliş vasitəsilə və vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd bükülü çıxararaq təqdim etmişdir. Həmin bükülü açıldığı zaman isə içərisindən əlavə olaraq 4 büküm aşkar olunmuşdur. Təqsirləndirilən şəxs deməsinə görə həmin narkotik vasitəni 3 gün əvvəl Cəlilabad rayonu Göytəpə şəhəri ərazisində 150 manata əvvəllər tanımadığı bir nəfər şəxsdən almışdır. Həmçinin deməsinə görə əldə etdiyi narkotik vasitənin bir bükümünü özü istifadə etmək və digərlərini isə satmaq məqsədilə üzərində saxlamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 Baxış oğlu, Şahid4 və Şahid2 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verdiyi müəyyən edildi. Məhkəmə iclasında iş materiallarında olan Təqsirləndirilən şəxs üzərində axtarış keçirilməsi barədə video çəkilişin aparılmasına dair CD disklərə baxış keçirilərək, narkotik vasitəni Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sol yan cibindən çıxararaq könüllü təqdim etdiyi və həmin narkotik maddələri həm şəxsi istifadəsi, həm də satmaq məqsədi ilə əldə etdiyini dediyi müəyyən edildi. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsi tərəfindən təqdim edilmiş 02 avqust 2023-cü il tarixli, 19/767 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “ Şübhəli şəxs Təqsirləndirilən şəxs......” sözlər və imzalar olan bir ədəd zərfdəki, 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi -0,455 qram; -1,175 qram; -0,865 qram və -2,223 qram, ümumi təmiz çəkisi -4,718 qram olan maddələr xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdirlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə birbiriləri ilə eynidirlər (tiryəkin ümumi təmiz çəkisi 4,718 qram, cəmi tədqiqata sərf edildi 0,2 qram (hər ob.-0.05qr), qalıq 4,518 qr). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər X1 X9 Yoxlamanın nəticələrinə dair 03 avqust 2023-cü il tarixli, 780 nömrəli rəyində qeyd edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulundan yaranan ASLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Masallı Rayon İcra Hakimiyyəti başçısının Masallı şəhər inziabti ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Nuriyev X8 şəhəri, D.Əbilova küçəsi, ev 15-də qeydiyyatda olmaqla anası X3, arvadı X4 və övladları xx.xx.2013-cü il təvəllüdlü X6, xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X2 ibarət ailə tərkibində yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, şahid ifadələri, təqsirləndirilən şəxsin üzərindən narkotik vasitələrin aşkar edilməsi barədə video çəkiliş aparılması barədə CD disk, eləcə də işin faktiki halları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 sentyabr 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 4-cü bəndində qeyd olunur ki, CM-nin 59-cu maddəsilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamının 8-ci bəndində qeyd edilir ki, - ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmçinin həmin Sərəncamın 10-cu bəndinə əsasən cəza siyasətinin humanistləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilsin və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə tapşırılsın ki, aşağıdakı istiqamətlərdə qanun layihələrini hazırlayıb iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsinlər: - cinayətlərin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunması və mövcud alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi; törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması. Həmçinin həmin Sərəncamın 13-cü bəndinə məhkəmələrə tövsiyə edilir ki: - cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; - cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xatakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdiran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə cəza təyin edərkən cinayət əməli törətmiş şəxs Təqsirləndirilən şəxs himayəsində üç nəfər azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59.1.4-cü, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını isə Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsininin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halı, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 01 avqust 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və 03 avqust 2023-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə saxlanıldığı yerdən azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsi nəzərə alınmaqla cəza təyin etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsində göstərilmişdir ki, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilməli, o, məhkəmə iclas zalında həbs edilməli və seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.22-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli 29 noyabr 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.16-cı maddəsinə əsasən hesab edir ki, təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1 və 93.1.4-cü maddələrinə əsasən tibbi xarakterli məcburi tədbirlər cinayət törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə təyin edilə bilər. Hazırkı cinayət işi üzrə isə müvafiq ekspert rəyindən görünür ki, təqsirləndirilən şəxsin toksikomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Odur ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinin tələbi baxımından cinayət işi üzrə maddi sübut kimi tanınaraq Masallı Rayon Polis şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalan 4,518 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, narkotik vasitənin təqsirləndirilən şəxsin üzərindən aşkar edilərək götürülməsini özündə əks etdirən CD disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.21-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs narkoloji ekspertizanın dəyəri olan 60 (altımış) manat məbləğində pul vəsaiti tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Hökmün maddi sübutun məhv edilməsi hissəsini icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 01 avqust 2023-cü il tarixdən 03 avqust 2023-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalında həbsə alınsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəza çəkməsinin əvvəli 29 noyabr 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 60 (altmış) manat məbləğində məhkəmə məsrəfi (ekspertiza xərci) tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq Masallı Rayon Polis Şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalan 4,518 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərindən narkotik vasitənin aşkar edilməsi görüntülərini özündə əks etdirən 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmün maddi sübutun məhv edilməsi hissəsinin icrası Masallı rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökmdən elan edildiyi vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar