Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-226/2024 02.12.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Masallı Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1979-cu ildə Masallı rayonu, Qızılağac kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli-himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Qızılağac kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, istintaqa məlum olmayan çəkidə satış məqsədi olmadan bir ədəd bükümdə xeyli miqdarda narkotik vasitə tiryəki qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, xx.xx.2024-cü il tarixdə saat 19:10-da Masallı RPŞ-nin əməkdaşları tərəfindən təxirəsalınmadan keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələri üzərində saxlamaqda və istifadəsində şübhəli olduğundan Masallı rayonu Qızılağac kəndində saxlanılmış, həmin yerdə üstü yoxlanılan zamanı əynində olan boz rəngli şalvarın sol yan cibindən bir ədəd qara rəngli sellofan bükümdə təmiz çəkisi 0,646 qram təşkil edən xeyli miqdarda xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, narkotik vasitə istifadəçisidir, son zamanlar əsasən narkotik vasitə tiryək qəbul edir. xx.xx.2024-cü il tarixdə bədənində ağrılar olduğundan şəxsi istifadəsi üçün narkotik vasitə olan tiryək almaq məqsədilə Lənkəran rayonu, Qumbaşı kəndinə getmək qərarına gəlmişdir. Bu məqsədlə həmin tarixdə günorta saatlarından sonra yaşadığı Masallı rayonu Qızılağac kəndindən Masallı şəhəri “Seybətin dairəsi” deyilən əraziyə sonra isə oradan tanımadığı şəxsə məxsus mikroavtobusla Lənkəran rayonu, Qumbaşı kəndinə gedib saat təxminən 17 radələrində kəndin mərkəzindən keçən asfalt yolun kənarında mikroavtobusdan düşmüşdür. Qumbaşı kəndinin mərkəzində bir qədər piyada hərəkət etdikdən sonra xarici görkəmcə narkotik aludəçisinə oxşatdığı əvvəllər tanımadığı şəxsə yaxınlaşıb bədənində ağrılar olduğunu və ona narkotik vasitə tiryək tapmaqda köməklik etməsini xahiş etmişdir. Həmin tanımadığı şəxs, onda narkotik vasitə tiryək olduğunu, istəsə ona verə biləcəyini demişdir. Həmin şəxslə razılaşmış və ona olduğu yerdə gözləməyini deyib özü kəndin içərisinə getmişdir. Təxminən 20 dəqiqə sonra həmin şəxs yenidən yanına gəlib cibindən bir ədəd qara rəngli sellofon bükümü çıxardıb göstərərək həmin bükümün içində təxminən yarım qramdan artıq tiryək olduğunu və həmin tiryəki ona 10 manata sata biləcəyini bildirmişdir. Həmin tanımadığı şəxslə razılaşıb ondan bir ədəd bükümdə narkotik vasitə tiryəki 10 manata alıb əynində olan boz rəngli şalvarının sol yan cibinə qoyaraq oradan uzaqlaşmışdır. Daha sonra Masallı rayonu istiqamətində dayanıb taksi gözləmiş və bir müddət sonra Masallı rayonu istiqamətində gedən markasına fikir vermədiyi avtomobil sürücüsü avtomobili yanında saxlamışdır. Bundan sonra həmin avtomobil ilə Masallı rayonu Qızılağac kəndinə gəlib kənd ərazisində avtomobildən düşmüşdür. Kəndin içərisində piyada hərkətdə olan zaman üç nəfər şəxsin videokamera ilə ona yaxınlaşdığını görmüşdür. Həmin şəxslər ona polis əməkdaşları olduqlarını, qanunsuz olaraq narkotik vasitə istifadə etməkdə və üzərində gəzdirməkdə şübhəli olduğu üçün yaxınlaşdıqlarını demişlər. Sonra özünü polis əməkdaşı Şahid1 kimi təqdim edən şəxs ondan şifahi formada üzərində narkotik vasitə və ya psixotrop maddə olub-olmadığını soruşmuşdur. O, üzərində narkotik vasitə tiryək olduğunu demişdir. Sonra həmin yerdə əynində olan boz rəngli şalvarının sol yan cibindən içərisində tiryək olan bir ədəd qara rəngli sellofan bükümü çıxardıb Şahid1 təqdim etmişdir. Bundan sonra polis əməkdaşı Şahid1 təqdim etdiyi həmin bir ədəd bükümü açıb yaxından baxdıqda onun həqiqətəndə narkotik vasitə tiryək olduğunu görmüşdür. Sonra həmin tiryək elektron tərəzidə çəkilmiş və ümumi çəkisinin 0,90 (sıfır tam yüzdə doxsan) qram olduğu müəyyən edilmişdir. Daha sonra həmin narkotik vasitə tiryək içi boş olan kağız zərfə qoyularaq qablaşdırılmış və üzəri polis şöbəsinin 90 saylı möhürü ilə möhürlənərək imzalanmışdır. Bundan sonra isə polis əməkdaşı Şahid1 tərəfindən üzərində olan paltarlarına əlavə baxış kerçirilmişdir. Lakin üzərindən əlavə olaraq hər hansı bir şübhəli əşya, predmentə rast gəlinməmişdir. Bundan sonra Şahid1 şifahi suallarına cavab olaraq təqdim etdiyi bükümün içərisində narkotik vasitə tiryək olduğunu, həmin tiryəki Lənkəran rayonu Qumbaşı kəndində tanımadığı şəxsən 10 manat pul qarşılığında şəxsi istifadəsi üçün alıb üzərində gəzdirdiyini və heç bir şəxsə satmadığını bildirmişdir. Videoçəkiliş qurtardıqdan sonra polis əməkdaşları onu Masallı Rayon Polis Şöbəsinə gətirmiş, orada əməliyyat müvəkkili Şahid1 üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə tiryəklə əlaqədar protokol yazmış, həmin protokolu ucadan oxumuş və hər şey düzgün qeyd edildiyi üçün o da həmin protokolu imzalamışdır. X7 baş təhqiqatçısı Ariz Səfərov qanunsuz olaraq üzərində narkotik vasitə tiryək saxladığı üçün onu şübhəli şəxs qismində tutub hüquq və vəzifələrini elan edib bu barədə bildiriş vermişdir. Həmin vaxt o ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini demişdir. Bundan sonra öz istəyinə əsasən Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. Müdafiəçi gəldikdən sonra baş təhqiqatçı zəruri sənədləşmə işlərini aparmış və o həmin sənədləri də müdafiəçi ilə birlikdə imzalamışdır. Təyin edilmiş məhkəmə fiziki kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 19/691 nömrəli rəyi ilə tanış olmuşdur. Rəyə əsasən üzərindən aşkar edilən təmiz çəkisi 0,646 qram olan bir büküm narkotik vasitə tiryək kütləsi ona aiddir. Sonda Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olduğunu, ilk dəfə cinayət məsuliyyətinə cəlb edildiyini, ailədə yeganə qazanc gətirən olmasını, bir daha narkotik vasitə və ya psixotrop maddə istifadə etməyəcəyini bildirib barəsində yüngül və ədalətli qərar qəbul edilməsini xahiş etdi. Təqsirləndirilən şəxsin ittiham olunduğu cinayəti törətməsi onun özünün səmimi etirafı ilə yanaşı işin məhkəmə istintaqı zamanı tədqiq edilən digər sübut növləri ilə aşağıdakı qaydada tam sübuta yetirilir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili işləyir. xx.xx.2024-cü il tarixdə Masallı rayonu Qızılağac kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz üzərində narkotik vasitə daşıması ilə bağlı ona əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə qrup rəhbəri kimi ondan, qrup üzvləri kimi Masallı RPŞnin PPXB-nün polis nəfəri polis serjantı Şahid2 və Masallı RPŞ-nin KTQ-nun baş inspektoru polis baş leytenantı X4 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra xx.xx.2024-cü il tarixdə saat 19:10-da Təqsirləndirilən şəxs Masallı rayonu Qızılağac kəndində piyada hərəkətdə olan zaman görüb Ramal Şükürovun “Panasonic” markalı videokamera çəkilişi aparması ilə ona yaxınlaşmışlar. Həmin vaxt tərəfindən xidməti vəsiqəsi Təqsirləndirilən şəxs təqdim edildikdən sonra təxirəsalınmaz əməliyyat axtarış tədbirin keçirilməsi barədə qərar ona elan edilərək Şahid2 və Ramal Şükürovun iştirakları ilə üzərində yoxlama aparılacağı elan edilmişdir. Təqsirləndirilən şəxs üstünün yoxlanılmasına heç bir etirazının olmamasını bildirdikdən sonra ona üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet varsa təqdim etməsini bildirmişdir. O, əynində olan boz rəngli şalvarın sol yan cibindən 1 (bir) ədəd qara sellofanda olan bükülünü təqdim edərək içərisində tiryək olmasını, şəxsi istifadəsi üçün Lənkəran rayonu Qumbaşı kəndindən 10 manat pul qarşılığında tanımadığı şəxsdən aldığını demişdir. Bundan sonra tərəfindən həmin bükülünün içərisi proses iştirakçılarına açılıb göstərildikdən sonra həmin bükülü tərəfindən elektron tərəzidə çəkilmiş və tiryəkin bükümlə birlikdə ümumi çəkisinin 0,90 qram olması müəyyən olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs əynində olan digər paltarlarına şəxsi axtarış keçirilsə də, onun üzərindən əlavə olaraq qanunla qadağan edilmiş hər hansı əşya, maddə və ya predmet aşkar edilməmişdir. Videoçəkiliş qurtardıqdan sonra Təqsirləndirilən şəxs tərəflərindən Masallı Rayon Polis Şöbəsinə gətirilmişdir. Daha sonra isə tərəfindən keçirilmiş əməliyyat axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında protokol yazılmışdır. Həmin protokol tərəfindən uca səslə oxunmuş, hər hansı bir əlavə düzəliş qeydə alınmamış və protokolun doğruluğu tərəflərindən imzalanmışdır. Daha sonra isə götürülmüş narkotik vasitə tiryək və keçirilmiş əməliyyat axtarış tədbirinin videogötrüntüsü olan DVD disk Polis Şöbəsinin baş təhqiqatçısı Ariz Səfərova təqdim edilmişdir. Ariz Səfərov tərəfindən təqdim edilmiş narkotik vasitə tiryəkə və keçirilmiş əməliyyat tədbirinin videogörüntüləri olan diskə baxış keçirilərək həmin əşyalar götürülmüşdür. Bundan sonra isə Ariz Səfərov tərəfindən bu barədə protokol tərtib edilmiş və protokolun doğruluğu tərəflərindən imzalanmaqla təsdiq edilmişdir. Onun Təqsirləndirilən şəxs ilə əvvəllər tanışlığı və aralarında heç bir ədavət, düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Masallı rayonu Qızılağac kəndində saxlanılıb üstü yoxlanılaraq RPŞ-yə gətirildikdən sonra ona heç bir zor və ya güc tətbiq olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə tiryəki çəkdiyi tərəzi elektron tərəzi olmuşdur. Videogörüntüdən də göründüyü kimi həmin tərəzinin yerə qoyulduğu torpağın üzəri nahamar olduğu üçün elektron tərəzi tiryəkin çəkisinin 0,90 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən narkotik vasitə tiryək bir büküm halında tərəfindən elektron tərəzidə çəkildiyi üçün çəkisi 0,90 qram olması müəyyən edilmişdir. Lakin, ekspertiza tədqiqatı zamanı həmin tiryək təmiz halda çəkilmiş və çəkisi 0,646 qram müəyyən edilmişdir. Ekspertin tərəzisi dəqiq və düzgün çəkdiyi üçün rəydə göstərilən çəki əsas götürülməlidir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Masallı RPŞ-nin PPXB-nün polis nəfəri Şahid2 oxşar məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarında olan təqsirləndirilən şəxsin yerində saxlanılaraq üzərinə baxış keçirilməsinin video görüntülərini əks etdirən CD diskə məhkəmə iclasında keçirilən baxış zamanı müəyyən olunmuşdur ki, Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 və Masallı RPŞ-nin PPXB-nün polis nəfəri Şahid2, Masallı RPŞ-nin Kriminalistik tədqiqatlar qrupunun baş inspektoru X5 tərəfindən Masallı RPŞ-yə Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etməsi və qanunsuz olaraq narkotik vasitə əldə edərək üzərində daşıması barədə daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilən əməliyyataxtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 10 oktyabr 2024-cü il tarixdə, saat 19:10-da Masallı rayonu, Qızılağac kəndinin ərazisində saxlanılaraq üzəri yoxlanılan zaman özü əynində olan boz rəngli şalvarının sol yan cibindən bir ədəd qara rəngli sellofan bükümü çıxardıb təqdim etmiş, təqdim etdiyi bükümün içərisində narkotik vasitə tiryək olduğunu, həmin tiryəki xx.xx.2024-cü il tarixdə 17 radələrində Lənkəran rayonu, Qumbaşı kəndində tanımadığı şəxsdən 10 manat pulun müqabilində şəxsi istifadəsi üçün alıb üzərində gəzdirdiyini demişdir. Əməliyyat müvəkkili tərəfindən təqdim olunmuş həmin bir ədəd bükümə baxış keçirərkən onun narkotik vasitə tiryəkə bənzər maddə olduğunu görmüş, sonra həmin tiryəkə bənzər maddəni sellofanla birlikdə elektron tərəzidə çəkmişdir və ümumi çəkisinin 0,90 (sıfır tam yüzdə doxsan) qram olduğunu müəyyən etmişdir. Daha sonra həmin narkitik vasitə tiryəkə bənzər bənzər içi boş olan kağız zərflərə qoyaraq qablaşdırmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində qeyd olunanlardan başqa qanunla qadağan olunmuş hər hansı maddə və predmet aşkar olunmamışdır. Cinayət işinin materiallarında olan Masallı RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı Ariz Səfərov tərəfindən təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs üzərindən əməliyyataxtarış tədbiri zamanı aşkar edilmiş əşyalara keçirilən baxışın video görüntülərini əks etdirən CD diskə məhkəmə iclasında keçirilən baxış zamanı müəyyən olunmuşdur ki, Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 və Masallı RPŞ-nin PPXB-nün polis nəfəri Şahid2 tərəfindən əməliyyat-axtarış tədbiri zamanı saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək qablaşdırılmış maddə olan zərf və baxış keçirilməsi barədə video görüntünü əks etdirə CD disk təhqiqatçıya təqdim edilmişdir. Təqdim edilmiş zərfdəki bükümə təhqiqatçı baxış keçirən zaman 01 bükümdə tiryəkə bənzər narkotik vasitə olmuş və həmin büküm elektron tərzidə çəkilərkən 0,75 qram olmuş, daha sonra təhqiqatçı tərəfindən iştirakçılarla bərabər Təqsirləndirilən şəxs yerində saxlanılmaqla üzərinə baxış keçirilməsini əks etdirən CD diskə baxış keçirilmişdir. Cinayət işinin materiallarında olan Masallı RPŞ-nin İstintaq Bölməsinin baş müstəntiqi, polis mayoru Nəsirov babək İsgəndər oğlu tərəfindən müdafiəçisi Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində dindirilməsinin görüntülərini əks etdirən CD diskə məhkəmə iclsasında keçirilən baxış zamanı müəyyən edilmişdir ki, müstəntiq tərəfindən şübhəli şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona verilən sualları tam şəkildə cavablandıraraq törətdiyi cinayət əməlini səmimi etiraf etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X3 Bölməsi tərəfindən təqdim edilmiş məhkəmə fiziki-kimyəvi ekspertizasının 11 oktyabr 2024-cü il tarixli, 19/691 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “vət.Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan tiryəkə bənzər kütlə....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi -0,646 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. Tiryəkin ümumi təmiz çəkisi 0,646 qram, tədqiqata sərf edildi -0,05 qram, qalıq -0,596 qramdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər X1 X6 Yoxlamanın nəticələrinə dair xx.xx.2024-cü il tarixli 749 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixi və fiziki asılılıq olmadan OPİOİDLƏRDƏN istifadə halları olub. Lakin ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi Narkoloji kabinetində prfilaktik qeydiyyatda alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “əşyanın maddi sübut hesab edilməsi və təhvil verilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalan 0,596 qram narkotik vasitə tiryək maddi sübut kimi tanınaraq RPŞ-nin saxlanc yerinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılmasını, üzərindən aşkar edilmiş psixotrop maddəyə baxış keçirilməsi və şübhəli şəxs qismində dindirilməsi barədə videogörüntüləri özündə əks etdirən 03 ədəd “CD” disk sübut növü kimi tanınmaqla cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Masallı Rayon İcra Hakimiyyəti Başçısının Qızılağac kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Masallı rayonu, Qızılağac kəndində qeydiyyatda olmaqla yaşayır, üç nəfərdən ibarət ailə üzvü vardır və yaşadığı yer üzrə müsbət xarakterizə edilir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən şahidlərin ifadələri, təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən saxlanılmasını, üzərindən aşkar edilmiş narkotik vasiəyə baxış keçirilməsi və şübhəli şəxs qismində dindirilməsi barədə video çəkilişin aparılmasına dair CD disklər, eləcə də işin faktiki halları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 08 saylı Qərarının 4-cü bəndində göstərilir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq saxlama uzanan cinayət olmaqla şəxs özü əməllərinə son verdiyi (məsələn, könüllü gəlib təqsirini boynuna aldığı) və yaxud onun iradəsindən asılı olmayaraq əmələ son verildiyi, məsələn, qeyd olunan əməllə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirinin gedişində yaxalandığı andan cinayət başa çatmış hesab edilir. Azərbaycan Respublikası 2005-ci il 28 iyun tarixli qanun ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda narkotik vasitə olan tiryəkin (o cümlədən ekstarsiya edilən) xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı hədləri 0,5 qram təşkil edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). Məhkəmədə müəyyən edilir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan xeyli miqdarda 1 ( bir) ədəd sellofan bükümdə təmiz çəkisi 0,636 qram təşkil edən xeyli miqdarda xaş-xaş bitkisindən ksutar üsulla hazırlanmış narkotik vasitə olan tiryəki qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımışdır. Beləliklə, məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Göstərilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımağa görə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.14cü maddəsinə əsasən himayəsində bir azyaşlı uşağının olmasını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən əməlindən səmimi peşman olmasını və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, yaşını, o cümlədən cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən də islah olunmasını mümkün hesab etməklə ona təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” Məhkəmə həmçinin Cinayət Məcəlləsinin 52-1.3.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxsnın kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuni və məqsədə müvafiq hesab edir. Cəzaçəkmə müddətinin əvvəli Masallı Rayon Probasiya və İcra Şöbəsində qeydiyyata alındığı andan hesablanmalıdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 10 oktyabr 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan və tutulmuş şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsinə dair 12 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 10 oktyabr 2024cü il tarixdə saat 19:10-da şübhəli şəxs qismində tutulmuş və 12 oktyabr 2024-cü il tarixli qərarla barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə saat 16:30-da Masallı RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması (məhkəməyədək, habelə birinci və apellyasiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1. və 158.2.2. və 158.3.-cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsnın şübhəli şəxs qismində tutularaq saxlandığı müddət ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasına hesablanmaqla ondan çıxılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.16-cı maddəsinə əsasən təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin mümkün olub-olmadığı məsələsinə baxaraq qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1 və 93.1.4-cü maddələrinə əsasən tibbi xarakterli məcburi tədbirlər cinayət törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə təyin edilə bilər. Hazırkı cinayət işi üzrə alınmış müvafiq ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Lakin o, Ərazi Narkoloji kabinetində profilaktiki qeydiyyatda alınmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinin tələbləri baxımından qeyd edir ki, hazırkı cinayət işi üzrə maddi sübut kimi tanınaraq Masallı Rayon Polis şöbəsində saxlanılan, tədqiqata sərf edildikdən sonra qalıq qalan 0,596 qram narkotik vasitə tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılmasını, üzərindən aşkar edilmiş psixotrop maddəyə baxış keçirilməsi və şübhəli şəxs qismində dindirilməsinin videogörüntülərini özündə əks etdirən 03 ədəd “CD” disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələbinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.21-ci maddəsinin tələbinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs aparılmış ekspertizanın dəyəri olan 60 (altmış) manat məbləğində pul vəsaiti tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Hökmün icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə həvalə olunmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 354, 356-358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı tutularaq saxlandığı 10 oktyabr 2024-cü il tarixindən 12 oktyabr 2024-cü il tarixədək olan 2 (iki) gün müddətin hər 1 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) günü hesabı ilə hesablanmaqla həmin cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs Ərazi Narkoloji kabinetdində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Masallı Rayon Polis şöbəsində saxlanılan, tədqiqata sərf edildikdən sonra qalıq qalan 0,596 qram narkotik vasitə olan tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs saxlanılmasını, aşkar edilmiş narkotik vasitəyə baxış keçirilməsi və şübhəli şəxs qismində dindirilməsinin görüntülərini özündə əks etdirən 03 ədəd “CD” disk iş materiallarında saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmün icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Masallı Rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Coşqun Abdullayev
Məhkəmə qərarları › İş №1(050)-226/2024
Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-226/2024
02.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver