Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-226/2025 04.02.2026 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbriz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi, yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 2009-cu il tarixdə Masallı rayonu, Kalinovka (hazırda Viləş) kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Masallı qəsəbəsi ünvanında qeydiyyatda olan və yaşamış, Masallı Rayon Məhkəməsinin 4(050)-80/2025 nömrəli, 23 oktyabr 2025-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Yetkinlik yaşına çatmayanlar üçün Penitensiar müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 185.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında audio və video çəkiliş vasitəsi ilə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs avtomobili talama məqsədi olmadan təkrar olaraq qanunsuz ələ keçirmişdir (qaçırmışdır). Belə ki, Təqsirləndirilən şəxs 11 oktyabr 2025-ci il tarixdə, saat 03 radələrində əvvəllər tanımadığı, Masallı rayonu Kosakül kənd sakini Zərərçəkmiş şəxs1 məxsus, 2012-ci il istehsallı, orta bazar qiyməti 13000 manat dəyərində olan “Lada Priora” markalı A 7** BB *** RUS dövlət qeydiyyat nişanlı avtomobili talama məqsədi olmadan Masallı rayonu Ərkivan qəsəbəsi ərazisində qanunsuz ələ keçirməklə qaçırmışdır. Bundan başqa o, təkrarən 15 oktyabr 2025-ci il tarixdə, saat 01 radələrində əvvəllər tanımadığı, Masallı rayonu Ərkivan qəsəbə sakini Zərərçəkmiş şəxs2 məxsus, 2006-cı il istehsallı, orta bazar qiyməti 6500 manat dəyərində olan “VAZ 21043” minik markalı, **- RU-*** dövlət qeydiyyat nişanlı avtomobili talama məqsədi olmadan Masallı rayonu Ərkivan qəsəbəsi ərazisində qanunsuz ələ keçirməklə qaçırmışdır. Bundan əlavə o, təkrarən 19 oktyabr 2025-ci il tarixdə saat 23 radələrində əvvəllər tanımadığı, Masallı rayonu Kosakül kənd sakini Zərərçəkmiş şəxs3 məxsus, 2005-ci il istehsallı, orta bazar qiyməti 4500 manat dəyərində olan “VAZ 21074” minik markalı, **- XM-*** dövlət qeydiyyat nişanlı avtomobili talama məqsədi olmadan Masallı rayonu Ərkivan qəsəbəsi ərazisində qanunsuz ələ keçirməklə qaçırmışdır. Məhkəmə iclasında qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, Masallı rayonunda avtoyuma məntəqəsinin qarşısında “Lada Priora” markalı A765BB716 RUS dövlət qeydiyyat nişanlı avtomobilin sürücü tərəfdən ön şüşəsini sındırıb qapını açıb avtomobilə əyləşmiş və avtomobilin saxlanc yerindən açarı götürüb avtomobili Masallı şəhəri istiqamətində idarə etmişdir. Avtomobili təxminən 30 dəqiqə - 1 saat forsajla yüksək sürətlə sürdükdən sonra mühərrikdən tüstü çıxdığını görüb avtomobili saxlamış və mühərrikin dağıldığını görmüşdür. Həmin yerə bir nəfər oğlan gəlmiş və onun köməkliyi ilə avtomobili itələyərək “OBA” marketin qarşısında saxlayaraq çıxıb getmişdir. Bundan başqa Masallı şəhərində İsgəndərli dairəsinin yanında obyektin qarşısında “VAZ 21043” minik markalı **-RU-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapısının açıq olmasını və açarı üzərində olduğunu görüb avtomobilə minərək şəhər ərazisində sürmüşdür. “VAZ 2107” minik markalı avtomobil ilə yarışa çıxmış və avtomobili 4-cü sürət qutusunda 160-170 km/saat sürətlə idarə etmişdir. Qarşısında qara rəngli “Mercedes 190” markalı minik avtomobili çıxdığından sükanı sağa döndərmiş, dairəyə çatana yaxın isə avtomobili sola çəkmiş və hava yağışlı olduğundan avtomobili sağlaya bilməmiş, nəticədə “VAZ 2106” minik markalı dəymişdir. “VAZ 2106” minik markalı avtomobil sürüşərək Aptekin qarşısında dayanmış, o isə həmin avtomobilin yerində dayanmışdır. Bundan əlavə Masallı rayonu Ərkivan qəsəbəsində “Ərkivan dairəsi” adlanan yerin yaxınlığında “OBA” marketin qarşısında dayanmış “VAZ 21074 minik” markalı, **-XM-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapılarının açıq olduğunu görüb avtomobilə əyləşmiş və qoltuq altından ehtiyat açarı götürüb avtomobili işə salaraq Masallı şəhərində işıqsız idarə etməyə başlamışdır. “VAZ 2107” minik markalı avtomobil ilə yarışa çıxmış və avtomobili 5-ci sürət qutusunda 170-180 km/saat sürətlə idarə etmişdir. “VAZ 2107” minik markalı avtomobil ilə yarışarkən avtomobili sağa döndərərək dairədə ağ rəngli “Changan” markalı avtomobili vurmuşdur. X9 Polisi avtomobilin arxasınca gəldiyini görüb avtomobili Təklə kəndində işlədiyi inşaat mağzasının qarşısında saxlamışdır. Törətdiyi əməldən peşman olsa da, məhkəmədən heç bir xahişinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin ifadələri və işdə toplanmış digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, “Lada Priora” markalı, A 7** BB *** RUS dövlət qeydiyyat nişanlı avtomobili Masallı rayonu ərazisində “İsgəndərli dairəsi” deyilən yerdə saxlamışdır. Səhər saatlarında həmin yerə gələrkən avtomobilin saxladığı yerdə olmadığını görmüşdür. Yaxınlıqda yerləşən “OBA” marketin işçisi avtomobilin qaçırıldığını bildirdiyi üçün DİN-nin 102 xidmətinə məlumat vermiş və Masallı rayon Polis şöbəsinə gedərək ərizə yazmışdır. Sonra avtomobil tapılaraq ona geri qaytarılmışdır. Təqsirləndirilən şəxs sürücü tərəfdən sol ön şüşəni sındıraraq avtomobili qaçıtmışdır. Hadisə nəticəsində avtomobilin mühərriki dağılmış, karopkası sınmış, dinamo sistemi, işıqları yanmış, salon dağıdılmış və sınmış vəiyyətdə olmuşdur. Baş vermiş hadisə nəticəsində ona ümumilikdə 2500 manat məbləğində maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs qarşı şikayətçi olduğunu, dəymiş ziyanı tələb etdiyini və onun cəzasını çəkməsini istədiyini bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 ifadəsində bildirmişdir ki, “VAZ 21074” minik markalı, **-XM-*** dövlət qeydiyyat nişanlı avtomobili Masallı rayonu, Ərkivan qəsəbəsində “Ərkivan dairəsi” deyilən yerdə “OBA” marketin qarşısında saxlayaraq marketə daxil olmuşdur. Həmin vaxt avtomobilin qapısı açıq olmuş, lakin açarı özü ilə götürmüşdür. Ancaq avtomobilin ehtiyyat açarı bildiyi qədər ya külqabında, ya da ki, qoltuq altında olmuşdur. Mağazadan çıxarkən avtomobilin orda olmadığını görüb polisə şikayət etmiş və avtomobilini gecə saat 02 radələrində tapmışlar. Səhəri günü gedib avtomobilini təhvil almışdır. Hadisə nəticəsində avtomobilin qabaq sağ qanadı tamamilə əzilmiş və sağ tərəf arxaya kimi sürtülmüşdür. Eyni zamanda avtomobilin karopkası dağılmışdır. Avtomobilə 465 manat ziyan dəyməsi qeyd olunsa da, dəymiş ziyanın məbləği 700-800 manat təşkil edir. Təqsirləndirilən şəxs qarşı şikayətçi olduğunu, onun cəzasını çəkməsini istədiyini, lakin təqsirləndirilən şəxsin ailəsinin maddi imkanı olmadığından dəymiş ziyanı tələb etmədiyini bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, “VAZ 21043” minik markalı, **-RU-*** dövlət qeydiyyat nişanlı avtomobili “Grand” çay evinin qarşısında saxlayaraq içəri daxil olmuşdur. Həmin vaxt avtomobilin qapısı açıq olmuş, açar isə sürət ötürücüsünün yanına qoymuşdur. Çay evində bir nəfər şəxslə söhbət etdikdən təxminən 5- 6 dəqiqə sonra çölə çıxarkən avtomobilin orda olmadığını görmüşdür. Çay evində işləyən administratorla birlikdə videogörüntüyə baxarkən avtomobilin qaçırıldığını görmüşdür. Avtomobilin qısa müddət ərzində rayondan çıxa bilməyəcəyini və rayon ərazisində olduğunu fikirləşib rayon ərazisinə çıxmış və avtomobilin Masallı rayonu ərazisində “İsgəndərli dairəsi” deyilən yerdə şərab evinin qarşısında olduğunu görmüşdür. Təqsirləndirilən şəxs avtomobili əvvəlcə “VAZ 2106” minik markalı avtomobilə, daha sonra işıq dirəyinə vurmuşdur. Həmin yerə gəlrkən təqsirləndirilən şəxs YPX avtomobilində oturmuşdur. Hadisədən sonra avtomobilin təmirinə 3000 manat xərci çıxmışdır. Təqsirləndirilən şəxs qarşı şikayətçi olduğunu, onun azadlıqdan məhrumetmə növündə cəzasını çəkməsini istədiyini, lakin təqsirləndirilən şəxsin ailəsinin maddi imkanı olmadığından dəymiş ziyanı tələb etmədiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Şübhəli şəxs qismində tutma barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs 21 oktyabr 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. - Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 21 oktyabr 2025-ci il tarixdə, saat 18:00-da şübhəli şəxs qismində tutulmuşdur. - Masallı Rayon Məhkəməsinin 4(050)-80/2025 nömrəli, 23 oktyabr 2025-ci il tarixli qərarından görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs barəsində 2 (iki) ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddətinin əvvəli 21 oktyabr 2025-ci il tarixdən hesab edilmişdir. - Masallı RPŞ-nin DYPB-dən alınmış 15 oktyabr 2025-ci il tarixli alkotesterin nəticəsindən görünür ki, Təqsirləndirilən şəxs alkoqolun miqdarı 0.00 promildir. - Qəbzdən görünür ki, Zərərçəkmiş şəxs1 13 oktyabr 2025-ci il tarixli ərizəsinə əsasən “Lada Priora” markalı, A 7** BB *** RUS dövlət qeydiyyat nişanlı avtomobili Masallı rayon Polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi Miramil Baxışovdan təhvil almışdır. - Qəbzdən görünür ki, Zərərçəkmiş şəxs2 17 oktyabr 2025-ci il tarixli ərizəsinə əsasən “VAZ 21043” minik markalı, **-RU-*** dövlət qeydiyyat nişanlı avtomobili Masallı rayon Polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi Eşqin Məmmədovdan təhvil almışdır. - 20 oktyabr 2025-ci il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs3 “VAZ 21074” minik markalı, **-XM-*** dövlət qeydiyyat nişanlı avtomobili 20 oktyabr 2025-ci il tarixdə Masallı rayon Polis şöbəsinin İstintaq bölməsinin baş müstəntiqi Ramal Nuriyevdən təhvil almışdır. - Masallı rayon Polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi Miramil Baxışovun 22 oktyabr 2025-ci il tarixli “əşyanın maddi sübut hesab edilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs 11 oktyabr 2025-ci il, 15 oktyabr 2025-ci il və 20 oktyabr 2025-ci il il tarixlərdə qaçırdığı müvafiq olaraq Zərərçəkmiş şəxs1 məxsus “Lada Priora” markalı, A 7** BB *** RUS dövlət qeydiyyat nişanlı avtomobil, Zərərçəkmiş şəxs2 məxsus “VAZ 21043” minik markalı, **-RU-*** dövlət qeydiyyat nişanlı avtomobil və Zərərçəkmiş şəxs3 məxsus “VAZ 21074” minik markalı, **-XM-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut hesab edilmiş və gündəlik zərurət nəzərə alınaraq avtomobillərin sahiblərinə qaytarılaraq onlarda saxlanılması nəzərə alınmışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibb ekspertizası və X2 Publik hüquqi şəxsin Masallı rayon şöbəsinin məhkəmə-tibb ekspertizasının 23 oktyabr 2025-ci il tarixli, 935 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir xəsarət aşkar olunmadı. - Lənkəran-Astara Regional Təhsil İdarəsi F.Dəmirov adına Təklə kənd tam orta ümumtəhsil məktəbi tərəfindən verilmiş 03 noyabr 2025-ci il tarixli, 66 nömrəli arayışdan görünür ki, xx xxxxxx 2009-cu il tarixində anadan olmuş Təqsirləndirilən şəxs 15 iyun 2024-cü il tarixində Masallı rayon F.Dəmirov adına Təklə kənd tam orta məktəbin İX sinfini bitirmişdir. - “Masallı rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsi tərəfindən verilmiş 06 noyabr 2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Masallı rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin ruhi-əsəb və narkoloji kabinetində dispanser qeydiyyatında durmur. - “Lənkəran şəhər Psixatriya xəstəxanası” Publik hüquqi şəxsi tərəfindən verilmiş 13 noyabr 2025-ci il tarixli məktubdan görünür ki, Masallı rayonu, Masallı qəsəbəsində qeydiyyatda olan Qasımov X3 şəhər Psixatriya xəstəxanasında qeydiyyatda deyil. - Masallı rayon İcra Hakimiyyəti Başçısının Təklə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 03 noyabr 2025-ci il tarixli, 808 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs aşağıdakı ailə üzvləri vardır: anası X1, bacısı X4, qardaşı X6. - Masallı rayon Polis şöbəsindən daxil olmuş əməliyyat tapşırığına cavab olaraq tərtib olunmuş 17 noyabr 2025-ci il tarixli raportdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Masallı rayonu Masallı qəsəbə sakini Təqsirləndirilən şəxs 11 oktyabr 2025-ci il tarixdə, saat 03 radələrində əvvəllər tanımadığı, Masallı rayonu Kosakül kənd kənd sakini Zərərçəkmiş şəxs1 məxsus “Lada Priora” markalı A 7** BB *** RUS dövlət qeydiyyat nişanlı avtomobili talama məqsədi olmadan Masallı rayonu Ərkivan qəsəbəsi ərazisində yerləşən avtoyuma məntəqəsinin qarşısında qanunsuz ələ keçirməklə idarə edərək qaçırmışdır. Təqsirləndirilən şəxs təkrarən 15 oktyabr 2025-ci il tarixdə saat 01 radələrində əvvəllər tanımadığı, Masallı rayonu Ərkivan qəsəbə kənd sakini Zərərçəkmiş şəxs2 məxsus “VAZ 21043 minik” markalı **-RU-*** dövlət qeydiyyat nişanlı avtomobili talama məqsədi olmadan Masallı rayonu Ərkivan qəsəbəsi ərazisində yerləşən “Grand” adlanan restoranın qarşısında qanunsuz ələ keçirməklə qaçırmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən 19 oktyabr 2025-ci il tarixdə saat 23 radələrində əvvəllər tanımadığı, Masallı rayonu Kosakül kənd kənd sakini Zərərçəkmiş şəxs3 məxsus “VAZ 21074 minik” markalı **-XM-*** dövlət qeydiyyat nişanlı avtomobili talama məqsədi olmadan Masallı rayonu Ərkivan qəsəbəsi ərazisində yerləşən “Oba” adlanan marketin qarşısında qanunsuz ələ keçirməklə qaçırmış, Təqsirləndirilən şəxs 15 oktyabr 2025-ci il tarixdə və 19 oktyabr 2025-ci il tarixdə müvafiq olaraq Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 məxsus minik avtomobillərini qaçırarkən ətrafda onu görən şəxslər olsa da, həmin şəxslərin kimliklərini və şəxsiyyətlərini müəyyən etmək mümkün olmamışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nə dair 27 oktyabr 2025-ci il tarixli tələbnaməsindən görünür ki, xx xxxxxx 2009-cu il tarixdə Masallı rayonu, Kalinovka (hazırda Viləş) kəndində anadan olmuş Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Beləliklə, məhkəmə Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 143- 146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, qeyd olunan sübutlar təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın həll edilməsi üçün kifayət edir və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin məhkəmə iclasında verdiyi ifadələri, əməliyyat tapşırığının cavabı və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək, tam sübuta yetirilmişdir. Məhkəmə bilavasitə məhkəmə istintaqında tədqiq edilən biri-digərini tamamlayan mötəbər və mümkün sübutlara əsaslanaraq, habelə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası CPM-in 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, onların kifayət etməsi nəticəsinə gəlir və hesab edir ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs əməli CM-in 185.2.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 185.2.2-ci maddəsinə əsasən avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmə (qaçırma) təkrar törədildikdə üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 1-ci bəndinə əsasən məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayəthüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamının 8-ci bəndində qeyd edilir ki, - ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmin Sərəncamın 13-cü bəndinə əsasən məhkəmələrə tövsiyə edilir ki: - cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixli Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də, göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, əməlini etiraf etməsini, yetkinlik yaşına çatmamasını və atasının vəfat etməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etmədi. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 47-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr CPM-in 346.1.11-346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-in 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Həmin Plenum qərarının 48-ci bəndinə əsasən cinayət qanununun sanksiyası müəyyən müddətə azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza növünü nəzərdə tutursa və təqsirkara məhz azadlıqdan məhrum etmə cəzası təyin edilirsə, hökmdə daha yüngül cəza növünün və ya həddinin təyin edilməməsinin səbəbləri göstərilməlidir. Eləcə də, təqsirkarın şərti məhkum olunması, ona təqsirli bilindiyi cinayətə görə CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi, cəzadan azad edilməsi hökmdə əsaslandırılmalıdır. Cinayət Məcəlləsinin 185.2.2-ci maddəsinin sanksiyasında cərimə və azadlığın məhdudlaşdırılması növündə alternativ cəza nəzərdə tutulmasına baxmayaraq məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzaların təyin edilməsini qanunauyğun, ədalətli və humanizm prinsiplərinə uyğun hesab etmir. Məhkəmə qeyd edir ki, daha yüngül cəzanın təyin edilməsinin müzakirə olunması üçün əsaslar da, yoxdur. Belə ki, Cinayət Məcəlləsinin 85.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs müstəqil əmək haqqı və cərimə cəzasının icrasına yönəldilə bilən əmlakı olmadığından ona cərimə növündə cəza təyin edilə bilməz. Azadlığın məhdudlaşdırılması cəzası isə cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirləndirilən şəxsin şəxsiyyətinə uyğun olmamaqla ədalətli hesab edilmir. Eyni zamanda təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəməmiş, onlarla barışmamışdır. Bundan başqa həbs qətimkan tədbiri seçilməsinə dair Masallı Rayon Məhkəməsinin 4(050)-80/2025 nömrəli, 23 oktyabr 2025-ci il tarixli qərarından görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs ifadəsində azadlığa çıxacağı halda da, yenidən başqasına məxsus avtomobilləri nəyin bahasına olursa-olsun ələ keçirib sürmək niyyətində olduğunu bildirmişdir. Bu isə onu göstərir ki, alternativ cəzaların təyin edilməsi məhkumun islah olunması üçün yetərli olmayacaqdır. Məhkəmə, CPM-in 346.1.13-cü maddəsinin tələbinə əsasən hesab edir ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğundan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.5.1-ci maddəsinə əsasən cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməli və cəzasının əvvəli 21 oktyabr 2025-ci il tarixdən hesab olunmalıdır. Məhkəmə, CPM-in 346.1.20-ci maddəsinin tələbinə əsasən qətimkan tədbiri məsələsini müzakirə edərək hesab edir ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.1.2-ci maddəsinə əsasən iş üzrə maddi sübut “Lada Priora” markalı, A 7** BB *** RUS dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs1, “VAZ 21043” minik markalı, **-RU-*** dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs2 və “VAZ 21074” minik markalı, **-XM-*** dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs3 qaytarılması nəzərə alınmalıdır. Bundan başqa iş materiallarından müəyyən olunur ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 yazılı şəkildə iddia ərizəsi təqdim etməmiş və mülki iddiaçı kimi tanınmamışlar. Eyni zamanda zərərçəkmiş şəxslər məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlanana qədər də, yazılı formada mülki iddia ərizəsi təqdim etməmişlər. Azərbaycan Respublikası CPM-nin 183-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. Məhkəmə hesab edir ki, iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 dəymiş zərərin ödənilməsi ilə bağlı mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüquqlarının olduğu izah edilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat vaxt sərf etmişdir. Ona görə də, 110 (bir yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsindən Müdafiəçi ödənilməlidir. İş üzrə mülki iddia və məhkəmə məsrəfi yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasının əvvəli 21 oktyabr 2025-ci il tarixdən hesablanmaqla cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəksin. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut “Lada Priora” markalı, A 7** BB *** RUS dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs1, “VAZ 21043” minik markalı, **-RU-*** dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs2 və “VAZ 21074” minik markalı, **-XM-*** dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs3 qaytarılması nəzərə alınsın. Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi xidmətə görə 110 (bir yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsindən ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün verildiyi andan 20 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elşən Hüseynov
Məhkəmə qərarları › İş №1(050)-226/2025
Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-226/2025
04.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver