Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 1(050)-229/2025 27.01.2026 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi Masallı Rayon Vəkil Brosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1976-cı il tarixdə Masallı rayonu Kubin kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Masallı rayonu Kubin kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 17 radələrində Masallı rayonu Kubin kəndində kəndarası avtomobil yolunun kənarında qardaşı Zərərçəkmiş şəxs ilə uzun müddətdir ki, ata mülkünün bölünməsi ilə bağlı aralarında mövcud olan narazılığa görə şəxsi münasibətlər zəminində aralarında baş verən mübahisə zamanı istintaqa məlum olmayan ağac parçası ilə Zərərçəkmiş şəxs baş, əl və bədəninin müxtəlif nahiyələrinə qəsdən bir neçə dəfə vurmaqla sonuncuya sağ əlin İ barmağının dırnaq falanqası nahiyəsinin əzilmiş yarası, sağ əlin İ barmağının əsas falanqa nahiyəsinin əzilmiş səthi yarası, başın alın, sağ və sol gicgah nahiyəsinin, üzün sol yarsının, boynun sol yan hissəsinin, döş qəfəsinin arxa hissəsinin və sağ diz nahiyyəsinn sıyrıqları ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərərvurmaya aid xəsarətlər yetirmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, hadisə günü mal-qaranı örüş sahəsindən gətirmək üçün getmiş, yolda xəstə qardaşı ilə təsadüfən rastlaşmışdır. Hadisə baş vermişdir. Aralarında əvvəllərdə mülklə bağlı mübahisələri olmuşdur. Bundan əvvəl onlar iki qardaş onu döymüşlər. İki ildir aralarında mübahisələri vardır. Dəfələrlə münaqişələri olmuşdur. Uşağını döyüb barışmışlar. Zərərçəkmiş şəxs qardaşıdır. Himayəsində iki azyaşlı olmaqla dörd uşağı vardır. Əməlindən peşmandır. Birdə belə hallara yol verməyəcəkdir. Məhkəmədən barəsində amnistiya aktının tətbiq edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli, onun özünün səmimi etirafı ilə yanaşı, iş üzrə dindirilmiş digər şəxslərin ifadələri və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla aşağıdakı qaydada sübuta yetirilir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadə verərək bildirdi ki, 2021-ci il tarixdə həbsxanadan buraxıldıqdan sonra ata yurdunda yas məclisinə getmişdir. Bir neçə bacı və qardaşının həmin məclisdə olmadığını görmüşdür. Məsələni öyrənmişdir ki, Namik onları həyətdən qovmuşdur. O, bununla bağlı etirazını bildirmişdir. Etirazını bildirdikdən sonra Namik onunla mübahisə etməyə başlamışdır, həmin vaxt qohum-əqraba orada olmuş Namik bacı qardaşlarının ünvanına xoşa gəlməyən təhqiramiz söyüşlər söyməyə başlamış oda Namikə bir sillə vurmuşdur. Namik 102 xidmətinə zəng vurmuşdur. Polsi şöbəsində ona həmin həyətə girməməsini məhkəməyə müraciət edib mülkiyətini əldə etməsini demişlər. Oda məhkəməyə müraciət etmişdir. Mübahisələri davam etmişdir. İndiki hadisəyə gəlincə Namik həmişə ondan ehtiyat etmişdir. Çünki Namikin artıq-əskik hərəkətləri vardır ki, o, onu tənbeh edirki birdə belə hallara yol verməsin, qohum-əqrabaya söyüşlər söyməsin. Həmdə bir neçə dəfə Namiki vurmuşdur ki, pis hərəkətləri etməsin. Həmin günü maşından düşüb üzü evə tərəf getdiyi zaman birdə ayılmışdır ki, özündən getmiş halda yerdə uzanmışdır, huşsuz olmuşdur. Əlinin, başının qan içində olduğunu görmüşdür. Şok vəziyyətdə olmuşdur. Bacısı oğlu həyətdən çıxıb ona tərəf gəldiyi zaman, səndemə Namik arxada durub ona zərbələr endirirmiş. Bacısı oğlu onu xəstəxanaya çatdırmış xəstəxanada ona ilkin tibbi yardım göstərmişlər, əlinə tikiş vurmuşlar. Səhəri gün polis onları çağırıb izahatlarını almışdır. Məhkəmədən xahişi odur ki, Namik bu hərəkətlərinə son qoysun. Əgər Namik onunla barışmaq istəmirsə, oda onunla barışmayacaqdır. Məhkəmə istintaqında iştirak etmədiyi üçün ibtidai istintaq dövründə verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun əri Farizin dayısıdır və o ailəsi ilə onlarla eyni kənddə yaşayır. Uzun müddətdir ki, Təqsirləndirilən şəxs ilə qardaşı Zərərçəkmiş şəxs ata mülkü ilə bağlı mübahisələri vardır. Zərərçəkmiş şəxs Masallı rayonu Kubin kəndində yaşayış evi olmadığı üçün onlarla bir evdə yaşayır. Bu səbəbdən Təqsirləndirilən şəxs mütamadi olaraq Farizi və onları söyərək təhqir edir. xx.xx.2025-ci il tarixdə saat 17 radələrində yaşadığı Masallı rayonu Kubin kəndində yerləşən fərdi yaşayış evindən cıxıb qonşuluqda yerləşən Farizin digər dayısı X5 yaşayış olmayan həyətində olan istifadə etdiyi əkin sahəsində əkib-becərdiyi əkini suvarırmış. Bu zaman küçədən səs gəldiyini eşitmişdir. Həmin vaxt o hasardan qalxaraq küçəyə baxmışdır. Bu zaman Təqsirləndirilən şəxs təsərrüfatında olan heyvanları örüş sahəsindən gətirdiyini və Zərərçəkmiş şəxs küçədə dayandığını görmüşdür. Namikin əlində heyvanları otarmaq üçün istifadə etdiyi ağac parçası var imiş. Həmin vaxt Təqsirləndirilən şəxs uca səslə Eldənizə tərəf qışqırıraraq “mən səni axtarırdım” demişdir. Bu zaman onların arasında sözlə mübahisə yaranmışdır. Həmin vaxt su əkin sahəsini basdığı üçün tez su matorunu elektirikdən ayırmağa getmişdir. Geri qayıdıb təkrar hasara qalxıb küçəyə baxan zaman Namikin Eldənizin baş nahiyəsinə ağac parçası ilə vurub yerə yıxdığını və daha sonra isə həmin ağac parçası ilə onun bədəninin müxtəlif yerlərinə vurduğunu görmüşdür. Bu zaman Eldəniz ayağa qalxaraq küçə ilə onların həyət darvazasına tərəf qaçmağa başlamışdır. Namik isə əlində olan ağac parcası ilə Eldənizin arxasınca qaçmışdır. Həmin vaxt əri Şahid1 küçəyə çıxmış, Namik isə Farizi görən kimi geri qayıdaraq onların hamısını təhqir edib öz yaşadığı evinə getmişdir. Həmin vaxt o öz yaşadığı evinə gəlmişdir. Eldənizin üst başı qan içində imiş və Eldəniz özünü narahat hiss edirmiş. Buna görə də Fariz Eldənizin vəziyyətinin pis olduğunu görüb onu tibbi yardım almaqdan ötrü Masallı RMX-na aparmışdır. Məhkəmə istintaqında iştirak etmədiyi üçün ibtidai istintaq dövründə verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid1 Gülverid oğlunun ifadəsindən görükür ki, o, Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6 publik hüquqi şəxsinin xx.xx.2025-ci il tarixli, 614 saylı rəydə qeyd edilmişdir ki, Vət. Zərərçəkmiş şəxs sağ əlin İ barmağının dırnaq falanqası nahiyəsinin əzilmiş yarası, sağ əlin İ barmağının əsas falanqa nahiyəsinin əzilmiş səhti yarası, başın alın, sağ və sol gicgah nahiyəsinin, üzün sol yarısının, boynun sol yan hissəsinin, döş qəfəsinin arxa hissəsinin və sağ diz nahiyəsinin sıyrıqları müyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd edilən 04 iyul 2025-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən və qərarın surətindən görünür ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası 128-ci maddəsi ilə olan cinayət işi üzrə icraata xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. İş materiallarında olan Masallı Rayon İcra və Probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli 2-2199/25-62-16 saylı məktubundan görünür ki, xx.xx.1976-cı il təvəllüdlü Vəliyev X8 Rayon Məhkəməsinin 1(050)-175/2015 saylı xx.xx.2015-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinərək 1000 manat məbləğində cərimə növündə cəzaya məhkum edilmişdir. “28 may Respublika Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-cı il tarixli Qərarının 1.8-ci bəndinə əsasən amnistiya tətbiq edilmiş və xx.xx.2016-cı il tarixdə şəxsi iş Masallı Rayon İcra və Probasiya şöbəsinin qeydiyyatından çıxarılmışdır. Cinayət işində olan Masallı Rayon İcra Hakimiyyəti başçısının Miyankü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış, xasiyyətnamədən və elektron baza məlumatlarından görünür ki, Vəliyev X8 rayonu, Kubin kəndində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur, ailə tərkibi arvadı xx.xx.1982-ci il təvəllüdlü X1 və övladları xx.xx.2001-ci il təvəllüdlü X3, xx.xx.2003-cü il təvəllüdlü X9, xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X2 ibarətdir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna obyektiv hüquqi qiymət verərək hesab edir ki, istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının 5.1-ci 1.16-cı bəndləri tətbiq edilməklə cinayət məsuliyyətindən azad edilməli və cinayət təqibinə xitam verilməlidir. Belə ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının 5.1-ci bəndinə əsasən icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1– 1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla) amnistiya tətbiq edirlər. Qərarın 1.16-cı bəndinə əsasən təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq, öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilirlər. Qərarın 10-cu maddəsinə görə bu Qərarın 4-cü və 5-ci hissələri amnistiya aktı qüvvəyə mindiyi günədək cinayət törətmiş şəxslər barəsində tətbiq edilir. Qərarın 19.5-ci maddəsinə əsasən məhkəmələr bu Qərarın 2.12-ci və 2.13-cü bəndlərində, 3-cü və 5-ci hissələrində nəzərdə tutulan şəxslər barəsində amnistiya tətbiq edir. Qərarın 24-cü bəndinə əsasən birinci instansiya məhkəmələrinin icraatında olan, bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə görə amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələrini dinləyərək, şahidlərin ifadələrini tədqiq edərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin təqsirləndirilən şəxs barəsində cinayət təqibinə amnistiya aktına əsasən xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan iki övladının olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının 5.1 və 1.16-cı bəndləri tətbiq edilərək cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan Azərbaycan Respublikası CMnin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti əməli törətməsinə dair cinayət işi üzrə icraata xitam verilməsi məqsədə uyğundur. Təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının tətbiqinə 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 305.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 43.3, 321, 347, 348, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının 5.1 və 1.16cı bəndləri tətbiq edilməklə cinayət məsuliyyətindən azad edilsin və cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №1(050)-229/2025
Masallı Rayon Məhkəməsi Qərar — İş №1(050)-229/2025
27.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver