Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-23/2023 24.01.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Heydərov Rəşad Allahyar oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbənin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən Təqsirləndirilən şəxs və onun müdafiəçi Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə. xx xxxx 1993-cü il tarixdə Masallı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər Masallı Rayon Məhkəməsinin 1(050)- 102/2020 saylı, 13 avqust 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 02 (iki) il, 02 (iki) ay, 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 2.4-cü bəndinə uyğun olaraq Amnistiya Qərarının 36-cı bəndinə əsasən cəzadan azad olunması, barəsində olan narkomaniyadan məcburi müalicəsi ləğv edildikdən sonra həyata keçirilməsi qərara alınmış, Masallı şəhəri, C.Cabbarlı küçəsi, ev 32-də qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş; Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3.-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs özgə əmlakını gizli yolla talayıb ələ keçirmək məqsədilə xx.xx.2022-ci il tarixdə saat 21 radələrində əvvəllər tanıdığı Zərərçəkmiş şəxs məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin həyətindəki saxlanc yerinə giriş qapısının açılması üsulu ilə qanunsuz daxil olaraq oradan Zərərçəkmiş şəxs məxsus bir ədədinin qiyməti 350 manat olmaqla cəmi qiyməti 700 manat təşkil edən bir ədədi 5 litr həcmində ümumilikdə 2 ədəd samovarı gizli yolla talayıb oğurlamaqla, Zərərçəkmiş şəxs ümumilikdə 700 manat maddi ziyan vurmuşdur. Bu hərəkətlərinə görə təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3.-cü maddəsində nəzərdə tutulmuş ittiham verilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun qonşusudur. xx.xx.2022-ci il tarixdə saat 21 radələrində Zərərçəkmiş şəxs həyətinə daş hasarın üzərindən keçərək daxil olmuşdur. Həyətə daxil olduqdan sonra saxlanc yerinin giriş qapısı olan plastik qapını açmaq istədiyi zaman qapının açıq olmasını görüb içəri daxil olmuşdur. Həmin vaxt orada iki ədəd hər biri təxminən 5 litr həmində olan samovarların olduğunu görmüş, samovarları oğurlayıb qazanc əldə edə biləcəyini düşünürək götürüb həyətə daxil olduğu daş hasarın üzərindən keçirdib yaşadığı evin həyətinə apararaq həyətdə gizlətmişdir. xx.xx.2022-ci il tarixdə saat 11 radələrində həmin samovarları götürüb satmaq məqsədilə yaşadığı evin arxa hissəsindən keçən “Çay qırağı” deyilən yerdən piyada Masallı şəhəri 20 Yanvar küçəsində yerləşən “Köhnə Bazar” adlanan yerə aparmışdır. Həmin gün “Köhnə Bazar” adlanan yerdə samovar satışı ilə məşğul olan Rəsul adlı şəxsə yaxınlaşıb əlində olan iki ədəd samovarın özünə məxsus olduğunu və anasının xəstəliyi ilə əlaqədar pula ehtiyacı olduğundan onları satmaq istədiyini bildirmişdir. Rəsul adlı şəxs samovarlara baxıb ikisi üçün ümumilikdə 200 manat pul verə biləcəyini demişdir. O, bir neçə dəqiqə fikirləşib Rəsulla razılaşmış və ondan 200 manat pulu alıb iki ədəd samovarı ona satmışdır. Daha sonra oğurluq yolu ilə əldə etdiyi ümumilikdə 200 manat pulu ayrı-ayrı tarixlərdə öz şəxsi istifadəsi üçün xərcləmişdir. Bundan başqa yenidən başqa oğurluq cinayət əməki də törətmiş və hal-hazırda həmin cinayət işi üzrə ibtidai istintaq davam etdirilir. Zzərərçəkmiş şəxsə dəymiş maddi ziyanı ödəmişdir. Əməlindən peşmandır, zərərçəkmiş şəxslə barışmışdır, barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəmə istintaqında ifadə verərək bildirdi ki, xx.xx.2022-ci il tarixdə Masallı RPŞ-yə fərdi yaşayış evinin həyətindən oğurluq hadisəsinin baş verməsi ilə əlaqədar olaraq ərizə ilə müraciət etmişdir. Ona məxsus Masallı şəhəri Qurtuluş küçəsində yerləşən fərdi yaşayış evi vardır. Evinin həyətində saxlanc yeri kimi istifadə etdiyi giriş qapısı plastik materialdan olan yer vardır. Həmin saxlanc yerində müxtəlif növ əşyalarını saxlayır. Lakin, həmin saxlanc yerinin giriş qapısını kilitləmir. Həmçinin həmin saxlanc yerində iki ədəd samovarını saxlamışdır. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə səhər saatlarında evinin həyətində yerləşən saxlanc yerinə baxarkən iki ədəd samovarı orada olmuşdur. Daha sonra işlərini görmək üçün Masallı şəhəri ərazisinə getmiş və axşam saat 23 radələrində yaşadığı evə geri qayıdarkən oğurluq hadisəsinin baş verməsini aşkar etməmişdir. xx.xx.2022-ci il tarixdə səhər saatlarında evinin həyətindəki saxlanc yerinə baxan zaman oradan bir ədədinin qiyməti 350 manat olmaqla cəmi qiyməti 700 manat təşkil edən, hər biri 10 litr həcmində ümumilikdə 2 ədəd latun materialından olan samovarlarının naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını aşkar etmişdir. Lakin, həmin gün əsəbi olsa belə iki ədəd samovar üçün şikayət etmək istəməmiş və oğurluq edən şəxsi özü müəyyən etməyə çalışmışdır. xx.xx.2022-ci il tarixədək evinin həyətindəki saxlanc yerindən oğurluq hadisəsini törətmiş şəxsi tapa bilmədiyindən şikayət etmək qərarına gələrək Masallı RPŞ-yə yaxınlaşıb ərizə ilə müraciət etmişdir. Evinin həyətindəki saxlanc yerindən oğurluq hadisəsinin törədilməsində heç bir şəxsdən şübhələnmir, baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 700 manat maddi ziyan dəymişdir. Hazırda ona dəymniş ziyan ödənilmişdir. Təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında iştirak etmədiyi üçün ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid ifadəsində göstərmişdir ki, Masallı şəhəri 20 Yanvar küçəsində yerləşən “Köhnə Bazar” adlanan yerdə uzun illərdi ki, samovar alqı-satqısı ilə məşğul olur. xx.xx.2022-ci il tarixdə saat 11 radələrində iş yerində olarkən bir nəfər şəxs əlində iki ədəd samovar ilə ona yaxınlaşıb adının Elsəvər olduğunu deyərək anasının xəstə olması səbəbindən həmin samovarları satmaq istədiyini bildirmişdir. O da özünü Elsəvər kimi təqdim edən şəxsə inanıb onunla razılaşmış və samovarlara baxmışdır. Həmin samovarlar antik olduğundan hər biri üçün 100 manat pul verə biləciyini həmin şəxsə bildirmişdir. Özünü Elsəvər kimi təqdim edən şəxs onunla razılaşmış və o, həmin şəxsə ümumilikdə 200 manat pul verib iki ədəd samovarı həmin şəxsdən almışdır. Daha sonra həmin şəxs onun yanından kənarlaşıb çıxıb getmişdir. O da aldığı iki ədəd samovarı yaşadığı evə aparıb gələcəkdə satmaq üçün saxlamışdır. xx.xx.2022-ci il tarixdə Masallı RPŞ-nin əməkdaşları tərəfindən rayon Polis Şöbəsinə dəvət edilərkən ona məlum olmuşdur ki, özünü Elsəvər kimi təqdim edən şəxs ona satdığı iki ədəd samovarı oğurluq yolu ilə əldə etmişdir. Lakin, həmin şəxs ona iki ədəd samovarı satarkən həmin samovarları oğurluq yolu ilə əldə etməsi barədə heç bir məlumat verməmiş və onların arasında bu barədə əvvəlcədən heç bir razılaşma olmamışdır. Cinayət işinin materiallarında olan "xxxx" MMC-dən alınmış rəydən görünür ki, qeyd olunmuş iki ədəd bir ədədi 5 litr həcmində olan latun materialından hazırlanmış samovarın bir ədədinin qiyməti 200 manat olmaqla cəmi qiyməti 400 manatdır. -Qeyd olunan əşyaların qiymətləri tələb və təklifə uyğun olaraq orta bazarda müəyyənləşdiyindən qeyd olunmuş qiymətlər dəyişə bilər. Maddi sübutun tanınması haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus iki ədəd samovar iş üzrə maddi sübut kimi tanınaraq Zərərçəkmiş şəxs təhvil verilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.3.-cü maddəsində göstərilir ki, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən təqsirləndirilən şəxsin etirafı, zərərşəkmiş şəxs və şahidlərin ifadəsi, eləcə də işin faktiki halları ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3.cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsiri tam sübuta yetirilmişdir. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikasının CPM-nin 144-146-cı maddəsində nəzərdə tutulmuş qaydada hüquqi qiymət verərək, eləcə də həmin Məcəllənin 346 və 349-cı maddəsinin tələblərinə riayət edərək hesab edir ki, baş vermiş cinayət hadisəsini Təqsirləndirilən şəxs törətməsi, onun təqsirliliyi məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlarla əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayətdir, məhkəmənin müəyyən etdiyi hallar tədqiq olunmuş sübutlara uyğun gəlir, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 177.2.3.-cü maddəsi əsasında təqsirləndirilən şəxsə ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur, əməlin cinayət olmasını aradan qaldıran, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi əsasları yoxdur, odur ki, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Masallı rayon İHB Masallı şəhər İƏRDÜ Nümayəndəsi tərəfindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Masallı şəhəri, C.Cabbarlı küçəsi, ev 32-də qeydiyyatdadır, o, yaşadığı yer üzrə mənfi xarakterizə edilir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Masallı Rayon Məhkəməsinin 1(050)-102/2020 saylı, 13 avqust 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 02 (iki) il, 02 (iki) ay, 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 2.4-cü bəndinə uyğun olaraq Amnistiya Qərarının 36-cı bəndinə əsasən cəzadan azad olunması, barəsində olan narkomaniyadan məcburi müalicəsi ləğv edildikdən sonra həyata keçirilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2.-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xatakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdiran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsi və dəymiş ziyanın ödənilməsini Cinayət Məcəlləsinin 59.1.12. və 59.1.14-cü maddələrinə əsasən cəzanı yüngülləşdirən halllar kimi nəzərə alınmalıdır. Məhkəmə həmçinin həmin Məcəllənin 59.2-ci maddəsini əsas götürərək onun törətdiyi cinayət əməlinə görə səmimi peşman olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində olan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallardan yoxdur. Məhkəmə təyin ediləcək cəzanın növü və həddi məsələsini müzakirə edərək qeyd edir ki, Təqsirləndirilən şəxs aministiya aktına əsasən məhkumluğu götürülmüş olsa da, həmçinin ziyan ödənilmiş olsa da, o, əvvəllər törətmiş olduğu oğurluq cinayətindən nəticə çıxarmayaraq qısa müddətdə bu oğurluq cinayət əməlini, o cümlədən məhkəmə istintaqı zamanı yenidən digər oğurluq cinayət əməli törətmişdir. Ona görə də onun şəxsiyyəti, cəmiyyyət üçün ictimai təhülkəli şəxs olması, islah olunmaması nəzərə alınmalıdır. Bu səbəblə də azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunması ədalətli və qanuni hesab edilməklə, bu yolla cəzanın məqsədlərinə və sosial ədalətin bərpasına nail oluna bilər. Cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında qərardan və tutulmuş şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi haqqında qərardan görünür görünür ki, Təqsirləndirilən şəxs 03 noyabr 2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, 05 noyabr 2022-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək azad olunmuşdur. Bu səbəbdən onun şübhəli şəxs qismində saxlanıldığı müddət təyin ediləcək azadlıqdan məhrumetmə cəzasına hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsində qeyd edilmişdir ki, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələblərinə əsasən qətimkan tədbiri məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək barəsində həbs qətimkan tədbiri seçilməklə, o, məhkəmə iclas zalında həbsə alınmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. Təqsirləndirilən şəxs məhkəmə xərci 30 (otuz) manat tutularaq "xxxx" MMC-nin Bank Respublika Lənkəran filialı, kod 504357, VÖEN **********, M\h;AZ80NABZ********************,SWİFTBRESAZ22,İBAN,AZ11BRES******************** hesabına köçürülməlidir. Maddi sübut iki ədəd samovarın Zərərçəkmiş şəxs saxlanılması nəzərə alınmalıdır. İş üzrə Azərbaycan Respublikasının CM-nin 99-1.-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddəsini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 03 noyabr 2022-ci il tarixdən 05 noyabr 2022-ci il tarixədək şübhəli şəxs kimi saxlanıldığı 02 (iki) günün bir günü bir günə hesablanmaqla ona təyin olunmuş azadlıqdan mərhumetmə cəzasına daxil edilsin və üzərində 01 (bir) il, 11 (on bir) ay, 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan mərhumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilsin, o, məhkəmə iclas zalında həbsə alınsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli 24 yanvar 2023-cü il tarixdən hesablansın, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Maddi sübut iki ədəd samovar Zərərçəkmiş şəxs saxlanılması nəzərə alınsın. Hökm elan edildiyi vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 gün müddətində Şirvan Apelyasiya Məhkəməsinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №1(050)-23/2023
Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-23/2023
24.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver