Məhkəmə qərarları › İş №1(050)-230/2023

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-230/2023

22.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-230/2023 22.11.2023 MASALLI RAYON MƏHKƏMƏSİ X1 (sədrlik edən), Məhkəmə iclasının katibi X5, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxx 1970-ci il tarixdə Masallı rayonu Ərkivan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, İ qrup əlil, məhkumluğu olmayan, Masallı rayonu Ərkivan qəsəbəsində qeydiyyatda olmaqla Masallı şəhəri Abbas Səhhət küçəsində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə əvvəllər tanımadığı Masallı rayonu Allahyarlı kənd sakini Zərərçəkmiş şəxs və arvadı Şahid2 4750 manat pul müqabilində pensiya düzəldəcəyinə dair yalan vəd verməklə üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra xx.xx.2021-ci il tarixdə Masallı şəhəri Qarabağ küçəsində Zərərçəkmiş şəxs 600 manat, xx.xx.2021-ci il tarixdə Masallı şəhəri H.Əliyev prospekti “köhnə bazar” adlanan ərazisində 900 manat, xx.xx.2021-ci il tarixdə Masallı şəhəri Xətai parkında 450 manat, xx.xx.2021-ci il tarixdə Masallı şəhəri Qəhrəmanlar parkında 800 manat və xx.xx.2021-ci il tarixdə Masallı regional “ASAN Xidmət” mərkəzində kredit müqaviləsi adı ilə 2000 manat pulunu vahid niyyətlə alıb ələ keçirməklə Zərərçəkmiş şəxs ümumilikdə 4750 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Həmin əməllərinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək qeyd etdi ki, Zərərçəkmiş şəxs ailə üzvlərini gətirib nahaqdan onun üzünə dururlar. Onun şahidləri arvadı, oğlu və qohumudur. Xəstəliyi ilə bağlı müalicə olunması üçün ona pul lazım olmuşdur. Belə ki, böyrək çatışmamazlığından əziyyət çəkir dializ olunması üçün ona pul lazım olmuşdur. Zərərçəkmiş şəxs əvvəllər tanımış, taksi sürücüsü kimi. Səhhəti ilə əlaqədar Masallı RMXna getmişdir. Orada Zərərçəkmiş şəxsla qarşılaşmış və ondan müalicəsi üçün 2000 manat borc pul istəmişdir. Tahir həmin vaxt üzərində 2000 manat pul olmadığını bildirmişdir. Tahirin ona borca pul vermək istəmədiyini hiss etmiş və ona aldığı pulun üstündə əlavə olaraq pul verəcəyini təklif etmişdir. Bu zaman Zərərçəkmiş şəxs onunla razılaşmış və səhəri gün Masallı ASAN xidmət mərkəzinə gedib orada notarial qaydada borc müqaviləsi (kredit müqaviləsi) bağlayıb Tahirdən 2000 manat pul almışdır. Lakin xəstə olduğu üçün və bu səbəbdən heç bir yerdə işləmədiyindən maddi imkanı olmamış və aldığı pulu tam şəkildə geri qaytara bilməmişdir. 2000 manat pulu Tahirə geri qaytara bilməsə də hissəhissə olmaqla həmin puldan ümumilikdə 600 manat hissəsini geri qaytarmışdır. Lakin Tahir bu halı gizlədir pulu ondan tam şəkildə tələb edir. İşləyə bilmədiyi üçün Tahirə hər ay müəyyən məbləğlərlə hissə-hissə ödəməyi təklif etmiş Tahir isə bununla razılaşmamışdır. Hətt bu barədə istintaq zamanı müstəntiqin yanındada bildirmişdir. Tahirdən 2000 manat borc aldığını danmır. Həmin pulu qaytaracaqdır. Lakin maddi imkanı olmadığı üçün hissəhissə ödəyə biləcəkdir. Tahir isə bununla razılaşmır. Tahir ondan aldığı 2000 manat borc pulunu tam qaytara bilmədiyini görüb guya pensiya düzəltmək adı ilə onu aldadıb 4750 manat pulunu ələ keçirməyi barədə polisə şikayət etmişdir. O Tahirdən 4750 manat pensiya düzəltmək adı ilə pul almamış, sadəcə maddi imkanı olmadığından müalicə olunmağı üçün 2000 manat borc almışdır. Böyrək çatışmamazlığından əziyyət çəkir, və başqa xəstəlikləri vardır, birinci qrup əlildir, əmək qabiliyyətsizdir, heç bir yerdə işləyə bilmir, bu səbəbdən də almış olduğu 2000 manat pulu hissə-hissə ödəyəcədir. Oğlu müharibə iştirakçısıdır, bir çox meddalları vardır, hazırdada hərbidə işləyir. Məhkəmədən ona cərimə cəzasının verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün qismən etirafedici ifadəsi ilə yanaşı zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eləcədə iş üzrə toplanmış digər sübutlarla aşağıdakı qaydada sübut olunur. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verərək bildirdi ki, 2021-ci ilin iyun ayında əlilliklə bağlı ona və arvadı Vüsaləyə verilən pensiya müddətin bitməsi səbəbindən dayandırılmışdır və həmin vaxtdan pensiyanın yenidən bərpa olunmasına çalışmışdır. Bununla əlaqədar o dəfələrlə Masallı RMX-na və Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon filialına gedib müraciət etsə də məlum olmayan səbəblərdən pensiya bərpa olunmamışdır. Bununla əlaqədar növbəti dəfə Masallı RMX-na getmiş və xəstəxananın həyətindən çıxarkən bir nəfər ağzında maska olan ona şəxs yaxınlaşaraq salam verərək özünü ona təqdim edib Təqsirləndirilən şəxs olduğunu, onu tanıdığını və xəstəxanaya nə üçün gəldiyini soruşmuşdur. Oda Əskər adlı şəxsə özünün və arvadının aldığı pensiya dayandırıldığını və bununla bağlı imtina gəldiyini, pensiyanı yenidən bərpa etdirilməsindən ötrü xəstəxanaya gəldiyini bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs cavabında ona bu işlə məşğul olduğunu, onun işini düzəldə biləcəyini və bununla bağlı adamları olduğunu demişdir. Bu səbəbdən də tanış omuşlar. Bundan sonra ondan hissə-hissə pul almağa başlamışdır. O, Əskərə “mən bu qədər pulu verirəm sənə, səndə gedib gəlirsən, gecə-gündüz zəng edirsən deyirsən pul ver, pulu tamamla işi düzəldək” demişdir. Əskərdə cavabında “əgər mənə inanmırsan, etibar etmirsə yoxdursa gedək notariusa, sonra alınmaz verərsən məhkəməyə, məndə onu verərəm” demişdir. Amma Əskərin onu dediyi şəxsin kim olduğunu, kimi məhkəməyə verəcəyini bilmir. Əskər ona söz vermişdir ki, 2022-ci ilin mart ayınadək pensiyaları düzələcəkdir. Düzəlmədikcə isə müəyyən bəhanələr etmişdir ki, guya sistem işləmir, qohumu xəstədir, qohumu rəhmətə getmişdir. Bu formada hər dəfə söz deməklə işləri uzatmışdır. Həmçinin 2022-ci ilin yeddinci ayınadək aldığı pulları qaytarmalı imiş. Əgər borc almışdısa bu günə kimi qaytarardı. Lakin heç bir manatda belə qaytarmamışdır. Ümumilikdə ondan 5000 manata yaxın pul almışdır. Lakin istintaq zamanı müstəntiq xırda məbləğləri yazmağa ehtiyac olmadığını dediyindən yazmamışdır. Hazırda Əskərin ona 4750 manat borcu vardır. Əskər ona söz verdiyi kimi Bayrama qədər işləri düzəlmədiyi üçün pulunun qaytarılmasını tələb etmişdir. Lakin qaytarmamışdır. Sonuncu dəfə Xətai parkında çayxanada oturub bu darədə danışmışlar. Həmin vaxt ora getmişdir ki, oturub canlı-canlı onunla danışıb bir insan kimi bir-birilərini başa düşsünlər. Həmin vaxt üç nəfər olmuşlar. Həmin üçüncü şəxs onunla birlikdə ora gəlmişdir. Parkda çay içib söhbət etdikləri zaman Əskər ona demişdir ki, yeddinci ayın 25-dək pulunu qaytaracaqdır. Lakin qaytarmamışdır. Bir ay gözləmiş, daha sonra polisə müraciət etmişdir. Polis şöbəsində demişlər ki, o adam dələduzdur, dəfələrlə barəsində cinayət işi açılmış, məhkum olunmuşdur. Bütün bu səbəbləri nəzərə alıb şikayət ərizəsi ilə polis şöbəsinə müraciət etmişdir. Kimnənsə borc alıb kimə isə borc vermirlər, oda həmin pulu borc alıb Əskərə vermişdir ki, onun işini tənzimləsin. Oğlu müharibə qazisidir. Hazırda təqsirləndirilən şəxs ona dəymiş maddi ziyanı ödəməmişdir. Bu səbəbə onunla barışmamışdır. Şikayətçidir. Mülki iddianı müdafiə edir. Təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirdi ki, Xətai parkında üç nəfər oturduqları zaman Əskərdə ora gəlmiş dörd nəfər olmuşlar. Həmin vaxt Tahir və Əskər söhbət etmişlər. Söhbət zamanı Tahir Əskərə demişdir ki, “nə oldu mənim işlərim”. Əskərdə cavabında “sənin işlərini iyun-iyul aylarında həll edəcəm, əgər olmasa iyul ayının 25-də sənin pullarını alıb verəcəyəm” demişdir, onlar razılaşmışlar və Əskər çıxıb getmişdir. Aralarında təxminən 5000 manatın söhbəti gedirdi. Tahirlə çox uzaq qohumdur. Əskərlə qohumluğu yoxdur, onu əvvəllər tanımamış, araların hər hansı ədavət və düşmənçilik olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, atası xəstə olmuş və ikinci qrup əlil olmuşdur. Pandemiya dövründən sonra əlilliyi kəsilmişdir. Əlilliyinin kəsilməsi ilə bağlı sənədlərini yığıb əlilliyini yenidən bərpa etmək istəmişdir. Əskəri əvvəllər tanımamışdır. Bir dəfə atasının idarə etdiyi maşınla evə getdikləri zaman Əskər atasına zəng edərək sənədlərinin düzəldiyini, telefom söhbəti olmadığını, Xətai parkına gəlməsini və söhbət etmələrini bildirmişdir. Atası ilə birlikdə getmiş və Köhnə bazar adlanan yerdə işıqforun yanında Əskər onlara yaxınlaşmış, avtomobilin qabaq sərnişin oturacağında əyləşmişdir. O, isə həmin vaxt arxa sərnişin oturacağında oturmuşdur. Əskər atasına sənədlərinin düzəlməsi üçün 900 manat pul istəmiş. Həmin vaxt Əskər atasında onun kim olduğunu soruşmuş, atasıda oğlu olduğunu və Müharibə Qazisi olduğunu bildirmişdir. Əskərdə qayıdıb atasının onunda oğlunun Müharibə veteranı olduğunu demişdir. Sözünə davam edərək heç bir narahatçılığın olmadığını, əgər o, sənədləri düzəltməsə pullarını tam şəkildə qaytaracaqdır. Əskər onları işin düzələcəyinə əmin etmişdir. Əmin etdikdən sonra isə iş alınmamışdır. Həmin vaxtdan sonra o, Əskər barəsində araşdırma aparmış və onun böyük bir dələduz olmasını, bu şəxsin insanlara ümid verərək onların pullarını ələ keçirdiyini öyrənmişdir. O, bu barədə atasına demişdir. Dəfələrlə olub ki, Əskər onlarla birlikdə Xətai parkında çay içmiş və demişdir ki, narahatçılığa səbəb yoxdur işi düzəldə bilməsə onların pullarını qaytaracaqdır. Onun yanında atasından 900 manat pul almışdır. Ümumilikdə bildiyi qədərində atasından 4750 manat pul almışdır ki, pensiya məsələsini düzəldəcəkdir. Atası Əskərdən soruşduğu zaman nəyə görə sənədləri düzəlməyib, cavabında Bakı şəhərində sistemin kəsildiyini, problemlər olduğunu və düzəldikdən sonra işləri düzəldəcəyini narahat olmamalarını, səbr etmələrini, sonra isə səhhətində problemlər olduğunu gərək onu bağışlasınlar o, onların işlərini yoluna qoyacağını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, Əskəri əvvəllər tanımamışdır. Onunla ədavəti və düşmənçiliyi olmamışdır. Pensiya düzəldən adı ilə tanımışdır. 2 ildir ki, onları aldadıb, olar-olmazlarını alıb əllərindən. İndidə deyirki pul almayıb. Hər gün, bəzən günaşırı, hətta gecələr ərinə zəng etmişdir ki, pul gətirsin. Ərindən ümumilikdə 4750 manat pul almışdır. Oda pensiya almışdır. 2021-ci ilin iyun ayında pensiyası dayandırılmışdır. Pulların alınmasında iştirak etməsə də, əri pulları apardığı zaman görmüşdür. Çünki əri pulları evdən aparmış, oda həmin vaxt evdə olmuşdur. Cinayət işində olan Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında bağlanmış 30 dekabr 2021-ci il tarixli kredit müqaviləsinə əsasən Zərərçəkmiş şəxs 2000 (iki min) manat pulu Təqsirləndirilən şəxs borc verir, Təqsirləndirilən şəxsda aldığı borcu xx.xx.2022-ci il tarixədək qaytarmağı öhdəsinə götürür. Tərəflər krediti faizsiz verilməsini şərtləşdirirlər. Müqavilənin bağlanması ilə əlaqədar 92 (duxsan iki) manat haqq tutulmuşdur. Cinayət işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat- Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və hökmdən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Masallı Rayon Məhkəməsinin 19 dekabr 2017-ci il tarixli, 1(050)-148/2017 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 3000 (üç min) manat miqdarda cərimə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsi nəzərə alınmaqla təyin edilmiş cərimə cəzası yüngülləşdirilərək üzərində qəti olaraq 1500 (min beş yüz) manat miqdarda cərimə cəzası saxlanılmışdır. Həmçinin işdən görünür ki, Masallı RPŞ-nin İstintaq Bölməsində qəbul edilmiş xx.xx.2020-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə açılmış ********* nömrəli cinayət işinə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə xitam verilmişdir. Cinayət işində olan Masallı rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş 2- 788/23-62-16 saylı 29 sentyabr 2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə 1500 manat cərimə cəzasına məhkum edilmiş Masallı rayonu, Ərkivan qəsəbəsində qeydiyyatda olan Təqsirləndirilən şəxs barəsində olan hökm icra olunduğu üçün Masallı rayon İcra və Probasiya şöbəsinin qeydiyyatından çıxarılmışdır. Cinayət işində olan Masallı Rayon İcra Hakimiyyəti başçısının Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Əkbərov X4 şəhəri Abbas Səhhət küçəsində arvadı X3, oğulları X6 və X7 ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işində olan Azərbaycan Respublikası Medalının vəsiqələrindən görünür ki, X7 “Vətən müharibəsi iştirakçısı” medalı, “Füzulinin azad olunmasına görə” medalı, “Cəbrayılın azad olunmasına görə” medalı və “Şuşanın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Cinayət işində olan VMAS yoxlama nəticəsindən və 027534 saylı vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xroniki böyrək xəstəliyi V mərhələ, diabetik nefropatiya XBÇ V mərhələ, böyrək dializindən asıllıq, dializ üçün arteriovenoz şunt olması böyrək dializi vəziyyəti, proqramlı hemodializ, başqa rubrikalara təsnif edilən xroniki xəstəliklər zamanı rast gəlinən anemiya, renal anemiya diaqnozu ilə birinci dərəcəli əlildir və əlilliyi müddətsizdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də işin faktiki halları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsində göstərilir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 6.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamının 8-ci bəndində qeyd edilir ki, - ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmçinin həmin Sərəncamın 10-cu bəndinə əsasən cəza siyasətinin humanistləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilsin və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə tapşırılsın ki, aşağıdakı istiqamətlərdə qanun layihələrini hazırlayıb iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsinlər: - cinayətlərin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunması və mövcud alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi; törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması. Həmçinin həmin Sərəncamın 13-cü bəndinə məhkəmələrə tövsiyə edilir ki: cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; - cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1-ci maddəsində göstərilən cəzasını yüngülləşdirən hallar yoxdur. Lakin, məhkəmə Təqsirləndirilən şəxs xəstə olmasını, birinci dərəcəli əlil olmasını və yaşayış yerindən müsbət xarakterizə olunmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarının 4-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirinin yetərli olmasını nəzərə alaraq Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən də islah olunmasını mümkün hesab etməklə ona təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının əvvəli o, cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələbi baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia həmin Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 183.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. İş materiallarında olan iddia ərizəsindən görünür ki, zərərçəkmiş şəxs mülki iddia ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs 4750 (dörd min yeddi yüz əlli) manat pulunun, ödənilmiş dövlət rüsumuna görə isə 75 manat və kredit müqaviləsi bağlanması üçün ödədiyi 92 manat pulunun alınıb ona verilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, X8 ayrı-ayrı vaxtlarda onun etibarından istifadə edərək ona ümumilkdə 4750 manat maddi ziyan vurmuşdur. O, pulunu bir neçə dəfə ondan tələb etmişdir. O, isə müxtəlif bəhanələr gətirməklə pulunu verməkdən boyun qaçırmıştdır. Oda belə bir vəziyyətdə ondan Rayon Polis Şöbəsinə müraciət etmişdir. Hazırda onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1 -ci maddəsi ilə cinayət işi istintaqı məhkəmə tərəfindən aparılır. Oda belə bir vəziyyətdə ona dəymiş ziyanı Əsgər Əkbərovdan tələb edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Məhkəmə Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddiaya münasibətdə qeyd edir ki, mülki iddia əsaslı olduğundan təmin edilməli və Təqsirləndirilən şəxs 4750 (dörd min yeddi yüz əlli) manat pul, ödənilmiş dövlət rüsumuna görə isə 75 manat və kredit müqaviləsi bağlanması üçün ödənilmiş 92 manat pul alınıb Zərərçəkmiş şəxs verilməlidir. Hökmün icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 354, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azadlığın məhdudlaşdırılması cəzasının çəkilməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. İş üzrə verilmiş mülki iddia təmin edilməklə Təqsirləndirilən şəxs 4750 (dörd min yeddi yüz əlli) manat məbləğində zərər məbləği və 75 (yetmiş beş) manat məbləğində dövlət rüsumu, 92 (doxsan iki) manat kredit müqaviləsi bağlanması üçün ödənilmiş pul olmaqla, ümumilikdə 4917 (dörd min doqquz yüz on yeddi) manat məbləğində pul vəsaiti tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilsin. Hökmün icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökmdən elan edildiyi vaxtdan 20 (iyirmi) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar