Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-232/2023 22.11.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Əhmədov Xəyyam Adəm oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.2004-cü ildə Masallı rayonu, Kolatan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, Masallı rayonu Kolatan kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 20 radələrində Masallı rayonu Böyük Kolatan kəndi ərazisində yerləşən otlaq sahəsində dayısı Zərərçəkmiş şəxs ilə birgə gördükləri işə görə almalı olduğu əmək haqqının verilməməsilə əlaqədar şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı sonuncunun sağ əl, sol qarın və sol çiyin nahiyələrinə istintaqa məlum olmayan bıçaqla qəsdən bir neçə dəfə vuraraq, Zərərçəkmiş şəxs həyat üçün təhlükəli və Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına, yəni sağ əlin ovuc hissəsinin İİİ barmağın vətərinin zədələnməsi ilə müşahidə olunan və İİİ barmağın kontrakturası ilə nəticələnən ümumi əmək qabiliyyətinin üçdən-bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə (10%) dayanıqlı itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa AZ AĞİR zərərvurmaya aid, həmçinin sol kürək nahiyəsinin və qarnın sol yan divarının qarın və döş boşluğuna nüfuz etməyən deşilmiş-kəsilmiş yarası ilə nəticələnən ayrı-ayrılıqda və ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Həmin əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun dayısıdır. Dayısı ilə münasibətləri heç vaxt yaxşı olmamışdır. Qısa bir müddət münasibətləri yaxşı olmuş, lakin bir nəfər şəxslə etdiyi davanı dayısı Elşən bildiyindən münasibətləri pozulmuşdur. Dayısı ilə işlədiyi işlə bağlı ona ödənilməyən 75 manat haqqı qalmış, Elşən pulunu verməmiş, o da istəməmişdir. Sonradan pul lazım olduğu üçün qardaşını dayısı evinə göndərmişdir ki, pulu versin. Elşən isə qardaşına acıqlanaraq həyətdən qovmuşdur. Bundan sonra zəng edərək qardaşına nə dediyini soruşmuşdur. Elşəndə cavabında nə demişsə yaxşı eləmişdir demişdir. O, da əsəbləşərək cavab qaytarmışdır. Bundan sonra Elşən onların həyətinə gəlmiş, dava etmək onu döymək istəmişdir. Lakin dava etməsi alınmadığından getmişdir. Səhəri gün isə marketin qarşısında olarkən Elşən ora gələrək ona yaxınlaşmış və onunla söhbət etmək istədiyini demişdir. O, da onunla razılaşmış və onlar piyada hərəkət edib Böyük Kolatan kəndi ərazisində yerləşən otlaq sahəsinə getmişlər. Orada olduqları zaman Elşən onu sillə ilə vurmuşdur. O, qorxaraq üzərində olan bıçaqla Elşəninin qarın nahiyəsindən və çiynindən vurmuşdur. Belə ki, həmin günü Elşən ona səs ataraq onu öldürəcəyini dediyindən hadisədən 2-3 ay öncə Bakı şəhərində aldığı bıçağı özü ilə götürmüşdür. Elşəni vurduqdan sonra əlində olan bıçağı elə hadisə yerindəcə ataraq oradan uzaqlaşmışdır. Barışığa cəhd etmişdir, lakin dayısı barışmamışdır. Belə ki, dayısının yaşadığı evin həyətinə gedərək dayısından üzr istəmiş lakin dayısı barışmamışdır. Etdiyi əməldən peşmandır. Məhkəmədən ona həbslə əlaqədar olmayan cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı zərər çəkmiş şəxsin, şahidin ifadələri və iş üzrə toplanmış digər sübutlarla aşağıdakı qaydada sübut olunmuşdur. Belə ki, məhkəmə istintaqında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 13 yaşından sonra Sənanın xarakterinə görə ondan uzaqlaşmışdır. xx.xx.2023-cü il tarixdə birlikdə işə gətməli olduqları üçün Sənana zəng vurmuş, lakin zəng çatmamışdır. Daha sonra həmin gün idarə etdiyi maşını vurduqları üçün polis şöbəsinə getmişdir. Orada olduğu zaman Sənanın dostlarını görmüş və onların nə üçün şöbədə olduqlarını soruşduğu zaman isə onlar Sənanı gözlədiklərini bildirmişlər. Səbəbini soruşduqda isə Sənanın axşam kiminləsə dalaşdığı üçün şöbəyə gətirildiyini öyrənmişdir. Həmçinin dostları spirtli içki içdiklərini və bir-birilərini söydüklərini bu səbəbdən də dalaşdıqlarını bildirmişlər. Daha sonra şöbədə işləri bitdikdən sonra Sənanla birlikdə maşına oturaraq evə getmişdir. Yolda olduqları zaman isə Sənandan niyə dalaşdıqlarını soruşmuşdur, o cavabında ona qarşı söydüyü üçün dalaşdığını demişdir. Həmçinin soruşduğu zaman içki içmədiyini bildirmişdir. Evə gəldikdən sonra tanıdığı şəxslərə zəng vuraraq öyrənmişdir ki, Sənan ötən gecə kənd ərazisində yerləşən iaşə obyektində içki içmiş və orada kiminləsə mübahisə edərək bir-birilərini söymüşlər. Bundan sonra Sənana “gecə saat 3-də sənin orada nə işin var idi, bilirdin ki, biz səhər saat 8-də işə getməliyik, sənin istirahət günün idiki sən gecə o saatda evdə deyildin” demişdir. Bundan sonra telefonu ondan almış, anasını çağırmışdır. Anası gəldikdən sonra ona hər şeyi demiş və anası çıxıb getmişdir. Sənana da “çıx get əvvəllər səninlə necə idi bundan sonrada elə olaq” demişdir. Sənanın işləməsi ilə bağlı 70 manat pulu qalmışdır. Həmin puluda Sənanın anasının dediyinə əsasən öz anasına vermişdir. Həmin evdə yemək yediyi zaman ona Sənan SMS yazmışdır ki, “Rəhmana nə demisən” o isə cavab verməmişdir. Sonradan zəng vurmuş yenə cavab verməmişdir. Lakin üç dəfə zəng vurduqdan sonra telefona cavab vermişdir. Sənan salam verərək bir başa Rəhmana nə dediyini soruşmuşdur. Daha sonra söyüş söymüşdür. Anasına, arvadına qarşı söyüşlər söymüşdür. Sənanın balaca qardaşı gəlib Sənanın pulunu ondan istəmiş o da cavabında Rəhmana “Sənan qələt edir, pulu vermişəm nənənə verəcək anana” demişdir. Sənan bıçaqla onun əlini kəsdiyini deyir. Lakin bu belə olmayıb əslində Sənan bıçağı onun qarnına vurduğu zaman o, əli ilə bıçağı tutmuşdur. Eləcədə bıçaqla kürəyinə vurduğu zərbə əgər bir azda aşağı dəymiş olsaydı qaraciyərini zədələyərdiki buda onun ölümünə səbəb olardı. 6 gün xəstəxanada yatmışdır. Bir dəfədə olsun onun yanına gəlməmişlər. Lakin son iki gün ərzində gəlib ondan barışıq istəyirlər. Sənanın anası onun bacısıdır. O, xəstəxanada yatdığı zaman bir dəfədə olsun bacısı ona baş çəkməyib. Ona dəymiş maddi ziyanla bağlı heç bir hərəkət etməyiblər. Özü usta işləyir, törədilmiş əməl zaman barmağı zədələnib, bu səbəbdən də işləyə bilmir. Bacısı onu deyil övladını düşünərək onun evinə gəlmişdir. Əgər bir bacı olaraq onu düşünmüş olsaydı ən azından gəlib onun qapısını açardıki qardaş necəsən. Təqsirləndirilən şəxslə barışmamışdır. Şikayətçidir. Məhkəmədən ədalətli hökm çıxarılmasını xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs Arif oğlunu tanıyır və onunla hər hansı bir ədavəti, düşmənçiliyi və qərəzli münasibəti olmamışdır. Təqsirləndirilən şəxs isə ümumiyyətlə tanımır. xx.xx.2023cü il tarixdə saat 21 radələrində o, idarə etdiyi VAZ 21074 markalı avtomobil ilə yaşadığı evə getmək üçün kənd sakinləri tərəfindən ümumi istifadədə olan otlaq sahəsinin yaxınlığından keçən yolda hərəkətdə olarkən Zərərçəkmiş şəxs əli ilə ona avtomobilini saxlamağı üçün işarə verməsini görmüşdür. O, dərhal avtomobilini saxladığı zaman Elşən onun avtomobilinə yaxınlaşıb qapını açaraq əyləşmiş və onu xəstəxanaya aparmağını bildirmişdir. O, da Elşəni o vəziyyətdə Masallı rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Daha sonra Elşən orada tibbi müayinə olunmaq və tibbi yardım edilməsi üçün həkimlər tərəfindən otağa aparılmışdır. Elşən özü ona bacısı oğlunun onu bıçaqlamasını və xəsarət yetirməsini demişdir. Elşən həmin vaxt bacısı oğlu ilə dalaşdığını demişdir. Sonradan bilmişdir ki, Elşən bacısı oğlu Təqsirləndirilən şəxs tərəfindən bıçaqlanmışdır. Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 publik hüquqi şəxsinin 23 iyun 2023-cü il tarixli, 566 saylı rəydə qeyd edilmişdir ki, vət. Zərərçəkmiş şəxs sağ əlin ovuc hissəsinin İİİ barmağın vətərinin zədələnməsi ilə müşahidə olunan və İİİ barmağın kontrakturası ilə nəticələnən kəsilmiş yarası, sol kürək nahiyəsinin və qarnın sol yan divarının qarın və döş boşluğuna nüfuz etməyən deşilmiş-kəsilmiş yarası müəyyən olundu, müəyyən olunan xəsarətlər deşicikəsici alətin, ola bilər ki, bıçağın təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan 08 iyun 2023-cü il tarixə uyğun gəlir. Sağ əlin ovuc hissəsinin İİİ barmağın vətərinin zədələnməsi ilə müşahidə olunan və İİİ barmağın kontrakturası ilə nəticələnən kəsilmiş yarası ümumi əmək qabiliyyətinin üçdən-bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə (10%) dayanıqlı itirilməsinə səbəb olduğundan dərəcəsinə görə AZ AĞİR zərərvurmaya aiddir. Sol kürək nahiyəsinin və qarnın sol yan divarının qarın və döş boşluğuna nüfuz etməyən deşilmiş-kəsilmiş yarası dərəcəsinə görə ayrı-ayrılıqda və ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan Masall Rayon İcra Hakimiyyəti başçısının Kolatan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Muradov X2 rayonu, Kolatan kəndində ailə üzvləri ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır və onun Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamının 8-ci bəndində qeyd edilir ki, - ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmçinin həmin Sərəncamın 10-cu bəndinə əsasən cəza siyasətinin humanistləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilsin və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə tapşırılsın ki, aşağıdakı istiqamətlərdə qanun layihələrini hazırlayıb iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsinlər: - cinayətlərin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunması və mövcud alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi; törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması. Həmçinin həmin Sərəncamın 13-cü bəndinə məhkəmələrə tövsiyə edilir ki: cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; - cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1-ci maddəsində göstərilən cəzasını yüngülləşdirən hallar yoxdur. Lakin, məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini, gəncliyini, əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsin onun dayısı olmaqla barışığa cəhd etməsini və zərərçəkmiş şəxsdən üzr istəməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal yoxdur. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirinin yetərli olmasını nəzərə alaraq Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən də islah olunmasını mümkün hesab etməklə ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələbinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Məhkəmə iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini müzakirə edərək müsadirə ediləcək əmlakın olmamasını müəyyən etdi. İş üzrə mülki iddia, maddi sübut və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Hökmün icrası Masallı rayon İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 354, 356-358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvədə saxlanılsın. Cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökm elan olunduğu andan 20 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına hökmdən apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №1(050)-232/2023
Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-232/2023
22.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver