Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-233/2023 01.12.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Masallı Rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1994-cü ildə Masallı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, İİ qrup əlil, Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1 -ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 69.3cü maddəsinə əsasən 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Masallı şəhəri M.Füzuli küçəsi ev 34-də daimi qeydiyyatda olmaqla yaşayan, 02 sentyabr 2023-cü il tarixdən şübhəli şəxs qismində tutulmuş, Masallı Rayon Məhkəməsinin 4(050)- 92/2023 saylı, 04 sentyabr 2023-cü il tarixli qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilməklə hazırda həbsdə olan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum oimayan vaxtda və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə etməklə üzərində saxlayıb daşımış, 02 sentyabr 2023-cü il tarixdə saat 18 radələrində Masallı RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı şəhəri Füzuli küçəsində saxlanılaraq Masallı rayon polis şöbəsinə gətirilmiş, orada üzərinə keçirilən şəxsi axtarış zamanı onun təqdim etdiyi tünd qəhvəyi rəngli qutunun içərisindən 1 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,417 qram ağ rəngli kristallardan ibarət psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Həmin əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə Masallı şəhəri M.Füzuli küçəsi ev 34-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istifadəsi üçün qanunsuz üzərində narkotik vasitələri daşıması və istifadə etməsi barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə tərəfindən şöbə rəisinə raportla müraciət olunmuş və əməliyyat istintaq qrupu yaradılmışdır. Həmin tarixdə saat 18 radələrində qrupun digər üzvü CAB-nin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə rayon ərazisində olarkən Masallı şəhəri M.Füzuli küçəsində Təqsirləndirilən şəxs piyada hərəkət etdiyini müşahidə edib ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Şifahi şəkildə Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı predmet və ya narkotik vasitə olub-olmamasını soruşduqları zaman o, əlində olan tünd qəhvəyi rəngli qutunun içərisində şəxsi istifadəsi üçün psixotrop maddə olan metamfetamin olmasını bildirmişdir. Tərəflərindən Təqsirləndirilən şəxs Masallı rayon polis şöbəsinə dəvət edilmiş və o, onların qanuni tələblərinə tabeçilik göstərərək onlarla birlikdə Masallı rayon polis şöbəsinə gəlmişdir. Polis şöbəsinə təhqiqatçı Vasif Ağazadənin xidməti otağında müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, hüquq və vəzifələri izah olunmuşdur. Baxış keçirilən zaman ondan üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet olması soruşulduğu zaman o, əlindəki həmin tünd qəhvəyi rəngli qutunu təqdim edərək içərisində psixotrop maddə metamfetamin olduğunu özü bildirmişdir. Baxış keçirilən zaman həmin qutunun içərisində bir ədəd şəffaf bükümdə psixotrop maddə olan metamfetamin aşkar olundu və həmin maddənin istifadə olunması üçün iki ədəd boru və bir ədəd qızılı kağızda olmuşdur. Psixotrop maddəni hansı səbəbə və haradan əldə etməsi barədə Təqsirləndirilən şəxs soruşulduğu zaman Bakı şəhərində tanımadığı şəxsdən aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirdi. Bundan sonra psixotrop maddə və digər əşyalar qablaşdırılaraq götürüldü. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verdiyi müəyyən edildi. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək qeyd etdi ki, üzərindən aşkar olunmuş psixotrop maddə metamfetamin ona məxsus olmamışdır. Həmin vaxt onun üzərində narkoti vasitə marixuana (nəşə) olmuşdur. Lakin qramının nə qədər olduğunu bilmir, sadəcə bir dəfə istifadə edəcəyi qədər olmuşdur. Buna baxmayaraq polis şöbəsində ona qarşı irəli sürülmüş ittiham metamfetamin maddəsi ilə olmuşdur. Lakin nə səbəbə ona narkotik vasitə marixuana (nəşə) ilə deyil, metamfetamin ilə ittiham verildiyini bilmir. Çünki hər iki maddə narkotik vasitədir. Narkotik vasitənin üzərindən aşkar olunmasını özündə əks etdirən video çəkiliş bir neçə dəfə aparılmışdır. Hər dəfə ondan həmin qutunun içərisində nə olduqlarını soruşduqları zaman bilmədiyini bildirmişdir. Çünki həqiqətəndə orada nə olduğunu bilməmişdir. Polis əməkdaşları tərəfindən düyülməyib, ona qarşı hər hansı bir zor tətbiq olunmayıb. Lakin ona qarşı belə bir ittiham irəli sürüldüyünə görə özünə xəsarət yetirmişdir və bu barədə rayon prokurorluğunda araşdırma aparılır. Narkotik vasitə istifadəçisi olduğu üçün peşmandır. Məhkəmədən ədalətli hökm çıxarılmasını xahiş etdi. Təqsirləndirilən şəxs ona qarşı ittiham elan edilmiş cinayət əməlini törətməkdə özünü təqsirli bilməsə də, onun həmin əməli törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilən mötəbər sübut növləri ilə tam sübuta yetirilmişdir. Həmçinin məhkəmə təqsirləndirilən şəxsin ifadəsini səmimi qəbul etməməklə özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirir. Məhkəmə iclasında iş materiallarında olan Təqsirləndirilən şəxs üzərində axtarış keçirilməsi barədə video çəkilişin aparılmasına dair CD diskə baxış keçirilərək, narkotik vasitənin Təqsirləndirilən şəxs təqdim etdiyi tünd qəhvəyi rəngli qutunun içərisindən çıxdığı müəyyən edildi. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X2 Bölməsi tərəfindən təqdim edilmiş 03 sentyabr 2023-cü il tarixli, 19/840 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd şəffaf rəngli sellofan bükülüdə olan metamfetaminə bənzər kütlə”.... sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi 0,417 qram olan ağ rəngli kristallardan ibarət olan maddə metamfetamindir (metamfetaminin təmiz çəkisi 0,417 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 0,367 qram). İş materiallarında olan əşyanın maddi sübut hesab edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddəni istifadə etmək üçün nəzərdə tutulan 02 ədəd boruşəkilli (trupka) vasitə və bir ədəd gümüşü rəngli kağız maddi sübut kimi tanınmış və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə həll edilənədək saxlanması üçün Masallı RPŞ-nə təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər X1 X4 Yoxlamanın nəticələrinə dair 04 sentyabr 2023-cü il tarixli, 857 nömrəli rəyində qeyd edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs STİMULYATORLARİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (TOKSİKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Lakin ƏƏSMN-nın yanında DSMF-nın təqdim etdiyi 156-39039-1122 saylı raportuna əsasən İİ qrup əlil olması səbəbindən Narkomaniyadan məcburi müalicəyə əks göstəriş vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən və Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İş materiallarında olan Masallı Rayon İcra və Probasiya şöbəsinin 12 sentyabr 2023cü il tarixli məktubdan görünür ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(050)-141/2023 saylı hökmünə əsasən məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Hökm və hökmün icrası barədə göstəriş xx.xx.2023-cü il tarixdə Masallı Rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuşdur. Qeyd olunan hökm üzrə məhkum Təqsirləndirilən şəxs cəza çəkməmişdir. İş materiallarında olan Masallı rayon İHB-nin Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Rzayev X3 şəhəri, M.ünvan 1 ünvanında qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır və yaşayış yeri üzrə mənfi xarakterizə olunur. Beləliklə məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, şahidlərin ifadələri, təqsirləndirilən şəxsin üzərindən narkotik vasitənin aşkar edilməsi barədə video çəkiliş aparılması barədə CD disk, həmçinin işin faktiki halları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikasının CPM-nin 144-146-cı maddələrində nəzərdə tutulmuş qaydada qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 sentyabr 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 4-cü bəndində qeyd olunur ki, CM-nin 59-cu maddəsilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamının 8-ci bəndində qeyd edilir ki, - ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmçinin həmin Sərəncamın 10-cu bəndinə əsasən cəza siyasətinin humanistləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilsin və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə tapşırılsın ki, aşağıdakı istiqamətlərdə qanun layihələrini hazırlayıb iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsinlər: - cinayətlərin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunması və mövcud alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi; törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması. Həmçinin həmin Sərəncamın 13-cü bəndinə məhkəmələrə tövsiyə edilir ki: - cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; - cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xatakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdiran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən və Azərbaycan Respublikasının Cinayət Məcəlləsininin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. İş materialları ilə müəyyən olunur ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(050)-141/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası çəkilməmiş qalmışdır. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanır. Beləliklə Təqsirləndirilən şəxs Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(050)-145/2023 saylı hökmü ilə təyin edilmiş və çəkilməmiş azadlığın məhdudlaşdırılması cəzası azadlıqdan məhrum etmə cəzasına hesablanmalı və Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsi qismən birləşdirilməklə ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 02 sentyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Masallı Rayon Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli, 4(050)-92/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 02 sentyabr 2023-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.22-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun şübhəli şəxs qismində tutulduğu 02 sentyabr 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.16-cı maddəsinə əsasən təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin mümkünlüyü məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər X1 X4 Yoxlamanın nəticələrinə dair xx.xx.2023-cü il tarixli, 857 saylı rəyində Təqsirləndirilən şəxs STİMULYATORLARİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (TOKSİKOMANİYA XƏSTƏLİYİ) aşkar olunması və ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülmüşdür. Belə ki, “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”-nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 fevral 2006-cı il Qərarının 3.2-ci bəndində əlilliyi olan narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicənin tətbiq edilmədiyi qeyd edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər X1 X4 Yoxlamanın nəticələrinə dair xx.xx.2023-cü il tarixli, 857 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs İİ dərəcəli əlildir. Odur ki, Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması nəzərə alınmaqla barəsində məcburi müalicə təyin edilməməli, lakin o, ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinin tələbi baxımından cinayət işi üzrə Masallı Rayon Polis şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalan 0,367 qram olan ağ rəngli kristallardan ibarət olan maddə metamfetamin və psixotrop maddəni istifadə etmək üçün nəzərdə tutulan 02 ədəd boruşəkilli (trupka) vasitə və bir ədəd gümüşü rəngli kağız hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, narkotik vasitənin təqsirləndirilən şəxsin üzərindən aşkar edilərək götürülməsini özündə əks etdirən video CD disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.21-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs narkoloji ekspertizanın dəyəri olan 60 (altmış) manat məbləğində pul vəsaiti tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Hökmün maddi sübutun məhv edilməsi hissəsini icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(050)- 141/2023 saylı hökmü ilə təyin edilmiş və çəkilməmiş 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının hər iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası hesablansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən yeni hökm ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(050)-141/2023 saylı hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş qalan hissəsi olan 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası qismən birləşdirilsin və ona qəti olaraq 01 (bir) il 06 (altı) müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkməsinin əvvəli 02 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 60 (altımış) manat məbləğində məhkəmə məsrəfi (ekspertiza xərci) tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq Masallı Rayon Polis şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalan 0,367 qram olan ağ rəngli kristallardan ibarət olan maddə metamfetamin və psixotrop maddəni istifadə etmək üçün nəzərdə tutulan 02 ədəd boruşəkilli (trupka) vasitə və bir ədəd gümüşü rəngli kağız hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərindən narkotik vasitənin aşkar edilməsi barədə görüntüləri özündə əks etdirən CD disk iş materiallarında saxlanılsın. Hökmün maddi sübutun məhv edilməsi hissəsinin icrası Masallı rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökmdən elan edildiyi vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №1(050)-233/2023
Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-233/2023
01.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver