Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-234/2023 21.11.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi Masallı Rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2005-ci il tarixdə Masallı şəhərində doğulmuş, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Masallı şəhəri, Seybətin küçəsi, ev 10-da qeydiyyatda olmaqla yaşayan, barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Masallı şəhəri, Seybətin küçəsində yaşadığı evin yaxınlığında qonşusu Zərərçəkmiş şəxs təxminən iki il əvvəl aldığı borcu qaytara bilmədiyi üçün həmin gün günorta saatlarında Zərərçəkmiş şəxs onunla mübahisə etməsinin səbəbini aydınlaşdırmaq istəyən atası Şahid2 Zərərçəkmiş şəxs və sonuncunun atası Şahid1 ilə mübahisə etməsini görərək bundan əsəbiləşib şəxsi münasibətlər zəmnində baş vermiş mübahisə zamanı yerdən götürdüyü daş parçasını qəsdən Zərərçəkmiş şəxs atıb dodaq nahiyəsindən vuraraq sonuncuya aşağı dodağın sol yarısının bayır və iç hissəsinin əzilmiş yarası, aşağı dodağın sol yarısının bayır səthinin sıyrığı ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın qısa müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid olan bədən xasarəti yetirmişdir. Həmin əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, onun Elminlə əvvəllər aralarında heç bir ədavət və düşmənçiliyi olmamışdır. Təxminən 2 il bundan əvvəl pula ehtiyacı olduğundan Elmindən 50 manat borc olaraq pul almışdır. xx.xx.2023-cü il tarixdə günorta saat 15 radələrində Masallı şəhər ərazisində yerləşən “Təzə Bazar” adlanan yerdə olarkən Elminlə qarşılaşmışdır. Elmin onu görən kimi demişdir ki, “təzə telefon almısan, lakin mənə olan 50 manat pulunu qaytarmırsan” o, isə Elminə demişdir ki, tezliklə ona olan 50 manat borcunu qaytaracaq. Elmin bazarda tanımadığı şəxslərin içində onu sillə ilə 1 dəfə vurmuşdur. O, isə Elminə cavab verməmiş və evə gəlib atası Rasimə məlumat vermişdir. X5 mobil telefonuna zəng etmiş, lakin telefonu Elmin deyil, başqa şəxs açaraq Elminin evə getməsini bildirmişdir. O və X5 evinə getmişdilər. X8 həyətə səsləmişdir. Elmin və atası İlham küçəyə çıxmışdılar. X9 irad bildirmişdir ki, niyə onu bazarda camaatın içində sillə ilə vurmuşdur. Elmin isə əcəb elədiyini demiş və bu səbəbdən atası Rasimlə Elmin arasında mübahisə yaranmışdır. Elmin və atası İlham evin həyətinə keçmişdilər. Elminin atası İlham Elminə irad bildirmişdir ki, niyə onu vurmuşdur. Elmin də demişdir ki, “vurulmalı idi, mən də vurdum” bunu eşidən onun X8 küçəyə yenidən çağırmış və mübahisə etməyə başlamışdılar. Mübahisə zamanı Elmin yumruqla atası Rasimi bir neçə dəfə vurmuşdur. Elminin atası İlham isə atası Rasimi arxadan qucaqlayıb hərəkət etməyə imkan verməmişdir. O, Elmin və atası İlhamın onun atası Rasimi təklədiklərini görüb yerdən daş parçasını götürüb Elminə tərəf atmışdır. Atdığı daş Elminin ağız nahiyəsindən dəymiş və nəticədə Elmin ağız nahiyəsindən xəsarət almışdır. Daha sonra atası və o, evə getmişdir. Sonra məlum olmuşdur ki, Elminin atası İlham DİN-nin 102 xidmətinə zəng edərək, onların barəsində şikayət etmişdir. Zərərçəkmiş şəxslə onun arasında olan mübahisə ilk dəfə xx.xx.2023-cü il tarixdə saat 15 radələrində Masallı şəhər ərazisində yerləşən “Təzə bazar” adlanan yerdə baş vermişdir və həmin vaxt orada bir neçə tanımadığı şəxslər olmuşdur. Sonda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs atası Rasimi vurduğuna ona daş atıb xəsarət yetirdiyini, bu səbəbdən əməlindən peşman olmadığını bildirib, barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Təqsirləndirilən şəxsin ittiham olunduğu cinayəti törətməsi onun özünün səmimi etirafı ilə yanaşı işin məhkəmə istintaqı zamanı tədqiq edilən digər sübut növləri ilə aşağıdakı qaydada tam sübuta yetirilir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Məhəmmədin atası Şahid2 onun həmkəndlisi, eləcə də qohumudur. Aralarında əvvəllər heç bir ədavət və düşmənçiliyi olmamışdır. O, 2 ilə yaxındır ki, Masallı şəhər ərazisində icarə əsasında “Yanar dönər” adlı dönər yerini işlədir. Rasimin oğlu Məhəmməd ilk əvvəllər onun yanında köməkçi işləmiş və həmin vaxtlarda ondan 50 manat pulu borc olaraq almışdır. Bir müddət sonra isə Məhəmməd onun yanından işdən çıxmışdır. xx.xx.2023-cü il tarixdə günorta saatlarında o, “Təzə bazar” adlanan yerdə olarkən Məhəmmədi görmüşdür. Həmin vaxt Məhəmmədin əlində yeni alınmış mobil telefon olmuşdur. O, Məhəmmədə demişdir ki, özü üçün yeni telefon alıb, buna görə də onun 50 manat pulunu versin. Məhəmməd isə ona demişdir ki, hazırda pulu yoxdur və olanda onun pulunu verəcək. O, isə Məhəmmədən pulunu verməsini tələb etmiş və iradını bildirmişdir. Bu zaman Məhəmməd onunla mübahisə etməyə başlamış və üzərinə gəlmişdir. O, isə Məhəmmədə baş qoşmayıb kənara çəkilmişdir. Məhəmməd isə ona demişdir ki, onun başına oyun açacaq. Sonra isə çıxıb getmişdir. O, da bazardan çıxıb evinə getmişdir. Saat təxminən 17 radələrində o, evdə olarkən Şahid2 onu küçəyə çağırmışdır. O, küçəyə çıxmışdır. Rasim ona sual vermişdir ki, o, Məhəmmədi niyə sillə ilə vurmuşdur. O, da Rasimə demişdir ki, o, Məhəmmədi vurmamış, sadəcə olaraq pulunu istəmişdir. Bu vaxt atası İlham küçəyə çıxmış və Rasimə irad bildirmişdir ki, oğlu Məhəmmədin ona 50 manat pul borcu vardır və pulu hələ də vermir. Rasim demişdir ki, ümumiyyətlə onun pulunu verməyəcək və oğlu Məhəmməd yaxşı edir telefon işlədir. Daha sonra o və atası İlham evin həyətinə keçmişdir. Atası İlham onu danlamağa başlamışdır. Bu zaman Rasim küçədən qışqırmışdır ki, onların dalınca danışmasınlar. O, küçəyə çıxmış və Rasimə dalınca danışmadığını bildirmişdir. Rasim onun üzərinə gəlmiş, əlləri ilə onun boğazından tutaraq sıxmağa başlamışdır. Sonra yumruğu ilə bədəninin müxtəlif nahiyəsindən vurmuşdur. O, sol qolunu qarşıya vermişdir ki, Rasimin atdığı yumruqlar ona dəyməsin. Rasimin atdığı yumruqlardan biri onun sol qol nahiyəsinə dəymiş və xəsarət yetirmişdir. O, Rasimin qollarından tutmuşdur ki, onu vurmasın. Atası İlham onların yanına gəlib ayırmaq istəmişdir. Bu vaxt Rasimin oğlu Məhəmməd yerdən daş parçasını götürüb ona tərəf atmışdır. Nəticədə daş onun ağız nahiyəsinə dəyərək ona xəsarət yetimişdir. Onun ağız nahiyəsindən qan axmağa başlamışdır. Bunu görən atası İlham onu evin həyətinə aparmış və DİN-nin 102 xidmətinə zəng edərək, məlumat vermişdir. Daha sonra polis əməkdaşları onlara gəlmişdilər. Lakin həmin gün o, ərizə yazmaqdan imtina etmişdir. Axan qanın dayanmadığını görüb o, xəstəxanaya getmişdir. Orada həkimlər ona ilkin tibbi yardım göstərmiş və daha sonra evə buraxmışdılar. O, xəstəxanaya ilkin müraciət edərkən Rasim və oğlu Məhəmməddən şikayəti olmadığından həkimlərə yıxılaraq xəsarət almasını demişdir. Lakin bir neçə gün keçməsinə baxmayaraq, Rasim və oğlu Məhəmməd ondan üzr istəməmiş və o, buna görə də xx.xx.2023-cü il tarixdə Masallı RPŞ-yə ərizə yazaraq, müraciət etmişdir. Sonda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmadığını, ona qanuna müvafiq qaydada cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Məhmməd Əzizli oğlu, Zərərçəkmiş şəxs isə qonşusu, həm də qohumudur. Əvvəllər aralarında heç bir ədavət və düşmənçilikləri olmamışdır. xx.xx.2023-cü il tarixdə saat günorta saat 15 radələrində oğlu Məhəmməd evə gəlmiş və ona demişdir ki, Masallı şəhər ərazisində yerləşən “Təzə bazar” adlanan yerdə Zərərçəkmiş şəxs onu sillə ilə vurmuşdur. O, oğlu Məhəmməddən Elminin onu sillə ilə vurmasının səbəbini soruşmuş, oğlu Məhəmməd ona cavab vermişdir ki, 2 il əvvəl Elmindən 50 manat pulu borc olaraq almış, həmin günə kimi qaytara bilməmişdir. xx.xx.2023-cü il tarixdə isə Elmin onu bazarda görmüş və pulunu istəmişdir. Oğlu Məhəmməd də hazırda pulunun olmadığını və tezliklə qaytaracağını bildirmişdir. Elmin isə oğlu Məhəmmədlə mübahisə etmiş və onu sillə ilə üz nahiyəsində vurmuşdur. Oğlu Məhəmməd baş vermiş hadisə barədə ona məlumat verdikdən sonra o, Elminin mobil telefonuna zəng etmiş, həmin vaxt Elminin telefonuna başqa tanımadığı şəxs cavab vermiş və Elminin evində olduğunu bildirmişdir. O, oğlu Məhəmmədi götürüb Elminin yaşadığı evə getmiş, Elmini səsləmişdir. Elmin atası İlhamla küçəyə çıxmış, o, Elminə oğlu Məhəmmədi sillə ilə vurduğuna görə iradını bildirmişdir. Elmin də oğlu Məhəmmədin ona 50 manat pul borcunun olması və borcunu qaytarmaması səbəbindən sillə ilə vurduğunu bildirmişdir. O, Elminə və oğlu Məhəmmədə mübahisə etməsi səbəbindən iradını bildirmişdir. Daha sonra oğlu Məhəmmədi götürüb evə qayıtmaq istəmiş, Elmin və atası İlham da evin həyətinə keçmişdilər. Evin həyətində olarkən Elminin atası İlham onun oğlu Məhəmmədi vurduğuna görə iradını bildirmişdir. Bu zaman Elmin atası İlhama demişdir ki, “vurulmalı idi, mən də vurdum”. O, Elminin bu sözünü eşidən kimi geri qayıtmış və Elminə dediyi sözə görə irad bildirmişdir. Elmin küçəyə çıxmış və aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Elminin atası İlham onu arxa tərəfdən tutub saxlamış, Elmin də yumruğu ilə onun bədəninin müxtəlif nahiyəsinə vurmuşdur. Elminin atası İlham onu arxaya çəkmiş və o, yerə yıxılmışdır. Yerə yıxılan zaman sağ qol və sağ dirsək nahiyəsi yerə dəymiş, nəticədə xəsarət almışdır. Yerdən ayağa qalxan zaman oğlu Məhəmmədin yerdən daş parçasını götürərək Elminə tərəf atdığını görmüş, daş Elminin ağız nahiyəsindən dəymiş və nəticədə Elmin xəsarət almışdır. O, Məhəmmədə demişdir ki, daş atmasın. Daha sonra o, oğlu Məhəmmədi də götürüb evə aparmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Məhəmmədin atası Şahid2 onun həmkəndlisi eləcə də qohumlarıdır. Onlarla aralarında əvvəllər heç bir ədavət və düşmənçilikləri olmamışdır. Oğlu Elmin 2 ilə yaxındır ki, Masallı şəhər ərazisində icarə əsasında “Yanar dönər” adlı dönər yerini işlədir. Rasimin oğlu Məhəmməd də ilk əvvəllər Elminin yanında köməkçi işləmiş və həmin vaxtlarda Elmindən 50 manat borc olaraq pul almışdır. Onun həmin puldan xəbəri olmuşdur. xx.xx.2023-cü il tarixdə saat 17 radələrində oğlu Elmin evə gəlmiş, həmin vaxt ona Rasimin oğlu Məhəmmədlə aralarında mübahisə yaranması barədə heç bir söz deməmişdir. Elminlə o, yaşadıqları evin həyətində iş görürmüşlər. Saat təxminən 17 radələrində Şahid2 oğlu Elmini küçəyə çağırmış, oğlu Elmin küçəyə çıxmışdır. Az sonra Rasimlə Elminin sözlə mübahisə etdiyini eşitmış və küçəyə çıxmış, həmin vaxt Şahid2 oğlu Məhəmmədi döyməsinə görə Elmini danladığını görmüşdür.. Elmin də Rasimə demişdir ki, Məhəmmədi döyməyib, sadəcə ondan pulunu istəmiş və Məhəmməd onun üzərinə gələrkən Elmin sol əli ilə Məhəmmədin sifətindən itələyib özündən kənarlaşdırmışdır. O, Elmini götürüb evin həyətinə keçmiş və Elminə iradını bildirmişdir. Bu zaman Rasim küçədən qışqırmışdır ki, onların dalınca danışmasınlar. Elmin küçəyə çıxmış və Rasimə onun dalınca danışmadıqlarını bildirmişdir. Rasim Elminin üzərinə gəlmiş, əlləri ilə Elminin boğazından tutaraq sıxmağa başlamışdır. Sonra yumruğu ilə Elminin bədəninin müxtəlif nahiyəsindən vurmuş, o da onları ayırmaq istəmişdir. Bu vaxt Rasimin oğlu Məhəmməd yerdən daş parçasını götürüb Elminə tərəf atmış və nəticədə daş Elminin ağız nahiyəsindən dəyərək ona xəsarət yetirmişdir. Elminin ağzından qan axmağa başlamış və o, Elmini götürüb evin həyətinə keçmiş və DİN-nin 102 xidmətinə zəng edərək, məlumat vermişdir. Daha sonra polis əməkdaşları onlara gəlmiş, lakin həmin gün ərizə yazmaqdan imtina etmişdilər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” publik hüquqi şəxsin xx.xx.2023-ci il tarixli, 559 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs aşağı dodağın sol yarısının bayır və iç hissəsinin əzilmiş yarası, aşağı dodağın sol yarsının bayır səthinin sıyrığı və sol bazunun orta 1/3 hisəssinin qançırı müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, daşla vurulma nəticəsində əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2023-cü il tarixə uyğun gəlir. Aşağı dodağın sol yarısının bayır və iç hissəsinin əzilmiş yarası və aşağı dodağın sol yarsının bayır səthinin sıyrığı dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya aiddir. Sol bazunun orta 1/3 hisəssinin qançırı isə sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. xx.xx.20323-cü il tarixli baxış keçirilməsi haqında protokoldan görünür ki, aparılmış təhqiqat zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən döyülərək xəsarət aldığı hadisə yerinə baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, baş vermiş hadisə Masallı şəhəri, Seybətin küçəsində Zərərçəkmiş şəxs fərdi yaşayış evinin qarşısındakı küçədə baş vermiş, Zərərçəkmiş şəxs hadisə yerini təqdim etmişdir. Bu barədə protokol tərtib edilmiş, hadisə yerinin fotoşəkilləri çəkilərək materiala əlavə edilmişdir. Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2023-cü tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Masallı Rayon İcra Hakimiyyəti başçısının Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Əzizli X2 şəhəri, Seybətin küçəsi, ev 10-da qeydiyyatda olmaqla atasıxx.xx.1979-cu il təvəllüdlü Şahid2, anası-xx.xx.1988-ci il təvəllüdlü Qanuni nümayəndə, bacısı xx.xx.2007-ci il təvəllüdlü X4 və qardaşı-xx.xx.2012-ci il təvəllüdlü X1 ibarət ailə tərkibində yaşayır və ərazidə yaşadığı müddətdə özünü səmimi və intizamlı aparmış, yaşadığı ərazidə cəmiyyət arasında davranış qaydalarına daim əməl etmişdir. Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Təqsirləndirilən şəxs barəsində Masallı Rayon İcra Hakimiyyəti başçısının Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. Təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən təqsirləndirilən şəxsin etirafı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də işin faktiki halları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsiri tam sübuta yetirilmişdir. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikası CPM-nin 144-146-cı maddəsində nəzərdə tutulmuş qaydada hüquqi qiymət verərək, eləcə də həmin Məcəllənin 346 və 349-cı maddəsinin tələblərinə riayət edərək hesab edir ki, baş vermiş cinayət hadisəsini Təqsirləndirilən şəxs törətməsi, onun təqsirliliyi məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayətdir, məhkəmənin müəyyən etdiyi hallar tədqiq olunmuş sübutlara uyğun gəlir, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 128-ci maddəsi əsasında təqsirləndirilən şəxsə ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur, əməlin cinayət olmasını aradan qaldıran, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.3.-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2.-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 2, 3 və 4-cü bəndlərində tövsiyyə olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1.-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 59.1.2-ci maddəsinə əsasən cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsi; CM-nin 59.2-ci maddəsinə əsasən isə yaşayış yeri üzrə müsbət xarakterizə olunması onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hal müəyyən edilməmişdir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, ağırlaşdiran halın olmamasını, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən də islah olunmasını mümkün hesab etməklə ona təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2.1.-52-1.2.4.-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə həmçinin Cinayət Məcəlləsinin 52-1.3.1.-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuni və məqsədə müvafiq hesab edir. Cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələblərinə əsasən qətimkan tədbiri məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmişdir, hazırda o, yetkinlik yaşına çatdığından barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri dəyişdirilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və barəsində seçilmiş “baqşa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini müzakirə edərək müsadirə ediləcək əmlakın olmamasını müəyyən etdi. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə, maddi sübut, mülki iddia, məhkəmə məsrəfi və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli təqsirli bilinsin və 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri dəyişdirilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №1(050)-234/2023
Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-234/2023
21.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver