Məhkəmə qərarları › İş №1(050)-237/2023

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-237/2023

13.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-237/2023 13.12.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Masallı Rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1976-cı il tarixdə Masallı rayonu, Xıl kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 1 azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, Masallı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 09 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 22.12 2021-ci il tarixli qərarına əsasən barəsində “8 noyabr-Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci tarixli Qərarının 4-cü bəndi tətbiq edilməklə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsi 06 ay müddətə azaldılmış, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş və ya qanunvericiliklə müəyyən edilmiş qaydada götürülməmiş, Masallı rayonu, Xıl kəndində qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, xx.xx.2023-cü il tarixdən həbsdə saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 14 radələrində əvvəllər tanıdığı X5 Masallı rayonu, Sərçuvar kəndində satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda 1 (bir) bükümdə psixotrop maddə metamfetamini və 1 (bir) bükümdə narkotik vasitə heroini qanunsuz olaraq əldə etməklə üzərində saxlayıb daşımış, 14 oktyabr 2023-cü il tarixdə saat 16 radələrində Masallı RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı rayonu, Xıl kəndində saxlanılaraq Masallı Rayon Polis şöbəsinin inzibati binasına gətirilmiş, orada üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəksi 0,201 qram olan ağ rəngli kristal formada olan psixotrop maddə metamfetamin və 01 ədəd bükümdə təmiz çəkisi 0,041 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Masallı rayonu, Sərçuvar kəndində yaşayan X9 əvvəllər tanımış, münasibətləri olmuş dəfələrlə birlikdə narkotik vasitə istifadə etmişlər. Özü narkotik vasitəni tapmadığı müddətdə Farizə bir neçə dəfə pul verərək onun üçün narkotik vasitə tapmasını xahiş etmiş, Fairz də onun üçün narkotik vasitə alıb gətrimiş, həmçinin Fariz də ona bir neçə dəfə pul verərək narkotik vasitə tapmasını xahiş etmiş, o, da Fariz üçün narkotik vasitə tapmış, arada bir birlikdə istifadə etmişlər. xx.xx.2023-cü il tarixdə də ehtiyacı olduğu üçün narkotik vasitə və ya psixotrop maddə tapmaq qərarına gəlmiş, lakin tapa bilməmişdir. Buna görə də günorta saat təxminən 14 radələrində tanışı Farizdən narkotik vasitə və ya psixotrop maddə əldə etmək məqsədi ilə piyada Sərçuvar kəndinə getmişdir. Sərçuvar kəndinə çatdıqdan sonra piyada Farizin yaşadığı evə doğru hərəkət edərkən yolda Fariz ilə rastlaşmışdır. Farizlə bir qədər söhbət etdikdən sonra ona bədənində ağrılar olduğunu bildirib, ona narkotik vasitə və ya psixotrop maddə sata bilib bilməyəcəyini soruşmuşdur. Fariz isə üzərində nə qədər pulunun olmasını soruşmuşdur. O, Farizə işləmədiyini, imkanının az olmasını bildirib üzərində 10 manat pulunun olduğunu demişdir. Fariz ondan 10 manatı almış, bir müddət sonra ona həmin pulun qarşılığında birdəfəlik istifadə üçün “şüşə”, yəni psixotrop maddə metamfetamin və narkotik vasitə olan heroin tapıb gətirmiş, üzərindən ağ və qara rəngli kağızlara bükülmüş iki ədəd bükülü çıxarıb ona verərək ağ kağızda olan bükülünün içərisində psixotrop maddə metamfetamin, qara kağızda olan bükülünün içərisində isə heroin olmasını bildirmişdir. O, həmin bükülüləri ondan alaraq əynində olan şalvarın sağ yan cibinə qoymuşdur. Bundan sonra bir qədər Farizlə söhbət etdikdən sonra piyada kənddən uzaqlaşmışdır. Sərçuvar kədindən çıxdıqdan sonra isə yorulduğu üçün asfalt yolun kənarında ağaclıq bir yerdə dayanıb bir qədər yorğunluğunu çıxardıqdan sonra hərəkətini davam etdirmişdir. Təxminən saat 16 radərində yaşadığı Masallı rayonu, Xıl kəndinə çatmışdır. Kəndin içərisi ilə piyada hərəkətdə olarkən iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib polis əməkdaşları olduqlarını bildirib qanunsuz olaraq narkotik vasitə istifadə etməkdə və üzərində daşımaqda şübhəli olduğunu bildirmişlər. Polis əməkdaşları şifahi formada üzərində narkotik vasitə olub-olmamasını soruşmuşlar. O, şəxsi istifadəsi üçün üzərində heroin və metamfetamin saxladığını etiraf etmişdir. Polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəldikdən sonra onu xidməti otağa gətirmişlər. Polis geyimində olan bir nəfər özünü təhqiqatçı kimi təqdim etmişdir. Təhqiqatçı tərəfindən şübhəli şəxs kimi tutularaq üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçiriləcəyi bildirildikdən sonra ərizə ilə müraciət edərək dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istəyini bildirmiş və vəkil Müdafiəçi hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. Bundan sonra videoçəkiliş vasitəsi ilə təhqiqatçı üzərinə şəxsi axtarış keçirməyə başlamışdır. Təhqiqatçı ona üzərində qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa, təqdim etməyini təklif etmişdir. O, da əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən bir ədəd ağ kağıza bükülmüş psixotrop maddə metamfetamini və bir ədəd qara rəngli kağıza bükülmüş narkotik vasitə heroini masanın üzərinə qoymuşdur. Təhqiqatçı bükülülərin içərisində nə olmasını, haradan və nə zaman əldə etdiyini soruşan zaman o, bükülülərin içərisində metamfetamin və heroin olmasını, həmin bükülüləri xx.xx.2023-cü il tarixdə günorta saatlarında Masallı rayonu, Sərçuvar kəndində Fariz adlı şəxsdən 10 manat pul qarşılığında aldığını və öz şəxsi istifadəsi üçün üzərində saxladığını etiraf etmişdir. Bundan sonra təhqiqatçı tərəfindən ağ rəngli kağıza bükülmüş psixotrop maddə metamfetamin elektron tərəzidə çəkilmiş və bükümlə birlikdə ümumi çəkisinin 0,34 qram müəyyən olunmuşdur. Daha sonra təhqiqatçı tərəfindən qara rəngli kağıza bükülmüş narkotik vasitə heroin elektron tərəzidə çəkimiş və bükümlə birlikdə ümumi çəkisinin 0,10 qram olması müəyyən olunmuşdur. Bundan sonra təhqiqatçı tərəfindən həmin büklümlər zərfləşdirdikdən sonra zərfin üzəri tərəflərindən imzalanmışdır. Şəxsi axtarış və götürmə istintaq hərəkəti qurtardıqdan sonra təhqiqatçı tərəfindən protokol tərtib olunmuş və protokolu imzaları ilə təsdiq etmişlər. Sonda Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olduğunu, himayəsində 1 azyaşlı uşağının olmasını bildirib barəsində yüngül və ədalətli qərar qəbul edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs ibtidai istintaqı zamanı veridiyi ifadəsi tədqiq edilərək elan edilmişdir. O, ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittihamla özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Masallı rayonu, Xıl kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Uzun illərdir ki narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir. Dəfələrlə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün məhkum olunmuşdur. Bədənində olan ağrıları narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etməklə sakitləşdirir. xx.xx.2023-cü il tarixdə də ehtiyacı olduğu üçün narkotik vasitə və ya psixotrop maddə tapmaq qərarına gəlmişdir. Əvvəllər Masallı rayonu, Sərçuvar kəndində yaşayan X8 narkorik vasitərin və psixotrop maddələrin satışı ilə məşğul olmasını bildiyi üçün həmin şəxsdən narkotik vasitə və ya psixotrop maddə almaq qərarına gəlmişdir. Buna görə də günorta saat təxminən 14 radələrində yaşadığı Xıl kəndi ilə qonşu kənd olan Sərçuvar kəndində yaşayan Fariz adlı şəxsdən narkotik vasitə və ya psixotrop maddə əldə etmək məqsədi ilə piyada Sərçuvar kəndinə getmişdir. Sərçuvar kəndinə çatdıqdan sonra piyada Farizin yaşadığı evinə doğru hərəkət edərkən yolda Farizin özü ilə rastlaşmışdır. Farizlə bir qədər söhbət etdikdən sonra ona bədənində ağrılar olduğunu bildirib, ona narkotik vasitə və ya psixotrop maddə sata bilib-bilməyəcəyini soruşmuşdur. Fariz isə üzərində nə qədər pulunun olmasını soruşmuşdur. O, Farizə işləmədiyini, imkanının az olmasını bildirib üzərində 10 manat pulunun olduğunu demişdir. Fariz isə ona 10 manat pul qarşılığında bir dəfəlik istifadə üçün “şüşə”, yəni psixotrop maddə metamfetamin və narkotik vasitə olan heroin sata biləcəyini bildirmişdir. Bundan sonra o, cibindən 10 manat pulu çıxarıb Farizə vermişdir. Fariz isə üzərindən ağ və qara rəngli kağızlara bükülmüş iki ədəd bükülü çıxarıb ona verərək ağ kağızda olan bükülünün içərisində psixotrop maddə metamfetamin, qara kağızda olan bükülünün içərisində isə heroin olmasını bildirmişdir. O, həmin bükülüləri ondan alaraq əynində olan şalvarın sağ yan cibinə qoymuşdur. Bundan sonra bir qədər Farizlə söhbət etdikdən sonra piyada kənddən uzaqlaşmışdır. Sərçuvar kədindən çıxdıqdan sonra isə yorulduğu üçün asfalt yolun kənarında ağaclıq bir yerdə dayanıb bir qədər yorğunluğunu çıxardıqdan sonra hərəkətini davam etdirmişdir. Təxminən saat 16 radərində yaşadığı Masallı rayonu, Xıl kəndinə çatmışdır. Kəndin içərisi ilə piyada hərəkətdə olarkən iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib polis əməkdaşları olduqlarını bildirib qanunsuz olaraq narkotik vasitə istifadə etməkdə və üzərində daşımaqda şübhəli olduğunu bildirmişlər. Polis əməkdaşları şifahi formada üzərində narkotik vasitə olubolmamasını soruşmuşlar. O, şəxsi istifadəsi üçün üzərində heroin və metamfetamin saxladığını etiraf etmişdir. Polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəldikdən sonra onu xidməti otağa gətirmişlər. Polis geyimində olan bir nəfər özünü təhqiqatçı Bəhmən Əsgərli kimi təqdim etmişdir. Təhqiqatçı tərəfindən şübhəli şəxs kimi tutularaq üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçiriləcəyi bildirildikdən sonra ərizə ilə müraciət edərək dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istəyini bildirmiş və vəkil Müdafiəçi hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. Bundan sonra videoçəkiliş vasitəsi ilə təhqiqatçı üzərinə şəxsi axtarış keçirməyə başlamışdır. Təhqiqatçı ona üzərində qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa, təqdim etməyini təklif etmişdir. O, da əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən bir ədəd ağ kağıza bükülmüş psixotrop maddə metamfetamini və bir ədəd qara rəngli kağıza bükülmüş narkotik vasitə heroini masanın üzərinə qoymuşdur. Təhqiqatçı bükülülərin içərisində nə olmasını, haradan və nə zaman əldə etdiyini soruşan zaman o, bükülülərin içərisində metamfetamin və heroin olmasını, həmin bükülüləri xx.xx.2023-cü il tarixdə günorta saatlarında Masallı rayonu, Sərçuvar kəndində Fariz adlı şəxsdən 10 manat pul qarşılığında aldığını və öz şəxsi istifadəsi üçün üzərində saxladığını etiraf etmişdir. Bundan sonra təhqiqatçı tərəfindən ağ rəngli kağıza bükülmüş psixotrop maddə metamfetamin elektron tərəzidə çəkilmiş və bükümlə birlikdə ümumi çəkisinin 0,34 qram müəyyən olunmuşdur. Daha sonra təhqiqatçı tərəfindən qara rəngli kağıza bükülmüş narkotik vasitə heroin elektron tərəzidə çəkimiş və bükümlə birlikdə ümumi çəkisinin 0,10 qram olması müəyyən olunmuşdur. Bundan sonra təhqiqatçı tərəfindən həmin büklümlər zərfləşdirdikdən sonra zərfin üzəri tərəflərindən imzalanmışdır. Şəxsi axtarış və götürmə istintaq hərəkəti qurtardıqdan sonra təhqiqatçı tərəfindən protokol tərtib olunmuş və protokolu imzaları ilə təsdiq etmişlər. O, psixotrop maddə olan metamfetamini və narkotik vasitə olan heroini şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Təyin edilmiş məhkəmə fiziki-kimyəvi ekspertizanın xx.xx.2023-cü il tarixli, 19/931 nömrəli rəyi ilə tanış olmuşdur. Rəyə əsasən üzərindən aşkar edilən 0,201 qram psixotrop maddə metamfetamin və 0,041 qram narkotik vasitə heroin kütləsi ona aiddir. Təqsirləndirilən şəxsin ittiham olunduğu cinayəti törətməsi onun özünün səmimi etirafı ilə yanaşı işin məhkəmə istintaqı zamanı tədqiq edilən digər sübut növləri ilə aşağıdakı qaydada tam sübuta yetirilir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X10 ifadəsində göstərdi ki, o, Masallı Rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkilidir. xx.xx.2023-cü il tarixdə Masallı rayonu, Xıl kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz üzərində narkotik vasitələri daşıması ilə bağlı ona əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə qrup rəhbəri kimi ondan, qrup üzvləri kimi təhqiqatçı Bəhmən Əsgərlidən və PPXB-nin polis nəfəri Şahid1 ibarət əməliyyat-təhqiqat qrupu yaradılmışdır. xx.xx.2023-cü il tarixdə saat 16 radələrində Təqsirləndirilən şəxs Masallı rayonu, Xıl kəndində piyada hərəkətdə olan zaman görüb ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını, onun narkotik vasitələrin qanunsuz istifadəsində və üzərində saxlamasında şübhəli olduğunu bildirmişlər. Şifahi şəkildə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olub-olmamasını soruşduqları zaman o, üzərində şəxsi istifadəsi üçün bir büküm narkotik vasitə olan heroin və bir büküm psixotrop maddə metamfetamin olmasını bildirmişdir. Tərəflərindən Təqsirləndirilən şəxs Masallı Rayon Polis şöbəsinə dəvət edilmiş və o, onların qanuni tələblərin tabeçilik göstərərək onlarla birlikdə Masallı Rayon Polis şöbəsinə gəlmişdir. Polis şöbəsinə gəldikdən sonra Təqsirləndirilən şəxs təhqiqatçı Bəhmən Əsgərlinin xidməti otağına dəvət etmişlər. Təhqiqatçı Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulması ilə bağlı hüquqlarına dair bildiriş elan edərək üzərinə videoəkilişlə şəxsi axtarış keçiriləcəyini izah etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ərizəsi əsasında onun hüquqlarının müdafiəsi üçün vəkil Müdafiəçi kimi dəvət olunmuş və təhqiqatçı Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış keçirməyə başlayıb şübhəli şəxsə üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet varsa təqdim etməsini bildirmişdir. Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən 02 ədəd bükülünü çıxararaq təqdim etmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bükülünün birinin içərisində narkotik vasitə olan heroin, digərinin içərisində isə psixotrop maddə metamfetamin olmasını və həmin bükümləri şəxsi istifadəsi üçün Masallı rayonu, Sərçuvar kənd sakini Fariz adlı şəxsdən 10 manat pul qarşılığında satın aldığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində psixotrop maddə olan metamfetamin və narkotik vasitə olan heroin bükülüləri təhqiqatçı tərəfindən elektron tərəzidə müdafiəçi və digər proses iştirakçılarının iştirakı ilə ayrı-ayrılıqda çəkilmişdir. İçərisində psixotrop maddə metamfetamin olan bükülünün çəkisi 0,34 qram, narkotik vasitə heroin olan bükülünün çəkisi isə 0,10 qram olması müəyyən olunmuşdur. Aşkar edilmiş bükümlər zərfin içərisinə qoyularaq möhürlənmiş və zərfin üzəri tərəflərindən imzalanmaqla təsdiq edilmişdir. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan digər paltarlarına təhqiqatçı şəxsi axtarış keçirsə də, qanunla qadağan edilmiş hər hansı əşya, maddə və ya predmet aşkar etməmişdir. Müdafiəçinin və digər proses iştirakçılarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir büküm psixotrop maddə metamfetamin və bir büküm narkotik vasitə heroin bükülü vəziyyətdə olmuş və bükümlə birlikdə elektron tərəzidə çəkildiyi üçün çəkiləri 0,34 qram və 0,10 olması müəyyən edilmişdir. Lakin ekspertiza tədqiqatı zamanı bir büküm psixotrop maddə metamfetamin və bir büküm narkotik vasitə olan heroin təmiz halda çəkilmiş və çəkiləri 0,201 qram və 0,041 qram olmuşdur. Ekspertin tərəzisi dəqiq və düzgün çəkdiyi üçün rəydə göstərilən çəki əsas götürülməlidir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Masallı RPŞ-nin PPXB-nin polis nəfəri Şahid1 məhkəmə iclasında tədqiq edilməklə elan olunmuş ifadəsindən görünür ki, o, şahid X10 ilə oxşar məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. 230640207 saylı cinayət işi üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş X8 ibtidai istintaqı zamanı veridiyi ifadəsi tədqiq edilərək elan edilmişdir. O, ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan ittihamla özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər narkotik vasitələrdən qanunsuz istifadəyə görə məhkum olunmuş, sonuncu dəfə Masallı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə təqsirli bilinib 01 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx.xx.2023-cü il tarixdə cəzasını çəkib azadlığa çıxmışdır. Həbsdən çıxdıqdan sonrada bədənində ağrılar olduğundan narkotik vasitə əldə edib qəbul edirmiş. Adətən narkotik vasitələri tək qəbul etsə də, arabir qonşu kənd olan Masallı rayonu, Xıl kənd sakini Təqsirləndirilən şəxs ilə birlikdə də qəbul etmişdir. Narkotik vasitə əldə etmək üçün o və yaxud Təqsirləndirilən şəxs Lənkəran rayonu, Qumbaşı kəndinə gedib oradan tanımadıqları şəxsdən narkotik vasitə alıb bir-birlərinə verərək istifadə edirmişlər. xx.xx.2023-cü il tarixdə saat təxminən 09 radələrində bədənində ağrılar yaranmağa başladığından şəxsi istifadəsi, həmçinin lazım olsa Ağababaya vermək üçün psixotrop maddə metamfetamin və heroin almaq məqsədilə Lənkəran rayonu, Qumbaşı kəndinə getmək qərarına gəlmişdir. Bu məqsədlə həmin vaxt yaşadığı Masallı rayonu, Sərçuvar kəndində yerləşən evindən çıxaraq əvvəlcə piyada asvalt yolun kənarına, oradan isə Lənkəran rayonu istiqamətində hərəkətdə olan tanımadığı şəxsə məxsus taksi ilə Lənkəran rayonu, Qumbaşı kəndinə gedib kəndin mərkəzindən keçən yolun kənarında avtomobildən düşmüşdür. Qumbaşı kəndinin mərkəzində bir qədər piyada hərəkət etdikdən sonra xarici görkəmcə narkotik aludəçisinə oxşatdığı əvvəllər tanımadığı şəxsə yaxınlaşıb bədənində ağrılar olduğunu və ona psixotrop maddə metamfetamin və heroin tapmaqda köməklik etməsini xahiş etmişdir. Həmin tanımadığı şəxs onda psixotrop maddə metamfetamin və heroin olduğunu, həmin metamfetamini və heroini istəsə ona satacağını demişdir. Daha sonra həmin şəxs cibindən üç bükümü çıxardıb ona göstərək həmin bükümlərin ikisində metamfetamin, birində heroin olduğunu və ümumilikdə 20 manata satmaq istədiyini bildirmişdir. Həmin vaxt o, tanımadığı şəxslə razılaşıb ondan üç büküm psixotrop maddə metamfetamini və heroini 20 manat pulun qarşılığında alıb əynində olan qara rəngli şalvarının sağ yan cibinə qoyaraq oradan uzaqlaşmışdır. Daha sonra Masallı rayonu istiqamətində yolun kənarında dayanıb taksi gözləmiş və yarım saatdan çox keçməsinə baxmayaraq hər hansı bir taksi tapa bilmədiyindən piyada Masallı rayonu istiqamətində hərəkət etməyə başlamışdır. Bir müddət yolla piyada Masallı rayonu, Təzəkənd kəndi istiqamətində hərəkət etdikdən sonra Masallı rayonu istiqamətində hərəkətdə olan tanımadığı şəxsin idarə etdiyi “Qazel” markalı sərnişin mikroavtobusun yanında dayandığını görmüşdür. O, həmin tanımadığı şəxsə məxsus mikroavtobusa oturub Masallı rayonu, Sərçuvar kəndində düşmüşdür. Daha sonra yaşadığı evə piyada gedib bir az yemək yemiş və yorğun olduğu üçün uzanıb dincəlmişdir. Həmin günü saat 14 radələrində üzərində olan psixotrop maddə metamfetamini və heroini qəbul etmək, həmçinin tanışı Təqsirləndirilən şəxs kəndə gələrsə ona vermək üçün yaşadığı evdən çıxıb piyada kənd içi yolla hərəkət etməyə başlamışdır. Bir qədər piyada getdikdən sonra tanışı Ağababa ilə kənddə razstlaşmıdşır. Həmin vaxt Ağababa ona bədənində ağrılar olduğunu demiş və üzərində narkotik vasitə olub-olmadığını soruşmuşdur. O, Ağabaya Lənkəran rayonu, Qumbaşı kəndində tanımadığı şəxsdən iki büküm metamfetamin və bir büküm heroini 20 manata aldığını, bir büküm metamfetamini və bir büküm heroini 10 manata ona verə biləcəyini, qalan bir büküm metamfetamini isə özünün istifadə edəcəyini demişdir. Ağababa onunla razılaşmış və o, həmin vaxt üzərində olan bir büküm metamfetamini və bir büküm heroini çıxardıb 10 manat pulun qarşılığında ona vermişdir. Ağababa ondan 10 manata pula metamfetaminlə heroini aldıqdan sonra yaşadığı kənd istiqamətində piyada uzaqlaşıb getmişdir. O, həmin tarixdə Masallı RPŞ-nin əməkdaşları tərəfindən tutulmuş və rayon polis şöbəsinə gətirlmişdir. Məhkəmə iclasında iş materiallarında olan Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilməsi barədə video çəkilişin aparılmasına dair CD-yə baxış keçirilərək, narkotik vasitənin Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən 02 ədəd büküldə çıxararaq təqdim etməsi, təhqiqatçısının suallarına cavab olaraq Təqsirləndirilən şəxs bükülünün birinin içərisində narkotik vasitə olan heroin, digərinin içərisində isə psixotrop maddə metamfetamin olmasını və həmin bükümləri şəxsi istifadəsi üçün Masallı rayonu, Sərçuvar kənd sakini Fariz adlı şəxsdən 10 manat pul qarşılığında satın aldığını bildirməsi müəyyən edildi. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X12 Bölməsinin xx.xx.2023-cü il tarixli, 19/931 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət.Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan heroinə bənzər kütlə və psixotrop maddə olan metamfetaminə bənzər kütlə.....” sözlər və imzalar olan 1 ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi - 0,041 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; 1 ədəd bükümdə təmiz çəkisi - 0,201 qram olan ağ rəngli kristallardan ibarət olan maddə metamfetamindir. Heroinin təmiz çəkisi 0,041 qram, tədqiqata sərf olundu 0,02 qram, qalıq 0,021 qramdır. Metamfetaminin təmiz çəkisi 0,201 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 0,151 qramdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər X1 X16 Yoxlamanın nəticələrinə dair xx.xx.2023-cü il tarixli, 959 nömrəli rəyinə əsasən müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və STİMULYATORLARİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (POLİNARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş əşyanın maddi sübut hesab edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və keçirilmiş fiziki-kimyəvi ekspertizasında tədqiqata sərf edildikdən sonra faktiki olaraq təmiz çəkisi 0,021 qram qalmış narkotik vasitə heroin və təmiz çəkisi 0,151 qram qalmış psixotrop maddə metamfetamin maddi sübut kimi tanınaraq məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə həll edilənədək Masallı RPŞ-in saxlanc yerində təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə heroinin aşkar olunduğu görüntünün əks olunduğu 01 ədəd disk cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən və müvafiq hökmün surətindən görünür ki, Cəfərov X4 Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 09 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 22.12 2021-ci il tarixli qərarına əsasən barəsində “8 noyabr-Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci tarixli Qərarının 4cü bəndi tətbiq edilməklə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsi 06 ay müddətə azaldılmış, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və götürülməmişdir. İş materiallarına əlavə edilmiş Masallı Rayon İcra Hakimiyyəti başçısının Xıl kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayışda və xasiyyətnamədə göstərilir ki, Cəfərov X4 rayonu, Xıl kəndində qeydiyyatda olmaqla arvadı-1971 ci il təvəllüldü X6, oğlu-xx.xx.2004-cü il təvəllüdlü X3, oğlu-xx.xx.2009-cu il təvəllüdlü X7 və qızı-xx.xx.2007-ci il təvəllüdlü X2 ibarət ailə tərkibində yaşamış, Təqsirləndirilən şəxs kənddə və onu tanıyanlar arasında heç bir nüfuz sahibi deyildir. Onun barəsində ərazi nümayəndəliyinə bir neçə şifahi müraciətlər daxil olmuşdur. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, şahidlərin ifadələri, təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış aparılmasına dair video çəkiliş aparılması barədə CD, eləcə də işin faktiki halları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikası CPM-nin 144-146-cı maddələrində nəzərdə tutulmuş qaydada qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində bir azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. İş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. Onun əməlində cinayətlərin residivi var. Cinayətlərin residivi Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddələrinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Odur ki, Təqsirləndirilən şəxs Azərbyacan Respulikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbi nəzərə alınmaqla cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə cəzanı yüngülləşdirən halın olmasını, cəzanı ağırlaşdıran hal kimi cinayətlərin residivini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs yalnız Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduqda təmin edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkməsi nəzərdə tutulduğudan Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 17:10-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Masallı Rayon Məhkəməsinin 4(050)-106/2023 saylı, 16.10. 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli şübhəli şəxs qismində tutulduğu 14.10. 2023-cü il tarixdən hesablanmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələbinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından Təqsirləndirilən şəxs barəsində Masallı Rayon Məhkəməsinin 4(050)-106/2023 saylı, 16 oktyabr 2023-cü il tarixli qərarı ilə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.16-cı maddəsinə əsasən təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirin və məhz hansı tədbirin tətbiq edilməsinin mümkün olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, xx.xx.2023-cü il tarixli, 959 nömrəli rəyinə əsasən müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və STİMULYATORLARİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (POLİNARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülmüşdür. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində polinarkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinin tələbi baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə Masallı Rayon Polis şöbəsində saxlanılan, tədqiqata sərf edildikdən sonra qalıq qalan 0,021 qram narkotik vasitə heroin və 0,151 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, video çəkilişin aparılmasını özündə əks etdirən 1 ədəd video CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.21ci maddəsinin tələbinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs aparılmış ekspertizanın dəyəri olan 60 (altmış) manat məbləğində pul vəsaiti tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini müzakirə edərək müsadirə ediləcək əmlakın olmamasını müəyyən etdi. İş üzrə mülki iddia yoxdur. Hökmün maddi sübut ilə bağlı hissəsinin icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın. Cəza çəkməsinin əvvəli onun həbsə alındığı gündən, yəni 14 oktyabr 2023-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində polinarkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Masallı Rayon Polis şöbəsində saxlanılan, tədqiqata sərf edildikdən sonra qalıq qalan 0,021 qram narkotik vasitə heroin və 0,151 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərindən narkotik vasitənin aşkar edilməsi barədə görüntüləri özündə əks etdirən 01 ədəd “CD” disk iş materiallarında saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmün maddi sübutla bağlı hissəsinin icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxs hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar