Məhkəmə qərarları › İş №1(050)-238/2023

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-238/2023

11.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-238/2023 11.12.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Masallı Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1976-cı il tarixdə Masallı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, İİ dərəcəli əlil, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Masallı rayonu, Böyük Xocavar kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd bükümdə, ümumi təmiz çəkisi 15,831 qram təşkil narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımaqla yaşadığı Masallı rayonu, Böyük Xocavar kəndində yerləşən fərdi yaşayış evinə gətirərək narkotik vasitə marixuananı 04 hissəyə ayıraraq bir bükümünü yaşadığı evin həyətində yerləşən yardımçı tikilidə, 03 bükümünü isə istifadə etmək üçün üzərində saxlayaraq daşımış, Masallı RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələri qəbul etməkdə və üzərində gəzdirməkdə şübhəli olduğundan xx.xx.2023-cü il tarixdə saat 15 radələrində Masallı şəhəri, H.Əliyev prospektində saxlanılaraq Masallı RPŞ-nin inzibati binasına gətirilib orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli şalvarın sol yan cibindən 03 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,381 qram, 0,443 qram və 0,421 qram, ümumi təmiz çəkisi 1,245 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana, həmin gün saat 18 radələrində əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Böyük Xocavar kəndində yerləşən fərdi yaşayış evinin həyətində olan yardımçı tikiliyə baxış keçirilən zaman oradan 01 ədəd bükülüdə, təmiz çəkisi 14,586 qram təşkil edən, üzərindən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuana ilə botaniki əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-biriləri ilə eynilik təşkil edən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, 25 avqust 2023-cü il tarixdə Sabirabad rayonunda yaşayan tanışının evinə qonaq getmişdir. 1 gün onlarda qaldıqdan sonra isə xx.xx.2023-cü il tarixdə səhər saatlarında evdən çıxıb yaşadığı Masallı rayonuna gəlmək istəmişdir. Buna görə də əvvəlcə taksi ilə Sabirabad rayonunda yerləşən avtobus duracağına gəlmişdir. Həmin vaxt onunla birlikdə taksidə başqa bir nəfər tanımadığı şəxs də olmuşdur. O, həmin şəxsi zahirən narkotik vasitə aulədiçisinə oxşatmış və onu orada kiminsə tanımadığını düşünərək ondan narkotik vasitə qurudulmuş marixuana istəmişdir. Həmin şəxs ona demişdir ki, üzərində hazırda 1 büküm narkotik vasitə marixuana vardır və həmin narkotik vasitəni 80 manata satır. O, həmin şəxsə demişdir ki, üzərində 90 manat pul vardır. Ondan narkotik vasitəni 70 manata ala bilər, qalan 20 manat isə yol puludur. Həmin şəxs də onunla razılaşmış, şalvarının cibindən 1 ədəd qara rəngli sellofan bükümdə narkotik vasitə marixuananı çıxarıb ona vermişdir və ondan 70 manat pulu alıb oradan uzaqlaşmışdır. O, bükümdə olan narkotik vasitə marixuananı cibinə qoymuşdur. Masallı rayonu, Böyük Xocavar kəndinə yaşadığı evə gəldikdən sonra bükümdə olan narixuananı evin həyətində olan toyuq hinində gizlətmişdir. Bükümü açaraq hində açıq vəziyyətdə qoymuşdur ki, həm tam qurusun, həm də istifadə edərkən oradan götürsün. xx.xx.2023-cü il tarixdə saat 15 radələrində o, marixuanadan 3 büküm düzəldib cibinə qoymuş və Masallı şəhər ərazisinə gəlmişdir ki, Masallı şəhərində bir neçə gün qalaraq həmin 3 bükümü istifadə etsin. O, Masallı şəhəri, H.Əliyev prospekti ilə piyada hərəkətdə olarkən tanımadığı 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşmışdır. Həmin şəxslər xidməti vəsiqələrini göstərib polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları üzərində qanunsuz olaraq narkotik vasitələrin gəzdirməkdə şübhəli olduğundan onu Masallı RPŞyə dəvət etmişdirlər. Polis əməkdaşları ilə razılaşmış, polis şöbəsində onu təhqiqatçının xidməti otağına aparmışlar və şübhəli şəxs qismində tutulmuşdur. Orada müdafiəçinin iştirakı ilə videogörüntü aparılmaqla üzərinə baxış keçirilməzdən öncə qanunla qadağan olunmuş hər hansı bir predmet və ya əşyanın üzərində olub-olmaması barədə ona sual verilmişdir. Üzərinə şəxsi axtarış keçirələcəyini görüb əynində olan boz rəngli şalvarın sağ yan cibindən 1 ədəd “Rothmans” adlı siqaretini və üzərində olan ümumilikdə 54 manat pulunu, daha sonra şalvarının sol yan cibində gizlətdiyi 3 ədəd bükümdə narkotik vasitə marixuananı təqdim etmişdir. Üzərinə və əynində olan paltarlara şəxsi axtarış keçirilən zaman qanunla qadağan olunmuş əlavə hər hansı bir əşya və ya maddə aşkar olunmamışdır. Təqdim etdiyi bükülülərdəki narkotik vasitə olan qurudulmuş marixuana elektron tərəzidə çəkilmişdir. 1-ci bükümün çəkisi 0,97 qram, 2-ci büküm 0,89 qram və 3cü bükümün çəkisi 0,95 qram təşkil etmişdir. Daha sonra üzərindən aşkar olunan narkotik vasitələr zərfə qoyularaq qablaşdırılmış, protokol tərtib olunmuş və tərəfindən imzalanmışdır. Daha sonra əynində olan digər paltarlarıma baxış keçirildi. Lakin üzərindən əlavə olaraq qanunla qadağan edilmiş hər hansı əşya, predmet və maddə aşkar edilməmişdir. Üzərimə şəxsi axtarış keçirilən zaman o, həmçinin yaşadığı evin həyətində olan yardımçı tikilidə marixuana saxladığını bildirmişdir. Buna görə üzərinə şəxsi axtarış keçirildikdən sonra polis əməkdaşları ilə birlikdə Masallı rayonu, Böyük Xocavar kəndində yerləşən fərdi yaşayış evinə getmişlər. O, evin həyətində olan yardımçı tikilini təqdim edərək, tikilidə marixuana saxladığını deyərək, dəftər üzlüyünün üzərinə qoyduğu marixuananı polis əməkdaşlarına təqdim etmişdir. Təqdim etdiyi narkotik vasitə qurudulmuş marixuana dəftər üzlüyü ilə birlikdə çəkilmiş və çəkisinin 28,22 qram olması müəyyən edilmişdir. Daha sonra evinin həyətindəki yardımçı tikilidən aşkar olunan narkotik vasitə marixuana zərfə qoyularaq qablaşdırılmış, protokol tərtib olunmuş və onun tərəfindən imzalanmışdır. Daha sonra təhqiqatçı tərəfindən onun yaşadığı fərdi yaşayış evinə baxış keçirilmişdir. Lakin fərdi yaşayış evindən əlavə olaraq qanunla qadağan edilmiş hər hansı əşya, predmet və maddə aşkar edilməmişdir. Polis əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə Masallı RPŞ-yə gətirildikdə, üzərində şəxsi axtarış aparıldıqda ona qarşı heç bir fiziki təsir və ya psixi təzyiq olmamışdır və həmin narkotik vasitəni yaşadığı evin həyətində olan yardımçı tikilidə və üzərində şəxsi istafadəsi üçün saxlamışdır. Sonda Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, ailəyə yeganə qazanc gətirən şəxsin olmasını, İİ dərəcəli əlil olmasını, himayəsində iki azyaşlı uşağının və xəstə anasının olmasını nəzərə alaraq ona həbslə əlaqədar olmayan yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxsin ittiham olunduğu cinayəti törətməsi onun özünün səmimi etirafı ilə yanaşı işin məhkəmə istintaqı zamanı tədqiq edilən digər sübut növləri ilə aşağıdakı qaydada tam sübuta yetirilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Masallı RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 28 avqust 2023-cü il tarixdə Masallı rayonu, Böyük Xocavar kəndində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz qəbulunda və istifadəsində şübhəli olması ilə əlaqədar əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat üzrə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılması və Masallı RPŞ-yə gətirilməsi ilə əlaqədar onun tərəfindən Masallı RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı X7 və Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 üzvlüyü ilə qərar qəbul olunmuşdur. xx.xx.2023-cü il tarixdə saat 15 radələrində Masallı şəhəri, H.Əliyev prospektində Təqsirləndirilən şəxs tək piyada gəzişərkən polis baş leytenantı Şahid2 iştirakı ilə saxlanılmışdır. Həmin vaxtı orada Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmaq üçün əlverişli şərait olmadığından Təqsirləndirilən şəxs Masallı RPŞ-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlarla razılaşmış və Masallı RPŞ-nin inzibati binasında təhqiqatçı Əli Sadıqovun xidməti otağına gətirilmişdir. Orada şübhəli şəxs kimi tutulmuş, hüquq və vəzifələri izah olunmuş, dövlət hesabına öz istəyi əsasında vəkil Müdafiəçisi təyin edilmişdir. Bundan sonra videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı predmet və ya əşya varsa, təqdim etməsini təhqiqatçı təklif etmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyini görüb əynində olan boz rəngli şalvarının sağ yan cibindən 01 ədəd, üzərinə “Rothmans” yazılmış siqaret qutusunu və ümumilikdə 45 manat olan pul əskinazlarını, eləcə də şalvarının sol yan cibindən 1 ədəd şəffaf sellofanı təqdim edərək, həmin sellofanın içərisində 03 ədəd bükümdə müxtəlif rənglərdə olan 03 ədəd bükümdə narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə Sabirabad rayonu ərazisində tanımadığı şəxsdən 70 manata almasını, əldə etdiyi narkotik vasitə marixuananın bir hissəsini isə yaşadığı fərdi yaşayış evinin həyətində yerləşən yardımçı tikilidə şəxsi istifadəsi məqsədilə üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs əynində olan geyim əşyalarına təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilən zaman üzərində qanunla qadağan edilmiş əlavə hər hansı bir əşya və ya maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi 03 ədəd bükümdə olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş və 1-ci bükümün çəkisi 0,97 qram, 2-ci büküm 0,89 qram və 3-cü bükümün çəkisi isə 0,95 qram, ümumi çəkisi 2,99 qram olmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə zərfdə qablaşdırılmış, üzəri imzalanmış və möhürlənmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş pul əskinazları və siqaret qutusu isə təhqiqatçı tərəfindən özünə qaytarılmışdır. Şəxsi axtarış və götürmə barədə protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Masallı rayonu, Böyük Xocavar kəndində yerləşən Təqsirləndirilən şəxs məxsus fərdi yaşayış evinin həyətində olan yardımçı tikiliyə baxış keçirilmişdir. Baxış keçirilərkən Təqsirləndirilən şəxs tikilidə gizlətdiyi, dəftər üzlüyünün üzərində olan narkotik vasitə qurudulmuş marixuananı təqdim edərək, həmin kütləni şəxsi istifadəsi məqsədilə saxladığını bildirmişdir. Aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuana dəftər üzlüyü ilə birlikdə çəkilmiş və çəkisinin 28,22 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs yaşadığı evin həyətində olan yardımçı tikilidən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə zərfdə qablaşdırılmış, üzəri imzalanmış və möhürlənmişdir. Şəxsi axtarış və götürmə barədə protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalanmışdır. 28 avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxs saxlanılıb RPŞ-yə gətirilərkən və üzərinə şəxsi axtarış keçirilərkən sonuncuya qarşı heç bir fiziki təsir və ya psixi təzyiq göstərilməmişdir.. Məhkəmə iclasında şahid qismində dindirilmiş Masallı CAB-nın əməliyyat müvəkkili X2 Şahid1 ilə oxşar məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında iş materiallarında olan Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilməsi və fərdi yaşayış evinin həyətindəki yarmçıq tikili olan toyun hinindən axtarış və götürülmə aparılmasına dair video çəkilişin aparılmasına dair CD-lərə baxış keçirilərək, əynində olan boz rəngli şalvarının sağ yan cibindən 01 ədəd, üzərinə “Rothmans” yazılmış siqaret qutusu və ümumilikdə 45 manat olan pul əskinazlar, eləcə də şalvarının sol yan cibindən 1 ədəd şəffaf sellofanı təqdim edərək, həmin sellofanın içərisində 03 ədəd bükümdə müxtəlif rənglərdə olan 03 ədəd bükümdə narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə, fərdi yaşayış evinin həyətində olan yardımçı tikiliyə baxış keçirilərkən dəftər üzlüyünün üzərində olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlənin aşkar edilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsinin 29 avqust 2023-cü il tarixli, 19/2576 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 3 ədəd bükümlərdə təmiz çəkiləri:- 0,381 qr, 0,443 qr və 0,421 qram, ümumi təmiz çəkisi 1,245 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi: ümumi təmiz çəkisi -14,586 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Təqsirləndirilən şəxs üzərindən və fərdi yaşayış evinin həyətindəki hinindən aşkar edilmiş, ümumilikdə 04 büküm olmaqla, ümumi təmiz çəkisi: -15,831 qram olan marixuanalar botaniki əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Marixuananın ümumi təmiz çəkisi 15,831 qram, cəmi tədqiqata sərf edildi 0,2 qram (hər ob.-0,05 qram), qalıq 15,631 qramdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Mərkəzi X1 X8 Yoxlamanın nəticələrinə 30 avqust 2023-cü il tarixli, 849 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs KANNABİNOİDLƏRİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Lakin Masallı RPŞ-nin operatoru, polis serjantının bizə təqdim etdityi raportuna əsasən 2-ci qrup əlil olması səbəbindən narkomaniyadan məcburi müalicəyə əks göstəriş vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Əşyanın maddi sübut hesab edilməsi haqqında 31 avqust 2023-cü il tarixli qərardan görünür ki, 28 avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərindən və fərdi yaşayış evinin həyətindəki yardımçı tikilidən aşkar edilərək götürülmüş ekspert tədqiqatından sonra qalıq çəkisi 15,631 qram narkotik vasitə olan qurudulmuş marixuana maddi sübut kimi tanınmış və saxlanılması üçün RPŞ-nin saxlanc anbarına verilmişdir. Təqsirləndirilən şəxsnın üzərindən narkotik vasitə olan qurudulmuş marixuananın aşkar olunduğu görüntünün olduğu video disk cinayət işinin materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2012-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Masallı Rayon İHB-ın Böyük Xocavar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən və arayışdan görünür ki, Təqsirləndirilən şəxs Masallı rayonu, Böyük Xocavar kəndində qeydiyyatda olmaqla anası-xx.xx.1940-cı il təvəllüdlü X3 ibarət ailə tərkibində yaşayır, Təqsirləndirilən şəxs kənddə yaşadığı müddətdə heç kəslə münaqişədə olmamışdır. Qonşularla münasibəti normal olmuşdur. Ərazidə yaşadığı müddətdə barəsində ərazi nümayəndəliyinə hər hansı bir yazılı və ya şifahi formada şikayət daxil olmamışdır. “AZEMİS” elektron Məhkəmə İnformasiya Sistemdən çıxarışdan görünür ki, Əliyeva Famil Güləli oğlunun himayəsində övladları - xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X12 oğlu var. VMAS üzrə yoxlamanın nəticəsindən görünür ki, Əliyeva Famil Güləli oğlu İİ dərəcəli əlildir. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən təqsirləndirilən şəxsin etirafı, şahidlərin ifadələri, təqsirləndirilən şəxsin üzərindən narkotik vasitənin aşkar edilməsi, yaşayış evinə baxış və götürlümə aparılması barədə video çəkiliş aparılmasına dair CD-lər, eləcə də işin faktiki halları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikası CPM-nin 144-146-cı maddələrində nəzərdə tutulmuş qaydada qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Məcəllənin 8.1-ci maddəsinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndində qeyd olunur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59.2-ci maddəsin əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində 2 azyaşlı uşağının olmasını, CMnin 59.2-ci maddəsinə əsasən İİ dərəcəli əlil olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hal yoxdur. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs azadlığın məhdudulaşdırılması növündə cəza təyin olunacağı təqdirdə də təmin edilə bilər, ona ittiham olunduğu maddənin sanksiyasında nəzərədə tutulmuş daha ciddi cəza növünün tətbiq edilməsi üçün əsas yoxdur. İş materallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan və qətimkan tədbirinin seçilməsinə dair qərardan görünür ki, Təqsirləndirilən şəxs 28 avqust 2023-cü il tarixdə saat 15:50-də şübhəli şəxs qismində tutulmuş və 30 avqust 2023-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə saxlanıldığı yerdən azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq saxlandığı müddət ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasına hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələblərinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 346.1.16-cı maddəsinə əsasən təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin və məhz hansı tədbirin tətbiq edilməsinin mümkün olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1 və 93.1.2-ci maddələrinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Cinayət işi üzrə müvafiq tibbi yoxlamanın rəyindən də görünür ki, Təqsirləndirilən şəxs KANNABİNOİDLƏRİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Lakin İİ dərəcəli əlil olması səbəbindən narkomaniyadan məcburi müalicəyə əks göstəriş vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülmüşdür. Odur ki, Təqsirləndirilən şəxs ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, hazırkı cinayət işi maddi sübut-Masallı Rayon Polis şöbəsində saxlanılan, tədqiqata sərf edildikdən sonra qalıq qalan 15,631 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərindən narkotik vasitənin aşkar edilməsi barədə görüntüləri özündə əks etdirən 01 ədəd “CD” disk və Təqsirləndirilən şəxs yaşadığı ünvanda axtarış və götürmə aparılması barədə görüntüləri özündə əks etdirən 01 ədəd “CD” disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 346.1.21-ci maddəsinin tələblərinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə də baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekspertizanın dəyəri olan 60 (altmış) manat məbləğində pul vəsaiti tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini müzakirə edərək müsadirə ediləcək əmlakın olmamasını müəyyən etdi. İş üzrə mülki iddia yoxdur. Hökmün icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə həvalə olunmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 01 (bir) il 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı tutularaq saxlandığı 28 avqust 2023cü il tarixindən 30 avqust 2023-cü il tarixədək olan 2 (iki) gün müddətin hər 1 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) günü hesabı ilə hesablanmaqla həmin cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (iki) il 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Masallı Rayon Polis şöbəsində saxlanılan, tədqiqata sərf edildikdən sonra qalıq qalan 15,631 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərindən narkotik vasitənin aşkar edilməsi barədə görüntüləri özündə əks etdirən 01 ədəd “CD” disk və Təqsirləndirilən şəxs yaşadığı ünvanda axtarış və götürmə aparılması barədə görüntüləri özündə əks etdirən 01 ədəd “CD” disk iş materiallarında saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmün icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Masallı Rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar