Məhkəmə qərarları › İş №1(050)-238/2025

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-238/2025

14.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-238/2025 14.01.2026 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbriz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1996-cı ildə Masallı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında audio və video çəkiliş vasitəsi ilə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan xeyli miqdarda psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, istintaqa məlum olmayan çəkidə satış məqsədi olmadan bir ədəd bükümdə xeyli miqdarda psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımışdır. 25 noyabr 2025-ci il tarixdə, saat 17:41-də Masallı rayon Polis şöbəsinin əməkdaşları tərəfindən təxirə salınmadan keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində o, qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə edib üzərində saxlamaqda və istifadə etməkdə şübhəli olduğundan Masallı şəhəri, S.Vurğun küçəsində saxlanılmışdır. Həmin yerdə onun üstü yoxlanılan zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,5 qram təşkil edən xeyli miqdarda ağ rəngli kristallardan ibarət olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür Məhkəmədə Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, təxminən 1 il olar ki, metamfetamindən 20 gündən bir, ayda bir dəfə istifadə edir. 23 noyabr 2025-ci il tarixdə Masallı şəhəri, S.Vurğun küçəsində tanımadığım şəxsdən şəxsi istifadəsi üçün 20 manata bir büküm metamfetamin almışdır. Evdə metamfetamin istifadə etdiyini bilmədikləri üçün 25 noyabr 2025-ci il tarixdə metamfetamini istifadə etmək üçün evdən çıxmış və yer axtarmağa başlamışdır. Masallı şəhəri, S.Vurğun küçəsində olarkən polis əməkdaşları onu saxlayaraq videokamera ilə çəkiliş aparmaqla üzərinə baxış keçirmişlər. Çəkiliş zamanı şalvarın cibində olan bükümü çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra polis əməkdaşları da, onu polis şöbəsinə aparmışlar. Törətdiyi əməldən səmimi peşman olduğunu bildirərək yüngül cəzanın təyin olunmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsiri özünün etirafedici ifadələri ilə yanaşı, iş üzrə dindirilmiş şahidin ifadəsi və işdə toplanmış digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, məhkəmə iclasında Şahid1 ifadəsində bildirmişdir ki, Masallı rayon Polis şöbəsinin Cinayət Axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri qanunsuz əldə edib üzərində gəzdirməkdə və istifadəsində şübhəli olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında PPXB-nün polis nəfəri Şahid2 və KTQ-nin baş inspektoru Ramal Şükürovla birlikdə onu 25 noyabr 2025-ci il tarixdə, saat 17 radələrində Masallı şəhəri, S.Vurğun küçəsində piyada hərəkətdə olakən videoçəkilişlə saxlamışlar. Təqsirləndirilən şəxs özlərini təqdim edərək qanunsuz olaraq narkotik vasitə və və psixotrop maddə istifadə etməkdə və üzərində daşımaqda şübhəli olmasını, bununla bağlı üzərinə yoxlama və götürülmə aparılacağını bildirərək üzərində hər hansı bir qanunsuz əşya və ya predmet varsa təqdim etməsini təklif edilmişdir. Təqsirləndirilən şəxs göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü təqdim edərək içərisində metamfetamin olduğunu və iki gün əvvəl Masallı şəhəri ərazisində tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün aldığını demişdir. Eyni zamanda şalvarın sol yan cibindən bir ədəd “Redmi” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Metamfetamin elektron tərəzidə çəkilərək 0,53 qram olduğu müəyyən edilmişdir. Sonra Təqsirləndirilən şəxs paltarlarına şəxsi axtarış keçirilsə də, onun üzərindən qanunla qadağan edilmiş hər hansı əşya, maddə və ya predmet aşkar edilməmişdir. Aşkar olunmuş metamfetamin və mobil telefon zərfə qoyularaq qablaşdırılmışdır. Təqsirləndirilən şəxs Masallı rayon Polis şöbəsinə gətirərək metamfetamini və yoxlama zamanı çəkilmiş video görüntü olan 01 ədəd video diski təhqiqatçı Əli Sadıqova təqdim etmişdir. Təhqiqatçı tərəfindən həmin əşyalara videoçəkiliş vasitəsilə baxış keçirilərək götürülmüş və bu barədə protokol tərtib olunaraq imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Masallı rayon Polis şöbəsinin PPXBnün polis nəfəri Şahid2 Şahid1 ifadəsinə uyğun, eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Şübhəli şəxs qismində tutma barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs 25 noyabr 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. - Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 25 noyabr 2025-ci il tarixdə, saat 18:40-da şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli onun faktiki saxlanıldığı vaxtdan yəni, 25 noyabr 2025-ci il tarixdə, saat 17:41-dən hesab edilmişdir. - Əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi barədə 25 noyabr 2025-ci il tarixli protokoldan görünür ki, üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs üstündə qanunla qadağan olunmuş əşyalar varsa təqdim olunması təklif olunmuş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə psixotrop maddə olan metamfetaminə oxşar kütləni təqdim etdi. Təqsirləndirilən şəxs suallara cavab olaraq, üzərindən aşkar olunmuş psixotrop maddə metamfetaminə oxşar kütləni iki gün əvvəl Masallı şəhəri ərazisində tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün aldığını bildirdi. Psixotrop maddə metamfetaminə oxşar kütlə elektron tərəzidə çəkildi, çəkisi 0,53 qram oldu. Bundan başqa Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd “Redmi” markalı mobil telefonu çıxarıb təqdim etdi. - Masallı rayon Polis şöbəsinin İstintaq bölməsinin baş müstəntiqi Ramal Nuriyevin “tutulmuş şəxsin azad edilməsi və polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi barədə” 27 noyabr 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək saxlanıldığı Masallı rayon Polis şöbəsinin Müvəqqəti saxlama yerindən azad olunmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X2 bölməsinin məhkəmə-kimyəvi ekspertizasının 26 noyabr 2025-ci il tarixli, 19/427 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “vət. Təqsirləndirilən şəxs məxsus metamfetaminə bənzər kütlə....” sözlər və imzalar olan zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi 0,5 qram olan ağ rəngli kristallardan ibarət maddə metamfetamindir. Ekspertiza tədqiqatına 0,5 qram sərf edildikdən sonra 0,45 qram qalıq qalmışdır”. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibb ekspertizası və X4 Publik hüquqi şəxsin Masallı rayon şöbəsinin məhkəmə-tibb ekspertizasının 28 noyabr 2025-ci il tarixli, 1011 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir xəsarət aşkar olunmadı. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran şəhər narkoloji Xəstəxanasının 28 noyabr 2025-ci il tarixli 608 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs müayinə zamanı Təqsirləndirilən şəxs psixi və fiziki asılılıq olmadan psixostimulyatorlardan istifadə halları olub. Lakin asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi Narkoloji kabinetində profilaktik qeydiyyatda alınması məsləhət görülür. - Masallı rayon Polis şöbəsindən daxil olmuş əməliyyat tapşırığına cavab olaraq tərtib olunmuş 17 dekabr 2025-ci il tarixli raportdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, ünvan 1-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs 25 noyabr 2025-ci il tarixdə üzərindən aşkar edilərək götürülmüş bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,5 qram təşkil edən psixotrop maddə metamfetamini, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin alüdəçisi (xəstəsi) olduğu üçün şəxsi istifadəsi məqsədi ilə tutulduğu gündən iki gün əvvəl gündüz saatlarında Masallı şəhəri M.Füzuli küçəsində şəxsiyyəti hələki müəyyən edilməyən kişi cinsli tanımadığı şəxsdən gizli olaraq heç kimin görmədiyi şəraitdə 20 manat pulun müqabilində alıb üzərində saxlamışdır. 25 noyabr 2025-ci il tarixdə, saat 17 radələrində Masallı şəhəri, S.Vurğun küçəsində həmin metamfetaminən istifadə etmək istəyərkən tərəflərindən tutulmuşdur. Keçirilmiş tədbirlər zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin alış-satışı ilə məşğul olması və digər növdən olan cinayət əməlləri törətməsi müəyyən edilməsə də, lakin onun son zamanlar narkotiklərdən mütamadi istifadə etməyə başladığı və rayon ərazisində narkotik istifadə edən şəxslərin ətrafında tez-tez görünməsi məlum olmuşdur. Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamin əldə etmək üçün Masallı şəhəri, M.Füzuli küçəsinə gedib-gələn zaman və oradan psixotrop maddə əldə edən vaxtı onu görən şəxslərin dairəsini, həmçinin psixotrop maddə metamfetamin aldığı şəxsin kimliyini müəyyən etmək hələ ki mümkün olmamışdır. Bu istiqamətdə əməliyyat tədbirləri davam etdirilir və gələcəkdə müsbət nəticə əldə olunarsa əlavə olaraq bildiriləcəkdir. - “Masallı rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsi tərəfindən verilmiş 03 dekabr 2025-ci il tarixli məktubdan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs “Masallı rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin ruhi-əsəb və narkoloji kabinetində dispanser qeydiyyatında durmur. - “Lənkəran şəhər Psixatriya Xəstəxanası” Publik hüquqi şəxsi tərəfindən verilmiş 28 noyabr 2025-ci il tarixli, 890 nömrəli məktubdan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Məmmədov X3 şəhər Psixatriya Xəstəxanasında qeydiyyatda deyildir. - Masallı rayon İcra Hakimiyyəti başçısının Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 04 dekabr 2025-ci il tarixli, 2221 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs aşağıdakı ailə üzvləri vardır: atası X5, anası X6 və bacısı X1. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nə dair 05 dekabr 2025-ci il tarixli tələbnaməsindən görünür ki, xx xxxxxx 1996-cı ildə Masallı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. - Masallı rayon Polis şöbəsinin İstintaq bölməsinin baş müstəntiqi Ramal Nuriyevin 04 dekabr 2025-ci il tarixli maddi sübut tanınması və təhvil verilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetaminin ekpertizadan sonrakı qalığı 0,45 qram maddi sübut kimi tanınmış və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə həll edilənədək saxlanması üçün Masallı rayon Polis şöbəsinə təhvil verilmişdir. “Əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi” haqqında protokola əlavə edilmiş 1 ədəd DVD disk, “əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” protokola əlavə edilmiş 1 ədəd DVD disk, ümumilikdə 02 ədəd DVD diskin maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. - Masallı rayon Polis şöbəsinin İstintaq bölməsinin baş müstəntiqi Ramal Nuriyevin 18 dekabr 2025-ci il tarixli Sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş, ekpertiza tədqiqatından sonra ümumi təmiz çəkisi 0,45 qram qalmış psixotrop maddə metamfetaminin məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə həll edilənədək qəbul edilmiş qərarla maddi sübut kimi tanınaraq Masallı rayon Polis şöbəsinin saxlanc yerində saxlanması, “Əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi” haqqında protokola əlavə edilmiş 1 ədəd DVD disk, “əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” protokola əlavə edilmiş 1 ədəd DVD disk, ümumilikdə 02 ədəd DVD diskin maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmışdır. - 01 dekabr 2025-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs özünə məxsus “Redmi” markalı mobil telefonu saz vəziyyətdə təhvil almışdır. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Beləliklə, məhkəmə Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 143- 146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, qeyd olunan sübutlar təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın həll edilməsi üçün kifayət edir və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin məhkəmə iclasında verdiyi ifadələri, əməliyyat tapşırığının cavabı və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək, tam sübuta yetirilmişdir. Məhkəmə bilavasitə məhkəmə istintaqında tədqiq edilən biri-digərini tamamlayan mötəbər və mümkün sübutlara əsaslanaraq, habelə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası CPM-in 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, onların kifayət etməsi nəticəsinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 1-ci bəndinə əsasən məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayəthüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 aprel 2017-ci il tarixli sərəncamının 8-ci bəndində qeyd edilir ki, - ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmin Sərəncamın 13-cü bəndinə əsasən məhkəmələrə tövsiyə edilir ki: - cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixli Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də, göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, əməlini etiraf etməsini, səmimi peşmançılığını və yaşadığı yer üzrə müsbət xarakterizə edilməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etmədi. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 47-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr CPM-in 346.1.11-346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-in 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Həmin Plenum qərarının 48-ci bəndinə əsasən cinayət qanununun sanksiyası müəyyən müddətə azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza növünü nəzərdə tutursa və təqsirkara məhz azadlıqdan məhrum etmə cəzası təyin edilirsə, hökmdə daha yüngül cəza növünün və ya həddinin təyin edilməməsinin səbəbləri göstərilməlidir. Eləcə də, təqsirkarın şərti məhkum olunması, ona təqsirli bilindiyi cinayətə görə CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi, cəzadan azad edilməsi hökmdə əsaslandırılmalıdır. Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında azadlıqdan məhrumetmə növündə cəza nəzərdə tutulmasına baxmayaraq məhkəmə təqsirləndirilən şəxsə həmin cəzanın təyin edilməsini qanunauyğun, ədalətli və humanizm prinsiplərinə uyğun hesab etmir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını, onun cəmiyyətdən xaric olunmadan və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 25 noyabr 2025-ci il tarixdən 27 noyabr 2025-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı 2 (iki) gün azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı yaşayış yer üzrə çəkməli, onun üzərinə cəza çəkdiyi müddətdə Masallı rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış, iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Məhkəmə, CPM-in 346.1.20-ci maddəsinin tələbinə əsasən qətimkan tədbiri məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Məhkəmə hesab edir ki, CPM-nin 132.1.4-cü maddəsinə əsasən Masallı rayon Polis şöbəsinin saxlanc yerində maddi sübut kimi saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş psixotrop maddə metamfetaminin ekpertizadan sonrakı qalığı 0,45 qram hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən iş üzrə maddi sübut “Əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi” haqqında protokola əlavə edilmiş 1 ədəd DVD disk, “əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” protokola əlavə edilmiş 1 ədəd DVD disk, ümumilikdə 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 128.1-ci maddəsinə əsasən öz xüsusiyyətinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxtına və ya üzərində hadisənin izlərinin saxlanıldığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən hər bir əşya maddi sübut hesab edilə bilər. Təqsirləndirilən şəxs müstəntiq tərəfindən şübhəli şəxs qismində dindirilməsini əks etdirən protokola əlavə edilmiş 1 ədəd DVD disk cinayət prosesini həyata keçirən orqanın qərarı ilə maddi sübut qismində tanınmasa da, məhkəmə hesab edir ki, həmin DVD disk cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halın müəyyən edilməsinə kömək edən əşya olduğiundan maddi sübut hesab edilməli və cinayət işinin materiallarında saxlanılmalıdır. Maddi sübut 1 ədəd “Redmi” markalı mobil telefonun Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə Narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə 65 (altmış beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 8 (səkkiz) saat vaxt sərf etmişdir. Ona görə də, 88 (səksən səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsindən Müdafiəçi ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197, 198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 25 noyabr 2025-ci il tarixdən 27 noyabr 2025-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı 2 (iki) gün azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını yaşadığı yer üzrə çəksin. Cəzanın icrası Masallı rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Masallı rayonunun hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 07:00-dək ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış, iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə Narkoloji kabinetdə qeydiyyata alınsın. Masallı rayon Polis şöbəsinin saxlanc yerində maddi sübut kimi saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş psixotrop maddə metamfetaminin ekpertizadan sonrakı qalığı 0,45 qram hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut “Əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi” haqqında protokola əlavə edilmiş 1 ədəd DVD disk, “əməliyyataxtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” protokola əlavə edilmiş 1 ədəd DVD disk və Təqsirləndirilən şəxs müstəntiq tərəfindən şübhəli şəxs qismində dindirilməsini əks etdirən protokola əlavə edilmiş 1 ədəd DVD disk, ümumilikdə 03 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut 1 ədəd “Redmi” markalı mobil telefonun Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. İş üzrə 65 (altmış beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi xidmətə görə 88 (səksən səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsindən ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elşən Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar