Məhkəmə qərarları › İş №1(050)-241/2023

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-241/2023

13.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-241/2023 13.12.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi Masallı Rayon Vəkil Bürosunun vəkili Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Rusiya Federasiyasının Kalininqrad şəhərində doğulmuş, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Masallı şəhəri, M.Talışxanov küçəsi, ev 10-da qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında,açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 18:30 radələrində Masallı rayonu, Hişkədərə kəndi ərazisində yerləşən kəndarası avtomobil yolunda piyada hərəkətdə olarkən onunla üz-üzə gələn, əvvəllər tanımadığı Zərərçəkmiş şəxs ona tərəf baxmasını özünə qarşı qərəzli münasibət hesab edərək heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs ilə mübahisə edərək, ümumi davranış, əxlaq və mənəviyyat normalarına hörmətsizlik ifadə edib, oradakı vətəndaşların gözləri qarşısında söyüşlər söyməklə sonuncunu təhqir etmiş, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə, öz şəxsiyyətini digər şəxslərin şəxsiyyətlərinin fövqünə qoyub, cəmiyyətə aşkar hörmətsizlik və laqeyidlik nümayiş etdirərək Zərərçəkmiş şəxs üzərinə hücum edib zor tətbiq etməklə sonuncunun sol qulaq nahiyəsinə qəsdən iki dəfə yumruqla zərbə vuraraq Zərərçəkmiş şəxs sol qulaqətrafı nahiyənin yumşaq toxumalarının əzilməsi və sol bazu nahiyəsinin qançırı ilə müşayət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarəti yetirməklə 3-4 dəqiqə ərzində ətrafda olan şəxslərin narahatlığına səbəb olan, vətəndaşlar üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Həmin əməllərinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, Təqsirləndirilən şəxs ilə hər hansı münasibəti, ədavəti və ya düşmənçiliyi olmamışdır. Ruhiyyə Məhərrəmova onun həmkəndlisidir və onun yaşadığı ev ilə Ruhiyyə Məhərrəmovanın yaşadığı ev arasında dəmir tordan çəpər vardır. X1 Məhərrəmova ərindən boşandıqdan sonra anası Ruhiyyə Məhərrəmovaya məxsus evdə yaşamış, Şahid2 ərindən boşandıqdan sonra tanımadığı bir oğlanla anası Ruhiyyə Məhərrəmovanın evində bir neçə ay birlikdə yaşamış, lakin bununla bağlı Ruhiyyə Məhərrəmova və ya Şahid2 ilə aralarında hər hansı narazılıq olmamışdır. 2023-cü ilin iyun-iyul ayında o, Təqsirləndirilən şəxs yaşadığı evin qarşısındakı küçədə işlədiyi zaman görmüş, həmin vaxt Ruhiyyə Məhərrəmovanın bacısı X6 Qarayevin onların yaşadığı evdə, yəni Lamiyyənin və Ruhiyyənin yaşadığı evdə onlarla birlikdə yaşadığını bildirmiş və bundan sonra o, Təqsirləndirilən şəxs ilə bir daha rastlaşmamışdır. xx.xx.2023-cü il tarixdə saat 18:30 radələrində o, Hişkərədə kəndində kənd arası yolda yaşadığı evə doğru piyada getdiyi vaxt Təqsirləndirilən şəxs və Şahid2 ilə rastlaşmışdır. Bu vaxt Şahid2 Təqsirləndirilən şəxs arxasına keçmiş və əlində olan mobil telefonu ona tərəf tutmuşdur. Təqsirləndirilən şəxs isə ağzına siqaret qoymuş, lakin həmin siqareti yandırmamışdır. Təqsirləndirilən şəxs birdən iti addımla onun üzərinə doğru gəlməyə başlamış və sonra Təqsirləndirilən şəxs başı ilə işarə edərək sanki ondan nə baş verməsini soruşmuşdur. O, isə nə üçün üzərinə doğru gəldiyini Təqsirləndirilən şəxs soruşmuş və bu vaxt Təqsirləndirilən şəxs sol qulaq nahiyəsinə bir dəfə yumruq ilə zərbə vurmuşdur. O, isə Təqsirləndirilən şəxs özündən uzaqlaşdırmaq üçün sinəsindən itələmiş və sonra Şahid2 orada səs-küy salmağa başlamışdır. Daha sonra Reyhanə Məhərrəmova əlində olan ağac parçası ilə həmin yerə gəlmiş, o, Reyhanə Məhərrəmovaya doğru baxanda Təqsirləndirilən şəxs birdən ona yaxınlaşmış və sol qulaq nahiyəsinə bir dəfə yumruq ilə yenidən zərbə vurmuşdur. O, həmin zərbənin təsirindən sol qolunun üzərinə doğru yıxılmış və bundan sonra Təqsirləndirilən şəxs Şahid2 yaşadığı evə doğru getmişdir. Sonra o, istifadəsində olan ***-***-**-** nömrə ilə DİN-nin 102 xidmətinə bu barədə məlumat vermiş, daha sonra hadisə yerinə gələn təcili tibbi yardım əməkdaşları onu Masallı RMX-ya aparmış və o, orada müayinə olunmuşdur. Sonda Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxslə barışmasını, ona qarşı heç bir şikayət və tələbinin olmamasını, ərizəsinin nəzərə alınmaqla Təqsirləndirilən şəxs cəza verilməməsini xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qonşusudur, Zərərçəkmiş şəxs ilə münasibəti yaxşı olmuşdur, hər hansı düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs isə onun nişanlısıdır və Təqsirləndirilən şəxs ilə münasibəti həmişə yaxşı olmuşdur. O, Təqsirləndirilən şəxs ilə 2023-cü ilin mart-aprel ayında Masallı şəhəri ərazisində təsadüfən tanış olmuş və Təqsirləndirilən şəxs əvvəllər onun yaşadığı evə arabir gəlib-getmişdir. Onun Təqsirləndirilən şəxs ilə hal-hazırda dini nikahı vardır, lakin onlar rəsmi nikaha daxil olmamışdır. Sonradan onlar nişanlanmış və Təqsirləndirilən şəxs yaşadığı evdə onlarla birlikdə yaşamağa başlamışdır. Ramid evlərinə tez-tez gəlib getdiyinə görə kənddə qonşular arasında narazılıq yaranmış, bir neçə dəfə Ramidi ölümlə hədələmişlər və hətta Ramidin maşının yandırmağa da cəhd göstərmişlər. xx.xx.2023-cü il tarixdə saat 18 radələrində o, Təqsirləndirilən şəxs ilə birlikdə yaşadığı evdən çıxmış və Hişkədərə kəndində yerləşən marketlərin birinə getmişdir. Marketdən yaşadıqları evə qayıtdıqları zaman kənd arası yolda Zərərçəkmiş şəxs ilə təsadüfən rastlaşmış, bu vaxt Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs yaxınlaşmışdır. Həmin vaxt onlardan təxminən 5-10 metr məsafədə aralı olmuşdur. Həmkəndlisi və qonşusu Şahid1 isə Cavidin arxasınca gəlmiş, o, mübahisəyə daha yaxın olmuşdur. Cavidlə Ramidin arasında mübahisə yaranmış, birinci Cavid Ramidi vurmuş, Ramid də öz növbəsində Cavidi vurmuşdur. O, qaçaraq yaşadığı evə getmiş və xalası Reyhan Məhərrəmovanı köməyə çağırmışdır. Reyhan Məhərrəmova da həmin yerə gəldikdən sonra Ramidlə birlikdə xalası Reyhan Məhərrəmovanın yaşadığı evə getmişdir. Mübahisə 1-2 dəqiqə davam etmiş, çoxlu sayda adam olmamışdır. Mübahisə yerində ondan və Şahid1 başqa kənar şəxs olmamış, xalası Reyhan Məhərrəmova isə sonradan gəlmişdir. Şahid X2 istintaq zamanı veridiyi ifadəsi tədqiq edilərək elan edilmişdir. O, istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qonşusudur, Zərərçəkmiş şəxs ilə münasibəti yaxşı olmuşdur, hər hansı düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs isə onun nişanlısıdır və Təqsirləndirilən şəxs ilə münasibəti həmişə yaxşı olmuşdur. O, Təqsirləndirilən şəxs ilə 2023-cü ilin mart-aprel ayında Masallı şəhəri ərazisində təsadüfən tanış olmuş və Təqsirləndirilən şəxs əvvəllər onun yaşadığı evə arabir gəlib-getmişdir. Lakin sonradan onlar nişanlanmış və Təqsirləndirilən şəxs yaşadığı evdə onlarla birlikdə yaşamağa başlamışdır. Onun Təqsirləndirilən şəxs ilə hal-hazırda dini nikahı vardır, lakin onlar rəsmi nikaha daxil olmamışdır. Təqsirləndirilən şəxs onlarla birlikdə yaşadıqdan sonra qonşuları ilə aralarında bir neçə dəfə narazılıq yaranmış və xx.xx.2023-cü il tarixdə isə qonşusu X4 onu ölümlə hədələmişdir. Həmin tarixdə qonşusu Şahid1 yaşadığı evi daşa basması nəticəsində evin pəncərəsinin şüşəsi sınmış və həmin şüşə qırıntılarının ayağına dəyməsi nəticəsində bədən xəsarəti almışdır. Bundan sonra o, Masallı RPŞ-nin Boradigah PB-yə ərizə ilə müraciət etmiş, bu barədə müvafiq araşdırma da aparılmış və xx.xx.2023-cü il tarixdə qonşulardan bir neçəsi Təqsirləndirilən şəxs idarə etdiyi avtomobili yandırmaq istəmişdir. xx.xx.2023-cü il tarixdə saat 18 radələrində o, Təqsirləndirilən şəxs ilə birlikdə yaşadığı evdən çıxmış və Hişkədərə kəndində yerləşən marketlərin birinə getmişdir. Marketdən yaşadıqları evə qayıtdıqları zaman kənd arası yolda Zərərçəkmiş şəxs ilə təsadüfən rastlaşmış, bu vaxt Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs yaxınlaşmış və aralarında münaqişə başlamışdır. Bundan sonra o, qaçaraq yaşadığı evə getmiş və xalası Reyhan Məhərrəmovanı köməyə çağırmışdır. Reyhan Məhərrəmova da həmin yerə gələrək onları ayırmış və Təqsirləndirilən şəxs yaşadığı evə getdikdən sonra o, da xalası Reyhan Məhərrəmova ilə yaşadığı evə getmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəmə iclasında tədqiq edilməklə ifadəsi elan olunmuşdur. O, istintaqda veridyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qonşusudur, Zərərçəkmiş şəxs ilə münasibəti yaxşı olmuşdur, hər hansı düşmənçiliyi olmamışdır. Masallı şəhər sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, Təqsirləndirilən şəxs ilə hər hansı münasibəti, ədavəti və ya düşmənçiliyi olmamışdır. Ruhiyyə Məhərrəmova onun qonşusudur və yaşadığı ev ilə Ruhiyyə Məhərrəmovanın yaşadığı ev arasında təxminən 200 metr məsafə vardır. O, 2023-cü ilin iyul ayında Rusiya Federasiyasından gəlmiş, həmin vaxtdan etibarən Hişkədərə kəndində yerləşən evində yaşamağa başlamış və onun Rusiya Federasiyasından gəlməyinə səbəb atası Söhbətəli Dadaşovun ağır xəstəlikdən əziyyət çəkməsi olmuşdur. O, Şahid2 ilə Təqsirləndirilən şəxs münasibətini öyrəndikdən sonra onlarla söhbət etmiş və birlikdə yaşamaqlarının səhv olduğunu bildirmişdir. Həmin vaxtdan sonra Şahid2 özü və ailə üzvləri ona qarşı qərəzli olmağa başlamış, onlarla rastlaşdıqları zaman onu nalayiq ifadələrlə təhqir etmişdir. xx.xx.2023-cü il tarixdə o, Hişkədərə kəndində yaşadığı evə gedən zaman Reyhan Məhərrəmova yaşadığı evin pəncərəsini açmış və onu nalayiq ifadələrlə təhqir etmişdir. Daha sonra isə Şahid2 da onu təhqir etməyə başlamış, o, da bərk əsəbləşmiş və yerdən daş parçası götürüb onların yaşadığı evə doğru atmışdır. Həmin daş parçası Şahid2 yaşadığı evin pəncərəsinin şüşələrini sındırmış və bu hadisə ilə bağlı Boradigah PB-də araşdırma aparılmışdır. xx.xx.2023-cü il tarixdə saat 18:30 radələrində o, Hişkərədə kəndində kənd arası yolda babasıgilə piyada getdiyi vaxt Təqsirləndirilən şəxs və Şahid2 piayada hərəkət etmələrini görmüşdür. Sonra Şahid2 Təqsirləndirilən şəxs arxasına keçmiş və əlində olan mobil telefonu Zərərçəkmiş şəxs tərəf tutmuşdur. Təqsirləndirilən şəxs isə iti addımla Zərərçəkmiş şəxs üzərinə doğru gəlməyə başlamış və sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sol qulaq nahiyəsinə bir dəfə yumruq ilə zərbə vurmuşdur. Zərərçəkmiş şəxs isə Təqsirləndirilən şəxs uzaqlaşdırmaq üçün sinəsindən itələmiş və sonra Şahid2 orada səs-küy salmağa başlamışdır. Daha sonra Reyhanə Məhərrəmova əlində olan ağac parçası ilə həmin yerə gəlmiş, sonra Təqsirləndirilən şəxs birdən Zərərçəkmiş şəxs sol qulaq nahiyəsinə bir dəfə yumruq ilə zərbə vurmuş və Zərərçəkmiş şəxs həmin zərbənin təsirindən yerə yıxılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs Şahid2 yaşadığı evə doğru getmiş və daha sonra hadisə yerinə gələn təcili tibbi yardım əməkdaşları Zərərçəkmiş şəxs Masallı RMX-ya aparmışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs əvvəllər tanımamış, Zərərçəkmiş şəxs ilə hər hansı münasibəti, ədavəti və ya düşmənçiliyi olmamışdır. Şahid2 onun nişanlısıdır, Şahid2 ilə aralarında hal-hazırda dini nikah vardır, lakin rəsmi nikah yoxdur. O, Şahid2 ilə 2023-cü ilin aprel ayında Masallı şəhəri ərazisində təsadüfən tanış olmuş və o, Şahid2 ilə tanış olduqdan sonra arabir Lamiyyənin Hişkədərə kəndində yerləşən yaşadığı evdə görüşmüşdür. Lakin sonrakı müddət ərzində Şahid2 ilə həmin evdə daimi yaşamağa başlamış və sonradan Şahid2 qonşuları ilə həmin evdə yaşamağı ilə bağlı aralarında bir neçə dəfə narazılıq yaranmışdır. Sonrakı müddətdə isə Şahid2 qonşularından bir neçəsi onun idarə etdiyi “Mercedes Benz” markalı **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobili yandırmaq istəmiş və buna görə də o və Şahid2 Masallı RPŞ-nin Boradigah PB-yə ərizə ilə müraciət etmişdir. Həmin ərizələr əsasında polis bölməsində araşdırma da aparılmış, sonrakı müddət ərzində də həmin qonşuların ona olan münasibəti dəyişməmişdir. xx.xx.2023-cü il tarixdə saat 18 radələrində o, Şahid2 ilə birlikdə Hişkədərə kəndində yerləşən yaşadığı evdən çıxmış və ərzaq məhsulları almaq üçün həmin kəndin ərazisində yerləşən marketə getmişdir. Marketdən çıxdıqdan sonra yaşadığı evə qayıdanda Hişkədərə kəndi ərazisində yerləşən kənd arası yolda Zərərçəkmiş şəxs ilə təsadüfən rastlaşmış, bu vaxt Zərərçəkmiş şəxs ona doğru yaxınlaşmış və nə üçün sinəsini qabağa verib gəzdiyini ondan soruşmuşdur. O, isə yaşadığı evə getdiyini Zərərçəkmiş şəxs bildirmiş və bundan sonra Zərərçəkmiş şəxs sifətinin sol tərəfinə yumruq ilə bir dəfə zərbə vurmuşdur. O, da həmin zərbənin təsirindən divara çırpılmış və sağ əlindən xəsarət almışdır. Sonra Zərərçəkmiş şəxs boğazından tutaraq sıxmış və o, həmin vaxt boynunun sol hissəsindən xəsarət almışdır. Daha sonra o, Zərərçəkmiş şəxs ilə əlbəyaxa olmuş, bundan sonra Şahid2 yaşadığı evə doğru qaçmağa başlamış və sonra xalası Reyhan Məhərrəmovanı köməyə çağırmışdır. Reyhan Məhərrəmova da həmin yerə gəlmiş və onları ayırmışdır. Sonra o, həmin yerdən uzaqlaşmış və Hişkədərə kəndində yerləşən yaşadığı evə getmişdir. Daha sonra istifadəsində olan mobil nömrə ilə baş vermiş hadisə barədə DİN-nin 102 xidmətinə məlumat vermiş və sonra Masallı RPŞ-nin Boradigah PB-yə ərizə ilə müraciət etmişdir. Sonda Təqsirləndirilən şəxs xuliqanlıq hərəkəti törətmədiyini, Zərərçəkmiş şəxslə aralarındakı mübahisənin ani şəkildə baş verdiyini, qarşılıqlı olaraq bir-birilərini vurduqlarını, ictimai qaydanın pozulmadığını, mübahisənin 1-2 dəqiqə davam etdiyini, zərərçəkmiş şəxslə barışdığını, ona qarşı şikayət və tələbin olmamasını, bidirib, əməlin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə tövsif edilməklə cinaytət işinə xitam verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayəti törətməsində özünü təqsirli bilməsə də, onun həmin əməli törətməsi məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmiş şəxsin, şahidlərin ifadələri ilə yanaşı işin məhkəmə istintaqı zamanı tədqiq edilən digər sübut növləri ilə tam sübuta yetirilir. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsini özünümüdafiə xarakterli ifadə və törətdiyi əmələ görə cəzalanmaqdan yaxa qurtarmaq cəhdi kimi qəbul edir. Cinayət işinin başlanması və icraata edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir. Hadisə yerinə baxış keçirmə haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, hadisə Masallı rayonu, Hişkədərə kəndi ərazisində yerləşən kənd arası avtomobil yolunda baş vermiş, Zərərçəkmiş şəxs hadisə yerini təqdim etmiş, fotoşəkil çəkilərək protokola əlavə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X5” publik hüquqi şəxsin Masallı MTE və PA şöbəsinin məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 896 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol qulaqətrafı nahiyənin yumşaq toxumalarının əzilməsi və sol bazu nahiyəsinin qançırı müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti tibbi sənəddə qeyd olunan 09 sentyabr 2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Üzləşdirmə istintaq hərəkətinin aparılmasına dair xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş, Zərərçəkmiş şəxs ifadəsində göstərmiş olduğu xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə ifadəsini bir daha təsdiq etmişdir. Üzləşdirmə istintaq hərəkətinin aparılmasına dair xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, istintaq zamanı Şahid1 ilə Təqsirləndirilən şəxs arasında üzləşmə keçirilmiş, Şahid1 ifadəsində göstərmiş olduğu xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə ifadəsini bir daha təsdiq etmişdir. Sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci madəsindən həmin Məcəllənin 221.1 madəsinə tövsif olunmuş, Təqsirləndirilən şəxs həmin maddə ilə ittiham elan edilmişdir. Zərərçəkmiş şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsiin tərkibi olduğundan barəsində inzibati qaydada tədbir görülməsindən ötrü qərarın surəti Masallı RPŞ-nin İTByə göndərilməsi qərara alınmışdır. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Masallı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə barəsində “8 Noyabr-Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci tarixli Qərarının 2.1-ci bəndi tətbiq edilməklə cəzadan azad edilmişdir. Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Masallı Rayon İcra Hakimiyyəti başçısının Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Qarayev X8 şəhəri, M.Talışxanov küçəsi, ev 10 ünavnında qeydiyyatda olmaqla atası xx.xx.1964-c il təvəllüdlü X3 ibarət ailə tərkibində yaşayır. Qarayev X8 şəhərində əvvəllər özünü intizamlı aparmış, lakin son zamanlar cəmiyyətə yaramayan hüquqa zidd hərəkətlərə yol vermişdir. Təqsirləndirilən şəxs yaşadığı ərazidə heç bir nüfuza malik deyildir. Təqsirləndirilən şəxs barəsində Masallı Rayon İcra Hakimiyyəti başçısının Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir yazılı və ya şifahi məlumat daxil olmamışdır. İşdə olan Zərərçəkmiş şəxs tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli ərizədə göstərilir ki, “hal-hazırda Təqsirləndirilən şəxslə barışmışam, ona qarşı heç bir iddiam yoxdur. Xahiş edirəm ərizəmi nəzərə alaraq Təqsirləndirilən şəxs heç bir cəza verməyəsiniz”. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspert rəyi, eləcə də, işin faktiki halları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, “...CM-in 221.1-ci maddəsinə görə xuliqanlıq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdir. Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Xuliqanlıq obyektiv cəhətdən CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Qeyd olunmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması öz-özlüyündə inzibati hüquqpozmadır və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 296-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Lakin CM-in 221-ci maddəsində nəzərdə tutulan cinayət tərkibinin yaranması üçün məhz yuxarıda qeyd olunan əlamətlər mövcud olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu xuliqanlıq cinayət əməlinin əlamətlərinin açıqlanmasını vacib hesab edir. Cinayət hüququnda ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Zor tətbiq etmə dedikdə isə döymə, sağlamlığa zərər vurma, eləcə də zərərçəkmişə fiziki təsir göstərən digər zorakı hərəkətlər başa düşülməlidir. Xuliqanlıq zamanı zor tətbiq etmə hədəsi fiziki zor tətbiq etmək niyyətinin sözlərlə və ya hərəkətlərlə ifadə olunmasıdır. Hədəyə görə məsuliyyət o zaman yaranır ki, bu hədənin həyata keçirilməsi üçün real əsaslar olsun. Özgənin əmlakının məhv edilməsi əmlakın təsərrüfat, tarixi dəyərini tam itirməsi, zədələnməsi isə əmlakın tamamilə və ya qismən öz təyinatına uyğun gəlməməsi, lakin ona bərpa edilməsi mümkün olan dərəcədə zərər yetirilməsidir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir.” Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikasının CPM-nin 144-146-cı madələrində nəzərdə tutulmuş qaydada hüquqi qiymət verərək, eləcə də həmin Məcəllənin 346 və 349-cı maddələrinin tələblərinə riayət edərək hesab edir ki, baş vermiş cinayət hadisəsini Təqsirləndirilən şəxs törətməsi, onun təqsirliliyi məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlarla əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayətdir, məhkəmənin müəyyən etdiyi hallar tədqiq olunmuş sübutlara uyğun gəlir, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi əsasında təqsirləndirilən şəxsə ittihamın elan edildiyi cünayətin əlamətlərinə uyğundur, əməlin cinayət olmasını aradan qaldıran, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi əsasları yoxdur, odur ki, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsində göstərilir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 4-cü bəndində qeyd olunur ki, CM-nin 59-cu maddəsilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə edilməsi kimi yüngülləşdirici hal var. Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halı, ağırlaşdiran halın olmamasını, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən də islah olunmasını mümkün hesab etməklə ona təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2.1.-52-1.2.4.-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə həmçinin Cinayət Məcəlləsinin 52-1.3.1.-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuni və məqsədə müvafiq hesab edir. Cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələblərinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini müzakirə edərək müsadirə ediləcək əmlakın olmamasını müəyyən etdi. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə, maddi sübut, mülki iddia, məhkəmə məsrəfi və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli təqsirli bilinsin və 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar