Məhkəmə qərarları › İş №1(050)-244/2025

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-244/2025

24.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-244/2025 24.02.2026 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Masallı rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1978-ci ildə Masallı rayonu Mahmudavar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Masallı rayonu, Mahmudavar kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Masallı Rayon Məhkəməsinin 10 fevral 2026-cı il tarixli qərarı ilə barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2026-cı il tarixdə tutulmuş hazırda həbsdə olan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Мəcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan xx.xx.2012-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək xx.xx.2012-ci il tarixdən başlayaraq hər ay 100 (bir yüz) manat sabit pul məbləğində alimentin Zərərçəkmiş şəxs xeyrinə tutulmasına dair Bakı Apellyasiya Məhkəməsinin 14 mart 2014-cü il tarixli, 2(103)-1692/2014 nömrəli qətnaməsini və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(005)-581/2013 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği dəyişdirilərək qətnamə qanuni qüvvəyə mindiyi xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində alimentin Zərərçəkmiş şəxs xeyrinə tutulmasına dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli, 2(005)-388/2022 nömrəli qətnamələrini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Masallı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(050)-879/2021 nömrəli qərarı ilə AR İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs olunmasına və xx.xx.2023-cü il tarixli, 3(050)- 384/2023 nömrəli qərarı ilə yenidən AR İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat inzibati qaydada cərimə edilməsinə, icra üçün yeni müddətin təyin edilməsinə, həmçinin məsuliyyəti barədə sonuncu dəfə xx.xx.2024-cü il il tarixdə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq hərəkətlərindən nəticə çıxarmamış və cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2024-cü il tarixədək Zərərçəkmiş şəxs hər iki qətnamə üzrə 14793 (on dörd min yeddi yüz doxsan üç) manat məbləğində aliment borcunu ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Həmin əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, iş yeri olmadığına görə müəyyən edilmiş alimenti ödəyə bilməmişdir. 3-4 aydır ki, işləyir və 3 aydır ard-arda aliment ödəyir. Sonuncu dəfə məhkəmə iclasından çıxdıqdan sonra 140 manat pul ödəmişdir. Tutulmamışdan bir həftə öncə tələbkarla danışıb fevral ayının 15-16-da yenədə pul ödəyəcəyini bildirmişdir. İş yerindən ona icazə vermədiklərinə və yol xərci üçün pulu olmadığından, iş yerindən isə pul istədiyi zaman isə maaş vaxtı olmadığına görə ona pul verə bilməyəcəklərini bildirdiyinə görə məhkəmə iclasına gələ bilməmişdir. Bakı şəhərində kirayədə yaşayır. Himayəsində iki azyaşlı, məktəbli uşağı vardır. Eləcədə tələbkara aprel ayında ona 3000 manat pul ödəyəcəyini demişdir. 110 manat bir dəfə ödəniş etmiş, yanvar ayında 140 manat ödəniş etmiş, tutulmamışdanda öncə zəng edib fevral ayının 15-16 yenə ödəyəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs sonda məhkəmədən son bir dəfə şans verilməsini istəyir, daha məhkəməyə gəlməyəcəkdir, ödənişləri vaxtında edəcəkdir, himayəsində iki azyaşlı və məktəbli uşağı vardır, valideynləri xəstədir, anası yenicə əməliyyatdan çıxmışdır, kirayədə yaşayır, söz verir ki, alimenti ödəyəcəkdir. Təqsirləndirilən şəxsin ittiham olunduğu cinayəti törətməsi onun özünün səmimi etirafı ilə yanaşı işin məhkəmə istintaqı zamanı tədqiq edilən digər sübut növləri ilə aşağıdakı qaydada tam sübuta yetirilir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək və teleqram ünvanlayaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs kəsilmiş aliment borcundan heç bir ödəniş etməmişdir, tələbkar olaraq yığılmış aliment borcunu tam şəkildə tələb edir. Şikayətçidir. Aliment pulunu tam şəkildə ödəmədiyi təqdirdə barəsində ağır cəza tətbiq olunmasını xahiş edir. Eləcədə Bakı şəhərində yaşayır, himayəsində azyaşlı və xəstə övladı vardır, onu kimsənin yanında qoyub məhkəmə iclaslarına gələ bilmir, maddi imkanı olmadığı üçün də məhkəməyə gələ bilmir, işə onun iştirakı olmadan baxıb qərar qəbul edilməsini xahiş edir. İbtidai istintaq zaman veridiyi ifadəsini təsdiq edir. Zərərçəkmiş şəxs cinayət işinin ibtidai istintaqı zamanı vermiş olduğu və məhkəmə iclası zamanı tədqiq edildikdən sonra elan edilmiş ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə 2011-ci ildə rəsmi nikaha daxil olmadan evlənmişlər. Birgə nikahdan xx.xx.2012-ci ildə Yusif anadan olmuşdur. Evləndikdən sonra uzun müddət səmimi ailə münasibətləri olsa da sonradan münasibətləri pozulduğundan ayrılmışlar. Faktiki olaraq ayrı yaşadıqları müddətdə İntiqam uşağı ilə maraqlanmamışdır. Həmçinin bir ailə kimi yaşamaqları mümkünsüz olmuşdur. Odur ki, aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 14 mart 2014-cü il tarixli icra vərəqəsinə əsasən Təqsirləndirilən şəxs cavadeh kimi ondan xx.xx.2012-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək xx.xx.2012-ci il tarixdən başlayaraq hər ay 100 (bir yüz) manat sabit pul məbləğində aliment və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli qətnaməsinə əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği dəyişdirilərək qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində aliment alınıb ona verilməsi qət edilmişdir. Təqsirləndirilən şəxs ötən müddətdə barəsində olan məhkəmə qətnamələrinə məhəl qoymamış və müəyyən olunmuş alimenti vaxtında ödəməmişdir. Təqsirləndirilən şəxs ev təmiri ustası işləyir. Aylıq 2000 (iki min) manat qazanc əldə edir. Lakin qazancını özünə xərcləyir, uşağın saxlanması üçün ona maddi yardım göstərmir. Uşaq böyüdüyündən maddi tələbatları da xeyli artmışdır. Təkbaşına uşağın zəruri xərclərini ödəməkdə çətinliklər çəkir. İcra məmurlarına müraciət edərək alimentin alınmasına köməklik etmələrini xahiş etsədə nəticəsi olmamışdır. İcra məmurları dəfələrlə bildirişlər verilməsinə baxmayaraq borclu Təqsirləndirilən şəxs icradan yayınmış və bu səbəbdən də məhkəmənin qərarı ilə inzibati qaydada həbs olunmuşdur. Maddi vəziyyəti aşağı olduğundan öz aliment borcunu tam tələb edir. Odur ki, Təqsirləndirilən şəxs qanunda nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, Bakı Apellyasiya Məhkəməsi və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən verilmiş icra vərəqələri üzrə olan icra işi ilə bağlı Təqsirləndirilən şəxs borcludur. İcra sənədləri Masallı rayon İcra və probasiya şöbəsinin icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin könüllü olaraq icra edilməsi üçün bildirişlə birlikdə borclunun qeydiyyatda olduğu ünvana göndərilmişdir. Lakin borclu Təqsirləndirilən şəxs icra sənədində göstərilən tələbi könüllü olaraq təmin etməmişdir. Bu səbəbdən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən inzibati protokol tərtib olunaraq məhkəməyə verilmiş və məhkəmənin qəbul etdiyi qərarlarla borclu bir dəfə inzibati qaydada həbs olunmuş bir dəfədə cərimə olunmuşdur. Eləcədə icra sənədinin icrasını təmin etmək məqsədilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Ödəniş etmədiyi üçün yaşadığı ünvanda olmuşlar, əmlak vəziyyətini yoxlamışlar. Eləcədə atasınada ödəniş etmədiyi ilə bağlı məlumat vermişlər. Borclu aliment borclarını ödəyə bilmədiyindən və onun 14793 (on dörd min yeddi yüz doxsan üç) manat məbləğində aliment borcu yarandığından və məbləğ yüksək olduğuna görə materiallar toplanılaraq cinayət işi başlanılması üçün aidiyyəti üzrə göndərilmişdir. Bildiyi qədəri ilə borclu yaranmış aliment borcundan heç bir ödəniş etməmişdir. İş üzrə məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi. Cinayət işində olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 dekabr 2013-cü il tarixli, 2(005)-581/2013 saylı qətnaməsindən görünür ki, xx.xx.1978-ci ildə Masallı rayonu Mahmudavar kəndində anadan olmuş Təqsirləndirilən şəxs xx.xx.2012-ci ildə Bakı şəhərində anadan olmuş X4 atası olması faktı müəyyən edilmiş, xx.xx.2012-ci ildə Bakı şəhərində anadan olmuş X4 yetkinlik yaşlarına çatanadək xx.xx.2013-cü il tarixdən başlayaraq Təqsirləndirilən şəxs hər ay 100 manat sabit pul məbləğində aliment Zərərçəkmiş şəxs xeyrinə tutulması qət edilmişdir. Cinayət işində olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 mart 2014-cü il tarixli, 2(103)-1692/2014 saylı qətnaməsindən görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 dekabr 2013-cü il tarixli, 2(005)-581/2013 saylı qətnaməsi alimentin 09 sentyabr 2013-cü il tarixdən tutulmalı olduğu hissədə dəyişdirilmiş və alimentin tutulması xx.xx.2012-ci il tarixdən hesablanmışdır. Cinayət işində olan Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şahid1 11 iyul 2014-cü il tarixli icraata başlama haqqında qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 mart 2014-cü il tarixli, 2(103)-1692/2014 saylı icra vərəqi üzrə icraata başlanmış, icra sənədində göstərilmiş tələbin 10 gün müddətində icrasının könüllü təmin edilməsi üçün borcluya 11 iyul 2014-cü il tarixdə bildiriş göndərilmişdir. Cinayət işində olan 30 iyul 2014-cü il tarixli borclunun axtarılması haqqında qərardan görünür ki, xx.xx.1978-ci ildə Masallı rayonu Mahmudavar kəndində anadan olmuş, Masallı rayonu Mahmudavar kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. Cinayət işində olan Masallı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(050)- 879/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qərarının icra edilməməsi ilə bağlı inzibati məsuliyyətə cəlb edilərək Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinmiş və o, 10 gün müddətə inzibati qaydada həbs edilmişdir. Cinayət işində olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 yanvar 2012-ci il tarixli, 2(005)-388/2022 saylı qətnaməsindən görünür ki, qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq Təqsirləndirilən şəxs xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində aliment Zərərçəkmiş şəxs xeyrinə tutulması qət edilmişdir. Cinayət işində olan Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şahid1 26 aprel 2022-ci il tarixli icraata başlama haqqında qərarından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 yanvar 2012-ci il tarixli, 2(005)-388/2022 saylı icra vərəqi üzrə icraata başlanmış, icra sənədində göstərilmiş tələbin könüllü təmin edilməsi üçün borcluya 26 aprel 2022-ci il tarixdə bildiriş göndərilmişdir. Cinayət işində olan 03 oktyabr 2022-ci il tarixli borclunun axtarılması haqqında qərardan görünür ki, xx.xx.1978-ci il təvəllüdlü, Masallı rayonu Mahmudavar kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. Cinayət işində olan Masallı Rayon Məhkəməsinin 07 mart 2023-cü il tarixli, 3(050)- 384/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qərarının icra edilməməsi ilə bağlı inzibati məsuliyyətə cəlb edilərək Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinmiş və o, 500 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Cinayət işində olan 01 dekabr 2023-cü il tarixli borclunun axtarılması haqqında qərardan görünür ki, xx.xx.1978-ci il təvəllüdlü, Masallı rayonu Mahmudavar kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. Cinayət işində olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Masallı X12 Məkrəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs icarəsində və ya istifadəsində torpaq sahəsinin olub-olmaması barədə məlumat vermək Masallı DAİM-nin səlahiyyətləri xaricindədir. Təqsirləndirilən şəxs X6 İnformasiya Sistemində qeydiyyatda olmadığı və ona subsidiya verilmədiyi müəyyən olunmuşdur. Cinayət işində olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 X1 Filialı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemində işaxtaran və ya işsiz kimi qeydiyyata alınmadığından onun münasib işlə təmin edilməsi üçün müvafiq tədbirlərin görülməsi mümkün olmamışdır. Filialın əməkdaşı tərəfindən Təqsirləndirilən şəxs müraciətində qeyd olunan telefon nömrəsi ilə əlaqə saxlamaq mümkün olmamışdır. Təqsirləndirilən şəxs ünvanına məktub göndərilmiş və Filialın Masallı rayon xidmət şöbəsinə yaxınlaşacağı təqdirdə məşğulluq tədbirlərinə cəlb olunması istiqamətində müvafiq tədbirlərin görüləcəyi bildirilmişdir. Cinayət işində olan Masallı rayon Mahmudavar bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Masallı rayonu Mahmudavar kənd sakini Təqsirləndirilən şəxs istifadəsində pay bölgüsü əsasında adına 0.1542 ha paybəlli torpaq sahəsi vardır. Cinayət işində olan Masallı Rayon Məhkəməsinin 8(050)-148/2024 saylı 19 aprel 2024-cü il tarixli qərardadından görünür ki, xx.xx.1978-ci ildə Masallı rayonu Mahmudavar kəndində anadan olan, Masallı rayonu Mahmudavar kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Cinayət işində olan Masallı rayon İcra və probasiya şöbəsinin icra məmurları tərəfindən tərtib olunmuş 17 iyul 2024-cü il tarixli aktdan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 mart 2014-cü il tarixli, 2(103)-1692/2014 saylı və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 yanvar 2012-ci il tarixli, 2(005)-388/2022 saylı icra sənədlərinin icrasını təmin etmək məqsədi ilə borclu Təqsirləndirilən şəxs qeydiyyatda olduğu Masallı rayonu Mahmudavar kəndində olmuşlar, ünvana baxış keçirilən zaman borcluya məxsus tələbin yönəldilə biləcəyi əmlak aşkar olunmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 180.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsi tətbiq olunaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarına əsasən hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından azad edilərək üzərindən məhkumluq götürülmüşdür. Cinayət işində olan AZ-İİ № 537109 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X5 arasında 10 avqust 2023-cü il tarixdə Masallı rayon Qeydiyyat şöbəsində 5 “b” saylı nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına Ağayeva soyadı verilmişdir. Cinayət işində olan AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 xx.xx.2014-cü il tarixdə doğulmuşdur. Cinayət işində olan AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 xx.xx.2019-cu il tarixdə doğulmuşdur. İş materiallarına əlavə edilmiş Masallı rayonu İcra Hakimiyyəti Başçısının Mahmudavar kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən Masallı rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış arayışdan və xasiyyətnamədən görünür ki, Ağayev X2 rayonu Mahmudavar kəndində qeydiyyatda olmasına baxmayaraq ərazidə yaşamır, fərdi yaşayış evi yoxdur, 0.15 ha paybəlli torpaq sahəsi vardır, yaşadığı yer üzrə müsbət xarakterizə edilir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə dindirilmiş və ifadələri elan olunmuş şəxslərin (təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxsin və şahidlərin) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Мəcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirildiyi üçün o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən Borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Həmin Qanununun 82.3-cü maddəsinə əsasən icra sənədi qərəzli olaraq icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana (bu Qanunun 84-2.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla), icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” 2 oktyabr 2012-ci il tarixli Qərarı ilə müəyyən etmişdir ki, «CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası İXM-in 313-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır.» Həmin qərarda həmçinin qeyd edilir ki, «CM-in 306.1-ci maddəsində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını və ya qərarını qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Bu maddə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icra edilməməsinin iki üsulunu nəzərdə tutmuşdur: məhkəmə aktlarını qərəzli icra etməmə və məhkəmə aktlarının icrasına maneçilik törətmə. Qeyd edilən hər iki üsul CM-in 306-cı maddəsində nəzərdə tutulmuş əməlin tövsif edilməsi zamanı böyük rol oynayan spesifik əlamətlərə malikdir. Birinci halda bir qayda olaraq, cinayət hərəkətsizlik nəticəsində baş verir. Borclu məhkəmə qərarının icrası üçün müəyyən hərəkətləri etmir. Bununla yanaşı, icra etməmə borclunun müəyyən hərəkətləri etməsi ilə də həyata keçirilə bilər. Məsələn, subyekt yazılı və ya şifahi şəkildə məhkəmə qərarını icra etməyəcəyi barədə məlumat verir və ya məhkəmə qərarını icra etmək niyyətinin olmadığını ifadə edir. Göstərilənlərdən belə nəticəyə gəlmək olar ki, məhkəmə qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: Məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; -borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Belə hərəkətlər nəticəsində borclu icra sənədini qərəzli olaraq icra etmədikdə, icra məmuru həmin şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana, icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verməlidir (“İcra haqqında” Qanunun 82.3-cü maddəsi). Bununla yanaşı nəzərə alınmalıdır ki, CM-in 306.1-ci maddəsində müəyyən edilmiş “qərəzli” müddəası qiymətləndirici (tövsifedici) əlamət olduğundan ibtidai istintaq aparan orqan və ya məhkəmə yalnız konkret işin hallarına uyğun olaraq bu əlamətin mövcud olub-olmamasını müəyyən etməlidir.» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair» 18 dekabr 2014cü il qərarında inzibati tənbeh təkcə inzibati hüquq pozuntusu ilə deyil, həm də cinayətlə mübarizədə hüquqi vasitə hesab edilir. Belə ki, inzibati pozuntu törətmiş və buna görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs təkrarən eyni pozuntunu törətməsi halında cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdar edilir. İnzibati məsuliyyətə cəlb edilmənin nəticəsiz qalması, bu inzibati tənbehin tərbiyəedici, xəbərdaredici təsir göstərmədiyini sübut edir. Belə olan halda, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilir. İnzibati tənbehin icrası zamanı və qanunla nəzərdə tutulmuş icradan sonrakı müddət şəxsin inzibati məsuliyyətə cəlb olunmuş hesab edildiyi müddətdir. Bu müddət ərzində şəxsin yeni inzibati xəta törətməsi faktı onun üçün hüquqi xarakterli mənfi nəticələr (inzibati məsuliyyəti ağırlaşdıran hal və daha ciddi inzibati tənbehin tətbiqi üçün tövsifedici əlamət) yarada bilər. İnzibati tənbehin ödənilməsi müddəti sınaq müddəti hesab edilir və bu müddətdə məsuliyyətə cəlb olunmuş şəxs özünün islah olunmasını sübut etməlidir. Qərarda həmçinin qeyd edilir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsinə müvafiq olaraq barəsində inzibati tənbeh tətbiq olunmuş şəxs, məhkəmə aktını qərəzli olaraq icra etməməkdə davam edərsə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilir. Bu hallara Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin tələbləri şamil edilmir. Beləliklə məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikasının CPM-nin 144-146-cı maddələrində nəzərdə tutulmuş qaydada hüquqi qiymət verərək, eləcə də həmin Məcəllənin 346 və 349-cı maddələrinin tələblərinə riayət edərək hesab edir ki, baş vermiş cinayət hadisəsini Təqsirləndirilən şəxs törətməsi, onun təqsirliliyi məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlarla əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayətdir, məhkəmənin müəyyən etdiyi hallar tədqiq olunmuş sübutlara uyğun gəlir, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1.-ci maddəsi əsasında təqsirləndirilən şəxsə ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur, əməlin cinayət olmasını aradan qaldıran, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi əsasları yoxdur. Odur ki, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.3.-cü maddəsində göstərilir ki, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamının 8-ci bəndində qeyd edilir ki, - ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmin Sərəncamın 10-cu bəndinə əsasən cəza siyasətinin humanistləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilsin və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə tapşırılsın ki, aşağıdakı istiqamətlərdə qanun layihələrini hazırlayıb iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsinlər: - cinayətlərin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunması və mövcud alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi; - törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması. Həmin Sərəncamın 13-cü bəndinə məhkəmələrə tövsiyə edilir ki: - cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; - cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xatakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə qeyd edir ki, cəza təyin edərkən Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən, əməlini etiraf etməsini, əməlindən peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarının 4-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs həmin maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs istintaqdan yayındığı üçün cinayət işinin icraatı dayandırılmaqla barəsində axtarış elan edilmiş, o, 14 mart 2025-ci il tarixdə tutularaq aidiyyəti üzrə təhvil verilmiş, 15 mart 2025-ci il tarixdə isə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və müvəqqəti saxlama yerindən azad edilmişdir, sonradan o, ibtidai istintaq zamanı qətimkan tədbirinin şərtlətini pozduğuna görə tutulması haqqında qərar qəbul edilmiş və cinayət işinin icraatı dayandırılmışdır, o, 01 noyabr 2025-ci il tarixdə tutularaq aidiyyəti üzrə təhvil verilmiş, 03 noyabr 2025-ci il tarixdə isə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və müvəqqəti saxlama yerindən azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsi nəzərə alınmaqla cəza təyin etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsində göstərilmişdir ki, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmədən yayındığı üçün Masallı Rayon Məhkəməsinin 1(050)-244/2025 saylı, 10 fevral 2026-cı il tarixli qərarı ilə barəsində axtarış elan edilməklə cinayət işinin icraatı dayandırılmış və barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. Təqsirləndirilən şəxs 18 fevral 2026-cı il tarixdə tutularaq RPŞ-yə gətirilərək MSY-yə təhvil verilmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələblərinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından onun barəsində Masallı Rayon Məhkəməsinin 1(050)-244/2025 saylı, 10 fevral 2026-cı il tarixli qərarı ilə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Porosessaul Məcəlləsinin 346.1.22-ci maddəsinin tələblərinə əsasən cəzanın çəkilmə müddətinin hansı tarixdən başlanılması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının əvvəli 18 fevral 2026-cı il tarixdən hesablanmalıdır. Məhkəmə iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən müsadirə ediləcək əmlakın olmamasını müəyyən etdi. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 14 mart 2025-ci il tarixdən 15 mart 2025-ci il tarixədək və 01 noyabr 2025-ci il tarixdən 03 noyabr 2025-ci il tarixədək tutulduğu 03 (üç) gün müddət ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəza çəkməsinin əvvəli 18 fevral 2026-cı il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Hökm elan edildiyi vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar