Məhkəmə qərarları › İş №1(050)-249/2023

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-249/2023

19.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-249/2023 19.12.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Hakim köməkçisi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbənin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi Masallı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə. xx xxxxxxx 1967-ci il tarixdə Masallı rayonu, Sərçuvar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, Masallı rayonu, Sərçuvar kəndində qeydiyyatda olmaqla yaşayan, 14 oktyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Masallı Rayon Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilib və hazırda həbsdə olan; Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, Masallı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən iki ədəd bükümdə ümumi təmiz çəkisi 0,478 qram psixotrop maddə metamfetamini və bir ədəd bükümdə təmiz çəkisi 0,041 qram narkotik vasitə heroini satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, xx.xx.2023-cü il tarixdə saat 14 radələrində əvvəllər tanıdığı, Masallı rayonu Xıl kənd sakini Şahid1 satış məqsədilə əldə etdiyi bir bükümdə 0,041 qram narkotik vasitə heroini və bir bükümdə 0,201 qram psixotrop maddə metamfetamini 10 manat pul müqabilində yaşadığı Masallı rayonu Sərçuvar kəndi ərazisində satmış, onun narkotik vasitələri qəbul etməkdə, üzərində gəzdirməkdə və satışında məşğul olmaqla cinayət törətməsi barədə əsaslı məlumatlar əldə etmiş Masallı RPŞ-nin əməkdaşları tərəfindən 14 oktyabr 2023-cü il tarixdə saat 20 radələrində keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı rayonu Sərçuvar kəndi ərazisində saxlanılaraq Masallı RPŞyə gətirilib orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 0,277 qram təşkil edən, xx.xx.2023-cü il tarixdə Şahid1 üzərindən aşkar edilmiş təmiz çəkisi 0,201 qram olan psixotrop maddə metamfetaminlə xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eyni olan ağ rəngli kristallardan ibarət metamfetamin aşkar edilərək götürülmüşdür. Bu əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, əvvəllər narkotik vasitələrdən qanunsuz istifadəyə görə məhkum olunmuş, sonuncu dəfə Masallı rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə təqsirli bilinib 01 il azadlıqdan məhrumetmə cəzası almış və xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azadlığa çıxdıqdan sonra yenidən narkotik vasitələr qəbul etməyə başlamışdır. Adətən narkotik vasitələri 16 saylı cəzaçəkmə müəssisəsində birgə cəzaçəkdiyi Şahid1 ilə birlikdə qəbul etmişdir. Narkotik vasitə əldə etmək üçün o, və yaxud Şahid1 Lənkəran rayonu Qumbaşı kəndinə gedib oradan tanımadıqları şəxsdən narkotik vasitə alıb birbirilərinə verərək istifadə etmişlər. xx.xx.2023-cü il tarixdə Ağababa ona zəng edərək narkotik vasitə istədiyini bildirmiş, o, özü və Ağababa üçün narkotik vasitə almaq məqsədilə Lənkəran rayonu Qumbaşı kəndinə getmişdir. Orada psixotrop maddə metamfetamin və heroin 20 manat pulun qarşılığında tanımadığı şəxsdən almış və əynində olan qara rəngli şalvarının sağ yan cibinə qoyaraq Masallı rayon, Sərçuvar kəndinə gəlmişdir. Həmin gün Ağababa ilə görüşmüş onun üçün aldığı pisxotrop maddələri ona vermiş və buna görə Ağababdan 10 manat pul almışdır. O, heç kimə narkotik vasitə satmamış, Ağababa onun üçün narkotik vasitə almağı xahiş etdiyi üçün qanunla qadağan olunmuş maddələr almışdır. Təqsirləndirilən şəxs ifadəsində bildirdi ki, üzərindən aşkar olunmuş narkotik vasitə ona məxsus deyil, saxlanılıb polis şöbəsinə gəldikdən sonra onun üzərinə polis əməkdaşları qoymuşlar. Onun üzərində narkotik vasitə olmamışdır. O, özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi özünü təqsirli bilir, törətdiyi əmələ görə peşmandır. Göstərilənləri nəzərə alıb, barəsində azadlıqdan məhrumetmə ilə ələqədar olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqında şahid Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkilli Şahid2 ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə Şahid1 qanunsuz olaraq üzərində narkotik vasitə saxlamasında və istifadə etməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında Şahid1 həmin günü saat 16 radələrində yaşadığı Xıl kəndi ərazisində saxlanılaraq polis şöbəsinə gətirilib üzərinə şəxsi axtarış keçirilmişdir. Onun üzərindən bir büküm psixotrop maddə metamfetamin və bir büküm narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Şahid1 şəxsi axtarış zamanı üzərindən götürülmüş metamfetamini və heroini xx.xx.2023-cü il tarixdə Sərçuvar kənd sakini Təqsirləndirilən şəxs adlı şəsdən 10 manat pulun müqabilində aldığını bildirmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs saxlanılmış və polis şöbəsinə gətirilmişdir. Polis şöbəsinə gəldikdən sonra müdafiəçi qismində Müdafiəçi RPŞyə dəvət olunmuşdur. Daha sonra təhqiqatçısı B.Əsgərli Təqsirləndirilən şəxs üzərində şəxsi-axtarış aparılacağını və bu zaman video çəkilişdən istifadə olunacağını demişdir. Təhqiqatçı əvvəlcə ona üzərində qanunla qadağan olunmuş hər hansı vasitə, predmet və ya əşya varsa təqdim etməyi barədə təklif etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd ağ rəngli kağıza bükülmüş maddəni çıxardıb təqdim edərək təqdim etdiyi kağızın içindəkinin psixotrop maddə olan metamfetamindir, həmin mütamfetamini xx.xx.2023-ci il tarixdə səhər saatlarında Lənkəran rayonu Qumbaşı kəndində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını və istifadə etməkdən ötrü üzərində gəzdiridiyini bildirmişdir. X3 həmin vaxtı ona Xıl kənd sakini Şahid1 xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tərəfindən tutulduğunu, üzərinə baxış keçirilərkən üzərindən bir büküm metamfetamin və bir büküm heroinin aşkar edilərək götrüldüyünü və Ağababanın həmin iki büküm narkotiki 10 manat pulun qarşılığında ondan aldığını bildirdiyini qeyd etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs səmimi etiraf edərək Şahid1 dediklərinin doğru olduğunu, xx.xx.2023-cü il tarixdə Lənkəran rayonu Qumbaşı kəndində tanımadığı şəxsdən əslində 20 manat pulun qarşılığında iki büküm metamfetamin və bir büküm heroin aldığını, bir büküm metamfetamini və bir büküm heroini həmin günü saat 14 radələrində Sərçuvar kəndi ərazisində tanışı Şahid1 10 manat pulun müqabilində verdiyini bildirmişdir. Məhkəmə istintaqında ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid4 ifadəsindən görünür ki, o, Şahid2 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə istintaqında ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid3 ifadəsindən görünür ki, o, Şahid2 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir Məhkəmə istintaqında ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid1 ifadəsində göstərmişdir ki, dəfələrlə narkotik vasitələrin və psixotrop maddələrdən qanunsuz istifadə etdiyi üçün məhkum olunmuşdur. Bədənində olan ağrıları narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etməklə sakitləşdirir. xx.xx.2023-cü il tarixdə də ehtiyacı olduğu üçün narkotik vasitə və ya psixotrop maddə tapmaq qərarına gəlmişdir. Əvvəllər Masallı rayonu Sərçuvar kəndində yaşayan Təqsirləndirilən şəxs adlı şəxsin narkotik vasitərin və psixotrop maddələrin satışı ilə məşğul olduğunu bildiyi üçün həmin şəxsdən narkotik vasitə və ya psixotrop maddə almaq qərarına gəlmişdir. Buna görə də günorta saat təxminən 14 radələrində yaşadığı Xıl kəndi ilə qonşu kənd olan Sərçuvar kəndində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddə əldə etmək məqsədi ilə piyada Sərçuvar kəndinə getmişdir. Sərçuvar kəndinə çatdıqdan sonra piyada Farizin yaşadığı evinə doğru hərəkət edərkən yolda Farizlə rastlaşmışdır. Farizlə bir qədər söhbət etdikdən sonra ona bədənində ağrılar olduğunu demiş və narkotik vasitə və ya psixotrop maddə sata bilib-bilməyəcəyini soruşmuşdur. Həmin vaxt Fariz ondan üzərində nə qədər pulunun olmasını soruşmuşdur. O, Farizə üzərində 10 manat pulunun olduğunu demişdir. Fariz ona 10 manat pul qarşılığında bir dəfəlik istifadəsi üçün “şüşə”, yəni psixotrop maddə metamfetamin və narkotik vasitə olan heroin sata biləcəyini bildirmişdir. Bundan sonra o cibindən 10 manat pulu çıxarıb Farizə vermiş və Fariz də üzərindən ağ və qara rəngli kağızlara bükülmüş iki ədəd bükülü çıxarıb ona verərək ağ kağızda olan bükülünün içərisində psixotrop maddə metamfetamin, qara kağızda olan bükülünün içərisində isə heroin olmasını bildirmişdir. O həmin bükülüləri Farizdən alaraq əynində olan şalvarının sağ yan cibinə qoymuşdur. Bundan sonra piyada kənddən uzaqlaşıb yaşadığı Xıl kəndinə doğru getməyə başlamışdır. Təxminən saat 16 radərində yaşadığı Masallı rayonu Xıl kəndinə çatmışdır. Kəndin içərisi ilə piyada hərəkətdə olarkən iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib polis əməkdaşları olduqlarını bildirib qanunsuz olaraq narkotik vasitə istifadə etməkdə və üzərində daşımaqda şübhəli olduğunu bildirmişlər və onu Masallı rayon polis şöbəsinə gətirmişlər. Orada X3 onu şübhəli şəxs qismində tutub üzərinə baxış keçirərkən o üzərində olan bir büküm metamfetamini və bir büküm heroini cibindən çıxardıb təqdim etmiş və onları xx.xx.2023-cü il tarixdə günorta satlarında Masallı rayonu Sərçuvar kənd sakini Təqsirləndirilən şəxs adlı şəxsdən 10 manata aldığını bildirmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilməsi barədə video çəkilişin aparılmasına dair kompakt diskinə məhkəmə istintaqında “HP” markalı komputerdə baxış keçirilərək müəyyən olunmuşdur ki, Masallı rayonu Vəkil Bürosunun vəkili Müdafiəçi, Masallı RPŞ-nin CAB-nin NMQ-nın baş əməliyyat müvəkkilləri Şahid2, Şahid4, Masallı RPş-nin PPXB-nin polis nəfəri Şahid3 iştirakları ilə Masallı RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı Bəhmən Əsgərli tərəfindən Təqsirləndirilən şəxs üzərində gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı maddə, predmet və əşya varsa könüllü olaraq iştirakçılara təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd psixotrop maddə metamfetaminə bənzər kütlə təqdim etmiş və şəxsi istiadəsi üçün əldə etdiyini bildirmişdir. Cinayət işinin materiallarında olan üzləşdirmədə dindirmə protokolundan və üzləşmənin qeydə alınması barədə videogörüntü olan CD diskdən görünür ki, üzləşmə zamanı Şahid1 istifadəsi üçün psixotrop maddə metamfetomin və narkotik vasitə heroini Təqsirləndirilən şəxs 10 manata almasını, Təqsirləndirilən şəxs isə iki büküm narkotiki 10 manata versədə, lakin satmadığını həmin narkotikə verdiyi pulu ondan almaq məqsədi olmuşdur. Məhkəmə-bioloji ekspertizasının 15 oktyabr 2023-cü il tarixli, 19/932 nömrəli rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə olan metamfetaminə bənzər kütlə...” sözləri və imzalar olan bir ədəd zəfdəki, 1 ədəd bükümdə təmiz çəkisi: 0,277 qram ağ rəngli kristallardan ibarət olan maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərlərində “Vət.Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə olan metamfetaminə bənzər kütlə...” və “Şahid1 üzərindən aşkar edilmiş 1 büküm heroin və 1 büküm metamfetamin Rəy №19/931...” sözlər və imzalar olan iki ədəd zərfdəki ümumilikdə 2 ədəd bükümdə olan metamfetaminlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Metafetaminin təmiz çəkisi 0,277 qram, tədqiqata sərf olundu -0,05 qram, qalıq-0,227qramdır. Məhkəmə-narkoloji ekspertizasının 17 oktyabr 2023-cü il tarixli 961 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs “Opioidlərin və stimulatorların qəbulundan yaranan asılılıq sindromu (polinarkomaniya) xəstəliyi aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan əməliyyat tapşırığına cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Masallı rayonu Sərçuvar kənd sakini Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 10 radələrində Lənkəran rayonu Qumbaşı kəndi ərazisində şəxsiyyəti hələ ki müəyyən edilməyən tanımadığı şəxsdən satış məqsədilə iki büküm psixotrop maddə metamfetamini və bir büküm narkotik vasitə heroini 20 manat pulun qarşılığında əldə edərək həmin günü saat 14 radələrində yaşadığı Sərçuvar kəndində əvvəllər tanıdığı Xıl kənd sakini Şahid1 bir büküm metamfetamin və bir büküm heroini 10 manat pula satmışdır. Bundan başqa keçirilmiş tədbirlərlə məlum olmuşdur ki, Təqsirləndirilən şəxs əvvəllər Masallı rayonu ərazisində narkotik maddələrin satışını təşkil etmiş, narkotik xəstəsi olan şəxslərlə tez-tez birlikdə görünmüşdür. Təqsirləndirilən şəxs satış məqsədilə narkotik vasitə və psixotrop maddə əldə etdiyi şəxsin kimliyini, həmçinin narkotik maddələr almaq üçün Lənkəran rayonuna gedib-gəldiyi nəqliyyat vasitələrin markalarını və sürücülərini müəyyən etmək mümkün olmamışdır. 22 noyabr 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və keçirilmiş məhkəmə fizikikimyəvi ekspertizasında tədqiqata sərf edildikdən sonra faktiki olaraq təmiz qalıq çəkisi 0,227 qram qalmış psixotrop maddə metamfetamin xx.xx.2023-cü il tarixdə maddi sübut kimi tanınmış və saxlanılması üçün RPŞ-nin saxlanc yerinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərindən psixotrop maddə metamfetaminin aşkar olunduğu görüntünü əks etdirən 01 ədəd video disk və üzləşdirmə protokolunun video görüntüsü iş üçün əhəmiyyətli olduğundan sübut növü kimi tanınaraq cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. Məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 1002 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs tibbi müayinədən keçirilmişdir.Rəyə əsasən onda hər hansı bir xəsarət aşkar olunmamışdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.3-cü maddəsində göstərilir ki, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən təqsirləndirilən şəxsin qismən etirafı, şahid ifadələri, video çəkiliş aparılmaqla keçirilmiş üzləşdirmədə-dindirmə protokolu, maddi sübutlar, eləcə də işin faktiki halları ilə Təqsirləndirilən şəxs verilmiş Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ittiham üzrə təqsiri tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs özünü CM-nin 234.1.-ci maddəsi ilə təqsirli bilməsinə dair ifadəsinə hüquqi qiymət verərək qeyd edir ki, onun həmin ifadəsi məhkəmə istintaqında “Ağababa ilə görüşmüş onun üçün aldığı pisxotrop maddələri ona vermiş və buna görədə Ağababda cibindən 10 manat çıxardaraq vermişdir" bildirməsi, habelə ibtidai istintaq zamanı video çəkilişlə keçirilmiş şəxsi axtarış və götürmə aparılması barədə protokolda “mən 20 manat müqabilində narkotik və pixotrop maddələri Lənkəran rayonu, Qumbaşı kəndindən almışam. Həmin maddələrin dəyəri 10 manat olan Ağababanın, digər dəyəri 10 manatı olan isə mənim olmuş. Ağababa ilə görüşmüş aldığı maddələri onunla bölmüş və Ağababa cibindən 10 manat çıxardaraq ona vermişdir” bildirməsi, video çəkilişlə keçirilmiş üzləşdirmədə dindirmə protokolunda “Təqsirləndirilən şəxs Şahid1 iki büküm narkotiki 10 manata versədə, lakin satmadığını həmin narkotikə verdiyi pulu ondan almışdır” ifadələri, ibtidai və məhkəmə istintintaqında dindirilmiş şahid ifadələri ilə tam təkzib olunur. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs göstərdiyi halları özünü müdafiə kimi qiymətləndirir və mötəbər sübut kimi qəbul etmir. Məhkəmə, tədqiq edilən sübutlara Azərbaycan Respublikasının CPM-nin 144-146-cı maddələrində nəzərdə tutulmuş qaydada hüquqi qiymət verərək, eləcə də, həmin Məcəllənin 346 və 349-cu maddələrinin tələblərinə riayət edərək hesab edir ki, baş vermiş cinayət hadisəsini Təqsirləndirilən şəxs törətməsi, onun təqsirliliyi məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayətdir, məhkəmənin müəyyən etdiyi hallar tədqiq olunmuş sübutlara uyğun gəlir, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 234.2-ci maddəsi əsasında təqsirləndirilən şəxsə ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur, əməlin cinayət olmasını aradan qaldıran, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs ittiham olunduğu həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında 14 oktyabr 2023cü il tarixli protokoldan və 16 oktyabr 2023-cü il tarixli qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs 14 oktyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 16 oktyabr 2023-cü il tarixdə Masallı Rayon Məhkəməsinin qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən və Masallı rayon Məhkəməsinin xx.xx.2020-cü il tarixli 2(050)-17/2020 saylı hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər xx.xx.2019-ci ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına, xx.xx.2020-ci ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, sonuncu məhkumluğu üzrə xx.xx.2020-ci il tarixdə cəza müddəti başa çatmış, məhkumluğu ödənilmişdir. Masallı rayon İcra Hakimiyyəti Başçısının Sərçuvar kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Masallı rayonu, Sərçuvar kəndində qeydiyyatda olmaqla yaşayır, yaşadığı yer üzrə müsbət xarakterizə edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xatakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdiran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-nin 59.1-ci maddəsində nəzərdə tutulmuş və ya Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən nəzərə alına bilən cəzanı yüngülləşdirən hallar yoxdur. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hal yoxdur. Məhkəmə təyin ediləcək cəzanın növü və həddi məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs şəxsiyyəti, əvvəllər narkotik cinayətinə görə bir neçə dəfə məhkum olunmasını, cinayətləri törətmə mexanizmi, xarakteri, əməlinin ictimai təhlükəliliyi ona əsas verir ki, o, cinayətə meyilli şəxsdir, məhkumluğu ödənilmiş olsa da, o, yalnız azadlıqdan məhrumetmə cəzası çəkməklə islah oluna bilər. Bununla belə təyin olunacaq cəzanın onun ailə şəraitinə təsiri nəzərə alınmalıdır və orta həddə azadlıqdan məhrum etmə cəzasının təyin olunması ədalətli və qanuni hesab edilməklə cəzanın məqsədlərinə və sosial ədalətin bərpasına nail oluna bilər. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün-ümumi rejimli cəza çəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1 və 93.1.2-ci maddələrinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması (məhkəməyədək, habelə birinci və apellyasiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1, 158.2.2 və 158.3-cü maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələblərinə əsasən qətimkan tədbiri məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər qüvvəsində saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Porosessaul Məcəlləsinin 346.1.22-ci maddəsinin tələblərinə əsasən cəzanın çəkilmə müddətinin hansı tarixdən başlanılması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, CPM-nin 158.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının əvvəli onun şübhəli şəxs qismində tutulduğu 14 oktyabr 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Rayonlararası X1 X5 Yoxlamanın nəticələrinə dair rəyini tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs “opioidlərin və stimulatorların qəbulundan yaranan asılılıq sindrom” polinarkomaniya xəstələyindən məcburi müalicə olunması zərurəti vardır, məcburi müalicəyə qarşı əks göstərişi yoxdur. Ona görə də, Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri-60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi subut olan-Masallı RPŞ-də saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış -0,227 qram qalan narkotik vasitə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, videogörüntü olan 2 əddəd kompakt disklər iş materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və Azərbaycan Respublikasının CM-nin 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli 14 oktyabr 2023-cü il tarixdən hesablansın, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs “Opioidlərin və stimulatorların qəbulundan yaranan asılılıq sindrom” palinarkomaniya xəstəliyindən məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Maddi sübutlar-Masallı rayon polis şöbəsində saxlanılan, tədqiqata sərf edildikdən sonrakı çəkisi 0,227 qram qalan psixotorop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, videogörüntü olan 2 (iki) ədəd disklər cinayət işi materiallarında saxlanılsın. Maddi sübut 0,227 qram qalan psixotorop maddə metafetamin məhv edilməsi hissədə hökmün icrası Masallı rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. 60 (altmış) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin **********, X2 KOD 210005, VÖEN **********1, Müxbir hesab AZ 41 NABZ**********00 00003944, SWİFT BİK CTREAZ 22, VÖEN **********, AZ3434CTRE**********000 ******* hesabına köçürülsün. Hökm elan olunduqdan və həbsdə saxlanılan təqsirləndirilən şəxsə verildiyi andan 20 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar