Məhkəmə qərarları › İş №1(050)-256/2023

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-256/2023

18.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-256/2023 18.12.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, onun nümayəndələri Nümayəndə2 və Masallı Rayon Vəkil Bürosunun vəkili Nümayəndə1, Təqsirləndirilən şəxs və müdafiəçisi Masallı Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Masallı rayonu, Ərkivan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, himayəsində 4 azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Ərkivan qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 02 radələrində Masallı rayonu, Ərkivan qəsəbəsində yerləşən özünə məxsus fərdi yaşayış evinin 2-ci mərtəbəsində Zərərçəkmiş şəxs ilə Zərərçəkmiş şəxs ona çay verməməsi ilə əlaqədar aralarında ailəməişət zəminində baş vermiş mübahisə zamanı, Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə yumruqla qəsdən vuraraq sonuncuya döş qəfəsinin sol İX-X qabırğalarının yerini dəyişmiş sınığı, başın alın nahiyəsinin, sol bazu və döş qəfəsinin sol yan hissəsinin qançırları kimi zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və CM-in 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır dərəcəli bədən xəsarətləri yetirmişdir. Həmin əməlinə görə cinayət əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək, ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs arvadıdır, formal olaraq nikahları pozulmuş, lakin baş vermiş hadisəyə qədər bir yerdə yaşayırdılar. Birgə nikahlarından 4 övladları var. Onların evlərində övladlarından əlavə anası Şahid1 da yaşamışdır. xx.xx.2023-cü il tarixdə saat 02 radələrində spirtli içkinin təsiri altında olmuş və həmin vəziyyətdə evə gəlmişdir. Bu zaman Zərərçəkmiş şəxs yatmışdır. O, dəhlizdə olan divanda uzanaraq Nərgizi çağırmış və ona çay verməsini istəmişdir. Bundan sonra Zərərçəkmiş şəxs oyanmış dəhlizə çıxmış və ondan nə olmasınmı soruşmuşdur. O, Nərgizə çay istədiyini bir daha bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs ona spirtli içki içməyi və bu vəziyyətdə evə gəlməyi barədə irad bildirmiş və ona çay verməkdən imtina etmişdir. Nərgiz dərhal anası Şahid1 otağına getmişdir. O, da buna görə əsəbiləşərək ayağa qalxmış və Zərərçəkmiş şəxs arxası ilə anasının otağına gedərək Nərgizin bədən nahiyəsinə bir neçə dəfə yumruqla vurmuşdur. Bu zaman anası onları ayırmış, onun qarşısına çıxmış və ona Nərgizlə işinin olmamasını demişdir. O, daha sonra otağına keçmişdir. Təxminən 5-10 dəqiqə sonra həyətdə qaynatası Nümayəndə2 səsinin gəlməsini eşitmişdir. Nümayəndə2 onun olduğu yerə gəlmiş, qaynı Şahid3 da orada olmuşdur. Nümayəndə2 qızını öz evinə aparacağını bildirmiş və onlar Zərərçəkmiş şəxs götürərək həyətə çıxmışlar və avtomobildə əyləşmişlər. O, Zərərçəkmiş şəxs hara getməsini soruşmuş, lakin onlar avtomobilin qapısını kilidləyərək oradan uzaqlaşmışlar. Sonda Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, Zərərçəkmiş şəxs ilə barışmaq istədiyini, ailəsini dağıtmaq fikrinin olmadığını bildirib barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Təqsirləndirilən şəxsin ittiham olunduğu cinayəti törətməsi onun özünün səmimi etirafı ilə yanaşı işin məhkəmə istintaqı zamanı tədqiq edilən digər sübut növləri ilə aşağıdakı qaydada tam sübuta yetirilir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Fətullayevlə 2021-ci il tarixədək rəsmi nikahda olmuş, lakin 2021-ci il tarixdə sosial yardım düzəltmək məqsədi ilə rəsmi formada boşanmışlar və birlikdə qeyri-rəsmi formada Masallı rayonu, Ərkivan qəsəbəsində yaşamışlar. Övladlarından əlavə qaynanası Şahid1 da onlarla yaşamışdır. Elçin Fətulayev mütəmadi olaraq spirtli içki qəbul edərək evə gəlmiş və sərxoş vəziyyətdə onunla münaqişə yaratmışdır. Lakin o, bundan əvvəl Təqsirləndirilən şəxs barəsində şikayət etməmişdir. Onun düzələcəyini ümid etmiş və buna görə şikayət etməmişdir. xx.xx.2023-cü il tarixdə saat 02 radələrində evdə yatmışdır. Bu zaman əri Təqsirləndirilən şəxs evə gəlmişdir. O, Təqsirləndirilən şəxs səsinə oyanmış, dəhlizə çıxmış və Elçinin içkili olmasını görmüşdür. Təqsirləndirilən şəxs dəhlizdə uca səslə çağırmağa və ondan çay istəməyə başlamışdır. Elçindən niyə belə etməsini soruşmuşdur. Elçin içkili olduğu üçün anlaşılmaz danışmış və yenidən ondan çay istəmişdir. O, Elçin içkili olduğu üçün bundan imtina etmiş və bundan sonra otağa qayıdaraq telefonunu götürmüş və dərhal qaçaraq digər otaqda olan qaynı Xətmirə Fətulayevanın yanına getmişdir. Şahid1 həmin vaxt oğlunun səsinə oyanmış və otağından çölə çıxmışdır. Qaynanası ondan nə olmasını soruşmuş, o, bilmədiyini, Elçinin yenə spitli içki qəbul etdiyini demişdir. Bundan sonra qaynanası Elçinin yanına getmiş və onu sakitləşdirməyə çalışmışdır. O, isə kənarda qapının arxasında gözləmişdir. O, Təqsirləndirilən şəxs səsinin eşitdikdən sonra dərhal atası Nümayəndə2 zəng edərək hadisə barəsində məlumat vermişdir. O, danışdıqdan sonra Təqsirləndirilən şəxs onun olduğu otağa girmiş və yumruqla bel, baş, üz nahiyələrinə vurmağa başlamışdır. O, daha sonra yerə yıxılmışdır. Həmin hadisə olan zaman qaynanası Şahid1 Elçini ondan ayırmağa çalışsa da Elçin anasını kənara itələyərək ayırmasına mane olmuşdur. Daha sonra Elçin dəhlizdə oturmuşdur. Bu müddət ərzində atası Nümayəndə2 və qardaşı Şahid3 gəlmiş, Elçindən nə olmasını soruşsalar da Elçin heç bir şey deməmişdir. Buna görə də atası və qardaşı onun otağına gəlmişlər. Onun yerdə pis vəziyyətdə olmağını görmüşlər və ona kömək edərək onu evlərinə aparmaq istəmişlər. Həmin vaxt o, uşaqlar və özü üçün geyim əşyaları götürmək istəsə də, Elçin buna icazə verməmişdir. Buna görə uşaqların alt paltarları ilə aparmalı olmuşdur. Onlar məcbur olub atası Nümayəndə2 Masallı şəhəri, Babək küçəsində yerləşən evinə gəlmişlər. O, həmin müddətdən sonra əri Təqsirləndirilən şəxslə qarşılaşmamışdır. Hadisə nəticəsində baş, alın, üz, bel tərəfinin qabırğa hissəsi, sol qol nahiyəsindən Təqsirləndirilən şəxs yumruqla vurması nəticəsində xəsarət almışdır. Sonda N.M.Fətulayeva Təqsirləndirilən şəxs ilə barışmadığını, lakin ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi barədə hökm çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, bacısı Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs 13 ildir ki, evlidirlər. Onların 4 övladları olmuşdur. Onlar 2021-ci il tarixədək rəsmi nikahda olmuşlar, lakin 2021-ci il tarixdə sosial yardım düzəltmək məqsədi ilə rəsmi şəkildə boşanmışlar. Lakin boşansalar da, qeyri-rəsmi formada birlikdə Masallı rayonu, Ərkivan qəsəbəsində yaşamışlar. Bacısı Zərərçəkmiş şəxs və onun əri Təqsirləndirilən şəxs arasında bu gönə qədər mütəmadi olaraq münaqişə olmuş, Təqsirləndirilən şəxs mütəmadi olaraq onun bacısını nalayiq ifadələrlə təhqir etmiş, digər formalarda narahat etmiş və münaqişə yaratmışdır. Atası Mirzəbaba 2015-ci il tarixdə Zərərçəkmiş şəxs öz yaşadığı evə gətirmiş və onların ayrılmasını istəmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs ağsaqqallar vasitəsilə bacısı ilə barışmışdır. Lakin onlar arasında münaqişə davam etmiş və mütəmadi xarakter almışdır. Təqsirləndirilən şəxs bacısı ilə nə səbəbdən münaqişə yaratmasını bilməmişdir. Elçin spirtli içki qəbul edərək evə gəlmiş və bacısı Zərərçəkmiş şəxs ilə münaqişə yaratmışdır. Lakin atası bu günə qədər Təqsirləndirilən şəxs düzələcəyini ümid etmiş və buna görə atası və bacısı Elçin barəsində heç bir orqana şikayət etməmişlər. xx.xx.2023-cü il tarixdə saat 02 radələrində yaşadığı evdə yatan zaman bacısı Zərərçəkmiş şəxs atasına zəng etmiş, atası oyanmış və telefonu açmışdır. Bacısı atasına ağlayaraq Elçinin içkili olmasını və gəlmələrini istəmişdir. Sonra telefonu söndürmüşdür. Daha sonra atası onu çağırmış, atasının idarə etdiyi avtomobillə birlikdə bacısının yaşadığı ünvana getmişlər. Onlar həmin evə çatmışlar və evin qapısının açıq olduğuna görə içəri girmişlər. Bu zaman onların qarşısına Təqsirləndirilən şəxs anası Şahid1 çıxmışdır. Onlar Xətmirə xanım ilə salamlaşmış, Xətmirədən bacısının harada olmasını soruşmuşlar. Şahid1 isə atasına heç bir cavab verməmiş və geriyə dönərək evin ikinci mərtəbəsinə çıxmışdır. O və atası Mirzəbaba Xətmirənin arxası ilə getmişlər. Bu zaman Təqsirləndirilən şəxs dəhlizdə yerdə uzanmışdır. Həmin vaxt onları görüb ayağa qalxmış, atası ondan nə olmasını soruşmuş, lakin Elçin heç nə deməmişdir. Daha sonra bacısının qaynanası Şahid1 otağında olmasını, orada ağlamasını və titrəməsini görmüşdür. Dərhal o və atası Mirzəbaba Nərgizə kömək etmişlər. Nərgizi ayağa qaldıraraq avtomobilə tərəf aparmışlar. Bacısı uşaqlarını da götürmələrini demişdir. Buna görə atası digər otaqdan nəvələrini gətirmiş və onları avtomobilə əyləşdirmişdir. O, bu zaman bacısının və uşaqlarının digər zəruri geyim əşyalarını götürmək istəsə də, Təqsirləndirilən şəxs buna mane olmuşdur. Buna görə də həmin əşyaları yerə qoyaraq avtomobilə əyləşmişdir. Onlar avtomobillə hərəkət etməyə başlayan zaman Təqsirləndirilən şəxs ora gəlmiş və buna görə atası ona avtomobilin qapılarını kilidləməsini demiş və o, da qapıları kilidləmişdir. Təqsirləndirilən şəxs bu zaman avtomobilin qapısını zorla açmağa çalışmışdır. Bundan sonra o, yerə enmiş və Şahid1 ilə birlikdə Elçini avtomobildən uzaqlaşdırmışlar. Bundan sonra onlar həmin həyətdən çıxaraq, Masallı şəhəri, Babək küçəsində yerləşən evlərinə gəlmişlər. Məhkəmə iclasında Şahid1 Təqsirləndirilən şəxs əleyhinə ifadə verməkdən imtina etmişdir. Şahid1 təhqiqat zamanı veridiyi ifadəsi tədqiq edilərək elan edilmişdir. O, təhqiqat zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs oğlu Təqsirləndirilən şəxs tərəfindən döyülməyi barədə Masallı RPŞ-yə yazdığı ərizə ilə tanış olmasını bildirmişdir. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs 13 ildir evlidirlər, 4 övladları olmuşdur. Onlar 2021-ci il tarixədək rəsmi nikahda olmuşlar, lakin 2021-ci il tarixdə sosial yardım düzəltmək adı ilə rəsmi formada boşanmışlar. Buna baxmayaraq həmin müddətdən sonra Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs qeyri-rəsmi formada Masallı rayonu, Ərkivan qəsəbəsində birlikdə yaşamışlar. O, da onlarla birlikdə həmin ünvanda yaşamışdır. Təqsirləndirilən şəxs bəzən spirtli içki içmiş, lakin bu günə qədər spirtli içkinin təsiri altında arvadı Zərərçəkmiş şəxs döyməmişdir. xx.xx.2023-cü il tarixdə saat 02 radələrində o, evdə yatan zaman Təqsirləndirilən şəxs səsini eşitmiş və yuxudan oyanmışdır. O, otağından çölə çıxan zaman Zərərçəkmiş şəxs onun otağına gəlmişdir. O, Nərgizdən nə olmasını soruşmuşdur. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs spirtli içki qəbul etməsini və sərxoş vəziyyətdə evə gəlməsini bildirmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs yanına getmiş və Elçini sakitləşdirməyə çalışmışdır. Həmin vaxt Elçin Nərgizin olduğu otağa girmiş və yumruqla Zərərçəkmiş şəxs bədəninə bir neçə dəfə vurmuş və nəticədə Nərgiz yerə yıxılmışdır. Daha sonra o, Elçini otaqdan çölə çıxarmış, Elçin evin dəhliz hissəsinə getmiş və orada uzanmışdır. Bir neçə dəqiqə sonra Nərgizin atası Nümayəndə2 və qardaşı Şahid3 ora gəlmişlər. Əvvəlcə Mirzəbaba və Tariyeli o, qarşılamışdır. Onlar nə olmasını soruşmuşlar. O, həmin şəxslərə heç bir şey demədən ikinci mərtəbəyə qalxmışdır. Mirzəbaba Elçinə nə olmasını soruşsa da Elçin heç bir şey deməmişdir. Buna görə də onlar Zərərçəkmiş şəxs olduğu otağa gəlmiş, Nərgizə kömək edərək Nərgizin övladlarını da götürərək öz evlərinə aparmaq istəmişlər. Onlar avtomobillərinə əyləşmişlər. Avtomobilə əyləşən zaman Təqsirləndirilən şəxs və Nərgizin ailə üzvləri arasında sözlə narazılıq olsa da, o, Elçini oradan uzaqlaşdırmışdır. Bundan sonra Nərgizin əyləşdiyi avtomobil həyətdən çıxaraq uzaqlaşmışdır. Həmin vaxt orada başqa heç kim olmamış, ictimai asayiş və digər şəxslərin hüquqları pozulmamışdır. Həmin mübahisə təxminən 5-10 dəqiqə davam etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli, 1111 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs döş qəfəsinin sol İX-X qabırğalarının yerini dəyişmiş sınığı, başın alın nahiyəsinin, sol bazu və döş qəfəsinin sol yan hissəsinin qançırları müəyyən olundu, müəyyən olunmuş xəsarətlər bərk küt əşyanın (şəyaların) təsirindən törənmişdir, yumruqla vurulma nəticəsində əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Masallı Rayon İcra Hakimiyyəti başçısının Ərkivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Masallı rayonu, Ərkivan qəsəbəsində qeydiyyatda olmaqla həyat yoldaşı xx.xx.1990-cı il təvəllüdlü Zərərçəkmiş şəxs, oğluxx.xx.2011-ci il təvəllüdlü X2, qızı xx.xx.2013-cü il təvəllüdlü X3, oğlu-xx.xx.2015-ci il təvəllüdlü X4 və qızı xx.xx.2019-cu X1 ibarət ailə tərkibində yaşayır və onun barəsində Ərkivan qəsəbə ərazi nümayəndəliyinə hal-hazıra kimi şikayət və təqsirləndirici material daxil olmamışdır. xx.xx.2023-cü il tarixli baxış keçirilməsi haqında protokoldan görünür ki, aparılmış təhqiqat zamanı Zərərçəkmiş şəxs əri Təqsirləndirilən şəxs tərəfindən döyülərək xəsarət aldığı hadisə yerinə baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, baş vermiş hadisə Təqsirləndirilən şəxs yaşadığı, Masallı rayonu, Ərkivan qəsəbəsində yerləşən evin ikinci mərtəbəsində olmuşdur. Təqsirləndirilən şəxs hadisə yerini təqdim etmişdir. Bu barədə protokol tərtib edilmiş, hadisə yerinin fotoşəkilləri çəkilərək materiala əlavə edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən təqsirləndirilən şəxsin etirafı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də işin faktiki halları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsiri tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2.-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 2, 3 və 4-cü bəndlərində tövsiyyə olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1.-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3.-cü maddəsinə əsasən törədilmiş cinayətin xatakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdiran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs himayəsində 4 azyaşlı uşağının olması Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halı, ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən də islah olunmasını mümkün hesab etməklə ona təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2.1.-52-1.2.4.-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə həmçinin Cinayət Məcəlləsinin 52-1.3.1.-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuni və məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında aşağıdakı məsələlər göstərilən ardıcıllıqla məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır): 346.1.20. qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı, o cümlədən girov haqqında məsələnin necə həll ediləcəyi; Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələbi baxımından qətimkan tədbirinin seçilməsi məsələsinə baxaraq bu nəticəyə gəlir ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və o, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini müzakirə edərək müsadirə ediləcək əmlakın olmamasını müəyyən etdi. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə, maddi sübut, mülki iddia, məhkəmə məsrəfi və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 354, 356-358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasliya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar