Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 1(050)-3/2025 30.04.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclasının katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbənin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, İ dərəcəli hüquqşünas X1, Zərərçəkmiş şəxslər X6 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və müdafiəçisi Masallı rayon vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə. xx xxxx 1975-ci il tarixdə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, 2-ci qrup əlil, ünvan 1 ünvanında qeydiyyatda olmaqla barəsində polisin nəzarəti altınavermə qətimkan tədbiri seçilmiş; Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə sonradan tanıdığı Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 "xxxx" MMC-nin mülkiyyətində olan Masallı rayonu Sərçuvar kəndi ərazisində yerləşən 11 ha əkinə yararlı torpaq sahəsini tanışları Masallı rayonu Təzəkənd kənd sakini Şahid1 adına 3 illik icarə müqaviləsinin bağlanılacağına köməklik göstərəcəyi vədi ilə aldadaraq, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə etməklə xx.xx.2023-cü il tarixdə Masallı rayonu Sərçuvar kəndi ərazisində yerləşən “Cənnət bağı” kafesində Zərərçəkmiş şəxs2 1200 manat pulunu, xx.xx.2023-cü il tarixdə isə Zərərçəkmiş şəxs1 Masallı rayonu Təzəkənd kəndində yerləşən “Təzəkənd market”ə quraşdırlımış “Pasha pay” ödəmə terminalı vasitəsi ilə göndərdiyi 1200 ABŞ dollarını (2040 Azərbaycan Respublikası manatı nisbətində) alıb ələ keçirərək, vahid niyyətlə ümumilikdə zərərçəkmiş şəxslərə 3240 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ifadəsində göstərdi ki, Şahid1 2019-cu ildən tanıyır, zərərçəkmiş şəxslərdən Qismət kişi ilə bir dəfə telefonda danışmışlar. Sadiqlə dost münasibətində olmuş və birlikdə zəli alış-verişi ilə məşğul olmuşlar. O, "xxxx" MMCyə məxsus içərisində “Cənnət bağı” kafesi də daxil olmaqla 11 ha torpaq sahəsi icarəyə götürmüş və bununla bağlı xx.xx.2024-cü il tarixdə onunla "xxxx" MMC arasında GCO-23- 013 saylı subicarə müqaviləsi bağlanmışdır. Sadiqə etibar etdiyi üçün sözügedən torpaq sahəsini nəzarət etmək üçün ona tapşırmışdır. Həmin torpaq sahəsinə suvarma üçün kanal çəkmiş və digər xərcləri qarşılamışdır. Sadiqin əvvəllər ona zəliyə görə 132.000 manat pul borcu olmuşdur. O, həmin puldan hissə-hissə qaytarmışdır. Sadiqlə aralarında əvvəllər münasibət yaxşı olsa da sonradan münasibətləri pisləşmişdir. Belə ki, Sadiq birgə şərik olaraq satdıqları zəlilərin öldüyünü bildirmiş, daha sonra ona məlum olmuşdur ki, həmin zəlilər ölməmiş, Qazaxıstan Respublikasına aparılıb satılmışdır. O, Sadiqə zəng edərək, zəli ilə bağlı haqq hesab etmələrini tələb etmişdir. Lakin o, bəhanələr edərək, haqq hesab etməkdən yayınmışdır. Mübahisəli torpaq sahəsi ilə bağlı onu deyə billər ki, Şahid1 ona heç vaxt Zərərçəkmiş şəxs1 torpaq sahəsini birgə icarəyə götürmək istədiyini bildirməmişdir. Qismət kişi ona zəng edərək, mübahisəli torpaq sahəsi ilə bağlı soruşduqda o, Qismət kişini tanımadığını, ondan pul almadığını pulu Sadiqə verdiyini, gedib Sadiqdən pulunu tələb etməsini bildirmişdir. O, torpaq sahəsini Sadiqə təklif edəndə orada əkin sahəsindən əldə edilmiş gəliri yarıbayarı böləcəkləri ilə bağlı razılığa gəlmişlər. Mübahisəli torpaq sahəsini o, icarəyə götürsə də, bütün işləri Şahid1 görmüşdür. Ondan da əkin işləri aparmaq üçün pul almışdır. Sadiqin ona göndərdiyi 1200 ABŞ dolları Sadiqin zəli ilə bağlı borcundan silmişdir. Bundan başqa o, Əkrəm Abizadədən pul almamışdır. Bütün bu mübahisələrdə günahkar Şahid1dur. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 pulu Sadiq almışdır. Onun isə bu hadisələrdən xəbəri olmamışdır. Sonradan keçirilmiş növbəti məhkəmə iclasında Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək, təqsirləndirilən şəxs kimi zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə barışdığını onlara qarşı və onların ona qarşı heç bir şikayət və tələbinin olmadığını və barəsində olan cinayət işinə xitam verilməsini xahiş etdi. Məhkəmə istintaqında dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2023-cü ilin avqust ayında həmkəndlisi Cəfərov X3 rayonu, Sərçuvar kəndi ərazisində "xxxx" MMC-yə məxsus içərisində “Cənnət bağı” kafesi də daxil olmaqla 11 hektar torpaq sahəsinin olmasını, həmin torpaq sahəsini tanışı Vüsal adlı şəxsin onun adına icarəyə götürə biləcəyini, Vüsalın deməsinə görə onun özünün də "xxxx" MMC-nin əməkdaşı olmasını, torpaq sahəsində buğda və soğan əkə biləcəklərini, ümumilikdə 11 ha torpaq sahəsinə görə 3 illik icarəyə götürmək istədiklərini və icarə haqqının 6500 manat olmasını, həmin məbləğin 3250 manatını Vüsalın özünün verəcəyini, geridə qalan hissəsinin 3250 manatını isə əlavə şəriklərin verəcəyini, torpaq sahəsində olan kafeni isə həmkəndliləri Anarla birlikdə işlədəcəklərini bildirmişdir. O da, torpaq sahəsi ilə bağlı müqavilənin Sadiqin adına sənədləşdiriləcəyi halda 1200 manat pul verməyə razı olduğunu bildirmişdir. Şərikli əkin işlərində adətən hər kəsin çəkdiyi xərc əvvəlcədən yazılır və ən axırda əldə edilən gəlirdən həmin xərclər çıxılır. Bundan sonra 2023-cü ilin sentyabr ayının əvvəlində Sadiq ona zəng edərək, Vüsalın ona zəng edib bir neçə nəfər şəxslə birlikdə icarə götürmək istədikləri torpaq sahəsinin təhvil-təslim etməsi üçün həmin yerə gəlməsini demişdir. Həmçinin Sadiq ona gələrkən özü ilə icarə haqqından onun payına düşən 1200 manat pulu da götürməsini bildirmişdir. Bundan sonra o, 1200 manat pulu özü ilə götürüb evdən çıxaraq, birbaşa icarəyə götürmək istədikləri torpaq sahəsinə getmişdir. O, həmin torpaq sahəsinə çatan zaman Anar, Cabir və "xxxx" MMC-nin iki nəfər nümayəndəsinin orada olduğunu görmüşdür. "xxxx" MMC-nin nümayəndələrinin torpaq sahəsinin əvvəlki icarədarı Rahib adlı şəxslə təhvil-təslim etmişlər. Belə ki, şirkət Rahiblə illik icarə müqaviləsini uzatmaqdan imtina etmişdir. Rahib isə "xxxx" MMC-nin işçilərinə “Vüsalın verdiyi pulu mən də verirəm, yeri mənə verin” demişdir. Lakin şirkət işçiləri onunla razılaşmamışdır. Şirkətin nümayəndələri Rahiblə təhvil-təslim etdikdən sonra Rahib çıxıb getmişdir. Bundan sonra Vüsal həmin şirkət işçilərinə “gədin mən də indi gəlirəm” demişdir. Həmin vaxt o, Sadiq, Anar və Cabir həmin torpaq sahəsinə aid olan “Cənnət bağı” kafesinin həyətində oturmuşlar. Vüsal onlara yaxınlaşıb salamlaşdıqdan sonra stulların birində əyləşmişdir. Həmin vaxt Vüsal Sadiqdən torpaq sahəsinə görə 6500 manat olan icarə müqaviləsinin onların payına düşən 3250 manatını istəyib, "xxxx" MMC əməkdaşlarına pulu verməli olduğunu bildirmişdir. O, cibindən 1200 manatı çıxarıb masanın üzərinə qoyaraq “mənim payıma düşən 1200 manatdır” demişdir. Vüsal isə 1200 manat götürüb, pulu cibinə qoymuşdur. Onlar torpaq sahəsinin Sadiqin adına sənədləşdiriləcəyi üçün əkin işlərinə razı olmuşlar. O, 1200 manat pulu Vüsala verən zaman Vüsal özü də torpaq sahəsini Sadiqin adına səndələşdirəcəyinə söz vermişdir. Sadiqgil oktyabr ayının 26-da Vüsalın kart hesabına 1200 dollar pul göndərdikdən sonra isə Sadiq ona zəng edərək, bu barədə Vüsala məlumat verdiyini və Vüsalın onların artıq əkin işlərinə başlamalarını dediyini, qısa müddət ərzində şirkətlə torpaq sahəsinin onun adına müqavilə bağlanacağını bildirmişdir. Bundan sonra Anar, o və Sadiq 2023-cü ilin noyabr ayının əvvəllərində torpaq sahəsinin 5 hektarında buğda əkmişlər. Qalanını isə soğan əkmək məqsədi ilə saxlamışlar. Soğanın ilkin olaraq əkilmə mərhələsinə gətirilməsi üçün parnik şəraitində ona qulluq lazım imiş və soğan üçün toxum alaraq, öz həyətlərində şitil salıb, parnik düzəltmişlər. Bundan 7-8 gün sonra Vüsal Sadiqgilin işlətdiyi həmin torpaq sahəsinə aid olan kafeyə gəlmişdir. Həmin vaxt Vüsal Anarın və Sadiqin yanında cibindən müqavilə sənədlərini çıxararaq, 11 nektar torpaq sahəsini öz adına sənədləşdirdiyini bildirmişdir. Bu barədə Sadiq ona zəng edib məlumat verərkən o, Sadiqə artıq Vüsalın onlara qarşı dələduzluq etdiyini fikirləşdiyini bildirmişdir. Sadiq isə ona “Vüsal mənim evimdə çörək kəsib mənə qarşı dələduzluq etməz” demişdir. Lakin o, Vüsalın onları aldatmasından şübhələnmiş, 2023-cü ilin dekabr ayının ortalarında Sadiqgilin işlətdiyi “Cənnət bağı” kafesinin işıqları sönmüşdür. Sadiq isə Vüsala zəng edərək, kafenin işıqlarının sönməsi barədə ona məlumat vermiş və Anarla birlikdə "xxxx" ASC-in Masallı rayon filialına gedərək, kafenin işığı ilə bağlı maraqlanmışlar. Lakin "xxxx" ASC-in Masallı rayon filialından kafeyə yeni sayğac qoyulmalı olmasını, buna görə də mülkiyyətçinin özünün gəlməli olmasını bildirmişlər. Sadiq isə Vüsala bu barədə zəng edib məlumat verməsinə baxmayaraq Vüsal kafenin Sadiq tərəfindən işlədilməsinə artıq biganə yanaşmağa başlamışdır. Vüsal həmin ərəfələrdə torpaq sahəsinə başqa-başqa adamlar gətirərək, torpaq sahəsini təqdim etmişdir. Bu barədə ona Sadiq özü bildirmişdir. 2023-cü ilin dekabr ayının axırlarında Sadiq, Qismət və Anar birlikdə torpaq sahəsinin mülkiyyətçisi olan Bakı şəhəri, Yasamal rayonunda yerləşən "xxxx" MMC-yə məxsus “G Co 5 MMC”-yə getmişlər. Həmin vaxt Sadiqgil şirkətin nümayəndələrindən şirkətin Vüsal ilə bir illik 1000 manat pul müqabilində müqavilə bağlamasını öyrənmişlər, şirkət nümayəndələri isə Vüsala zəng edib, onunla torpaq sahəsi ilə bağlı maraqlanarkən, Vüsal mobil telefonda şirkət nümayəndələrinə Sadiqin və onların guya onun işçiləri olduqlarını demişdir. Bundan sonra Qismət Vüsalın mobil telefon nömrəsini Sadiqdən alaraq, Vüsal ilə əlaqə saxlayıb Vüsala onlara qarşı dələduzluq etməsini, belə ki, müqavilənin sadəcə olaraq 1 il ərzində 1000 manat pul qarşılığında bağlandığı halda onlara niyə 3 il ərzində bağlanmasını dediyini, torpaq sahəsinin artıq 5 hektarında buğda əkdiklərini, əlavə olaraq soğan toxumları alaraq şitil saldıqlarını bildirmiş, onların çəkdikləri xərcləri və ona verdikləri 3240 manat pulu geri qaytarmasını tələb etmişdir. X8 torpaq sahəsinin icarə müqaviləsinin onun adına olmasını və ona heç kimin heç bir şey edə bilməyəcəyini demişdir. Bundan sonra onlar aidiyyəti qurumlara Vüsalın hərəkətləri barədə şikayət etmişlər. Sonradan keçirilmiş növbəti məhkəmə iclasında Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam ödənildiyini, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını nəzərə alaraq, cinayət iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqında izahatı alınmış Zərərçəkmiş şəxs1 izahatında göstərmişdir ki, Masallı rayonu Təzəkənd kəndində yaşayan qaynı Şahid2 ona zəng edərək Masallı rayonu, Sərçuvar kəndi ərazisində "xxxx" MMC-yə məxsus içərisində “Cənnət bağı” kafesi olan 11 ha əkinə yararlı torpaq sahəsinin olmasını, hazırda həmin kafeni həmkəndliləri Şahid1la birlikdə işlətdiklərini, həmin torpaq sahəsi ilə bağlı "xxxx" MMC ilə Sadiqin adına 3 illik müqavilə bağlanılacağı, müqavilənin bağlanmasında həmin şirkətin nümayəndəsi Vüsal adlı şəxsin köməklik edəcəyini, müqavilənin 3 illik haqqının ümumilikdə 6500 manat olmasını, həmin pulun yarısını Vüsal adlı şəxsin verəcəyini, yarısını isə torpaq sahəsində əkin işləri aparan digər şəriklərin qoymalı olmasını demişdir. Həmçinin şərik kimi Sadiqin və Əkrəm adlı şəxsin olmasını, bir nəfər əlavə şərikə ehtiyac olmasını bir nəfər şərik kimi Əkrəmin 1200 manat pul verməsini, lakin əlavə olaraq 2050 manat pul lazım olmasını, pulu onun verəcəyi halda əvəzindən özünün işləyəcəyini bildirmişdir. O, telefonda, bir qədər Anardan müəyyən məlumatları aldıqdan sonra Sadiqin özü ilə danışmış, bundan sonra Sadiqgilə pulu da götürüb özünün Masallı rayonuna gələcəyini demişdir. Bu minvalla 2023-cü ilin oktyabr ayının təxminən 24, 25-i ərəfələrində Masallı rayonuna gəlmişdir. Sadiqgil həmin torpaq sahəsinin kafesində olmuşlar. O, həm torpaq sahəsinə baxmaq üçün həm də ki, Sadiqgil ilə görüşmək üçün üçün birbaşa “Cənnət Bağı” kafesinə gəlmişdir. Torpaq sahəsinə baxdıqdan sonra torpaq sahəsinin əkin sahəsi üçün yararlı olmasını öyrənmişdir. Sadiqə isə Vüsala göndəriləcək pulu yalnız terminal vasitəsilə verilməsini, qəbzi saxlamalı olmasını demişdir. Günorta saatları olduğu üçün Anargil kafedə günorta yeməyi vermişlər. O, kafedə günorta yeməyi yeyərkən, Vüsal özü də kafeyə gəlib, Sadiqgil ilə görüşüb, sonra çıxıb getmişdir. Sonradan onun Vüsal olmasını ona Anar demişdir. Kafedə günorta yeməyi yedikdən sonra isə əkin məsələləri ilə bağlı ətraflı danışmaq məqsədi ilə Sadiqlə birlikdə ora getmişdir. Onlar Sadiqgildə olarkən o, Sadiqə Vüsal ilə zəng edib danışmasını, əkin işlərinə nə zaman başlanılacağını, torpaq sahəsinin Sadiqin adına nə zaman sənədləşdiriləcəyini soruşmasını demişdir. Sadiq isə onun yanında Vüsala zəng edərək, əlavə bir nəfər də şərik tapıldığını, ümumilikdə onların payına düşən pulun tamamlandığını, lakin pulun manat yox, 1200 dollar olmasını bildirib, pulu göndərdikdən sonra əkin işlərinə başlayacaqlarını və icarə müqaviləsinin nə zaman onun adına bağlanacağını soruşmuşdur. Vüsal isə pulun manat və ya dollar olmasının fərq etmədiyini, 1200 dollar pulu göndərdikdən sonra 2-3 gün ərzində Masallı rayonuna gəlib, onu Bakı şəhərinə aparacağını və torpaq sahəsinə görə Sadiqlə 3 illik müqavilə bağlanacığını demişdir. Bundan sonra o bir daha arxayın olmuş və pulu Sadiqə verib getmişdir. Vüsal 1200 dolları ona göndərmələri üçün özünə məxsus "xxxx" ASC kartının hesab nömrəsini Sadiqə göndərmişdir. Sadiq isə oktyabr ayının 26-da oğlu İlhamın vasitəsi ilə 1200 dollar pulu Təzəkənd kəndində yerləşən marketə quraşdırılmış terminaldan Vüsalın kart hesabına göndərib qəbzi özündə saxlamışdır. Bir müddət ötdükdən sonra o, Sadiqdən işin hansı vəziyyətdə olmasını öyrənmək istədikdə, Sadiq ona Vüsalın onları aldatdığını icarə müqaviləsini öz adına bağladığını bildirmişdir. O, Vüsala zəng edib icarə müqaviləsini öz adına niyə bağladığını soruşduqda, Vüsal onu tanımadığını bildirmiş, Sadiqlə onun arasında zəli məsələsinin olduğunu demişdir. O, Vüsala Sadiqlə aralarında hansı söhbətin olmasının maraqlı olmadığını, pulunu geri qaytarmasını tələb etmişdir. Vüsal ondan pul almadığını və pulu verməyəcəyini bildirmişdir. Bundan sonra o, Anar, Sadiq və Əkrəm "xxxx" MMC-yə icarə müqaviləsi ilə maraqlanmaq üçün üçün getmişlər. Şirkətdə onları adını bilmədiyi şəxs qəbul etmiş və Vüsalla şirkət arasında müqavilə bağlandığını bildirmişdir. O, həmin şəxsdən Vüsalın icarə götürdüyü torpaq sahəsinə görə nə qədər ödəniş etdiyini soruşmuş və ödəniş qəbzini onlara göstərməsini xahiş etmişdir. Şirkət rəhbəri torpaq sahəsinə görə ödənilmiş pulun qəbzini göstərməyəcəyini bildirmişdir. Bundan başqa o, Vüsalın törətdiyi əməl barədə müxtəlif orqanlara şikayətini bildirmişdir. Sonradan keçirilmiş növbəti məhkəmə iclasında Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam ödənildiyini, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını nəzərə alaraq, cinayət iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsindən görünür ki, o, Təqsirləndirilən şəxs zəli satışı ilə əlaqədar tanımışdır. Zəli satışından sonra yaranan tanışlıq səmimi dostluğa çevrilmişdir. Vüsal ara-sıra yaşadığı evə gəlib kənd məhsullarından almışdır. Mübahisəli torpaq sahəsinə dair onu deyə bilər ki, 2022-ci ildə mübahisəli torpaq sahəsini birgə icarəyə götürmələrini təklif etsə də o, razı olmamışdır. Daha sonra 2023-cü ildə Vüsal təkrarən mübahisəli torpaq sahəsini 3 illik 6500 manata icarəyə götürməyi, həmin məbləğin 3250 manatı onun verməsini, qalanını da Vüsalın verməsi ilə bağlı aralarında danışıq olmuşdur. O, Vüsala pulunun olmadığını bildirmişdir. Vüsal ondan torpağı icarəyə götürməklə bağlı adam tapmağı xahiş etmişdir. O da kənddə soraqlaşmış, ilk olaraq Zərərçəkmiş şəxs2 mübahisəli torpaq sahəsini birgə icarəyə götürmək üçün razılaşmış və ona icarə üçün 1200 manat pul vermişdir. Daha sonra Vüsal bu pulun yetmədiyini yenə də adam tapmağını xahiş etmiş, bu məqamda tanışı Anarın yeznəsi Zərərçəkmiş şəxs1 torpaq sahəsini birgə icarəyə götürmək üçün razılaşmış, o, gəlib torpaq sahəsinə baxdıqdan sonra 1200 ABŞ dolları ona vermiş və həmin pulu terminal vasitəsilə Vüsala yollamağını, qəbzi özündə saxlamağını xahiş etmişdir. O da həmin pulun 1200 dollarını oğluna vermiş, oğlu da terminal vasitəsilə Vüsala göndərmişdir. Beləliklə hazırda mübahisəsi gedən torpaq sahəsini onun adına rəsmiləşdirmək şərti ilə 3 illik icarəyə götürməklə bağlı o, Vüsal, Sadiq və Qismət birgə razılıq əldə etmişlər. Torpağın onun adına icarəyə götürmələrinə səbəb həmin şəxslərin hər üçünün onu tanıması və ona etibar etməsi olmuşdur. Sonradan ona məlum olmuşdur ki, Vüsal onları aldadaraq mübahisəli torpağı onun adına deyil, öz adına rəsmilləşdirmişdir. Eləcə də icarə müqaviləsi 3 illik deyil 1 illik olmuşdur. Mübahisəli torpaq sahəsində yerləşən “Cənnət Bağı” kafesində elektrik enejisinin ötürülməsində problem olduğu üçün onlar aidiyyəti orqana müraciət etmişlər. Onlar həmin kafeyə məxsus sənədləri istədikdə o, Vüsala zəng edərək, vəziyyəti ona başa salıb mübahisəli torpaq sahəsinin sənədlərini istəmişdir. Vüsal isə 10-15 günə sənəd işinin yekunlaşacağını bildirmişdir. Sonradan onlar torpaq sahəsinin sənədlərinin olmadığını, Vüsalın onları aldatığını bilmişlər. Daha sonra bu məsələni Əkrəmə və Qismət kişiyə bildirmişdir. Bundan sonra onlar torpağın icarə verildiyi şirkətə getmişlər. Mübahisəli torpaq sahəsilə maraqlanmışlar. Şirkətin işçisi mübahisəli torpaq sahəsinin bir ilik icarəyə verildiyini bildirmişdir. Onlar şirkətdən çıxdıqdan sonra Qismət kişi onun yanında Vüsala zəng edərək, niyə belə etdiyini soruşduqda Vüsal torpaq sahəsinin onun və ya başqasının adına olmasının kiməsə dəxli olmadığını bildirmişdir. Onlar Vüsaldan 07 yanvar 2024-cü il tarixə qədər onlardan aldığı pulu qaytarmasını tələb etmişlər. Vüsal həmin pulu qeyd edilən tarixədək qaytarmamış onlarda aidiyyəti qurumlara şikayət etmişlər.Vüsal onların şikayət etdiklərini görüb bildirmişdir ki, şikayət etdikləri təqdirdə Sadiqin zəli satışı ilə məşğul olmağı ilə bağlı şikayət edəcəkdir. Özünün dəlilik kağızının olduğunu ona heç kimin heç nə edə bilməyəcəyini yalnız onun isə zəli satışına görə məsuliyyətə cəlb olunacağını bildirmişdir. Daha sonra Vüsalın ondan etdiyi şikayət ilə əlaqədar araşdırma aparılmış və günahsız olduğu məlum olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsindən görünür ki, 2023cü ilin təxminən avqust ayının axırları sentyabr ayının əvvəllərində həmkəndliləri Şahid1 ona zəng edərək, Vüsal adlı dostunun ona zəng edib əlavə bir neçə nəfər şəxslə icarəyə götürmək istədikləri torpaq sahəsinə gəlmələrini, orada təhvil-təslim işləri olacağını dediyini, buna görə də onunla birlikdə həmin torpaq sahəsinə getməyini xahiş etmişdir. Məqsəd orada torpaq sahəsinin əvvəlki mülkiyyətçisi ilə yarana biləcək hər hansı xoşagəlməz hadisənin qarşısını almaq olmuşdur. Bundan sonra o, Sadiqin xahişi ilə evdən çıxıb kənd yoluna tərəf getmişdir. Sadiq isə onlara gələrək, onu avtomobili ilə götürmüşdür. Masallı rayonu, Sərçuvar kəndində yerləşən "xxxx" MMC-yə məxsus 11 ha torpaq sahəsində ondan əlavə Əkrəm, Anar, Sadiq özü, eyni zamanda torpaq sahəsinin əvvəlki icarədarı Rahib adlı şəxs, sonradan adının Vüsal olmasını bildiyi şəxs və torpaq sahəsinin mülkiyyətçisi olan "xxxx" MMC-dən gələn iki nəfər nümayəndə olmuşdur. Şirkət işçiləri Rahiblə təhvil-təslim edirmişlər. Lakin Rahib torpaq sahəsini təhvil vermək istəmədiyi üçün söz-söhbət yaranmışdır. Buna baxmayaraq şirkət işçiləri onunla təhvil-təslim etmiş və Rahib ordan uzaqlaşmışdır. Sonradan isə Vüsal adlı şəxs şirkət işçilərinə çıxıb getmələrini özünün isə gələcəyini bildirmişdir. Şirkətin işçiləri çıxıb getdikdən sonra Vüsal Sadiqgilə yaxınlaşmışdır. Sadiqgil kafenin həyətində olan masaların birində əyləşmişlər. O, onlardan bir iki masa kənarda əyləşmişdir. Həmin vaxt Vüsal Sadiqgilə yaxınlaşıb, torpaq sahəsi ilə bağlı söhbət etmişlər. Həmin vaxt o, kənardan Sadiqgilin Vüsala pul verdiyini Vüsalın isə pulu sayıb şalvarının arxa cibinə qoyduğunu görmüşdür. Lakin onlarla bir qədər ara məsafəsi olduğu üçün aralarında gedən söhbəti konkret olaraq eşidə bilməmişdir. Vüsal çıxıb getdikdən sonra isə Sadiqgildən Vüsala verilən pulun 1200 manat olmasını, həmin pulun "xxxx" MMC-dən icarə götürdükləri torpaq sahəsi ilə bağlı olduğunu eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsindən görünür ki, Şahid1 onu çağıraraq bildirmişdir ki, Sərçuvar kənd ərazisində "xxxx" MMC-yə məxsus içərisində “Cənnət Bağı” kafesi də daxil olmaqla 11 hektar torpaq sahəsinin icarə veriləcəyini, bununla bağlı təhvil təslim olacağını ola bilər ki, hadisə yerində mübahisə baş verəcəyini, ona görə də onunla birlikdə həmin torpaq sahəsinə getmələrini xahiş etmiş və birlikdə torpaq sahəsinə gəlmişlər. Onun yanında Əkrəm icarə torpaq sahəsinə görə 1200 manat pul vermişdir. Daha sonra Vüsal bu pulun icarə müqaviləsi üçün yetmədiyini bildirmişdir. Torpağın birgə icarəyə götürülməsi təklif edilmiş, onda pul olmadığına görə o, yeznəsi Qismət kişiyə təklif etmişdir. Qismət kişi də torpağın birgə icarəsi üçün pul verməyə razılaşmış və Sadiqə 1200 ABŞ dolları vermişdir. Sadiq də pulu oğluna verib terminal vasitəsilə Təqsirləndirilən şəxs göndərtmişdir. Bir neçə müddətdən sonra təxminən noyabr-dekabr aylarında Vüsal Sadiqə müqavilə göstərərək, torpaq sahəsinin öz adına rəsmilləşdirilməsini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan olunmaqla tədqiq edilmiş: Təyin edilərək keçirilmiş ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2024cü il tarixli 1407 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda şəxsiyyətin paranoyal inkişafı remissiya vəziyyətində aşkar olunur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə də “şəxsiyyətin paranoyal inkişafı” remissiya (yaxşılaşma) vəziyyətində olmuşdur. Təqsirləndirilən şəxs aşkar edilən şəxsiyyətin paranoyal inkişafı onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əmələ görə anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərini ölçüb biçmək və ona rəhbərlik etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Sorğu əsasında alınmış əməliyyat tapşırığına cavab raportundan görünür ki, keçirilmiş əməliyyat tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Masallı şəhəri 1-ci Dadva küçəsi ev 6-da qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, Corat bağları, H.Arif küçəsi ev 22də yaşayan Təqsirləndirilən şəxs Masallı rayonu Təzəkənd kənd sakini Zərərçəkmiş şəxs2 və Bakı şəhəri Yasamal rayonu D.Əliyeva küçəsi, ev 106 mənzil 1-də qeyydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu Xocəsən qəsəbəsi, Yeni yaşayış massivində yaşayan Zərərçəkmiş şəxs1 etibarından sui istifadə etməklə "xxxx" MMC-nin mülkiyyətində olan Masallı rayonu, Sərçuvar kəndi ərazisində yerləşən içərisində “Cənnət bağı” kafesi də daxil olmaqla ümumilikdə 11 ha torpaq sahəsini tanışları Masallı rayonu Təzəkənd kənd sakini Şahid1 adına 3 illik subicarə müqaviləsinin bağlanmasına köməklik göstərəcəyi adı ilə Zərərçəkmiş şəxs2 1200 manat pulunu, Zərərçəkmiş şəxs1 isə 1200 ABŞ dolları pulunu dələduzluq yolu ilə ələ keçirməsi barədə məlumatlar əldə edilmişdir. -Cinayət işinin materiallarında olan 13 may 2024-cü il tarixli üzləşdirmədə dindirmə haqqında protokoldan və ona əlavə edilmiş CD diskdən görünür ki, Şahid1 Təqsirləndirilən şəxs üzünə Vüsalın Masallı rayonu, Sərçuvar kənd ərazisində yerləşən "xxxx" MMC-yə aid 11 ha torpaq sahəsinin onun (Şahid1) adına 3 illik icarəyə götürmələri ilə aralarında razılığa gəldiklərini bunun üçün ümümilikdə 6500 manat lazım olduğunu deməsini, Sadiq və onun şəriklərinə 3250 manat düşdüyünü, Sadiqdə 2023-cü ilin sentyabr ayında Zərərçəkmiş şəxs2 1200 manat, Zərərçəkmiş şəxs1 1200 ABŞ dolları alaraq verdiyini bildirmişdir. -Cinayət işinin materiallarında olan 13 may 2024-cü il tarixli üzləşdirmədə dindirmə haqqında protokoldan və ona əlavə edilmiş CD diskdən görünür ki, iş üzrə Zərərçəkmiş şəxs1 ilə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə ifadəsini bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarında olan 13 may 2024-cü il tarixli üzləşdirmədə dindirmə haqqında protokoldan və ona əlavə edilmiş CD diskdən görünür ki, Zərərçəkmiş şəxs2 ilə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə ifadəsini bir daha təsdiq etmişdir. xx.xx.2023-cü il tarixli, GCO-23-013 saylı subicarə müqaviləsinin surətindən görünür ki, Masallı rayonu Sərçuvar kəndində yerləşən 11.0 ha torpaq sahəsi, 63 kv.m olan qeyriyaşayış sahəsi ilə bağlı müqavilə xx.xx.2023-cü il tarixlə "xxxx" MMC ilə Təqsirləndirilən şəxs arasında 1 il müddətinə ümumilikdə 3000 manat illik ödənişlə bağlanmış, qeyd edilən məbləğin ödənilməsi isə bağlı aylıq ödəniş olaraq 250 manat nəzərdə tutulmuşdur. Təqdim olunmuş qəbzin surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs kapital bank hesab kartına Masallı rayonu Təzəkənd kəndində yerləşən marketə quraşdırılmış terminaldan 1200.00 ABŞ dolları pul köçürülmüşdür. Cinayət işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat- Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Ağır cinayətlər dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2008-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.2-ci, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib cinayəti anlaqsız vəziyyətdə törətdiyindən cinayət məsuliyyətindən və cəzadan azad olunmuş, barəsində ixtisaslaşmış psixiatriya stasionarında məcburi müalicə şəkilində tibbi xarakterli məcburi müalicə təyin olunmuşdur. Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs təyin edilmiş məcburi ambulator müşahidəsi və psixatr müalicəsi ləğv edilmişdir. Cinayət işində olan Masallı Rayon İcra Hakimiyyəti başçısının Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə dindirilmiş və ifadələri məhkəmə iclasında tədqiq olunmuş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələrini, istintaq, məhkəmə hərəkətlərini, dindirmə protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.-1.1-ci maddəsində göstərilir ki, CM-nin Bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Cinayət işinə üzrə zərərçəkmiş şəxslər X6 və Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim etdiyi ərizələrdən görünür ki, onlar Təqsirləndirilən şəxs ilə barışmış, onlara dəymiş ziyan tam ödənilmiş, Təqsirləndirilən şəxs şikayət və tələbləri yoxdur və Təqsirləndirilən şəxs barəsində olan cinayət işinə xitam verilməsini xahiş etmişlər. Məhkəmə, zərərçəkmiş şəxslərin təqsirləndirilən şəxs ilə barışmasını, ziyanın tam ödənilməsini və onların cinayət işinə xitam verilməsi barədə məhkəməyə müraciət etmələrini nəzərə alaraq, qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli, o, cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1. və 43.1.2.-ci maddələrinə əsasən məhkəmə baxışı gedişində Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Belə ki, həmin Məcəllnin 39.1 və 39.1.8.-ci maddələrinin tələbinə görə zərər çəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir): Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altınavermə qətimkan tədbiri hökm qanuni qüvvəsini aldıqdan sonra ləğv edilməlidir. Məhkəmə dəymiş ziyanın tam şəkildə ödənildiyini və Zərərçəkmiş şəxs1 tələb və şikayətlərinin olmadığını nəzərə alaraq hesab edir ki, onun tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 17.50 saat vaxt sərf etmişdir. Ona görə də, 192,50 (bir yüz doxsan iki manat, 50 qəpik) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsindən Müdafiəçi2 ödənilməlidir. İş üzrə müsadirə edilməli əmlak, məhkəmə xərci və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43, 321, 346, 347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini aldıqdan sonra ləğv edilsin. Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanılsın. Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi xidmətə görə 192,50 (bir yüz doxsan iki manat, 50 qəpik) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsindən ödənilsin. Qərar elan olunduqdan 20 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Ellara Abbasova
Məhkəmə qərarları › İş №1(050)-3/2025
Masallı Rayon Məhkəməsi Qərar — İş №1(050)-3/2025
30.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver