Məhkəmə qərarları › İş №1(050)-31/2025

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-31/2025

30.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-31/2025 30.01.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbrizoviçin sədrliyi, Məhkəmə iclas katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1982-ci il tarixdə Masallı rayonu, Xanalion kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Xanalion kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında audio və video çəkiliş vasitəsi ilə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 04 oktyabr 2024-cü il tarixdə, saat 07 radələrində yaşadığı Masallı rayonu, Xanalion kəndində yerləşən kəndarası yolda həmkəndlisi Zərərçəkmiş şəxs ilə şəxsi təsərrüfatında saxladığı itin Zərərçəkmiş şəxs arvadı Şahid2 üstünə küçədə hürməsi ilə əlaqədar aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı əlindəki istintaqa məlum olmayan ağac parçası ilə Zərərçəkmiş şəxs başının ənsə nahiyəsinə bir dəfə zərbə, döş qəfəsi nahiyəsinə bir neçə dəfə təpik zərbəsi, alın, gicgah, burun nahiyələrinə isə bir neçə dəfə yumruq zərbələri ilə qəsdən vuraraq sonuncuya döş qəfəsinin qapalı küt travması, sol Vİİİ qabırğanın yerinidəyişən sınığı, sol Xİ qabırğanın sınığı, alın, sağ gicgah nahiyəsinin və burun belinin sıyrıqları, başın ənsə, sağ və sol gicgah nahiyələrinin və burun belinin qançırı ilə nəticələnən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadəsində bildirdi ki, o, heyvanları otaran zaman o tərəfdən Məlahət xanım gəlmişdir. Onun heyvanlarının üstündə itləri olmuşdur. İt çıxaraq xanıma hürdüyü üçün xanım qorxmuşdur. Xanıma qorxmamasını və ordan keçməsini demişdir. Orada heçnə olmamışdır. Sonradan yoldaşı çıxaraq ona söyüş söymüş və telefonla çəkə-çəkə ona kəllə atmış, o, da arxaya getmişdir. Sonradan da, Məmmədiyar yumruq atmış, lakin yumruq ona dəyməmişdir. X7 gələrək onları ayırmışdır, izahatı da, var. Ona heyvanları aparıb otarmasını və dava etməməsini demişdir. O, qayıdanda Məmmədiyar əlində ağac öz həyətində onu gözləmişdir. Ona demişdir ki, “əl çək məndən, məni də, zibilə salma”. Bundan sonra Məmmədiyar ona söyüş söyərək ağacla onun qolundan vurmuş, o, da cavab olaraq Məmmədiyarın başından yumruqla vurmuş və əlbəyaxa olaraq yerə yıxılmışlar. O, oradan qaçan zaman Hamlet onun qarşısına gəlmişdir. İki oğlunun olduğunu, onlardan birinin hərbidə təhsil aldığını, digərinin isə hərbi təhsilini başa vurduğunu, xəstə anasının olduğunu bildirərək həbslə bağlı olmayan cəzanın təyin olunmasını məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs təqsiri iş üzrə dindirilmiş zərərşəkmiş şəxsin, şahidlərin ifadələri və işdə toplanmış digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, oğlu Zabil işdə olduğu zaman axşam vaxtı evdə tək qalmasınlar deyə həyat yoldaşı onların yanına gedib nəvələrinin, gəlininin yanında qalmışdır. Səhər təxminən 6-7-ə qalmış durur, bir-iki mal qara saxlayırlar, inəyi sağır, sonradan çölə buraxırlar. Həmin vaxt o, sağılmış inəkləri çölə buraxmaq üçün çıxıb tövlə tərəfə gedərkən birdən qışqırıq səsi gəlmişdir. Tez qayıdıb yola çıxan dəmir qapını açmışdır. Yoldaşı itdən qorxub qaçıb böyürtkən kolunda gizlənmişdir. Orada da, Natiq dayanmışdır. Ona demişdir ki, özü kişidir itdən qorxmur, lakin bu qadındır, təzyiqi, şəkəri və ürək problemləri var. Yoldaşı itin dəfələrlə ona hücum etdiyini demişdir. O, Natiqdən iti bağlamamasının səbəbini soruşmuşdur. Bu vaxt “bezdirdin məni!” - kimi ifadə eşitmiş və başından bir zərbəni hiss etmiş və birinci zərbədən huşunu itirmişdir. Ondan sonra nə baş verdiyini bilmir. Ayılan zaman yoldaşının onu silkələyərək Natiqə qarğış etdiyini görmüşdür. Yoldaşı ona ayağa qalxmağa kömək etməyə çalışsa da, o, dura bilməmiş, axırda birtəhər ayağa durmuşdur. Həmin yerdən evə kimi 50-60 metrə məsafə var, ordan arvadı onu sürüyərək evə aparmışdır. Onun şəkillərini çəkəndən sonra 102 xidmətinə zəng edərək hadisəni danışmış, lakin heç bir polis əməkdaşı gəlməmişdir. Şahin adlı taksi şoferinə və oğluna zəng etmiş, onu Masallı rayon Mərkəzi xəstəxanasına aparmışlar. Orda onu rentgen şöbəsinə aparmışlar, saat 11-12 olsa da, heç bir təhqiqat rəisi və digər əməkdaşlar ora gəlməmişdir. Ekspertiza otağında olarkən gecə saat 1-ə işləmiş Nəsimi Ağayev adlı təhqiqatçı gəlmişdir. Ona iki qabırğasının sınması ilə bağlı qeydlər aparılmış bir kağız vermişlər, lakin ona bir müalicə yazılmamışdır. Sonradan uşaqlar onu evə gətirərək divana uzatmışlar. Gecə saat 03:00-da ağrıları çoxalmış və ağrıdan qala bilmədiyi üçün təcili tibbi yardıma zəng vurmuşlar və təcili tibbi yardım əməkdaşı gəlib ona bir necə ağrıkəsici vurandan sonra ağrısı kəsilmişdir. Səhər saat 08 radələrində o, Qəriblər kənd ərazi nümayəndəliyində işləyən Yusif adlı tanışına zəng edərək Seybətin dairəsindən Bakıya gedən bir taksi göndərməsini xahiş etmişdir. Maşın gələndən sonra onu Bakıda travmatologiyaya aparmışlar və orada Semaşkoya getməsini demişlər. Orada ona müalicə yazmışlar, müalicə olunandan sonra qayıdaraq Masallı rayon Polis şöbəsinə getmişdir. Orada iş müstəntiqə düşmüş və o, dəymiş ziyanın pulunu istəmədiyini, şəxsin cəzasını çəkməsini istədiyini demişdir. Təqsirləndirilən şəxs şikayətçi olduğunu və sağlamlığına dəymiş ziyanın ödənilməsini tələb etdiyini bildirdi və ona 2 il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Şahid2 ifadəsində bildirdi ki, həmişə oğlu işdə olanda evdə tək qalmasınlar deyə gəlinin və nəvələrin yanında qaldığı üçün oktyabr ayının 4-də onların evində qalmışdır. Səhər saatlarında gəlib inəkləri sağan zaman yolda ona it hücum etdiyi üçün qaçmışdır. Natiq isə heyvanları otarmış, heç nə etməmiş, heç itə belə acıqlanmamışdır. O, şəkər xəstəsidir və qorxusundan özünü böyürtkən kolluna atmış, dərisi kəsik-kəsik olmuşdur. Əri gələrək Natiqə itə acıqlanmadığı üçün irad bildirmişdir. Sonra o, evə qayıdaraq inəkləri sağmaq üçün vedrə axtarmışdır. Vedrəni götürüb çölə çıxanda yoldaşının qan içində yerdə uzandığını görmüşdür. Natiqin əlində ağac görüb yoldaşını vurmasının səbəbini soruşmuş, Natiq isə baxaraq çıxıb getmişdir. Hamlet orada olduğunu bildirsə də, orada heç kim olmamışdır. Məhkəmə iclasında Şahid1 ifadəsində bildirdi ki, Natiq ilə onların yerləri var, orada mal-qara otarırlar. Qonşu həyəti ilə təxminən 100 metr aralığı olar. O, öz malını otaran zaman Natiq də, öz mal-qarasını çıxarmışdır. Bu zaman Cabbarov Natiqin qabağını kəsmiş və orada boğuşmuşlar. Cabbarov Natiqə kəllə atmış, daha sonra yumruqla vurmuş, Natiq də, cavab olaraq ona yumruq atmışdır. Cabbarov və Natiq yerə yıxıldıqdan sonra Natiq qaçıb gəlmiş və orada onu döydüklərini demişdir. Sonra o, öz malını həmin sahədə otarmış, oradan da, evə qayıtmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 07 oktyabr 2024-cü il və 13 oktyabr 2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokollardan görünür ki, 04 oktyabr 2024-cü il tarixdə hadisə Masallı rayonu Xanalion kəndində yerləşən məhəllə yolda baş vermişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibb ekspertizası və X4 Publik hüquqi şəxsin məhkəmə-tibb ekspertizasının 04 oktyabr 2024-cü il tarixli, 910 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs döş qəfəsinin qapalı küt travması, sol Vİİİ qabırğanın yerinidəyişən sınığı, sol Xİ qabırğanın sınığı, alın, sağ gicgah nahiyəsinin və burun belinin sıyrıqları, başın ənsə, sağ və sol gicgah nahiyələrinin və burun belinin qançırı müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti müayinədən bir neçə saat əvvələ uyğun gəlir, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aiddir. - Masallı rayon Polis şöbəsindən daxil olmuş əməliyyat tapşırığına cavab olaraq tərtib olunmuş 11 dekabr 2024-cü il tarixli raportdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, 04 oktyabr 2024-cü il tarixdə, saat 07 radələrində Masallı rayonu, Xanalion kəndində yerləşən məhəllə yolda həmin kənd sakini Zərərçəkmiş şəxs ilə həmkəndlisi Təqsirləndirilən şəxs arasında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı tərəflər bir-birilərini qarşılıqlı qəsdən vuraraq bir-birilərinin sağlamlıqlarına müxtəlif dərəcəli bədən xəsarətləri yetirmişlər. Mübahisə zamanı ilk əvvəl Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qəsdən əlində olan məlum olmayan ağac parçası, yumruq və təpik zərbələri ilə qəsdən vuraraq sonuncunun sağlamlığına yüngül zərərvurmaya aid olan bədən xəsarəti, mübahisənin gedişində Təqsirləndirilən şəxs əlində olan həmin ağac parçası, təpik və yumruq zərbələri ilə qəsdən Zərərçəkmiş şəxs vuraraq sonuncunun sağlamlığına az ağır zərərvurmaya aid olan bədən xəsarətləri yetirmişdir. Mübahisənin dava-dalaş hissəsi ümumilikdə 3-4 dəqiqə ərzində davam etmiş, mübahisə zamanı ətrafa kimsə yığışmamış, ictimai qayda pozulmamış, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs arasında mübahisənin olmasını kənd sakinlərindən X1 və Şahid1 görmüşdür. - “Lənkəran şəhər Psixatriya xəstəxanası” Publik hüquqi şəxsi tərəfindən verilmiş 29 noyabr 2024-cü il tarixli, 4586 nömrəli məktubdan görünür ki, Masallı rayonu Xanalion kəndində qeydiyyatda olan Bəşirov X3 şəhər Psixatriya xəstəxanasında qeydiyyatda deyil. - Masallı rayon İcra hakimiyyəti başçısının Sığdaş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 16 oktyabr 2024-cü il tarixli, 556 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs aşağıdakı ailə üzvləri vardır: arvadı – X2, 2003-cü il təvəllüdlü oğlu – İzzət Bağırov, 2004-cü il təvəllüdlü oğlu Emil Bağırov. - Masallı rayon İcra hakimiyyəti başçısının Sığdaş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 16 oktyabr 2024-cü il tarixli, 13 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Sığdaş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə şifahi və yazılı müraciət daxil olmamışdır. Təqsirləndirilən şəxs ailə üzvləri və qohumları tərəfindən də, müsbət xarakterizə olunur. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nə dair 27 noyabr 2024-cü il tarixli tələbnaməsindən görünür ki, xx xxxxxx 1982-ci il tarixdə Masallı rayonu, Xanalion kəndində anadan olmuş Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. - Masallı rayon Polis şöbəsinin müstəntiqi Miramil Baxışovun Cinayət işinin ayrılması haqqında 16 dekabr 2024-cü il tarixli qərarında görünür ki, Təqsirləndirilən şəxs sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətlərinin qəsdən yetirilməsi faktı üzrə təqsirkar şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi məqsədilə Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ayrıca ********* nömrəli cinayət işi ayrılmış və icraata qəbul edilərək istintaqı davam etdirilmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Beləliklə, məhkəmə Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 143- 146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, qeyd olunan sübutlar təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın həll edilməsi üçün kifayət edir və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri, əməliyyat tapşırığının cavabı və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək, tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsini zərərçəkmiş şəxsin, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri, ekspert rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlara əsasən özünü müdafiə və cəzadan boyun qaçırması kimi qiymətləndirir. Məhkəmə bilavasitə məhkəmə istintaqında tədqiq edilən biri-digərini tamamlayan mötəbər və mümkün sübutlara əsaslanaraq, habelə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası CPM-in 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, onların kifayət etməsi nəticəsinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 127.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma - iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 1-ci bəndinə əsasən məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayəthüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamının 8-ci bəndində qeyd edilir ki, - ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmin Sərəncamın 13-cü bəndinə əsasən məhkəmələrə tövsiyə edilir ki: - cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixli Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də, göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, əməlini qismən etiraf etməsini, yaşadığı yer üzrə müsbət xarakterizə edilməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etmədi. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 47-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr CPM-in 346.1.11-346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-in 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Həmin Plenum qərarının 48-ci bəndinə əsasən cinayət qanununun sanksiyası müəyyən müddətə azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza növünü nəzərdə tutursa və təqsirkara məhz azadlıqdan məhrum etmə cəzası təyin edilirsə, hökmdə daha yüngül cəza növünün və ya həddinin təyin edilməməsinin səbəbləri göstərilməlidir. Eləcə də, təqsirkarın şərti məhkum olunması, ona təqsirli bilindiyi cinayətə görə CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi, cəzadan azad edilməsi hökmdə əsaslandırılmalıdır. Cinayət Məcəlləsinin 127.1-ci maddəsinin sanksiyasında azadlıqdan məhrumetmə növündə cəza nəzərdə tutulmasına baxmayaraq məhkəmə təqsirləndirilən şəxsə həmin cəzanın təyin edilməsini qanunauyğun, ədalətli və humanizm prinsiplərinə uyğun hesab etmir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını, onun cəmiyyətdən xaric olunmadan və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı yaşayış yer üzrə çəkməli, onun üzərinə cəza çəkdiyi müddətdə Masallı rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış, iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Məhkəmə, CPM-in 346.1.20-ci maddəsinin tələbinə əsasən qətimkan tədbiri məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Bundan başqa iş materiallarından müəyyən olunur ki, Zərərçəkmiş şəxs yazılı şəkildə iddia ərizəsi təqdim etməmiş və mülki iddiaçı kimi tanınmamışdır. Eyni zamanda zərərçəkmiş şəxs məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlanana qədər də, yazılı formada mülki iddia ərizəsi təqdim etməmişdir. Azərbaycan Respublikası CPM-nin 183-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. Məhkəmə hesab edir ki, iş üzrə Zərərçəkmiş şəxs dəymiş zərərin ödənilməsi ilə bağlı mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat vaxt sərf etmişdir. Ona görə də, 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsindən Müdafiəçi ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə məsrəfi yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını yaşadığı yer üzrə çəksin. Cəzanın icrası Masallı rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Masallı rayonunun hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 07:00-dək Masallı rayonu, Xanalion kəndində yerləşən fərdi yaşayış evini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış, iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi xidmətə görə 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsindən ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elşən Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar