Məhkəmə qərarları › İş №1(050)-32/2024

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-32/2024

21.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-32/2024 21.02.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi-Masallı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs iştirakları ilə Masallı Rayon Məhkəməsinin binasında xx xxxxx 1986-cı ildə Masallı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(050)-175/2022 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 1 il 5 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasının 2 ay 2 gün hissəsi çəkilməmiş qalmış, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, istintaqa məlum olmayan çəkidə satış məqsədi olmadan xeyli miqdarda bir ədəd bükümdə narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, xx.xx.2023-cü il tarixdə, saat 14 radələrində Masallı RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələri üzərində saxlamaqda və istifadəsində şübhəli olduğundan Masallı şəhəri, H.Səmədov küçəsində saxlanılaraq Masallı RPŞ-yə gətirilmiş, orada üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd gümüşü rəngli kağız bükümdə, təmiz çəkisi 0,240 qram təşkil edən tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 3 ildir narkotik vasitə istifadə edir. xx.xx.2023-cü il tarixdə, saat 11 radələrində bədənində ağrılar olduğundan şəxsi istifadəsi üçün narkotik vasitə olan heroin almaq məqsədilə Lənkəran rayonu, Qumbaşı kəndinə getmişdir. Orada xarici görkəmcə narkotik aludəçisinə oxşatdığı əvvəllər tanımadığı şəxsdən bir ədəd gümüşü rəngli kağız bükümdə heroini 10 manata alıb əynində olan göy rəngli cins şalvarının sol yan cibinə qoyaraq oradan uzaqlaşmışdır. Yolda piyada hərəkət edərkən o, üzərində olan narkotik vasitə heroindən bir az götürüb qəbul etmiş, qalan hissəsini yenə cibinə qoymuşdur. Sonra Masallı şəhərinə qayıdaraq yaşadığı evə getmiş və yorğun olduğu üçün yatıb dincəlmişdir. Həmin günü, yəni xx.xx.2023-cü il tarixdə saat 14 radələrində aldığı bir büküm narkotik vasitə heroindən yenə qəbul etməkdən ötrü yaşadığı evdən piyada çıxıb Masallı şəhəri, H.Səmədov küçəsində özünə uyğun yer axtarmağa başlamışdır. Həmin vaxt iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşıb xidməti vəsiqələrini göstərərək Masallı RPŞ-nin polis əməkdaşları olduqlarını, qanunsuz olaraq narkotik vasitə istifadə etməkdə və üzərində gəzdirməkdə şübhəli olduğunu deyərək, onu polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində TB-nin təhqiqatçısı Əli Sadıqov qanunsuz olaraq üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu və bu səbəbdən saxlanılaraq polis şöbəsinə gətirildiyini deyərək şübhəli şəxs kimi hüquq və vəzifələrini ona elan edib bu barədə bildiriş vermişdir. Sonra hüquqlarının müdafiə edilməsi üçün dövlət hesabına Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi dəvət olunmuşdur. Daha sonra təhqiqatçı Ə.Sadıqov ona üzərində şəxsi-axtarış aparılacağını və bu zaman video çəkilişdən istifadə olunacağını deyərək, üzərində qanunla qadağan olunmuş hər hansı vasitə, predmet və ya əşya varsa təqdim etməsini təklif etdikdə, o, əynində olan göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd gümüşü rəngli kağız bükümdə olah narkotik vasitə heroini təqdim etmişdir. Bundan sonra təqdim etdiyi narkotik vasitə heroin təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilmiş, ümumi çəkisinin 0,32 qram olduğu müəyyən edilmiş, kağız zərfə qoyularaq qablaşdırılmışdır. Sonra üzərində şəxsi-axtarış keçirilmiş, lakin üzərindən əlavə olaraq qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Bütün bunlar barədə protokol tərtib olunmuş, protokol iştirakçılara ucadan oxunmuş və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Hazırda etdiyi əməldən peşmandır. Məhkəmədən barəsində mümkün qədər yüngül cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli, onun özünün ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, məhkəmə-kimyəvi, məhkəmə-narkoloji ekspertizalarının rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla ona aşağıdakı qaydada sübuta yetirilir. Belə ki, məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid2 Layiq oğlu ifadəsində göstərdi ki, o, Masallı Rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə ona ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz əldə edib üzərində gəzdirməkdə və istifadəsində şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması və Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunmasından ötrü təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə verilməsi üçün raportla RPŞ-nin rəisinə məruzə edilmiş və rəis tərəfindən əməliyyat-axtarəş qruppu yaradılmışdır. xx.xx.2023-cü il tarixdə, saat 14 radələrində Təqsirləndirilən şəxs Masallı şəhəri, H.Səmədov küçəsində olması barədə məlumat əldə etdikdən sonra polis nəfəri Şahid1la birlikdə sonuncuya yaxınlaşıb xidməti vəsiqələrini göstərərək Masallı RPŞ-nin əməkdaşları olduqlarını, qanunsuz olaraq narkotik vasitə istifadə etməkdə və üzərində daşımaqda şübhəli olduğunu bildirərək polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində təhqiqatçı X11 Bağırova narkotik vasitələri qanunsuz olaraq üzərində gəzdirməkdə şübhəli olduğu üçün saxlanılaraq polis şöbəsinə gətirildiyini deyərək ona şübhəli şəxs kimi hüquq və vəzifələrini izah edib bu barədə bildiriş vermişdir. Sonra Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün Masallı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dəvət olunmuşdur. Daha sonra təhqiqatçısı Ə.Sadıqov Təqsirləndirilən şəxs üzərində şəxsi-axtarış aparılacağını və bu zaman video çəkilişdən istifadə olunacağını deyərək, üzərində qanunla qadağan olunmuş hər hansı vasitə, predmet və ya əşya varsa təqdim etməsini təklif etdikdə, sonuncu əynində olan göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd gümüşü rəngli kağız bükümdə maddəni, həmçinin sağ yan cibindən 2 ədəd 20 manatlıq pul əskinazları və bir ədəd üzərində “Attenti” sözləri yazılmış aparatı çıxardıb təqdim etmişdir. Daha sonra edilən sorğu-sual zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisində narkotik vasitə heroinin olduğunu, həmin heroini xx.xx.2023-cü il tarixdə, saat 11 radələrində Lənkəran rayonu, Qumbaşı kəndinə tanımadığı şəxsdən 10 manata aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdiridiyini bildirmişdir. Bundan sonra təhqiqatçı Ə.Sadıqov tərəfindən narkotik vasitə heroinə bənzər maddə kağızla birlikdə elektron tərəzidə çəkilmiş, ümumi çəkisinin 0,32 qram olduğu müəyyən edilmiş, kağız zərfə qoyularaq qablaşdırılmış və üzəri RPŞ-nin 90 saylı möhürü ilə möhürlənərək imzalanmışdır. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsiaxtarış keçirilmiş, lakin üzərindən əlavə olaraq qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Bütün bunlar barədə protokol tərtib olunmuş, protokol iştirakçılara ucadan oxunmuş və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Masallı RPŞ-nin PPXB-nin polis nəfəri Şahid1 Şahid2 Layiq oğlu ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan video diskə keçirilən baxış zamanı müəyyən olunmuşdur ki, Masallı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kiçik serjantı Şahid2 Layiq oğlu, Masallı RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid1 və Masallı RPŞ-nin Kriminalistik TQ-nin kriminalist, polis kapitanı X5 iştirakları ilə Masallı RPŞ-nin TB-nin təhqiqatçısı X8 tərəfindən Təqsirləndirilən şəxs üzərində gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı maddə, predmet və əşya varsa könüllü olaraq iştirakçılara təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd gümüşü rəngli kağız bükümdə maddəni, həmçinin sağ yan cibindən 2 ədəd 20 manatlıq pul əskinazları və bir ədəd üzərində “Attenti” sözləri yazılmış aparatı çıxardıb təqdim edərək, bükümün içərisində narkotik vasitə heroinin olduğunu, həmin heroini xx.xx.2023-cü il tarixdə saat 11 radələrində Lənkəran rayonu, Qumbaşı kəndinə tanımadığı şəxsdən 10 manata aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdiridiyini bildirmişdir. Təqdim olunan büküm açıldıqda içərisindən narkotik vasitə heroinə bənzər kütlə aşkar olunmuşdur. Həmçinin, Təqsirləndirilən şəxs əynində olan paltarlara şəxsi axtarış keçirilərkən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya və predmet aşkar edilməmişdir. Daha sonra heroinə bənzər maddə elektron tərəzidə çəkilmiş, ümumi təmiz çəkisinin 0,32 qram olduğu müəyyən olunmuşdur. İş materiallarında olan Masallı Rayon İcra Hakimiyyəti Başçısının Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X4 Bölməsinin 26 dekabr 2023-cü il tarixli 19/1066 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “vət.Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş heroinə bənzər maddə....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi-0,240 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (Heroinin təmiz çəkisi-0,240 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq- 0,190 qram). İş materiallarında olan Azərbaycan Respubllikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər X1 X2 dair 28 dekabr 2023-cü il tarixli 1115 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin, kannabinoidlərin və stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (polinarkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(050)- 133/2023 saylı qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 3 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya idarəsi tərəfindən tələbnaməyə verilmiş cavabdan, hökmdən və Masallı rayon İcra və Probasiya şöbəsinin məktubundan görünür ki, təqsirləndirilən şəxs Bağırov X6 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(050)-175/2022 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 1 il 5 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasının 2 ay 2 gün hissəsi çəkilməmiş qalmış, məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna obyektiv, hüquqi qiymət verərək hesab edir ki, istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə narkotik vasitələrin aludəçisi olduğunu, narkomaniya xəstəliyindən əzab çəkdiyini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, əvvəllər eyni xarakterli cinayət əməli törətdiyinə görə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmasını və cəzasını çəkib qurtarmadan yenidən hazırki cinayət əməlini törətməsini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən müəyyən edir. Eyni zamanda Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə polinarkomaniyadan məcburi müalicə edilməli və ərazi narkoloji kabinetdə qeydiyyata alınmalı, ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməli, iş üzrə maddi sübut olan və Masallı Rayon Polis Şöbəsində (maddi sübutların saxlanılması otağında) saxlanılan (ekspertiza tədqiqatından sonra qalıq qalan) ümumi çəkisi 0,190 qram narkotik vasitə heroin məhv edilməli, iş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 2 (iki) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(050)-175/2022 saylı hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 2 (iki) ay 2 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrumetmə cəzasının bir gününə hesablanmaqla, hazırki hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilsin və üzərində qəti olaraq 1 (bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 25 dekabr 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə polinarkomaniyadan məcburi müalicə edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut olan və Masallı Rayon Polis Şöbəsində (maddi sübutların saxlanılması otağında) saxlanılan (ekspertiza tədqiqatından sonra qalıq qalan) ümumi çəkisi 0,190 qram narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən, elan olunduğu andan (həbsdə saxlanılan məhkum üçün hökmün surətini aldığı andan) 20 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və apelyasiya protesti verilmədiyi halda elan olunduğu andan (həbsdə saxlanılan məhkum üçün hökmün surətini aldığı andan) 20 gün sonra qanuni quvvəyə minir. Sədrlik edən: Firdovsi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar