Məhkəmə qərarları › İş №1(050)-33/2024

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-33/2024

13.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-33/2024 13.02.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, Müdafiəçi-Masallı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs iştirakları ilə Masallı Rayon Məhkəməsinin binasında xx xxxx 1961-ci il tarixdə Masallı rayonu, Ərkivan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, "xxxx" MMC-də xadimə işləyən, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Ərkivan qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 01 radələrində Masallı şəhəri, R.Abbasov küçəsində yerləşən özünə məxsus olan fərdi yaşayış evində qızı Zərərçəkmiş şəxs gün ərzində mütəmadi olaraq sosial şəbəkədən istifadə etməsi ilə əlaqədar aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı sonuncunun baş və sifət nahiyələrinə yumruq və sillə ilə qəsdən bir neçə-dəfə vuraraq Zərərçəkmiş şəxs başın sol təpə nahiyəsində hematoma, sol gözaltı nahiyədə sıyrıq və sol gözün ağlı qişasına hissəvi qansızma kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri yetirmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş yekun protokolu üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, qızı Zərərçəkmiş şəxs ilə birlikdə yaşayır. Qızı Zərərçəkmiş şəxs sosial şəbəkədə vaxt keçirməsinə və orada hər hansı bir şəxslə münasibət saxlayaraq gələcəkdə ailə həyatı qurmasına qarşıdır və mütəmadi olaraq buna mane olmaq istəmişdir. Zərərçəkmiş şəxs dəfələrlə bu barədə irad bildirsə də, sonuncu onun şəxsi işi olmasını deyib onun iradlarına əhəmiyyət verməmişdir. Bununla bağlı aralarında dəfələrlə sözlə mübahisələr olmuşdur. 08.01,2024-cü il tarixdə, saat 01 radələrində qızı Zərərçəkmiş şəxs yenidən telefonda sosial şəbəkəyə girməsini və orada zaman keçirməsini görüb ona bu barədə irad bildirdikdə, sonuncu artıq bu söhbətlərdən bezdiyini və hər gün davam edən, eyni xarakterli söz-söhbəti yekunlaşdırmasını bildirmişdir. Zərərçəkmiş şəxsı bu sözündən əsəbiləşib, onun üzərinə hücum edərək yumruq və şillə ilə sonuncunun baş və sifət nahiyələrinə vurmağa başlamışdır. Bu zaman Zərərçəkmiş şəxs ona qarşılıq verməyib evin digər otağa qaçmışdır. Daha sonra Zərərçəkmiş şəxs 08.01,2024-cü il tarixdə onun barəsində DİN-in 102 xidmətinə müraciət etməsini bildirmişdir. Hazırda etdiyi əməldən peşmandır. Məhkəmədən zərərçəkmiş şəxsin onunla barışmasa da, doğma qızı olmasını, yaşlı qadın olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını nəzərə alaraq, barəsində həbslə bağlı olmayan yüngül cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin ifadəsi, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla ona aşağıdakı qaydada sübuta yetirilir. Belə ki, məhkəmə iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, anası Təqsirləndirilən şəxs ilə birlikdə yaşayır. Anası Təqsirləndirilən şəxs sosial şəbəkədə vaxt keçirməsinə, orada hər hansı bir şəxslə münasibət saxlayaraq gələcəkdə ailə həyatı qurmasına qarşıdır və mütəmadi olaraq buna mane olmaq istəmişdir. Anası Təqsirləndirilən şəxs ona dəfələrlə bu barədə irad bildirsə də, o, bunun şəxsi işi olduğunu deyərək onun iradlarına əhəmiyyət verməmişdir. Bununla bağlı aralarında dəfələrlə sözlə mübahisələri olmuşdur. 08.01,2024-cü il tarixdə, saat 01 radələrində anası Təqsirləndirilən şəxs yenidən onun telefonda sosial şəbəkəyə girməsinə və orada zaman keçirməsinə qarşı olarkən, o, artıq bu söhbətlərdən bezdiyini və hər gün davam edən, eyni xarakterli söz-söhbəti yekunlaşdırmasını bildirmişdir. Bu sözündən sonra anası Təqsirləndirilən şəxs üzərinə hücum edərək yumruq və şillə ilə onun baş və sifət nahiyəsini vurmağa başlamışdır. Bu zaman Təqsirləndirilən şəxs qarşılıq verə bilməmiş, həmçinin anası olduğu üçün qarşılıq vermək istəməmiş, lakin bədəni çox ağrıdığı üçün digər otağa qaçmışdır. O, anası Təqsirləndirilən şəxs əvvəllər də onu döydüyünü, lakin anası olduğu üçün bu barədə şikayət etmədiyini bildirmişdir. Artıq anasının bu hərəkətlərindən bezərək onu döyməsi barədə DİN-nin 102 xidmətinə müraciət etmişdir. O, Nazöanim Əliyevanı bağışlamadığını bildirərək, barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş əməliyyat Statistik İnformasiya idarəsi tərəfindən tələbnaməyə verilmiş cavabdan, Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(050)-79/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə olan cinayət işinin icraatına CM-nin 73.2-ci maddəsinə əsasən xitam vermişdir. İş materiallarında olan Masallı Rayon İcra Hakimiyyəti Başçısının Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə-Tibbi Ekspertiza və X2» Publik Hüquqi şəxsin Masallı MTE və PA şöbəsinin 08 yanvar 2024-cü il tarixli 26 saylı rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs başın sol təpə nahiyəsində hematoma, sol gözaltı nahiyədə sıyrıq və sol gözün ağlı qişasına hissəvi qansızma müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan 08 yanvar 2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aiddir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna obyektiv, hüquqi qiymət verərək hesab edir ki, istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, təqsirini etiraf etməsini, yaşını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-in 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən onun cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, habelə zərərçəkmiş şəxsin onun doğma qızı olmasını, təyin ediləcək cəzanın ailəsinin həyat şəraitinə təsirini və onun cəmiyyətdən təcrid edilmədən də islah olunmasını mümkün sayaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində islah işləri cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. İş üzrə üzrə maddi sübut, mülki iddia və məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib aylıq qazancından 5 (beş) faiz məbləğində pul dövlət nəfinə tutulmaqla 3 (üç) ay müddətə islah işləri cəzasına məhkum olunsun. Cəzasını əsas iş yeri üzrə çəksin və cəzaçəkmənin başlanğıcı Təqsirləndirilən şəxs işlədiyi və onun qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və apelyasiya protesti verilmədiyi halda elan olunduğu andan 20 gün sonra qanuni quvvəyə minir. Sədrlik edən: Firdovsi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar