Məhkəmə qərarları › İş №1(050)-34/2024

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-34/2024

12.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-34/2024 12.03.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Hakim köməkçisi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbənin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi Masallı rayon vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə. xx xxxx 1990-cı ildə Masallı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli himayəsində iki nəfər azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş; Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, qanunsuz olaraq narkotik vasitələri qəbul etməkdə və üzərində gəzdirməkdə şübhəli olduğundan Masallı RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 05 yanvar 2024-cü il tarixdə saat 16 radələrində Masallı şəhəri H.Əliyev prospektində saxlanılaraq RPŞ-yə gətirilib orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli gödəkçəsinin sol alt hissəsindən yapışqan lentlə bağlanmış 01 ədəd qara rəngli sellofan paketin içərisindən təmiz çəkisi -450,0 qram təşkil edən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Bu əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittiham verilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. Hər dəfə alanda tutulmaqdan qorxduğu üçün uzun müddət istifadə etməyə görə çox çəkidə narkotik vasitə almaq qərarına gəlmişdir. Üzərində aşkar olunmuş narkotik vasitə 450 qram qurudulmuş marixuananı 05 yanvar 2024-cü il tarixdə Lənkəran rayonu, Qumbaşı kəndində tanımadığı şəxsdən 200 manata almışdır. Daha sonra yaşadığı Masallı şəhərinə geri qayıtmışdır. Həmin günü üzərində narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etmək üçün havanın qaralmasını gözləməmiş, bu səbəbdən Masallı şəhər ərazisində piyada gəzişmiş, narkotik vasitəni istifadə etməkdən ötrü insan gedişgəlişi az olan yer axtarmağa başlamışdır. 05 yanvar 2024-cü il tarixdə təqribən saat 16 radələrində Masallı şəhəri, Heydər Əliyev prospekti ərazisində piyada hərəkətdə olarkən tanımadığı 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşmış, xidməti vəsiqələrini göstərib polis əməkdaşları olduqlarını bildirmişlər, polis əməkdaşları üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməkdə şübhəli onu Masallı RPŞ-yə dəvət etmişlər. Orada Müdafiəçi iştirakı ilə üzərində videoçəkiliş vasitəsi ilə təhqiqatçı şəxsi axtarış keçirməyə başlamışdır. Təhqiqatçının təklifi ilə əynində olan qara rəngli gödəkçəsinin sol alt hissəsində saxladığı içərisində narkotik vasitə olan qurudulmuş marixuana olan yapışqan lentlə bağlanmış 1 ədəd qara rəngli sellofan bükülünü çıxartmış, polis əməkdaşlarına təqdim etmişdir. Narkotik vasitə tərəzidə çəkilmiş, zərfə qoyulmuş, bir sıra sənədlər bu barədə imza etmişlər. Hal-hazırda əməlindən peşmandır, saxlanılarkən ona hədə qorxu və ya fiziki təsir olunmamışdır. Himayəsində 1 azyaşlı övladı vardır, tutulduqdan sonra narkotik vasitələr qəbul etmir. Barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2024cü il tarixdə təxminən saat 16 radələrində Masallı şəhəri Heydər Əliyev prospektində Təqsirləndirilən şəxs saxlanılmış və Masallı RPŞ-nin inzibati binasında baş təhqiqatçı, polis mayoru Ariz Səfərovun xidməti otağına gətirilmiş, orada şübhəli şəxs kimi tutulmuş, hüquq və vəzifələri izah olunmuş, dövlət hesabına öz istəyi əsasında Masallı rayon Vəkil Bürosunun vəkili Müdafiəçisi qismində təyin edilmişdir. Daha sonra videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa, könüllü olaraq təqdim etməsi baş təhqiqatçı Ariz Səfərov tərəfindən təklif olunmuş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyini görüb əynində olan qara rəngli qış gödəkçəsinin sol alt hissəsində gizlətdiyi yapışqan lentlə bağlanmış 1 ədəd qara rəngli sellofan paketi çıxardıb iştirakçılara təqdim etmiş, Təqsirləndirilən şəxs həmin sellofan paketdə narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, narkotik vasitəni həmin günü səhər saatlarında Lənkəran rayonu Qumbaşı kəndində tanımadığı şəxsdən 200 manata şəxsi istifadəsi məqsədilə aldığını bildirmişdir. Təqsirləndirilən şəxs əynində olan geyim əşyalarına baş təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilən zaman əynindəki cins şalvarın sağ yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefon aşkar olunmuşdur. Məhkəmə istintaqında ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid2 Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə-bioloji ekspertizasının 06 yanvar 2024-cü il tarixli, 19/07 nömrəli saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “ Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş qurudulmuş marixuanaya bənzər kütlə.....” sözlər və imzalar olan bir ədəd paketdəki, 1 ədəd sellofan bükülüdə təmiz çəkisi: -450,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabiz) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. marixuananın təmiz çəkisi 450 qram, tədqiqata sərf olundu 0,01 qram, qalıq 449,9 qramdır. Məhkəmə-narkoloji ekspertizasının 08 yanvar 2024-cü il tarixli, 11 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Əşyanın maddi sübüt hesab edilməsi haqqında qərardan və sübütların qiymətləndirilməsi haqqında qərardan görünür ki, qalıq 449,9 qram qurudulmuş marixuana və şəxsi axtarış barədə 1 ədəd CD diski maddi sübut kimi tanınmışdır. Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilməsi barədə video çəkilişin aparılmasına dair 1 ədəd CD-yə “HP” markalı komputer vasitəsi ilə baxış keçirilərək, müdafiəçinin iştirakı ilə keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sol alt hissəsindən 01 ədəd qara rəngli sellofan paketdə təqdim etməsi və qurudulmuş marixuana olmasını, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirməsi müəyyən olunur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.3.-cü maddəsində göstərilir ki, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən təqsirləndirilən şəxsin etirafı, şahidlərin ifadələri, təqsirləndirilən şəxsin üzərindən narkotik vasitənin aşkar edilməsi barədə video çəkiliş aparılması barədə CD, ekspretiza rəyi, eləcə də işin faktiki halları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1.-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsiri tam sübuta yetirilmişdir. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikasının CPM-nin 144-146-cı maddələrində nəzərdə tutulmuş qaydada hüquqi qiymət verərək, eləcə də həmin Məcəllənin 346 və 349-cı maddələrinin tələblərinə riayət edərək hesab edir ki, baş vermiş cinayət hadisəsini Təqsirləndirilən şəxs törətməsi, onun təqsirliliyi məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlarla əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayətdir, məhkəmənin müəyyən etdiyi hallar təddqiq olunmuş sübutlara uyğun gəlir, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 234.1ci maddəsi əsasında təqsirləndirilən şəxsə ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur, əməlin cinayət olmasını aradan qaldıran, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi əsasları yoxdur, odur ki, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Şübhəli şəxsin tutulması haqqında protokoldan və tutulmuş şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi və barəsində polisin nəzarəti altına vermə barədə qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 05 yanvar 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 07 yanvar 2024-ci il tarixdə azad edilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Masallı rayon Mənzil İstismar Sahəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə edilir. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə doğulmuş X3 atası Təqsirləndirilən şəxsdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1.-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3.-cü maddəsinə əsasən törədilmiş cinayətin xatakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdiran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs himayəsində bir nəfər azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən haldır. Məhkəmə Cinayət Məcəlləsinin 59.2.-ci maddəsini əsas götürərək onun törətdiyi cinayət əməlinə görə səmimi peşman olmasını və yaşadığı yer üzrə müsbət xarakterizə edilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə təyin ediləcək cəzanın növü və həddi məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs şəxsiyyəti, yaşı, ailə və sosial vəziyyəti, təyin olunacaq cəzanın onun ailə şəraitinə təsiri, əməlinin yüngülləşdirici halları, cinayəti törətmə üsulu və əməlin ictimai təhlükəliliyi, bu növ əmələ görə əvvəllər inzibati və ya cinayət məzuliyyətinə cəlb olunmaması, cinayət hadisəsi baş verdikdən sonrakı özünü islahedici hərəkətləri ona əsas verir ki, onun cəmiyyətdən təcrid olunmasına zərurət yoxdur, ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin etməklə də o, islah oluna bilər. Bu səbəblə də azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin olunması ədalətli və qanuni hesab edilməklə cəzanın məqsədlərinə və sosial ədalətin bərpasına nail oluna bilər. Bununla belə məhkəmə tödədilmiş cinayət əməlinin ictimai təhlükəliliyini nəzərə alaraq qeyd edir ki, azadlığın məhdudlaşdırma cəzası yuxarı həddə təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2.1.- 52-1.2.4.-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3.-cü maddəsində qeyd edilmişdir ki, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlama müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablı ilə hesablanır. Qanunun tələbinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmasına görə hesablanmış 02 gün ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasına daxil edilməlidir. Məhkəmə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Rayonlararası X1 X5 Yoxlamanın nəticələrinə dair rəyini tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə olunması zərurəti vardır, məcburi müalicəyə qarşı əks göstərişi yoxdur, ona görə də Cinayət Məcəlləsinin 93.1.2.-ci maddəsinə əsasən barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli, o, ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələblərinə əsasən qətimkan tədbiri məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1.-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Maddi subut olan-Masallı RPŞ-də saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 449 qram marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, videogörüntü olan disk iş materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə Azərbaycan Respublikasının CM-nin 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 05 yanvar 2024-cü il tarixdən 07 yanvar 2024-cü il tarixədək şübhəli şəxs kimi saxlanıldığı müddətə görə 02 günün bir günü azadlığın məhdudlaşdırılması cəzası müddətinə iki gün hesablanmaqla 04 gün Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasına daxil edilsin və onun üzərində 02 (iki) il, 11 (on bir) ay, 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs “Kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu” narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli yaşayış yeri üzrə cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilməsin. Masallı rayon polis şöbəsində saxlanılan, tədqiqata sərf edildikdən sonrakı qalıq qalmış 449,9 qram marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, videogörüntü olan 1 (bir) ədəd disk cinayət işi materiallarında saxlanılsın. Məhkəmə-bioloji ekspertiza xərci 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin **********, X2 KOD 210005, VÖEN **********1, Müxbir hesab AZ 41 NABZ********************, SWİFT BİK CTREAZ 22, VÖEN **********, AZ3434CTRE******************** hesabına köçürülsün. Hökmün icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökm elan olunduqdan sonra 20 gün müddətinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar