Məhkəmə qərarları › İş №1(050)-35/2024

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-35/2024

19.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-35/2024 19.02.2024 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Masallı Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1993-cü ildə Masallı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Masallı şəhəri, M.Ə.Sabir küçəsi, ev 4-də qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, qanunsuz olaraq narkotik vasitələri qəbul etməkdə və üzərində gəzdirməkdə şübhəli olduğundan Masallı RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 05 yanvar 2024-cü il tarixdə saat 17 radələrində Masallı şəhəri, H.Əliyev prospektində saxlanılaraq RPŞ-yə gətirilib orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan gödəkçəsinin alt hissəsindən yapışqan lentlə bağlanmış 01 ədəd qara rəngli sellofan paketin içərisindən təmiz çəkisi- 460,0 qram təşkil edən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, 05 yanvar 2024-cü il tarixdə səhər saatlarında yaşadığı evdə yuxudan oyandıqda bədənində ağrılar olmuş, narkotik vasitə alıb istifadə etməkdən ötrü Cəlilabad rayonu, Göytəpə şəhərinə getməyi planlaşdırmış, yaşadığı evin yaxınlığından keçən asfalt yolda tanımadığı şəxsin idarə etdiyi dövlət qeydiyyat nişanını və markasını xatırlamadığı taksi avtomobili ilə Cəlilabad rayonu, Göytəpə şəhərinə getmişdir. Oraya çatdıqda parkın giriş tərəfində avtomobildən aşağı düşmüş, parkın ərazisini piyada gəzişməyə başlamış, parkın ərazisində gəzişməkdə məqsədi orada kimdənsə narkotik vasitə istifadə etməkdən ötrü almaq olmuş, parkın ərazisini piyada tək gəzişərkən yanına cavan yaşlarında olan oğlan yaxınlaşıb salam vermişdir. Həmin tanımadığı şəxslə salamlaşmış, tanımadığı şəxs narkotik vasitə istifadəçisinə oxşamış, adını bilmədiyi şəxs ona narkotik vasitə istifadəçisi olub-olmaması barədə sual vermiş, cavabında həmin şəxsdən narkotik vasitə təşkil etməsini xahiş etmişdir. Adını bilmədiyi şəxs ona yarım kiloqramdan az narkotik vasitə olan qurudulmuş marixuananı 200 manat pul müqabilində sata biləcəyini demiş, bununla razılaşmış, sonuncu əynində olan gödəkçəsinin altında gizlətdiyi yapışqan lentlə bağlanmış 1 ədəd bükülünü çıxartmış və içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. 200 manat pul həmin şəxsə vermiş, yapışqan lentlə bağlanmış 1 ədəd qara rəngli sellofan bükülüdə olan narkotik vasitə qurudulmuş marixuananı almış, tanımadığı şəxs narkotik vasitə olan bükülünü əlində saxlamamasını və hara gedəcəksə gödəkçəsində gizlədib getməsini məsləhət görmüşdür. Narkotik vasitə qurudulmuş marixuana olan həmin bükülünü əynində olan gödəkçəsinin alt hissəsində gizlətmiş, oradan tanımadığı şəxsin idarə etdiyi taksi avtomobili ilə yaşadığı Masallı şəhərinə geri qayıtmış, həmin günü üzərində narkotik vasitə olan qurudulmuş marixuana olduğundan narkotik vasitəni istifadə etmək üçün axşam olmasını gözləməmişdir. 05 yanvar 2024-cü il tarixdə təxminən saat 17 radələrində Masallı şəhəri, Heydər Əliyev prospekti ərazisində piyada hərəkətdə olarkən tanımadığı 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşmış, həmin şəxslər xidməti vəsiqələrini göstərib polis əməkdaşları olduqlarını bildirmişlər, polis əməkdaşları üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməkdə şübhəli olduğundan və orada üzərində şəxsi axtarış aparılması üçün əlverişli şərait olmadığına görə onu Masallı RPŞ-yə dəvət etmişlər. Polis əməkdaşlarına hər hansı bir etiraz etməmiş, Masallı RPŞ-də özünü baş təhqiqatçı Ariz Səfərov kimi təqdim edən polis əməkdaşının xidməti otağına aparılmış, orada şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edilmiş, öz istəyi əsasında dövlət hesabına Masallı Rayon Vəkil Bürosundan vəkil Müdafiəçisi qismində təyin edilmişdir. Müdafiəçisinin iştirakı ilə videogörüntü aparılmaqla üzərinə baxış keçirilməzdən öncə qanunla qadağan olunmuş hər hansı bir predmet və ya əşyanın üzərində olub-olmaması barədə baş təhqiqatçı Ariz müəllim sual vermiş, üzərinə şəxsi axtarış keçirələcəyini görüb əynində olan gödəkçəsinin altında gizlətdiyi içərisində narkotik vasitə olan qurudulmuş marixuana olan yapışqan lentlə bağlanmış 1 ədəd qara rəngli sellofan bükülünü çıxardıb polis əməkdaşlarına təqdim etmişdir. Baş təhqiqatçının verdiyi sualları cavablandırmış, sellofan bükülünün içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu və Cəlilabad rayonu, Göytəpə şəhərində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 200 manata aldığını bildirmişdir. Üzərinə və əynində olan paltarlara şəxsi axtarış keçirilən zaman əynində olan şalvarının sağ yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefon aşkar edilmiş, üzərindən qanunla qadağan olunmuş başqa maddə aşkar olunmamış, təqdim etdiyi 1 ədəd sellofan bükülüdə olan narkotik vasitə qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş və çəkisi 440 qram olmuşdur. Üzərindən aşkar olunmuş 1 ədəd sellofan bükülüdə olan narkotik vasitə qurudulmuş marixuana və 1 ədəd mobil telefon ayrı-ayrı zərflərə qoyularaq qablaşdırılmış, zərflərin üzəriləri imzalanaraq möhürlənmiş, protokol tərtib olunmuş və tərəfindən imzalanmışdır. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki zor və ya psixi təzyiq göstərilməmişdir. Sonda Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət əməli törətməsini nəzərə alaraq ona həbslə əlaqədar olmayan yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxsin ittiham olunduğu cinayəti törətməsi onun özünün səmimi etirafı ilə yanaşı işin məhkəmə istintaqı zamanı tədqiq edilən digər sübut növləri ilə aşağıdakı qaydada tam sübuta yetirilir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 05 yanvar 2024-cü il tarixdə daxil olmuş əməliyyat məlumatında Masallı şəhəri, M.Ə.Sabir küçəsi ev 4-də yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz qəbulunda, üzərində gəzdirməsində və istifadəsində şübhəli olması qeyd olunmuşdur. Həmin məlumat üzrə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılıb Masallı RPŞ-yə gətirilməsi ilə əlaqədar tərəfindən “Təxirə salınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsi” haqqında qərar qəbul olunmuşdur. xx.xx.2024-cü il tarixdə təxminən saat 17 radələrində Masallı şəhəri, Heydər Əliyev prospektində Təqsirləndirilən şəxs saxlanılmış, həmin vaxtı orada Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmaq üçün əlverişli şərait olmadığına görə sonuncunu Masallı RPŞ-yə dəvət etmişlər, Təqsirləndirilən şəxs razılaşmış, Masallı RPŞ-nin inzibati binasında baş təhqiqatçı, polis mayoru Ariz Səfərovun xidməti otağına gətirilmiş, orada şübhəli şəxs kimi tutulmuş, hüquq və vəzifələri izah olunmuş, dövlət hesabına öz istəyi əsasında Masallı Rayon Vəkil Bürosunun vəkili Müdafiəçisi qismində təyin edilmişdir. Bundan sonra videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa, könüllü olaraq təqdim etməsi baş təhqiqatçı Ariz Səfərov tərəfindən təklif olunmuş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyini görüb əynində olan qış gödəkçəsinin altında gizlətdiyi yapışqan lentlə bağlanmış 1 ədəd qara rəngli sellofan paketi çıxardıb iştirakçılara təqdim etmiş, həmin sellofan paketdə narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, narkotik vasitəni həmin günü səhər saatlarında Cəlilabad rayonu, Göytəpə şəhərində tanımadığı şəxsdən 200 manata şəxsi istifadəsi məqsədilə aldığını bildirmişdir. Təqsirləndirilən şəxs əynində olan geyim əşyalarına baş təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilən zaman əynindəki şalvarın sağ yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefon aşkar olunmuş, üzərindən qanunla qadağan edilmiş başqa hər hansı bir əşya aşkar olunmamış, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd bükülüdə olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilərək 440 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə və 1 ədəd mobil telefon ayrı-ayrı zərflərdə qablaşdırılmış, zərflərin üzəriləri imzalanaraq DİN-nin 90 saylı möhürü ilə möhürlənmiş, şəxsi axtarış və götürmə barədə protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalanmışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 məhkəmə iclasında tədqiq edilməklə elan olunmuş ifadəsindən görünür ki, o, Şahid1 ilə oxşar məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında iş materiallarında olan Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilməsi barədə video çəkilişin aparılmasına dair CD-yə baxış keçirilərək, o, əynində olan olan gödəkçəsinin altında gizlətdiyi içərisində narkotik vasitə olan qurudulmuş marixuana olan yapışqan lentlə bağlanmış 1 ədəd qara rəngli sellofan bükülünü çıxarıb polis əməkdaşlarına təqdim etməsi, baş təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilən zaman əynindəki şalvarın sağ yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefon aşkar olunmuş, üzərindən qanunla qadağan edilmiş başqa hər hansı bir əşya aşkar olunmamış, təhqiqatçının verdiyi suallara cavab olaraq təqdim etdiyi sellofan bükülünün içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu və Cəlilabad rayonu, Göytəpə şəhərində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 200 manata aldığını deməsi müəyyən edildi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsinin 06 yanvar 2024-cü il tarixli, 19/08 nömrəli saylı rəyin təsviri və nəticə hissələrində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə.....” sözlər və imzalar olan bir ədəd paketdəki, 1 ədəd sellofan bükülüdə təmiz çəkisi: -460,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. (Marixuananın təmiz çəkisi -460,0 qram qram, tədqiqata sərf olundu, 0,1 qram, qalıq 459,9 qramdır.) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Mərkəzi X1 X5 Yoxlamanın nəticələrinə dair 11 yanvar 2024-cü il tarixli, 20 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs KANNABİNOİDLƏRİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Əşyanın maddi sübut hesab edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, 05 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspert tədqiqatından sonra qalıq çəkisi 459.9, qram narkotik vasitə olan qurudulmuş marixuana maddi sübut kimi tanınmış və saxlanılması üçün RPŞ-nin saxlanc anbarına verilmişdir. Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə olan qurudulmuş marixuananın aşkar olunduğu görüntünün olduğu video disk cinayət işinin materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Masallı Rayon İHB-ın Masallı şəhəri İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən və arayışdan görünür ki, Əliyev X3 şəhəri, M.Ə.Sabir küçəsi, ev 4-də qeydiyyatda olmaqla atası xx.xx.1963-cü il təvəllüdlü X6 və bibisi-xx.xx.1971-ci il təvəllüdlü X2 ibarət ailə tərkibində yaşayır. Təqsirləndirilən şəxs ərazidə yaşadığı müddətdə özünü intizamsız aparmış və cəmiyyətə yaraşmayan hüquqa zidd hərəkətlər yol vermişdir. Təqsirləndirilən şəxs mənfi xarakterizə olunur. Təqsirləndirilən şəxs barəsində Masallı rayon İHB-ın Masallı şəhəri İƏD üzrə nümayəndəliyinə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən təqsirləndirilən şəxsin etirafı, şahidlərin ifadələri, təqsirləndirilən şəxsin üzərindən narkotik vasitənin aşkar edilməsi barədə video çəkiliş aparılması barədə CD, eləcə də işin faktiki halları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikası CPM-nin 144-146-cı maddələrində nəzərdə tutulmuş qaydada qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Məcəllənin 8.1-ci maddəsinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndində qeyd olunur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59.2-ci maddəsin əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs əməlini səmimi etiraf edərək peşmançılıq çəkməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, maddənin sanksiyasında törədilmiş əmələ görə ilk növbədə azadlığın məhdudlaşdırılması cəzası nəzərdə tutulmuşdur. Məhkəmə şəxsə ilk növbədə həmin cəzanın təyin edilməsinin mümkünlüyü məsələsini qiymətləndirməlidir. Məhkəmə tərəfindən cəza təyin edilərkən şəxsə daha ağır cəzanın təyin edilməsi o halda məqbul hesab edilə bilər ki, təyin ediləcək yüngül cəza cəzanın məqsədlərini təmin edə bilməsin. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs azadlığın məhdudulaşdırılması növündə cəza təyin olunacağı təqdirdə də təmin edilə bilər, ona ittiham olunduğu maddənin sanksiyasında nəzərədə tutulmuş daha ciddi cəza növünün tətbiq edilməsi üçün əsas yoxdur. İş materallarında olan şübhəli şəxsin tutulması haqqında və qətimkan tədbirinin seçilməsinə dair qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 05 yanvar 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və 07 yanvar 2024-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə saxlanıldığı yerdən azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq saxlandığı müddət ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasına hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələblərinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 346.1.16-cı maddəsinə əsasən təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin və məhz hansı tədbirin tətbiq edilməsinin mümkün olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1 və 93.1.2-ci maddələrinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Cinayət işi üzrə müvafiq tibbi yoxlamanın rəyindən də görünür ki, Təqsirləndirilən şəxs KANNABİNOİDLƏRİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülmüşdür. Odur ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə Masallı Rayon Polis şöbəsində saxlanılan və aparılmış ekspert tədqiqatından sonra qalıq qalan 459,9 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, narkotik vasitənin təqsirləndirilən şəxsin üzərindən aşkar edilərək götürülməsini özündə əks etdirən 1 ədəd video CD disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 346.1.21-ci maddəsinin tələblərinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə də baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekspertizanın dəyəri olan 60 (altmış) manat məbləğində pul vəsaiti tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini müzakirə edərək müsadirə ediləcək əmlakın olmamasını müəyyən etdi. İş üzrə mülki iddia yoxdur. Hökmün icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə həvalə olunmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 02 (iki) il 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı tutularaq saxlandığı 05 yanvar 2024cü il tarixindən 07 yanvar 2024-cü il tarixədək olan 2 (iki) gün müddətin hər 1 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) günü hesabı ilə hesablanmaqla həmin cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Masallı Rayon Polis şöbəsində saxlanılan, tədqiqata sərf edildikdən sonra qalıq qalan - 459,9 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərindən narkotik vasitənin aşkar edilməsi barədə görüntüləri özündə əks etdirən 01 ədəd “CD” disk iş materiallarında saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmün icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Masallı Rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar