Məhkəmə qərarları › İş №1(050)-36/2023

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-36/2023

27.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-36/2023 27.02.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Masallı rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1979-cu il tarixdə Masallı rayonu Xanalion kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, Masallı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ailəli, işsiz, Masallı rayonu Xanalion kəndində qeydiyyatda olan, 22 dekabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Masallı Rayon Məhkəməsinin 24 dekabr 2022-ci il tarixli qərarına əsasən barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Мəcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz əldə etdiyi narkotik vasitə heroini üzərində qanunsuz saxlamaqla daşımış, Masallı RPŞ-in əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələri qəbul etməkdə və üzərində gəzdirməkdə şübhəli olduğundan xx.xx.2022-ci il tarixdə saat 18 radələrində Masallı şəhəri H.Əliyev prospektində yerləşən “İsgəndərli dairəsi” deyilən ərazidə saxlanılaraq Masallı RPŞ-nə gətirilib orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli gödəkçənin sağ yan cibindən 1 ədəd bükümdə təmiz çəkisi 0,223 qram olan, tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Həmin əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, narkotik vasitələrin istifadəçisdir. Bu səbəbdən Masallı Rayon Məhkəməsinin hökmü ilə 11 ay 27 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasını tam çəkdikdən sonra azadlığa buraxılmışdır. Azadlığa buraxıldıqdan sonra da narkotik vasitələrdən istifadə etmişdir. Lakin tutulduğu zaman üzərində narkotik vasitə olmamışdır. Həmçinin iş materiallarında qeyd edilir ki, o, narkotik vasitəni Lənkəran rayonu Qumbaşı kəndindən şəxsi istifadəsi üçün 10 manata əldə etmişdir. Lakin bu doğru deyil, tamamilə yalandır. Çünki o, narkotik vasitələrin aludəçisidir və əgər 40 km-lik məsafəni qət edib bir bükümdə narkotik vasitə əldə etmişdirsə, o, həmin narkotik vasitəni aldığı yerdəcə istifadə etmiş olardı, daha 40 km məsafəni geriyə qət edib onu Masallı rayonuna gətirməzdi və üzərində gəzdirməzdiki polis əməkdaşları gəlib onu tutsunlar. Narkotik vasitə isə polis şöbəsində olan zaman üzərinə qoyulmuş və polis əməkdaşları tərəfindən ona zor tətbiq edilərək, işgəncə verilərək çəkiliş zamanı həmin narkotik vasitənin onun olmasını etiraf etməli olması deyilmişdir. O da, məcbur qalaraq narkotik vasitənin ona məxsus olduğunu demişdir. Lakin həmin narkotik vasitə ilə heç bir əlaqəsi yoxdur. Sadəcə olaraq polis əməkdaşları tərəfindən şərlənmişdir. Həmçinin ona qarşı zor tətbiq edilməsi və işgəncə verilməsi ilə bağlı iptidai istintaqa rəhbərlik edən prokurora, barəsində həbs qətimkan tədbiri seçən hakimə və istintaq təcridxanasının rəhbərliyinə heç bir məlumat verməmişdir. Narkotik vasitələrin istifadəçisi olduğu üçün çox peşmandır. Himayəsində xəstə anası vardır. Odur ki, məhkəmədən barəsində azadlığın məhdudlaşdırılması ilə bağlı cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayəti törətməsində özünü qismən təqsirli bilsə də, onun əməli işin məhkəmə istintaqı zamanı tədqiq edilən digər sübut növləri ilə aşağıdakı qaydada tam sübuta yetirilir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 ifadə verərək bildirdi ki, 22 dekabr 2022-ci il tarixdə Masallı rayonu Xanalion kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində saxlamaqda və onlardan istifadə etməkdə şübhəli olması barədə ona əməliyyat məlumatı daxil olmuş, daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanması və Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunmasından ötrü əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə verilməsi üçün Masallı RPŞ-in rəisinə tərtib etdiyi raportun icrası tədbirlərin davam etdirilməsi ona həvalə olunmuşdur. Raport əsasında onun tərəfindən qərar qəbul olunmuşdur. Həmin gün saat 18 radələrində Təqsirləndirilən şəxs Masallı şəhəri H.Əliyev prospektində yerləşən “İsgəndərli dairəsi” adlanan ərazidə olması barədə məlumat əldə edib Masallı RPŞ-in PPXB-nün polis nəfəri, polis serjantı Şahid2 ilə birlikdə həmin əraziyə getmiş, həmin ərazidə piyada hərəkət edən Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etdikdən sonra üzərində narkotik maddə olması, qəbulunda şübhəli olmasını bildirib polis şöbəsinə dəvət etmiş və birlikdə Masallı RPŞ-nə gəlmişdir. Daha sonra Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş və sonra Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün Masallı rayon Vəkil Bürosunun müdafiəçisi Müdafiəçi dəvət edilmişdir. Bundan sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı maddə varsa iştirakçılara təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan göy rəngli gödəkçənin sağ yan cibində gizlətdiyi 1 ədəd, içərisində narkotik vasitə heroin olan bükümü iştirakçılara təqdim etmiş və təqdim etdiyi bükülünün içərisində narkotik vasitə heroin olduğunu və həmin narkotik vasitəni xx.xx.2022-ci il tarixdə günorta saatlarında Lənkəran rayonu Qumbaşı kəndi ərazisində tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli gödəkçənin, qara rəngli cins şalvarın digər ciblərinə, həmçinin digər paltarlara şəxsi axtarış keçirilmiş, lakin üzərindən qanunla qadağan edilmiş əlavə hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan heroin zərfə qoyularaq üzərinə imzalar edilmişdir. Şəxsi axtarış zamanı iştirakçılar tərəfindən heç bir şikayət və vəsatət daxil olmamışdır. O, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, heç bir düşmənçilik və ədavəti olmamışdır. Məhkəmə iclasında iştirak etmədiyi üçün ibtidai istintaq dövründə verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermiş olduğu müəyyən edildi. Məhkəmə iclasında iş materiallarına əlavə edilmiş video çəkilişin aparılmasına dair CD diskə baxış keçirilərək, Təqsirləndirilən şəxs narkotik vasitəni könüllü olaraq əynində olan göy rəngli gödəkçənin sağ yan cibindən çıxararaq təhqiqatçıya təqdim etdiyi müəyyən edildi. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X3 Bölməsinin Materialların məhkəmə ekspertizası, məhkəmə fiziki kimyəvi eskpertizasının 23 dekabr 2022-ci il tarixli, 19/1292 saylı rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinə bənzər kütlə......” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi: 0,223 qram olan maddə tiryəkdən kutar üsulla hazırlanmış narkotik vasitə heroindir (heroinin təmiz çəkisi 0.223 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 0.173 qram). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər X1 X5 Yoxlamanın nəticələrinə dair 26 dekabr 2022-ci il tarixli 1303 nömrəli rəyində qeyd edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində 2020-ci ildən “Opium narkomanlığı” diaqnozu ilə qeydiyyatda durur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-in təqdim etdiyi tələbnamədən və işə əlavə edilmiş hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Masallı Rayon Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 11 (on bri) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. İş materiallarına əlavə edilmiş Masallı RİHB-in Sığdaş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Masallı rayonu, Xanalion kəndində qeydiyyatda olmaqla ailəsi ilə birlikdə yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə edilir. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, şahidlərin ifadələri, təqsirləndirilən şəxsin üzərindən narkotik vasitənin aşkar edilməsi barədə CD disk, həmçinin işin faktiki halları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında özünü qismən təqsirli bilməsi özünü müdafiə kimi qiymətləndirilməli və vermiş olduğu izahatlar nəzərə alınmamalıdır. Odur ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsində göstərilir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır. Yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 4-cü bəndində qeyd olunur ki, CM-in 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xatakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdiran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsininin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. İş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Onun əməlində cinayətin residivi vardır. Cinayətin residivi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilir. Məhkəmə Cinayət Məcəlləsinin 58-ci maddəsinə əsasən cəza təyin edərkən Təqsirləndirilən şəxs şəxsiyyətini pis səciyyələndirməklə təyin olunacaq cəzanın şəxsin islah olunması yönümündə yetərli olmasını nəzərə alaraq daha sərt cəza yolu ilə azadlıqdan məhrumetmə cəzası təyin etməyi məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən Cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Odur ki, Təqsirləndirilən şəxs Azərbyacan Respulikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsində xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkməsi nəzərdə tutulduğudan Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 22 dekabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Masallı Rayon Məhkəməsinin 4(050)-101/2022 saylı, 24 dekabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 22 dekabr 2022-ci il tarixdən hesablanmışdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.20ci maddəsinin tələblərinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.22-ci maddəsinin tələblərinə əsasən təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun şübhəli şəxs qismində tutulduğu 22 dekabr 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.16-cı maddəsinə əsasən hesab edir ki, təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1 və 93.1.4-cü maddələrinə əsasən tibbi xarakterli məcburi tədbirlər cinayət törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə təyin edilə bilər. Hazırkı cinayət işi üzrə isə müvafiq ekspert rəyindən görünür ki, təqsirləndirilən şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Odur ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və onun 2020-ci il tarixdən “Opium narkomanlığı” diaqnozu ərazi narkoloji kabinetdə qeydiyyata alınması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinin tələbləri baxımından Masallı Rayon Polis Şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalan 0.173 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs narkotik vasitəni könüllü təqdim etməsi barədə görüntüləri özündə əks etdirən 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.21-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs narkoloji ekspertizanın dəyəri olan 60 (altmış) manat məbləğində pul vəsaiti tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Hökmün maddi sübutun məhv edilməsi hissəsinin icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzaçəkməsinin əvvəli 22 dekabr 2022-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və onun 2020-ci ildən “Opium narkomanlığı” diaqnozu ərazi narkoloji kabinetində qeydiyyatada olması nəzərə alınsın. Maddi sübut kimi tanınaraq Masallı Rayon Polis Şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalan 0.173 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs narkotik vasitəni təqdim etməsi barədə görüntüləri özündə əks etdirən 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmün maddi sübutun məhv edilməsi hissəsinin icrası Masallı rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs 60 (altmış) manat məbləğində məhkəmə məsrəfi (ekspertiza xərci) tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan edildiyi vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar