Məhkəmə qərarları › İş №1(050)-37/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №1(050)-37/2025

04.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 1(050)-37/2025 04.02.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbrizoviçin sədrliyi, Məhkəmə iclas katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxx 1964-cü ildə Masallı rayonu, Tüklə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, hal-hazırda Masallı rayonu, Tüklə kəndində qeydiyyatda olan, Bakı şəhəri, Masazır qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına audio və video çəkiliş vasitəsi açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qəsdən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, o, 31 dekabr 2024-cü il tarixdə, saat 16 radələrində yaşadığı Masallı rayonu, Tüklə kəndində yerləşən fərdi yaşayış evində arvadı Zərərçəkmiş şəxs ilə aralarında ailə-məişət zəmnində baş vermiş mübahisə zamanı sonuncunun sağ əlinin arxa hissəsinə qəsdən araşdırmaya məlum olmayan bıçaqla vuraraq ona sağ əlin arxa hissəsinin kəsilmiş yarası ilə nəticələnən sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs qismində dindirilən Təqsirləndirilən şəxs özünü təqsirli bilərək göstərmişdir ki, yeni il günü mağazadan ərzaq məhsulunu gec alıb gətirdiyi üçün arvadı Zərərçəkmiş şəxs axşam yeməyini vaxtında hazırlaya bilməyəcəyini bildirmişdir. Buna görə də, aralarında mübahisə baş vermişdir. Həmin vaxt Sevdagül quyudan su çəkməsini istəmiş, lakin o, ac olduğu üçün çörək yedikdən sonra su gətirəcəyini demişdir. Sevdagül onun ünvanına nalayiq ifadələr işlətdiyi üçün o, əsəbiləşərək mətbəx bıçağını götürüb Sevdagülün sağ əlindən bir dəfə vurmuşdur. Sonra gedərək quyudan su çəkərək onun əl-üzünü yumuşdur. Hazırda əməlindən səmimi peşmandır. Zərərçəkmiş şəxs ilə barışdıqlarını və ona dəymiş ziyanı ödədiyini nəzərə alıb, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadə verərək göstərmişdir ki, 31 dekabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs ərzağı gec gətirdiyi üçün yeməyi vaxtında çatdıra bilməyəcəyini demişdir. O, Məmmədhəsənə quyudan su gətirməsini bildirən zaman Məmmədhəsən əlindəki bıçaqla onun sağ əlinin arxa hissəsindən vurmuşdur. O, əlindən qan axmasını görüb parça ilə əlini bağlamışdır. O, hadisə ilə bağlı polisə müraciət etmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın ödənildiyini, ona qarşı şikayət və tələbinin olmadığını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şahid ifadə verərək göstərmişdir ki, Zərərçəkmiş şəxs onun bacısıdır. 01 yanvar 2025-ci il tarixdə Sevdagül onun evinə gələrkən sağ əlinin parça ilə sarıldığını görüb nə baş verdiyini soruşmuş, Sevdagül isə əri Məmmədhəsənin bıçaqla xəsarət yetirdiyini demişdir. İki gün ərzində yarası sağalmadığı üçün onu xəstəxanaya aparmışdır. Lakin o, baş vermiş hadisənin birbaşa şahidi olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və pataloji anatomiya Birliyi” Publik hüquqi şəxsin 04 yanvar 2025-ci il tarixli 07 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs sağ əlin arxa hissəsinin kəsilmiş yarası müəyyən olundu, müəyyən olunmuş xəsarət kəsici əşyanın, ola bilər ki, bıçağın təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan 31 dekabr 2024-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. (i.v.25-26). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 14 yanvar 2025-ci il tarixli tələbnaməsindən görünür ki, xx xxxx 1964cü ildə Masallı rayonu, Tüklə kəndində anadan olmuş Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. Zərərçəkmiş şəxs 04 fevral 2025-ci il tarixli ərizəsindən görünür ki, ona dəymiş ziyan ödənilmişdir, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur, onunla barışmışdır. İş üzrə icraata xitam verilməsini xahiş edir. Əməli törətmiş şəxs Təqsirləndirilən şəxs 04 fevral 2025-ci il tarixli ərizəsindən görünür ki, o, əməlini etiraf edir, əməlindən səmimi peşmandır, Zərərçəkmiş şəxs dəymiş ziyanı ödəmişdir, zərərçəkmiş şəxslə barışmışdır. İş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə toplanmış və məhkəmədə tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi onun təqsirini boynuna alması ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidin ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən iş üzrə keçirilmiş ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razı olduğunu bildirdi. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq təhqiqat orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsi həmin Məcəllənin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini - böyük ictimai təhlükə törətməyən cinayət kimi müəyyən edir. Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinin tələbinə görə məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. “Azərbaycan Respublikası CPM-nin 37.4, 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli Qərarının 2-ci və 3-cü bəndlərinə əsasən, Azərbaycan Respublikası CPMnin 37.4-cü maddəsinin tələblərinə görə, həmin Məcəllənin 37.3-cü maddəsində sadalanan ilk dəfə böyük ictimai təhlükə törətməyən şəxs zərərçəkmiş şəxslə barışdıqda və ya ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə xitam verilə bilər. Azərbaycan Respublikası CPM-nin 37.3-cü maddəsində sadalanan az ağır və ya ağır cinayətlər üzrə ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilə bilməz. Cinayət təqibi ictimai-xüsusi və ictimai ittiham qaydasında həyata keçirilərkən Azərbaycan Respublikası CM-nin 73-cü maddəsində nəzərdə tutulmuş hallar aşkar olunduqda bu Qərarın əsaslandırıcı hissəsində göstərilən şərtlərə riayət edilməklə icraatın məhkəməyədək mərhələsində təhqiqatçının və müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Bu hal məhkəmə baxışının gedişində müəyyən edildikdə cinayət təqibinə müdafiə tərəfinin razılığı ilə xitam verilə bilər. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs, Şahid ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin əməli törətmiş şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin əməli törətmiş şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraatın materialı üzrə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsi məqsədə uyğundur. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə zamanı göstərdiyi hüquqi yardıma görə 8 (səkkiz) saat vaxt sərf etmişdir. Ona görə də, 48 (qırx səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsindən Müdafiəçi ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 37.4, 43.3, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə zamanı göstərdiyi hüquqi xidmətə görə 48 (qırx səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsindən ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elşən Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar