Məhkəmə qərarları › İş №1(050)-4/2024

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-4/2024

16.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-4/2024 16.01.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbənin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs, onun nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs, Müdafiəçi Masallı Rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə. xx xxxxx 1982-ci ildə Masallı rayonu, Yeddioymaq kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Yeddioymaq kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş; Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 10 radələrində Masallı rayonu Yeddioymaq kəndində yerləşən mərhum atası X1 məxsus fərdi yaşayış evinin həyətində qohumu Zərərçəkmiş şəxs ondan mərhum atasına məxsus fərdi yaşayış evini qızı Şahid1 adına qeydiyyata salmasını tələb etməsi ilə əlaqədar Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəmnində aralarında baş verən mübahisə zamanı, sonuncunun sinə və bədəninin müxtəlif nahiyələrinə əli ilə bir neçə dəfə qəsdən vurub yerə yıxaraq Zərərçəkmiş şəxs baş beynin silkələnməsi, başın ənsə nahiyəsinin, sağ və sol bazu və sağ və sol said nahiyəsinin qançırları ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Bu əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsində nəzərdə tutulan ittiham verilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs mərhum qardaşı Vurğun Əliyevin qaynanası, həmçinin dayısı qızı, Şahid1 onun mərhum qardaşı Vurğun Əliyevin həyat yoldaşıdır. Mərhum qardaşı Vurğun Əliyev xx.xx.2021-ci ildə vəfat etmişdir. xx.xx.2021-ci il tarixdə atası Cahangir Əliyev vəfat etmişdir. Həmin vaxtdan sonra Çinarənin anası Zərərçəkmiş şəxs onlarla mübahisələr yaradaraq mərhum atasının evinin Çinarənin adına keçirilməsini tələb etmiş, onu və qardaşını ata evinə buraxmamışlar. Bununla bağlı məhkəmədə mülki mübahisələri də vardır. xx.xx.2023-cü il tarixdə saat 10 radələrində Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 8 saylı Cəlilabad Ərazi İdarəsinin əməkdaşları X2 və X6 ilə birlikdə mərhum atası Cahangir Əliyevdən miras qalmış, hazırda Şahid1 yaşadığı evin həyətinin giriş qapısına getmişdir. Həmin yerə getməkdə məqsədi həyəti ölçdürüb çıxarış çıxartdırmaq olmuş, o, həyətə daxil olmaq istəyərkən Çinarə onları görüb dərhal qapıya yaxınlaşmış və qapını içəridən kilitləmişdir. O, Çinarəyə məhkəmədə baxılan işə görə həyəti ölçdürüb gedəcəklərini demişdir. Lakin, Çinarə onun sözlərinə məhəl qoymamış və buna görə də o, daş hasarın üzərindən keçərək həyətə daxil olub giriş qapısını içəridən açmışdır. Həmin vaxt Çinarənin atası həmin yerə yaxınlaşmış və mübahisənin olduğunu görən ƏMDX-nin əməkdaşları oradan getmişlər. Az müddət sonra isə Zərərçəkmiş şəxs ora gəlmiş və onlar həyətə daxil olub evin qarşısına getmişlər. Qardaşı Şahid3 isə mobil telefonla videoçəkiliş aparmışdır. Həmin vaxt Zərərçəkmiş şəxs ona “sən yaxşı oğlansan, sən oğulsan” sözlərini demişdir. O və qardaşı Şahid3 onlara Çinarənin yaşadığı evin və həyətin rəsmi qaydada vərəsəlik qaydalarına əsasən bölünməsini və çıxarış çıxartdırmaq istədiklərini demişlər. Həmin anda Zərərçəkmiş şəxs onu və qardaşını təhqir etməyə başlamış, buna görə də o, mərhum atasına məxsus evin ona məxsus otağına pilləkənlər vasitəsilə qalxıb daxil olaraq oradan özünə məxsus qara rəngli sellofanda olan “Qurani- Kərim” kitabını götürüb çölə çıxmışdır. Evin giriş qapısından çölə çıxarkən Çinarə onun əlindən həmin kitabı almağa çalışmış və o da həmin kitabı Çinarəyə verməmişdir. Çinarənin həmin kitabı hansı səbəbdən ondan almağa çalışdığını bilməmiş, lakin həmin sellofanda nə pul, nə də ki, qiymətli qızıl-zinət əşyaları olmamışdır. Bundan sonra Zərərçəkmiş şəxs onun qardaşı Cahidin üzərinə hücum çəkərək videoçəkiliş aparmasına maneə yaratmağa çalışarkən qardaşının “İphone 13” markalı mobil telefonunu vurub ekranını sındırmışdır. O, da Kəmaləyə Cahidi vurmaması üçün maneə yaratmağa çalışmış, Kəmalə isə onun qollarından tutub onu itələyərək həyətdən qardaşı ilə birlikdə çölə çıxarmışdır. Lakin, o, orada olarkən nə Şahid1, nə də ki, Zərərçəkmiş şəxs heç bir bədən xəsarəti yetirməmişdir. Kəmalə ona böhtan ataraq bu yollarla mərhum atası Cahangir Əliyevdən miras qalmış evi qızı Çinarənin adına keçirtmək istəyir. Əslində Zərərçəkmiş şəxs əlləri ilə onun sağ və sol bazu nahiyələrinə, döş qəfəsinin sol yan hissəsinə cırmaq ataraq ona bədən xəsarətləri yetirmişdir. Bu hərəkətinə görə onun barəsində İXM-nin 157-ci maddəsi ilə inzibati icraat açılmış və Zərərçəkmiş şəxs 300 manat cərimə edilmişdir. O, həm də Rusiya vətəndaşıdır, arvadı və uşaqları orada yaşayır, özü orada işləyir, uzun müddətdir cinayət işinə görə ailəsinin yanına gedə bilmir. Göstərilənləri nəzərə alaraq barəsində bəraət hökmü çıxarılmasını xahiş edir. Bundan başqa o, bildirmişdir ki, mülki iddianı qəbul etmir, Zərərçəkmiş şəxs xəsarət yetirmədiyi üçün, ona maddi ziyan vurmamışdır. Mülki iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə qızı Çinarə ona zəng edərək “ana durma gəl, qayınlarım həyəti bölmək istəyirlər, burda dava düşəcək gəl bura” sözlərini demişdir. Ora çatanda əri Nüsrətin, qızı Çinarənin, qızının qayınları Şahid3 və Təqsirləndirilən şəxs orada olmalarını, Nahidin əlində çanta sıxıb saxladığını görmüşdür. O, Cahid və Nahidin hər ikisini itələyib çölə çıxarmaq istəmiş, lakin, onlar mübahisəni davam etdirərək çıxmaq istəməmişlər. O da bunun nəticəsində Şahid3 itələyərək evdən həyətdən çölə çıxarmaq istədiyi zaman, Təqsirləndirilən şəxs arxadan üzərinə çumaraq hər iki qollarını tutub sıxmış, həmin vaxt qolarında qançır əmələ gəlmişdir. Bundan sonra o, Nahid və Cahid qardaşlarının hər ikisini itələyərək həyətdən çölə çıxarmaq istəmişdir. Həyətin giriş qapısına yaxınlaşdıqları zaman Nahid sağ əlini sıxıb yumruğu ilə onun sinə nahiyəsinə vurmuş və onun zərbənin təsirindən ürəyi sıxılmış, özündən gedərək yerə yıxılaraq başı kafelə dəymişdir. Həmin vaxt bir müddət özündə olmamışdır. Ailə üzvləri bu hadisədən sonra DİN 102 xidmətinə zəng vurmuşlar və Masallı RPŞ-nin əməkdaşları hadisə baş verən yerə gəlmişdir. Onun pis vəziyyətdə olmasını onlarda görmüşlər. Bundan başqa Təqsirləndirilən şəxs özbaşına olaraq qızı Şahid1 yaşadığı evə daxil olaraq yataq otağından sellofan torbada olan “Qurani Kərim” kitabını, kitabın içərisində olan 8500 manat pulu və 3500 manat dəyərində qızıl-zinət əşyalarını götürmüş, qızı Çinarə həmin vaxt Nahiddən sellofan torbanı almaq istəyərkən Nahid soyğunçuluq edərək həmin sellofanı geri qaytarmamışdır. Hadisə nəticəsində özünü pis hiss etmiş, ürək bulanması, baş gicəllənməsi olmuşdur. Bununla əlaqədar olaraq həkimə müraciət etmiş, ona başbeyin silkələnmsi diaqnozu qoyulmuşdur. Daha sonra “Bioloji Təbabət” Klinikasının Masallı rayon filialında KT müayinəsindən keçmişdir. Bundan başqa Təqsirləndirilən şəxs törətdiyi hadisə nəticəsində ona maddi, mənəvi ziyan dəymiş və ona dəymiş ziyanla bağlı 6000 manat pul tələb edir. Hazırda Təqsirləndirilən şəxs şikayətçidir, onunla barışmamış, və barəsində azadlıqdan məhrumeetmə ilə ələqədar cəza verilməsini və ona dəymiş 6000 manat maddi ziyanın ödənilməsi barədə hökm çıxarılmasını xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə o, yaşadığı evdə olarkən evin həyətinin giriş qapısının döyüldüyünü eşitmiş, həmin vaxt qapıya yaxınlaşıb qapının axrasında kim olduğunu bilmək istədiyi zaman ona cavab verilməmişdir. Bundan sonra qaynı Təqsirləndirilən şəxs hasarın üzərindən keçərək həyətə daxil olduğunu görmüş, Nahid həyətin giriş qapısını açmış və digər qaynı Cahid mobil telefonu vasitəsilə çəkiliş aparmaqla həyətə daxil olaraq çöldə olan torpaq şöbəsinin əməkdaşlarını həyətə dəvət etmişdir. Lakin, onun icazəsi olmadığına görə torpaq şöbəsinin əməkdaşları həyətə daxil olmamışlar. Cahidin ora torpaq şöbəsinin əməkdaşlarını gətirməkdə məqsədi, yaşadığı evi öz adına keçirib onu həmin evdən çıxarmaq olmuşdur. O, DİN-in 102 zəng xidməti mərkəzinə zəng edərək məlumat vermiş, sonra atası Şahid2 Seybəli oğluna zəng edərək ora çağırmışdır. Daha sonra anası Zərərçəkmiş şəxs zəng edərək onu da evinə çağırmış, anası Kəmalə ora gələnədək Nahid və Cahid onunla mübahisə etmişlər və onu zorla yaşadığı evdən çıxarmağa çalışmışlar. Anası Zərərçəkmiş şəxs həmin yerə yaxınlaşdıqdan sonra Nahid gizlincə onun yataq otağına daxil olub otaqda olan özünə məxsus sellofan torbada olan “Qurani Kərim” kitabını, kitabın arasındakı 8500 manat pulu və 3500 manat dəyərində qızıl-zinət əşyalarını götürüb çölə çıxmışdır. O, Nahiddən həmin sellofan torbanı ala bilməmiş və Nahid əli ilə onu kənara itələmişdir. Anası Zərərçəkmiş şəxs Nahidi və Cahidi itələyib həyətdən çıxarmağa çalışmışdır. Təqsirləndirilən şəxs və Şahid3 isə getmək istəməmiş və sonuncu öz mobil telefonu ilə videoçəkiliş aparmışdır. Onlar həyətin giriş qapısına yaxınlaşdıqları zaman Nahid əlini sıxıb yumruğu ilə onun anası Zərərçəkmiş şəxs sinə nahiyəsinə bir dəfə qəsdən vurmuş və anası Kəmalə həmin vaxt zərbənin təsirindən yerə yıxılaraq bədən xəsarətləri almışdır. Bundan sonra o və atası Nüsrət anası Kəmaləni evin həyətində olan kölgəlik yerə aparmağa çalışmışlar və anası təxminən 10 dəqiqə sonra özünə gəlmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 oxşar məzmunlu ifadə verərək arvadı Zərərçəkmiş şəxs və qızı Şahid1 ifadələrində göstərdikləri halları bir daha təsdiq etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 10 radələrində Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 8 saylı Cəlilabad Ərazi İdarəsinin əməkdaşları X2 və X6 ilə birlikdə mərhum atası Cahangir Əliyevdən miras qalmış, hazırda Şahid1 yaşadığı evin həyətinin giriş qapısına getmişdir. Həmin yerə getməkdə məqsədi həyəti ölçdürüb çıxarış çıxartdırmaq olmuş, o, həyətə daxil olmaq istəyərkən Çinarə onları görüb dərhal qapıya yaxınlaşmış və qapını içəridən kilitləmişdir. O, Çinarəyə Məhkəmədə baxılan işə görə həyəti ölçdürüb gedəcəklərini demişdir. Lakin, Çinarə onun sözlərinə məhəl qoymamış və buna görə də o, daş hasarın üzərindən keçərək həyətə daxil olub giriş qapısını içəridən açmışdır. Həmin vaxt Çinarənin atası həmin yerə yaxınlaşmış və mübahisənin olduğunu görən ƏMDX-nin əməkdaşları oradan çıxıb getmişlər. Təxminən 5 dəqiqə sonra isə Zərərçəkmiş şəxs ora yaxınlaşmış və onlar həyətə daxil olub evin qarşısına getmişlər. Bundan sonra Kəmalə ona qarşı xoşagəlməz ifadələr işlətmişdir. Daha sonra aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı qardaşı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs heç bir bədən xəsarəti yetirməmişdir. Kəmalə xanımın səhhətində problem var. Öz xəstəliyi ilə ələqədar yıxılmışdır. Qızı Şahid1 mübahisə zamanı, “ana ürəyin gedəcək” ifadəsini işlətmişdir. Qardaşı Təqsirləndirilən şəxs Kəmalə xanıma heç bir yumruq zərbəsi vurmamışdır. Məhkəmə-tibbi ekspertizasının 02 avqust 2023-ci il tarixli, 727 nömrəli ekspert rəyi ilə əlaqədar dindirilmiş X4 ifadəsində göstərmişdir ki, məhkəmə-tibbi ekspertizasının rəyində qeyd edilən xəsarətlər ümumilikdə yüngül xəsarətdir. Belə ki, şəxsi bir nəfər döydükdə o zaman onlar bədən xəsarətləri zədələrə bölünmür. Əgər bir nəfərdən artıq şəxs döyürsə zədələr müxtəlif qruplara aid edilirsə onda xəsarətləri dərəcələrinə görə bölünür. Rəydə göstərilən xəsarət bir yumruğun nəticəsində əmələ gələ bilən xəsarət deyil. Baş beyin silkələnməsi kliniki diaqnozdu, həmin diaqnozu zərərçəkmiş ekspertizdan keçənə qədər Masallı Rayon Mərkəzi Xəstəxanasında qoyulmuşdur. Onlar kliniki diaqnoza qiymət verib sağlamlığa zərər vurma nəticəsini təyin edirlər. Zərərçəkmiş şəxs dindirilən zaman bildirmişdir ki, yumruqla başına və bədəninin müxtəlif nahiyələrinə zərbələr endirilib. Baş beyin silkələnməsi kəllə beyin travmasının ən yüngülüdür. Daha sonra gələn baş beyin əzilmələri üzvü dəyişilik olmadığına görə ani özünə gələ bilər. Lakin müəyyən baş ağrıları zərərçəkmiş şəxsdə qala bilər. Elmdə deyilir ki, on üç gün müddətinə ən ağır dərəcəli beyin sirkələnməsi tam şəkildə sağalmalıdır. Əgər sağalmırsa deməli orda beyin əzilməsi mövcuddur. Həmin anda onun müalicəsi nevropotoloqun sahəsinə aiddir. O da qalıq əlaməti ola bilər. Belə hallar nadir halda baş verir. Baş beyin silkələnməsinin yüngül, orta və ağır dərəcəsi vardır. Zərərçəkmiş şəxsin baş beynin silkələnməsindən və ya ürəyinin getməsindən yerə yıxılmasının müəyyən edilməsi onların səlahiyyətinə aid deyil. Onlar yalnız bədəndəki xəsarətlə bağlı rəy vermək iqtidarındadırlar. Zərərçəkmiş şəxsə ilkin diaqnozu onlar qoymamışlar. Zərərçəkmiş şəxsdə baş beyin silkələnməsi ilə başın ənsə nahiyəsindəki qançır xəsarət yüngül zərərvurmaya dair xəsarət, qollarındakı qançır izləri isə dərəcəsi təyin olunmayan xəsarətdir. Məhkəmə istintaqında dindirilmiş həkim X7 ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxs xəstəxanaya müraciət etmiş və müraciətində yıxıldığını bildirmişdir. Zərərçəkmiş şəxsə qoyulmuş ilkin diaqnoz heç bir müayinə aparmadan qoyulması mümkündür. Ümumiyyətlə bir şəxs adi yerindən tullanmaqla baş beyin qan dövranı pozqunluğuna aid travma ala bilər. Buda qısa müddət ərzində keçib gedə bilən haldır, yəni elədə ağır diaqnoz deyil. Zərərçəkmiş şəxs müraciət edən zaman həyacanlı vəziyyətdə olmuş, həyacan, təşviş, baş ağrısı və ürək bulanma olması barədə şikayətlərini bildirmişdir. Xəstəyə ilkin diaqnoz onun şikayətləri əsasında qoyulmuşdur. Baş beyin silkələnməsi dərəcəsi təyin olunmayan xəsarətlər qrupuna aiddir. Həmin silkələnmə yüngül təmasda da ola bilər. Məhkəmə-tibbi ekspertizasının 02 avqust 2023-ci il tarixli 727 nömrəli ekspert rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs baş beynin silkələnməsi, başın ənsə nahiyəsinin, sağ və sol bazu və sağ və sol said nahiyəsinin qançırları müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın(əşyaların) təsirindən törənmişdir, yumruqla vurulma nəticəsində əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan 01 avqust 2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Üzləşmənin aparılması haqqında protokoldan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha təsdiq etmişdir. Üzləşmənin aparılması haqqında protokoldan görünür ki, iş üzrə zərərçəkmiş şəxs Şahid1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, Şahid1 ifadəsində göstərdiyi xüsussatları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarında olan sorğu əsasında Masallı RPŞ-dən daxil olmuş əməliyyat tapşırığına cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat tədbirləri nəticəsində müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 10 radələrində Təqsirləndirilən şəxs mərhum atasına məxsus fərdi yaşayış evinin həyətində qohumu Zərərçəkmiş şəxs ondan mərhum atasına məxsus fərdi yaşayış evini qızı Şahid1 adına qeydiyyata salması ilə əlaqədar Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəmnində aralarında baş verən mübahisə zamanı sonuncunun sinə nahiyəsinə yumruqla bir dəfə qəsdən vurub yerə yıxaraq Zərərçəkmiş şəxs bədən xəsarətləri yetirmiş, lakin, Təqsirləndirilən şəxs mərhum qardaşı arvadı Şahid1 məxsus 8500 manat pulu və 3500 manat dəyərində olan qızıl-zinət əşyalarını soyğunçuluq yolu ilə ələ keçirməsi faktı öz təsdiqini tapmamışdır. Baş vermiş hadisə qısa müddətdə davam etdiyi üçün həmin vaxt ora kənar şəxslər gəlməmiş, ictimai qayda pozulmamış və kənar şəxslərin narahatlığına səbəb olmamışdır. Hadisə yerinə baxış keçirmə haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə baş vermiş hadisə Masallı rayonu Yeddioymaq kəndi ərazisində yerləşən mərhum X1 məxsus və hazırda Şahid1 yaşadığı evin həyətində baş vermiş, hadisənin baş verdiyi Şahid1 tərəfindən təqdim edilərək fotoşəkilləri çəkilmişdir. İş materiallarında olan kompakt disklərdə olan videogörüntülərdən görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs arasında mübahisə baş vermiş, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs itələməklə mübahisə olan həyətdən çıxarmağa cəhd göstərir, Təqsirləndirilən şəxs isə buna müqavimət göstərir. Həmin zəmində ani olaraq Zərərçəkmiş şəxs arxası üstə yerə yıxılır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.3-cü maddəsində göstərilir ki, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən zərərçəkmiş və şahid ifadələri, eləcə də işin faktiki halları ilə Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində göstərilən cinayəti üzrə təqsiri tam sübuta yetirilmişdir. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikasının CPM-nin 144-146-cı maddələrində nəzərdə tutulmuş qaydada hüquqi qiymət verərək, eləcə də həmin Məcəllənin 346 və 349-cu maddələrinin tələblərinə riayət edərək hesab edir ki, baş vermiş cinayət hadisəsini Təqsirləndirilən şəxs törətməsi, onun təqsirliliyi məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayətdir, məhkəmənin müəyyən etdiyi hallar tədqiq olunmuş sübutlara uyğun gəlir, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi əsasında təqsirləndirilən şəxsə ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur, əməlin cinayət olmasını aradan qaldıran, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi əsasları yoxdur, odur ki, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs və Şahid3 Zərərçəkmiş şəxs xəsarət yetirilməməsi barədə eyni məzmunlu ifadələrinə münasibətdə qeyd edir ki, onlar qardaşdırlar, ifadələri müdafiə xarakteri kimi qiymətləndirilməlidir. Belə ki, zərərçəkmiş Zərərçəkmiş şəxs, şahidlər Şahid1 və Şahid2 ifadələri, məhkəmə tibbi ekspertizasının rəyi, dindirilmiş ekspert və həkimin ifadələri ilə cinayət hadisəsinin məhz Təqsirləndirilən şəxs tərəfindən törədilməsi təsdiq olunur. İş materiallarına olan kompakt disklərdə Zərərçəkmiş şəxs vurulma anı tam müşahidə olunmasa da, hadisənin baş vermə ardıcıllığına və şahidlər Şahid1 və Şahid2 ifadələrinə əsasən Təqsirləndirilən şəxs zərərəçəkmiş şəxsin sinəsinə vurduğu zərbədən sonra sonuncunun yıxılmasından sonra başın ənsə nahiyyəsində yüngül dərəcəli xəsarətin yaranması Təqsirləndirilən şəxs hərəkəti ilə Zərərçəkmiş şəxs xəsarət alması arasında səbəbli əlaqənin olmasını tam təsdiq edir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Masallı rayon İHB-nin Masallı RİHB Yeddioymaq kənd İƏDÜ nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən və ailə tərkibi haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs həyat yoldaşı X5, qızı xx.xx.2011-ci il tarixdə doğulmuş X8, oğlu xx.xx.2013-ci il tarixdə doğulmuş X9, oğlu xx.xx.2020-ci tarixdə doğulmuş X14 adında ailə üzvləri var və yaşadığı yer üzrə müsbət xarakterizə edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələbinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-ci maddəsinə əsasən törədilmiş cinayətin xatakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cimlədən cəzanı yüngülləşdirən və ağırlaşdiran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı övladının olması Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsində göstərilən cəzanı yüngülləşdirən haldır, məhkəmə onun yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, himayəsində digər ailə üzvünün olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2, 3 və 4-ci bəndlərində tövsiyyə olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Məhkəmə təyin ediləcək cəzanın növü və həddi məsələsini müzakirə edərək qeyd edir ki, Təqsirləndirilən şəxs şəxsiyyəti, yaşı, ailə və sosial vəziyyəti, təyin olunacaq cəzanın onun ailə şəraitinə təsiri, əməlində olan yüngülləşədirici hallar, cinayət hadisəsinin baş verməsi zəmində zərərçəkmiş şəxsin davranışları, sonuncunun Təqsirləndirilən şəxs qarşı döymə inzibati xəta əməlini törətməsi, onlar arasında uzun müddət davam edən mülki mübahisəyə görə aralarında yaranmış gərgin münasibətlər nəzərə alınmalıdır. Ona görə də, məhkəmə ittiham tərəfinin cəza məsələsində mövqeyi ilə razılaşmayaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmasına zərurət yoxdur, ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin etməklə də o, islah oluna bilər. Bu səbəblə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasına məhkum edilməsi ədalətli və qanuni hesab edilməklə cəzanın məqsədlərinə və sosial ədalətin bərpasına nail oluna bilər. Məhkəmə maddi ziyana görə 4000 manat pul, 6000 manat mənəvi ziyana və 120 manat pulun tutulması barədə mülki iddiaya münasibətdə qeyd edir ki, həmin tələbin əsasını təsdiq edən mötəbər və mümkün sübutlar məhkməyə təqdim olunmamışdır, ona görə də məhkəmə mülki iddianın hazırkı vəziyyətdə baxılmamaış saxlanılması qənaətinə gələrək zərərçəkmiş Kamalə Əliyevaya izah edir ki, iddianın baxılmamış saxlanılması onun mülki icraat qaydasında ümumi məhkəmədə iddia qaldırmaq hüququndan məhrum etmir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179.1. və 180.3.cü maddələrinə görə cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Cinayət mühakimə icraatı zamanı verilmiş, lakin məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddia sonradan mülki mühakimə icraatı qaydasında verilə bilər. Azərbaycan Respublikasının CPM-nin 354.1. və 354.1.3.-cü maddələrinə əsasən mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddia baxılmamış saxlanıldıqda bu, məhkəmənin hökmündə göstərilməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələblərinə əsasən qətimkan tədbiri məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. İş üzrə maddi sübut, Azərbaycan Respublikasının CM-nin 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib, 1000 (bir min) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Maddi ziyana görə 4000 manat, mənəvi ziyana görə 6000 manat, ödənilmiş dövlət rüsumuna gör 120 manat pul tələbinə dair mülki iddia baxılmamış saxlanılsın. Zərərçəkmiş Zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında yenidən iddia qaldırmaq hüququ izah edilsin. Hökmün icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduqdan sonra 20 gün müddətinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar