Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-41/2023 20.02.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (Şəhər) Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs (eyni zamanda mülki iddiaçı) Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs (eyni zamanda mülki cavabdeh) Təqsirləndirilən şəxs və müdafiəçisi Masallı Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1980-ci ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Masallı RİH Mənzil Kommunal istismar sahəsində fəhlə işləyən, məhkumluğu olmayan, Masallı rayonu, Qədirli kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs Bakı şəhəri Binəqədi rayonu ərazisində ev tikib verəcəyinə dair yalan vəd verməklə üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra 2020-ci ilin yanvar ayının 24-də Masallı rayonu, Kürdəbaz kəndində yerləşən “Tut bağı” restoranında 4000 manat, fevral ayının əvvəllərində Masallı rayonu, Qarğalıq kəndində yerləşən ərzaq dükanın yanında 2000 manat, fevral ayının axırlarında 3000 manat, xx.xx.2020-ci il tarixdə Masallı rayonu, Dəlləkli kəndində 4000 manat pulu vahid niyyətlə alıb ələ keçirməklə Zərərçəkmiş şəxs ümumilikdə 13000 manat, yəni xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs bankda olan kredit borcunu 1000 manat pul müqabilində bağlayaraq yenidən bankdan ümumilikdə 14000 manat pul götürüb ondan aldığı pulu tam şəkildə qaytaracağına dair yalan vəd verməklə üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra 2020-ci ilin noyabr ayında Masallı şəhəri, H.Əliyev prospektində Zərərçəkmiş şəxs 1000 manat pul alıb ələ keçirməklə sonuncuya qarşı dələduzluq etmişdir. Həmin əməllərinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham elan edilmişdir. Zərərçəkmiş şəxs mülki iddia ilə məhkəməyə müraciət edərək cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulmuş maddi ziyana görə Təqsirləndirilən şəxs 14000 manat və ödənilmiş dövlət rüsumuna görə 132 manat pulun onun xeyrinə tutulmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs (eyni zamanda mülki cavabdeh) Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək, bildirdi ki, ailəsi ilə birlikdə Masallı rayonu, Qədirli kəndində yaşayır. Masallı Rayon İcra Hakimiyyəti Mənzil kommunal istismar sahəsində fəhlə işləyir. 2019-cu ilin dekabr ayında Masallı rayonu, Qarğalıq kəndində ərzaq dükanına gedən zaman Asəfin həmin dükanda olmasını görüb dükandan bayırda dayanaraq Asəfin çölə çıxmasını gözləmişdir. Həmin vaxt Asəf dükandan bayıra çıxdıqdan sonra onunla salamlaşıb tanışlıq verərək ev tikib ona satmaq barədə məlumat vermişdir. Asəflə danışan zaman ona Binəqədi rayonunda torpaq sahəsinin olmasını, həmin torpaq sahəsində ev tikib sata biləcəyini, bu işin müqabilində ümumilikdə 14000-15000 manat pul lazım olmasını bildirmişdir. Artıq Bakı şəhəri Binəqədi rayonu ərazisində ala biləcəyi ucuz torpaq sahəsinin yerini də özü üçün müəyyən etmişdir. Asəf onunla razılaşaraq həmin torpaq sahəsinə birlikdə gedib baxmalarını, bundan sonra bu işlə bağlı dəqiq fikir bildirəcəyini demişdir. Asəf “Neft Daşlarında” işlədiyi üçün 15 gün dənizdə, 15 gün isə evdə olur. Onunla mobil telefonla danışdıqdan sonra Asəfin işdən çıxdığı gün razılaşaraq birlikdə onun dediyi torpaq sahəsinə baxmağa getmişlər. Həmin torpaq səhəsinə birlikdə baxdıqdan bir neçə gün sonra Asəf torpaq sahəsi ilə maraqlanmış və həmin torpaq sahəsinin neft ərazisinə düşməsini, tikinti işlərinin qeyri-qanuni aparılacağını müəyyən etmişdir. Buna görə də Asəf onunla razılaşmamışdır. O, ilk əvvəllər münasib qiymətə torpaq sahəsi alaraq Asəfə ev tikdirib vermək niyyətində olmuşdur. Bir müddət sonra yenidən Asəflə Masallı rayonunda qarşılaşaraq ona yalandan Binəqədi rayonunda özünə məxsus torpaq sahəsində iki yarımçıq tikilisinin olmasını, həmin tikilinin birini tamamlayıb 3 otaqlı ev kimi ona istifadəyə verəcəyini deyərək onun razılığını ala bilmişdir. Lakin Asəf ondan evi tikdirəcəyi yeri göstərməyini istəməmiş, o da buna görə ona yalandan dediyi həmin torpaq sahəsini göstərməmişdir. Asəf isə onunla razılaşmış, lakin 14000 manat pulu ona tam şəkildə yox, hissə-hissə verəcəyini bildirmişdir. Bundan sonra Asəflə razılaşmışlar və ilk öncə Asəfdən işə başlamaq üçün 4000 manat pul istəmişdir. Aralarında olan razılıq əsasında Asəf 2020-ci ilin yanvar ayında Masallı rayonu, Kürdəbaz kəndində yerləşən “Tut bağı” restoranında onunla görüşmüş və ona işə başlamağı adı ilə 4000 manat pul vermişdir. Bundan sonra o, Bakı şəhəri Binəqədi rayonu ərazisində ucuz torpaq sahəsi axtarmağa başlamışır. Lakin münasib torpaq sahəsi tapa bilməmiş, həmçinin bu müddət ərzində Asəfin ona verdiyi 4000 manat puldan öz ehtiyaclarına xərcləməyə başlamışdır. 2020-ci ilin fevral ayının əvvəllərində yenidən Asəfə zəng edərək tikinti işlərinin başlamasını və ona 2000 manat əlavə pul lazım olmasını demişdir. Həmin vaxt Asəf ona tanışlarından borc əldə edib 2000 manat pul verəcəyini demişdir. Bu minvalla fevral ayının əvvəllərində Masallı rayonu, Qarğalıq kəndində Asəfdən 2000 manat, fevral ayının axırlarında isə 3000 manat tikinti işləri adı ilə əlavə pul almışdır. Əldə etdiyi pullar ilə hər hansı bir iş görə bilməmişdir. Hər hansı bir işdə işləmədiyi üçün banklarda borcları olduğu üçün aldığı pulları öz ehtiyaclarına xərcləməyə başlamışdır. Bundan sonra 2020-ci ilin mart ayının axırlarında Asəfə evin tikintisinin qurtarmasına az qaldığını bildirib əlavə olaraq tikinti üçün pul lazım olmasını demişdir. Asəf isə ona verə biləcək pulunun olmamasını, buna görə də bankdan pul götürüb ona verəcəyini bildirmişdir. Bundan sonra 2020-ci ilin aprel aylarında Masallı rayonu, Dəlləkli kəndində Asəflə görüşmüş və Asəfdən evin tikintisi adı ilə 4000 manat pul almışdır. Həmin ərəfələrdə ölkə ərazisində karantin rejimi qaydaları tətbiq olunurmuş. Zaman-zaman Asəf ondan ev barəsində maraqlanmağa başlamışdır. O, hər dəfə bir bəhanə gətirərək Asəfi yubatmağa başlamışdır. Asəf ondan evi göstərməsini tələb etdikcə o, Asəfə karantin rejimini və digər bu kimi halları bəhanə etməyə başlamışdır. 2020-ci ilin noyabr aylarında isə Asəfə onun üçün tikdirdiyi evin dövlət tərəfindən uçurulduğunu, buna görə də evi ona təhvil verə bilməyəcəyini demişdir. Bundan sonra Asəf ondan ona verdiyi pulları geri qaytarmağını tələb etmişdir. O, isə Asəfə "xxxx" ASC-yə 1000 manat pul borcunun olmasını və həmin borcu tam ödədikdən sonra bankdan ona qaytarmalı olduğu pulu tam şəkildə götürüb qaytaracağını demişdir. Lakin bankda gecikmələri olduğu üçün pul götürə bilməyəcəyini bildirmişdir. Buna baxmayaraq hər ehtimala banka olan borcunu bağlamaq niyyətində olmuşdur. Asəf isə bu məqsədlə əlavə olaraq ona 1000 manat pul vermişdir. Banka gedərək 1000 manat borcunu bankda bağladıqdan sonra ona təkrar kredit götürməyə icazə verməmişlər. Belə ki, həmin ərəfələrdə onun “Uni Banka” da kredit borcu olmuşdur. Buna görə də "xxxx" ASC ona kredit verməmişdir. Asəfə isə qaytarmalı olduğu pulları hazırki vaxta qədər qaytarmamışdır. Asəfdən aldığı puları ev tikmək adı ilə alsa da, lakin öz ehtiyaclarına xərcləmişdir. Sonda Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olduğunu, hazırda rəsmi qaydada işləməsini, həyat yoldaşının da işləməsini, azadlıqda qalacağı təqdirdə aylıq əmək haqqından və həyat yoldaşının da qazancından Zərərçəkmiş şəxs olan borcunu hissə-hissə qaytaracağını bildirərək, barəsində yüngül cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs (eyni zamanda mülki cavabdeh) Təqsirləndirilən şəxs məhkəmə iclasında mülki iddianı qəbul edərək bildirdi ki, mülki iddianın təmin edilməklə ondan 14000 manat və ödənilmiş dövlət rüsumuna görə 132 manat məbləğində pulun tutularaq Zərərçəkmiş şəxs ödənilməsinə heç bir etirazı yoxdur. Lakin həmin məbləği birdəfəlik ödəmək iqtidarında deyildir. Hazırda “X4” MMC-də sosial işçi kimi qeydiyyatda olmaqla Masallı RİH Mənzil Kommunal istismar sahəsində fəhlə işləyir və aylıq 350 manata əmək haqqı alır. Aldığı əmək haqqına əlavələr etməklə Zərərçəkmiş şəxs olan borcunu hər ay ödəyəcəyinə söz verir. Sonda Təqsirləndirilən şəxs qeyd olunanların nəzərə alınmasını xahiş etdi. Təqsirləndirilən şəxsin ittiham olunduğu cinayəti törətməsi onun özünün səmimi etirafı ilə yanaşı işin məhkəmə istintaqı zamanı tədqiq edilən digər sübut növləri ilə aşağıdakı qaydada tam sübuta yetirilir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs (eyni zamanda mülki iddiaçı) qismində dindirilmiş Zərərçəkmiş şəxs mülki iddianı müdafiə edərək bildirdi ki, ailəsi ilə birlikdə Masallı rayonu, Eminli kəndində yaşayır. “Neftqaztikinti” TRESTİ-də işləyir. Ayın 15 günü işdə, 15 günü isə evdə olur. 2019-cu ilin dekabr ayında Masallı rayonu, Qarğalıq kəndində ərzaq dükanından evə ərzaq olan zaman sonradan adının Norəd olmasını öyrəndiyi Təqsirləndirilən şəxs ona yaxınlaşaraq onu tanımasını, adının Asəf olmasını və Eminli kəndindən olmağını bildiyini demişdir. O, Norədin onu tanımasına və onunla xoş danışmasına görə onun səmimiyyətinə inanmışdır. Aralarında olan söhbət zamanı Norəd ona Bakı şəhəri Binəqədi rayonunda “Atçılıq ferması” nın yanında özünə məxsus 10 sot torpaq sahəsinin olmasını, həmin torpaq sahəsini iki hissəyə bölüb iki ədəd ev tikəcəyini və evin birini ona verə biləcəyini, lakin evi tikmək üçün pulunu qabaqcadan ona verməyini bildirmişdir. Həmin ərəfələrdə oğlu Asimanla qızı Gülay Bakı və Sumqayıt şəhərlərində təhsillərini davam etdirdikləri üçün və onların ev təminantlarını həll etmək məqsədi ilə Bakı şəhərindən ev almağın məqəsədəmüvafiq olmasını fikirləşmişdir. Bundan sonra Norəd ona birlikdə gedib həmin torpaq sahəsinə də baxmaqlarını bildirmiş və aralarında şifahi razılıq olmuşdur. Bundan sonra 2020-ci ilin yanvar ayının əvvəllərində o, Bakı şəhərində işdən çıxıb Masallı rayonuna 15 günlük gəldiyi ərəfələrdə Norəd ona zəng edərək birlikdə torpaq sahəsinə baxmaqlarını məsləhət görmüş və onunla razılaşmışdır. Onlar Bakı şəhərində görüşmüşlər və birlikdə Norədin ona dediyi torpaq sahəsinə baxmağa getmişlər. Birlikdə torpaq sahəsinə baxdıqdan sonra Norəd həmin torpaq sahəsində ona ev tikib verməsi üçün 14000-15000 manat aralığında pul lazım olmasını demişdir. O, torpaq sahəsinə baxan zaman ərzazinin yaxınlığından neft borusunun keçməsini gördüyü üçün torpaq sahəsinin xüsusi mülkiyyətdə olmasına şübhəsi yaranmışdır. Buna görə də Norədlə sağollaşdıqdan bir müddət sonra həmin torpaq sahəsinin hansı mülkiyyətdə olması ilə maraqlanan zaman Norədin ona təqdim etdiyi torpaq sahəsinin dövlət torpaqlarına aid olmasını öyrənmişdir. Buna görə də Norədə ona təqdim etdiyi torpaq sahəsində ev tikdirmək istəmədiyini bildirmişdir. 2020-ci ilin yanvar ayının axırlarında yenidən Norəd Masallı rayonu, Qarğalıq kəndində onunla rastlaşmış və ona Binəqədi rayonunda sənədləri tam qaydasında olan 2 sotun içərisində yarımçıq tikili evinin olmasını, lakin pul çatmadığı üçün həmin evi tikdirib başa vura bilmədiyini, ona ümumilikdə 14000-15000 manat pul verəcəyi halda həmin evin tikinitisini başa vurub ona sata biləcəyini, övladlarının da Bakı şəhərində təhsil almasından məlumatlı olmasını və ev almağının onların qalmaları üçün rahat olacağını demişdir. Norəd onunla o qədər inandırıcı danışmışdır ki, o, Norədin səmimiyyətinə inanmışdır. Buna görə də onunla razılaşmışdır. Lakin, Norədə ona 14000 manatı tam şəkildə verəcəyi qədər maddi imkanının olmamasını, pulu yalnız hissə-hissə verə biləcəyini demişdir. Norəd isə onunla razılaşmışdır. Bu minvalla 2020-ci ilin yanvar ayının 20-də Masallı rayonu, Alvadı kəndindən olan dostu Famildən ilk əvvəl 4000 manat borca pul almışdır. Həmin ərəfələrdə Familin özünə də Norəd adlı bir nəfər şəxsin ona Bakı şəhəri Binəqədi rayonu ərazisində torpaq sahəsində ev tikib verəcəyini bu işlə bağlı ümumilikdə 14000 manat pul lazım olmasını demişdir. Bundan sonra Norədlə əlaqə saxlamışlar və 2020-ci ilin yanvar ayının 24-də Masallı rayonu, Kürdəbaz kəndində yerləşən “Tut bağı” restoranında onunla görüşmüşlər. Həmin vaxt Bakı şəhəri, Binəqədi rayonunda dediyi torpaq sahəsində evi tikib ona verəcəyi vədi ilə Norədə 4000 manat pul vermişdir. Norəd isə evi ona hissəhissə verəcəyi pullarla tikdirib ona təhvil verməli imiş. Lakin Norəd onu həmin ərəfələrdə yalan vədləri ilə aldatdığı üçün o, hətta Norədin guya ona tikdirib verəcəyi evlərə belə baxmamışdır. Bundan təxminən 10-15 gün sonra Norəd əlavə pul lazım olmasını bildirdiyi üçün 2020-ci ilin fevral ayının əvvəllərində qardaşı Sərxoşdan 2000 manat, 2020-ci ilin fevral ayının axırlarında isə Famil adlı dostundan əlavə 3000 manat da borc alaraq Norədlə Masallı rayonu, Qarğalıq kəndində Eminağa adlı şəxsin ərzaq dükanının yanında görüşüb ona vermişdir. Bundan sonra 2020-ci ilin mart ayının axırlarında Norəd ona evin tikintisinin qurtarmasına az qaldığını, əlavə olaraq tikinti üçün pul lazım olmasını bildirdiyi üçün o, xx.xx.2020-ci il tarixdə Masallı rayonunda yerləşən "xxxx" ASC-yə müraciət etməli olmuşdur. Belə ki, həmin tarixdə bankdan 4356 manat kredit götürmüşdür. Bundan sonra Norədlə əlaqə saxlayaraq Masallı rayonu, Dəlləkli kəndində onunla görüşmüş və 4000 manat pulu ona vermişdir. Hazırda da bankdan götürdüyü 3 illik pulun krediti maaş kartından tutulur. Norəd ondan hissə-hissə pul istədikcə o, aralarında olan danışıqlarının ümumilikdə 14000 manat olmasını düşündüyü həmin məbləğə qədər tələb etdiyi pulu ona verirmiş. Həmin ərəfələrdən isə ölkə ərəzisində karantin rejimi tətbiq olunmağa başlamışdır. Bundan sonra vaxt ötdükcə Norəddən evlə bağlı maraqlanmağa başlamışdır. Lakin Norədin davranışlarından, danışıqlarından ona qarşı dələduzluq etmək niyyətində olmasını hiss etmişdir. Belə ki, Norəddən ona tikdirib verəcəyi evi göstərməsini tələb etdikcə Norəd hər dəfə evi göstərməkdən yayınmağa başlamışdır. 2020-ci ilin axır aylarında isə Norəd ona tikdirdiyi evin uçurulduğunu, buna görə də evi ona təhvil verə bilməyəcəyini demişdir. Belə ki, o artıq Norədə 13000 manat pul verdikdən sonra Norədin ona qarşı dələzduluq etdiyini bilib verdiyi pulları geri qaytarmasını tələb etmişdir. Norəd isə ona bankda bağlanmamış kreditinin olmasını, krediti bağladıqdan sonra ona ödəməli olduğu pulu qaytaracağını vəd edərək onu yubatmağa başlamışdır. Bundan sonra növbəti dəfə Norədlə aralarında danışıqlar zamanı Norəd ona "xxxx" ASC-də bağlanmamış kreditinin olmasını, həmin krediti tam bağlamaq üçün ona 1000 manat da pul tapıb verməyini, bundan sonra yenidən 14000 manat bankdan tam şəkildə pul götürüb ona pulu tam qaytaracağını bildirmişdir. Norədin bu dəfə də sözünə aldanıb 2020-ci ilin noyabr ayında Masallı şəhəri, H.Əliyev prospektində onunla görüşmüş və maaşından yığdığı 1000 manat pulu da Norədə vermişdir. Həmin vaxtdan bir neçə gün sonra Norədlə əlaqə saxlayıb ona verəcəyi 14000 manat pulu bankdan götürüb-götürməməsi ilə maraqlanmışdır. Norəd isə ona “Respublika BankQ ASC-də kreditini bağladığını, lakin ödəmədə əvvəllər gecikmələr olmasına görə ona növbəti dəfə kredit vermədiklərini bildirib hansısa müddətdə özünün borcunu geri qaytaracağını demişdir. Bundan sonra isə dəfələrlə Norəddən pulu istədikcə Norəd ona gah karantin rejiminin olmasına görə işləyə bilməməsini, gah banklardan kredit götürə bilməməsini bəhanə gətirərək ödəməli olduğu pulları ödəməkdən yayınmağa başlamışdır. Sonda Zərərçəkmiş şəxs mülki iddianın təmin edilərək, pulunun ödənilməsini, lakin pulunun hazırda ödənilməyəcəyi təqdirdə də Təqsirləndirilən şəxs həbs olunmamasını xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 70 saylı Dairə Seçki Komissiyasında katib işləyir. Zərərçəkmiş şəxs onun doğma qardaşıdır. Masallı rayonu, Qədirli kənd sakini Təqsirləndirilən şəxs tərəfindən qardaşı Zərərçəkmiş şəxs dələduzluq yolu ilə aldadılaraq ümumilikdə 14000 manat pulunun ələ keçirilməsindən məlumatı var. Belə ki, 2019-cu il ərəfələrində Asəfin övladları Bakı və Sumqayıt şəhərində yerləşən təhsil müəssisələrində tələbə olmuşlar. Buna görə də onlar Bakı şəhərində kirayədə yaşayırmışlar. Asəf isə onların rahat şəkildə qalmaqlarını təmin etmək üçün Bakı şəhərindən ev almaq niyyətində idi. Belə ki, həmin ərəfələrdə Təqsirləndirilən şəxs Asəfin belə bir niyyətindən məlumatlı olduğu üçün onunla əlaqə saxlayıb ona ümumilikdə 14000-15000 manat məbləğində Bakı şəhəri, Binəqədi rayonu ərazisində münasib qiymətə ev tikib verə biləcəyini vəd etmişdir. Buna görə də Asəf həmin evin tikilməsi məqsədi ilə Norədin tələb etdiyi pulu hissə-hissə ona verməyə başlamışdır. 2020-ci ilin fevral ayı ərəfələrində ondan həmin tikinti işlərinin davam etdirilməsi məqsədi ilə 2000 manat borc pul alaraq Norəd adlı şəxsə vermişdir. O, Asəflə Norəd arasında olan danışıqlarda iştirak etməmişdir. Lakin həmin proseslərdən məlumatı olmuşdur. 2020-ci ilin ortalarına doğru bir neçə dəfə Asəfə Norədin tikdirdiyi evlə maqlanmasını, evi görməsini məsləhət görmüşlər. Lakin Norəd tikdirdiyi evi Asəfə göstərmirmiş, 2020-ci ilin axır aylarında isə Asəf Norədin ona qarşı dələduzluq yolu ilə 13000 manat pulunun ələ keçirməsini bildirmişdir. Hətta sonuncu dəfə Norəd guya bankda olan kredit borcunu bağlayıb ona ümumilikdə 14000 manat pul verəcəyi adı ilə Asəfdən 1000 manat da pul alaraq ümumilikdə 14000 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, ticarətlə məşğul olaraq ailəsini dolandırır. Zərərçəkmiş şəxs təxminən 10 il müddətdir ki, tanıyır. Onunla aralarında dostluq münasibətləri var. Belə ki, 2020-ci il yanvar ayı ərəfələrində Asəf ona zəng edərək bir nəfər Qədirli kəndindən olan Norəd adlı şəxsin ona Bakı şəhəri Binəqədi rayonu ərazisində ev tikib verəcəyini bildirib, bunun müqabilində ona borc pul verməyini demişdir. O, isə Asəfdən nə qədər lazım olmasını soruşmuşdur. Asəf isə ona evin tikilib ona verilməsi məqsədi ilə ümumilikdə 14000-15000 manat pul lazım olmasını, lakin həmin pulu ona evi tikib verəcək Norəd adlı şəxsə hissə-hissə verəcəyini deyib ondan 4000 manat borc pul istəmişdir. O, Asəfə razılq vermişdir. Bundan sonra 2020-ci ilin yanvar ayında tarixini dəqiq xatırlamadığı vaxtda Asəf onun işlədiyi “Köhnə bazar” ərazisinə gəlmiş və o, 4000 manat pulu Asəfə borc olaraq vermişdir. Bundan təxminən 1 ay sonra Asəf yenidən ona zəng edərək qeyd etdiyi iş üçün ona əlavə 3000 manat da borc pul verməyini, Norəd adlı şəxsin evin tikintisi ilə bağlı lazımi işlər görməsini dediyini, buna görə də 3000 də evin tikinti xərcləri üçün lazım olmasını bildirmişdir. O, yenə də Asəfə razılıq vermiş və Asəf 2020-ci ilin fevral ayında işlədiyi “Köhnə bazar” ərazisinə gələrək ondan 3000 manat da borc pul almışdır. Zaman ötdükcə Asəfdən ev barəsində maraqlanırmışdır. Asəf əlavə olaraq qardaşından da borc pul almasını, hətta bankdan da kredit götürməsini, Norəd adlı şəxsin tikinti işləri aparmasını bildirirmiş. Lakin bir neçə ay sonra Asəf ona həmin şəxsin onu aldatmasından şübhələnməsini, hər hansı bir tikinti işlərinin aparılmamasını bildirmişdir. 2020-ci ilin axırlarında isə Asəf həmin şəxsin ona qarşı dələduzluq etməsini və ümumilikdə 14000 manat pulunu dələduzluqla ələ keçirməsini, həmin şəxsə pulu qaytarması üçün möhlət verdiyini demişdir. O, Asəflə Norəd adlı şəxsin arasında olan razılıqda birbaşa iştirak etməsə də, ona pulu harada verməsinin şahidi olmasa da həmin hadisələrdən qiyabi olaraq məlumatlı olmuşdur. İş materiallarında olan üzləşdirmə istintaq hərəkətinin aparılmasına dair xx.xx.2023cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş və Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə ifadəsini bir daha təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarına əlavə edilmiş Masallı Rayon İcra Hakimiyyəti başçısının Qarğalıq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 09 yanavr 2023-cü il tarixli arayışdan və xasiyyətnamədə göstərilir ki, Sadıqov X2 rayonu, Qədirli kəndində qeydiyyatda olmaqla arvadı xx.xx.1986-cı il təvəllüdlü X1 ibarət ailə tərkibində yaşayır, ərazidə yaşadığı müddətdə özünü intizamlı, içgüzar, bacarıqlı aparmış, müsbət iş xüsusiyyətləri ilə fərqlənmişdir. Ailədə və ictimaiyyət arasında özünü səmimi aparır, ərazidə yaşadığı müddətdə onun barəsində heç bir ərizə və şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, işin faktiki halları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikasının CPM-nin 144-146-cı maddələrində nəzərdə tutulmuş qaydada hüquqi qiymət verərək, eləcə də həmin Məcəllənin 346 və 349-cı maddələrinin tələblərinə riayət edərək hesab edir ki, baş vermiş cinayət hadisəsini Təqsirləndirilən şəxs törətməsi, onun təqsirliliyi məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlarla əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayətdir, məhkəmənin müəyyən etdiyi hallar tədqiq olunmuş sübutlara uyğun gəlir, əməl Azərbaycan Respublikası Cünayət Məcəlləsinin CM-nin 178.2.2 və 178.2.4-cü maddələri əsasında təqsirləndirilən şəxsə ittihamın elan edildiyi cünayətin əlamətlərinə uyğundur, əməlin cinayət olmasını aradan qaldıran, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi əsasları yoxdur, odur ki, o, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsində göstərilir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 4-cü bəndində qeyd olunur ki, CM-nin 59-cu maddəsilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 24 dekabr 1921-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində göstərilir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxsin onun həbs edilməməsi ilə bağlı mövqeyini CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsininin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında yeganə cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin edildikdə cəzanın məqsədləri təmin oluna bilər. Bundan başqa, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1 və 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələbinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalında həbsə alınmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə qüvvəsində saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.22-ci maddəsinin tələbnə əsasən cəzanın çəkilmə müddətinin hansı tarixdən başlanılması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun həbsə alındığı gündən, yəni 20 fevral 2023-cü il tarixdən hesablanmalıdır. Zərərçəkmiş şəxs eyni zamanda mülki iddia ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs vurulmuş zərərə görə 14000 manat və dövlət rüsumuna görə ödənilmiş 132 manat pulun tutulmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyanın məbləği 14000 manatdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 354.1 və 354.1.1-ci maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq digər əsaslarla yanaşı iddianın tam və ya qismən təmin edilməsi barədə qərar çıxarılır. Göstərilənlərlə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli məhkəmə istintaqı zamanı sübuta yetirildiyindən və həmin əməl nəticəsində zərərçəkmiş şəxsə maddi zərər vurması müəyyən edildiyindən iş üzrə verilmiş mülki iddia təmin edilməklə Təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyana görə 14000 manat və dövlət rüsumuna görə ödənilmiş 132 manat pul tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. Məhkəmə iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini müzakirə edərək müsadirə ediləcək əmlakın olmamasını müəyyən etdi. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməklə dərhal məhkəmə iclas zalında həbsə alınsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın. Cəza çəkməsinin əvvəli hökm elan olunduğu gündən, yəni 20 fevral 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Mülki iddia təmin edilsin. Təqsirləndirilən şəxs maddi ziyana görə 14000 (on dörd min) manat və dövlət rüsumuna görə 132 (bir yüz otuz iki) manat pul tutularaq Zərərçəkmiş şəxs ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxs hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №1(050)-41/2023
Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-41/2023
20.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver