Məhkəmə qərarları › İş №1(050)-41/2025

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-41/2025

03.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-41/2025 03.03.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Masallı Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1999-cu ildə Masallı rayonu Bala Təklə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Masallı rayonu, Qəriblər kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilən seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 18 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq, yəni nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi “Mercedes Benz E220” markalı, **-UX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Masallı- Hüseynhacılı avtomobil yolunun Masallı rayonu Musaküçə kəndi ərazisindən keçən hissəsində Bakı-Ələt-Astara magistral yolunda inşa edilmiş körpünün üzərində saatda 10 kilometr sürətlə hərəkətdə olarkən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin tələblərinə riayət etmədən, yəni hadisənin qarşısını almağa texniki imkanı olsa da, buna əməl etməyərək Masallı rayonu Hüseynhacılı kəndi istiqamətində hərəkətdə olan Şahid1 “B1,B,C1,C” kateqoriyalı BD 414908 saylı sürücülük hüququnu təsdiq edən sənəd əsasında idarə etdiyi “VAZ 21061 minik” markalı 90CA384 dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət etdiyi zolağa çıxdığından avtomobillər arasında ehtiyatsızlıqdan toqquşma baş vermiş və nəticə də “VAZ 21061 minik” markalı 90CA384 dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində olan Zərərçəkmiş şəxs “sol bazu sümüyünün orta və aşağı 1/3-nin çoxqəlpəli yerdəyişən qapalı sınığı və sağ diz nahiyəsinin əzilmiş yarası” diaqnozlu sağlamlığa az ağır zərərvurmaya adi bədən xəsarətləri almasına səbəb olan yol-nəqliyyat hadisəsini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə onun sürücülük hüququnu təsdiq edən sənədi olmamışdır. xx.xx.2024-cü il tarixdə ona Azərbaycan Respublikası DİN BDYPİ Lənkəran RQİTBŞ tərəfindən B1,B,C1,C kateqoriyalı BD434431 seriya nömrəli sürücülük hüququnu təsdiq edən sənəd verilmişdir. Yol-nəqliyyat hadisəsini törətməzdən təxminən bir il əvvəl “Mercedes Benz E220” markalı ** UX *** dövlət qeydiyyat nişanlı avtomobili Sumqayıt şəhərində maşın bazarında ünvan 1 ünvanında qeydiyyatda olan X1 6000 manat pul müqabilində almış, lakin, sürücülük hüququnu təsdiq edən sənədi olmadığından etibarnamə ala bilməmişdir. Yəni, həmin avtomobili heç bir hüquqverici sənəd olmadan idarə etmişdir. xx.xx.2024-cü il tarixdə saat 18 radələrində həmin avtomobillə Cəlilabad rayonundan Bakı-Ələt-Astara magistral yolu vasitəsilə hərəkət edib Masallı rayonu ərazisinə daxil olmaq üçün Musaküçə kəndi ərazisindən keçən körüpünün üzərinə çıxıb Masallı şəhəri istiqamətində hərəkət etmək istəmiş, həmin vaxt Masallı-Hüseynhacılı avtomobil yolunun Hüseynhacılı kəndi istiqamətində “VAZ 21061 minik” markalı ** CA *** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkətdə olmasını görsə də, həmin avtomobil çatmamış öz zolağına keçə biləcəyini düşünüb hərəkətinə saatda 10 kilometr sürətlə başlayıb davam edərkən VAZ 21061 markalı avtomobilin sürücüsü idarəetməni itirdiyindən həmin avtomobillə onun avtomobili arasında toqquşma ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş vermişdir. Bundan sonra o da baş nahiyəsindən bədən xəsarəti almış və hadisənin psixoloji təsiri altına düşdüyündən orada kimlərin olmasını hazırda da xatırlamır, həmçinin hadisədən sonra X6 Xidmətinə məxsus avtomobillə Masallı RMX-yə aparılmışdır. Masallı RMX-da VAZ 21061 markalı avtomobilin sürücüsü şəxsiyyətini sonradan tanıdığı Masallı rayonu Hüseynhacılı kənd sakini Şahid1 Musammədin oğlunun və həmin avtomobildə sərnişin qismində əyləşmiş, Masallı rayonu Hüseynhacılı kənd sakini Zərərçəkmiş şəxs və Bakı şəhər sakini Şahid2 bədən xəsarətləri aldığını bilmişdir. Masallı RMX-da müalicə aldıqdan sonra yaşadığı evə buraxılmış və xəsarət almış şəxslərlə görüşüb barışmışdır. Sonda Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı ödədiyini nəzərə alıb barəsində barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Masallı rayonu Hüseynhacılı kənd sakini Şahid1 onun həmkəndlisidir. xx.xx.2024-cü il tarixdə 18 radələrində Masallı rayonu Musaküçə kəndi ərazisində yerləşən dairəvi yolayrıcında dayanıb yaşadığı Hüseynhacılı kəndinə getmək üçün avtomobil gözləmiş, həmin vaxt Masallı şəhərindən Masallı rayonu, Hüseynhacılı kəndi istiqamətində hərəkətdə olan həmkəndlisi Şahid1 idarə etdiyi VAZ 21061 markalı 90CA384 dövlət qeydiyyat nişanlı avtomobili saxlayıb kəndə gedib-getmədiyini ondan soruşmuş və o, cavabında kəndə getdiyini bildirmişdir. Sərxan da ona avtomobilə əyləşməyini və kənd içərisində onu düşürə biləcəyini demişdir. Bundan sonra o, Sərxanın avtomobilinin arxa sərnişin oturacağına əyləşmiş, həmin vaxt Sərxanın avtomobilində ondan başqa həmkəndlisi Şahid2 da avtomobildə sərnişin qismində əyləşmişdir. Şahid1 idarə etdiyi VAZ 21061 markalı 90CA384 dövlət qeydiyyat nişanlı avtomobillə Masallı-Hüseynhacılı avtomobil yolunda hərəkətdə olarkən Musaküçə kəndi ərazisində yerləşən körpünün üzərində Bakı istiqamətindən Ələt- Astara avtomobil yolu ilə Masallı rayonuna daxil olan “Mercedes Benz E220” markalı 99UX177 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü şəxsiyyətini sonradan tanıdığı Masallı rayonu Qəriblər kənd sakini Ağayev X3 hərəkətini bitirməsini gözləmədən avtomobilinin hərəkətinə davam etmiş, həmin anda avtomobillər arasında toqquşma ilə nəticələnən yol nəqliyyat hadisəsi baş vermişdir. O, hadisə nəticəsində sol bazu nahiyəsindən və sağ diz nahiyəsindən bədən xəsarətləri almış, hadisədən sonra ora yaxınlaşan qardaşı Hikmət Əzimov onu dərhal öz avtomobili ilə X2 aparmışdır. Bir neçə müddət müalicə aldıqdan sonra o, yaşadığı evə buraxılmış və evində ambulator müalicə alarkən “Mercedes Benz E220” markalı 99UX177 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Masallı rayonu Qərbilər kənd sakini Təqsirləndirilən şəxs tanımış və sonuncu səhhəti ilə maraqlanmaq məqsədilə onun yaşadığı evə bir dəfə getmişdir. Onun hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, hadisə Təqsirləndirilən şəxs ehtiyatsızlığı səbəbindən baş vermişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, cinayət hadisıi nəticəsində ona dəymiş maddi ziyanın tam şəkildə ödənildiyini, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını, barışmalarını nəzərə alıb barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 Musamədin oğlu ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası DİN BDYPİ Lənkəran RQİTBŞ tərəfindən ona B1,B,C1,C kateqoriyalı BD414908 seriya nömrəli sürücülük hüququnu təsdiq edən sənəd verilmişdir. “VAZ 21061 minik” markalı 90CA384 dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə etmişdir. xx.xx.2024-cü il tarixdə idarə etdiyi VAZ 21061 markalı 90CA384 dövlət qeydiyyat nişanlı avtomobillə bibisi oğlu Şahid2 ilə birlikdə Masallı şəhərindən Hüseynhacılı kəndi istiqamətində saatda 30-40 kilometr surətlə hərəkətə başlamış, Masallı rayonu Musaküçə kəndində yerləşən dairəvi yol ayrıcını keçib Hüseynhacılı istiqamətində hərəkətdə olarkən yol kənarında piyada dayanmış həmkəndlisi Zərərçəkmiş şəxs olmasını görmüşdür. Həmin vaxt avtomobilini saxlayıb Zərərçəkmiş şəxs kəndə gedib-getmədiyini soruşduğu vaxt sonuncu kəndə getdiyindən avtomobilə əyləşməsini bildirmiş, avtomobilinin ön sərnişin oturacağında əşya olduğundan Zərərçəkmiş şəxs arxa sərnişin oturacağında Şahid2 yanında əyləşmişdir. Bundan sonra o, avtomobili ilə hərəkətinə davam etmişdir. Həmin tarixdə saat 18 radələrində Masallı- Hüseynhacılı avtomobil yolunu Musaküçə kəndi ərazisindən keçən hissəsində yerləşən körpünün üzərində Hüseynhacılı kəndi istiqamətində hərəkətdə olarkən Bakı istiqamətindən Ələt-Astara avtomobil yolu ilə Masallı rayonuna daxil olan “Mercedes Benz E 220” markalı ** UX *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Masallı rayonu Qəriblər kənd sakini Təqsirləndirilən şəxs onun hərəkətini bitirməyini gözləmədən hərəkətinə davam edərək onun hərəkət etdiyi zolağa daxil olması nəticəsində avtomobilləri arasında toqquşma ilə nəticələnən yol nəqliyyat hadisəsi baş vermiş, o, toqquşmanın qarşısını almağa çalışsa da, buna nail ola bilməmiş və Təqsirləndirilən şəxs avtomobilin ön hissəsi onun avtomobilinin ön sağ hissəsinə vurub hər iki avtomobilin yolun solundakı dəmir məhəccərə çırpılmasına səbəb olmuşdur. Bundan sonra o, baş vermiş hadisənin psixoloji təsiri altına düşdüyündən, stress və həyacanlı olduğu üçün huşunu itirmiş və özünə gəldikdə Masallı RMX-da tibbi müalicə aldığını görmüşdür. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 oxşar məzmunlu ifadə verərək Şahid1 Musaməddin oğlunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş yolnəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, hadisə yerinə baxış keçirilən zaman müəyyən edilmişdir ki, hadisə Masallı- Hüseynhacılı avtomobil yolunun Masallı rayonu Musaküçə kəndi ərazisindən keçən hissəsində Bakı-Ələt-Astara avtomagistral yolunda inşa edilmiş körpünün üzərində yolun sol hərəkət hissəsində baş vermişdir. Yol asfalt örtüklü, hamar olub, yoxuş və qurudur, hadisə yerində asfalt örtüyün üzərində qan ləkələri mövcud deyildir. Hadisə baş verdiyi zaman hava aydın olmuşdur. Hadisə yaşayış məntəqəsində baş verməmiş, hadisə yerində tormoz izləri aşkar edilməmiş, asfalt yolun sol hissəsində yerləşən dəmir məhəccərə təmas etmiş “Mercedes Benz E220” markalı 99UX177 dövlət qeydiyyat nişanlı avtomobil və “VAZ 21061” markalı 90CA384 dövlət qeydiyyat nişanlı avtomobil dayanmış vəziyyətdə aşkar edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə yolnəqliyyatı ekspertizasının daxil olmuş xx.xx.2024-cü il tarixli 8/2532 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən 1.2. “Mercedes Benz E220” markalı, **-UX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin (2.4 “Yol verin” üstünlük yol nişanı) tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Ağayev “Mercedes Benz E220” markalı avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. 3.4. “VAZ 21061” markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid1 Musammədin oğlunun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və Pataloji Anatomiya Birliyi” PHŞ-nin Masallı rayon şöbəsinin xx.xx.2024-cü il tarixli 963 saylı rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs “sol bazu sümüyünün orta və aşağı 1/3-nin çoxqəlpəli yerdəyişən qapalı sınığı və sağ diz nahiyəsinin əzilmiş yarası” diaqnozlu xəsarətlər müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın(əşyaların) təsirindən törənmişdir, avtomobil qəzası zamanı avtomobilin salonundakı qabarıq hissələrinin təsirindən əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan 03 avqust 2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əşyanın maddi sübut hesab edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şahid1 Musammədin oğlunun idarə etdiyi “VAZ 210612 markalı ** CA *** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut qismində tanınmaqla həmin avtomobilin Şahid1 qaytarılması nəzərə alınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əşyanın maddi sübut hesab edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz E220” markalı ** UX *** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut qismində tanınmaqla həmin avtomobilin Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Lənkəran RQİ və TB-dən daxil olmuş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.1999-cu il təvəllüdlü Təqsirləndirilən şəxs adına xx.xx.2024-cü il tarixdə “B1, B, C1, C” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş, hadisə baş verdiyi vsaxt şəxsin sürücülük vəsiqəsi olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət əməlinin tövsif edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə istintaqı aparılan ********* saylı cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci madəsindən həmin Məcəllənin 263-1.1-ci maddəsinə tövsif edilərək isitntaq davam etdirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Masallı Rayon İcra Hakimiyyəti Başçısının Qəriblər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Ağayev X4 rayonu, Qəriblər kəndində qeydiyyatda olmaqla yaşayır, dörd nəfərdən ibarət ailə üzvü vardır və yaşadığı yer üzrə müsbət xarakterizə edilir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istimarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli Qərarında göstərilir ki, “Yol hərəkəti haqqında” Qanunun 1-ci maddəsinin 18-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin predmeti olan nəqliyyat vasitələri dedikdə mexaniki nəqliyyat vasitələri, yəni asma mühərrikli velosipedlər və tramvaylardan başqa relsli nəqliyyat vasitələri istisna olmaqla hər hansı özügedən nəqliyyat vasitələri başa düşülür. Bunlara avtomobillər, tramvaylar, trolleybuslar, operativ nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular, uzun ölçülü nəqliyyat vasitələri, özügedən maşınlar, təkərli traktorlar və motosikletlər aiddir (3-cü bənd); Cinayət Məcəlləsinin 263-cü, 263-1-ci və 351-ci maddələri blanket normalardır və həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin obyektini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələrində, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarını, habelə döyüş, xüsusi və ya hərbi nəqliyyat maşınlarının idarə edilməsini və istismarını tənzimləyən qaydalar təşkil edir. Buna görə həmin cinayətləri törətmiş şəxslər haqqında çıxarılan ittiham hökmlərində mütləq qaydada “Yol hərəkəti haqqında” Qanunun və digər normativ hüquqi aktların tələblərinə istinad edilməklə belə şəxslərin qanunvericiliyin məhz hansı tələblərini pozması göstərilməlidir (11-ci bənd); bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin “Yol hərəkəti haqqında” Qanunun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yolnəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir (12-ci bənd); avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması yalnız o zaman cinayət məsuliyyətinə səbəb olur ki, bu, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümü və ya onun sağlamlığına ağır, yaxud da az ağır zərər vurulması ilə nəticələnmiş olsun (13-cü bənd); törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır (21-ci bənd). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə altı min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 263-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Göstərilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-cü maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdiran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini CM-in 59.1.12-ci maddəsinə, cinayət nəticəsində zərərçəkmiş şəxsə dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini CM-in 59.1.13-cü maddəsinə əsasən, əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar yoxdur. Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu məcəllənin 59.1.8, 59.1.10— 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-cü bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-cü maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-cü maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2, 3 və 4-cü bəndlərində tövsiyyə olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birincü növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin maddi və əmlak vəziyyətini nəzərə alaraq, barəsində törətdiyi cinayət əməlinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəzanın təyin edilməsini məqsədəmüvafiq hesab etmir. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini müəyyən müddətə idarə etmə hüququndan məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzalarının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə uyğun olaraq məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli isə Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə görə onun həmin müəssisədə qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələblərinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.21-ci maddəsinin tələbinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə baxaraq bu nəticəyə gəlir ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, hazırkı cinayət işi maddi sübutlar-Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz E220” markalı ** UX *** dövlət qeydiyyat nişanlı və Şahid1 Musaməddin oğlunun idarə etdiyi “VAZ 21061 minik” markalı ** CA *** dövlət qeydiyyat nişanlı avtomobillərin sahiblərinə geri qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi 8 saat 30 dəqiqə üçün nəzərdə tutulan 51 (əlli bir) manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Reaspublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 09 (doqquz) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Mercedes Benz E 220” markalı ** UX *** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs, “VAZ 21061 minik” markalı ** CA *** dövlət qeydiyyat nişanlı avtomobilin isə Şahid1 Musaməddin oğluna qaytarılması nəzərə alınsın. Aparılmış ekspertiza tədqiqatlarının ümumi dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş müvafiq olaraq Masallı rayon Vəkil bürosunun vəkilləri Müdafiəçi 8 saat 30 dəqiqə üçün nəzərdə tutulan 51 (əlli bir) manat pul dövlət büdcəsinin vəsaiti hesabından tutulub Masallı rayon «Kapital Bank»dakı hesabına köçürülsün. (kod-990003611, VÖEN **********1, hesablaşma hesabı ********************).ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Masallı Rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar