Məhkəmə qərarları › İş №1(050)-42/2024

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-42/2024

01.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-42/2024 01.04.2024 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət İttihamının müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, yetkinlik yaşına çatmamış Zərərçəkmiş şəxs2 və onun qanuni nümayəndəsi Qanuni nümayəndə, Təqsirləndirilən şəxs və müdafiəçisi Masallı Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1991-ci ildə Göyçay rayonu, Alpout kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, himayəsində üç azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, Göyçay rayonu, Alpout kəndində qeydiyyatda olan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müyyən etdi: Təqsirləndirilən şəxs 10 noyabr 2023-cü ildə saat 13:30 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinin 4-cü hissəsinin və 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, nəqliyyat vasitəsini idarə etmək hüququ, yəni sürücülük vəsiqəsi olmadan, həmçinin nəqliyyat vasitəsini idarəetmək hüququna dair müəyyən edilmiş qaydada təsdiqlənmiş etibarnamə və ya nəqliyyat vasitəsinə aid ümumi mülkiyyət hüququna dair şəhadətnaməsi olmadan idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Ford Transıt” yük markalı ** UG *** dövlət qeydiyyat nişanlı avtomobillə Ələt-Astara-İran sərhədi yolunun Masallı rayon ərazisindən keçən 140,5-ci km/də Astara rayon istiqamətdə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə etməsindən yayındırmamalı, qarşıda sağ zolaqla yük avtomobilin hərəkətdə olmasını nəzərə alaraq vaxtında avtomobilin sürətini azaltmalı, hərəkətdə olan yük avtomobili ilə təhlükəsiz ara məsafəsi saxlamaqla hərəkətini davam etdirməli, lazım gələrsə sola doğru təhlükəsiz manevr aparmaqla yük avtomobilin sol tərəfindən ötüb keçməli, həmçinin hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunlara riayət etməyib, eyni istiqamətdə sağ zolaqla hərəkətdə olan Şahid idarə etdiyi “Kamaz 65115” yük markalı ** XZ *** dövlət qeydiyyat nişanlı avtomobilə arxadan çırpılmış, nəticədə ehtiyyatsızlıqdan “Ford Transıt” yük markalı avtomobilin sərnişini Zərərçəkmiş şəxs1 sağ incik və sağ aşıq sümüklərinin sınıqları kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran xəsarətlər almasına, digər sərnişin Zərərçəkmiş şəxs2 sol bazu sümüyünün distal hissəsinin və sağ əlin İ barmağının proksimal falanqasının qapalı sınıqları kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran xəsarətlər almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, avtomaşını idarə etmək üçünü sürücülük vəsiqəsi yoxdur. Lakin avtomobil sürməyi bacarır. Zərərçəkmiş şəxs2 azyaşlı oğlu, Zərərçəkmiş şəxs1 isə tanışıdır. 10 noyabr 2023-cü il tarixdə tanışı Zərərçəkmiş şəxs1 məxsus “Ford Transit” yük markalı, **-UG-*** dövlət qqeydiyyat nişanlı avtomaşınla Xırdalan şəhərindən çıxıb Astara rayonu istqamətində hərəkətdə olmuşlar. Maşınə ilk əvvəl Samir idarə etmişdir. Salyan rayonunda Zərərçəkmiş şəxs1 yorulduğunu bildirib avtomaşını idarə etmək üçün ona vermişdir. Saat 13:30 radələrində idarə etdiyi “Ford Transit” yük markalı, **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Ələt- Astara yolu ilə üzü Astara rayon istiqamətdə hərəkətdə olmuşlar. Həmin vaxt avtomobildə qabaq oturacaqda ortada azyaşlı oğlu Zərərçəkmiş şəxs2, sağ tərəfdə isə tanışı Zərərçəkmiş şəxs1 əyləşmişdilər. Avtomobil texniki cəhətdən saz vəziyətdə olmuş, avtomobildə yük olmamışdır. Yeni Ələt-Astara avtomobil yolunun Masallı rayonu ərazisindən keçən 140,5-ci km ilə Astara rayonu istiqamətinə 100 km/saat sürətlə hərəktdə olduğu zaman hava aydın və günəşli olmuş, görünüşdə məhduduiyyət olmamışdır. Bu zaman yolun sağ zolağı ilə hərəkət etmişdir, qabaqda eyni istiqamətdə təxminən 200-300 metr məsafədə “Kamaz” markalı yük avtomobilinin yüklü vəziyyətdə hərəkətdə olduğunu görmüşdür. Hərəkətdə olan zaman ani olaraq, bir anlıq yuxuladığı üçün qabaqda eyni istiqamətdə hərəkətdə olan “Kamaz” markalı yük avtomobilin arxası ilə toqquşmuşdur. Ayılanda görmüşdür ki, idarə etdiyi avtomobil “Kamaz” markalı yük avtomobilin arxasına girib sürünür. Təxminən 5-6 metr hərəkət etdikdə sonra avtomaşınlar bir qədər irəlidə dayanmışlar. Hadisə zamanı o, heç bir xəsarət almamış, ancaq avtomobilidə olan sərnişinlər oğlu Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 müxtəlif bədən xəsarətləri almışdılar. Həmin vaxt oradan keçən təcili tibbi yardım maşını onları Masallı RMX-ya aparmış, özü isə həmin toqquşduğu avtomobilin sürücüsü ilə birlikdə hadisə yerində dayanmışdılar. Az keçmiş yol polisi xidmətinin əməkdaşları hadisə yerinə gəlmişdilər. Daha sonra hadisəni sənədləşdirən təhqiqatçı hadisə yerinə gəlib baxış keçirmiş, və o, baxışda iştirak etdikdən sonra zərərçəkmiş şəxslərin yanına xəstəxanaya getmişdir. Sonda Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxs Murad Həsərovun ona qarşı şikayətinin olmamasını, digər Zərərçəkmiş şəxs1 isə maddi imkanı olmadığından dəymiş ziyanı ödəyə bilmədiyini, himayəsində 3 azyaşlı uşağının olmasını bildirib barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini törətməsi onun özünün səmimi etirafı ilə yanaşı, işin məhkəmə istintaqı zamanı tədqiq edilən digər sübut növləri ilə aşağıdakı qaydada tam sübuta yetirilir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, “Ford Transıt” yük markalı ** UG *** dövlət qeydiyyat nişanlı avtomaşını olmaqla həmin maşını idarə etmək üçün sürücülük vəsiqəsi vardır. Hərdən bir özünə məxsus avtomaşınla Astara royunundan meyvə-tərəvəz alıb Bakı şəhərində satmaq üçün aparırmışdır. Təqsirləndirilən şəxs tanışı olmaqla, onunla aralarında əvvəllər ədavət və düşmənçilikləri olmamışdır. 10 noyabr 2023-cü ildə idarə etdiyi “Ford Transit” yük markalı ** UG *** dövlət qeydiyyat nişanlı avtomaşınla Ələt-Astara yolu ilə üzü Astara rayon istiqamətdə hərəkətdə olmuşlar. Avtomaşında o, Fuad və Fuadın azyaşlı oğlu Murad olmuşdur. Salyan rayonu ərazisində yorulduğundan Fuadın sükan arxasına keçməsinə icazə vermişdir. Daha sonra Fuad sükan arxasına keçməklə idarə etdiyi “Ford Transıt” yük markalı ** UG *** dövlət qeydiyyat nişanlı avtomaşınla Ələt-Astara yolu ilə üzü Astara rayon istiqamətdə sağ zolaqla hərəkətdə olmuşdur. Saat 13:30 radələrində yolu Masallı rayonu ərazisindən keçdikdə, uzaqdan qarşıdan sağ zolaqla “Kamaz 65115” yük markalı avtomaşının hərəkətdə olduğunu görmüşdür. Fuad idarə etdiyi “Ford Transıt” yük markalı avtomaşınla həmin “Kamaz 65115” yük markalı avtomaşına çatdıqda sol zolağa çıxmadığından yük avtomaşının arxasına çırpılmışdır. Hadisə ani baş vermiş, hadisə nəticəsində o, və avtomaşında olan Fuadın azyaşlı oğlu Murad xəsarət almışdılar. Həmin vaxt oradan keçən təcili tibbi yardım maşını onları Masallı RMX-ya aparmış, xəstəxanada onlar ilkin tibbi yardım göstərilmişdir. Hadisə nəticəsində sağ ayağı sınmış, əməliyyat olunmuşdur. Hadisə Fuadın avtomobili yüksək sürətlə idarəetməsi nəticəsində baş vermişdir. Sonda Zərərçəkmiş şəxs1 hazırda ev şəraitinidə müalicə olunduğunu, avtomaşının isə yarasız vəziyyətə düşməklə ona xeyli miqdarda maddi ziyanın dəydiyini, ona dəymiş ziyanın ödənilmədiyini, təqsirləndirilən şəxslə barışmadığını bildirib Təqsirləndirilən şəxs qanuna müvafiq cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqında Qanuni nümayəndə iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs doğma atasıdır. 10 noyabr 2023-cü ildə saat təxminən 13:30 radələrində atası Fuadın idarə etdiyi “Ford Transıt” yük markalı ** UG *** dövlət qeydiyyat nişanlı avtomaşınla Ələt-Astara yolu ilə üzü Astara rayon istiqamətdə hərəkətdə olmuşlar. Yolda ani olaraq Təqsirləndirilən şəxs idarə etdiyi “Ford Transıt” yük markalı ** UG *** dövlət qeydiyyat nişanlı avtomaşın sağ zolaqla hərəkətdə olan “Kamaz 65115” yük markalı avtomaşına arxadan çırpıldığını görmüşdür. Hadisə zamanı atasının tanışı Zərərçəkmiş şəxs1 və o, xəsarət almışdır. Onları təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparmışdılar. Sonda Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxslə barışmasını, ona qarşı şikayət və tələbinin olmadığını nəzərə alıb təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş etdi. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid məhkəmə iclasında tədqiq edilməklə elan olunmuş ifadəsində göstərmişdir ki, “Kamaz 65115” yük markalı ** XZ *** dövlət qeydiyyat nişanlı avtomaşını idarə etmək üçün sürücülük vəsiqəsi vardır. Göyçay rayon sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. 10 noyabr 2023-cü ildə saat təxminən 13:30 radələrində idarə etdiyi “Kamaz 65115” yük markalı ** XZ *** dövlət qeydiyyat nişanlı avtomaşınla Ələt-Astara yolu ilə üzü Astara rayon istiqamətdə sağ zolaqla hərəkətdə olmuşdur. Masallı rayon ərazisindən keçdikdə ani olaraq arxadan tapıltı səsi eşitmiş, avtomaşını saxlayıb, sükan arxasından düşdükdən sonra “Ford Transıt” yük markalı avtomobilin qabaq sağ hissəsinin yük avtomaşının qoşqusuna arxadan çırpıldığını bilmişdir. Daha sonra yük avtomobildə olan sərnişinlərə yardım etmişdir. Hadisə zamanı yük avtomaşında tək olmaqla xəsarət almamışdır. xx.xx.2023-cü tarixli yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, iş üzrə hadisə yerinə baxış keçirilməklə sxem tərtib edilmiş və fotoşəkillər çəkilmişdir. Belə ki, hadisə yerinə baxış keçirilən zaman müəyyən edilmişdir ki, toqquşmanın baş verdiyi yer Ələt-Astara-İran sərhədi yolunun Masallı rayon ərazisindən keçən 140,5-ci km-dir, yolun hərəkət hissəsi düz, yol örtüyü asfaltbeton, yol örtüyü quru vəziyyətdədir, yol örtüyünün eni 7,4 metrdir, hərəkət zolağının sayı 2, hərəkət hissəsinin 3,7 metrdir. Hərəkət bir istiqamətlidir, Astara rayonu istiqmətində olmaqla qırıq-qırıq xətlə iki hərəkət zolağına bölünür. Hərəkət hissəyə sağdan 3 metr enində ehtiyyat hissəsi, soldan beton təhlükəsizlik səddi, sağdan mühafizə zolağı, əkin sahəsi yerləşir. Yolda maksimal sürət həddi 110 km/saatdır. Sürücü yerində görünüş məsafəsi uzaq işıqda 100 metr, yaxın işıqda 50-80 metr, gün işığında 200-250 metr, sağa tərəf 15-20 metr, sola tərəf 15-20 metrdir. Toqquşma yeri hərəkət hissəsinin kənarına və bir-birinə nəzərən koordinatları-Astara rayonu istiqamətindən yolun sağ kənarından mərkəzinə doğru 2,8 metr məsafədə yerləşir. Toqquşan nəqliyyat vasitələrinin sayı iki olmaqla hadisədən əvvəlki hərəkt istiqamətləri - hər iki nəqliyyat vasitəsi Astara rayonu, istiqamətində hərəkətdə olmuşdur. Hər iki nəqliyyat vasitəsi hadisə yerində əzilmiş və deformasiyaya uğramış vəziyyətdə dayanmışdır. Toqquşma yerində nəqliyyat vasitələrinə aid sınmış şüşə və plastmas qırıntıları tökülmüşdür. Hadisə yeri Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmişdir. Məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının 07 dekabr 2023-cü il tarixli, 3-16- 16/2-8/3496 nömrəli rəyindən görünür ki, “Ford Transıt” yük markalı ** UG *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uygunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə, onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Məhkəmə tibbi ekspertizasının 25 dekabr 2023-cü il tarixli, 508\MEŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində - sağ incik və sağ aşıq sümüklərinin sınıqları müəyyən olundu, müəyyən olunan xəsarət bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdilər. Yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, törənmə müddəti qərarda qeyd olunan 10 noyabr 2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs1 bədənində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol-nəqliyyat hadisəsi nəticəsində avtomaşının salonunda əmələ gələ bilmələri mümkündür. Məhkəmə tibbi ekspertizasının 29 dekabr 2023-cü il, tarixli 521/MEŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində - sol bazu sümüyünün distal hissəsinin və sağ əlin İ barmağının proksimal falanqasının qapalı sınıqları müəyyən olundu, müəyyən olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, törənmə müddəti qərarda qeyd olunan 10 noyabr 2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs2 bədənində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol-nəqliyyat hadisəsi nəticəsində avtomaşının salonunda əmələ gələ bilmələri mümkündür. Lənkəran RMX-nın 10 noyabr 2023-cü il tarixli, 34 nömrəli tibbi müayinə aktından görünür ki, sürücü Təqsirləndirilən şəxs hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin QİS-in 05 dekabr 2023-cü il tarixli, 3- 13-16/2-169102/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasında sürücülük vəsiqəsi verilməmişdir. Maddi sübutun tanınması və təhvil verilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, “Ford Transıt” yük markalı ** UG *** dövlət qeydiyyat nişanlı avtomaşın və “Kamaz 65115” yük markalı ** XZ *** dövlət qeydiyyat nişanlı avtomaşın iş üzrə maddi sübut kimi tanınmaqla saxlanılması üçün sahiblərinə qaytarılmışdır. Təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərədə tutulan ittiham elan edilmişdir. Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. “AZEMİS” Elektron Məhkəmə İnformasiya sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himaysində xx.xx.2014-cü il təvəllüdlü Zərərçəkmiş şəxs2, xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X1 adlı üç uşağı vardır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi, özünün səmimi etirafı ilə yanaşı mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, məhkəmə-tibbi ekspertizası, habelə cinayət işi üzrə ibtidai istintaq zamanı təyin edilərək keçirilmiş məhkəmə yolnəqliyyat ekspertizasının rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 263.1. Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda-iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə altı min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 263-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hal, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 59.1. Cəzanı yüngülləşdirən hallar aşağıdakılardır: 59.1.4. cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması; 59.1.12. zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi; Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində 3 azyaşlı uşağının olmasını; 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş Zərərçəkmiş şəxs2 ilə barışıq əldə etməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən cərimə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halın olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən cərimə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, barəsində seçilmiş baqşa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, maddi sübut-“Förd Transit” yük markalı ** UG *** dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs1, “Kamaz 65115” yük markalı ** XZ *** dövlət qeydiyyat nişanlı avtomobilin Şahid qaytarılması nəzərə alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.21-ci maddəsinin tələbinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə baxaraq bu nəticəyə gəlir ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 128 manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Reaspublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6000 (altı min) manat cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri - 128 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut - “Förd Transit” yük markalı ** UG *** dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs1, “Kamaz 65115” yük markalı ** XZ *** dövlət qeydiyyat nişanlı avtomobilin Şahid qaytarılması nəzərə alınsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar