Məhkəmə qərarları › İş №1(050)-42/2025

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-42/2025

04.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-42/2025 04.03.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Masallı Rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1991-ci ildə Masallı rayonu Yeddioymaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Masallı rayonu, İkinci Yedioymaq kəndində qeydiyyatda olmaqla yaşamış, 19 noyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Masallı Rayon Məhkəməsinin 4(050)-100/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən 04 ədəd kibrit qutusunda ümumi təmiz çəkisi 14,274 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, onun narkotik vasitələri qəbul etməkdə, üzərində gəzdirməkdə və satışında məşğul olmaqla cinayət törətməsi barədə əsaslı məlumatlar əldə etmiş Masallı RPŞ-nin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə saat 16:17-də keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı rayonu Şıxlar kəndi ərazisində saxlanılmış, həmin yerdə üstü yoxlanılan zaman əynində olan qəhvəyi rəngli şalvarın sağ yan cibindən bir ədəd sellofanın içərisində 04 ədəd kibrit qutularında ayrı-ayrılıqda təmiz çəkiləri 3,681 qram, 3,351 qram, 3,795 qram, 3,447 qram olmaqla ümumi təmiz çəkisi 14,274 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış, orqanoleptik əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-birləri ilə eynilik təşkil edən narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Həmin əməllərinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, təxminən bir ilə yaxındır ki, narkotik vasitələrdən ara-sıra istifadə etmişdir. 18 noyabr 2024-cü il tarixdə o, Bakı şəhərində olarkən Bakı şəhərində Razin deyilən yerə getmiş və orada üzdən tanıdığı və adını Namiq deyə bildiyi bir şəxslə görüşmüşdür. O, həmin şəxsdən 4 kibrit qutusunda qurudulmuş marixuana almış və həmin narkotik maddələrin qarşılığında həmin şəxsə 360 manat məbləğdə pul vermişdir. O, aldığı kibrit qutularında olan qurudulmuş marixuananı götürüb yaşadığı evə getmişdir. Səhəri gün yəni 19 noyabr 2024-cü il tarixdə o, yol maşınları ilə Masallı rayonuna gəlmişdir. O, 19 noyabr 2024-cü il tarixdə saat təxminən 16 radələrində artıq Masallı rayonu, Şıxlar kəndi ərazisində olmuşdur. Həmin vaxt Bakı şəhərində aldığı 4 ədəd kibrit qutusunda olan qurudulmuş marixuana da əynindəki şalvarın sağ yan cibində olmuşdur. O, Şıxlar kəndi ərazisində piyada hərəkətdə olan zaman tanımadığı mülki geyimli şəxslərin ona tərəf yaxınlaşmasını görmüşdür. O, yerişini bir qədər sürətləndirib oradan uzaqlaşmaq istədikdə həmin şəxslər onu səsləyib saxlamışlar. Həmin şəxslər xidməti vəsiqələrini təqdim edib özlərinin polis əməkdaşları olmasını bildirmişlər. Polis əməkdaşı olan Şahid1 ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmağını və bununla bağlı üzərinə yoxlama aparılacığını demişdir. O da polis əməkdaşlarına heç bir etiraz etməmişdir. Bundan sonra ona üzərində hər hansı bir qanunsuz predmet varsa təqdim etməyi təklif edilmişdir. O da əynində olan qara rəngli şalvarın sağ yan cibindən 4 ədəd kibrit qutusunu çıxardıb təqdim etmişdir. O, həmin kibrit qutularında qurudulmuş marixuana olmasını bildirmişdir. O, həmin narkotik maddəni Bakı şəhərində tanımadığı şəxsdən 360 manat pul müqabilində əldə etdiyini və bir qismini özü üçün istifadə edəcəyini, bir qismini isə tanıdığı şəxslərdən istəyən olsa satacağını bildirmişdir. Onun üzərinə yoxlama keçirilmiş və bir ədəd Samsung markalı mobil telefon aşkar edilmişdir. Üzərindən götürülmüş narkotik vasitə və mobil telefon qablaşdırılaraq götürülmüşdür. Daha sonra ona Masallı RPŞ-yə aparılacağı barədə məlumat verilmiş və o, Masallı RPŞyə aparılmışdır. Polis əməkdaşları ona heç bir fiziki güc və yaxud zor tətbiq etməmişlər. Şahid3 onun həmkəndlisidir və onlar uşaqlıqdan dost olmuşlar. O, Şahinlə rayona gəldiyi vaxtlarda görüşmüşdür. O, Şahinə siqaret borusuna doldurulmuş halda qurudulmuş marixuana gətirib pay vermişdir. Şahin bəzən həmin qurudulmuş marixuananın qarşılığında ona pul da vermişdir. Şahin çox vaxt ondan aldığı qurudulmuş marixuananı onun yanında çəkmişdir. O, Şahinə sonuncu dəfə 2024-cü ilin noyabr ayında qurudulmuş marixuana satmışdır. Əməlindən peşmandır. Odur ki, məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxsin ittiham olunduğu cinayəti törətməsi onun özünün səmimi etirafı ilə yanaşı işin məhkəmə istintaqı zamanı tədqiq edilən digər sübut növləri ilə aşağıdakı qaydada tam sübuta yetirilir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, 19 noyabr 2024-cü il tarixdə Masallı rayon, ikinci Yeddioymaq kənd sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, üzərində gəzdirməsi və satışını həyata keçirməsi barədə onun icraatına əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat aidiyyatı üzrə rəhbərliyə məruzə edilmiş və həmin tarixdə müvafiq qərar və əmr əsasında Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa edilməsi üçün əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun rəhbəri o, qrupun üzvü isə Masallı RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid2 təyin edilmişlər. Keçirilmiş əməliyyat-axtarış tədəbirləri nəticəsində Təqsirləndirilən şəxs 19 noyabr 2024-cü il tarixdə saat 16:17 radələrində Masallı rayon, Şıxlar kəndi ərazisində piyada hərəkətdə olan zaman saxlanılmışdır. Onlar video çəkiliş aparmaqla Bəhruzun yanına gəlmiş və özlərini təqdim edib polis əməkdaşları olduğunu bildirmişlər. Onlar Bəhruza narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını və bununla bağlı üzərinə yoxlama aparılacağını bildirmişlər. Bundan sonra o, etirazı olub-olmadığını soruşmuşdur. Təqsirləndirilən şəxs yoxlama aparılmasına heç bir etirazı olmadığını demişdir. O, Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya və ya predmet varsa təqdim etməsini təklif etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qəhvəyi rəngli şalvarının sağ yan cibindən bir ədəd sellofanda olan 04 ədəd kibrit qutusunu çıxardıb təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin kibrit qutularında narkotik vasitə olan qurudulmuş marixuana olmasını bildirmişdir. Həmin kibrit qutularının içərisinə baxıldığı zaman içərilərində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr olması onlara məlum olmuşdur. Təqsirləndirilən şəxs ünvanlanmış suallara cavab olaraq həmin 04 ədəd kibrit qutularında olan narkotik vasitə olan qurudulmuş marixuanaları 18 noyabr 2024-cü il tarixdə Bakı şəhərində tanımadığı şəxsdən 360 manat pul müqabilində aldığını və bir qismini özü üçün istifadə edəcəyini, bir qismini isə satışını həyata keçirmək məqsədilə ilə üzərində daşıyaraq saxladığını bildirmişdir. O, həmin qurudulmuş marixuanalara bənzər kütlələri kibrit qutuları ilə birlikdə ayrı-ayrılıqda elektron tərəzidə çəkmişdir. Bu zaman 1-ci bükümün çəkisi 6,38 qram, 2-ci bükümün çəkisi 6,75 qram, 3-cü bükümün çəkisi 6,73 qram və 4-cü bükümün çəkisi isə 6,40 qram olmasını aşkar etmişlər. Həmin 04 ədəd kibrit qutuları birlikdə elektron tərəzidə çəkildiyi zaman ümumi çəkiləri 26,35 qram olması aydın olmuşdur. O, həmin 04 ədəd kibrit qutusunda olan narkotik vasitə olan qurudulmuş marixuanaları ağ rəngli kağız zərfə qoymuş və üzəri iştirakçılar tərəfindən imzalanmaqla möhürlənmişdir. O, Təqsirləndirilən şəxs üzərinə yoxlama apardıqda əynində olan paltarlarda hər hansı bir qanunla qadağan edilmiş əşya və ya predmet aşkar etməmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan şalvarının sol yan cibindən özünə məxsus olan bir ədəd “Samsung” markalı mobil telefon aşkar edilmişdir. Həmin mobil telefon da əhəmiyyət kəsb etdiyi üçün ağ rəngli kağız zərfə qoyulmuş və üzəri iştirakçılar tərəfindən imzalanmaqla möhürlənmişdir. O, sonda Təqsirləndirilən şəxs bir daha eyni məzmunlu suallar vermişdir. Bəhruz yenidən həmin 04 ədəd kibrit qutularını Bakı şəhərində tanımadığı şəxsdən 360 manat pul qarşılığında aldığını demişdir. Onlar həmin yerdə çəkilişi dayandırıb birlikdə Masallı RPŞ-yə gəlmişlər. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saxlanıldıqda, RPŞ-nə gətirildikdə, üzərində yoxlama və götürmə aparıldıqda ona heç bir zor və ya güc tətbiq olunmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verdiyi müəyyən edildi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs onun barəsində vermiş olduğu izahatla tanışdır. Təqsirləndirilən şəxs tanımışdır. Bəhruz onun ata tərəfdən qohumu olmuş və onlar uşaqlıqdan bir yerdə böyümüşlər. Belə ki, ataları dayıoğlu-bibioğludurlar. Əvvəllər narkotik vasitə istifadə etməmişdir. Lakin xəstə olmuşdur. Belə ki, ayağı 2-ci dərəcəli sınıq olmuş, baldır sümüyü iki yerdən sınmışdır. Bu səbəbdəndə ağrıları olmuşdur. Ağrıları olduğu üçün Bəhruzda onu ziyarətə gəldiyi zaman bir-iki dəfə narkotik vasitə olan qurudulmuş marixuanadan birlikdə istifadə etmişlər. Bəhruz ona narkotik vasitə təklif etməyib öz istəyi ilə olmuş, Bəhruza varsa ona narkotik vasitə verməsini demiş, Bəhruzda ona hər dəfə siqaret borusuna doldurulmuş halda qurudulmuş marixuana vermişdir. Lakin o, Bəhruzdan narkotik vasitə almamış, bunun müqabilində Bəhruza hər hansı bir məbləğdə pul verməmişdir. Sadəcə dost kimi Bəhruza 5-10 manat vermişdir. Onlar həmişə bir-birilərinə pul verib almışlar. Bəhruzun ona vermiş olduğu narkotik vasitədən heç kimə verməmiş özü istifadə etmişdir. Çünki ayağı sındığı üçün bədənində ağrıları olmuş və düşünmüşdür ki, narkotik vasitə onun ağrılarını dindirəcəkdir, lakin heç bir köməkliyi olmamışdır. Bəhruzun narkotik vasitəni haradan əldə etməsi, üzərində nə qədər narkotik vasitə olması və başqa şəxslərlə əlaqəsinin olub-olmaması barədə heç bir məlumatı olmamışdır. Cinayət işinin materiallarında olan təqsirləndirilən şəxsin yerində saxlanılaraq üzərinə baxış keçirilməsinin video görüntülərini əks etdirən CD diskə məhkəmə iclasında keçirilən baxış zamanı müəyyən olunmuşdur ki, Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1, Masallı Rayon Polis X12 Bölüyünün polis nəfəri Şahid2, Masallı RPŞnin X1 baş inspektoru, polis baş leytenantı X8 tərəfindən Masallı RPŞ-yə Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olması, üzərində narkotik vasitə daşıması və satması barədə daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilən əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 19 noyabr 2024-cü il tarixdə, saat 16:17 radələrində Masallı rayon Şıxlar kəndi ərazisində saxlanılaraq və üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs üstündə qanunla qadağan olunmuş əşyalar varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qəhvəyi rəngli şalvarın sağ yan cibindən 1 ədəd şəffaf rəngli sellefon torba çıxardaraq təqdim etmiş və təqdim etdiyi şəffaf rəngli sellefonun içərisində 04 (dörd) ədəd kibrit qutusu aşkar edilmiş, həmin kibrit qutularına baxış keçirilən zaman içərisində qurudulmuş marixuanaya bənzər kütlələrin olması aşkar edilmişdir. Sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış və yoxlama zamanı onun əynində olan göy rəngli şalvarın sol yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefon aşkar olunmuşdur. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar olumuş qurudulmuş marixuanaya bənzər kütləni Bakı şəhərində tanımadığı şəxsdən 360 manat nüqabilində aldığını bildirmişdir. Əməliyyat müvəkkili tərəfindən təqdim olunmuş həmin qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş və ümumilikdə 4 kibrit qutusu ilə birlikdə çəkisi 26.35 qram olduğunu müəyyən etmişdir. Daha sonra həmin qurudulmuş marixuanaya bənzər maddəni və “Samsung” markalı mobil telefonu orada ayrı-ayrılıqda içi boş olan kağız zərflərə qoyaraq qablaşdırmışdr. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində qeyd olunanlardan başqa qanunla qadağan olunmuş hər hansı maddə və predmet aşkar olunmamışdır. Cinayət işinin materiallarında olan Masallı RPŞ-nin Təhqiqat Bölməsinin baş təhqiqatçısı Xalid Qurbanov tərəfindən təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs üzərindən əməliyyat-axtarış tədbiri zamanı aşkar edilmiş əşyalara keçirilən baxışın video görüntülərini əks etdirən CD diskə məhkəmə iclasında keçirilən baxış zamanı müəyyən olunmuşdur ki, Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1, Masallı Rayon Polis X12 Bölüyünün polis nəfəri Şahid2, Masallı RPŞ-nin X1 baş inspektoru, polis baş leytenantı X8 tərəfindən əməliyyat-axtarış tədbiri zamanı saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək qablaşdırılmış maddə olan zərf və baxış keçirilməsi barədə video görüntünü əks etdirən CD disk təhqiqatçıya təqdim edilmişdir. Təqdim edilmiş zərfdəki bükümə təhqiqatçı baxış keçirən zaman bir ədəd şəffaf sellofanın içərisində olan 4 ədəd kibrit qutusu və mobil telefon olmuş, həmin bükümdə narkotik vasitə qurudulmuş marixunaya bənzər kütlələr elektron tərəzidə çəkilmiş, birinci kütlənin çəkisi 6.40 qram, ikinci kütlənin çəkisi 6.46 qram, üçüncü kütlənin çəkisi 6.81 qram və dördüncü kütlənin çəkisi 6.74 qram olmaqla ümumilikdə 29.47 qram olmuş, daha sonra təhqiqatçı tərəfindən iştirakçılarla bərabər Təqsirləndirilən şəxs yerində saxlanılmaqla üzərinə baxış keçirilməsini əks etdirən CD diskə baxış keçirilmişdir. Cinayət işinin materiallarında olan Masallı RPŞ-nin İstintaq Bölməsinin baş müstəntiqi, polis mayoru X15 tərəfindən müdafiəçisi Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs şübhəli şəxs və təqsirləndirilən şəxs qismində dindirilməsinin görüntülərini əks etdirən CD disklərə məhkəmə iclsasında keçirilən baxış zamanı müəyyən edilmişdir ki, müstəntiq tərəfindən şübhəli şəxs və təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona verilən sualları tam şəkildə cavablandıraraq törətdiyi cinayət əməlini səmimi etiraf etmişdir. İş üzrə "xxxx" MMC-dən daxil olmuş xx.xx.2024-cü il tarixli, 27160 saylı məktuba əlavə olan 01 ədəd CD diskə baxış zamanı müəyyən edilmişdir ki, 01 ədəd CD diskdə Təqsirləndirilən şəxs adına olan ***-***-**-** saylı və ***-***-**-** saylı mobil nömrələrlə müxtəlif tarxilərdə və məzmunda zənglər edilmiş və smslər göndərilmişdir. Belə ki, ***-***-**-** saylı mobil nömrədə olan sms mətnlərə baxış zamanı xx/xx/2024 tarixdə 16:04:38 dəqiqədə, ********** saylı mobil nömrədən ********** saylı mobil nömrəyə, 50-azn varimdi, qardaşimsan butöv olsunde, 1-kilo, qalaninda seher ver” məzmunlu sms, xx/xx/2024 tarixdə 18:31:51 dəqiqədə ********** saylı mobil nömrədən ********** saylı mobil nömrəyə “Yari verecem” məzmunlu sms, həmin tarixdə ********** saylı mobil nömrədən ********** saylı mobil nömrəyə “onan elaave ya menim ozume” məzmunlu sms, xx/xx/2024 tarixdə 15:38:43 dəqiqədə ********** saylı mobil nömrədən ********** saylı mobil nömrəyə “opwi bulari bir yere qoysan qram yoxdu derem” məzmunlu sms, xx/xx/2024 tarixdə 15:38:23 dəqiqədə ********** saylı mobil nömrədən ********** saylı mobil nömrəyə “MENE ZENG ELE NE DANİWİRSAN DEREM BURDA NE QRAM 05 DEN BİRAZ COXDU QAYTARSİN YADA VER OZUNE DE DUZGUN VER” məzmunlu sms, xx/xx/2024 tarixdə 17:57:58 dəqiqədə ********** saylı mobil nömrədən ********** saylı mobil nömrəyə “alinsa 10 ag pendir qoy borune iwden cixanda vura bilerem kartda yoxdu pul” məzmunlu sms göndərildiyi aşkar edilmişdir. Bundan başqa ***-***-**-** saylı mobil nömrədə olan sms mətnlərə baxış zamanı xx/xx/2024 tarixdə 15:30:01 dəqiqədə ********** saylı mobil nömrədən ********** saylı mobil nömrəyə “QAQA NECESEN QARA CİYER YARİM KİLO QAQAVA KOMEY ELEEDE AVİ” məzmunlu sms, xx/xx/2024 tarixdə 16:46:21 dəqiqədə ********** saylı mobil nömrədən ********** saylı mobil nömrəyə “20 gul yari k alinar 60 m gonderim ama gele bilmeyecem gece gele bilerem ya goruwerik yada bir yere qoymaq olar” məzmunlu sms, xx/xx/2024 tarixdə 14:32:16 dəqiqədə ********** aylı mobil nömrədən ********** saylı mobil nömrəyə “Qoca.1.5+5 elave yari daw..elave.10 .gül.0.8.torpax” məzmunlu smslər göndərildiyi aşkar edilmişdir. CD diskə baxış zamanı qeyd edilən hər iki mobil nömrədə olan sms mətnlər A4 kağız formatda köçürülməklə cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X7 Bölməsi tərəfindən təqdim edilmiş 20 noyabr 2024-cü il tarixli, 19/738 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 4 ədəd kibrit qutusunda olan qurudulmuş marixuanaya bənzər kütlələr.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 4 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri: 3,681 qram, 3,351 qram, 3,795 qram, 3,447 qram olmaqla ümumi təmiz çəkisi: 14,274 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadırlar, orqanoleptik əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər (marixuananın ümumi təmiz çəkisi 14,274 qram, cəmi tədqiqata sərf olundu 0,2 qram (hər ob.-0.05qr), qalıq 14,074 qr). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər X2 X10 Yoxlamanın nəticələrinə dair 22 noyabr 2024-cü il tarixli, 800 nömrəli rəyində qeyd edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs KANNABİNOİDLƏRİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Masallı Rayon İcra Hakimiyyəti başçısının Yeddioymaq kənd inziabti ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Dadaşov X5 rayonu ikinci Yeddioymaq kəndində qeydiyyatda olmaqla atası X6, anası X4, qardaşı X9 və bacısı X3 ibarət ailə tərkibi vardır və yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən təqsirləndirilən şəxsin etirafı, şahidlərin ifadələri, şübhəli şəxs kimi saxlanılarkən üstünün yoxlanılmasına və əşyaların götürülməsinə, əməliyyat axtarış tədbirlərini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsinə, eləcədə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilməsinə dair video çəkiliş aparılması barədə və Azercell MMC-dən alınmış telefon məlumatlarını öxündə əks etdirən CD disklər, həmçinin işin faktiki halları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikası CPM-nin 144-146-cı maddələrində nəzərdə tutulmuş qaydada qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsüf edilmiş və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 4-cü bəndində qeyd olunur ki, CM-nin 59-cu maddəsilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli Qərarının 27-ci bəndinə əsasən məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayət-hüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, cinayətin törədildiyi yerin hərbi hissə, iş yeri, tədris, mədəniyyət müəssisəsi və ya digər ictimai əhəmiyyətli obyekt, yüksək təhlükə mənbəyi olan qurğuların, nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı olub-olmaması, cinayətin törədilməsinə digər, xüsusilə də yetkinlik yaşına çatmayanların, psixi, fiziki qüsurları olan şəxslərin cəlb edilib edilməməsi və ya belə şəxslərə qarşı yönəlib-yönəlməməsi, əməllərin nə kimi zərərli nəticələrə səbəb olması, cinayətin onun açılmasını çətinləşdirən mürəkkəb üsullardan və vasitələrdən istifadə etməklə və ya mütəşəkkil dəstələrin tərkibində törədilib törədilməməsi və yaxud transmilli xarakterə malik olub-olmaması, bu cinayətlərin törədilməsini asanlaşdırmaq üçün və yaxud qanunsuz olaraq əldə edilmiş narkotik vasitələrdən, psixotrop maddələrdən, onlara aid olmayan güclü təsir edən və ya zəhərli maddələrdən istifadə etməklə CM-in Xüsusi hissəsinin digər fəsillərində nəzərdə tutulmuş başqa cinayətlərin də törədilib-törədilməməsi nəzərə alınmalıdır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edib-etməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 08 saylı Qərarının 4-cü bəndində göstərilir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Həmin Qanunun 5-ci bəndində göstərilir ki, Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Həmin Qanunun 8-ci bəndinin 4-cü abzasında göstərilir ki, Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya 10 Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Həmin Qanunun 9-cu bəndində göstərilir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamının 8-ci bəndində qeyd edilir ki, - ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmçinin həmin Sərəncamın 10-cu bəndində qeyd edilir ki, cəza siyasətinin humanistləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilsin və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə tapşırılsın ki, aşağıdakı istiqamətlərdə qanun layihələrini hazırlayıb iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsinlər: - cinayətlərin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunması və mövcud alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi; törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması. Həmçinin həmin Sərəncamın 13-cü bəndinə əsasən məhkəmələrə tövsiyə edilir ki: cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; - cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xatakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1-ci maddəsində göstərilən cəzasını yüngülləşdirən hallar yoxdur. Lakin, məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, törətdiyi cinayət əməlini etiraf etməsini və yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsininin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halı, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. İş materiallarında olan 19 noyabr 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19 noyabr 2024-cü il tarixdə saat 16:17-də şübhəli şəxs qismində tutulmuş, Masallı Rayon Məhkəməsinin 21 noyabr 2024-cü il tarixli qərarı ilə barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.22-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli 19 noyabr 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.16-cı maddəsinə əsasən hesab edir ki, təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1 və 93.1.4-cü maddələrinə əsasən tibbi xarakterli məcburi tədbirlər cinayət törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə təyin edilə bilər. Hazırkı cinayət işi üzrə isə müvafiq ekspert rəyindən görünür ki, təqsirləndirilən şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Odur ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinin tələbi baxımından cinayət işi üzrə maddi sübut kimi tanınaraq Masallı Rayon Polis şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalan 14.074 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi, əməliyyat axtarış tədbirlərini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi, şübhəli və təqsirləndirilən şəxs qismində dindirilmə, Şahid3 şahid qismində dinidirilməsi barədə videogörüntüləri özündə əks etdirən və Azercell MMC-dən alınmış telefon məlumatlarını öxündə əks etdirən 05 (beş) ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.21-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs narkoloji ekspertizanın dəyəri olan 60 (altımış) manat məbləğində pul vəsaiti tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Hökmün maddi sübutun məhv edilməsi hissəsini icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəza çəkməsinin əvvəli 19 noyabr 2024-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 60 (altmış) manat məbləğində məhkəmə məsrəfi (ekspertiza xərci) tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq Masallı Rayon Polis Şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalan 14.074 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi, əməliyyat axtarış tədbirlərini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi, şübhəli şəxs və təqsirləndirilən şəxs qismində dindirilməsi, Şahid3 şahid qismində dinidirilməsi barədə videogörüntüləri özündə əks etdirən və Azercell MMC-dən alınmış telefon məlumatlarını öxündə əks etdirən 05 (beş) ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılsın. Hökmün maddi sübutun məhv edilməsi hissəsinin icrası Masallı rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökmdən elan edildiyi vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar