Məhkəmə qərarları › İş №1(050)-45/2024

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-45/2024

11.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-45/2024 11.03.2024 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Masallı Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1989-cu ildə Masallı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay-himayəsimndə 1 azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Masallı şəhəri, Digah küçəsi ev 13-də qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən, istintaqa məlum olmayan çəkidə satış məqsədi olmadan xeyli miqdarda psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, Masallı RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələri qəbul etməkdə və üzərində gəzdirməkdə şübhəli olduğundan xx.xx.2024-cü il tarixdə, saat 14 radələrində Masallı şəhəri, H.Əliyev prospekti ərazisində saxlanılaraq Masallı RPŞ-yə gətirilmiş, orada üzərinə keçirilən şəxsi-axtarış zamanı əynində olan boz rəngli cins şalvarın sol yan cibindən 01 ədəd qara rəngli sellofan bükümdə ümumi təmiz çəkisi - 0,426 qram təşkil edən psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə səhər saatlarında bədənində ağrılar yaranmağa başladığından narkotik vasitə almaq məqsədilə Lənkəran rayonu, Qumbaşı kəndinə getmək qərarına gəlmişdir. Həmin gün təxminən saat 10 radələrində yaşadığı evdən çıxaraq Masallı şəhəri “Köhnə Bazar” ərazisində Lənkəran rayonuna gedən sərnişin avtobuslarının dayandığı yerə getmiş, daha sonra oradan tanımadığı şəxsə məxsus sərnişin avtomobili ilə Lənkəran rayonu, Qumbaşı kəndinə gedib kənd mərkəzində yolun kənarında avtomobildən enmişdir. Həmin vaxt ətrafda heç kimin olmadığını görüb Qumbaşı kənd məscidi istiqamətində hərəkətini davam etdirmişdir. Bir qədər piyada hərəkət etdikdən sonra ondan bir qədər aralıda yolun kənarında dayanan, xarici görkəmcə narkotik aludəçisinə oxşatdığı əvvəllər tanımadığı bir nəfər şəxs görüb ona yaxınlaşmış və həmin tanımadığı şəxsə bədənində ağrılar olduğunu deyib, ondan narkotik vasitə heroin və ya psxiotrop maddə metamfetamin tapmaqda köməklik etməsini xahiş etmişdir. Həmin tanımadığı şəxs, özündə psixotrop maddə metamfetamin olduğunu, istəsə ona verə biləcəyini bildirmişdir. Həmin şəxs əynində olan şalvarının cibindən bir ədəd qara rəngli sellofan bükümü çıxarıb ona göstərərək, bükümdə təxminən 0,5 qrama yaxın psixotrop maddə metamfetamin olduğunu və həmin bükümü 10 manata sata biləcəyini bildirmişdir. O, da həmin şəxslə razılaşmışdır. Həmin tanımadığı şəxs bir ədəd bükümü ona verdikdən sonra o, həmin şəxsə cibində olan puldan 10 manat pul vermişdir. Bükümü aldıqdan sonra həmin bükümü əynində olan boz rəngli cins şalvarımın sol yan cibinə qoyub həmin şəxsin yanından uzaqlaşıb Masallı rayonu istiqamətində yolun kənarı ilə yavaş-yavaş hərəkət etməyə başlamışdır. Bir qədər piyada hərəkət etdikdən sonra Masallı rayonu istiqamətində hərəkətdə olan tanımadığı şəxsə məxsus avtomobilə əli ilə işarə edib saxlatdırdıqdan sonra həmin şəxsə məxsus avtomobillə Masallı şəhərinə qayıdıb Masallı şəhəri, Seybətin dairəsi yaxınlığında avtomobildən enmişdir. Həmin gün Masallı şəhəri ərazisində təxminən bir saat gəzişib vaxt keçirdikdən sonra Lənkəran rayonu, Qumbaşı kəndində tanımadığı şəxsdən aldığı psixotrop maddə metamfetamindən istifadə etmək üçün saat 14 radələrində yaşadığı evə getmək məqsədi ilə Masallı şəhəri, H.Əliyev prospektindən piyada hərəkət etməyə başlamışdır. O, həmin vaxt H.Əliyev prospektində piyada hərəkət edən zaman iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşmışlar. Həmin şəxslər xidməti vəsiqələrini göstərib özlərini təqdim edərək Masallı RPŞ-nin polis əməkdaşları olduqlarını və onun qanunsuz olaraq narkotik vasitə istifadə etməkdə və üzərində gəzdirməkdə şübhəli olduğunu bildirmişlər. Polis əməkdaşları şifahi formada üzərində narkotik vasitə olubolmamasını soruşmuşlar. O, həmin vaxt qorxduğundan polis əməkdaşlarına heç bir cavab verməmişdir. Polis əməkdaşları onlarla birlikdə Masallı RPŞ-yə getməli olduğunu bildirmişlər. O, heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə RPŞ-yə gəlmişdir. RPŞ-yə gəldikdən sonra həmin polis əməkdaşları onu xidməti otağa gətirmişlər. Xidməti otaqda polis geyimində olan bir nəfər ona özünü Masallı RPŞ-nin TB-nin təhqiqatçısı kimi təqdim etmişdir. Təhqiqatçı qanunsuz olaraq üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu və bu səbəbdən saxlanılaraq RPŞ-yə gətirildiyini deyərək şübhəli şəxs kimi hüquq və vəzifələrimi ona elan edib bu barədə bildiriş vermişdir. Daha sonra o, ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini bildirmişdir. Müdafiəçi qismində Masallı Rayon Vəkil Bürsosunun vəkili Müdafiəçi hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. Daha sonra təhqiqatçı onun üzərində şəxsi axtarış aparılacağını və bu zaman video çəkilişdən istifadə olunacağını bildirmişdir. Təhqiqatçı üzərində qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa, təqdim etməyi barədə təklif etmiş, o, da əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən özünə məxsus bir ədəd ağ rəngli “Redmi” markalı mobil telefonunu və həmin şalvarının sol yan cibindən bir ədəd qara rəngli sellofan bükümü çıxararaq təqdim etmişdir. Təqdim etdiyi qara rəngli sellofan bükümdə olan maddənin psixotrop maddə metamfetamin olduğunu, həmin metamfetamini öz şəxsi istifadəsi üçün xx.xx.2024-cü il tarixdə təxminən səhər saat 11 radələrində Lənkəran rayonu, Qumbaşı kəndi ərazisində tanımadığı şəxsdən 10 manata aldığını və üzərində saxladığını bildirmişdir. Təqdim etdiyi sellofan bükülüdə olan psixotrop maddə metamfetamin təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilmişvə çəkisinin 0,51 qram olduğu müəyyən olunmuşdur. Təqdim etdiyi psixotrop maddə metamfetamin içərisi boş olan kağız zərfə qoyularaq Masallı RPŞ-nin 90 saylı möhürü ilə möhürlənmiş və zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin, təqdim etdiyi “Redmi” markalı mobil telefonu da içərisi boş olan kağız zərfə qoyularaq Masallı RPŞ-nin 90 saylı möhürü ilə möhürlənmiş və zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Sonradan üzərində şəxsi-axtarış davam etdirilsə də, üzərindən qanunla qadağan olunmuş başqa hər hansı maddə, predmet və ya əşya aşkar olunmamışdır. Üzərində həyata keçirilən şəxsi axtarış barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Polis əməkdaşları ona yaxınlaşan vaxt, RPŞ-nə dəvət edən zaman və üzərində şəxsi axtarış aparılan zaman ona qarşı hər hansı bir zor və yaxud fiziki güc tətbiq etməmişlər. Sonda S.U.Məmədov ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməklə əməlindən səmimi peşman olmasını, himayəsində olan azyaşlı uşağın saxlanılması üçün aliment ödədiyini nəzərə alaraq ona həbslə əlaqədar olmayan yüngül cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxsin ittiham olunduğu cinayəti törətməsi onun özünün səmimi etirafı ilə yanaşı işin məhkəmə istintaqı zamanı tədqiq edilən digər sübut növləri ilə aşağıdakı qaydada tam sübuta yetirilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Masallı RPŞ-in CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə Masallı şəhəri, Digah küçəsi, ev 13-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs oğlunun qanunsuz olaraq şəxsi istifadəsi üçün üzərində narkotik vasitə daşıması ilə bağlı ona əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın realizə edilməsi məqsədilə şöbə rəisinin əmri ilə qrup üzvləri Masallı RPŞ-nin TB-nin təhqiqatçı X6 və Masallı RPŞnin CAB-nin əməliyyat müvəkkili Şahid2 olmaqla, qrup rəhbəri kimi onun iştirakından ibarət əməliyyat-təhqiqat qrupu yaradılmışdır. xx.xx.2024-cü il tarixdə saat 14 radələrində Təqsirləndirilən şəxs Masallı şəhəri, H.Əliyev prospekti ərazisində piyada hərəkətdə olmasını görüb əməliyyat müvəkkili Şahid2la ilə birlikdə ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını, onun narkotik vasitələrin qanunsuz istifadəsində və üzərində saxlamasında şübhəli olduğunu bildirmişlər. O, şifahi şəkildə Təqsirləndirilən şəxsdan üzərində narkotik vasitə olub-olmamasını soruşduğu zaman Təqsirləndirilən şəxs ona heç bir cavab verməyib özünü daha da şübhəli aparmağa başlamışdır. Həmin vaxt Təqsirləndirilən şəxs üzərinə şəxsi-axtarış keçirmək üçün şərait olmadığından onu Masallı RPŞ-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs polis şöbəsinə dəvət edib X10un xidməti otağına gətirdikdən sonra Əli Sadıqov ona tutulma səbəbini və şübhəli şəxs kimi hüquq və vəzifələrini izah edib bu barədə yazılı bildiriş vermişdir. Daha sonra Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istəyini bildirmiş və Masallı Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs müdafiəçisi kimi dəvət olunmuşdur. Daha sonra X10 videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi-axtarış keçirməyə başlamışdır. X10 şəxsi-axtarışa başlayan zaman ilk əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet varsa, təqdim etməsini xahiş etdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd ağ rəngli “Redmi” markalı mobil telefonu və həmin şalvarının sol yan cibindən bir ədəd qara rəngli sellofan bükümü çıxararaq təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd qara rəngli sellofan bükümdə olan maddənin psixotrop maddə metamfetamin olduğunu, həmin metamfetamini xx.xx.2024-cü il tarixdə səhər saat 11 radələrində Lənkəran rayonu, Qumbaşı kəndi ərazisində tanımadığı şəxsdən 10 manata aldığını və şəxsi istifadə məqsədilə üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi psixotrop maddə olan metamfetamin X10 tərəfindən elektron tərəzidə çəkilmiş və çəkisinin 0,51 qram olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən 01 ədəd qara rəngli sellofan bükümündə olan psixotrop maddə olan metamfetamin içərisi boş olan kağız zərfə qoyularaq zərfin üzəri RPŞ-nin 90 saylı möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin, Təqsirləndirilən şəxs təqdim etdiyi “Redmi” markalı mobil telefon da içərisi boş olan kağız zərfə qoyularaq Masallı RPŞ-nin 90 saylı möhürü ilə möhürlənmiş və zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi-axtarış davam etdirilsə də, onun üzərindən qanunla qadağan olunmuş başqa hər hansı maddə, predmet və ya əşya aşkar olunmamışdır. X10 tərəfindən Təqsirləndirilən şəxs üzərində həyata keçirilən şəxsi axtarış barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. O, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla əvvəllər heç bir münasibəti, o cümlədən ədavət və düşmənçiliyi olmamışdır. O, sadəcə olaraq barəsində əməliyyat məlumatı daxil olduqdan sonra Sahid Məmmədovun saxlanılması istiqamətində əməliyyat tədbirinin həyata keçirilməsinə rəhbərlik etmişdir. Təqsirləndirilən şəxs saxlanıldıqda, RPŞ-yə gətirildikdə və üzərində axtarış aparıldıqda ona qarşı heç bir fiziki güc və ya zor, o cümlədən psixi təsir göstərilməmişdir. Müdafiəçinin və onların iştirakı ilə Təqsirləndirilən şəxs təqdim etdiyi psixotrop maddə metamfetamin sellofana bükülmüş vəziyyətdə tərəzidə çəkilmiş, bundan başqa ekspertizada istifadə edilən tərəzi daha dəqiq olduğundan, ekspert rəyində göstərilən çəki, yəni 0,426 qram əsas çəki kimi götürülməlidir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 Şahid1 ilə oxşar məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmə iclasında iş materiallarında olan Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilməsinə dair video çəkilişin aparılmasına dair CD-yə baxış keçirilərək, Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən özünə məxsus bir ədəd ağ rəngli “Redmi” markalı mobil telefonu və həmin şalvarının sol yan cibindən bir ədəd qara rəngli sellofan bükümü çıxararaq təqdim etməsi, təhqiqatçının verdiyi suallara cavab olaraq təqdim etdiyi qara rəngli sellofan bükümdə olan maddənin psixotrop maddə metamfetamin olduğunu, həmin metamfetamini öz şəxsi istifadəsi üçün xx.xx.2024-cü il tarixdə təxminən səhər saat 11 radələrində Lənkəran rayonu, Qumbaşı kəndi ərazisində tanımadığı şəxsdən 10 manata aldığını və üzərində saxladığını bildirməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsinin xx.xx.2024-cü il tarixli, 19/29 nömrəli rəyindən görünür ki, təqdiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş metamfetaminə bənzər maddə.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi - 0,426 qram olan ağ rəngli kristallardan ibarət olan maddə metamfetamindir. Metamfetaminin təmiz çəkisi 0,426 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 0,376 qramdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər X1 X9 Yoxlamanın xx.xx.2024-cü il tarixli, 41 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs STİMULYATORLARİN və OPİOİDLƏRİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (POLİNARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Əşyanın maddi sübut hesab edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən təmiz çəkisi 0,426 qram olmaqla aşkar edilərək götürülmüş, ekspert tədqiqatından sonra təmiz çəkisi 0,376 qram qalmış psixotrop maddə metamfetaminin məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə həll edilənədək maddi sübut kimi tanınaraq Masallı RPŞ-in saxlanc saxlanc yerinə təhvil verilmişdir. Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən psixotrop maddə olan metamfetaminin aşkar olunduğu görüntünü əks etdirən 01 ədəd DVD disk iş üçün əhəmiyyətli olduğundan sübut növü kimi tanınaraq cinayət işinin istintaq materiallarına əlavə edilməsi nəzərə alınmışdır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Masallı Rayon İHB-ın Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən və arayışdan görünür ki, Təqsirləndirilən şəxs Masallı şəhəri, Digah küçəsi, ev 13-də qeydiyyatda olmaqla atası xx.xx.1965-ci il təvəllüdlü X7, anası xx.xx.1969-cu il təvəllüdlü X4 və qardaşı xx.xx.1992ci il təvəllüdlü X2 ibarət ailə tərkibində yaşayır. Təqsirləndirilən şəxs Masallı şəhərində yaşadığı müddətdə əvvəllər özünü səmimi və intizamlı aparsa da, son zamanlar yaşadığı ərazidə və cəmiyyət arasında davranış qaydaların riayət etməmiş, hüquqazidd hərəkətlərə yol vermişdir. Təqsirləndirilən şəxs barəsində Masallı Rayon İHB-ın Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən təqsirləndirilən şəxsin etirafı, şahidlərin ifadələri, təqsirləndirilən şəxsin üzərindən narkotik vasitənin aşkar edilməsi və götürlümə aparılması barədə video çəkiliş aparılmasına dair CD, eləcə də işin faktiki halları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrində nəzərdə tutulmuş qaydada qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Məcəllənin 8.1-ci maddəsinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndində qeyd olunur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59.2-ci maddəsin əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində 1 azyaşlı uşağının olmasını, CMnin 59.2-ci maddəsinə əsasən əməlindən səmimi peşman olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hal yoxdur. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs azadlığın məhdudulaşdırılması növündə cəza təyin olunacağı təqdirdə də təmin edilə bilər, ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növünün tətbiq edilməsi üçün əsas yoxdur. İş materallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan və qətimkan tədbirinin seçilməsinə dair qərardan görünür ki, Təqsirləndirilən şəxs 12 yanvar 2024-cü il tarixdə saat 14:50-də şübhəli şəxs qismində tutulmuş və 14 yanvar 2024-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə saxlanıldığı yerdən azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq saxlandığı müddət ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasına hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələblərinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 346.1.16-cı maddəsinə əsasən təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin və məhz hansı tədbirin tətbiq edilməsinin mümkün olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1 və 93.1.2-ci maddələrinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Cinayət işi üzrə müvafiq rəydən görünür ki, Təqsirləndirilən şəxs STİMULYATORLARİN və OPİOİDLƏRİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (POLİNARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülmüşdür. Odur ki, Təqsirləndirilən şəxs polinarkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, hazırkı cinayət işi maddi sübut-Masallı Rayon Polis şöbəsində saxlanılan, tədqiqata sərf edildikdən sonra qalıq qalan 0,376 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərindən psixotrop maddənin aşkar edilməsi barədə görüntüləri özündə əks etdirən 01 ədəd “CD” disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 346.1.21-ci maddəsinin tələblərinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə də baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekspertizanın dəyəri olan 60 (altmış) manat məbləğində pul vəsaiti tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini müzakirə edərək müsadirə ediləcək əmlakın olmamasını müəyyən etdi. İş üzrə mülki iddia yoxdur. Hökmün icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə həvalə olunmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı tutularaq saxlandığı 12 yanvar 2024cü il tarixindən 14 yanvar 2024-cü il tarixədək olan 2 (iki) gün müddətin hər 1 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) günü hesabı ilə hesablanmaqla həmin cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində polinarkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Masallı Rayon Polis şöbəsində saxlanılan, tədqiqata sərf edildikdən sonra qalıq qalan 0,376 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərindən narkotik vasitənin aşkar edilməsi barədə görüntüləri özündə əks etdirən 01 ədəd “CD” disk iş materiallarında saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmün icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Masallı Rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar