Məhkəmə qərarları › İş №1(050)-48/2023

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-48/2023

27.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-48/2023 27.02.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Xəlilov Eıvin Asif oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs və müdafiəçisi Masallı Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1984-cü ildə Masallı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli himayəsində iki azyaşlı uşağı olan, ali təhsilli, fərdi sahibkar, İİ dərəcəli əlil, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nəsimi rayonu, F.Qasımzadə küçəsi, ev 1, mənzil 28-də qeydiyyatda olmaqla Masallı rayonu, Yeddioymaq kəndində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 10 oktyabr 2022-ci il tarixdə saat 02 radələrində Masallı şəhəri, H.Əliyev prospekti 35 ünvanında yerləşən özünə məxsus qeyri-yaşayış binasının qarşısındakı dövlət mülkiyyətinə aid torpaq sahəsində meşə fonduna daxil olmayan palıd cinsindən olan 16 sm diametrində 1 ədəd, 22 sm diametrində 1 ədəd, 40 sm diametrində 1 ədəd, sərv cinsindən olan 24 sm diametrində 1 ədəd, 40 sm diametrində 1 ədəd ağacı, bundan başqa o, 28 oktyabr 2022-ci il tarixdə saat 02 radələrində həmin ünvanda yerləşən dövlət mülkiyyətinə aid torpaq sahəsində meşə fonduna daxil olmayan tut cinsindən olan 24 sm diametrində 1 ədəd olmaqla vahid niyyətlə ümumilikdə 6 ədəd köküstə yaş ağacları özünəməxsus ağackəsən elektrik mişar ilə qanunusuz kəsməklə təbiətə ümumilikdə 3100 manat məbləğində, yəni xeyli miqdarda maddi ziyan vurmuşdur. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 259.1-ci maddəsində əzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə tam təqsirli bilərək ifadəsində göstərdi ki, Masallı şəhəri, H.Əliyev prospekti, 35 ünvanında yerləşən qeyri-yaşayış binasını 17 mart 2022-ci il tarixdə Masallı rayon sakini Cəvahir Gözəlovadan almış, həmin qeyri-yaşayış binasının ümumi sahəsi 1062.50 kv metr, qeyriyaşayış binasının da daxil olduğu torpaq sahəsi isə ümumilikdə 1792.0 kvadrat metr olmuşdur. Qeyri-yaşayış binasını aldıqdan sonra həmin bina uzun illər əvvəl tikildiyindən orada əsaslı təmir işlərinə ehtiyac olmuş, buna görə də həmin binada təmir işləri aparmağı planlaşdırmış və 2022-ci ilin may ayından etibarən həmin ilin noyabr ayına kimi binada əsaslı təmir işləri aparmışdır. Əsaslı təmir işlərinə başlamazadan öncə qeyri-yaşayış binasının yerləşdiyi ərazi şəhər mərkəzi olduğundan həmin ərazinin qarşısını dəmir piltələr ilə hasarlamış və daha sonra qeyri-yaşayış binasında əsaslı təmir işləri aparmışdır. 2022-ci ilin iyun ayında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə özünə məxsus Masallı şəhəri, H.Əliyev prospekti, 35 ünvanında yerləşən qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin özəlləşdirilməsi ilə əlaqədar olaraq alğı-satqı müvaqiləsi bağlamış, lakin müqavilənin şərtlərinə əsasən torpaq sahəsinin dəyəri tərəfindən ödənildikdən sonra qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi mülkiyyətinə keçəcəkmiş. Hazırda torpaq sahəsinin dəyərini ödəmiş, Masallı şəhəri, H.Əliyev prospekti, 35 ünvanında yerləşən qeyri-yaşayış binasının da yerləşdiyi torpaq sahəsinə dair rəsmi çıxarış əldə etmədiyindən torpaq sahəsi üzərində mülkiyyət hüququ olmamış və həmin torpaq sahəsi dövlət mülkiyyətində olmuşdur. Ötən müddət ərzində qeyri-yaşayış binasında əsaslı təmir işləri getdiyindən binanın yerləşdiyi torpaq sahəsi üzrə rəsmi çıxarış əldə edilməsi üçün müvafiq orqanlara müraciət edə bilməmiş, Masallı şəhəri, H.Əliyev prospektində 35 ünvanında yerləşən qeyri-yaşayış binasında 2022-ci ilin sentyabr ayının sonlarında təmir işlərini demək olar ki, 80-85 faiz yekunlaşdırmış, həmin vaxtı artıq binanın qarşısındakı torpaq sahəsində səliqə-sahman yaradılması zərurəti yaranmışdır. Belə ki, həmin qeyri-yaşayış binasını biznes mərkəzi kimi istifadə edəcəkmiş, bunun üçün binanın yerləşdiyi ərazidə avtomobil saxlanılması üçün dayanacaq olması zərurəti yaranmış, lakin həmin vaxtı qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsində şəhər mərkəzinə baxan hissədə ümumilikdə 6 ədəd ağac olmuş, həmin ağacların 3 ədədi palıd cinsinə aid, 2 ədədi sərv cinsinə aid və 1 ədədi isə tut ağacı olmuşdur. Həmin 6 ədəd ağacları kəsməyi və binanın qarşısında boş sahə yaratmaqla binaya gələn müştərilər üçün avtomobil dayanacağı yaratmağı nəzərdə tutmuş, qeyri-yaşayış binasının əsaslı təmiri zamanı orada bir neçə muzd fəhlə və ustalar işləmiş, ağacları ilk əvvəl həmin fəhlələrin hansısa birinə kəsdirməyi planlaşdırmış, lakin sonradan ağacların kəsilməsinin məsuliyyətə səbəb olacağını düşünüb həmin ağacları özü kəsməsinə qərar vermişdir. Özünün səhhətində əlillik olduğunu və həmin ağacları kəsməsinin uzun saat çəkəcəyini nəzərə alıb ağacları kəsməyi gecə saatlarında görməyi planlaşdırmışdır. Bunun üçün binanın təmirində istifadə olunan ağackəsən elektrik mişarından istifadə etmiş, 10 oktyabr 2022-ci il tarixdə axşam saat 02 radələrində Masallı şəhəri, H.Əliyev prospekti, 35 ünvanında yerləşən qeyri-yaşayış binasının qarşısında olan ərazidə diametri 16, 22 və 40 sm olan 3 ədəd palıd cinsli, diametri 24 və 40 sm olan 2 ədəd sərv cinsli ağacları ağackəsən elektrik mişarı ilə kəsmiş, səhər açıldığından orada qalan digər 1 ədəd tut ağacını növbəti günlərdə kəsməyi planlaşdırmışdır. Bir neçə saat ərzində sadaladığı 5 ədəd ağacı elektrik mişarı ilə kəsib kökündən qoparmış, həmin ağacları kəsməsi təqribən 3 saat ərzində davam etmiş, daha sonra səhəri gün həmin ağacların hissələrini, budaqlarını və oduncaqlarını xatırlamadığı şəxsə məxsus dövlət qeydiyyat nişanını bilmədiyi “Zil” markalı yük maşınına yüklətdirib daşıtdırmışdır. Həmin ağacların yarpaqlarını isə ərazidə yandırtdırmış, daha sonra 13 oktyabr 2022-ci il tarixdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları əraziyə gəlmiş, orada olmamış, bu barədə orada fəhlə işləyən şəxslər tərəfindən məlumat verilmiş, dərhal həmin günün sonu oraya gəlmiş, orada qalmış ağac kötüklərini ekskavator ilə torpaq sahəsini sürdürərək izi itirməyə çalışmışdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları əraziyə yenidən gəldikdə onlara orada hər hansı bir ağac olmadığını və kəsilmədiyini bildirərək tərtib olunmuş akta imza etməmiş, daha sonra özünə məxsus qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin ərazisində qalan digər 1 ədəd tut ağacını da kəsməyə davam etmiş, 28 oktyabr 2022-ci il tarixdə gecə saat 02 radələrində qeyri-yaşayış binasının qarşısında əvvəllər kəsdiyi digər 5 ədəd ağac ilə birlikdə kəsməyi planlaşdırdığı digər 1 ədəd tut ağacını da elektron ağackəsən mişar ilə kəsmişdir. 31 oktyabr 2022-ci il tarixdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları orada 1 ədəd tut ağacı kəsmək faktını da aşkar etmişlər, bu barədə yenidən akt tərtib olunmuş və aktı imzalamaqdan imtina etmişdir. Tut ağacın kəsərkən elektrik mişarı yanmış, mişarı hadisədən bir neçə gün sonra tanımadığı fəhləyə metallom kimi pulsuz vermiş, həmin tut ağacını kəsməsini ilkin izahatında etiraf etmiş, sonradan həmin tut ağacının budaqlarını kəsdiyini, digər 3 ədədi palıd cinsinə aid, 2 ədədi sərv cinsinə aid olan ağacları kəsmədiyini və həmin ağacların orada olmadığını bildirməklə məsuliyyətdən yayınmağa çalışmışdır. Lakin sonradan törətmiş olduğu cinayət əməlini səmimi olaraq etiraf etmişdir. Hadisəni gecə vaxtı törətmiş və həmin vaxtı qeyriyaşayış binasının qarşısı dəmir piltələr ilə hasarlandığından kimsə orada ağac kəsməsinin şahidi olmamış, ağacların kəsilməsində kimsə ona köməklik etməmişdir. Sonda V.S.Salayev törətdiyi əməldən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə vurulmuş 3100 manat məbləğində maddi ziyanı tam şəkildə ödəməsini, İİ dərəcəli əlil olmaqla, himayəsində iki azyaşlı uşağının olmasını, 44 günlük “Vətən Müharibəsi” ndə imkanı daxilində ordumuza maddi və mənəvi cəhətdən dəstək olmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidin ifadələri, habelə iş üzrə toplanmış digər sübutlarla aşağıdakı qaydada təsdiq olunur. Məhkəmə istintaqında zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə ifadəsində göstərdi ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ƏMMNEM sektorunun məsləhətçi müfəttişi vəzifəsində işləyir. Vəzifə öhdəlikləri ətraf mühitin mühafizəsinə nəzarət etmək və bununla əlaqədar olaraq Masallı rayonu ərazisində monitorinqlər həyata keçirib bu sahədə qanuna zidd hallar aşkar edildiyi halda müvafiq akt tərtib olunaraq təqsirli şəxslərin məsuliyyətə cəlb edilməsi üçün aidiyati orqanlara müraciət etmək olmuşdur. 13 oktyabr 2022-ci il tarixində iş yoldaşı, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər İdarəsinin ƏMMNEM sektorunun aparıcı məsləhətçi müfəttişi vəzifəsində işləyən Şahidlə birlikdə Masallı şəhəri, H.Əliyev prospekti, 35 ünvanında piyada hərəkət edərkən orada yerləşən obyektin hasarlanmış hissəsinin içindən tüstü çıxdığını görmüşlər, yolun kənarından əraziyə baxarkən hasarın asfalt hissəsi ilə tam bitişməyən hissəsindən ağac yarpaqlarının düşdüyünü görmüşdür. Bu səbəbdən Amal ilə birlikdə əraziyə daxil olmuş, əraziyə daxil olarkən tanımadığı şəxs orada olan ağac gövdəsini və hissələrini yandırmışdır. Həmin tanımadığı şəxsdən ərazinin sahibini soruşanda orada yerləşən qeyri-yaşayış binasının sahibi əslən Masallı rayonu, Yeddioymaq kəndindən olan Təqsirləndirilən şəxs olması məlum olmuş, həmin vaxtı Təqsirləndirilən şəxs orada olmamışdır. Ərazini müşahidə edəndə 5 ədəd kəsilmiş ağac kötükləri görmüş, köküstə yaş ağaclar kök boğazından kəsilmiş, ağacların kötüklərini ölçmüş, video və foto çəkilişlər çəkmişlər. İş vaxtı bitdiyindən həmin gün akt tərtib edə bilməmiş, səhəri gün, yəni 14 oktyabr 2022-ci il tarixində həmin əraziyə yenidən Şahid ilə birlikdə getmiş, ərazinin sahibi Təqsirləndirilən şəxs də orada olmuş, akt tərtib edən zaman 13 oktyabr 2022-ci il tarixdə aşkar etdiyi ağac kötüklərinin heç birini görməmiş, orada ekskavator işləmiş, kəsilmiş ağac kötükləri yerindən çıxarılmış və kəsilmiş ağacların izin itirilməsindən ötrü ərazi sürülmüşdür. Tərəfindən akt tərtib edilmiş qeyri-yaşayış binasının sahibi Təqsirləndirilən şəxs akta imza etməkdən imtina etmiş, Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli «Ətraf mühitin mühafizəsi haqqında» və xx.xx.2014-cü il tarixli «Yaşıllıqların mühafizəsi haqqında» Qanunların tələblərinin pozulduğu məlum olduğundan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli, 421 saylı Qərarına əsasən təbiətə dəymiş ziyan cədvəli hesablanaraq akta əlavə edilmişdir. Diametri 16, 22 və 40 sm olan 3 ədəd palıd cinsli, diametri 24 və 40 sm olan 2 ədəd sərv cinsli, ümumilikdə 5 ədəd ağacın kəsilməsi nəticəsində təbiətə 2700 manat məbləğində maddi ziyan vurulması müəyyən edilmişdir. 31 oktyabr 2022-ci il tarixdə keçirdikləri növbəti reyd zamanı Masallı şəhəri, H.Əliyev prospekti, 35 ünvanında yerləşən Təqsirləndirilən şəxs məxsus qeyri-yaşayış binasının qarşısındakı torpaq sahəsində 1 ədəd 24 sm diametrdə köküstə yaş ağacın kəsilərək ərazidən aparılması müəyyən olunmuş, 1 ədəd tut ağacı ərazidə aparılan tikinti abadlaşdırma işləri ilə əlaqədar olaraq kəsilmiş və bu barədə akt tərtib etmişlər. Həmin vaxtı Təqsirləndirilən şəxs akta imza etməkdən imtina etmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 oktyabr 2016-cı il tarixli, 421 saylı Qərarına əsasən 1 ədəd tut ağacının tikinti abadlaşdırma işləri aparılan zaman kəsilməsi zamanı təbiətə 400 manat maddi ziyan dəyməsi müəyyən edilmiş, aşkar edilmiş 6 ədəd ağacın hamısı Təqsirləndirilən şəxs tərəfindən kəsildiyini bildirmişdir. Sonda Nümayəndə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə dəymiş 3100 manat məbləğində maddi ziyanın təqsirləndirilən şəxs tərəfindən istintaq zamanı tam şəkildə ödənildiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığının nəzər alınmasını xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin aparıcı məsləhətçi müfəttişi vəzifəsində işləyən Şahid oxşar məzmunlu ifadə verərək Nümayəndə ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin aparıcı məsləhətçi müfəttişi vəzifəsində işləyən Nümayəndə və Şahid tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 76342 saylı aktdan görünür ki, Masallı şəhəri, H.Əliyev prospekti, 35 ünvanında yerləşən obyektin ərazisinə keçirilən baxış zamanı diametri 16, 22 və 40 sm olan 3 ədəd palıd cinsli, diametri 24 və 40 sm olan 2 ədəd sərv cinsli, ümumilikdə 5 ədəd ağacın kəsilərək ərazidən aparılması müəyyən olunmuş, bu barədə akt tərtib olunmuş, akta əsasən 5 ədəd ağacın kəsilməsi nəticəsində təbiətə 2700 manat məbləğində ziyanın dəyməsi müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli, ********** saylı çıxarışdan görünür ki, Masallı şəhəri, H.Əliyev prospekti, 35 ünvanında yerləşən 0,0449 ha torpaq sahəsi üzərində Təqsirləndirilən şəxs istifadə, 1062,50 kv.m qeyri-yaşayış binası üzərində isə mülkiyyət hüquqi qeydiyyata alınmışdır. Masallı Rayon Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, 15 saylı məktubunda göstərilir ki, Masallı şəhəri, H.Əliyev prospekti, 35 ünvanında yerləşən qeyri-yaşayış binası və həmin binanın ərazisinə aid olan torpaq sahəsi Masallı Rayon Bələdiyyəsinin mülkiyyətinə aid deyil. Masallı Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsinin xx.xx.2023-cü il tarxli məktubunda göstərilir ki, Masallı şəhəri, H.Əliyev prospekti, 35 ünvanında yerləşən qeyriyaşayış binası Təqsirləndirilən şəxs məxsusdur və həmin binanın ərazisinə aid olan torpaq sahəsi dövlət mülkiyyəti olmaqla onun istifadəsindədir. İş materiallarına əlavə edilmiş Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin aparıcı məsləhətçi müfəttişi vəzifəsində işləyən Nümayəndə və Şahid tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 76380 saylı aktdan görünür ki, Masallı şəhəri, H.Əliyev prospekti, 35 ünvanında yerləşən Təqsirləndirilən şəxs məxsus qeyri-yaşayış binasının qarşısındakı torpaq sahəsində 1 ədəd 24 sm diametrdə köküstə yaş tut cinsindən olan ağacın kəsilərək ərazidən aparılması, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 oktyabr 2016-cı il tarixli, 421 saylı Qərarına əsasən həmin ağacın kəsilməsi nəticəsində təbiətə 400 manat məbləğində ziyanın dəyməsi müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli üzləşdirmədə dindirmə protokollarından görünür ki, üzləşdirmədə istintaq hərəkətləri zamanı zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə və şahid qismində dindirilmiş Şahid ifadələrində göstərdikləri xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə demişlər. İfadənin yerində yoxlanılmasına dair xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, ifadəsinin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs törətmiş olduğu qanunsuz olaraq ağac kəsmə əməli üzrə ifadəsində göstərdiyi xüsusatları olduğu yer zrə göstərməklə bir daha təsdiq etmiş, bu barədə fotoşəkillər çəkilməklə prootkola əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 oktyabr 2016-cı il tarixli, 421 saylı Qərarına əsasən təbiətə dəymiş ziyanın hesablanması cədvəllərindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən qanunsuz olaraq kəsilmiş diametri 16 sm (300 manat), 22 sm (400 manat) və 40 sm (800 manat) olan 3 ədəd palıd cinsli, diametri 24 sm (400 manat) və 40 sm (800 manat) olan 2 ədəd sərv cinsli və diametri 24 sm (400 manat) olan 1 ədəd tut cinsindən olan ağacın kəsilməsi nəticəsində təbiətə ümumilikdə 3100 manat maddi ziyan dəymişdir. İş materiallarına əlavə edilmiş 10525 və 2230 nömrəli ödəniş qəbzlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə "xxxx" ASC vasitəsi ilə təbiətə vurduğu ümumilikdə 3100 (üç min yüz) manat ziyanı tam şəkildə ödəmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Masallı Rayon İcra Hakimiyyəti başçısının Yeddioymaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Salayev X6 rayonu, Birinci Yeddioymaq kəndində arvadı xx.xx.1990-cı il təvəllüdlü X1, qızı xx.xx.2010-cu il təvəllüdlü X2 və oğlu xx.xx.2011-ci il təvəllüdlü X3 ibarət ailə tərkibində yaşayır, ərazidə hörmət və nüfuza malikdir, 44 günlük “Vətən Müharibəsi” ərəfəsində və müharibə qurtardıqdan sonra şəhid ailələrinə, qazilərə əvəzsiz köməklik göstərmişdir. Birinci Yeddioymaq kəndində şəhid kompleksinin ucaldılması onun vəsaiti hesabına görülmüşdür. Hərbi hissələrə etdiyi yardımlara görə fərxri fərman və müdallar ilə təltif edilmiş, onu barəsində nümayəndəliyə şikayət daxil olmamışdır. Elektron sistemdən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs ümümi xəstəlik səbəbindən İİ dərəcəli əlildir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.3.-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən təqsirləndirilən şəxsin etirafı, zərərşəkmiş şəxsin nümayəndəsinin və şahidin ifadələri, eləcə də işin faktiki halları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsiri tam sübuta yetirilmişdir. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikası CPM-nin 144-146-cı maddəsində nəzərdə tutulmuş qaydada hüquqi qiymət verərək, eləcə də həmin Məcəllənin 346 və 349-cı maddəsinin tələblərinə riayət edərək hesab edir ki, baş vermiş cinayət hadisəsini Təqsirləndirilən şəxs törətməsi, onun təqsirliliyi məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlarla əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayətdir, məhkəmənin müəyyən etdiyi hallar tədqiq olunmuş sübutlara uyğun gəlir, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi əsasında təqsirləndirilən şəxsə ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur, əməlin cinayət olmasını aradan qaldıran, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi əsasları yoxdur. Odur ki, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddəsinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2, 3 və 4-cü bəndlərində tövsiyyə olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xatakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdiran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 59.1.4, 59.1.12-ci və 59.1.13cü maddələrində nəzərdə tutulan - cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşaqlarının olması, zərərçəkmiş şəxslə barışıq əldə edilməsi və cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi kimi yüngülləşdirici hallar var. Məhkəmə həmçinin, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən onun törətdiyi cinayət əməlini səmimi etiraf edərək, buna görə peşmançılıq çəkməsini, İİ dərəcəli əlil olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsinə əsasən meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli miqdarda ziyan vurduqda - beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Qeyd: 2. Bu Məcəllənin 259.1-ci maddəsində “xeyli miqdar” dedikdə, min manatdan yeddi min manatadək olan məbləğ, 259.2.4-cü, 260.1-1-ci və 260.3-cü maddələrində “külli miqdar” dedikdə, yeddi min manatdan artıq olan məbləğ başa düşülür. Məhkəmə təyin ediləcək cəzanın növü və həddi məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs şəxsiyyəti, ailə və sosial vəziyyəti, təyin olunacaq cəzanın onun ailə şəraitinə təsiri ona əsas verir ki, Təqsirləndirilən şəxs əməlindən peşman olmaqla islah yolundadır. Zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəmişdir. Bu halda məhkəmə hesab edir ki, o, yüngül cəza çəkməklə islah oluna bilər. Bu səbəblə də cərimə növündə cəzanın təyin olunması ədalətli və qanuni hesab edilməklə cəzanın məqsədlərinə və sosial ədalətin bərpasına nail oluna bilər. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, habelə, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsinin sanksiyası həddində cərimə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsində nəzrədə tutulan ittiham elan edilmiş, həmin tarixdə barəsində “başqa yerə getməməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələblərinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilmədən saxlanılmalıdır. Dəymiş 3100 (üç min yüz) manat məbləğində ziyanın ödənilməsi nəzərə alınmalıdır. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə məsrəfi, Azərbaycan Respublikasının CM-nin 99-1-ci maddəsində nəzərdə tutulan müsadirə müsadirə ediləcək əmlak yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 354, 356-358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə təqsirli bilinib 5000 (beş min) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs qeydiyyatda olduğu yer üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Dəymiş 3100 (üç min yüz) manat məbləğində maddi ziyanın ödənilməsi nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar