Məhkəmə qərarları › İş №1(050)-5/2024

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-5/2024

29.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-5/2024 29.01.2024 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Masallı Rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Masallı rayonu, Ərkivan qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər Masallı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 il, 08 ay 14 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş və qanunvericiliklə müəyyən edilmiş qaydada götürülməmiş, Masallı rayonu, Ərkivan qəsəbəsində qeydiyyatda olmaqla yaşamış, Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, istintaqa məlum olmayan çəkidə satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd bükümdə narkotik vasitə heroini və bir ədəd bükümdə psixotrop maddə metamfetamini əldə edib Masallı rayonu, Ərkivan qəsəbəsində yerləşən yaşadığı evə gətirərək orada 10 hissəyə bölüb satış məqsədilə üzərində saxlamaqla daşımış, 04 oktyabr 2023-cü il tarixdə saat 18 radələrində Masallı RPŞ-nin əməkdaşları tərəfindən təxirəsalınmadan keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələri qəbul etməkdə, üzərində saxlamaqda və satışında şübhəli olduğundan Masallı rayonu, Ərkivan qəsəbəsi ərazisində saxlanılaraq Masallı RPŞ-yə gətirilmiş, orada üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan tünd göy rəngli şalvarının sağ yan cibindən 07 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,239 qr, 0,069 qr, 0,037 qr, 0,022 qr, 0,039 qr, 0.055 qr, 0,025 qram olmaqla ümumi təmiz çəkisi 0,486 qram təşkil edən xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eyni olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 03 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,037 qr, 0,046 qr, 0,042 qram olmaqla ümumi təmiz çəkisi 0,125 qram təşkil edən xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eyni olan ağ rəngli kristallardan ibarət psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə Masallı rayonu, Ərkivan qəsəbəsi qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz əldə edib üzərində gəzdirməkdə, istifadə etməkdə və satışında şübhəli olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması və Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunmasından ötrü təxirəsalınmaz əməliyyataxtarış tədbirlərinin keçirilməsinə icazə verilməsi üçün raportla RPŞ-nin rəisinə məruzə etmişdir. Tərtib etdiyi raportun icrası tədbirlərin davam etdirilməsi üçün rəis tərəfindən ona həvalə olunmuş və həmin günü tərəfindən qərar qəbul edilərək təsdiqlənmişdir. Daha sonra həmin qərarın icrası ilə əlaqədar əməliyyat-təhqiqat qrupunun yaradılması barədə şöbə rəisi tərəfindən əmr imzalanmış və o, həmin qrupun rəhbəri, üzvləri isə RPŞ-nin TBnin təhqiqatçısı Əli Sadıqov, PPXB-nun polis nəfərləri Şahid3 və Şahid2 təyin edilmişdir. xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Təqsirləndirilən şəxs yaşadığı Masallı rayonu, Ərkivan qəsəbəsi ərazisində olması barədə məlumat daxil olduqdan sonra Şahid3 və Şahid2la birlikdə həmin yerə getmişdir. Həmin yerdə Təqsirləndirilən şəxs yolla piyada hərəkətdə olmasını görüb ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib özlərini təqdim edərək Masallı RPŞ-nin əməkdaşları olduqlarını və qanunsuz olaraq narkotik vasitə istifadə etməkdə, üzərində gəzdirməkdə və satışında şübhəli olduğunu bildirmişlər. Sonra ondan şifahi formada üzərində narkotik vasitə olub-olmadığını soruşmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs heç bir cavab vermədiyini görüb ona birlikdə polis şöbəsinə getməli olduğunu demişdir. Təqsirləndirilən şəxs hər hansı bir etiraz etmədən onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsinə gəldikdən sonra onu təhqiqatçı Əli Sadıqovun xidməti otağına aparmış və bu barədə aidiyyəti üzrə raportla məruzə etmişdir. Bundan sonra təhqiqatçısı Əli Sadıqov Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə gəzdirməkdə və satışında şübhəli olduğu üçün saxlanılaraq polis şöbəsinə gətirildiyini, buna görədə tərəfindən şübhəli şəxs qismində tutulduğunu deyərək ona şübhəli şəxs kimi hüquq və vəzifələrini izah edib bu barədə bildiriş vermişdir. Həmin vaxt Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini bildirmişdir. Sonra müdafiəçi qismində Müdafiəçi hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. Daha sonra təhqiqatçısı Ə.Sadıqov Kamrana üzərində şəxsi-axtarış aparılacağını və bu zaman video çəkilişdən istifadə olunacağını demiş və üzərində qanunla qadağan olunmuş hər hansı vasitə, predmet və ya əşya varsa təqdim etməyi barədə təklif etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli şalvarının sol yan cibindən müəyyən miqdarda pulu, bir ədəd “Kotel” markalı mobil telefonu və sağ yan cibimdən bir ədəd üzərində “Rothmans” sözləri yazılmış siqaret qutusunu çıxardıb təqdim edərək təqdim etdiyi siqaret qutusunun içində ümumilikdə 10 büküm narkotik vasitə heroin və psixotrop maddə metamfetamin, həmçinin 01 ədəd istifadə olunmuş falqa və 01 ədəd narkotik vasitə istifadə etmək üçün özü hazırladığı kağız borucuq olduğunu, həmin narkotik vasitə heroini və psixotrop maddə metamfetamini təxminən 20-25 gün əvvəl Bakı şəhərində tanımadığı İran vətəndaşından 50 manat pulun müqabilində şəxsi istifadəsi üçün alıb yaşadığı evdə bükümlərə ayrıdığını, bir az istifadə etdiyini və qalanını da istifadə etmək üçün üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra təhqiqatçı Əli Sadıqov aşkar edilərək götürülmüş siqaret qutusunun içərisinə baxmış və orada bir bükümü sellofanda, altı bükümü kağızda olmaqla 7 büküm heroin, 3 büküm kağızda olan metamfetamin, 01 ədəd istifadə olunmuş falqa və 01 ədəd narkotik vasitə istifadə etmək üçün kağız borucuq olduğunu aşkar etmiş, həmçinin pulları sayarkən ümumilikdə 75 manat pul olduğu məlum olmuşdur. 7 büküm heroin və 3 büküm metamfetamin təhqiqatçı tərəfindən bir-bir elektron tərəzidə çəkilmiş və müvafiq olaraq heroinlərin ümumi çəkisinin 1,06 qram, metamfetaminlərin isə 0,28 qram olması məlum olmuşdur. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ümumilikdə 10 büküm narkotik vasitə heroin və psixotrop maddə metamfetamin, həmçinin 01 ədəd istifadə olunmuş falqa və 01 ədəd narkotik vasitə istifadə etmək üçün hazırlanmış kağız borucuq təhqiqatçı tərəfindən kağız zərfə qoyularaq qablaşdırılmış və üzəri polis şöbəsinin 90 saylı möhürü ilə möhürlənərək imzalanmışdır. Həmçinin, “Kotel” markalı telefon və 75 manat pul da qablaşdırılaraq götürülmüşdür. Daha sonra təhqiqatçı Ə.Sadıqov Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirmiş və üzərində qanunla qadağan edilmiş başqa əşya və ya predmet aşkar etməmişdir. Bundan sonra şəxsi-axtarışın keçirilməsi barədə protokol tərtib olunmuş, o, da iştirakçılarla birlikdə həmin protokolu imzalamışdır. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla arasında hər hansı ədavəti və düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə polis şöbəsinə gətirilərkən və şöbədə üzərinə şəxsi axtarış aparılarkən ona qarşı heç bir fiziki güc və ya psixi təsir göstərməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Masallı RPŞ-nin PPXB-nin polis nəfəri Şahid2 və ibtidai istintaqda şahid qismində dindirilmiş Masallı RPŞ-nin PPXB-nin polis nəfəri Şahid3 məhkəmə istintaqında tədiq edilməklə elan olunmuş ifadəsindən görünür ki, onlar oxşar məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə Masallı rayonu, Ərkivan qəsəbəsində bir məhəllədə yaşayır, onunla münasibətləri hər zaman yaxşı olmuşdur. Əvvəllər Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə məhkum olunmuşdur. Əvvəllər Masallı Rayon X3 Tibbi Yarım şöbəsində tibb qardaşı işləmişdir. Hazırda isə xəstəliyi ilə əlaqədar işləmir. Yaşadığı qəsəbədə bir çox evlərə ailə həkimi kimi gedərək ilkin tibbi yardım göstərir. Hamı kimi Təqsirləndirilən şəxs da ailə həkimi olmuş, xəstə olduğu təqdirdə evlərinə gedib müalicə etmişdir. Lakin Təqsirləndirilən şəxsla yaxından münasibəti olmamış, Kamran ona narkotik vasitə satmamışdır. Sonradan Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsinə görə həbs olunduğunu bilmişdir. Həbs edilməmişdən təxminən 20 gün qabaq Kamranla telefon əlaqələri olmuşdur. Lakin hazırda Təqsirləndirilən şəxs mobil nömrəsi yadında deyildir. Belə ki, həmin vaxt Kamran ona zəng etmiş, qardaşının xəstə olduğunu bildirmiş, buna görə Kamranın evinə getmiş, qardaşına ilkin tibbi yardım göstərmişdir. Toyuq-cücə saxladığından Kamrana toyuq-cücə satmış, Kamran da əvəzində onun bank kartına pul atmışdır. Lakin istintaq zamanı bu barədə bildirməmişdir. Heç vaxt Təqsirləndirilən şəxs narkotik vasitə satın almamış, özü Təqsirləndirilən şəxs dərman vermişdir. Polis şöbəsinə dəvət olunduqdan sonra ifadəsi alınarkən dediklərinə əsasən kömptürdə ifadəsi yazılmış, ifadəsində Təqsirləndirilən şəxs narkotik vasitə aldığını deməmişdir. Latın qrafikalı əlifba ilə yazıb-oxumağı bacarır. İfadəsinin altındakı imza ona məxsus olsa da, ifadəsində yazılmış sözlər ona aid deyil. Polis şöbəsində ifadəsi alınsa da, ifadəsi ona oxunmamış, özü də ifadəsini oxumamış imzalamışdır. Ondan müstəntiq Ramal Nuriyev ifadə almamışdır. Şahid4 ibtidai istintaq zamanı veridiyi ifadəsi tədqiq edilərək elan edilmişdir. Şahid4 istintaqda verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə Ərkivan qəsəbəsində bir məhəllədə yaşayır, onunla münasibətləri hər zaman yaxşı olmuşdur. Əvvəllər Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə məhkum olunmuşdur. Bədənində ağrılar olduğundan son iki ildir narkotik vasitə olan heroin qəbul edir. Təqsirləndirilən şəxs əvvəllər narkotik maddələrin qanunsuz dövriyyəsinə görə məhkum olunduğundan onda narkotik maddə olacağını bildiyi üçün 2023-cü ilin yay aylarında dəqiq xatırlamadığı gündə istifadəsində olan 050 329 00 77 saylı mobil telefon nömrəsindən Kamranın istifadəsində olan 050 372 14 13 saylı mobil telefonuna zəng etmişdir. Telefonda Kamrana bədəni ağrıdığını, istifadəsi üçün heroin lazım olduğunu demiş və onda satılıq heroinin olub-olmadığını soruşmuşdur. Kamran ona satmağa heroinin olduğunu bildirmişdir. Bundan sonra o, həmin günü Masallı rayonu, Ərkivan qəsəbəsi əsarizində yol kənarında Kamranla görüşüb ondan bir büküm narkotik vasitə heroini 10 manat pulun müqabilində şəxsi istifadəsi üçün almışdır. Bundan təxminən 8-10 gün sonra o, yenə şəxsi istifadəsi üçün Kamrandan 10 manata bir büküm heroin alıb istifadə etmişdir. Kamrandan ümumilikdə 2 dəfə şəxsi istifadəsi üçün heroin almışdır. Şəkərli diabet xəstəsi olduğundan son iki aydır narkotik maddələrin qəbulunu dayandırmışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışında şübhəli bilinib tutulmasını polis şöbəsinə çağrılan zaman bilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Masallı RPŞ-nin İstintaq bölməsinin müstəntiqi X9 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin istintaqının aparılması ona həvalə olunmuş, cinayət işi icraatına daxil olduqdan sonra bir sıra istintaq hərəkətləri aparılmış, cinayət işi üztə təqsirləndirilən şəxs və şahidlərin ifadələri alınmışdır, əməliyyat tapşırığı göndərilmiş, Təqsirləndirilən şəxs götürülmüş mobil telefona baxış keçirilmiş, telefon məlumatların götürülməsi barədə qərar qəbul edilməklə aidiyyəti üzrə göndərilmiş, əldə olunmuş məlumatlardan məlum olmuşdur ki, Təqsirləndirilən şəxsla Şahid4 arasında bir neçə dəfə sms yazıması və telefon danışıqları aparılmış sms mətndlərindən məlum olmuşdur ki, Şahid4lə Təqsirləndirilən şəxs arasında narkotik vastisənin alğı-satqısı ilə bağlı danışıqlar olmuşdur. Şahid4 şahid qismində ifadə verərkən o, əvvəllər Təqsirləndirilən şəxs iki dəfə narkotik vasitə aldığını etiraf etmiş, lakin qonşu olduğu üçün Təqsirləndirilən şəxsla üzləşmək istəmədiyini bildirib bundan imtina etmiş, bu səbəbdən təqsirləndirilən şəxslə arasında üzləşmə istintaq hərəkəti aparılmamışdır. Şahid4 istintaq zamanı dindirilərkən ona qarşı heç bir zor tətbiq olunmamış, sərbəst şəkildə ifadəsini vermiş, ifadəsi elan edildikdən sonra razılşaraq imzalamaqla təsdiq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 2023-cü ilin sentyabr ayının ortalarında dəqiq xatırlamadığı gündə başqa işləri ilə əlaqədar Bakı şəhərinə getmişdi və oradan şəxsi istifadəsi üçün narkotik maddə almaq qərarına gəlmişdir. Həmin vaxt gündüz saatlarında Yasamal rayonu ərazisinə gedib adını xatırlamadığı küçələrin birində piyada gəzib narkotik maddə satan şəxs axtarmağa başlamışdır. Bir qədər piyada gəzdikdən sonra İran vətəndaşına və eyni zamanda narkotik istifadəçisinə oxşatdığı bir nəfər tanımadığı şəxsə yaxınlaşıb ondan narkotik maddə almağına köməklik etməsini xahiş etmişdir. Həmin tanımadığı şəxs ona özündə narkotik maddə olan heroin və metamfetamin olduğunu, əgər istəsə ona sata biləcəyini demişdir. Həmin şəxsdən üzərində nə qədər narkotik maddə olduğunu və neçəyə satacağını soruşduqda, ona üzərində təxminən 1 qram narkotik vasitə heroin və 0,3 qram psixotrop maddə metamfetamin olduğunu, heroini 30 manata, metamfetamini isə 20 manata olmaqla cəmi 50 manata satacağını bildirmişdir. Həmin şəxslə razılaşıb ondan 50 manat pulun qarşılığında təxminən 1 qram heroini və 0,3 qram ağırlığında metamfetamini alıb əynində olan şalvarının cibinə qoymuş, sonra oradan uzaqlaşıb 20 Yanvar metrosunun yanına getmiş və bir müddət oradan gəzdikdən sonra həmin günü tanımadığı taksi ilə yaşadığı Masallı rayonu, Ərkivan qəsəbəsinə gəlmişdir. Bir gün sonra Ərkivan qəsəbəsində yerləşən yaşadığı evdə valideynləri görməsin deyə tualetdə Bakı şəhərində tanımadığı şəxsdən aldığı təxminən bir qram ağırlığında heroini 7 hissəyə, 0,3 qram ağırlığında metamfetamini isə 3 hissəyə ayırıb heroinin birini sellofana, altısını isə kağıza, metamfetaminin isə üçünüdə kağıza yığıb ümumilikdə 10 büküm halına gətirmişdir. Bükümlərə ayırdığı heroinin birinin üzərindən bir az götürüb istifadə etmiş və həmin 10 bükümü üzərində “Rothmans” sözləri yazılmış siqaret qutusuna yığıb əynində olan şalvarının cibinə qoymuşdur. Masallı rayonu, Qəriblər kəndi ərazisində yerləşən “Viləş” oteldə işlədiyi üçün iş çoxluğu ilə əlaqədar 4-5 gün, bəzən də aylarla işdə qalmaq məcburiyyətində olmuşdur. Bu səbəbdən 10 bükümü cibinə qoymuşdur ki, işdə olduğ müddətdə ehtiyacı olarsa istifadə etsin. xx.xx.2023-cü il tarixdə saat 18 radələrində əynində olan tünd göy rəngli şalvarının sağ yan cibində üzərində “Rothmans” sözləri yazılmış siqaret qutusunun içərisində saxladığı ümumilikdə 10 büküm heroin və metamfetamin, həmçinin 01 ədəd istifadə olunmuş falqa və 01 ədəd narkotik vasitə istifadə etmək üçün hazırladığı kağız borucuqla Ərkivan qəsəbəsində piyada gəzən vaxtı mülki geyimdə olan üç nəfər şəxsin yanına yaxınlaşdıqlarını görmüşdür. Həmin şəxslər ona xidməti vəsiqələrini göstərib özlərini təqdim edərək Masallı RPŞ-nin Ramil, Qadir və Taleh adlı əməkdaşları olduqlarını, qanunsuz olaraq narkotik vasitə istifadə etməkdə, üzərində gəzdirməkdə və satışında şübhəli olduğu üçün yaxınlaşdıqlarını demişlər. Sonra polis əməkdaşları ondan şifahi formada üzərində narkotik vasitə olub-olmamasını soruşmuşdur. Həmin vaxt qorxduğundan polis əməkdaşlarına heç bir cavab verməmişdir. Polis əməkdaşları cavab vermədiyini görüb ona üzərinə baxış keçirilməsindən ötrü birlikdə polis şöbəsinə getməli olduğunu demişlər. Heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə Masallı Rayon Polis şöbəsinə gəlmişdir. Polis şöbəsinə gəldikdən sonra həmin üç nəfər polis əməkdaşı onu xidməti otağa aparmış və xidməti otaqda polis geyimində olan bir nəfər şəxs ona özünü Masallı RPŞ-nin TB-nin təhqiqatçısı Əli Sadıqov kimi təqdim etmişdir. Sonra təhqiqatçı Ə.Sadıqov ona qanunsuz olaraq üzərində narkotik vasitə saxlamaqda və satışında şübhəli olduğunu və bu səbəbdən saxlanılaraq polis şöbəsinə gətirildiyini deyərək şübhəli şəxs kimi hüquq və vəzifələrini elan edib bu barədə bildiriş vermişdir. Daha sonra ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini bildirmişdir. Bundan sonra istəyinə əsasən Masallı Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. Daha sonra təhqiqatçısı Ə.Sadıqov üzərində şəxsi-axtarış aparılacağını və bu zaman video çəkilişdən istifadə olunacağını ona demişdir. Əvvəlcə təhqiqatçı Əli Sadıqov ona üzərində qanunla qadağan olunmuş hər hansı vasitə, predmet və ya əşya varsa təqdim etməyi barədə təklif etmişdir. Həmin vaxt o, əynində olan tünd göy rəngli şalvarının sol yan cibindən 75 manat pul, bir ədəd “Kotel” markalı telefonu və sağ yan cibindən bir ədəd üzərində “Rothmans” sözləri yazılmış siqaret qutusunu çıxardıb təqdim edərək təqdim etdiyi siqaret qutusunun içində ümumilikdə 10 büküm narkotik vasitə heroin və psixotrop maddə metamfetamin, həmçinin 01 ədəd istifadə olunmuş falqa və 01 ədəd narkotik vasitə istifadə etmək üçün hazırladığı kağız borucuq olduğunu, həmin narkotik vasitə heroini və psixotrop maddə metamfetamini təxminən 20-25 gün əvvəl Bakı şəhərində tanımadığı İran vətəndaşına oxşatdığı bir nəfər şəxsdən 50 manat pulun müqabilində şəxsi istifadəsi üçün alıb yaşadığı evdə bükümlərə ayrıdığını, bir az istifadə etdiyini və qalanınıda istifadə etmək üçün üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra təhqiqatçı Əli Sadıqov üzərindən aşkar edilərək götürülmüş siqaret qutusunun içərisinə baxmış və orada bir bükümü sellofanda, altı bükümü kağızda olmaqla 7 büküm heroin, 3 büküm kağızda olan metamfetamin, 01 ədəd istifadə olunmuş falqa və 01 ədəd narkotik vasitə istifadə etmək üçün kağız borucuq olduğunu aşkar etmişdir. 7 büküm heroin və 3 büküm metamfetamin təhqiqatçı tərəfindən bir-bir elektron tərəzidə çəkilmiş və müvafiq olaraq çəkiləri 0,32, 0,13, 0,16, 0,12, 0,14, 0,16, 0,15, 0,13, 0,15 və 0,14 qram olduğunu müəyyən etmişdir. Sonra üzərindən aşkar edilmiş narkotik vasitə heroin və psixotrop maddə metamfetamin təhqiqatçı tərəfindən kağız zərfə qoyularaq qablaşdırılmış və üzəri polis şöbəsinin 90 saylı möhürü ilə möhürlənərək imzalanmışdır. Bundan sonra təhqiqatçı Əli Sadıqov üzərinə keçirilən şəxsi-axtarış barədə protokol tərtib etmiş, həmin protokol təhqiqatçı tərəfindən uca səslə oxunmuş və oda iştirakçılarla birlikdə həmin protokolu imzalamışdır. Sonda Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmadığını, Şahid4 həmkəndlisi və qonşusu olsa da, lakin ona heç vaxt narkotik vasitə satmadığını, qeyd edilən 10 ədəd bükümlərdə olan narkotik vasitə heroini və psixotrop maddəni ailə üzvlərinin bilməməsinə görə şəxsi istifadəsi üçün üzərində saxladığını, narkotik aludəçisi olduğundan istifadə etmək məcbuiyyətində qaldığını bildirib barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ədalətli hökm çıxarılmasını xahiş etdi. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayəti törətməsində özünü təqsirli bilməsə də, onun həmin əməli törətməsi məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələri ilə yanaşı işin məhkəmə istintaqı zamanı tədqiq edilən digər sübut növləri ilə tam sübuta yetirilir. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsini özünümüdafiə xarakterli ifadə və törətdiyi əmələ görə cəzalanmaqdan yaxa qurtarmaq cəhdi kimi qəbul edir. Məhkəmə iclasında iş materiallarında olan Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilməsi barədə video çəkilişin aparılmasına dair CD-yə baxış keçirilərək, Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli şalvarının sol yan cibindən müəyyən miqdarda pulu, bir ədəd “Kotel” markalı mobil telefonu və sağ yan cibindən bir ədəd üzərində “Rothmans” sözləri yazılmış siqaret qutusunu çıxardıb təqdim edərək, təqdim etdiyi siqaret qutusunun içində ümumilikdə 10 büküm narkotik vasitə heroin və psixotrop maddə metamfetamin, həmçinin 01 ədəd istifadə olunmuş falqa və 01 ədəd narkotik vasitə istifadə etmək üçün özü hazırladığı kağız borucuq olduğu müəyyən edilmiş, təhqiqatçının verdiyi saullara cavab olaraq Təqsirləndirilən şəxs həmin narkotik vasitə heroini və psixotrop maddə metamfetamini təxminən 20-25 gün əvvəl Bakı şəhərində tanımadığı İran vətəndaşından 50 manat pulun müqabilində şəxsi istifadəsi üçün alıb yaşadığı evdə bükümlərə ayırdığını, istifadə etmək üçün üzərində gəzdirdiyini bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X6 Bölməsinin xx.xx.2023-cü il tarixli, 19/909 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş heroinə və metamfetaminə bənzər kütlələr...” sözlər və imzalar olan bir ədəd zəfdəki, 7 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkisi: 0,239 qr, 0,069 qr, 0,037 qr, 0,022 qr, 0,039 qr, 0,055 qr, 0,025 qram; ümumi təmiz çəkisi: -0,486 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,037 qr, 0,046 qr, 0,042 qram, ümumi təmiz çəkisi 0,125 qram olan ağ rəngli kristallardan ibarət maddələr metamfetamindirlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. 1 ədəd kustar üsulla hazırlanmış kağız borucuq içərisində və 1 ədəd falqa üzərində narkotik vasitə heroinin izləri vardır. Heroin iz şəklində olduğuna görə çəkisini və tədqiqata təqdim edilmiş heroinlərlə müqayisəli tədqiqat (eynilik) aparmaq mümkün olmamışdır. Heroinin ümumi təmiz çəkisi 0,486 qram, tədqiqata sərf olundu 0,14 qram (hər ob. 0,02 qram) qalıq 0,346 qramdır. Metamfetaminin təmiz çəkisi 0,125 qram, cəmi tədqiqata sərf edildi 0,06 qra (hər ob 0,02 qram), qalıq 0,065 qramdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər X1 X8 Yoxlamanın nəticələrinə dair 06 oktyabr 2023-cü il tarixli, 942 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan maddi sübutun tanınması və təhvil verilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və təyin edilərək keçirilmiş məhkəmə fiziki-kimyəvi ekspertiza tədqiqatlarından sonra ümumi qalıq çəkisi 0,346 qram qalmış narkotik vasitə heroin və qalıq çəkisi 0,065 qram qalmış psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Masallı RPŞ-nin saxlanc yerinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərindən narkotik vasitənin aşkar edilməsi barədə görüntüləri özündə əks etdirən 01 ədəd “CD” disk cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan əşyanın maddi sübut hesab edilməsi haqqında xx.xx.2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs telefon danışıqlarını, sms mətnlərini və anten dairəsini özündə əks etdirən 1 ədəd CD formalı disk maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi xx.xx.2023-cü il tarixli tələbnamədən və müvafiq hökmdən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Masallı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 il, 08 ay, 14 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş xx.xx.2023-cü il tarixdə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmış, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və götürülməmişdir. İş materiallarına əlavə edilmiş Masallı Rayon İcra Hakimiyyəti başçısının Ərkivan qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Şəkərov X5 rayonu, Ərkivan qəsəbəsində qeydiyyatda olamqla atası -xx.xx.1962-ci il təvəllüdlü X4, anası-xx.xx.1966-cı il təvıllüdlü X2 ibarət ailə tərkibində yaşayır, o, Masallı rayonu, Ərkivan qəsəbəsində yaşadığı müddətdə özünü yaxşı aparmamış, həbsdə olmuşdur. Təqsirləndirilən şəxs barəsində Masallı Rayon İcra Hakimiyyəti başçısının Ərkivan qəsəbə İƏDÜ nümayəndəliyinə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 saylı “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarmın qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Qərarının 9-cu bəndində göstərilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyəti yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Odur ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etdiyi bir büküm narkotik vasitə heroini və bir büküm psixotrop maddə metamfetamini yaşadığı evdə ümumilikdə 10 hissəyə bölüb kiçik bükümlər halına gətirib üzərində gəzdirməsi xüsusatı onun həmin narkotik vasitə heroini və psixotrop maddə metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlaması kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən şahidlərin ifadələri, təqsirləndirilən şəxsin üzərindən narkotik vasitənin aşkar edilməsi barədə video çəkiliş aparılması barədə CD, eləcə də işin faktiki halları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikası CPM-nin 144-146-cı maddələrində nəzərdə tutulmuş qaydada qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmiş və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlukəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsini nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə uyğun olaraq Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. İş materiallarında olan 04 oktyabr 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04 oktyabr 2023-cü il tarixdə saat 18:05-də şübhəli şəxs qismində tutulmuş, Masallı Rayon Məhkəməsinin 06 oktyabr 2023cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6.-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması (məhkəməyədək, habelə birinci və apellyasiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2., 158.2.1. və 158.2.2. və 158.3.-cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Qanunun tələbinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu və həbsdə saxlanıldığı müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasına daxil edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələbinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.22-ci maddəsinin tələbnə əsasən cəzanın çəkilmə müddətinin hansı tarixdən başlanılması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun şübhəli şəxs qismində tutularaq həbsdə saxlanılmağa başlandığı 04 oktyabr 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.16-cı maddəsinə əsasən təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirin və məhz hansı tədbirin tətbiq edilməsinin mümkün olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər X1 X8 Yoxlamanın nəticələrinə dair 06 oktyabr 2023-cü il tarixli, 942 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülmüşdür. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinin tələbi baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və təyin edilərək keçirilmiş məhkəmə fiziki-kimyəvi ekspertiza tədqiqatlarından sonra ümumi qalıq çəkisi 0,346 qram qalmış narkotik vasitə heroin və qalıq çəkisi 0,065 qram qalmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra edilməli, video çəkilişin aparılmasını özündə əks etdirən 1 ədəd video CD disk və “Azərcell MMC” dən daxil olmuş telefon danışıqlarını, sms mətnlərini və anten dairəsini özündə əks etdirən 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.21-ci maddəsinin tələbinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs aparılmış ekspertizanın dəyəri olan 60 (altmış) manat məbləğində pul vəsaiti tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini müzakirə edərək müsadirə ediləcək əmlakın olmamasını müəyyən etdi. İş üzrə mülki iddia yoxdur. Hökmün maddi sübut ilə bağlı hissəsinin icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinsin və 03 (üç) il 06 (ay) müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın. Cəza çəkməsinin əvvəli həbsə alındığı gündən, yəni 04 oktyabr 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə maddi sübut olan-Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və təyin edilərək keçirilmiş məhkəmə fiziki-kimyəvi ekspertiza tədqiqatlarından sonra ümumi qalıq çəkisi 0,346 qram qalmış narkotik vasitə heroin və qalıq çəkisi 0,065 qram qalmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərindən narkotik vasitənin aşkar edilməsi barədə görüntüləri özündə əks etdirən 01 ədəd “CD” disk və “Azərcell MMC” dən daxil olmuş telefon danışıqlarını, sms mətnlərini və anten dairəsini özündə əks etdirən 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmün maddi sübutla bağlı hissəsinin icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxs hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar