Məhkəmə qərarları › İş №1(050)-5/2025

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-5/2025

14.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-5/2025 14.03.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2, zərərçəkmiş şəxsin hüquqi varisi X2, müdafiəçi-Şirvan Regional Vəkil bürosunun vəkili Müdafiəçi1 oğlunun, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1974-cü ildə Astara rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Astara şəhəri, H.Əliyev prospekti ev 138-də qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 12 iyul 2024-cü ildə saat 18 radələrində idarə etdiyi “Mercedes Benz” minik markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomobillə, yeni Ələt-Astara–İran sərhədi yolunun Masallı rayon ərazisindən keçən 142,5-ci km/də Ələt qəsəbəsi istiqamətdə sağ zolaqla hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə etməsindən yayındırmamalı, yolun sağ hərəkət zolağının sağ hissəsində olan piyada ilə təhlükəsiz yan məsafəsi saxlamalı, piyadanın yanından hərəkətin təhlükəsizliyini təmin etdikdən sonra keçib getməli, həmçinin hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunlara riayət etməyib, ani olaraq avtomobilin idarə olunmasından diqqəti yayınmış, bu zaman eyni istiqamətdə yolun sağ ehtiyyat hissəsində dayanmış vəziyyətdə olan “Qaz 33021” yük markalı ** CE *** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan hissəsində olan piyada Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan avtomobilin qabaq sağ hissəsi ilə vurmuş, nəticədə Zərərçəkmiş şəxs döş qəfəsinin və qarnın qapalı küt travması, burun sümüyünün sınığı, sağ said sümüklərinin açıq sınığı, sağ İİİ, İV, V və Vİ qabırğaların və sağ kürək sümüyünün sınığı, sağ said sümüklərinin açıq sınığı, simfizin qopması, oma və büzdüm sümüyünün sınığı, alnın tüklü və tüksüz hissəsinin, sağ saidin, sağ bazunun, sol budun, sol baldırın və aralıq nahiyyəsinin əzilmiş yarası, başın, bədənin və ətrafların müxtəlif nahiyyələrinin sıyrıqları, qasıq və sol bud-çanaq oynağı nahiyyəsinin geniş qançırı kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər alaraq, sonuncunun elə həmin gün saat 23:00-da Masallı RMX-da ölümü ilə nəticələnən yolnəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, özünə məxsus “Mercedes Benz” minik markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi vardır. 12 iyul 2024-cü ildə saat təxminən 18 radələrində idarə etdiyi “Mercedes Benz” minik markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomaşınla Ələt-Astara yolu ilə üzü Ələt qəsəbəsi istiqamətdə saatda təxminən 60 km sürətlə sağ zolaqla hərəkətdə olmuşdur. Masallı rayon ərazisində olan YPX postunu keçdikdən sonra günəş işığı gözünü qamaşdırdığından günlüyü düzəltmək istəmiş, bu zaman bir anlıq diqqəti avtomaşının idarə olunmasından yayınmışdır. Həmin anda idarə etdiyi “Mercedes Benz” minik markalı avtomaşın əvvəlcə bir qədər sağa istiqamətlənmiş, dərhal avtomaşının sükanını sola doğru istiqamətləndirmək istədikdə idarə etdiyi avtomaşının qabaq sağ hissəsi “Qaz 33021” yük markalı ** CE *** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan hissəsində dayanmış piyada Zərərçəkmiş şəxs çırpılmışdır. Daha sonra o, dərhal avtomaşını saxlayıb piyadaya yaxınlaşmış, piyadanın yolun təxminən mərkəz hissəsində uzanıqlı vəziyyətdə olduğunu və ağır xəsarətlər aldığını görmüşdür. Sonra YPX əməkdaşı ilə birgə o, həmin şəxsi öz avtomobilinə qoymuş, Masallı Rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Həmin gecə eşitmişdir ki, avtomaşını ilə vurduğu Zərərçəkmiş şəxs xəstəxanada vəfat etmişdir. Sonradan hadisə yerinə onun iştirakı ilə baxış keçirildiyi zaman ona tam məlum olmuşdur ki, idarə etdiyi avtomobil piyadaya dəydikdən sonra zərbənin təsirindən Zərərçəkmiş şəxs əvvəlcə “Qaz 33021” markalı avtomaşının taxta materialdan olan bort hissəsinə çırpılmış, sonra isə qarşı tərəfdə yolun sol hərəkət hissəsinə asfaltın üzərinə düşüb qalmışdır. Sonda Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə səmimi peşman olduğunu, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etdiyini, cinayət əməli nəticəsində vurulmuş ziyanı zərərçəkmiş şəxsin hüquqi varisinə ödədiyini, ona qarşı şikayət və tələbin olmamasını, qardaşının İİ Qarabağ müharibəsinin şəhidi olmasını, himayəsində yaşlı və xəstə anasının olmasını bildirib barəsində həbslə əlaqədar olmayan cəza təyin edilməsi barədə hökm çıxarılmasını və mülki iddia üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Lerik rayon Piran kənd sakini mərhum Zərərçəkmiş şəxs qardaşıdır. Qardaşı Qurbanəliyə məxsus “Qaz 33021” yük markalı ** CE *** dövlət qeydiyyat nişanlı avtomaşın olmuşdur. 12 iyul 2024-cü ildə saat təxminən 18:30 radələrində Lerik rayonunda olduğu zaman qardaşı Qurbanəlinin Masallı rayonunda yol qəzasına düşdüyünü eşitmiş, nə baş verdiyini öyrənmək üçün Masallı RMX-na getdikdə qardaşı Zərərçəkmiş şəxs vəziyyətinin ağır olduğunu bilmişdir. Həmin gün saat 23 radələrində qardaşı Zərərçəkmiş şəxs Masallı RMX-da vəfat etmiş, sonradan hadisə barədə maraqlandıqda, Rəzail adlı şəxsin idarə etdiyi “Mercedes Benz” minik markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomaşınla idarəetməni itirərək yolun kənarında dayanmış qardaşını vurduğunu bilmişdir. Qardaşı hadisənin baş verdiyi gün xəstəxanada dünyasını dəyişmişdir. O, həmçinin göstərmişdir ki, Təqsirləndirilən şəxs qardaşı mərhum Zərərçəkmiş şəxs vəfatından sonra, yəni xx.xx.2024-cü il tarixdən hazırki vaxta kimi mərhum qardaşının ailəsinə, eləcə də mərhumun hüquqi varisi olaraq ona baş çəkməmiş, hüzr mərasimində iştirak etməmiş, heç bir maddi yardım göstərməmişdir. Hazırda mərhum Zərərçəkmiş şəxs üç azyaşlı uşağı və heç bir yerdə işləməyən həyat yoldaşı hazırda onun himayəsindədir. Özü isə heç bir yerdə işləmədiyindən ailəsi ciddi maddi və mənəvi sarsıntı içində yaşayır. Mərhum qardaşının elin adətinə uyğun olaraq dəfn və yas mərasimi, baş daşı xərcləri də daxil olmaqla 13165 manat pul vəsaiti xərclənmiş, eyni zamanda sağlığında yaranmış kredit öhdəliyi üzrə öldükdən sonra borclar ödənilmədiyindən borc üzrə faizlər hesablanmış, ümumilikdə maddi ziyana görə 28529 manat, mənəvi ziyana görə 15000 manat, ümumilikdə 43529 manat məbləğində pulun Təqsirləndirilən şəxs alınaraq ona verilməsi barədə hökm çıxarılmasını xahiş etsə də, məhkəmə istintaqının gedişində məhkəməyə ərizə təqdim edərək vurulmuş maddi ziyanın tam şəkildə ödənildiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirib məhkəməyə təqdim etdiyi mülki iddia üzrə icraata xitam verilməsini və təqsirləndirilən şəxsə daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, BDYPİ-nin YPXA-nın 11-ci tağımında inspektor vəzifəsində işləyir. 12 iyul 2024-cü ildə saat təxminən 18 radələrində YPXA-nın 11-ci taqımda xidmətdə olmuş başqa bir sənədin icrası ilə stasionar posta gəlmişdir. Bu zaman postdan bir qədər aralıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisənin baş verdiyini eşitmiş, çölə çıxdıqdan postdan təxminən 150 metr aralıda Bakı istiqamətində maşınların və adamların toplaşdığını, yol nəqliyyat hadisəsinin baş verdiyini görmüşdür. Bu səbəbdən dərhal xidməti avtomaşınına əyləşib hadisə yerinə getmişdir. Hadisə yerinə gəldikdə, sonradan adını bildiyi Rəzail adlı şəxsin idarə etdiyi “Mercedes Benz” minik markalı avtomaşının dayanmış vəziyyətdə olan piyada Zərərçəkmiş şəxs avtomaşınla vurduğu barədə ona məlumat verilmişdir. Təqsirləndirilən şəxs həmin vaxt şok vəziyyətində olmuş, mərhum Zərərçəkmiş şəxs isə yolun hərəkət hissəsində uzanmış vəziyyətdə qalmışdır. Hadisə yerində həmin vaxt 5-6 nəfər yol keçən kənar şəxs də olmuşdur. Orada nə baş verdiyini dəqiq bilməmişdir. Ondan sonra YPX-nin əməkdaşı Pərviz Səfərov hadisə yerinə gəlmişdir. Digər YPX-nin əməkdaşı Şahid2 isə ondan qabaq hadisə yerində olmuşdur. Zərərçəkmiş şəxs dərhal yolun hərəkət hissəsindən götürüb qucağına almış, Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz” markalı avtomaşına qoymuş, Təqsirləndirilən şəxs isə maşını sürmüş, xəstəxanaya getmişdilər. Zərərçəkmiş şəxs yolda gözü açıq vəziyyətdə olsa da, lakin danışmamış, heç bir hərəkət etməmiş, huşsuz vəziyyətdə olmuşdur. Zərərçəkmiş şəxs xəstəxanaya çatırsalar da, bir müddət sonra o, xəstəxanada vəfat etmişdir. Mərhumu xəstəxanaya apararkən yolda Təqsirləndirilən şəxs hadisənin necə baş verdiyini soruşduqda, o, “Qazel” markalı avtomaşının yolun sağ kənarında dayandığını və gözünə həmin anda gün işığı düşdüyündən piyada Zərərçəkmiş şəxs görməyərək vurduğunu bildirmişdir. Xəstəxanadan qayıtdıqdan sonra hadisə yerinə baxış keçirilməsində iştirak etmişdir. Şahid2 hadisə barədə soruşarkən sonuncu bildirmişdir ki, “Qazel” markalı avtomaşın stasionar postdan üzü Ələt istiqamətində keçdikdən sonra təxminən postdan 150 metr məsafədə yolun sağ ehtiyat hissəsində dayanmış, posta yaxın ərazidə nəqliyyat vasitəsinin yolun ehtiyat hissəsində saxlanılması qadağan olunduğundan dayanmasının səbəbini aydınlaşdırmaq üçün xidməti avtomaşını irəli sürüb “Qazel” markalı avtomaşının yanına getmiş və avtomobili Qazel markalı avtomobilin arxasında yolun ehtiyat hissəsində saxlamışdır. O, avtomobildən düşməmiş, sürücü maşından düşərək ona yaxınlaşmış, o, sürücüdən hansı səbəbdən avtomobili saxlamasının səbəbini soruşduqda, sürücü telefonla danışması səbəbindən maşını saxladığını, sürüb gedəcəyini bildirmiş, həmin anda isə Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz” minik markalı avtomaşın yolun sağ ehtiyat hissəsinə istiqamətlənərək sürücünü vurmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, BDYPİ-nin YPXA-nın 11-ci tağımında inspektor vəzifəsində işləyir. 12 iyul 2024-cü ildə saat təxminən 18 radələrində YPXA-nın 11-ci tağımında 726 saylı Satasionar postda xidmətdə olmaqla ona təhkim olunmuş Yol Patrul Xidməti Alayına məxsus “KİA” maralı **- YP-*** dövlət qeydiyyat nişanlı xidməti avtomobildə əyləşmişdir. Bu zaman postdan Ələt İstiqamətində keçərək təxminən 150-200 metr aralı məsafədə “Qaz 33021” yük markalı ** CE *** dövlət qeydiyyat nişanlı avtomobilin yolun sağ ehtiyat hissəsində saxladığını görmüş, həmin vaxt sürücü avtomaşından aşağı düşərək maşının yan tərəfinə keçmişdir. O da sürücüdən avtomobili saxlamasının səbəbini soruşmaq üçün xidməti avtomaşını həmin “Qaz 33021” yük markalı ** CE *** dövlət qeydiyyat nişanlı avtomaşının yaxınlığına sürüb arxa hissəsində saxlamışdır. Bu vaxt sürücü onun maşını saxladığını görüb özü ona yaxınlaşmışdır. Sürücü Zərərçəkmiş şəxs nə üçün dayandığını soruşmuş, o, isə ona avtomaşının yüksüz vəziyyətdə olduğunu, sadəcə maşında texniki problemin olubolmamasını yoxlamaq üçün avtomobili saxladığını bildirmişdir. Sürücü Zərərçəkmiş şəxs onunla sağollaşdıqdan sonra üzünü “Qaz 33021” yük markalı ** CE *** dövlət qeydiyyat nişanlı avtomaşına tərəf tutub hərəkətə başlamaq istəyərkən, həmin anda arxadan gələn, Ələt istiqamətində hərəkətdə olan Təqsirləndirilən şəxs adlı şəxsin idarə etdiyi “Mercedes Benz” minik markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomaşının qabaq sağ hissəsi piyadaya çırpılmış, vurulduqdan sonra zərbənin təsirindən Zərərçəkmiş şəxs əvvəlcə “Qaz 33021” markalı avtomaşının taxta materialdan olan bort hissəsinə çırpılmış, sonra isə qarşı tərəfdə yolun sol hərəkət hissəsinə asfaltın üzərinə düşüb qalmışdır. Zərərçəkmiş şəxs yolun asfalt örtüyü hissəsində sarı xəttin demək olar ki, üzərində olan yerdə vurulmuşdur. Hadisə yerində “Mercedes Benz” minik markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü Təqsirləndirilən şəxs sükan arxasında oturmuş vəziyyətdə olmuş, hadisənin təsirindən şok vəziyyətində olmuşdur. Hadisədən dərhal sonra tək olduğundan hava zəngi ilə kömək çağırmış, daha sonra hadisə yerinə bir neçə YPX əməkdaşı xidməti avtomaşınla yaxınlaşmışlar. Hadisə yerində sürücü Təqsirləndirilən şəxs hansı səbəbdən piyadanı vurduğunun səbəbini soruşduqda, o, həmin vaxt gözünə gün işığı düşdüyündən günəşliyi düzəltmək istəyərkən fikri yoldan yayınmış, nəticədə avtomobilin hərəkəti nisbətən yolun sağ ehtiyat hissəsinə doğru istiqamətlənmiş, günlüyü düzəltdikdən sonra isə avtomobilin yolun sağ ehtiyat hissəsində dayanmış piyadanın üzərinə getdiyini görmüş, cəld şəkildə sükanı sola döndərsə də, avtomobilin gövdəsinin ön sağ hissəsi piyadaya dəymişdir. Biraz sonra hadisə yerinə gəlmiş YPX əməkdaşı Şahid1 Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsin “Mercedes Benz” minik markalı avtomaşınına qoymuş, sürücü Təqsirləndirilən şəxsla birlikdə yaralını xəstəxanaya aparmışlar. Ona təhkim olunmuş xidməti avtomobildə videoregistrator olsa da, lakin texniki səbəblərdən təxminən bir ayda yaxın müddət ərzində işlək vəziyyətdə olmamışdır. Bundan başqa 726 saylı stasionar posta verilən elektrik enerjisi Masallı rayonu, Sərçuvar kəndi ərazisinə verilən elektrik enerjisi ilə paralel verildiyindən, elektrik enerjisinin verilməsində tez-tez fasilələr yaranmış, ona görə də postda videokameralarının işləməməsinə səbəb olmuşdur. Bu səbəbdən hadisədən sonra stasionar postun kameralarına baxış keçirilsə də, lakin həmin vaxt video görüntülər mövcud olmamışdır. Təlimata əsasən əgər sürücü qayda pozursa, YPX tərəfindən saxlanılırsa, onda YPX əməkdaşı özü sürücüyə yaxınlaşıb özünü təqdim edərək, qayda pozuntusunu izah etməlidir. Lakin, “Qaz 33021” markalı avtomaşını idarə edən sürücü Zərərçəkmiş şəxs heç bir qayda pozuntusu törətmədiyi üçün, tərəfindən ona saxlama əmri verilməmişdir. Sadəcə vəzifə borcu olaraq postun yaxınlığında icazəsi olmayan yerdə yol kənarında avtobanda saxlanılan nəqliyyat vasitəsini oradan kənarlaşdırmalı olduğundan ona yaxınlaşmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 Müqabil oğlu ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası DİN-nin BİTİ-nin Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat şöbəsinin baş təhqiqatçısı vəzifəsində işləyir.xx.xx.2024-cü il tarixdə xidmətdə olduğu vaxt YPXA-na məxsus 726 saylı satsionar posta yaxın ərazidə piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hasisəsinin baş verməsi barədə məlumat daxil olmuşdur. Həmin məlumat əsasında hadisə yerinə getmiş, məlum olmuşdur ki, Astara rayon sakini Təqsirləndirilən şəxs 12 iyul 2024-cü il tarixdə idarə etdiyi “Mercedes Benz” minik markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomobillə, yeni Ələt-Astara–İran sərhədi yolunun Masallı rayon ərazisindən keçən 142,5-ci km\də Ələt qəsəbəsi istiqamətdə sağ zolaqla hərəkətdə olarkən eyni istiqamətdə yolun sağ ehtiyat hissəsində dayanmış vəziyyətdə olan “Qaz 33021” yük markalı ** CE *** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan hissəsində olan piyada Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan avtomobilin qabaq sağ hissəsi ilə vurmuş, nəticədə Zərərçəkmiş şəxs aldığı xəsarətlərdən xəstəxanda ölmüşdür. Hadisə yerinin müayinəsində sürücü Təqsirləndirilən şəxs, YPX-nin inspektoru və hal şahidləri iştirak etmişdir. Hadisə yerinə baxış keçirilərkən sürücü Təqsirləndirilən şəxs hadisənin baş vermə şəraitini izah edərək hadisənin baş verdiyi yeri və piyadının vurulma yerini şəxsən göstərmiş, bu barədə fotoşəkillər çəkilmiş, sürücünün ilkin göstərdiklərinə əsasən hadisə yerinə baxış protokolu tərtib edilmiş, müvafiq ölçmə işləri aparılmış və hadisə yerinin sxemi tərtib edilmişdir. Hansı ki, həmin sübutlar cinayət işinin mataeriallarına əlavə edilmişdir. Baxış keçirilməsində iştirak edən hal şahidləri və sürücü Təqsirləndirilən şəxs tərtib edilmiş protokolu imzalamışdır. Hadisə yerində sürücü Təqsirləndirilən şəxs qəzanın necə baş verməsi barədə soruşduqda o, bildirmişdir ki, Ələt istiqamətində hərəkətdə olduğu zaman gözünə gün işığı düşdüyündən, avtomaşının günlüyünü sola çevirən anda diqqəti yayınmış, avtomobilin hərəkəti yolun sağ ehtiyat hissəsinə doğru istiqamətlənmiş, yola baxdıqda isə avtomobilin yan tərəfdə dayanan piyadanın üzərinə getdiyini görüb, cəld sükanı sola dönərsə də, avtomobilin ön sağ hissəsi piyadaya dəyməklə qəza baş vermişdir. Hadisə zamanı orada YPX xidməti avtomobilinin olub-olmasını dəqiq xatırlamır. Çünki orada qarışıqlıq olmuş, mərhum Zərərçəkmiş şəxs xəstəxanada vəfat etmiş, meyitin müayinəsi zamanı orada iştirak etmiş, mərhumun qohumları xəstəxanada olduğundan hər hansı söz-söhbətin olmaması səbəbindən dərhal Təqsirləndirilən şəxs hadisə yerinə çıxarılmasını təmin etmiş, hadisə yerinə baxış keçirilmişdir. Hesab edir ki, ilkin təhqiqat araşdırması tam qanuni şəkildə aparılmış, sonda materiallar istintaqa təqdim edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmaqla icraata qəbul edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş yolnəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 12 iyul 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yerinə baxış keçirilən zaman müəyyən edilmişdir ki, hadisə Ələt-Astara avtomobil yolunun Masallı rayonu, Sərçuvar kəndi ərazisindən keçən 142,5 km-də baş vermişdir. Yolun hərəkət hissəsi düz, asfalt örtüklü və qurudur. Yol örtüyünün eni 7,2 metr, hərəkət zolağının sayı iki, hərəkət hissəsinin eni 3,6 metrdir. Hərəkət bir istiqamətlidir, Ələt qəsəbəsi, istiqamətində olmaqla qırıq-qırıq xətlə iki hərəkət zolağına bölünür. Hərəkət hissəyə sağdan 2,1 metr enində ehtiyat hissə, soldan beton təhlükəsizlik səddi, sonra sağdan mühafizə zolağı və açıq ərazi birləşir, soldan Astara rayonu istiqamətində hərəkət zolaqları, maksimal sürət həddi 60 km/saatdır. Yol işıqlandırılmışdır. Sürücünün yerindən gün işığında görünüş məsafəsi 250-300 metrdir. Sürücünün hərəkət etdiyi zolaqda kabinadan sahənin gözlə qavramaq qabiliyyəti 20-25 metr, sola tərəf 20-25 metrdir. Toqquşan nəqliyat vasitəsinin sayı 1 dir. “Mercedes Benz” minik markalı ** BD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin hadisədən əvvəlki hərəkət istiqaməti Ələt qəsəbəsi istiqamətində hərəkətdə olmuşdur. Vurulan piyadının sayı 1-dir. Piyadanın vurulma yeri Ələt qəsəbəsi istiqamətində hərəkət hissəsinin sağ kənarından mərkəzə doğru 0,3 metr məsafədə yerləşir. Piyada hadisədən əvvəl dayanmış vəziyyətdə olmuşdur. “Mercedes Benz” minik markalı avtomobilin qabaq sağ hissəsi əzilmiş vəziyyətdə dayanmışdır. Şinlərin və tormozun izləri yoxdur. Piyadanın vurulduğu yerdə, həmçinin piyadanın zərbədən sonra düşdüyü yerdə qana bənzər ləkələr və avtomobil hissələrinin qırıntıları səpələnmişdir. Mercedes Benz” minik markalı avtomobilin “Qaz 33021” yük markalı avtomobillə, həmçinin hər hansı digər nəqliyyat vasitəsi ilə aralarında hər hansı toqquşma baş verməmişdir. Baxış protokoluna hadisə yerinin sxemi tərtib edilməklə əlavə edilmiş, sürücü Təqsirləndirilən şəxs hadisə baş verdiyi yeri və piyadanın vurulduğu yeri təqdim edərək hadisə yerində fotoşəkillər çəkilmiş və baxış protokoluna əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli 196 saylı tibbi müayinə aktından görünür ki, “Mercedes Benz” minik markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs alkotester müayinəsindən keçirilmiş, sürücüdə sərxoşluq müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Masallı rayon Azərbaycan Respublikası Səhiyyə Nazilriyi “MTE və PA” X9 Şəxsin Masallı Rayon şöbəsinin 13 iyul 2024-cü il tarixli 24 nömrəli tibbi rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs meytində aşkar edilmiş xəsarətlər- “döş qəfəsinin və qarnın qapalı küt travması, burun sümüyünün sınığı, sağ said sümüklərinin açıq sınığı, sağ İİİ, İV, V və Vİ qabırğaların və sağ kürək sümüyünün sınığı, sağ said sümüklərinin açıq sınığı, simfizin qopması, omba və büzdüm sümüyünün sınığı, alnın tüklü və tüksüz hissəsinin, sağ saidin, sağ bazunun, sol budun, sol baldırın və aralıq nahiyyəsinin əzilmiş yarası, başın, bədənin və ətrafların müxtəlif nahiyyələrinin sıyrıqları, qasıq və sol bud-çanaq oynağı nahiyyəsinin geniş qançırı” diaqnozlu xəsarətlər bərk küt əşyanın(əşyaların) güclü təsirindən onun ölümündən bir qədər əvvəl törənmişdir, qərarda qeyd edilən vaxtda yəni, 12 iyul 2024-cü ildə baş vermiş yol nəqliyyat hadisəsi zamanı hərəkətdə olan avtomobilin qabarıq hissələrinin təsirindən və zərbənin təsirindən tullanılaraq yer örtüyünə çırpılması nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb çoxsaylı sınıqlar nəticəsində inkişaf etmiş ağır travmatik şok olmuşdur. Ölüm 12 iyul 2024-cü il tarixdə saat 23:00-da xəstəxanada baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanın məhkəmə-kimyəvi tədqiqatı zamanı qanda alkoqol və hər hansı bir uyuşdurucu maddə aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş iş üzrə təyin edilərək keçirilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 19 avqust 2024-cü il tarixli 8\2025 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Mercedes Benz” minik markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə, hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Qaz 33021” markalı, ** CE *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş maddi sübutun tanınması və təhvil verilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, “Mercedes Benz” minik markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomobil və “Qaz 33021” markalı, ** CE *** dövlət qeydiyyat nişanlı avtomobil iş üzrə madi sübut kimi tanınmaqla sahiblərinə geri qaytarılması qərara alınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. - xx.xx.2022-ci il tarixli, BC seriyalı, 360789 saylı sürücülük vəsiqəsinə əsasən Təqsirləndirilən şəxs “BC” kateqoriyası üzrə nəqliyyat vasitəsini idarə etmək hüququna malikdir. -BD 347728 saylı, xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mercedes-Benz” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Təqsirləndirilən şəxsdur. Zərərçəkmiş şəxsin hüquqi varisi X1 Masallı Rayon Məhkəməsinə təqdim etdiyi 10 mart 2025-ci il tarixli ərizəsindən görünür ki, Arzuman Nəzərov həmin ərizədə X4 heç bir şikayət və ya tələbinin olmadığını, təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş maddi ziyan tam şəkildə ödənildiyini qeyd etməklə mülki iddia üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cinayət işinə əlavə edilmiş Astara rayon İcra Hakimiyyəti Başçısının Suparibağ Kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 206 nömrəli arayışdan görünür ki, Orucov X7 şəhəri, Nail Orucov küçəsi ev 146-da yaşayır, anası X5 onun himayəsində yaşayır. Cinayət işinə əlavə edilmiş 003111 saylı vəsiqənin surətindən görünür ki, X3 Azərbaycan Respublikası ƏƏSMN tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən xx.xx.2021-ci il tarixdə şəhid ailəsi üzvünün vəsiqəsi verilmişdir. Azərbaycan Respublikası “TƏBİB” X10 “Astara Rayon Mərkəzi Xəstəxanası” X12 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Orucov X7 Rayon Mərkəzi Xəstəxanası” X12 Poliklinika şöbəsinin endokrinoloji kabinetində şəkərli diabet diqanozu ilə qeydiyyatda durur. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı ifadəsinin başlanğıcında “törədilmiş əmələ münasibəti” öyrənilərkən “təqsirli bilmirəm” sözlərini qeyd etsə də, verdiyi sərbəst ifadəsində, eyni zamanda məhkəmə iclasında həmin ifadəsini təsdiq edərək uyğun məzmunlu ifadə verərək hadisənin ona qarşı irəli sürülmüş ittihamda göstərildiyi şəraitdə baş verdiyini qeyd edərək özünü təqsirli bilmiş və səmimi peşman olduğunu göstərmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən zərərçəkmiş şəxsin hüquqi varisininin, şahidlərin ifadələri, təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi ilə yanaşı, məhkəmə tibb, məhkəmə yol-nəqliyyat ekspertizasının rəyləri, hadisə yerinə baxış keçirilməsi barədə protokol, eləcə də işin faktiki halları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda cinayət məsuliyyətini müəyyən edir. “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istimarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli Qərarında göstərilir ki, “Yol hərəkəti haqqında” Qanunun 1-ci maddəsinin 18-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin predmeti olan nəqliyyat vasitələri dedikdə mexaniki nəqliyyat vasitələri, yəni asma mühərrikli velosipedlər və tramvaylardan başqa relsli nəqliyyat vasitələri istisna olmaqla hər hansı özügedən nəqliyyat vasitələri başa düşülür. Bunlara avtomobillər, tramvaylar, trolleybuslar, operativ nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular, uzun ölçülü nəqliyyat vasitələri, özügedən maşınlar, təkərli traktorlar və motosikletlər aiddir (3-cü bənd); Cinayət Məcəlləsinin 263-cü, 263-1-ci və 351-ci maddələri blanket normalardır və həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin obyektini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələrində, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarını, habelə döyüş, xüsusi və ya hərbi nəqliyyat maşınlarının idarə edilməsini və istismarını tənzimləyən qaydalar təşkil edir. Buna görə həmin cinayətləri törətmiş şəxslər haqqında çıxarılan ittiham hökmlərində mütləq qaydada “Yol hərəkəti haqqında” Qanunun və digər normativ hüquqi aktların tələblərinə istinad edilməklə belə şəxslərin qanunvericiliyin məhz hansı tələblərini pozması göstərilməlidir (11-ci bənd); bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin “Yol hərəkəti haqqında” Qanunun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir (12-ci bənd); avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması yalnız o zaman cinayət məsuliyyətinə səbəb olur ki, bu, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümü və ya onun sağlamlığına ağır, yaxud da az ağır zərər vurulması ilə nəticələnmiş olsun (13-cü bənd); yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə əlaqədar baş vermiş hadisələr zamanı sürücülər tərəfindən “Yol hərəkəti haqqında” Qanunun tələblərinin pozulub-pozulmaması, bu hadisələrin qarşısını almağa onların texniki cəhətdən imkanlarının olub-olmaması əsas etibarı ilə məhkəmə-yol-nəqliyyat ekspertizasının, zərər çəkmiş şəxsin sağlamlığına məhz yol-nəqliyyat hadisəsi nəticəsində zərərin vurulması və bu zərərin ağırlıq dərəcəsi isə məhkəmə-tibbi ekspertizasının rəyləri əsasında müəyyən edilir (19-cu bənd); törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıbsayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilibedilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır (21-ci bənd). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli Qərarında göstərilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (Cinayət Məcəlləsinin 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici Cinayət Məcəlləsinin 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin əməlin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Onun əməli CM-nin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən də təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci, 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli Qərarlarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə, dəymiş ziyanı ödəməsi CM-in 59.1.13-cü maddəsinə, zərərçəkmiş şəxsin hüquqi varisinin ondan heç bir tələb və şikayətinin olmamasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda- üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə cinayət qanunu normalarının tələblərinə və yuxarıda qeyd edilən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin Plenumunun qərarlarındakı tövsiyələrinə əsaslanaraq hesab edir ki, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə görə Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini müəyyən müddətə idarə etmə hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzaları təyin edilməli, bu zaman onun şəxsiyyəti, (müsbət xarakterizə edilməsini, şəhid qardaşı olması, hazırda şəhid anasının onun himayəsində yaşamasını) ailəsinin həyat şəraiti, cəzasını yüngülləşdirən hallar və təyin olunacaq cəzanın onun islah olunmasına təsiri nəzərə alınmaqla Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə müvafiq olaraq o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə görə cəzaçəkmə müəssisəsindən keçirilmiş məhkumlar istisna olmaqla cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, hazırkı cinayət işi maddi sübut-“Mercedes Benz” minik markalı ** BD *** dövlət qeydiyyat nişanlı və “Qaz 33021” markalı, ** CE *** dövlət qeydiyyat nişanlı avtomobillərin sahiblərinə geri qaytarılması nəzərə alınmalıdır. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələbinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.21ci maddəsinin tələbinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə baxaraq bu nəticəyə gəlir ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 128 (bir yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə iş üzrə verilmiş mülki iddiaya qiymət verərək göstərir ki, zərərçəkmiş şəxsin hüquq varisi məhkəmə istintaqı zamanı ərizə təqdim edərək, təqsirləndirilən şəxslə barışdığını, ona vurulmuş ziyanın tam şəkildə ödənildiyini, məhkəmədə cinayət işi ilə birlikdə baxılan mülki iddiadan imtina etdiyini, bu səbəbdən də mülki iddia üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Odur ki, məhkəmə qeyd edilən madədnin tələbinə əsasən zərərçəkmiş şəxsin hüquqi varisi X1 mülki iddiadan imtinası barədə ərizəsini nəzərə alaraq, hesab edir ki, cinayət işi ilə birlikdə baxılan mülki iddia üzrə icraata xitam verilməlidir. İş üzrə xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Reaspublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. İş üzrə verilmiş mülki iddia üzrə icraata xitam verilsin. İş üzrə -“Mercedes Benz” minik markalı ** BD *** dövlət qeydiyyat nişanlı və “Qaz 33021” markalı, ** CE *** dövlət qeydiyyat nişanlı avtomobillərin sahiblərinə geri qaytarılması nəzərə alınsın. Hökmün icrası Astara rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökmdən elan edildiyi vaxtdan Şirvan Apellyasiya Məhkəməsinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar