Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-51/2023 06.03.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Heydərov Rəşad Allahyar oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbənin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi Masallı rayon vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə. 28 avqust 1980-ci ildə Masallı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Şərəfə kəndində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1.-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan metadonu qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, qanunsuz olaraq narkotik vasitələri qəbul etməkdə və üzərində gəzdirməkdə şübhəli olduğundan Masallı RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2023-cü il tarixdə saat 15 radələrində Masallı şəhəri Heydər Əliyev prospektində saxlanılaraq RPŞyə gətirilib orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli cins şalvarın sol yan cibindən salfet bükümdə bir həbin yarısı 0,5 həb formasında təsiredici maddəsinin ümumi miqdarı 0,02 qram təşkil edən narkotik vasitə olan metadon həbi aşkar edilib götürülmüşdür. Bu əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsində nəzərdə tutulan ittiham verilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, 10 yanvar 2023-cü ildə əvvəl Bakı şəhəri, Yasamal rayonu ərazisində şəxsi işləri ilə əlaqədar olarkən əvvəllər tanımadığı şəxsdən öz istifadəsi üçün 15 manat pul müqabilində 01 ədəd narkotik vasitə olan metadon həbi almışdır. Həmin həmin yarısını istifadə etmiş, digər yarısını isə sonralar istifadə etmək məqsədi ilə üzərində saxlamışdır. 15 yanvar 2023-cü il tarixində Bakı şəhərindən Masallı rayonuna gəlmişdir. 16 yanvar 2023-cü il tarixində həmin narkotik vasitəni istifadə etmək üçün yaşadığı evdən çıxaraq Masallı şəhəri ərazisində münasib yer axtarmağa başlamışdır. Masallı şəhəri, H.Əliyev prospektində tək gəzişərkən tanımadığı 2 nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirərək saxlanılmasının səbəbini izah edərək onu Masallı RPŞ-yə gətirmişlər. Masallı RPŞ-də dəvət edilmiş müdafiəçinin iştirakı ilə və videokameranın müşahidəsi altında üzərinə baxış keçirilmişdir. Baxış zamanı könüllü olaraq əynində olan qara rəngli cins şalvarın sol yan cibindən salfet bükümdə metadon həbi təqdim etmişdir. Şifahi sorğu zamanı həmin narkotik vasitəni Bakı şəhərində, Yasamal rayonunda tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Hazırda əməlindən səmimi peşmandır, tutulduqdan sonra narkotik vasitə qəbul etmir, söz verir ki, bir daha narkotik vasitə qəbul etməyəcəkdir. Məhkəmədən ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, 16 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs adında şəxsin narkotik vasitələrin vasitələrin qanunsuz qəbulunda, üzərində gəzdirməsində və istifadəsində şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat əsasında Şahid1 rəhbərliyi altında əməliyyat qrupu yaradılmışdır. Elə həmin gün Təqsirləndirilən şəxs tərəflərindən saxlanılmışdır. Həmin vaxtı orada Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmaq üçün əlverişli şərait olmadığına görə onu Masallı RPŞ-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlarla razılaşmış və Masallı RPŞ-nin inzibati binasında təhqiqatçı Abbasağa Paşayevin xidməti otağına gətirilmişdir. Orada şübhəli şəxs kimi tutulmuşdur, hüquq və vəzifələri ona izah olunmuş, dövlət hesabına öz istəyi əsasında Masallı rayon Vəkil Bürosunun vəkili Müdafiəçisi qismində təyin edilmişdir. Daha sonra videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa, könüllü olaraq təqdim etməsi təhqiqatçı tərəfindən təklif olunmuşdur. Həmin vaxtı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyini görüb əynində olan qara rəngli cins şalvarın sol yan cibindən salfet bükümdə bükümü iştirakçılara təqdim etmişdir. Təhqiqatçı tərəfindən həmin büküm açıldıqda bükümdə narkotik vasitə metodon həbinə bənzər kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə olan metodon həbini şəxsi istifadəsi məqsədilə təxminən 5 gün bundan əvvəl Bakı şəhərində tanımadığı şəxsdən Bakı şəhəri Yasamal rayonundan aldığını bildirmişdir. Məhkəmə istintaqında iştirak etmədiyi üçün ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid1 ifadəsindən görünür ki, o, Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə fiziki-kimyəvi ekspertizasının 17 yanvar 2023-cü il tarixli 19/60 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə metodina bənzər maddə....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 0,5 ədəd (bir həbin yarısı) qəhvəyi rəngli dairəvi formalı həb metodon dərmanıdır və həbin təsiredici maddəsinin ümumi miqdarı 0,02 qramdır. Metodon 0,05 ədəd, tədqiqata sərf edildi 0,25 ədəd, (bir həbin dörddə bir hissəsi) qalıq-0,25 ədəd. Məhkəmə-narkoloji ekspertizasının 18 yanvar 2023-cü il tarixli 54 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs stimulyatorların qəbulundən yaranan asılılıq sindromu (taksikomaniya xəstəliyi) aşkar olunur. Lakin ƏƏSMN-nin yanında DSMF-nin təqdim etdiyi 156-50033-1122 saylı raportuna əsasən İİ qrup əlil olması səbəbindən məcburi müalicəyə əks göstəriş vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, qalıq 0,25 ədəd metodon həbi və şəxsi axtarış barədə 1 ədəd CD diski maddi sübut kimi tanınmışdır. Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilməsi barədə video çəkilişin aparılmasına dair 1 ədəd CD-yə “HP” markalı komputer vasitəsi ilə baxış keçirilərək, müdafiəçinin iştirakı ilə keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sol yan cibindən 01 ədəd bükümü təqdim etməsi və metodon həbi olmasını, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirməsi müəyyən olunur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.3.-cü maddəsində göstərilir ki, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən təqsirləndirilən şəxsin etirafı, şahidlərin ifadələri, təqsirləndirilən şəxsin üzərindən narkotik vasitənin aşkar edilməsi barədə video çəkiliş aparılması barədə CD, ekspretiza rəyi, eləcə də işin faktiki halları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1.-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsiri tam sübuta yetirilmişdir. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikasının CPM-nin 144-146-cı maddələrində nəzərdə tutulmuş qaydada hüquqi qiymət verərək, eləcə də həmin Məcəllənin 346 və 349-cı maddələrinin tələblərinə riayət edərək hesab edir ki, baş vermiş cinayət hadisəsini Təqsirləndirilən şəxs törətməsi, onun təqsirliliyi məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlarla əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayətdir, məhkəmənin müəyyən etdiyi hallar təddqiq olunmuş sübutlara uyğun gəlir, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 234.1-ci maddəsi əsasında təqsirləndirilən şəxsə ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur, əməlin cinayət olmasını aradan qaldıran, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi əsasları yoxdur, odur ki, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Şübhəli şəxsin tutulması haqqında protokoldan və tutulmuş şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi və barəsində polisin nəzarəti altına vermə barədə qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 16 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 18 yanvar 2023-cü il tarixdə azad edilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1.-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3.-cü maddəsinə əsasən törədilmiş cinayətin xatakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdiran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Cinayət Məcəlləsinin 59.2.-ci maddəsini əsas götürərək Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə səmimi peşman olmasını, ilk dəfə cinayət əməli törətməsini və yaşadığı yer üzrə müsbət xarakterizə edilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə təyin ediləcək cəzanın növü və həddi məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs şəxsiyyəti, yaşı, ailə və sosial vəziyyəti, təyin olunacaq cəzanın onun ailə şəraitinə təsiri, əməlinin yüngülləşdirici halları, cinayəti törətmə üsulu və əməlin ictimai təhlükəliliyi, bu növ əmələ görə əvvəllər inzibati və ya cinayət məzuliyyətinə cəlb olunmaması ona əsas verir ki, onun cəmiyyətdən təcrid olunmasına zərurət yoxdur, ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin etməklə də o, islah oluna bilər. Bu səbəblə də azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin olunması ədalətli və qanuni hesab edilməklə cəzanın məqsədlərinə və sosial ədalətin bərpasına nail oluna bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2.1.- 52-1.2.4.-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3.-cü maddəsində qeyd edilmişdir ki, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlama müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablı ilə hesablanır. Qanunun tələbinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmasına görə hesablanmış 02 gün ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasına daxil edilməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.16-cı maddəsinə əsasən təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin və məhz hansı tədbirlərin tətbiq edilməsinin mümkün olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Rayonlararası X1 X3 Yoxlamanın nəticələrinə dair 18 yanvar 2023-cü il tarixli 54 saylı rəyində Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicəyə əks göstərişin olması qeyd edilmiş, lakin ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülmüşdür. “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 fevral 2006-cı il qərarının 3.2-ci bəndində əlilliyi olan narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə tətbiq edilmədiyi qeyd edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs İİ dərəcə əlil olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, onun barəsində məcburi müalicə təyin edilməməli, lakin o, ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələblərinə əsasən qətimkan tədbiri məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1.-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi subut olan-Masallı RPŞ-də saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,25 ədəd metodon həbi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, videogörüntü olan disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının CM-nin 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 16 yanvar 2023-cü il tarixdən 18 yanvar 2023-cü il tarixədək şübhəli şəxs kimi saxlanıldığı müddətə görə 02 günün bir günü azadlığın məhdudlaşdırılması cəzası müddətinə iki gün hesablanmaqla 04 gün Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasına daxil edilsin və onun üzərində 01 (bir) il, 05 (beş) ay, 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli yaşayış yeri üzrə cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilməsin. Masallı rayon polis şöbəsində saxlanılan, tədqiqata sərf edildikdən sonrakı 0,25 ədəd (1 həbin ¼ hissəsi) metodon həbi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, videogörüntü olan 1 (bir) ədəd disk cinayət işi materiallarında saxlanılsın. Məhkəmə kimyəvi ekspertiza xərci 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin **********, X2 KOD 210005, VÖEN **********1, Müxbir hesab AZ 41 NABZ********************, SWİFT BİK CTREAZ 22, VÖEN **********, AZ3434CTRE******************** hesabına köçürülsün. Hökmün icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökm elan olunduqdan sonra 20 gün müddətinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №1(050)-51/2023
Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-51/2023
06.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver