Məhkəmə qərarları › İş №1(050)-51/2024

Masallı Rayon Məhkəməsi Qərar — İş №1(050)-51/2024

11.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 1(050)-51/2024 11.03.2024 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi, şikayət vermiş şəxs X1 iştirakı ilə, X7 və X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, cinayət məsuliyyətinə cəlb olunmasına dair X1 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, müəyyən etdi: X4 məhkəməyə xüsusi ittham qaydasında şikayətlə müraciət edərək X7 və X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilmələrini, onlardan müştərək qaydada vurulmuş mənəzi ziyana görə 10000 manat və dövlət rüsumu qismində ödənəlimiş 120 manat pulun alınaraq ona ödənilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X7 və Quliyeva (Hüseynova) Elmayə Zakir qızı xalası uşaqlarıdırlar. Keçmiş həyat yoldaşı X8 xx.xx.2024-cü ildə Rusiya Federasiyasında vəfat etmiş, onun nəşi dəfn edilməsi üçün doğulduğu və valideynlərinin də yaşadığı Masallı rayonu, Birinci Yeddioymaq kəndinə aparılmışdır. Onların birgə nikahdan 2 övladı vardır. O da, uşaqları ilə kəndə getmiş və xx.xx.2024-cü ildə dəfn mərasimində iştirak etmişdir. Evdə şəraitsizlik və çoxlu sayda qohumlar olduğu üçün qaynatası Almaz kişi qohumu Vüqara zəng vuraraq bildirmişdir ki, bu mərasimlər ərəfəsində onların evində qalsınlar. Vüqar etiraz etməmişdir. Vüqar həm də xalasıqızı Elmayənin həyat yoldaşıdır. O, uşaqları və anası Qızqayıtla xx.xx.2024-cü ildən xx.xx.2024-cti il tarixədək onların evində qalmışdılar. xx.xx.2024-cü ildə isə o, 7 mərasimində iştirak etmək məqsədi ilə rayona getmiş və qayıtmışdır. xx.xx.2024-cü il tarixdə xalası oğlu Ravi Quliyev bacısı Elmayənin və Vüqarın yaşadıqları evə getmiş, orada onun, anasının ünvanına nəlayiq ifadələr işlətməklə “o köpəyi niyə bu divanda yatızdırmışdın?” demiş, bununla kifayətlənməyərək, onun ünvanına qadınlıq şərəf və ləyaqətini alçaldan ifadələr işlətmiş, “sən o, əxlaqsız qadını niyə bu evə buraxmısan, bu evdə gecələməsinə imkan vermisən?” demişdir. Bu danışıqlar 3 nəfər arasında olmuş və Vüqar onun üstünə acıqlanaraq, nə üçün belə danışdığını ona irad tutmuş və demişdir ki, “o, sənin xalan qızıdır, həm də Almaz müəllimin gəlinidir, bu sözlər yaramaz, adam görmədiyi böhtanı atmaz.” Lakin Ravi yenə də, susmayaraq ona bildirmişdir ki, “mən onun əxlaqsızlığını, pozğunluğunu gözümlə görmüşəm, əlimlə tutmuşam.” Vüqar ona bildirmişdir ki, Almaz müəllim özü xahiş etdi ki, bir müddət onlarda qalsın, çünki yerləri darısqaldır və şəraitləri yoxdur. Vüqar Ravinin onun ünvanına dediyi bu sözləri validynlərinə çatdırmış və onun yaxınları ünvanına deyilən və onun qadınlıq ləyaqətini alçaldan bu sözlərdən sonra rahatlıq tapa bilməmiş və hələ də bu sözlərin ağrısını yaşayırlar. Yaşlı valideynlərinin səhhətində ciddi problemlər yaranmış və onun ünvanına bu təhqir dolu ifadələri işlətmiş Ravi Quliyevin cəzalanmasmı istəyir. Ravinin haqqında dediyi bu sözlərdən sonra bərk əsəb keçirmiş və ünvanına deyilən bu təhqiramiz ifadələrin mənəvi təsiri altına düşərək X3 zəng vuraraq, nə üçün qardaşını susdurmadığını soruşmuş və hirslə demişdir ki, “mən bu şərəf və ləyaqətimi uşaqlarımın atasına o, gorbagora belə bağışlamayıb polisə vermişdim, Ravi kimdir ki, mən ona bu sözləri keçim?”. Onun əsəb altında dediyi bu səs yazısını Elmayə Quliyeva xəbəri və razılığı olmadan yaymış və oğlunun ölüm ağrısını yaşayan qaynatası Almaz müəllim bu səsi dinləmiş və ona demişdir ki, “buyur, qulaq as, gör sənin tərifli gəlinin oğlun barəsində nə deyir.” O, növbəti dəfə də E.Quliyeva tərəfindən təhqir olunmuş və mənəvi stres yaşamışdır. Bu şəxslərin onun ünvanına təhqiramiz ifadələr işlətmələri və onu bir çox şəxslərin yanında təhqir etmələri ilə bağlı şahidlər və sübutlar var, Elmayə Quliyevanın səs yazısı olan disk var. xx.xx.2024-cii il tarixdə Quliyev Ravi onun ünvanına səsləndirdiyi qadınlıq ləyaqətini alçaldan böhtanlı sözlərindən sonra Vüqar ona əsəbləşmiş, aralarında möhkəm mübahisə düşmüş və Ravini evindən qovmuşdur. Vüqar Ravinin onun ünvanına dediyi sözləri valideynlərinə çatdıracağını bildirdikdə Ravi yalvararaq, ondan xahiş etmişdir ki, bu barədə heç kimə deməsin, bununla da ona böhtan atdığını bir daha sübut etmişdir. Vüqar onu danlamış və bildirmişdir ki, “bu gün günahsız bir insanın arxasınca bu sözləri deyən adam sabah mənim qızım barəsində də deyə bilər. Ona görə də mən bu sözləri belə qoymayacağam, sənin kim olduğunu xalangil də bilməlidirlər.” Bundan sonra onu evdən qovmuşdur. Digər ittiham olunan Hüseynova Elmayəyə gəldikdə isə o, xx.xx.2024-cü ildə ona zəng vurmuş və həyat yoldaşı Vüqarla boşandığını bildirmiş və bunun səbəbini soruşduqda o, ağlayaraq bildirmişdir ki, qardaşı Ravi ilə həyat yoldaşı Vüqar arasında mübahisə olmuş, Vüqar onu həmin mübahisəyə görə evdən qovmuş, anamgildəyəm, Sizə Vüqar zəng vurub bir söz deməyib, əgər deyibsə də inanmayın. O, heç nə bilmədiyini dedikdə o, bildirmişdir ki, Vüqar atası Qurban əmi ilə danışımışdır. O, eşitmişdir. O, ona bildirmişdir ki, atam mənə heç nə deməyib, yenə də atamdan soruşaram. Anası həmin vaxt xəstəxanada olmuşdur. O, xəstəxanadan gələndən sonra atası ona Vüqarın ona zəng etdiyini və barəsində Ravinin dediyi sözləri çatdırmışdır. Anası bunu bildikdən sonra Vüqara zəng vurmuş “bu nə söhbətdir? Bu sözlər həqiqətdirmi, məhkəməyə müraciət etsək sən gəlib bu söhbətin baş verdiyini təsdiq edəcəksənmi? Vüqar da ona bildirmişdir ki, “hara istəyirsinizsə müraciət edin, lazım olarsa mən Quran kitabına da əl basıb olanları deyəcəyəm.” O, yenə də Vüqarın yoldaşına zəng vuraraq ona bildirmişdir ki, “mən bu söhbəti yenicə öyrənmişəm, sənin qardaşın bu sözləri mənim ünvanıma deyibmi? Elmayə də etiraf etmişdir ki, bəli həmin sözləri Ravi Vüqara deyib. O, da həmin sözlərə görə qardaşının üstünə qışqırmışdır və onu danlamışdır ki, “bu sözləri nə üçün Elanə haqqında demisən? Xalan qızıdır, sənin namusundur, onu niyə ləkələyirsən?.” Bu danışıqların səs yazısını da diskə köçürərək təqdim etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs şikayətdə göstərilənlərə uyğun izahat verərək, şikayətin məhkəmənin icraatına qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Barəsində şikayət verilmiş şəxslər X7 və X5 məhkəmə hazırlıq iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmişdilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 49.1-ci maddəsinə əsasən yalnız bir neçə şəxsin bir cinayəti birlikdə törətməkdə ittiham olunmaları üzrə cinayət təqibi və ya bir şəxsin bir neçə cinayəti törətməsi barədə cinayət təqibi bir icraatda birləşdirilə bilər. 293.3. Böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7. şikayəti vermiş şəxsin imzası. 302.1. Aşağıdakı halda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: 302.1.3. şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; 302.1.6. cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; 302.1.7. şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; 302.2. Məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək aşağıdakılar barədə qərar çıxarır: 302.2.3. bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma-min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə xüsusi ittham qaydasında verilmiş şikayətə münasibətdə bildirir ki, xüsusi ittiham qaydasında X7 və X5 barəsində şikayət verilərək, onların Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında barəsində şikayət verilmiş şəxs - X2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinin tərkib əlamətlərinin olması müəyyən edilməmişdir. Barəsində şikayət verilmiş digər şəxs - X7 barəsində isə məhkəmə bildirir ki, CMP-in 49.1-ci maddəsinə əsasən yalnız bir neçə şəxsin bir cinayəti birlikdə törətməkdə ittiham olunmaları üzrə cinayət təqibi və ya bir şəxsin bir neçə cinayəti törətməsi barədə cinayət təqibi bir icraatda birləşdirilə bilər. Barəsində şikayət verilmiş digər şəxs - X2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinin tərkib əlamətlərinin olması müəyyən edilməmişdir. Şikayət vermiş şəxs isə hər iki şəxs barəsində bir icraatda şikayət verərək, onların cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Bundan başqa, şikayət vermiş şəxs CMP-in 293.3.6-cı maddəsinin tələbinə əməl etməyərək, şikayətində şikayətin verildiyi yeri göstərməmişdir. Məhkəmə barəsində şikayət verilmiş şəxs - X2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinin tərkib əlamətlərinin olmamasını, həmçinin yuxarıda göstərilənlərə əsasən şikayətin məzmununu CPM-in tələblərinə uyğun hesab etmir. Məhkəmə şikayət vermiş şəxsə barəsində şikayət verilmiş digər şəxs - X7 barəsində ayrıca şikayət vermək hüququnun olmasını izah edir. Beləliklə, məhkəmə X1 X6 və X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında xüsusi ittiham qaydasında verdiyi şikayətin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun tərtib edilməməsini, həmçinin şikayətdə şikayətin verildiyi yerin göstərilməməsini nəzərə alaraq hesab edir ki, iş üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Həmçinin, məhkəmə nəzərə alır ki, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edildiyi üçün tələb edilən ziyan məsələsi də həll edilə boilməz. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X6 və X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında X4 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar