Məhkəmə qərarları › İş №1(050)-51/2025

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-51/2025

01.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-51/2025 01.05.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Masallı rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1987-ci il tarixdə Masallı şəhərində anadan olmuş, orta təhsilli, evli, işsiz, məhkumluğu olmayan, Masallı şəhəri, Şahid prospekti, ev 5-də yaşayış yeri üzrə qeydiyyatda olan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaqla ələ keçirmək məqsədi ilə 01 noyabr 2024-cü il tarixdə gecə saat 02 radələrində əvvəllər tanımadığı Zərərçəkmiş şəxs3 məxsus Masallı şəhəri, Şahid prospektində yerləşən fotostudiyanın qapısını sındırma yolu ilə qanunsuz daxil olub, oradakı 4500 manat dəyərində 1 ədəd, yaddaşı 16 Tb olan, “İ core5-12 geforce RTX 4080 gb” markalı sistem blokunu gizli yolla talayaraq Zərərçəkmiş şəxs3 4500 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaqla ələ keçirmək məqsədi ilə 26 noyabr 2024-cü il tarixdə gecə saat 02 radələrində əvvəllər tanımadığı Zərərçəkmiş şəxs2 məxsus Masallı şəhəri, Talışxanov küçəsində yerləşən kişi salonuna qapını sındırma yolu ilə qanunsuz daxil olub, oradakı otağın divarına quraşdırılmış 400 manat dəyərində 1 ədəd, dioqonalı 82 sm olan “LG” markalı plazma televizoru gizli yolla talayaraq Zərərçəkmiş şəxs2 400 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaqla ələ keçirmək məqsədi ilə 26 dekabr 2024-cü il tarixdə gecə saat 03 radələrində əvvəllər tanımadığı Zərərçəkmiş şəxs1 məxsus Masallı şəhəri, Qurtuluş küçəsində yerləşən “Mehay” adlı gözəllik salonuna qapını sındırma yolu ilə qanunsuz daxil olub, oradakı otaqda olan stolun üzərinə qoyulmuş 400 manat dəyərində 1 ədəd, dioqonalı 82 sm olan “Toshiba” markalı plazma televizoru gizli yolla talayaraq Zərərçəkmiş şəxs1 400 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Həmin əməllərinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə ittiham elan edilmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə gecə saat 2-3 radələrində özü ilə götürmüş olduğu dəmir parçası ilə “Rahimin Studiyası”nın giriş qapısını açaraq ora daxil olmuş və orada olan sistem blokunu oğurlamışdır. Səhəri gün o, həmin sistem blokunu götürüb Masallı rayon ərazisində yerləşən “Köhnə Bazar” adlanan yerə aparıb özünü ona Masallı rayonu, Bambaşı kənd sakini Mircavid kimi təqdim edən şəxsə 70 manata satmışdır. Bir müddət sonra təxminən gecə saat 02 radələrində Masallı şəhərində yerləşən gözəllik salonuna daxil olaraq oradan 1 ədəd televizoru götürüb oğurlayaraq gizlətmişdir. Səhəri gün televizoru gizlətdiyi yerdən götürüb Masallı şəhəri ərazisində yerləşən “Xan” şadlıq sarayının yanına getmiş və orada olan televizorun təmiri və alışı ilə məşğul olan mağazasında işləyən Hidayət adlı yaşlı şəxsə 120 manata satmışdır. Üçüncü oğurluğu isə Masallı şəhər ərazisində yerləşən “Qəzənfərin bərbərxanası” adlanan yerdə etmişdir. Belə ki, gecə saat 02 radələrində kişi salonuna gəlmiş və salonun qapısını sındırıb içəri daxil olmuşdur. Salonun giriş qapısının sol tərəfindəki divara quraşdırılmış 1 ədəd televizoru oğurlamışdır. Həmin televizoru səhəri gün aparıb Masallı rayonu Boradigah qəsəbəsi ərazisində tanımadığı motosikilet ustası olan bir kişiyə 100 manata satmışdır. Əldə etdiyi pulları şəxsi ehtiyaclarına xərcləmişdir. Törətmiş olduğu əməlləri tək başına törətmişdir və onun oğurluq etməsindən heç kimsənin məlumatı olmamışdır. Himayəsində bir azyaşlı uşağı vardır. Əməlindən peşmandır. Məhkəmədən ona həbslə əlaqədar olmayan yüngül cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri özünün etirafedici ifadəsi ilə yanaşı zərər çəkmiş şəxslərin və şahidin ifadələri, eləcədə iş üzrə toplanmış digər sübutlarla aşağıdakı qaydada təsdiq olunur. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadə verərək bildirdi ki, Təqsirləndirilən şəxs qonşusu kimi tanımışdır. Səhər saatlarında işə gəlmiş və həmin vaxt obyektin qapının açıq olduğunu görmüş və işəri daxil olmuşdur. O, dərhal DİN-nin 102 xidmətinə zəng etmiş və baş vermiş oğurluq barədə məlumat vermişdir. Hadisə yerinə sonra polis əməkdaşları gəlmiş və hadisə yerini müayinə edib bütün qanuni tədbirləri görmüşlər. Oğurluq hadisəsini törətmiş şəxs uzun müddət tapılmasa da, sonrakı sil-silə cinayətlərdən sonra tapılmışdır. Ona məxsus fotostudiyadan 1 ədəd kopmytuter sistem bloku oğurlanmışdır. Nəticədə ona 4500 manat maddi zərər dəymişdir. Ona dəymiş ziyan ödənilmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı şikayəti və tələbi yoxdur. Qonşu olduqlarından onun tutulmasını istəmir. Təqsirləndirilən şəxs barəsində qanunauyğun hökm çıxarılmasını xahiş edir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 bununla bağlı məhkəməyə ərizə təqdim etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadə verərək bildirdi ki, Masallı şəhəri Talışxanov küçəsində fərdi yaşayış evinin qarşısında özünə məxsus “Qəzənfərin bərbərxanası” adlı kişi salonu vardır. Adəti üzrə xx.xx.2024-cü il tarixdə səhər saatlarında evdən çıxıb salona gəlmiş və görmüşdür ki, salonun plastik giriş qapısı açıqdır. O, cəld salona daxil olmuş və görmüşdür ki, “LG” markalı televizoru naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmışdır. Sonra isə o, dərhal DİN-nin 102 xidmətinə zəng edərək, baş vermiş oğurluq hadisəsi barədə məlumat vermişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona 450-500 manat maddi zərər dəymişdir. Ona dəymiş ziyan ödənilmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı şikayəti və tələbi yoxdur, təqsirləndirilən şəxsə cəza verilməsini istəmir. Təqsirləndirilən şəxs barəsində qanunauyğun qərar qəbul edilməsini xahiş edir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 bununla bağlı məhkəməyə ərizə təqdim etdi. Məhkəmə istintaqında iştirak etmədiyi üçün ibtidai istintaq dövründə verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsindən görünür ki, o, rəsmi olaraq heç bir yerdə işləmir. Masallı şəhəri, Qurtuluş küçəsində yerləşən fərdi yaşayış evinin qarşısında ona məxsus “Mehay” adlı gözəllik salonu vardır və həmin salonu işlədərək ailəsini dolandırır. 3 il bundan əvvəl, yəni 2021-ci ilin ortalarında gözəllik salonuna kredit youl ilə ümumi dəyəri 750 manat olan “tohsiba” markalı televizoru almışdır. Hadisədən 3-4 gün əvvəl salonuna müşahidə kamerası da yerləşdirmişdir. xx.xx.2024-cü il tarixdə səhər saat 11 radələrində yaşadığı evdən çıxıb salona gəlmiş, gün ərzində orada işləmiş və axşam saat 20 radələrində isə salonu bağlayıb arxa qapıdan yaşadığı evə getmişdir. xx.xx.2024-cü il tarixdə səhər saat 11 radələrində o, yenidən salona gəlmiş və salona daxil olduqda görmüşdür ki, salona qoyduğu masanın üzərindəki televizor yoxdur. Həmin vaxt salonun küçə tərəfdə yerləşən giriş qapısına baxmış və həmin qapının açıq olmasını görərək naməlum şəxs və ya şəxslərin salona daxi olaraq televizou oğurlamasını başa düşmüşdür. Daha sonra o, DİN-nin 102 xidmətinə zəng edərək, baş vermiş oğurluq hadisəsi barədə məlumat vermişdir. Baş vermiş oğurluq hadisəsi xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə keçən gecə baş vermişdir. Ona məxsus oğurlanmış televizor dioqonalı 82 sm olan “Toshiba” markalıdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona 400 manat maddi zərər dəymişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə verərək ona dəymiş ziyanın ödənildiyini, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığını, onun tutulmasını istəmədiyini bildirərək iş üzrə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid ifadə verərək bildirdi ki, uzun müddətdir ki, Masallı şəhər ərazisində yerləşən köhnə bazar adlanan yerdə köhnə televizorların təmiri ilə məşğuldur. İş yerində olduğu zaman polis əməkdaşları ilə birlikdə gəlmişlər və Təqsirləndirilən şəxs oğurluq etdiyini bildirmişlər. O, xx.xx.2024-cü il tarixdə mağazada olarkən əvvəllər tanımadığı, adını sonradan bildiyi Fariq adlı şəxs 1 ədəd bir ədəd televizor gətirib həmin televizoru satmaq istədiyini demişdir. O, həmin şəxsdən televizorun kimə məxsus olmasını soruşduqda həmin şəxs televizor özünə məxsusdur və satıb pul əldə etdikdən sonra həmin pula un alıb çörək bişirib satacağını bildirmidşri. O, da həmin televizoru Fariqdən 120 manata almışdır və sonra Fariq adlı şəxs çıxıb getmişdir. O, da həmin televizoru sökmüş və özünə lazım olan ehtiyat hissələri götürmüşdür. Aldığı televizorun ehtiyat hissələrini həmin gün hissələrə ayırıb ayrı-ayrı şəxslərə satır, ya da işlək vəziyyətdə olmayan televizorun ehtiyat hissəsini yeniləyib sahibinə qaytarır. Cinayət işində olan 25 yanvar 2025-ci il tarixli Liman şəhər İstehsal-İstehlak Kooperativ Cəmiyyəti tərəfindən təqdim edilmiş rəydə qeyd edilmişdir ki, qeyd olunmuş 1 ədəd “Toshiba” markalı, dioqonalı 82 sm olan, plazma tipli televizorun qiyməti 350 manat, 1 ədəd “LG” markalı, dioqonalı 82 sm olan, plazma tipli televizorun qiyməti 300 manat və yaddaşı 16 TB olan, “İ core5-12 geforce RTX 4080 gb” markalı 1 ədəd kompyuter sistem blokunun qiyməti 4000 manatdır. İş materiallarında olan Masallı RİH Başçısının Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Şükürov X1 şəhəri, Şahid prospekti, ev 5-də qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır və yaşadığı yer üzrə mənfi xarakterizə edilir. Cinayət işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat- Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və müvafiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Masallı Rayon Məkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 3000 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Masallı Rayon İcra və Probasiya şöbəsinin 03 fevral 2025-ci il tarixli məktubundan görünür ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmünə əsasən xx.xx.1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 3000 manat məbləğində cərimə növündə cəzaya məhkum edilmişdir. Masallı Rayon İcra və Probasiya Şöbəsinin probasiya qeydiyyatında belə bir iş yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə birliyi” PHŞ “Masallı Rayon Mərkəzi Xəstəxanası” PHŞ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Masallı Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin psixo-nevroloji və narkoloji kabinetində dispanser qeydiyyatında durmur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə dindirilmiş və ifadəsi elan olunmuş şəxslərin (təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxslərin, şahidin) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində cinayət tərkibi vardır, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması tam sübuta yetirildiyi üçün ona həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsində göstərilir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 6.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamının 8-ci bəndində qeyd edilir ki, - ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmçinin həmin Sərəncamın 10-cu bəndinə əsasən cəza siyasətinin humanistləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilsin və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə tapşırılsın ki, aşağıdakı istiqamətlərdə qanun layihələrini hazırlayıb iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsinlər: - cinayətlərin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunması və mövcud alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi; törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması. Həmçinin həmin Sərəncamın 13-cü bəndinə məhkəmələrə tövsiyə edilir ki: - cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; - cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikasının CM-in 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışmasını Cinayət Məcəlləsinin 59.1.12-ci, cinayət nəticəsində dəymiş ziyanı tamamilə ödəməsini Cinayət Məcəlləsinin 59.1.13-cü, zərərçəkmiş şəxslərin ondan şikayət və tələbinin olmamasını, törətdiyi cinayət əməlini etiraf etməsini və əməlindən səmimi peşman olmasını isə Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan əlavə Məcəllənin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının əvvəli o, cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 07 yanvar 2025-ci il tarixdə saat 18:45-də şübhəli şəxs qismində tutulmuş və 08 yanvar 2025-ci il tarixdə saat 18:45-də barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə saxlanıldığı yerdən azad edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən bu hal cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsində qeyd edilmişdir ki, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən iş üzrə mütəxəssis rəyinin dəyəri olan 20 (iyirmi) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Liman şəhər İstehsal-İstehlak Kooperativ Cəmiyyətinin Bank Respublika Lənkəran filialı, kod 504357, VÖEN **********, M\h; AZ80NABZ********************, SWİFTBRESAZ22, İBAN AZ11BRES******************** hesabına köçürülməlidir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak yoxdur. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 354, 356-358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun şübhəli şəxs qismində tutularaq həbsdə saxlanıldığı xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək olan 01 (bir) gün müddəti azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) günü hesabı ilə hesablanmaqla həmin cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il, 11 (on bir) ay, 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. İş üzrə mütəxəssis rəyinin dəyəri olan 20 (iyirmi) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Liman şəhər İstehsal-İstehlak Kooperativ Cəmiyyətinin Bank Respublika Lənkəran filialı, kod 504357, VÖEN **********, M\h; AZ80NABZ********************, SWİFTBRESAZ22, İBAN AZ11BRES******************** hesabına köçürülsün. Hökmün icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm elan edildiyi vaxtdan 20 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar