Məhkəmə qərarları › İş №1(050)-53/2023

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-53/2023

17.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-53/2023 17.05.2023 MASALLI RAYON MƏHKƏMƏSİ X10 Ağabala oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Masallı rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1991-ci ildə Masallı rayonu Kalinovka kəndində anadan olmuş, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Masallı Rayon Məhkəməsinin 22 may 2019-cu il tarixli, 1(050)-65/2019 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Masallı rayonu Viləş kəndində qeydiyyatda olan və yaşayan, Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2023-cü il tarixdə tutulmuş hazırda həbsdə olan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Мəcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 24 aprel 2018-ci il tarixdən başlayaraq 24 may 2016-cı il tarixdə anadan olmuş X1 və 31 dekabr 2017-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün veriləcək alimentin miqdarı sabit pul məbləğində müəyyən olunmaqla hər bir uşağa görə hər ay 100,00 manat, ümumilikdə 200,00 manat məbləğində alimentin tutularaq Baxşəliyeva (Xankişiyeva) Şəfəq Fərrux qızına ödənilməsinə dair Masallı Rayon Məhkəməsinin 27 avqust 2018-ci il tarixli, 2(050)- 1461/2018 saylı qanuni qüvvəyə minmiş qətnaməsini üzürsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Masallı Rayon Məhkəməsinin 11 iyun 2021-ci il tarixli, 3(050)-516/ 2021 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməklə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə tənbeh növü təyin olunmasına və icra sənədindəki tələbi icra etmədiyi üçün ona 05 avqust 2021-ci il, 15 sentyabr 2021-ci il və 06 oktyabr 2021-ci il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 16 sentyabr 2022ci il tarixədək şəxsi maraq niyyəti ilə zərərçəkmiş şəxs Baxşəliyeva (Xankişiyeva) Şəfəq Fərrux qızına məhkəmə qətnaməsi üzrə ümumilikdə 6466,00 manat məbləğində borcunu ödəməməklə qeyd edilən məbləğdə sonuncuya maddi ziyan vuraraq qanuni qüvvəyə minmiş məhkəmə aktını qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Həmin əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2015-ci ildə X4 ilə ailə həyatı qurmuşdur. Birgə yaşadıqları dövr ərzində 24 may 2016-cı il tarixdə Nuray adlı və 31 dekabr 2017-ci il tarixdə Aidə adlı iki qız övladları dünyaya gəlmişdir. Aralarında ailə münasibətlərinin pozulması nəticəsində 2018-ci ildə Şəfəq Xankişiyeva iki azyaşlı uşaqlarını götürərək valideynlərinin yaşadığı ünvana getmişdir. Daha sonra Şəfəq Xankişiyeva ondan boşanmağa görə və uşaqların saxlanılmasından ötrü aliment pulunun alınması üçün aidiyyəti üzrə Masallı Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Masallı Rayon Məhkəməsi tərəfindən aralarında bağlanmış nikahları pozulmuş və 24 aprel 2018ci il tarixdən başlayaraq iki nəfər uşağın yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər bir uşağa görə hər ay 100 manat, ümumilikdə cəmi 200 manat məbləğində pulun ondan alınaraq Şəfəq Xankişiyevaya ödənilməsinə dair qətnamə çıxarılmışdır. Məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment borcunu ilk əvvəllər fəhləlik edərək işləyib ödəmişdir. Lakin sonradan iş olmadığı üçün yaranmış aliment borcunu ödəyə bilməmişdir. Həmçinin müəyyən müddət pandemiya dövrünə təsadüf etmişdir. Daha sonra isə ara-sıra işləmiş, lakin əldə etdiyi gəlir sadəcə onun şəxsi ehtiyaclarına güclə yetmişdir. Bu səbəbdən də, borcunu ödəyə bilməmişdir. Hazırda heç bir ödəniş etmək iqtidarında deyildir. Çünki buna maddi imkanı çatmır. Rəsmi iş yeri yoxdur və iş olmadığı üçün işləmir. Atası onun yaranmış borcundan min manat ödəyə biləcəkdir. Məhkəmədən qeyd edilənləri nəzərə alaraq ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxsin ittiham olunduğu cinayəti törətməsi onun özünün səmimi etirafı ilə yanaşı, işin məhkəmə istintaqı zamanı tədqiq edilən digər sübut növləri ilə aşağıdakı qaydada tam sübuta yetirilir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2015-ci ildə Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuşdur. Birgə yaşadıqları dövr ərzində 24 may 2016-cı il tarixdə Nuray adlı və 31 dekabr 2017-ci il tarixdə Aidə adlı iki qız övladları dünyaya gəlmişdir. 2018-ci ilin mart ayında aralarında ailə münasibətlərinin pozulması nəticəsində iki azyaşlı uşaqlarını götürərək valideynlərinin yaşadığı evə gəlmişdir. Həmin vaxtdan bir neçə ay keçəndən sonra uşaqların böyüdülməsində maddi cəhətdən çətinlik çəkdiyinə görə Təqsirləndirilən şəxs boşanmağa görə və uşaqların saxlanılmasından ötrü aliment pulunun alınması üçün Masallı Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və məhkəmə aralarında bağlanmış nikahlarını polaraq 24 aprel 2018-ci il tarixdən başlayaraq iki uşağın yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün hər bir uşağa görə hər ay 100 manat, ümumilikdə cəmi 200 manat məbləğində pulun Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmışdır. Təqsirləndirilən şəxs məhkəmə qətnaməsi üzrə alimentə görə yaranmış borcu əvvəllər ara-sıra ayda 50-100 manat olmaqla ödəmişdir. Lakin sonradan heç bir ödəniş etməmişdir. Təqsirləndirilən şəxs alimentə görə borclu olduğu məbləği qəsdən qərəzli olaraq ödəməkdən yayınır. Belə ki, hazırda işləyir qazanc əldə edir. Ayrı yaşadığı müddətdə Sadiq uşaqları ilə maraqlanmır, uşaqlar məktəbə gedirlər, ara-sıra xəstələnirlər. Hazırda uşaqlar onun himayəsində yaşayır və uşaqları saxlamaqda çox böyük çətinliklər çəkir. Təqsirləndirilən şəxslə barışmamışdır. Yaranmış aliment borcunun tam şəkildə ödənilməsini tələb edir. Odur ki, təqsirləndirilən şəxsə qanunauyğun cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqında iştirak etmədiyi üçün ibtidai istintaq dövründə verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid1 ifadəsində bildirmişdir ki, şöbəyə daxil olmuş Masallı Rayon Məhkəməsinin 27 avqust 2018-ci il tarixli, 2(050)-1461/2018 saylı icra sənədinə əsasən borclu Təqsirləndirilən şəxs iki uşağa görə hər ay cəmi 200,00 manat sabit pul məbləğində alimentin tutularaq iş üzrə tələbkar Baxşəliyeva (Xankişiyeva) Şəfəq Fərrux qızına ödənilməlidir. İcra sənədi 23 may 2019-cu il tarixdə şöbənin icraatına daxil olmuş, 24 may 2019-cu il tarixdə müvafiq qaydada icraata başlanılaraq tələbin könüllü icrası haqqında bildiriş borclunun yaşadığı ünvana göndərilmişdir. İcra sənədi üzrə tələb tam şəkildə könüllü təmin edilmədiyindən borclunun əmlak vəziyyətinin yoxlanılması üçün müvafiq sorğular verilmiş, lakin borclunun adında tələbin yönələ biləcəyi əmlak aşkar edilməmişdir. Borclu Təqsirləndirilən şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən bir neçə dəfə inzibati xəta haqqında protokollar tərtib olunaraq baxılmasından ötrü aidiyyəti üzrə Masallı Rayon Məhkəməsinə təqdim edilmiş və borclunun iştirakı ilə keçirilən məhkəmə prosessi zamanı borclu Təqsirləndirilən şəxs tələbkarın xeyrinə ödəniş etmədiyi üçün İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək ayrı-ayrılıqda 500,00 manat məbləğində inzibati qaydada cərimə olunmuşdur. Bundan əlavə icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququnun müvəqqəti olaraq məhdudlaşdırılması üçün verilmiş təqdimat əsasında Masallı Rayon Məhkəməsinin qərardadı ilə borclunun ölkədən getmək hüququ icra sənədi icra olunanadək müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Qeyd olunan qərardad icra olunması üçün şöbəyə daxil olmuş və icra olunması üçün Ədliyyə Nazirliyi İcra Baş İdarəsinə göndərilmişdir. Borclu Təqsirləndirilən şəxs şöbəyə dəvət edilmiş və ona aliment borcunu ödəmədiyi halda cinayət məsuliyyətinə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir. Borclu Təqsirləndirilən şəxs qeydiyyatda olduğu və yaşadığı Masallı rayonunun Kalinovka kəndində yerləşən ünvanına baxış keçirilmiş, lakin tələbin yönələ biləcəyi hər hansı bir əmlak aşkar edilməmiş və bu barədə akt tərtib olunmuşdur. Eyni zamanda Masallı Rayonu İcra Hakimiyyəti Başçısının Viləş kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən verilmiş xasiyyətnamədə borclu Təqsirləndirilən şəxs mənfi xarakterizə olunan şəxs kimi qeyd edilmişdir. İcraat dövründə borclu Təqsirləndirilən şəxs tərəfindən tələbkar Zərərçəkmiş şəxs (Xankişiyevaya) 3734,00 manat məbləğində ödəniş etmiş və 16 sentyabr 2022-ci il tarixədək 6466,00 manat aliment borcu yaranmışdır. Bu səbəbdən də, Təqsirləndirilən şəxs xəbərdarlıq olunmasına və barəsində bir neçə dəfə inzibati tənbeh tətbiq ediməsinə baxmayaraq məhkəmə qətnaməsinin icrasını təmin etmədiyi üçün 16 sentyabr 2022-ci il tarixdə Azərbaycan Respublikasının CM-in 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair təqdimat və əlavə edilmiş materiallar baxılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndərilmişdir. İş üzrə məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verdi. Cinayət işində olan Masallı Rayon Məhkəməsinin 27 avqust 2018-ci il tarixli, 2(050)- 1461/2018 saylı qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdən başlayaraq 24 may 2016-cı il tarixdə doğulmuş X1 və 31 dekabr 2017-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 100 manat, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində alimentin tutularaq Baxşəliyeva (Xankişiyeva) Şəfəq Fərrux qızına verilməsi qət edilmişdir. Cinayət işində olan Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 24 may 2019-cu il tarixli icraata başlama haqqında qərarından görünür ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(050)-1461/2018 saylı icra vərəqi üzrə icraata başlanmış, icra sənədində göstərilmiş tələbin 10 gün müddətində icrasının könüllü təmin edilməsi üçün borcluya 24 may 2019-cu il tarixdə bildiriş göndərilmişdir. Cinayət işində olan Masallı Rayon Məhkəməsinin 08 avqust 2019-cu il tarixli, 3(050)-650/2019 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qərarının icra edilməməsi ilə bağlı inzibati məsuliyyətə cəlb edilərək Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinmiş və o, 500 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Cinayət işində olan Masallı Rayon Məhkəməsinin 26 avqust 2020-ci il tarixli, 3(050)- 199/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Masallı Rayon İcra və probasiya məmuru tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş protokol üzrə inzibati xəta haqqında icraata xitam verilmişdir. Cinayət işində olan Masallı Rayon Məhkəməsinin 11 iyun 2021-ci il tarixli, 3(050)- 516/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qərarının icra edilməməsi ilə bağlı inzibati məsuliyyətə cəlb edilərək Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinmiş və o, 500 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən və müvafiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Masallı Rayon Məhkəməsinin 22 may 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəməyədək icraat zamanı onun tutulduğu 02 (iki) gün müddət təyin edilmiş cəza müddətinə 1 günə 2 gün hesabı ilə hesablanmış və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il, 05 (beş) ay, 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə şöbənin qeydiyyatından çıxarılmışdır. İş materiallarına əlavə edilmiş Masallı Rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş 20 dekabr 2022-ci il tarixli 87 saylı məktubdan görünür ki, xx xxxxxxx 1991-ci il təvəllüdlü, Masallı rayonu Viləş (Kalinovka) kəndində yaşayan Təqsirləndirilən şəxs Masallı Rayon Məhkəməsinin 1(050)-65/2019 saylı, 22 may 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il, 05 (beş) ay, 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, məhkum Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını xx.xx.2020-ci il tarixdə tam çəkib qutarmışdır. Təqsirləndirilən şəxs Masallı Rayon Məhkəməsinin 1(050)-65/2019 saylı, 22 may 2019-cu il tarixli hökmü və hökmün icrası barədə göstəriş xx.xx.2020-ci il tarixdə Masallı Rayon İcra və Probasiya şöbəsinin qeydiyyat kitabından çıxarılmışdır. Cinayət işində olan xx.xx.2022-ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikasının Cinayət Мəcəlləsinin 306.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir. Belə olduğu halda Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. İş materiallarına əlavə edilmiş Masallı rayonu İcra Hakimiyyəti Başçısının Viləş kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Masallı rayonu Viləş kəndində qeydiyyatdadır və yaşadığı yer üzrə mənfi xarakterizə edilir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə dindirilmiş və ifadələri elan edilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxsin və şahidlərin) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Мəcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirildiyi üçün o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən Borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Həmin Qanununun 82.3-cü maddəsinə əsasən icra sənədi qərəzli olaraq icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana (bu Qanunun 84-2.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla), icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Pleniumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” 2 oktyabr 2012-ci il tarixli Qərarı ilə müəyyən etmişdir ki, «CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası İXM-in 313-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır.» Həmin qərarda həmçinin qeyd edilir ki, «CM-in 306.1-ci maddəsində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını və ya qərarını qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Bu maddə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icra edilməməsinin iki üsulunu nəzərdə tutmuşdur: məhkəmə aktlarını qərəzli icra etməmə və məhkəmə aktlarının icrasına maneçilik törətmə. Qeyd edilən hər iki üsul CM-in 306-cı maddəsində nəzərdə tutulmuş əməlin tövsif edilməsi zamanı böyük rol oynayan spesifik əlamətlərə malikdir. Birinci halda bir qayda olaraq, cinayət hərəkətsizlik nəticəsində baş verir. Borclu məhkəmə qərarının icrası üçün müəyyən hərəkətləri etmir. Bununla yanaşı, icra etməmə borclunun müəyyən hərəkətləri etməsi ilə də həyata keçirilə bilər. Məsələn, subyekt yazılı və ya şifahi şəkildə məhkəmə qərarını icra etməyəcəyi barədə məlumat verir və ya məhkəmə qərarını icra etmək niyyətinin olmadığını ifadə edir. Göstərilənlərdən belə nəticəyə gəlmək olar ki, məhkəmə qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: Məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; -borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Belə hərəkətlər nəticəsində borclu icra sənədini qərəzli olaraq icra etmədikdə, icra məmuru həmin şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana, icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verməlidir (“İcra haqqında” Qanunun 82.3-cü maddəsi). Bununla yanaşı nəzərə alınmalıdır ki, CM-in 306.1-ci maddəsində müəyyən edilmiş “qərəzli” müddəası qiymətləndirici (tövsifedici) əlamət olduğundan ibtidai istintaq aparan orqan və ya məhkəmə yalnız konkret işin hallarına uyğun olaraq bu əlamətin mövcud olub-olmamasını müəyyən etməlidir.» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair» 18 dekabr 2014cü il qərarında inzibati tənbeh təkcə inzibati hüquq pozuntusu ilə deyil, həm də cinayətlə mübarizədə hüquqi vasitə hesab edilir. Belə ki, inzibati pozuntu törətmiş və buna görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs təkrarən eyni pozuntunu törətməsi halında cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdar edilir. İnzibati məsuliyyətə cəlb edilmənin nəticəsiz qalması, bu inzibati tənbehin tərbiyəedici, xəbərdaredici təsir göstərmədiyini sübut edir. Belə olan halda, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilir. İnzibati tənbehin icrası zamanı və qanunla nəzərdə tutulmuş icradan sonrakı müddət şəxsin inzibati məsuliyyətə cəlb olunmuş hesab edildiyi müddətdir. Bu müddət ərzində şəxsin yeni inzibati xəta törətməsi faktı onun üçün hüquqi xarakterli mənfi nəticələr (inzibati məsuliyyəti ağırlaşdıran hal və daha ciddi inzibati tənbehin tətbiqi üçün tövsifedici əlamət) yarada bilər. İnzibati tənbehin ödənilməsi müddəti sınaq müddəti hesab edilir və bu müddətdə məsuliyyətə cəlb olunmuş şəxs özünün islah olunmasını sübut etməlidir. Qərarda həmçinin qeyd edilir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsinə müvafiq olaraq barəsində inzibati tənbeh tətbiq olunmuş şəxs, məhkəmə aktını qərəzli olaraq icra etməməkdə davam edərsə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilir. Bu hallara Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin tələbləri şamil edilmir. Beləliklə, məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikasının CPM-nin 144-146-cı maddələrində nəzərdə tutulmuş qaydada hüquqi qiymət verərək, eləcə də həmin Məcəllənin 346 və 349-cu maddələrinin tələblərinə riayət edərək hesab edir ki, baş vermiş cinayət hadisəsini Təqsirləndirilən şəxs törətməsi, onun təqsirliliyi məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayətdir, məhkəmənin müəyyən etdiyi hallar tədqiq olunmuş sübutlara uyğun gəlir, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi əsasında təqsirləndirilən şəxsə ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.3-cü maddəsində göstərilir ki, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının CM-in 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1-ci maddəsində göstərilən cəzasını yüngülləşdirən hallar yoxdur. Lakin, məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs əməlini etiraf edərək, əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarının 4-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs həmin maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs istintaqdan yayındığı üçün cinayət işinin icraatı dayandırılmaqla barəsində axtarış elan edilmiş, o, 07 fevral 2023-cü il tarixdə tutulmuş, 08 fevral 2023-cü il tarixdə isə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməklə müvəqqəti saxlama yerindən azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsi nəzərə alınmaqla cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsində göstərilmişdir ki, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. İş materiallarında olan Masallı Rayon Məhkəməsinin 1(050)-53/2023 saylı 27 mart 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmədən yayındığı üçün barəsində axtarış elan edilməklə cinayət işinin icraatı dayandırılmış və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarında olan axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 02 may 2023-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşaxuna bağ massivi ərazisində tutularaq Masallı RPŞ-yə gətirilmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələbinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından onun barəsində Masallı Rayon Məhkəməsinin 1(050)-53/2023 saylı 27 mart 2023-cü il tarixli qərarı ilə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Porosessaul Məcəlləsinin 346.1.22-ci maddəsinin tələblərinə əsasən cəzanın çəkilmə müddətinin hansı tarixdən başlanılması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının əvvəli 02 may 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən müsadirə ediləcək əmlakın olmamasını müəyyən etdi. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 07 fevral 2023-cü il tarixdən 08 fevral 2023-cü il tarixədək tutulduğu 01 (bir) gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəza çəkməsinin əvvəli 02 may 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Hökmdən elan edildiyi vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar