Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-54/2025 26.05.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclas katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (Şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi X7, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Masallı rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə. xx xxxx 1992-ci ildə Masallı rayonu Kalinovka kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Masallı rayon Dövlət yanğından mühafizə hissəsinin İİİ yanğınsöndürmə növbəsinin sürücüsü vəzifəsində işləyən, Masallı rayonu Viləş ərazi dairəsi Viləş kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 29 noyabr 2024-cü il tarixdə, saat 21:50 radələrində “BC” kateqoriyalı sürücülük vəsiqəsi və etibarnamə əsasında idarə etdiyi “Mercedes Benz 200 minik” markalı **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ələt-Astara-İran Sərhədi yolunun Masallı rayonu Şərəfə kəndi ərazisindən keçən 129,5 km/də Ələt qəsəbəsi istiqamətində saatda təxminən 90-100 kilometr sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda, bunu əməl etməyərək hadisənin qarşısını almağa texniki imkanı olsa da ehtiyatsızlıqdan hərəkətdə olan avtomaşının idaretməsini itirmiş, bu zaman avtomaşın sağa istiqamətlənməklə körpü altında olan beton sütuna çırpılmış, nəticədə avtomaşının qabağ sağ oturacağında əyləşmiş sərnişin X5 açıq kəllə beyin travması, baş beyinin əzilməsi, sol gicgah sümüyünün və əsas sümüyün böyük qanadının sınığı, baş beyin toxumasına və yumşaq qişasına qansızma, sol körpücük sümüyünün sınığı, başın sol gicgah-ənsə nahiyəsinin və sol budun yuxarı 1/3-nin ön hissəsinin əzilmiş yarası və bədənin müxtəlif nahiyələrinin sıyrıqları və qançırları ilə müşayiət olunan dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri alaraq, kəllə qapağı və kəllə əsası sümüklərinin sınığını nəticəsində əmələ gələn baş-beyin toxumasının əzilməsindən 06 dekabr 2024-cü il tarixdə saat 18:02 dəqiqədə ölümünə səbəb olan yol-nəqliyyat hadisəsini törətmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək, ifadəsində göstərdi ki, 29 noyabr 2024-cü il tarixdə “Mercedes Benz 200 minik” markalı **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ələt-Astara-İran Sərhədi yolunda yol nəqliyyat hadisəsi törədən zaman huşu özündə olmamış, heç bir şeyi xatırlamır. Nəqliyyat vasitəsini idarə edən zaman nə spirtli içki, nə də ki narkotik sərxoşluq altında olmuşdur. İdarə etməsinin itirilməsinə səbəb huşunu itirməsi olmuşdur. İş üzrə zərərçəkmiş şəxs Lamiyə Əliyevanı 5-6 gün olardı ki, tanımışdır. Belə ki, o dövlət işi ilə yanaşı boş vaxtlarında taksi fəaliyyət ilə məşğul olmuşdur. Lamiyə xanım əvvəllər bir neçə dəfə taksi xidməti göstərməsi üçün ona müraciət etmiş, Lamiyəni lazımi ünvanlara aparmışdır. Sonuncu dəfə Lamiyə xanım ona zəng edərək, onu Cəlilabad rayonuna aparmasını xahiş etmiş və o buna etiraz etməyərək, Lamiyəni Cəlilabada aparmışdır. Yol boyu nəqliyyat vasitəsini təxminən 90-100 km/surətlə idarə etmişdir. Saat 21:50 radələrində yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisə baş verdikdən 2 gün sonra ilk dəfə Bakı şəhərində xəstəxanada ayılmış və həmin vaxt avtomaşınında sərnişin kimi əyləşmiş L.Əliyevanın aldığı xəsarətlər nəticəsində öldüyünü eşitmişdir. O, əlavə olaraq bildirmişdir ki, L.Əliyevanı sadəcə olaraq sərnişin kimi tanımış, aralarında şəxsi münasibət, o cümlədən sevgi münasibəti, narazılıq və ya ədavət, mübahisə olmamışdır. Hadisədən əvvəl idarə etdiyi “Mercedes Benz 200” minik markalı **-EH-*** dövlət qeydiyyat nişanlı avtomaşın saz vəziyyətdə olmuşdur. Hər hansı texniki nasazlığı olmamışdır. Hazırda törətmiş olduğu cinayət hadisəsinə görə özünü təqsirli bilir, əməlindən səmimi peşmançılıq hissi keçirir, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etmişdir, onun heç bir şikayət və tələbi yoxdur. Hadisə nəticəsində özü də ağır dərəcəli bədən xəsarəti almışdır. Göstərilənləri nəzərə alaraq barəsində yüngül cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli, onun özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, məhkəmə-tibbi, məhkəmə yol-nəqliyyat hadisələri ekspertizalarının rəyləri, baxış protokolu, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla aşağıdakı qaydada sübuta yetirilir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X14 ifadəsində göstərmişdir ki, qızı Lamiyə 2018-ci ildə qeyri-rəsmi olaraq ailə həyatı qurmuş, həmin nikahdan bir övladı olmuşdur. Lakin 1 ildən sonra ailədaxili münaqişlər səbəbindən həyat yoldaşından ayrılmışdır. Bundan sonra Lamiyə azyaşlı övladı ilə birlikdə onun yanına köçmüş və birlikdə yaşamağa başlamışlar. Lamiyə ailəni dolandırmaq üçün Masallı rayonu, Qəriblər kənd ərazisində Gilavar kafesində işləməyə başlamışdır. Masallı şəhəri ərazisində Şahnaz adlı xanımla kirayədə qalmışdır. Lamiyənin azyaşlı övladı onunla qalmış buna görə də Lamiyə tez-tez övladını görmək üçün Füzuli rayonuna, yaşadıqları evə gedib-gəlmişdir. Sonuncu dəfə 22 noyabr 2024-cü il tarixdə Masallı rayonuna gəlmişdir. O, Lamiyə ilə tez-tez telefonla danışıb, əlaqə saxlamışlar. 29 noyabr 2024-cü il tarixdə günün ikinci yarısında Lamiyə ona zəng etmiş, başının ağrıdığını, xəstəxanaya gedib müayinə olunub qayıtdığını bildirmişdir. Bundan sonra yenidən “Whatsapp” mobil tətbiqində Lamiyəyə mesaj yazıb özünə diqqət etməsini tapşırmış, saat təxminən 21 radələrində Lamiyə ona sonuncu dəfə narahat olmaması barədə mesaj yazmışdır. Təxminən bir-iki saatdan sonra Lamiyəyə mesaj yazanda göndərişinin çatmadığını görmüşdür. Çoxsaylı zənglər etsə də qızının telefonuna zəng çatmamışdır. O, yatıb qalmış, səhər saatlarında qohumu ona zəng edərək, qızı Lamiyənin yol-nəqliyyat hadisəsi keçirdiyini bildirmişlər. O, dərhal Masallı rayonuna gəlmiş, qızının rayon mərkəzi xəstəxanasında olduğunu öyrənmişdir. Xəstəxanaya gedəndə Lamiyə əməliyyatdan çıxmış, reanimasiya şöbəsinə yerləşdirilmişdir. Xəstəxanada olduğu müddətdə qızı Lamiyənin Masallı rayonu Viləş kənd sakini, taksi fəaliyyəti ilə məşğul olan Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz 200” minik markalı **-EH-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Ələt-Astara magistral yolunda Cəlilabad rayonuna getmək üçün üzü Ələt qəsəbəsi istiqamətində hərəkətdə olarkən avtoqəzaya düşərək, xəsarət aldıqlarını bilmişdir. Göstərilən tibbi yardımlara baxmayaraq Lamiyə 06 dekabr 2024-cü il tarixdə Masallı RMX-da ölmüşdür. Təqsirləndirilən şəxs atası Şahid3 qızının ölümündən sonra dəfn və sair xərclər üçün ona 3000 manat maddi yardım etmişdir. O, əlavə olaraq bildirmişdir ki, hadisədən əvvəl Təqsirləndirilən şəxs tanımamışdır. Zərərçəkmiş şəxsin hüquqi varisi X14 ərizə ilə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs ona 5000 manat ziyan ödədiyini, bununla da dəymiş ziyanın tam olaraq ödənildiyini, ona qarşı şikayət və tələbinin olmadığını bildirərək, onun barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ailə həyatı qurub boşanmış, 2014-cü ildən Masallı rayonuna köçərək, burda “Mübarəkə” adlı kafe işlətmişdir. Hazırda heç bir yerdə işləmir, evdar xanımdır. 29 noyabr 2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində aldığı xəsarətlərdən 06 dekabr 2024cü il tarixdə ölmüş Lamiyə Əliyeva onunla birlikdə kirayədə yaşamışdır. O, həmin evdə təxminən 3 ildir ki, kirayə yaşayır. Son zamanlar tək yaşamaq darıxdıcı olduğundan otaq yoldaşı axtarmış, bu minvalla 2024-cü ilin noyabr ayının əvvəllərində Füzuli rayon sakini Lamiyə Əliyeva ilə tanış olmuş və sonuncu Masallı rayonuna işləmək üçün gəldiyini, onunla birlikdə kirayədə qalmağın sərf edəcəyini bildirmiş və birlikdə qalmaq barədə razılaşmışlar. Bundan sonra Lamiyə onunla birlikdə kirayədə yaşamağa başlamışdır. Lamiyə çox mədəni və tərbiyəli qız olmuşdur. 29 noyabr 2024-cü il tarixdə axşam saat,larında işi olduğunu bildirib evdən çıxmış və qayıdacağını bildirmişdir. Səhəri gün isə sosial-şəbəkələrin birində Lamiyənin yol-nəqliyyat hadisəsi zamanı xəsarət aldığını eşitmişdir. Bundan sonra Masallı rayon mərkəzi xəstəxanasına getmişdir. Hadisə ilə bağlı əlavə məlumatı yoxdur. Cinayət işi üzrə ifadəsi elan edilməklə təqdiq edilmiş Şahid3 ifadəsində göstərmişdir ki, bir övladı var. Oğlu Təqsirləndirilən şəxs 2014-cü ildən AR FHN-nin DYMX-nin Masallı rayon DYMH-də sürücü işləyir. Samir 2024-cü ilin təxminən sentyabr ayında Sumqayıt şəhər sakinindən “Mercedes Benz 200” minik markalı **-EH-*** dövlət qeydiyyat nişanlı avtomaşın almış, həmin avtomaşını bacısı oğlu Asif Babayevin adına nəqliyyat vasitəsinə sərəncam verməyə dair etibarnamə əsasında rəsmiləşdirmişdir. Bundan sonra isə Asif Babayev nəqliyyat vasitəsini idarə etməyə dair Samirə etibarnamə vermişdir. Samir iş rejiminə əsasən bir gün işdə, iki gün evdə qalıb, asudə vaxtlarında əlavə gəlir əldə etmək məqsədi ilə aldığı avtomaşınla taksi fəaliyyəti ilə məşğul olmuşdur. Sonuncu dəfə Samir 29 noyabr 2024-cü il tarixdə taksi kimi işləmək üçün evdən çıxmışdır. Həmin gün saat 22:30 radələrində xatırlamadığı nömrədən ona zəng gələrək, oğlu Samirin Ələt-Astara magistral yolunda idarəetdiyi avtomaşınla yol nəqliyyat hadisəsi keçirdiyini, özünün və yanında olmuş sərnişinin ağır vəziyyətdə xəstəxanaya daxil olduğunu bildirmişlər. Dərhal Masallı rayon mərkəzi xəstəxana getmiş, orada oğlunun huşsuz vəziyyətdə olduğunu, ona acil bölməsində ilkin tibbi yardım göstərildiyini görmüşdür. Xəstəxanadan ona ixtisaslı tibbi yardım üçün Samirin Bakı şəhərinə aparılmalı olduğunu demişlər. TTTY avtomaşını ilə Samiri Bakı şəhərində yerləşən “Funda” Hospitalına aparmış, həmin xəstəxanada əməliyyat və müalicə olunmuşdur. Nisbətən özünə gələndən sonra isə evə gətirmişdirlər. Eyni zamanda hadisə zamanı Samirin avtomaşınında olmuş sərnişin Lamiyə Əliyeva bir neçə gün Masallı rayon mərkəzi xəstəxanasında müalicə almasına baxmayaraq 06 dekabr 2024-cü il tarixdə müalicə aldığı xəstəxanada ölmüşdür. X13 müalicə və dəfni üçün ailə üzvlərinə maddi kömək etmişdir. Hadisədən sonra oğlu X16 müştəri kimi bir neçə gün əvvəldən tandığını, sonuncunu bir neçə dəfə müxtəlif ünvanlara apardığını, 29 noyabr 2024-cü il tarixdə yenə sifarişi əsasında X9 rayonuna aparan zaman yolda anidən idarəetməni itirdiyini və avtomaşının beton sütuna çırpıldığını bildirmişdir. Samirin sürücülük vəsiqəsi və hüququ vardır. Samir heç vaxt spirtli içki və narkotik vasitə qəbul etməmiş, namaz qılmışdır. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2007-ci ildən X10, 2012-ci ildən isə Baş Dövlət Yol Polisi idarəsində, Yol Patrut Xidməti Alayının 11-ci tağımında inspektor vəzifəsində, polis baş serjantı rütbəsində xidmət edir. Xidmət yeri BDYPİ-nin Masallı rayonu ərazisində, Ələt-Astara-iran Sərhədi yolunda yerləşən 726 saylı stasionar postdur. 29 noybar 2024-cü il tarixdə Ələt-Astara-İran Sərhədi köhnə yolunun 150-ci kilometrində, Cəlilabad rayonun Göytəpə şəhəri ərazisindən keçən hissəsində xidmətdə olmuşdur. Həmin tarixdə saat 22 radələrində AR DİN-in 102 XZM-nə daxil olmuş, müraciətə əsasən 726 saylı stasionar postdan ona təzə Ələt-Astara- İran Sərhəddi yolunun Masallı rayonu Şərəfə kəndi ərazisindən keçən hissəsində yol nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat verilmişdir. Dərhal xidməti avtomaşınla məlumatda göstərilən hadisə yerinə getmişdir. Həmin yer Ələt-Astara-İran Sərhədi yolunun 129,5-ci kilometri olmuşdur. Hadisə yerinə çatanda yolun üzü Ələt qəsəbəsi istiqamətində “Mercedes Benz 200 minik” markalı **-EH-*** dövlət qeydiyyat nişanlı avtomaşının yolun üzərində olan körpünün beton sütununa çırpılaraq, zədələndiyini, deformasiyaya uğramış vəziyyətdə olduğunu aşkar etmişdir. Həmin vaxt ətrafda və avtomaşında heç kim olmamışdır. Lakin avtomaşının ön salonunda qan izləri olmuşdur. Mobil telefonla həmin ərazinin təhqiqatçısı, polis kapitanı Abbasağa Paşayevə məlumat vermiş, sonucu xəstəxana məlumatı daxil olduğunu və hadisə yerinə gələcəyini demiş, təxminən 20-25 dəqiqədən sonra təhqiqatçı hadisə yerinə çatmış və sənədləşmə işləri aparmışdır. Bundan sonra birlikdə həmin avtomaşının sürücüsü və sərnişinin şəxsiyyətini müəyyən etmək və vəziyyətini maraqlanmaq üçün Masallı rayon Mərkəzi Xəstəxanasına getmişlər. Həmin xəstəxanda sürücünün Masallı rayon sakini Təqsirləndirilən şəxs, sərnişinin isə Lamiyə Əliyeva olduğunu müəyyən etmişlər. Onların hər ikisinin aldığı xəsarətlərə görə vəziyyəti ağır olmuşdur. Təhqiqatçı sürücüdən ilkin izahat almağa başlamış, o isə xidmət yerinə qayıtmışdır. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan olunmaqla tədqiq edilmiş: Cinayət işi materiallarında olan xx.xx.2024-cü il tarixli yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokoldan, ona əlavə edilmiş fotocədvəldən və yol nəqliyyat hadisəsinin sxemindən görünür ki, hadisə yeri təzə Ələt-Astara-İran sərhədi avtomobil yolunun Masallı rayonu Şərəfə kəndi ərazisindən keçən 129,5-ci kilometridir. Yol asfalt örtüklü, düz, hamar olub, qurudur. Yolunun asfalt hissəsini ümumi eni 7,5 metr, yol 2 hərəkət zolaqlı olmaqla hər zolağın eni 3,75 metrdir. Ələt qəsəbəsi istiqamətində yolun sağ hissəsində olan sarı xətlə hərəkət hissəsi arasında 0,7 metr məsafə vardır. Ələt qəsəbəsi istiqamətində yolun sağ hərəkət hissəsinin sağ kənarından 7,6 metr məsafədə şüşə və avtomaşın hissələrinin qırıntıları tökülmüşdür. Həmin yer “Mercedes Benz 200” minik markalı avtomaşının körpünün beton sütununa çırpıldığı yerdir. Hadisə yerində maksimal surət həddi 110 km/saat-dır. Hadisə yerində tormoz izləri aşkar edilməmişdir. Hadisə yerində sol zolaqdan toqquşma yerinə qədər istiqamətlənən “Mercedes Benz 200” minik markalı avtomaşına məxsus şin izləri asfalt üzərində qalmışdır. Hadisənin hər hansı video görüntüsünün qeydə alınması aşkar edilməmişdir. Məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının 08 yanvar 2025-ci il tarixli 8/3531 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Mercedes-Benz 200” minik markalı, **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Təyin edilərək keçirilmiş məhkəmə tibbi ekspertizasının 06 dekabr 2024-cü il tarixli, 40 nömrəli rəyindən görünür ki, X1 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı aşkar olunan xəsarətlər - açıq kəllə beyin travması, baş beyinin əzilməsi, sol gicgah sümüyünün və əsas sümüyün böyük qanadının sınığı, baş beyin toxumasına və yumşaq qişasına qansızma, sol körpücük sümüyünün sınığı, başın sol gicgah-ənsə nahiyəsinin və sol budun yuxarı 1/3-nin ön hissəsinin əzilmiş yarası və bədənin müxtəlif nahiyələrinin sıyrıqları və qançırları bərk küt əşyanın (əşyaların) güclü təsirindən törənmişdir, qərarda göstərilən vaxtda və şəraitdə, yəni 29 noyabr 2024-cü il tarixdə avtomobil qəzası zamanı avtomobilin salonundakı qabarıq hissələrin təsirindən əmələ gələ bilərdi, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdir. X1 ölümünə səbəb kəllə qapağı və kəllə əsas sümüklərinin sınığı nəticəsində əmələ gələn baş-beyin toxumasının əzilməsi olmuşdur. Ölüm 06 dekabr 2024-cü il tarixdə saat 18:02 dəqiqədə xəstəxanada baş vermişdir. Təyin edilərək keçirilmiş məhkəmə-tibbi ekspertizasının 19 dekabr 2024-cü il tarixli, 591/MEŞ nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində qeyd olunan xəsarətlər-aşağı ətraflarda hərəkət funksiyasının pozulması, hemopnevmotoraks və sağ ağciyərin əzilməsi ilə müşayiət olunan onurğa sütunun İV-Vİİ döş fəqərələrinin kompression, fəsadlaşmış sınıqları, sağdan X qabırğanın və döş sümüyünün sınıqları, döş qəfəsinin arxa səthinin yumuşaq toxumalarının hemotoması bərk küt əşyanın (əşyalarının) təsiri nəticəsində əmələ gəlmişdirlər, qarın təsvir hissəsində göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddirlər. Masallı rayon İcra Hakimiyyəti Başçısının Viləş kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Muradov X8 rayonu Viləş kəndində qeydiyyatdadır və yaşadığı yer üzrə müsbət xarakterizə edilir. Elektron çıxarışdan görünür ki, 16 iyul 2022-ci il təvəllüdlü X12 adlı uşağın atası Təqsirləndirilən şəxsdur. Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. 29 noyabr 2024-cü il tarixli, 355 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin təhqiqatçısı A.Paşayev tərəfindən sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün Təqsirləndirilən şəxs tibbi müayinəyə göndərilmiş, müayinə alkotesterlə aparılmış və rəydə “ayıqdır, alkoqoldan sərxoşluq əlaməti yoxdur” qeydi aparılmışdır. xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Təqsirləndirilən şəxs hər ay 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 200 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X6 xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2024-cü il tarixdə Masallı Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuşdur. Maddi sübutun tanınması və təhvil verilməsi haqqında 13 yanvar 2025-ci il tarixli 630 saylı qərardan və cinayət işinə əlavə edilmiş qəbzdən görünür ki, “Mercedes Benz 200” minik markalı **-EH-*** dövlət qeydiyyat nişanlı avtomaşın cinayət işi üzrə maddi sübüt kimi tanınmış və saxlanması üçün sahibinə qaytarılmışdır. İş materiallarında olan AF № 136622 seriyalı sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs «BC» dərəcəsi ilə nəzərdən tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququna malikdir. Sürücülük vəsiqəsinin verilmə tarixi xx.xx.2020, etibarlılıq müddəti xx.xx.2030-cu il tarixədəkdir. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şahədatnaməsinin və ƏN-Vİİ № 170191 seriyalı etibarnamənin surətlərindən görünür ki, “Mercedes Benz 200 minik” markalı, **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X15 tərəfindən Təqsirləndirilən şəxs həmin nəqliyyat vasitəsini 18 may 2030-cu il tarixədək idarə etmək səlahiyyəti verilmişdir. İş materiallarında olan Lənkəran Şəhər Psixiatriya Xəstəxanası tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 220 saylı arayışından görünür ki, Muradov X2 xəstəxanasında qeydiyyatda deyil. İş materiallarında olan Lənkəran Şəhər Narkoloji Xəstəxanası tərəfindən verilmiş 12 fevral 2025-ci il tarixli, 204 saylı məktubdan görünür ki, Muradov X4 Xəstəxanada qeydiyyatda deyildir. Masallı Rayon Mərkəzi X11 Şəxs tərəfindən verilmiş 12 fevral 2025-ci il tarixli, 18-1- 60/2-340/2024 saylı məktubdan görünür ki, Muradov X8 Rayon Mərkəzi X11 Şəxsin poliklinika şöbəsində narkoloji və ruhi-əsəb kabinetlərində dispanser qeydiyyatında durmur. Azercell MMC-dən daxil olmuş 01 may 2025-ci il tarixli, 8267 saylı məktuba əlavə olan 01 ədəd CD diskə baxış zamanı cinayət işi üzrə əhəmiyyət kəsb edən hər hansı hal aşkar olunmamışdır. Azərbaycan Respublikası CPM-in 125.1, 125.2.1 və 125.2.7-ci maddəsinin tələbinə görə əsasən, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin, şahidlərin məhkəmə iclasında verdiyi ifadələri, cinayət işi materiallarında olan xx.xx.2024-cü il tarixli yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokol, ona əlavə edilmiş fotocədvəl və yol nəqliyyat hadisəsinin sxemi, yol-nəqliyyat hadisələri, məhkəmə-tibbi ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək, tam sübuta yetirilmişdir. Məhkəmə bilavasitə məhkəmə istintaqında tədqiq edilən biri-digərini tamamlayan mötəbər və mümkün sübutlara əsaslanaraq, habelə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, onların kifayət etməsi nəticəsinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 263.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsinə əsasən Bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələbinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 1-ci bəndinə əsasən məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayəthüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamının 13-cü bəndinə əsasən məhkəmələrə tövsiyə edilir ki: - cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; - cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4, 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar azyaşlı uşağının olması, iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edilməsi və cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəyərək aradan qaldırması müəyyən edilmişdir. Məhkəmə, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə səmimi peşman olmasını və yaşadığı yer üzrə müsbət xarakterizə edilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 nömrəli qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yol nəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyat keçirilməsini zəruri edir. Bununla bağlı məhkəmələrin diqqəti yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilsin. Qeyd olunan həmin plenum qərarının 21-ci bəndində göstərilir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilibedilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 47-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr CPM-in 346.1.11 - 346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-in 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Həmin Plenum qərarının 48-ci bəndinə əsasən cinayət qanununun sanksiyası müəyyən müddətə azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza növünü nəzərdə tutursa və təqsirkara məhz azadlıqdan məhrum etmə cəzası təyin edilirsə, hökmdə daha yüngül cəza növünün və ya həddinin təyin edilməməsinin səbəbləri göstərilməlidir. Eləcə də təqsirkarın şərti məhkum olunması, ona təqsirli bilindiyi cinayətə görə CM-in Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi, cəzadan azad edilməsi hökmdə əsaslandırılmalıdır. CPM-in 346.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında aşağıdakı məsələlər göstərilən ardıcıllıqla məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır):....346.1.11. təqsirləndirilən şəxsə məhz hansı cəzanın (o cümlədən cinayətlərin residivi, cinayətlərin məcmusu, hökmlərin məcmusu, cəzaların birləşdirilməsi, cəza müddətlərinin hesablanması, cəzanın əvəz edilməsi, şərti məhkum etmənin tətbiq edilməsi imkanı nəzərə alınmaqla təyin edilməli olduğu; 346.1.12. təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın çəkilməli olub-olmadığı; 346.1.13. təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edildikdə, hansı cəzaçəkmə və ya tərbiyə müəssisəsinin müəyyən edilməli olduğu; 346.1.14. cinayətin törədilməsində təqsirli hesab edilmiş təqsirləndirilən şəxs barəsində əlavə cəzaların və məhz hansı cəzanın təyin edilməsinin zəruri olub-olmadığı; CPM-in 353.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmünün təsviriəsaslandırıcı hissəsində aşağıdakılar göstərilməlidir:.....353.2.7. bu Məcəllənin 346.1.11- 346.1.14-cü maddələrində nəzərdə tutulmuş məsələlərin həlli zamanı məhkəmənin gəldiyi nəticələrin motivləri; Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növü və həddi məsələsini müzakirə edərək hesab edir ki, CM-in 8, 41.2, 58.3 və 60.1-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, yaşını, ailə və sosial vəziyyətini, azyaşlı övladının olmasını, onun saxlanılmasına görə hər ay 200 manat aliment ödəməsini, cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, baş vermiş hadisə nəticəsində özünün sağlamlığına ağır zərər vurulmasını habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsində göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırkı halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilməsi nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə cəzası cəzanın məqsədini təmin edəcəkdir. Məhkəmə CPM-in 346.1.19-cu maddəsinin tələbi baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə Masallı RPŞ-nin müvəqqəti dayanacaq yerində saxlanılan “Mercedes Benz 200 minik” markalı **-EH-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili etibarnamə əsasında idarə edən Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalıdır. Məhkəmə CPM-in 346.1.21-ci maddəsinin tələbinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekspertizanın dəyəri olan 85 (səksən beş) manat məbləğində pul vəsaiti tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə CPM-in 346.1.22-ci maddəsinin tələbinə əsasən cəzanın çəkilmə müddətinin hansı tarixdən başlanılması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının əvvəli onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini müzakirə edərək, müsadirə ediləcək əmlakın olmamasını müəyyən etdi. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 11 saat vaxt sərf etmişdir. Ona görə də, 110 (bir yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsindən Müdafiəçi ödənilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-356 və 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 01 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altınavermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut: “Mercedes Benz 200 minik” markalı **-EH-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili etibarnamə əsasında idarə edən Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinin **********, X3 KOD 210005, VÖEN **********1, Müxbir hesab AZ 41 NABZ********************, SWİFT BİK CTREAZ 22, VÖEN **********, AZ3434CTRE******************** hesabına köçürülsün. Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi xidmətə görə 110 (bir yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsindən ödənilsin. Hökmdən, elan olunduğu andan (həbsdə saxlanılan məhkum üçün hökmün surətini aldığı andan) 20 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Ellara Abbasova.
Məhkəmə qərarları › İş №1(050)-54/2025
Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-54/2025
26.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver