Məhkəmə qərarları › İş №1(050)-55/2024

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-55/2024

11.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-55/2024 11.07.2024 MASALLI RAYON MƏHKƏMƏSİ X2 (sədrlik edən), Məhkəmə iclasının katibi X10, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Masallı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, İİ qrup əlil, Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə təqsirli bilinərək Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən aylıq qazancının 10 (on) faizi dövlət nəfinə tutulmaqla qəti olaraq 4 (dörd) ay müddətə işlah işləri cəzasına məhkum edilmiş, hazırda cəzası çəkilməmiş qalan, Masallı şəhəri D.Əbilova küçəsi ev 22-də qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş, xx.xx.2024-cü il tarixdə tutulmuş, hazırda həbsdə olan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə əvvəllər tanımadığı Masallı şəhər sakini Zərərçəkmiş şəxs1 Bakı şəhəri Ramana qəsəbəsində yerləşən 0,02 ha həyətyanı torpaq sahəsini 2000 manat pulun müqabilində satacağına dair yalan vəd verməklə üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadıb özünə inandırdıqdan sonra xx.xx.2023-cü il tarixdə online mobil tətbiqindən istifadəsində olan “Leobank” kart hesabına köçürmə üsulu ilə Zərərçəkmiş şəxs1 500 manat pulunu və xx.xx.2023-cü il tarixdə Masallı şəhəri H.Aslanov küçəsində yenə 500 manat pulunu vahid niyyətlə alıb ələ keçirməklə Zərərçəkmiş şəxs1 ümumilikdə 1000 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə əvvəllər tanımadığı Masallı şəhər sakini Zərərçəkmiş şəxs2 məxsus olan Masallı şəhəri “Azərbaycan” küçəsində yerləşən inşaat malları mağazasından 150 kv/m ölçüdə, 2000 manat dəyərində keramiq-metlaq alacağına dair yalan vəd verməklə üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla həmin materialı dediyi ünvana çatdırıldıqdan sonra pulunu verəcəyini deyərək aldadıb özünə inandırdıqdan sonra Zərərçəkmiş şəxs2 sifariş verilən ünvana gətirdiyi 2000 manat dəyərində keramiq-metlağın pulunu ödəmək üçün sonuncuya 5100 Azərbaycan manatı nisbətində 3000 ABŞ dolları pul göndərdiyini, göndərdiyi pulun 2000 manatını alqı-satqıya sərf etməsini, 1000 manatını pul göndərdiyi adamla ona geri qaytarmasını, 2100 manatını isə ona təcili olaraq manatla pul vəsati lazım olduğu üçün “Leobank” kart hesabına göndərməsini istədikdən sonra Zərərçəkmiş şəxs2 xx.xx.2023-cü il tarixdə saat 14:01-də Masallı şəhəri Seybətin dairəsi “Araz” marketdəki “Milliön” elektron ödəmə terminalından onun istifadəsində olan “Leobank” kart hesabına köçürmə üsulu ilə 700 manat və həmin tarixdə saat 16:21-də Masallı şəhəri 20 yanvar küçəsi “Araz” marketdəki “Milliön” elektron ödəmə terminalından yenə onun “Leobank” kart hesabına köçürmə üsulu ilə 1100 manat pulu köçürdükdən sonra, Zərərçəkmiş şəxs2 qarşılığında pul göndərməyərək, həmçinin sifariş verdiyi keramiq-metlağı qəbul etməyərək sonuncunu aldadıb vahid niyyətlə 1800 manat pulunu ələ keçirməklə Zərərçəkmiş şəxs2 ümumilikdə 1800 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Həmin əməllərinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə ittiham elan edilmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, zərərçəkmiş şəxslərlə arasında olan sövdələşmə alınmamışdır. Belə ki, 2023-cü ilin avqust ayının əvvəllərində Masallı şəhəri Köhnə Bazar adlanan ərazidə olduğu zaman tanışı, Masallı rayon Yeddioymaq kənd sakini Şahid1 Füzuli oğlu ilə təsadüfən rastlaşmışdır. Həmin vaxt Tural ona Masallı şəhər sakini Zərərçəkmiş şəxs1 adlı tanışının olduğunu, həmin şəxsin Bakı şəhərində 0,02 ha həyətyanı torpaq sahəsi almaq istədiyini və əgər Bakı şəhərində torpağı varsa Nahidəyə sata biləcəyini demişdir. Rusiya Federasiyasında yaşayan tanışının Ramana qəsəbəsində 2 sot torpaq sahəsinin olduğunu və həmin torpaq sahəsinin bir sotunu 2000 manata satmaq istədiyini dediyi üçün o da həmin torpaq sahəsini Zərərçəkmiş şəxs1 satmaq istəmişdir. Bu barədə Turala dedikdən sonra Tural Nahidəyə zəng edib məlumat vermiş və Nahidə özünün onunla sonra danışacağını bildirərək Turaldan mobil nömrəsini almışdır. Bir müddət sonra Masallı şəhərində olduğu vaxt Zərərçəkmiş şəxs1 mobil telefonuna zəng edərək Bakı şəhəri Ramana qəsəbəsində yerləşən satmaq istədiyi 2 sot həyətyanı torpaq sahəsini almaq istədiyini demiş və həmin torpaq sahəsini neçəyə satmaq istədiyini soruşmuşdur. O, həmin vaxtı Nahidəyə torpaq sahəsinin tanışına məxsus olduğunu, həmin şəxs ona torpağın bir sotunu 2000 manata satmağını tapşırdığını bildirmişdir. Nahidə Ramana qəsəbəsində olan bir sot torpaq sahəsini ondan 2000 manata almağına razılaşmış və beh olaraq onun Nahidəyə verdiyi “LeoBank” plastik kartına Nahidə 500 manat pul köçürmüşdür. Bundan bir müddət sonra Nahidə ilə Masallı rayonunda İsgəndərli deyilən ərazidə görüşmüş və həmin vaxt Nahidə əlavə olaraq ona 300 manat da vermişdir. Lakin müalicəsi ilə bağlı Maştağa qəsəbəsində yerləşən xəstəxanaya getməli olmuşdur və Nahidəyə 3-4 ay səbrli olması, əgər istəyirsə torpağı satan şəxsin telefon nömrəsini ona verə biləcəyini demişdir. Nahidə isə gözləyəcəyini demişdir. Lakin buna baxmayaraq Nahidə onun barəsində polis şöbəsinə şikayət etmişdir. Bundan başqa o, 2023-cü ilin sentyabr ayında Zərərçəkmiş şəxs2 işlətdiyi Masallı şəhəri Təzə Bazar deyilən yerin yaxınlığında olan tikinti materialları mağazasına getmişdir. Mağazada Kazımın olmadığını, oğlu Sadiqin və işçilərinin olduğunu görmüşdür. Sadiqdən atasının harada olduğunu soruşduqda ona evdə olduğunu demiş və danışmaq üçün ondan mobil telefonunu almışdır. Sonra Kazıma zəng edərək kim olduğunu demiş Kazım onu tanımış, hətta atasını da tanıdığını deyərək nə qulluqunun olduğunu soruşmuşdur. O, Kazıma “kafel-metlaq” və pul lazım olduğunu, Rusiya Federasiyasından ona 3000 ABŞ dollar pul göndəriləcəyini, həmin məbləğdə dolları aldıqdan sonra onun pulunu qaytaracağını bildirmişdir. Kazımda onunla razılamış və onun dediyi “LeoBank” və “Kapitalbank” kartlarına 2100 manat pul göndərmişdir. Lakin Rusiyadan 3000 ABŞ dollar pul gəlmədiyi üçün o Kazımdan aldığı pulu geri qaytara bilməmişdir. Kafelləri isə sifariş etmiş olsa da, onları qəbul etməmişdir. Adına torpaq sahəsi vardır. Azadlıqda çıxacağı təqdirdə həmin torpaq sahəsini satıb dəymiş ziyanı ödəyəcəkdir. Qarabağ müharibəsi qazisidir, 5 medalla təltif olunmuşdur. Sağ ayağında güllə yarası vardır. Sol qulağının pərdəsi yoxdur və kəllə beyin travması vardır. Bununla bağlı Bakı şəhəri Maştağa qəsəbəsində və Papanin adlanan ərazidə yerləşən xəstəxanalarda müalicə olunur. Məhkəməyə gəlməməsinə səbəbdə müalicədə olması olmuşdur. Əməlindən səmimi peşmandır. Məhkəmədən qazi olmasını nəzərə alaraq ona yüngül cəza azadlığın məhdudlaşdırılması cəzasının verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün qismən etirafedici ifadəsi ilə yanaşı zərər çəkmiş şəxslərin, şahidlərin ifadələri və iş üzrə toplanmış digər sübutlarla təsdiq olunur. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadə verərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə yaşadığı evdə olduğu vaxt oğlu Sadiq Kazımov mobil telefonuna zəng edərək ona mağazada satıcıları Şahid3 və Vəkilağa Şəbiyevlə birlikdə olduğu vaxt əvvəllər tanımadığı, lakin kimliyinin sonradan Masallı şəhər sakini Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxsin mağazaya gələrək dollarla keramiqmetlaq almaq istədiyini və mobil telefon nömrəsini alaraq getdiyini bildirmişdir. O, Faiqi tanımasada rəhmətlik atası Fərhadı yaxşı insan kimi tanımışdır. Qısa müddət sonra Faiq mobil telefonuna zəng edərək telefonda ona Masallı şəhəri “Köhnə Bazar” deyilən ərazidə yerləşən Bank Respublikanın yanında icarəyə obyekt götürdüyünü, həmin obyekti təmir etmək üçün 150 kv/metr ölçüdə keramiq-metlaq lazım olduğunu, mağazada olan müxtəlif çeşidli keramiq-metlaq mallarına baxdığını və ağ mərmərli formada olan keramiq-metlağı bəyənib almaq istədiyini bildirmişdir. O, Faiqə bəyəndiyi həmin formada və ölçüdə olan keramiq-metlağı 2000 manata satacağını demiş və Faiqdə onunla razılaşmışdır. Sonra Təqsirləndirilən şəxs ona bəyənib seçdiyi 150 kv/m ölçüdə, 2000 manat dəyərində olan keramiq-metlağı saat 14 radələrində Masallı şəhəri “Köhnə Bazar” deyilən ərazidə yerləşən Bank Respublikanın yanına gətirməyini və pulunu orda verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs inanıb həmin günü saat 14 radələrində mağazaya gedib oradan 2000 manat dəyərində 150 kv/metr ölçüdə keramiq-metlağı qardaşı Şahid5 Qazel markalı yük avtomobilənə yığıb Bank Respublikanın yanına aparmışdır. Bank Respublikanın qarşısına çatdıqdan sonra o Faiq Eyvazoun 051 794 10 96 saylı mobil telefonuna zəng edərək sifariş etdiyi 2000 manat dəyərində 150 kv/metr ölçüdə keramiq-metlağı dediyi yerə gətirdiyini bildirmiş və harada olduğunu soruşmuşdur. Faiq telefonda ona Masallı rayonunda olmadığını, birazdan qohumu olan bir nəfər şəxsin yanına gəlib sifariş etdiyi 2000 manat dəyərində 150 kv/m ölçüdə keramiq-metlağı ondan qəbul edəcəyini və üzərində Azərbaycan manatı olmadığından həmin şəxsdən 3000 ABŞ dollar pul göndərəcəyini demişdir. Daha sonra ona göndərəcəyi 3000 ABŞ dollar pulun Azərbaycan manatı ilə 5100 manat etdiyini, hazırda ona Azərbaycan manatı ilə təcili pul lazım olduğunda 2100 manat kart hesabına pul göndərməyini, 3000 ABŞ dollar pulu qohumu ona verən zaman qalan 1000 manat pulu da həmin şəxsə verməyini bildirmiş və öz adına olan “Leobank” tərəfindən verilmiş 4098 5844 9404 9974 saylı hesab nömrəsini vermişdir. O, Təqsirləndirilən şəxs dediklərinə inandığı üçün onunla razılaşmış və üzərində o qədər pulu olmadığı üçün mağazaya gedib kassadan 700 manat pulu götürüb yaxınlıqda olan Masallı şəhəri Seybətin küçəsində yerləşən “Araz” marketdə “Milliön” elektron ödəmə sistemi ilə Təqsirləndirilən şəxs 4098 5844 9404 9974 saylı hesab nömrəsinə göndərmişdir. Daha sonra “Köhnə Bazar” deyilən ərazidə yerləşən Bank Respublikanın yanına gəlib Qazel markalı avtomobildə Faiqin dediyi adamın gəlməsini gözləmişdir. Həmin yerdə saat 16 radələrinə kimi gözləsə də Faiqin dediyi adamın gəlmədiyini görüb ona zəng etmişdir. Faiq ona həmin adamın birazdan gəlib keramiq-metlağı qəbul edəcəyini, 700 manat pulu kartdan götürdüyünü və təcili olaraq 1100 manatda həmin kart hesabına göndərməyini xahiş etmişdir. Faiqin dediklərinə bir daha inandığı üçün 1100 manat pul tapıb dayandığı yerin yaxınlığında olan Masallı şəhəri “Köhnə bazar” adlanan yerdəki “Araz” marketdə “Milliön” elektron ödəmə sistemi ilə Təqsirləndirilən şəxs 4098 5844 9404 9974 saylı hesab nömrəsinə göndərmişdir. Təqsirləndirilən şəxs hissə-hissə 1800 manat pulu göndərdikdən sonra təxminən bir saat müddətdə Bank Respublikanın yanında Qazeldə qardaşı ilə gözləmiş, lakin Faiqin dediyi adamın 3000 ABŞ dollar pulu gətirib 150 kv/metr ölçüdə keramiq-metlağı qəbul etmədiyini görmüşdür. Bundan sonra o Faiqin istifadəsində olan 051 794 10 96 saylı mobil telefonuna nə qədər zəng etsə də cavab verməmiş və aldadıldığını başa düşmüşdür. Sonra keramiq-metlağı mağazaya geri gətirmiş və həmin günü Masallı RPŞ-yə gedib Təqsirləndirilən şəxs tərəfindən aldadılaraq pulunun ələ keçirilməsi barədə şikayət ərizəsi yazmışdır. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam şəkildə ödənildiyini, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığının nəzərə alınmasını xahiş etdi. Belə ki, məhkəmə istintaqında iştirak etmədiyi üçün ibtidai istintaq dövründə verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 bildirmişdir ki, Masallı şəhərində yaşasa da Bakı şəhərində özünə ev tikmək məqsədilə 0,02 ha həyətyanı torpaq sahəsi almaq istəmişdir. 2023-cü ilin təxminən iyun ayında Masallı rayonu Yeddioymaq kənd sakini olan Şahid1 adlı tanışı ilə söhbət edən zaman ona Bakı şəhərində torpaq almağına köməklik etməsini demişdir. Həmin vaxt Tural ona bu barədə maraqlanacağını, əgər kimsə Bakı şəhərində torpaq satsa xəbər edəcəyini bildirmişdir. xx.xx.2023-cü il tarixdə Şahid1 mobil telefonuna zəng edərək, tanışı olan Masallı şəhər sakini Təqsirləndirilən şəxs Bakı şəhəri Ramana qəsəbəsində 0,02 ha həyətyanı torpaq sahəsinin olduğunu və həmin torpaq sahəsini 3000 manata satmaq istədiyini demişdir. Telefon danışığı zamanı o, Turala 3000 manat pulunun olmadığını dedikdə, Tural ona Təqsirləndirilən şəxs mobil telefon nömrəsini verərək özünün Faiqlə danışıb razılaşmağını və lazım olarsa ilkin olaraq Faiqə beh də verə biləcəyini bildirmişdir. Bundan bir müddət sonra, yəni xx.xx.2023-cü il tarixdə o başqa işi ilə əlaqədar Naxçıvan Muxtar Respublikasının ərazisində olduğu zaman Təqsirləndirilən şəxs 051 794 10 36 saylı mobil telefonuna zəng edib Bakı şəhəri Ramana qəsəbəsində yerləşən satmaq istədiyi 0,02 ha həyətyanı torpaq sahəsini almaq istədiyini, lakin 3000 manat pulunun olmadığını, həmin torpaq sahəsinin ondan 2000 manat pulun müqabilində almaq istədiyini demişdir. Təqsirləndirilən şəxs ona Ramana qəsəbəsində yerləşən özünə məxsus olduğu dediyi 0,02 ha torpaq sahəsini 2000 manata satmağına razılaşmış və ilkin olaraq 500 manat beh göndərməyini xahiş etmişdir. Bundan sonra o həmin vaxtı Təqsirləndirilən şəxs göndərdiyi “Leobank” tərəfindən verilmiş adına olan 4098 5844 9404 9974 saylı hesab nömrəsinə mobil telefonu vasitəsilə hesabında olan puldan 500 manat pulu onun hesabına köçürmüşdür. Razılaşmaqlarına əsasən bir gün sonra Faiqə yenə pul verməli olduğu üçün xx.xx.2023-cü il tarixdə Masallı şəhərinə gəlmiş və ona zəng edərək Masallı şəhəri H.Aslanov küçəsində yerləşən aptekin qarşısında olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs qısa müddətdən sonra aptekin qarşısına gəlmiş və orada özünə məxsus “Kia Rio” markalı avtomobilinin içində Faiqə 500 manat pul vermişdir. Yenə razılaşmaqlarına əsasən Faiqə qalan 1000 manat pulu xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Qaraçuxur qəsəbəsində yerləşən ASAN Xidmət mərkəzində verəcəkmiş və həmin vaxtı da Faiq Ramana qəsəbəsində yerləşən özünə məxsus olduğu dediyi 0,02 ha torpaq sahəsini onun adına sənədləşdirəcəkmiş. xx.xx.2023-cü il tarixdə o Bakı şəhəri Qaraçuxur qəsəbəsində yerləşən ASAN Xidmət mərkəzinə getsə də, Təqsirləndirilən şəxs ASAN xidmətə gəlməmişdir. Həmin vaxtı nə qədər onun istifadəsində olan mobil telefona zəng etsə də, zənglərinə cavab verməmiş və sonra telefonunu söndürmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs məqsədinin 0,02 ha torpaq sahəsini ona 2000 manata satmaq olmadığını, etibarından sui-istifadə edib onu aldadaraq 1000 manat pulunu ələ keçirmək olduğunu başa düşmüşdür. Daha sonra xx.xx.2023-cü il tarixdə Masallı RPŞ-yə gəlib Təqsirləndirilən şəxs Bakı şəhəri Ramana qəsəbəsində yerləşən 0,02 ha həyətyanı torpaq sahəsini satacağı adı ilə onu aldadıb 1000 manat pulunu alması barədə şikayət ərizəsi yazmışdır. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, ona qarşı heç bir ədavəti və düşmənçilyi olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 fadəsində bildirdi ki, qardaşı Zərərçəkmiş şəxs2 Masallı şəhəri “Azərbaycan” küçəsində yerləşən tikinti materiallarının satışı mağazası var və həmin mağazada əsasən keramiq kafel-metlaq məhsullarını satır. O, özünə məxsus “Qazel” markalı, **-GU-*** nömrə nişanlı avtomobillə yüklərin daşınması işi ilə məşğul olub ailəsini dolandırır. Qardaşı Kazımın tikinti materialları mağazasından alınmış yükləri çox vaxt o həmin Qazel markalı avtomobili ilə daşıyıb ünvana çatdırır. xx.xx.2023-cü il tarixdə saat təxminən 14 radələrində yaşadığı evdə nahar etdiyi zaman qardaşı Zərərçəkmiş şəxs2 onunla əlaqə saxlayıb Təqsirləndirilən şəxs adlı şəxsin mağazadan 150 kv/m ölçüdə, 2000 manat dəyərində keramiq-metlaq sifariş etdiyini və həmin ölçüdə keramiq-metlağı Qzel markalı avtomobili ilə Masallı şəhəri “Köhnə Bazar” deyilən ərazidə yerləşən Bank Respublikanın yanına aparmağını bildirmişdir. Bundan sonra o Masallı şəhəri “Azərbaycan” küçəsində yerləşən tikinti materiallarının satışı mağazasına getmişdir. Mağazada fəhlələr 150 kv/metr ölçüdə keramiq-metlağı Qazel markalı yük avtomobilnə yığdıqdan sonra qardaşı Kazımla həmin keramiq-metlağı Masallı şəhəri “Köhnə Bazar” deyilən yerdəki Bank Respublikanın yanına aparmışdır. Bank Respublikanın qarşısına çatdıqda Təqsirləndirilən şəxs orada olmadığını görmüşlər və həmin vaxtı Kazım onun mobil telefonuna yanında zəng edib sifariş etdiyi 2000 manat dəyərində 150 kv/metr ölçüdə keramiq-metlağı dediyi yerə gətirdiyini deyərək harada olduğunu soruşmuşdur. Faiq telefonda Kazıma təcili işi çıxdığı üçün başqa yerə getdiyini və hazırda Masallı şəhərində olmadığını, birazdan qohumu olan bir nəfər şəxsin gəlib sifariş etdiyi 2000 manat dəyərində 150 kv/m ölçüdə keramiq-metlağı ondan qəbul edəcəyini və üzərində Azərbaycan manatı olmadığından həmin şəxsdən 3000 ABŞ dollar pul göndərdiyini bildirmişdir. Faiq daha sonra telefonda Kazıma göndərdiyi 3000 ABŞ dollar pulun Azərbaycan manatı ilə 5100 manat etdiyini, hazırda ona Azərbaycan manatı ilə təcili pul lazım olduğunda 2100 manat kart hesabına pul göndərməyini, 3000 ABŞ dollar pulu qohumu verən zaman qalan 1000 manat pulu da həmin şəxsə verməyini qeyd etmiş və pul göndərməsi üçün xatırlamadığı plastik kart nömrəsini ona vermişdir. Bundan sonra qardaşı Kazım ona yüklə birlikdə Qazeldə gözləməyini və Faiqin verdiyi kart hesabına gedib pul göndərib gələcəyini bildirmişdir. Təxminən bir saatdan sonra Kazım olduğu yerə gələrək 700 manat pulu Masallı şəhəri Seybətin küçəsində yerləşən “Araz” marketdə “Milliön” elektron ödəmə sistemi ilə Təqsirləndirilən şəxs hesabına köçürdüyünü demişdir. Saat 16 radələrinə kimi Qazeldə Kazım onunla birlikdə gözləsə də, Faiqin dediyi adamın gəlmədiyini görmüş və yenidən ona zəng etmişdir. Faiq telefonda yenə qardaşı Kazıma həmin adamın birazdan gəlib keramiq-metlağı qəbul edəcəyini və təcili olaraq 1100 manatda əlavə həmin kart hesabına göndərməyini bildirmişdir. Bundan sonra Kazım Masallı şəhəri “Köhnə bazar” adlanan yerdə dayandıqları yerin yaxınlığındakı “Araz” marketə gedib oradan Təqsirləndirilən şəxs əlavə olaraq 1100 manatda pul göndərmişdir. Qardaşı Kazım hissə-hissə Faiqə ümumilikdə 1800 manat pul göndərsə də, lakin Faiqin dediyi adamın 3000 ABŞ dollar pulu gətirib 150 kv/metr ölçüdə keramiq-metlağı qəbul etmədiyini görmüş və Faiq tərəfindən aldadıldığını başa düşmüşdür. Bundan sonra məcbur olub keramiq-metlağı mağazaya geri gətirmişlər və Kazım həmin günü polisə gedib Təqsirləndirilən şəxs tərəfindən aldadılaraq pulunun ələ keçirilməsi barədə şikayət etmişdir. Məhkəmə iclasında iştirak etmədiyi üçün ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid1 Füzuli oğlunun ifadəsindən görünür ki, Masallı şəhər sakini Təqsirləndirilən şəxs təxminən bir ildir tanıyır, ona qarşı heç bir ədavəti və düşmənçiliyi olmamışdır. 2023-cü ilin təxminən iyun ayının ortalarında tanışı Masallı şəhər sakini Zərərçəkmiş şəxs1 ilə görüşüb söhbət edən zaman Nahidə ona Bakı şəhərində 0,02 ha həyətyanı torpaq sahəsi almaq istədiyini demiş və bu işdə köməklik etməyini xahiş etmişdir. Həmin vaxt o tanışı Nahidəyə bu barədə maraqlanacağını, əgər kimsə Bakı şəhərində torpaq satsa xəbər edəcəyini bildirmişdir. xx.xx.2023-cü il tarixdə Masallı şəhəri Köhnə Bazar adlanan ərazidə olduğu zaman təsadüfən tanışı Təqsirləndirilən şəxsla qarşılaşmışdır. X21 şəhər sakini Zərərçəkmiş şəxs1 adlı tanışının olduğunu, həmin şəxsin Bakı şəhərində 0,02 ha həyətyanı torpaq sahəsi almaq istədiyini və əgər Bakı şəhərində satılıq torpağı varsa Nahidəyə sata biləcəyini demişdir. Faiq ona Bakı şəhəri Ramana qəsəbəsində 0,02 ha yəni, 2 sot torpaq sahəsinin olduğunu və həmin torpaq sahəsini 3000 manata satmaq istədiyini bildirmişdir. Bundan sonra o həmin vaxtı Faiqin yanında Nahidənin mobil telefonuna zəng edərək ona tanışı olan Masallı şəhər sakini Təqsirləndirilən şəxs Bakı şəhəri Ramana qəsəbəsində 0,02 ha həyətyanı torpaq sahəsinin olduğunu və həmin torpaq sahəsini ümumilikdə 3000 manata satmaq istədiyini demişdir. Telefon danışığı zamanı Nahidə ona 3000 manat pulunun olmadığını dedikdə, o Nahidəyə Faiqlə özünün danışıb razılaşmalarını bildirmiş və Faiqin mobil telefon nömrəsini ona vermişdir. Daha sonra Faiqlə sağollaşıb oradan çıxıb getmişdir. Bundan bir müddət sonra eşitmiş ki, Nahidə ilə Faiq Bakı şəhəri Ramana qəsəbəsində olan 0,02 ha torpaq sahəsini 2000 manat pulun müqabilində alıb-satmağa öz aralarında razılaşmış, bu məqsədlə Nahidə Faiqə 1000 manat pul da vermiş, lakin Faiq Nahidəni aldadaraq söz verdiyi torpaq sahəsini ona satmayıb pulunu ələ keçirmişdir. Təqsirləndirilən şəxs Nahidədən pul alan zaman orada olmamış və aldığı puldan ona verməmişdir. Məhkəmə iclasında iştirak etmədiyi üçün ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid2 ifadəsindən görünür ki, atası Zərərçəkmiş şəxs2 Masallı şəhəri Azərbaycan küçəsində yerləşən “Təzə bazar” deyilən yerin yaxınlığında tikinti materialları mağazası vardır. Mağazada çox vaxt atası olsa da, onun başqa işləri olanda o mağazaya gedib atasını əvəz edirmiş. xx.xx.2023-cü il tarixdə saat 12 radələrində mağazada satıcılar Şahid3 və Vəkilağa Şəbiyevlə birlikdə olduğu vaxt əvvəllər tanıdığı, Masallı şəhər sakini Təqsirləndirilən şəxs mağazaya gələrək keramiqmetlaq almaq istədiyini bildirmişdir. O, Faiqdən hansı formada və nə qədər keramik-metlaq almaq istədiyini soruşmuşdur. Faiq mağazanı gəzib baxdıqdan sonra 150 kv/metr ölçüdə ağ mərmərli formada olan keramiq-metlağı bəyəndiyini, lakin hazırda üzərində milli valyuta olmadığını, ABŞ dolları olduğunu demişdir. Faiqə dollarla metlaq satmadığını bildirmişdir. Bundan sonra Faiq ondan atasının mobil telefonunu istəmiş və oda Faiqə atası Kazımın mobil telefon nömrəsini vermişdir. Faiq telefon nömrəsini ondan alıb atası ilə özünün danışıb razılaşacağını deyərək mağazadan çıxıb getmişdir. Həmin günü saat 14 radələrində atası Kazım mağazaya gələrək Təqsirləndirilən şəxs telefonda onunla danışdığını və 150 kv/metr ölçüdə 2000 manat dəyərində keramiq-metlağı ona satmağa razılaşdığını bildirmişdir. Daha sonra atası işçiləri Vüsal və Vəkilağa ilə 150 kv/metr ölçüdə keramik-metlağı əmisi Sahibin Qazel markalı yük avtomobilinə yığaraq Faiqin dediyi yerə, yəni Masallı şəhəri “Köhnə Bazar” deyilən ərazidə yerləşən Bank Respublikanın yanına aparmışdır. Qısa müddət sonra Kazım mağazaya gələrək Faiqin telefonda ona Masallı rayonunda olmadığını, birazdan qohumu olan bir nəfər şəxsin Bank Respublikanın yanına gəlib sifariş etdiyi 2000 manat dəyərində 150 kv/m ölçüdə keramiq-metlağı ondan qəbul edəcəyini və üzərində Azərbaycan manatı olmadığından həmin şəxsdən 3000 ABŞ dollar pul göndərdiyini, bunun üçün təcili 2100 manat kart hesabına pul köçürməyini xahiş etdiyini bildirmişdir. Daha sonra atası üzərində pul olmadığından kassada olan 700 manat pulu götürüb Faiqə göndərmək üçün getmişdir. Atası Kazım həmin günü ayrı-ayrı vaxtlarda Təqsirləndirilən şəxs kart hesabına “Milliön” elektron ödəmə sistemi ilə 700 və 1100 manat olmaqla ümumilikdə 1800 manat pul göndərsədə, Faiq sifariş etdiyi 2000 manat dəyərində 150 kv/metr ölçüdə keramik-metlağı ondan almamışdır. Buna görədə atası saat 17 radələrində Faiqə vermək üçün Qazelə yükləyib apardığı keramik-metlağı yenidən mağazaya geri gətirmişdir. Faiq atası Kazımı keramik-metlaq alacağı adı ilə aldadıb ondan 1800 manat pul almışdır. Faiqin telefonuna zəng çatmadığı üçün atası həmin günü polisə gedib aldadıldığı barədə şikayət etmişdir. Təqsirləndirilən şəxs əvvəllər tanımış, ona qarşı heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs mağazaya gəlib keramik-metlağlara baxması və güya almaq istəməsini bildirməsi mağazanın müşahidə kamerasının obyektinə düşmüşdür. Məhkəmə iclasında iştirak etmədiyi üçün ibtidai istintaq dövründə vermiş olduğu və məhkəmə iclası zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş şahidlər Şahid3 və Şəbiyev Vəkilağa Zəki oğlunun ifadələrindən görünür ki, onlar Şahid2 ilə eyni məzmunlu ifadə vermişlər. İş materiallarında olan videodiskə baxış keçirilən zaman Masallı şəhər sakini Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 12 radələrində Zərərçəkmiş şəxs2 məxsus Masallı şəhəri “Azərbaycan” küçəsində yerləşən tikinti materiallarının satışı mağazasının qarşısına “VAZ 2106” markalı avtomobillə gələrək mağazaya tək daxil olduğu, bir müddət mağazanı alıcı qismində gəzib orada olan keramik-metlaq tikinti mallarına baxdığı, sonra Şahid2 ilə görüşüb söhbət etdiyi və mağazanı tərk edib getdiyi müəyyən olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Masallı Rayon Məhkəməsinin 1(050)-30/2022 saylı xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancının 10 (on) faizi dövlət nəfinə tutulmaqla 03 (üç) ay müddətə islah işləri cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancının 10 (on) faizi dövlət nəfinə tutulmaqla 03 (üç) ay müddətə islah işləri cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs aylıq qazancının 10 (on) faizi dövlət nəfinə tutulmaqla qəti olaraq 04 (dörd) ay müddətə işləri cəzası təyin edilmişdir. Hökmdən xüsusi ittihamçı və mülki iddiaçı X3 tərəfindən verilmiş apellyasiya şikayəti Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 iyul 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 iyul 2022-ci il tarixli qərarından xüsusi ittihamçı və mülki iddiaçı X3 tərəfindən kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının "11" yanvar 2023-cü il tarixli 1(102)-281/2023 saylı qərarı ilə təmin edilməmişdir. İş materiallarında olan Masallı Rayon İcra və Probasiya şöbəsi tərəfindən məhkəməyə təqdim edilmiş 04 iyun 2024-cü il tarixli məktubdan görünür ki, Masallı Rayon Məhkəməsinin 1(050)-30/2022 saylı xx.xx.2022-ci il tarixli hökmünə əsasən xx.xx.1996-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri iiə təqsirləndirilərək barəsində 04 ay müddətinə islah işləri növündə cəza təyin edilmişdir. Məhkum cəza çəkməkdən qərəzli boyun qaçırdığı üçün məhkum barəsində 641115 saylı axtarış işi açılmışdır. Məhkumun cəzası bugünədək icrasız qalmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran Şəhər Psixiatriya Xəstəxanasının xx.xx.2023-cü il tarixli 724 nömrəli məktubunda qeyd edilmişdir ki, ünvan 2-də qeydiyyatda olan və yaşayan xx.xx.1996-cı il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2006-cı ildən Lənkəran Şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanası publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli 14/98 saylı məktubunda qeyd edilmişdir ki, xx.xx.1996-cı il təvəllüdlü ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs arxiv məlumatına görə xx.xx.2014-xx.xx.2014-cü il tarixdə adı göstərilən xəstəxanada stasionar müayinədə, xx.xx.2022-xx.xx.2022, xx.xx.2022xx.xx.2022, xx.xx.2022-xx.xx.2022-ci il tarixlərində stasionar müalicədə olub. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsinin ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli, 3333 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda üzvi emosional-labil pozuntusu formasında psixi pozuntu müəyyən edilir. Təqsirləndirilən şəxs müəyyən edilən üzvi emosional-labil pozuntusu o dərəcədə ifadə olunmayıb ki, o, qərarda göstərilən əməl dövründə öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmasın. Təqsirləndirilən şəxs qərarda göstərilən cinayət əməlinə görə anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur, hazırki psixi vəziyyətinə görə prosessual fəaliyyət qabiliyyətlidir. Cinayət işində olan Masallı Rayon İcra Hakimiyyəti başçısının Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan, xasiyyətnamədən və elektron sistemdən çıxarışdan görünür ki, Eyvazov X9 şəhəri, D.Əbilova küçəsi ev 22-də qeydiyyatda olmaqla anası xx.xx.1979-cü il təvəllüdlü X6, bacıları xx.xx.2000-ci il təvəllüdlü X7, xx.xx.2009-cü il təvəllüdlü X8, xx.xx.2011-ci il təvəllüdlü X4, arvadı xx.xx.1998-ci il təvəllüdlü X5 və qızı xx.xx.2019-cu il təvəllüdlü X1 ibarət ailə üzvləri vardır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytından edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medallarla təltif edilmişdir. İş materiallarında olan Elektron sistemdən edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs Vətən Müharibəsi iştirakçılarına verilən 80 manat və müharibə veteranlarına verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü olan 80 manat müavinət alır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə dindirilmiş və ifadələri elan edilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxslərin və şahidlərin) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirildiyi üçün ona həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsində göstərilir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 6.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 4-cü bəndində qeyd olunur ki, CM-in 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamının 8-ci bəndində qeyd edilir ki, - ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmçinin həmin Sərəncamın 10-cu bəndində qeyd edilir ki, cəza siyasətinin humanistləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilsin və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə tapşırılsın ki, aşağıdakı istiqamətlərdə qanun layihələrini hazırlayıb iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsinlər: - cinayətlərin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunması və mövcud alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi; törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması. Həmçinin həmin Sərəncamın 13-cü bəndinə əsasən məhkəmələrə tövsiyə edilir ki: cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; - cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə müəyyən etdi ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi, yəni Zərərçəkmiş şəxs2 dəymiş ziyanın ödənilməsini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə əsasən, Zərərçəkmiş şəxs2 ilə barışmasını, Vətən Müharibəsinin iştirakçısı olmasını, veteran olmasını, Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medallarla təltif edilməsini, əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsininin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs hazırki cinayət əməlini Masallı Rayon Məhkəməsinin 1(050)- 30/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-cü maddəsinə əsasən aylıq qazancının 10 (on) faizi dövlət nəfinə tutulmaqla 04 (dörd) ay müddətə işləri cəzasını çəkdiyi dövrdə törətmişdir. Lakin onun əməlində cinayətlərin residivi mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarının 4-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə təyin ediləcək cəzanın növü və həddi məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməlindən peşman olmaqla, cinayət əməlindən sonrakı müddətdə olan davranışları ilə islah yolundadır. Onun yaşı, ailə vəziyyəti, təyin olunacaq cəzanın onun ailə şəraitinə təsiri nəzərə alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah oluna bilər. Bu səbəbdən də, azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsi ədalətli və qanuni hesab edilməklə cəzanın məqsədlərinə və sosial ədalətin bərpasına nail oluna bilər. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində olan yüngülləşdirici halları, onun şəxsiyyətini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təyin olunacaq cəzanın onun və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə cəza siyasətinin məqsədlərini təmin edir. İş materiallarında olan Masallı Rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş məktubdan görünür ki, Eyvazov X9 Rayon Məhkəməsinin 1(050)-30/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə ona təyin edilmiş aylıq qazancının 10 (on) faizi dövlət nəfinə tutulmaqla 04 (dörd) ay müddətə işləri cəzasını bu günə kimi icra etməmiş, cəzası çəkilməmiş qalmışdır. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsində qeyd edilmişdir ki, Hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yeni hökm üzrə təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasına Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(050)-30/2022 saylı hökmü ilə təyin edilmiş və çəkilməmiş 04 (dörd) ay müddətə işləri cəzası azadlığın məhdudlaşdırılması cəzasına hesablanmalı və tam birləşdirilməklə ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.3.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının bir gününə islah işlərinin iki günü hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.3.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(050)-30/2022 saylı hökmü üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirli bilinərək təyin edilmiş və çəkilməmiş 04 (dörd) ay müddətə işləri cəzasının hər iki günü azadlığın məhdudlaşdırılmasının bir gününə bərabər tutulmaqla 02 (iki) ay azadlığın məhdudlaşdırılması cəzası hesablanmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və xx.xx.2024-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarından görünür ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs məhkəmədən gizləndiyi üçün barəsində axtarış elan olunmuş və barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Masallı RPŞ-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Nəsimi rayonu ərazisində saxlanılaraq Masallı RPŞ-nə gətirilməklə NH-yə təhvil verilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə olduğu müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsində qeyd edilmişdir ki, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu xx.xx.2023-cü il tarixi və həbsdə olduğu xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət cəza müddətinə daxil edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələblərinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməklə o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməli, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməklə hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Zərərçəkmiş şəxs1 cinayət nəticəsində dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəmədə mülki iddia qaldırmaq hüququnun olması izah edilməlidir. Məhkəmə iş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini müzakirə edərək müsadirə ediləcək əmlakın olmamasını müəyyən etdi. İş üzrə üzərinə həbs qoyulmuş əmlak, mülki iddia maddi sübut və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 354, 356-3206, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.3.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(050)-30/2022 saylı hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 04 (dörd) ay müddətə islah işləri cəzasının hər iki günü azadlığın məhdudlaşdırılması cəzasının bir gününə bərabər tutulmaqla 02 (iki) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası hesablansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən yeni hökmlə Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(050)- 30/2022 saylı hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 02 (iki) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası tam birləşdirilsin və ona qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 13 fevral 2024-cü il tarixi və həbsdə olduğu 03 iyun 2024-cü il tarixdən 11 iyul 2024-cü il tarixədək olan 01 (bir) ay 09 (doqquz) gün müddətin hər 01 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü hesabı ilə hesablanmaqla həmin cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 12 (on iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək barəsində başqa yerə getməmək barədə iltizam qətiman tədbiri seçilsin və o, məhkəmə iclas zalında azad edilsin. Cəzaçəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Zərərçəkmiş şəxs1 ödənilməmiş maddi ziyanla bağlı mülki qaydada məhkəməyə müraciət etmək barədə hüquqları izah edilsin. Hökmün icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan edildiyi vaxtdan 20 (iyirmi) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar