Məhkəmə qərarları › İş №1(050)-55/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №1(050)-55/2025

17.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 1(050)-55/2025 17.03.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi Masallı Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2002-ci ildə Masallı rayonu Ərkivan qəsəbəsində anadan olan Azərbaycan Respublikasının vətəndaşı, evli-himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, məhkumluğu olmayan, Masallı rayonu Ərkivan qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 20 radələrində Masallı rayon Ərkivan qəsəbəsində yerləşən yaşadığı evin həyətində qonşusu Zərərçəkmiş şəxs ilə sonuncunun ondan özünə məxsus avtomobilin ehtiyyat hissələrini geri qaytarmamasının səbəbini aydınlaşdırmaq istəyərkən şəxsi münasibətlər zəmnində aralarında baş verən mübahisə zamanı istintaqa məlum olmayan dəmir alətlə Zərərçəkmiş şəxs sifət nahiyəsinə qəsdən bir dəfə zərbə vuraraq sonuncuya “burnun sağ qanadının və yuxarı dodağın iç hissəsinin əzilmiş yarası, burnun yumşaq toxumalarının əzilib şişkinləşməsi, sağ yanağın və burnun sıyrıqları” ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qonşuluğunda yaşayır. Zərərçəkmiş şəxsla əvvəllər arasında heç bir ədavət, düşmənçilik və qərəzli münasibəti olmamışdır. Atası Şahid avtomobillərin dəmir hissələrinin təmiri ilə məşğul olur və yaşadıqları evin həyətindəki sexdə fəaliyyət göstərir. Zərərçəkmiş şəxs 2023-cü ilin oktyabr ayında özünə məxsus kimi təqdim etdiyi “VAZ 21061” markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobili təmir edilməsi üçün onun yaşadığı evin həyətinə gətirmişdir. Həmin vaxt atası Şahid Bakı şəhərində müalicə almış və müalicəsi bitdikdən sonra yaşadıqları evə geri qayıtmışdır. Atası Şahid Zərərçəkmiş şəxs məxsus avtomobilin çöl hissəsindəki yararsız hala düşmüş dəmir materiallarını təmir etməyə razılaşmışdır. Lakin, atası mütəmadi müalicəyə getdiyi üçün Zərərçəkmiş şəxs avtomobilini təmir edə bilməmişdir. Sonra Zərərçəkmiş şəxs cinayət əməli törətdiyinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və 2024-cü ilin avqust ayında isə azadlığa çıxmışdır. Zərərçəkmiş şəxs cəzaçəkmə müəssisəsindən azad olunduqdan sonra gəlib avtomobili evin həyətindən aparmışdır. Həmin vaxt atası Şahid Bakı şəhərində xəstəxanada müalicədə olmuşdur. 19 noyabr 2024-cü il tarixdə saat 20 radələrində yaşadığı evdə olarkən Zərərçəkmiş şəxs ağır sərxoş vəziyyətdə yaşadığı evin həyətinə gələrək onu səsləmiş, o, həyətə düşdükdən sonra ona avtomobilinə aid ehtiyyat hissələrini tapıb verməyini bildirmişdir. O, isə Cəbrayıla avtomobilinin hər hansı bir ehtiyyat hissəsinin yaşadığı evin həyətində olmadığını bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs həyətdə yerləşən avtomobil təmir sexinin yanına getmək istədiyini bildirmişdir. O da Zərərçəkmiş şəxsla birlikdə sexin yanına getmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs avtomobil sexinə nəzər yetirib axtarmağa başlasa da, hər hansı bir ehtiyyat hissəsi tapa bilməmiş, bundan sonra Cəbrayıl orada olan təmir üçün saxlanılmış və adını qeyd etmək istəmədiyi şəxsə məxsus olan VAZ 21061 markalı avtomobilin səsboğucu hissəsini çıxarıb ona verməyini ondan tələb etmişdir. O, isə həmin avtomobilin başqa şəxsə məxsus olduğunu bildirmiş və həmin anda Cəbrayıl sağ əli ilə onun sifət nahiyəsinə şillə vurub boynunu tutaraq sıxmağa başlamışdır. O, həmin anda özünü müdafiə etmək üçün əlləri ilə Zərərçəkmiş şəxs itələmiş, sonuncu təsir nəticəsində ayağı sürüşmüş və üzü üstə orada olan avtomobilin arxa yük yerinə yıxılaraq sifəti avtomobilin arxa yük yerinin kəsilmiş vəziyyətdə olan örtüyünə dəymişdir. Bundan sonra Zərərçəkmiş şəxs ayağa qalxıb onun yaşadığı evin ön hissəsinə gedərək orada onlara yaxınlaşmağa çalışan atası Şahid sifət nahiyəsinə bir dəfə yumruqla zərbə vuraraq atasına xəsarət yetirmişdir. Sonra o, qaçaraq atası Vüqara yaxınlaşmış və Zərərçəkmiş şəxs isə artıq oradan çıxıb getmişdir. Həmin vaxt atası Şahid DİN-in 102 zəng xidməti mərkəzinə zəng edərək hadisə barədə məlumat vermişdir. Sonda Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslə barışıq əldə etdiyini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, İİ Qarabağ müharibəsi veteranı olmasını, himayəsində azyaşlı uşağının olmasını nəzərə alıb barəsində cinayət təqibi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs və Şahid onun qonşularıdır. Həmin şəxslərlə əvvəllər arasında hər hansı bir ədavət, düşmənçilik və qərəzli münasibət olmamışdır. 2023-cü ilin oktyabr ayında nəqliyyat vasitəsinə sərəncam vermək hüququ ilə idarə etdiyi VAZ 21061 markalı ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobili təmir etməsi üçün dəmirçi kimi fəaliyyət göstərən Şahid yaşadığı evin həyətinə aparıb təhvil vermişdir. Şahidla arasında yaranmış razılaşmaya əsasən sonuncu 600 manat pul müqabilində 2 aylıq xidmət göstərməklə avtomobilin yararsız hissələrini bərpa edəcəyinə dair söz vermişdir. 2024-cü ilin may ayınadək isə Şahid onun avtomobilinin bir hissəsini təmir edib, digəri hissəsini tam təmir etməyərək işin görülməsini yubatmışdır. xx.xx.2024-cü il tarixdə o, Masallı rayon Məhkəməsinin hökmü ilə 3 il 3 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 2024-cü ilin avqust ayının 2-də azadlığa çıxdıqdan sonra yaşadığı Masallı rayonu Ərkivan qəsəbəsinə geri qayıtmışdır. Bir müddət sonra Şahidla görüşərkən sonuncu ona avtomobilini təmir edə bilmədiyini, lakin, təmir edəcəyinə dair söz vermişdir. Bundan sonra o, yenə gözləmiş və 2024-cü ilin noyabr ayında Şahid yaşadığı evə gedib avtomobilini sonuncudan götürərək başqa ustaya təhvil vermiş, avtomobilini digər ustaya təhvil verərkən avtomobilində difer, kardan, stator və peçin yerində olmadığını görmüşdür. Bu barədə Şahid soruşduqda, sonuncu ona avtomobilini təmir edərkən həmin ehtiyyat hissələrini ayırıb saxladığını və ona verəcəyini bildirmiş, bir neçə dəfə o, Vüqardan ehtyyat hissələrini geri qaytarmasını tələb etsə də sonuncu hər dəfə müxtəlif bənahələrlə onu aldatmışdır. 19 noyabr 2024-cü il tarixdə saat 20 radələrində o, sərxoş vəziyyətdə yaşadığı evə doğru piyada addımlara hərəkət edib gedərkən Şahid evinin həyətində olduğunu görüb həyətə daxil olaraq Vüqarla salamlaşmış və ehtiyyat hissələrini nə vaxt geri qaytaracağını sonuncudan soruşmuşdur. Həmin anda Şahid oğlu Təqsirləndirilən şəxs ona yaxınlaşıb əlində olan orta ölçülü dəmir parçası ilə onun sifətinin sağ hissəsinə bir dəfə qəsdən zərbə vurub qaçıb getmişdir. O, həmin an zərbənin təsirindən nə olduğunu başa düşməmiş, bir neçə saniyə sonra özünə gəlib Vüqardan oğlu İlqarın hara getdiyini və onu nə üçün vurduğunu soruşmuşdur. Vüqar isə ona heç bir cavab verməmişdir. Bundan sonra o, həmin yerdən uzaqlaşıb yaşadığı evə getmişdir. Sərxoş vəziyyətdə olduğu üçün heç kimə əlavə məlumat verməmiş, növbəti gün, yəni, xx.xx.2024-cü il tarixdə müalicə almaq məqsədilə Masallı RMX-ya getmiş və Masallı RMX-da tibbi müayinə olunduqdan sonra Masallı RPŞ-yə yaxınlaşaraq, Şahid və Təqsirləndirilən şəxs barəsində şikayət etmişdir. Sonda o, təqsirləndirilən şəxs Şahidla barışdığını, ona təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirib təqsirləndirlən şəxsin barəsində cinayət işi üzrə icrata xitam verilməsini xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qonşuluğunda yaşayır. Onunla əvvəllər aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. O, həyətində yerləşən sexdə avtomobilin ehtiyyat hissələrinin təmiri ilə məşğul olur. Zərərçəkmiş şəxs 2023-cü ilin oktyabr ayında Vaz 21061 markalı avtomobili təmir edilməsi üçün onun sexinə gətirmiş, onlar avtomobilin təmir edilməsi üçün razılaşmışdılar. Lakin, həmin ərəfələrdə xəstəlikdən əziyyət çəkdiyindən müalicələrdə olmuş, avtomobili təmir edə bilməmişdir. Sonradan Zərərçəkmiş şəxs özü də cinayət əməlinə görə azadlıqdan məhrumetmə cazasına məhkum edildiyindən onun avtomobili sexdə qalmışdır. Cəbrayıl həbsdən çıxandan sonra gəlib avtomobili aparmış, bir neçə gün sonra guya avtomobilin bəzi hissələrinin onun tərəfindən götürüldüyü bildirərək, həmin ehtiyat hissələrini ondan tələb etmişdir. O, həmin hissələri götürmədiyini bildirsə də, Cəbrayıl ondan əl çəkməyərək ehtiyat hissələrini ondan tələb etmişdir. Sonuncu dəfə 19 noyabr 2024-cü il tarixdə Cəbrayıl sərxoş vəziyyətdə onun evinə gəlmiş, onun qarşısına oğlu Təqsirləndirilən şəxs çıxmışdır. Cəbrayıl oğluna sexə baxmaq istədiyini bildirdiyi üçün oğlu onu sexə aparmışdır. O, həmin vaxt Cəbrayılın yanında olmamışdır. Bir neçə dəqiqə keçdikdən sonra oğlu qaçaraq onun yanına gələrək Cəbrayılın onun boğaz nahiyəsindən tutaraq sıxdığını, o da Cəbrayılı itələdiyini və sexdə olan avtomobilin dəmir hissələrinin üzərinə yıxıldığı barədə məlumat vermişdir. Oğlunun ardınca Cəbrayıl ona yaxınlaşaraq sifət nahiyəsinə bir yumruq zərbəsi vuraraq oradan qaçmışdır. O verilən suallara cavab olaraq bildirmişdir ki, oğlu ilə Cəbrayılın arasında baş vermiş mübahisənin birbaşa şahidi olmamış, oğlunun dediyinə görə əvvəlcə Cəbrayıl oğlu İlqara zor tətbiq etmiş, bundan sonra oğlu İlqar Cəbrayılı itələmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş cinayət işinin başlanması və icraat qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış, müstəntiq Miramil Baxışovun icraatına qəbul edilməklə istintaqı aparılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs ilə Şahid arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları Şahid üzünə qarşı deməklə bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3-Təcrübi və Tədris Birliyinin məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 1062 nömrəli rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs “burunun sağ qanadının və yuxarı dodağın iç hissəsinin əzilmiş yarası, burnun yumşaq toxumalarının əzilib şişkinləşməsi, sağ yanağın və burnun sıyrıqları” diaqnozlu xəsarətlər müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan 19 noyabr 2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş hadisə yerinə baxış keçirmə haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə baş vermiş hadisə Masallı rayonu Ərkivan qəsəbəsi ərazisində yerləşən Şahid məxsus fərdi yaşayış evinin həyətində baş vermiş, hadisənin baş verdiyi yeri Təqsirləndirilən şəxs tərəfindən təqdim edilərək fotoşəkilləri çəkilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Bakı Hərbi Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.4-cü ilə təqsirli bilinərək N ay intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə N ay sınaq müddəti ilə şərti təyin edilmişdir. Həmin hökmə münasibətdə Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Masallı Rayon İcra Hakimiyyəti başçısının Ərkivan qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş sənədlərdən görünür ki, Həşimov X2 rayonu, Ərkivan qəsəbəsində qeydiyyatda olmaqla yaşayır, dörd nəfərdən ibarət ailə üzvü vardır və yaşadığı yer üzrə müsbət xarakterizə edilir. Cinayət işinin məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş atalığın müəyyən edilməsi barədə şəhadətnamədən görünür ki, xx.xx.2024-cü il tarixdə X1 atası Təqsirləndirilən şəxs hesab edilmişdir. Cinayət işinin məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş Müdafiə nazirliyi tərəfindən verilmiş vəsiqədən görünür ki, ona İİ Qarabağ müharibəsində iştirak etdiyi üçün “müharibə veteranı” adı verilmişdir Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq, məhkəmə hərəkətlərini, dindirmə protokollarını, ekspert rəyini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin verdiyi ifadəyə qiymət verərək hesab edir ki, o, zərərçəkmiş şəxsi dəmir alətlə vurmadığını, itələməsi nəticəsində sonuncunun avtomobilin ehtiyat hissəsinə dəyməsini bildirməklə məsuliyyətdən yaxa qurtarmağa cəhd edərək özünümüdafiə xarakterli ifadə vermişdir. Çünki təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs məhz sonuncunun dediyi şəraitdə zor tətbiq etməsi ekspert rəyi və zərərəçəkmiş şəxsin ifadəsi ilə tam təsdiq edilmişdir. İş üzrə alınmış ekspert rəyində də hadisənin məhz zərərçəkmiş şəxsin göstərdiyi şəraitdə və müddətdə yaranmasının mümkün olduğu qeyd edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq və məhkəmə istintaqı zamanı ifadə verərkən qeyri-səmimilik göstərdiyi qənaətinə gəlir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin; 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 197.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 39.1.8-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqbinə isə xitam verilməlidir. 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 43.1.2-ci maddəsinin tələblərinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Cinayət işi üzrə Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur, ona dəymiş ziyan tamamilə ödənilmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığını, dəymiş zərər aradan qalxdığına dair zərərçəkmiş şəxsin məhkəməyə təqdim edilmiş ərizəsini, prosessual qanununvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, CM-in 73.2-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməlidir. İş üzrə mülki iddia, maddi sübut, məhkəmə məsrəfi və müsadirə ediləcək əmlak yoxdur. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələbi baxımından qətimkan tədbirinin seçilməsi məsələsinə baxaraq bu nəticəyə gəlir ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətiman tədbiri qərar qanuni qüvvəyə mindikdən sonra ləğv edilməlidir. İş üzrə məhkəmə məsrəfi və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi 6 saat üçün nəzərdə tutulan 36 manat pul ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Мəcəlləsinin 43, 73, 321, 346, 347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs həmin Məcəllənin 128-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətiman tədbiri qərar qanuni qüvvəyə mindikdən sonra ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi 6 saat üçün nəzərdə tutulan 36 (otuz altı) manat pul dövlət büdcəsinin hesabından tutulub Masallı rayon «Kapital Bank»dakı hesabına köçürülsün. (kod-990003611, VÖEN **********1, hesablaşma hesabına ********************).ödənilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya protesti və ya şikayəti verilmədikdə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar