Məhkəmə qərarları › İş №1(050)-56/2023

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-56/2023

09.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-56/2023 09.03.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Əhmədov Xəyyam Adəm oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Masallı Rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1981-ci ildə Masallı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 05 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 11 ay 21 gün müddətindən vaxtından əvvəl azad edilmiş, xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə qeydiyyatdan çıxarılmış, Masallı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş və qanunvericiliklə nəzərdə tutulmuş qaydada götürülməmiş, Masallı şəhəri, B.Məmmədov küçəsi ev 109-da yaşayış yeri üzrə qeydiyyatda olan, 04 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Masallı Rayon Məhkəməsinin 4(050)-1/2023 saylı, 06 yanvar 2023-cü il tarixli qərarına əsasən barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, istintaqa məlum olmayan çəkidə satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd sellofan bükülüdə narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, xx.xx.2023-cü il tarixdə saat 16 radələrində Masallı RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələri üzərində saxlamaqda və istifadəsində şübhəli olduğundan Masallı şəhəri, B.Məmmədov küçəsində saxlanılaraq Masallı RPŞ-yə gətirilmiş, orada üzərinə keçirilən şəxsi axtarış zaman əynindəki qara rəngli gödəkçənin içərisindən bir ədəd sellofan bükülüdə, təmiz çəkisi 420,0 qram təşkil edən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Həmin əməllərinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 8-9 ildir ki, narkotik vasitə istifadəçisidir. 2022-ci ilin iyul ayının ortalarında dəqiq tarixini xatırlamadığı gündə səhər saatlarında balıq tutmaq məqsədi ilə Masallı rayonu Allahyarlı kəndinin yaxınlığından axan çaya getmişdir. Çayın ətrafında balıq tutmaq üçün uyğun yer axtaran zaman yabanı halda bitmiş 14 ədəd yaş çətənə bitkilərinin kollarını görmüşdür. Narkotik vasitə istifadəçisi olduğundan həmin yabanı halda bitmiş çətənə bitkilərinin yarpaqlarını yığıb şəxsi istifadəsi üçün yaşadığı evə gətirmək qərarına gəlmişdir. Bu məqsədlə yabanı halda bitmiş həmin çətənə bitkilərinin yarpaqlarını bir-bir yığaraq sellofan torbanın içinə yığmışdır. Sonra yaşadığı evə getmişdir. Çətənə bitkisi yaş vəziyyətdə olduğu üçün onu qurudaraq şəffaf rəngli sellofanın içinə yığmışdır. Həmin qurudulmuş marixuanadan hər gün siqaretin içərisinə dolduraraq gün ərzində 2-3 siqaret çəkmişdir. Lakin yaşadığı evin həyətyanı sahəsində gizlətdiyi qurudulmuş marixuananın polis əməkdaşları tərəfindən müəyyən edilə biləcəyindən ehtiyat etdiyindən həmin nartokit vasitəni atmaq qərarına gəlmişdir. Bu məqsədlə xx.xx.2023-cü il tarixdə yaşadığı evin həyətyanı sahəsində gizlətdiyi həmin varkotik vasitəni götürüb evdən çıxmışdır. Lakin üzərində olan narkotik vasitəni atmağa macal tapmamış polis əməkdaşları onu yolda saxlayaraq polis şöbəsinə gətirmişlər. Şöbədə olan zaman müdafiəçinin iştirakı ilə üzərinə baxış keçirilmişdir. Həmin vaxt o, əynində olan qara rəngli gödəkçənin içərisində saxladığı bir ədəd sellofan bükülüdə olan qurudulmuş marixuananı könüllü təqdim etmişdir. Marixuananı şəxsi istifadəsi üçün üzərində saxladığını və Masallı rayonu Allahyarlı kəndinin yaxınlığından axan çayın ətrafında yabanı halda bitmiş çətənə bitkilərinin yarpaqlarını toplayaraq qurudub şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. QİTS xəstəliyindən əziyyət çəkir, üçüncü qrup əlildir. Tutduğu əməldən peşmandır. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxsin ittiham olunduğu cinayəti törətməsi onun özünün səmimi etirafı ilə yanaşı işin məhkəmə istintaqı zamanı tədqiq edilən digər sübut növləri ilə aşağıdakı qaydada tam sübuta yetirilir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, Masallı RPŞ-nin CAB-nin NMQ-nun əməliyyat müvəkkili vəzifəsində işləyir, xx.xx.2023-cü il tarixdə Masallı şəhəri, B.Məmmədov küçəsi ev 109-da qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz əldə edib üzərində gəzdirməkdə və istifadəsində şübhəli olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması və Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunmasından ötrü təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə verilməsi barədə qərar qəbul edilərək təsdiqlənmişdir. Həmin günü saat 16 radələrində Təqsirləndirilən şəxs yaşadığı Masallı şəhəri, B.Məmmədov küçəsində piyada hərəkətdə olması barədə məlumat əldə edib Şahid2la birlikdə həmin yerə getmişdir. Həmin yerdə Təqsirləndirilən şəxs piyada hərəkətdə olmasını görüb ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib özülərini təqdim edərək Masallı RPŞ-nin əməkdaşları olduqlarını və qanunsuz olaraq narkotik vasitə istifadə etməkdə və üzərində daşımaqda şübhəli olduğunu bildirib onu polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs heç bir etiraz etmədən onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsinə gəldikdən sonra onu təhqiqatçı Abbasağa Paşayevin xidməti otağına apararaq bu barədə aidiyyəti üzrə raportla məruzə etmişdir. Bundan sonra təhqiqatçısı Abbasağa Paşayev Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan narkotik vasitələrin qanunsuz olaraq üzərində gəzdirməkdə şübhəli olduğu üçün saxlanılaraq polis şöbəsinə gətirildiyini deyərək ona şübhəli şəxs kimi hüquq və vəzifələrini izah edib bu barədə bildiriş vermişdir. Həmin vaxt Təqsirləndirilən şəxs müdafiəçi qismində Müdafiəçi hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. Daha sonra təhqiqatçısı A.Paşayev Təqsirləndirilən şəxs üzərində şəxsi-axtarış aparılacağını və bu zaman video çəkilişdən istifadə olunacağını deyərək üzərində qanunla qadağan olunmuş hər hansı vasitə, predmet və ya əşya varsa təqdim etməyi barədə təklif etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin altında gizlətdiyi bir ədəd göy rəngli torbanı çıxardıb təqdim edərək təqdim etdiyi torbanın içərisində narkotik vasitə olan qurudulmuş marixuananın olduğunu, həmin qurudulmuş marixuananı 2022-ci ilin iyul ayında Masallı rayonu Allahyarlı kəndinin yaxınlığından keçən çayın kənarından yığaraq yaşadığı evdə qurudub qablaşdırdığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra təhqiqatçı A.Paşayev Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd göy rəngli sellofan torbanın içərisindən bir ədəd şəffaf sellofana bükülmüş qurudulmuş marixuanaya bənzər kütləni çıxardıb içinə baxmış və sonra yenidən həmin torbanın içərisinə qoyaraq sellofan torbayla birlikdə elektron tərəzidə çəkib ümumi çəkisinin 456,0 (dörd yüz əlli altı) qram olduğunu müəyyən etmişdir. Sonra həmin narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə sellofan torbayla birlikdə kağız zərfə qoyularaq qablaşdırılmış və üzəri polis şöbəsinin 90 saylı möhürü ilə möhürlənərək imzalanmışdır. Daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi-axtarışın keçirilməsi davam etdirilmiş, lakin üzərindən əlavə olaraq qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, ona qarşı heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Məhkəmə istintaqına şahid qismində dindirilmiş Masallı RPŞ-nin PPXB-nin polis nəfəri Şahid2 oxşar məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iclasında iş materiallarında olan Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilməsi barədə video çəkilişin aparılmasına dair CD-yə baxış keçirilərək, narkotik vasitənin Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin içərisindən bir ədəd sellofan bükülüdə olan maddənin narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülməsi müəyyən edildi. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X8 Bölməsinin 05 yanvar 2023-cü il tarixli, 19/03 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə marixuanaya bənzər kütlə....” sözlər və imzalar olan bir ədəd paketdəki, 01 ədəd bükülüdə təmiz çəkisi -420,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır (marixuananın təmiz çəkisi -420.0 qr, tədqiqata sərf olundu-0.05 qr, qalıq 419.95 qr). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər X1 X10 Yoxlamanın nəticələrinə dair 06 yanvar 2023-cü il tarixli, 07 saylı rəyə əsasən müayinə zamanı Təqsirləndirilən şəxs KANNABİNOİDLƏRİN və OPİOİDLƏRİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (TOKSİKOMANİYA) aşkar olur. Lakin ƏƏSMNnın yanında DSMF-nin təqdim etdiyi 3-13-97/1-318 nömrəli arayışa əsasən İİİ qrup əlil olması səbəbindən məcburi müalicəyə əks göstəriş vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş BƏSİİ-nin təqdim etdiyi tələbnamədən və müvafiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 05 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 11 ay 21 gün müddətindən vaxtından əvvəl azad edilmiş, xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə qeydiyyatdan çıxarılmış, Masallı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Hər iki hökmə münasibətdə Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və qanunvericiliklə müəyyən edilmiş qaydada götürülməmişdir. İş materiallarına əlavə edilmiş Masallı Rayon İcra Hakimiyyəti başçısının Masallı şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Masallı şəhəri, B.Məmmədov küçəsi, ev 109-da qeydiyyatda olmaqla anası xx.xx.1952-ci il təvəllüdlü X3, arvadı xx.xx.1984-cü il təvəllüdlü X2 və oğlu xx.xx.2007-ci il təvəllüdlü X4 ibarət ailə tərkibində yaşayır, yaşadığı müddətdə onun barəsində nümayəndəliyə şifahi və ya yazılı şikayət daxil olmamış, mənfi xarakterizə edilir. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən təqsirləndirilən şəxsin etirafı, şahidlərin ifadələri, təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış aparılmasına dair video çəkiliş aparılması barədə CD, eləcə də işin faktiki halları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikası CPM-nin 144-146-cı maddələrində nəzərdə tutulmuş qaydada qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsüf edilmiş və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xatakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs İİİ dərəcəli əlil olmasını, əməlindən səmimi peşman olmasını və əməlini səmimi olaraq etiraf etməsini Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. İş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. Onun əməlində cinayətin təhülkəli residivi var. Cinayətlərin residivi Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətlərin residivi təhlükəli sayılır. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddələrinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 05 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 11 ay 21 gün müddətindən vaxtından əvvəl azad edilmiş, azadlığa buraxıldığı gündən hazırkı hökm çıxarıldığı ana qədər qanunla nəzərdə tutulmuş 6 il müddət keçməmişdir. Həmçinin Masallı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü üzər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş və həmin hökm üzrədə azadlığa buraxıldığı gündən qanunla nəzərdə tutulmuş 2 il müddət keçməmişdir. Belə olan halda onun əməli həmin Məcəllənin 18.2.1.-ci maddəsinə görə cinayətin təhlükəli residivini yaradır. Qeyd olunan maddədə göstərilmişdir ki, qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətin təhlükəli residivini yaradır. Odur ki, Təqsirləndirilən şəxs Azərbyacan Respulikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbi nəzərə alınmaqla cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən təhlkəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. Məhkəmə cəzanı yüngülləşdirən halın mövcudluğunu, cəzanı ağırlaşdıran hal kimi cinayətlərin təhlkəli residivini, həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs yalnız Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduqda təmin edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkməsi nəzərdə tutulduğudan Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Masallı Rayon Məhkəməsinin 4(050)-1/2023 saylı, 06 yanvar 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 04 yanvar 2023-cü il tarixdən hesablanmışdır. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələbinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.22-ci maddəsinin tələbnə əsasən cəzanın çəkilmə müddətinin hansı tarixdən başlanılması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun şübhəli şəxs qismində tutulduğu 04 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.16-cı maddəsinə əsasən təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin mümkünlüyü məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər X1 X10 Yoxlamanın nəticələrinə dair xx.xx.2023-cü il tarixli, 07 saylı rəyində Təqsirləndirilən şəxs KANNABİNOİDLƏRİN və OPİOİDLƏRİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (TOKSİKOMANİYA) aşkar olunması və ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülmüşdür. Belə ki, “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”-nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 fevral 2006-cı il Qərarının 3.2-ci bəndində əlilliyi olan narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicənin tətbiq edilmədiyi qeyd edilmişdir. Elektron məlumat sorğusundən görünür ki, Təqsirləndirilən şəxs ümumi xəstəlik üzrə İİİ dərəcəli əlildir və bununla bağlı 150 manat sosial müavinət alır. Odur ki, Təqsirləndirilən şəxs İİİ dərəcəli əlil olması nəzərə alınmaqla barəsində məcburi müalicə təyin edilməməli, lakin o, ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinin tələbi baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə Masallı Rayon Polis şöbəsində saxlanılan və və ekspert tədqiqatından sonra qalıq çəkisi 420,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, video çəkilişin aparılmasını özündə əks etdirən 1 ədəd video CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.21-ci maddəsinin tələbinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs aparılmış ekspertizanın dəyəri olan 60 (altmış) manat məbləğində pul vəsaiti tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini müzakirə edərək müsadirə ediləcək əmlakın olmamasını müəyyən etdi. Hökmün maddi sübut ilə bağlı hissəsinin icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəza çəkməsinin əvvəli 04 yanvar 2023-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Masallı Rayon Polis şöbəsində saxlanılan, tədqiqata sərf edildikdən sonra qalıq qalan 420,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərindən narkotik vasitənin aşkar edilməsi barədə görüntüləri özündə əks etdirən 01 ədəd “CD” disk iş materiallarında saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmün maddi sübutla bağlı hissəsinin icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxs hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar