Məhkəmə qərarları › İş №1(050)-56/2024

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-56/2024

27.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-56/2024 27.03.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Masallı rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1971-ci il tarixdə Masallı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Masallı şəhəri, M.Ə.Sabir küçəsi, ev 18-də qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, istintaqa məlum olmayan çəkidə satış məqsədi olmadan xeyli miqdarda bir ədəd bükümdə narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, xx.xx.2024-cü il tarixdə saat 18 radələrində Masallı RPŞ-nin əməkdaşları tərəfindən təxirəsalınmadan keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələri üzərində saxlamaqda və istifadəsində şübhəli olduğundan Masallı şəhəri M.Ə.Sabir küçəsində saxlanılaraq Masallı RPŞ-yə gətirilmiş, orada üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd kağız bükümdə, təmiz çəkisi 0,349 qram təşkil edən tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Həmin əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, üzərindən aşkar olunmuş narkotik vasitəni xx.xx.2024cü il tarixdə Cəlilabad rayonundan tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 manata almışdır. Aldığı narkotik vasitənin bir qismini istifadə etmişdir. xx.xx.2024-cü il tarixdə isə yaşadığı evin yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbsinə gətirilmişdir. Polis şöbəsində olduğu zaman üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı üzərindən narkotik vasitə aşkarlanaraq götürülmüşdür. Törətdiyi cinayətdən peşmandır. Odur ki, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini törətməsi onun özünün səmimi etirafı ilə yanaşı işin məhkəmə istintaqı zamanı tədqiq edilən digər sübut növləri ilə aşağıdakı qaydada tam sübuta yetirilir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 ifadə verərək bildirdi ki, Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz əldə edib üzərində gəzdirməkdə və istifadəsində şübhəli olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında xx.xx.2024cü il tarixdə ona Masallı şəhəri, M.Ə.Sabir küçəsində Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edərək Masallı RPŞ-nin əməkdaşları olduqlarını və qanunsuz olaraq narkotik vasitə istifadə etməkdə və üzərində daşımaqda şübhəli olduğu üçün yaxınlaşdıqlarını bildirmişlər. Sonra ondan şifahi formada üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı əşya olub-olmamasını soruşmuşlar. Həmin vaxtı Təqsirləndirilən şəxs heç bir cavab vermədiyini görüb ona üzərinə şəxsi-axtarış keçirilməsi üçün birlikdə polis şöbəsinə getməli olduğunu demişdir. Təqsirləndirilən şəxs heç bir etiraz etmədən onlarla birlikdə Masallı rayon Polis Şöbəsinə gəlmişdir. Polis şöbəsinə gəldikdən sonra Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində saxlanılaraq ona hüquq və vəzifələri izah edilmişdir. Daha sonra təhqiqatçısı Təqsirləndirilən şəxs üzərində şəxsi-axtarış aparılacağını və bu zaman video çəkilişdən istifadə olunacağını, üzərində qanunla qadağan olunmuş hər hansı vasitə, predmet və ya əşya varsa təqdim etməyi barədə təklif etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşyanın və ya predmetin olmadığını bildirsə də, buna baxmayaraq təhqiqatçı onun üzərinə baxış keçirmiş və bu zaman əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd qızılı rəngli kağız bükümü aşkar etmişdir. Həmin bükülü açıldığı zaman isə içərisində narkotik vasitə heroinə bənzər maddə olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla arasında hər hansı ədavəti və düşmənçiliyi olmamış, xx.xx.2024-cü il tarixdə saxlanılıb polis şöbəsinə gətirildikdə və orada üzərinə şəxsi axtarış aparıldıqda ona qarşı heç bir fiziki güc və ya psixi təsir göstərməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə iclasında iş materiallarında olan Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilməsi barədə video çəkilişin aparılmasına dair CD diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki qara rəngli şalvarın sağ yan cibindən təhqiqatçı tərəfindən bir ədəd kağız bükülü aşkar edilərək götürüldüyü müəyyən edildi. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X6 Bölməsinin Materialların məhkəmə ekspertizası, “məhkəmə kimyəvi eskpertizasının 06 fevral 2024-cü il tarixli, 19/113 saylı rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “vət.Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir bükümdə narkotik vasitə heroinə bənzər kütlə....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi -0,349 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (heroinin təmiz çəkisi 0,349 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 0,299 qramdır). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər X1 X7 Yoxlamanın nəticələrinə dair 06 fevral 2024-cü il tarixli 117 nömrəli rəyində qeyd edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən və müvafiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Masallı Rayon Məhkəməsinin 08 aprel 2019-cu il tarixli 1(050)-56/2019 saylı hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-cı maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. İş materiallarına əlavə edilmiş Masallı rayonu İcra Hakimiyyəti Başçısının Masallı şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Nağıyev X3 şəhəri M.Ə.Sabir küçəsi ev 15-də qeydiyyatda olmaqla, arvadı xx.xx.1972-ci il təvəllüdlü X4, övladları xx.xx.1996-cı il təvəllüdlü X5 və xx.xx.2000-ci il təvəllüdlü X2 ibarət ailə üzvləri ilə birlikdə yaşayır və yaşadığı yer üzrə mənfi xarakterizə edilir. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, şahidlərin ifadələri, təqsirləndirilən şəxsin üzərindən narkotik vasitənin aşkar edilməsi barədə video çəkiliş aparılması barədə CD disk, eləcə də işin faktiki halları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikasının CPM-nin 144-146-cı maddələrində nəzərdə tutulmuş qaydada qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsüf edilmiş və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsində göstərilir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 4-cü bəndində qeyd olunur ki, CM-nin 59-cu maddəsilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamının 8-ci bəndində qeyd edilir ki, - ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmçinin həmin Sərəncamın 10-cu bəndinə əsasən cəza siyasətinin humanistləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilsin və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə tapşırılsın ki, aşağıdakı istiqamətlərdə qanun layihələrini hazırlayıb iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsinlər: - cinayətlərin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunması və mövcud alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi; törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması. Həmçinin həmin Sərəncamın 13-cü bəndinə məhkəmələrə tövsiyə edilir ki: cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; - cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xatakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdiran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə müəyyən etdi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1-ci maddəsində göstərilən cəzasını yüngülləşdirən hallar yoxdur. Lakin, məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını və törətdiyi cinayət əməlini etiraf etməsini Azərbaycan Respublikasının Cinayət Məcəlləsininin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsininin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Cinayət Məcəlləsinin 58-ci maddəsinə əsasən cəza təyin edərkən Təqsirləndirilən şəxs şəxsiyyətini pis səciyyələndirməklə ona daha sərt cəza olan azadlıqdan məhrum etmə cəzası təyin etməyi məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 05 fevral 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və 07 fevral 2024-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə saxlanıldığı yerdən azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsi nəzərə alınmaqla cəza təyin etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsində göstərilmişdir ki, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilməli, o, məhkəmə iclas zalında həbs edilməli və seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Porosessaul Məcəlləsinin 346.1.22-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli 27 mart 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.16-cı maddəsinə əsasən hesab edir ki, təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1 və 93.1.4-cü maddələrinə əsasən tibbi xarakterli məcburi tədbirlər cinayət törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə təyin edilə bilər. Hazırkı cinayət işi üzrə isə müvafiq ekspert rəyindən görünür ki, təqsirləndirilən şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Odur ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinin tələbləri baxımından məhkəmə hesab edir ki, maddi sübit kimi tanınaraq Masallı Rayon Polis Şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalan 0,299 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, video çəkilişin aparılmasına dair 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.21-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs narkoloji ekspertizanın dəyəri olan 65 (altımış beş) manat məbləğində pul vəsaiti tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Hökmün maddi sübutun məhv edilməsi hissəsinin icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 05 fevral 2024-cü il tarixdən 07 fevral 2024-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalında həbsə alınsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəza çəkməsinin əvvəli 27 mart 2024-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetində qeydiyyatada alınsın. Təqsirləndirilən şəxs 65 (altmış beş) manat məbləğində məhkəmə məsrəfi (ekspertiza xərci) tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq Masallı Rayon Polis Şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalan 0.299 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərindən narkotik vasitənin aşkar edilməsi görüntülərini özündə əks etdirən 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmün maddi sübutun məhv edilməsi hissəsinin icrası Masallı rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökmdən elan edildiyi vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar