Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-57/2023 13.03.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Masallı Rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1976-cı ildə Masallı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Masallı rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1 və 68.1.1-1-ci madələrinə əsasən 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş və qanunvericiliklə nəzərdə tutulmuş qaydada götürülməmiş, ünvan 1-də daimi qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, xx.xx.2023-cü il tarixdən həbsdə saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini qanunsuz əldə etməklə üzərində saxlayaraq daşımış, Masallı RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələri qəbul etməkdə və üzərində gəzdirməkdə şübhəli olduğundan 12 yanvar 2023-cü il tarixdə saat 13 radələrində Masallı şəhəri, M.Talışxanov küçəsi ərazisində saxlanılaraq RPŞ-yə gətirilib orada üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə ümumi təmiz çəkisi-0,613 qram təşkil edən tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə bədənində kəskin ağrılar yaranmağa başladığından narkotik vasitə almaq məqsədilə Lənkəran rayonu, Qumbaşı kəndinə getmək qərarına gəlmişdir. Saat təxminən 10 radələrində yaşadığı evdən çıxaraq Masallı şəhəri, Seybətin dairəsi adlanan yerə gəlmiş və Lənkəran şəhəri istiqamətində hərəkətdə olan avtomobillərə əli ilə işarə etməyə başlamışdır. Az sonra Lənkəran şəhəri istiqamətində hərəkətdə olan əvvəllər tanımadığı şəxs onun işarəsini görüb avtomobilini saxlamışdır. Həmin şəxsdən onu Lənkəran rayonu, Qumbaşı kəndinə aparmasını xahiş etmişdir. Həmin tanımadığı şəxsə məxsus avtomobillə Lənkəran rayonu, Qumbaşı kəndi ərazisinə getmiş və yolun kənarında avtomobildən düşmüşdür. Bir qədər piyada hərəkət etdikdən sonra saat təxminən 11 radələrində xarici görkəmcə narkotik aludəçisinə oxşatdığı əvvəllər tanımadığı şəxsə yaxınlaşıb bədənində ağrılar olduğunu və ona narkotik vasitə tapmaqda köməklik etməsini xahiş etmişdir. Həmin tanımadığı şəxs onda narkotik vasitə olan heroin olduğunu, istəsə ona verə biləcəyini bildirmişdir. Həmin şəxslə razılaşmışdır. Daha sonra həmin şəxs o olan yerdən uzaqlaşmış və bir neçə dəqiqə sonra yenidən yanına gəlmişdir. Həmin şəxs əlində olan bir ədəd şəffaf rəngli sellofan bükümü göstərib, həmin bükümdə olan maddənin narkotik vasitə heroin olduğunu və həmin bükümü 20 manata satacağını bildirmişdir. Həmin şəxslə razılaşmışdır. Həmin tanımadığı şəxs 01 ədəd şəffaf rəngli sellofan bükümü ona verdikdən sonra həmin şəxsə cibində olan 20 manat pulunu vermişdir. Bükümü aldıqdan sonra tanımadığı şəxsə məxsus avtomobillə Masallı şəhəri ərazisinə gəlmiş və avtomobildən düşərək piyada hərəkət etməyə başlamışdır. Saat təxminən 13 radələrində Masallı şəhəri, M.Talışxanov küçəsi ərazisində piyada hərəkət edən zaman üç nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşmışdır. Həmin şəxslər xidməti vəsiqələrini göstərib özlərini təqdim edərək Masallı RPŞ-nin polis əməkdaşları olduqlarını və onun qanunsuz olaraq narkotik vasitə istifadə etməkdə və üzərində daşımaqda şübhəli olduğunu bildirmişdir. Polis əməkdaşları şifahi formada üzərində narkotik vasitə olubolmamasını soruşmuşdur. Həmin vaxt qorxduğundan polis əməkdaşlarına heç bir cavab verməmişdir. Polis əməkdaşları onlarla birlikdə Masallı RPŞ-yə getməli olduğunu bildirmişdir. Heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə RPŞ-yə gəlmişdir. RPŞ-yə gəldikdən sonra həmin iki nəfər polis əməkdaşı onu xidməti otağa gətirmişdir. Xidməti otaqda polis geyimində olan bir nəfər ona özünü Masallı RPŞ-nin təhqiqatçısı kimi təqdim etmişdir. Təhqiqatçı qanunsuz olaraq üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu və bu səbəbdən saxlanılaraq RPŞ-yə gətirildiyini deyərək şübhəli şəxs kimi hüquq və vəzifələrini ona elan edib bu barədə bildiriş vermişdir. Daha sonra ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini bildirmişdir. Müdafiəçi qismində Müdafiəçi hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. Daha sonra təhqiqatçı üzərində şəxsi axtarış aparılacağını və bu zaman video çəkilişdən istifadə olunacağını bildirmişdir. Təhqiqatçı üzərində qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa, təqdim etməsi barədə təklif etmişdir. Həmin vaxt əynində olan göy rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümü çıxararaq təqdim etmişdir. Təqdim etdiyi bükümdə olan maddənin narkotik vasitə heroin olduğunu, xx.xx.2023-cü il tarixdə saat 11 radələrində Lənkəran rayonu, Qumbaşı kəndində tanımadığı şəxsdən 20 manata aldığını və şəxsi istifadə məqsədilə üzərində saxladığını bildirmişdir. Təhqiqatçı tərəfindən 01 ədəd şəffaf rəngli sellofan bükümə baxış keçirilən zaman içərisində narkotik vasitə heroinə bənzər maddə aşkar olunmuşdur. Üzərindən aşkar olunmuş narkotik vasitə olan heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş və həmin bükümün çəkisinin 0,65 qram olduğu müəyyən olunmuşdur. Təqdim etdiyi narkotik vasitə olan heroinə bənzər kütlə təhqiqatçı tərəfindən zərfə qoyularaq möhür ilə möhürlənmiş, üzərinə imzalar edilmişdir. Sonradan üzərində axtarış davam etdirilmiş, lakin üzərindən qanunla qadağan olunmuş hər hansı əşya, predmet və maddə aşkar olunmamışdır. Üzərində həyata keçirilən şəxsi axtarış barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Sonda Təqsirləndirilən şəxs ədalətli qərar qəbul edilməsini xahiş etdi. Təqsirləndirilən şəxsin ittiham olunduğu cinayəti törətməsi onun özünün səmimi etirafı ilə yanaşı işin məhkəmə istintaqı zamanı tədqiq edilən digər sübut növləri ilə aşağıdakı qaydada tam sübuta yetirilir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Masallı RPŞ-nin NMQ-nın əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə daxil olmuş əməliyyat məlumatında Masallı şəhəri, M.Talışxanov küçəsi, ev 31-də yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi və üzərində gəzdirməsində şübhəli olması qeyd olunmuşdur. Həmin məlumat üzrə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılması və Masallı RPŞ-yə gətirilməsi ilə əlaqədar tərəfindən “Təxirə salınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi” haqqında qərar qəbul edilmişdir. xx.xx.2023-cü il tarixdə saat 13 radələrində Təqsirləndirilən şəxs onun, CAB-nin əməliyyat müvəkkiləri Şahid2 və Şahid3 iştirakı ilə Masallı şəhəri, M.Talışxanov küçəsi ərazisində saxlanılmışdır. Həmin vaxt orada Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmaq üçün əlverişli şərait olmadığından onu Masallı RPŞ-yə dəvət etmişdir. Təqsirləndirilən şəxs razılaşmış və o, Masallı RPŞ-nin inzibati binasında təhqiqatçı Abbasağa Paşayevin xidməti otağına gətirilmişdir. Həmin vaxt axtarış aparılmasında iştirak etməkdən ötrü Masallı Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi qismində təhqiqatçı Abbasağa Paşayevin xidməti otağına dəvət olunmuşdur. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulmuş, hüquq və vəzifələri ona izah olunmuşdur. Daha sonra onun, müdafiəçinin, CAB-nin əməliyyat müvəkkiləri Şahid2 və Şahid3 iştirakları ilə təhqiqatçı Abbasağa Paşayev RPŞ-nin Kriminalistik TQ-nın baş inspektor kriminalisti, polis leytenantı Ramal Şükürovun video çəkiliş aparması ilə onun üzərində axtarış aparmağa başlamışdır. Axtarış aparmağa başlamamışdan əvvəl təhqiqatçı Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsini təklif etmiş, həmin vaxt Təqsirləndirilən şəxs əynində olan göy rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümü çıxararaq təqdim etmişdir. Təqdim etdiyi bükümdə olan maddənin narkotik vasitə heroin olduğunu, xx.xx.2023-cü il tarixdə saat 11 radələrində Lənkəran rayonu, Qumbaşı kəndində tanımadığı şəxsdən 20 manata aldığını və şəxsi istifadə məqsədilə üzərində saxladığını bildirmişdir. Təhqiqatçı tərəfindən 01 ədəd şəffaf rəngli sellofan bükümə baxış keçirilən zaman içərisində narkotik vasitə heroinə bənzər maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə olan heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş və həmin bükümün çəkisinin 0,65 qram olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə olan heroinə bənzər kütlə təhqiqatçı tərəfindən zərfə qoyularaq RPŞ-nin 90 saylı möhürü ilə möhürlənmiş, üzərinə imzalar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş, lakin şəxsi axtarış zamanı qanunla qadağan edilmiş hər hansı əşya, predmet və maddə aşkar edilməmişdir. Keçirilmiş şəxsi axtarış ilə bağlı təhqiqatçı tərəfindən protokol tərtib olunmuş, tərtib olunmuş protokol ucadan iştirakçılara oxunmuş, tərtib edilmiş protokol iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Məhkəmə istintaqına şahid qismində dindirilmiş Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkilləri Şahid2 və Şahid3 oxşar məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Məhkəmə iclasında iş materiallarında olan Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilməsi barədə video çəkilişin aparılmasına dair CD-yə baxış keçirilərək, narkotik vasitənin Təqsirləndirilən şəxs əynində olan göy rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə narkotik vasitə olan heroinin aşkar edilərək götürülməsi müəyyən edildi. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X3 Bölməsinin 12 yanvar 2023-cü il tarixli 19/35 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinə bənzər kütlə.....”sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi: 0,613 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heronin təmiz çəkisi 0,613 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 0,563 qramdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran Rayonlararası X1 X7 Yoxlamanın nəticələrinə dair xx.xx.2023-cü il tarixli, 43 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Maddi sübutun tanınması və təhvil verilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, 12 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi:-0,563 qram qalmış narkotik vasitə heroinin 14 yanvar 2023-cü il tarixdə maddi sübut kimi tanınmış və saxlanılması üçün RPŞ-nin saxlanc anbarına verilmiş, həmçinin Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə heroinin aşkar olunduğu görüntünün əks olunduğu 01 ədəd disk cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən və müvafiq hökmün surətindən görünür ki, Əhmədov X6 Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1 və 68.1.1-1-ci madələrinə əsasən 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Onun məhkumluğu ödənilməmiş və ya qanunvericliklə müəyyən edilmiş qaydada götürülməmişdir. İş materiallarına əlavə edilmiş Masallı Rayon İcra Hakimiyyəti başçısının Masallı şəhər inzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Əhmədov X6 şəhəri, M.Talışxanov küçəsi ev 31 ünvanında qeydiyyatda olmaqla arvadı xx.xx.1980-ci il təvəllüdlü X4, qızı xx.xx.1997-ci il təvəllüdlü X5 və qızı xx.xx.1999-cu il təvəllüdlü X2 ibarət ailə tərkibində yaşayır, yaşadığı müddətdə onun barəsində Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir yazılı və ya şifahi şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən təqsirləndirilən şəxsin etirafı, şahidlərin ifadələri, təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış aparılmasına dair video çəkiliş aparılması barədə CD, eləcə də işin faktiki halları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikası CPM-nin 144-146-cı maddələrində nəzərdə tutulmuş qaydada qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xatakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmin Məcəllənin 59.2-ci maddəsin əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs əməlini səmimi etiraf edərək, törətdiyi əmələ görə peşmançılıq çəkməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. İş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. Onun əməlində cinayətlərin residivi var. Cinayətlərin residivi Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3-cü maddələrinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Odur ki, Təqsirləndirilən şəxs Azərbyacan Respulikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbi nəzərə alınmaqla cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə cəzanı yüngülləşdirən halın mövcudluğunu, cəzanı ağırlaşdıran hal kimi cinayətlərin residivini, həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs yalnız Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduqda təmin edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkməsi nəzərdə tutulduğudan Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 12 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Masallı Rayon Məhkəməsinin 4(050)-5/2023 saylı, 14 yanvar 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli şübhəli şəxs qismində tutulduğu 12 yanvar 2023-cü il tarixdən hesablanmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələbinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından Təqsirləndirilən şəxs barəsində Masallı Rayon Məhkəməsinin 4(050)-5/2023 saylı, 14 yanvar 2023-cü il tarixli qərarı ilə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalı, Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.16-cı maddəsinə əsasən təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirin və məhz hansı tədbirin tətbiq edilməsinin mümkün olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, xx.xx.2023-cü il tarixli, 43 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülmüşdür. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, Ərazi Narkoloji kabinetində qeydiyyata alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinin tələbi baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə Masallı Rayon Polis şöbəsində saxlanılan, tədqiqata sərf edildikdən sonra qalıq qalan 0,563 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, video çəkilişin aparılmasını özündə əks etdirən 1 ədəd video CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.21-ci maddəsinin tələbinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs aparılmış ekspertizanın dəyəri olan 60 (altmış) manat məbləğində pul vəsaiti tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini müzakirə edərək müsadirə ediləcək əmlakın olmamasını müəyyən etdi. İş üzrə mülki iddia yoxdur. Hökmün maddi sübut ilə bağlı hissəsinin icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın. Cəza çəkməsinin əvvəli onun həbsə alındığı gündən, yəni 12 yanvar 2023-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və Ərazi Narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Masallı Rayon Polis şöbəsində saxlanılan, tədqiqata sərf edildikdən sonra qalıq qalan 0,563 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərindən narkotik vasitənin aşkar edilməsi barədə görüntüləri özündə əks etdirən 01 ədəd “CD” disk iş materiallarında saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmün maddi sübutla bağlı hissəsinin icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxs hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №1(050)-57/2023
Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-57/2023
13.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver