Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-57/2024 16.07.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi1 iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Masallı rayonu Yeddioymaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Masallı rayonu Şıxlar kəndində yaşayış yeri üzrə qeydiyyatda olan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Masallı Rayon Məhkəməsinin 1(050)-57/2024 saylı, 12 mart 2024cü il tarixli qərarına əsasən barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda həbsdə olan, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2, 127.2.3 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair, xx.xx.2005-ci il tarixdə Masallı rayonu Şıxlar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Masallı rayonu Şıxlar kəndində yaşayış yeri üzrə qeydiyyatda olan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Masallı Rayon Məhkəməsinin 1(050)-57/2024 saylı, 12 mart 2024cü il tarixli qərarına əsasən barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda həbsdə olan, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 13 iyul 2023-cü il tarixdə saat 22 radələrində Masallı şəhəri Qarabağ küçəsində yerləşən “Mübarək” şadlıq sarayında keçirilən xalası oğlu X1 toy mərasimində spirtli içki qəbul etdikdən sonra alkoqol sərxoşluğu vəziyyətində dayısı oğlu Təqsirləndirilən şəxs2 ilə birlikdə bir qrup şəxs halında əvvəllər tanımadığı Zərərçəkmiş şəxs ilə toy şənliyində ilk özünün mahnı sifarişinin ifa olunacağı ilə bağlı heç bir əsaslı səbəb olmadan mübahisə edərək şadlıq evində olan şəxslərin narahatçılığına səbəb olan qanunsuz hərəkətlər etməyə başlamış, ümumi davranış, əxlaq və mənəviyyat normalarına hörmətsizlik ifadə edib, oradakı vətəndaşların gözləri qarşısında söyüş söyərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə, öz şəxsiyyətini digər şəxslərin şəxsiyyətlərinin fövqünə qoyub, cəmiyyətə aşkar hörmətsizlik və laqeyidlik nümayiş etdirərək şadlıq evinin giriş qapısının qarşısında hər hansı bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs üzərinə hücum edib zor tətbiq edərək Zərərçəkmiş şəxs anası Şahid1 orada olmasına əhəmiyyət verməyərək öz cinayətkar niyyətini davam etdirib müstəsna dərəcədə qəddarlıq göstərərək xüsusi amansızlıq nümayiş etdirməklə sonuncunun gözləri qarşısında xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs burun nahiyəsinə bir dəfə baş zərbəsi ilə qəsdən vuraraq sonuncuya burun tənəffüsünün pozulması ilə müşayiət olunan burun sümüyünün yerini dəyişən sınığı ilə nəticələnən dərəcəsinə görə sağlamlığa AZ AĞİR zərərvurmaya aid olan bədən xəsarətləri, əlində olan istintaqa məlum olmayan bıçaqdan silah qismində istifadə edərək Zərərçəkmiş şəxs sağ əl nahiyəsinə qəsdən bir dəfə zərbə vuraraq sonuncuya sağ əlin arxa və ovuc hissəsində, sağ əlin V barmağının əsas falanqa nahiyəsində kəsilmiş yara ilə nəticələnən dərəcəsinə görə sağlamlığa YÜNGÜL zərərvurmaya aid olan bədən xəsarətləri, Təqsirləndirilən şəxs2 isə Zərərçəkmiş şəxs dodaq nahiyəsinə bir dəfə yumruq zərbəsi ilə qəsdən vurmaqla sonuncuya yuxarı dodağın iç hissəsində qansızma ilə nəticələnən sağlamlığa zərərvurmayan dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirməsi nəticəsində Təqsirləndirilən şəxs2 ilə birlikdə 20 dəqiqə ərzində ətrafda olan şəxslərin narahatçılığına səbəb olan, vətəndaşlar üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətlərini törətmişdir. Təqsirləndirilən şəxs2 13 iyul 2023-cü il tarixdə saat 22 radələrində Masallı şəhəri Qarabağ küçəsində yerləşən Mübarək şadlıq sarayında keçirilən bibisi oğlu X1 toy mərasimində spirtli içki qəbul etdikdən sonra alkoqol sərxoşluğu vəziyyətində bibisi oğlu Təqsirləndirilən şəxs1 ilə birlikdə bir qrup şəxs halında əvvəllər tanımadığı Zərərçəkmiş şəxs ilə toy şənliyində ilk özünün mahnı sifarişinin ifa olunacağı ilə bağlı heç bir əsaslı səbəb olmadan mübahisə edərək şadlıq evində olan şəxslərin narahatçılığına səbəb olan qanunsuz hərəkətlər etməyə başlamış, ümumi davranış, əxlaq və mənəviyyat normalarına hörmətsizlik ifadə edib, oradakı vətəndaşların gözləri qarşısında söyüş söyərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə, öz şəxsiyyətini digər şəxslərin şəxsiyyətlərinin fövqünə qoyub, cəmiyyətə aşkar hörmətsizlik və laqeyidlik nümayiş etdirərək şadlıq evinin giriş qapısının qarşısında hər hansı bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs üzərinə hücum edib zor tətbiq etməklə sonuncunun dodaq nahiyəsinə bir dəfə yumruq zərbəsi ilə qəsdən vurmaqla Zərərçəkmiş şəxs yuxarı dodağın iç hissəsində qansızma ilə nəticələnən sağlamlığa zərərvurmayan dərəcəsi təyin edilməyən bədən xəsarətləri, Təqsirləndirilən şəxs1 isə Rəhman Şıxəlizadanin burun nahiyəsinə bir dəfə baş zərbəsi, əlində olan istintaqa məlum olmayan bıçaqdan silah qismində istifadə edərək sağ əl nahiyəsinə qəsdən bir dəfə zərbə vuraraq sonuncuya burun tənəffüsünün pozulması ilə müşayiət olunan burun sümüyünün yerini dəyişən sınığı ilə nəticələnən dərəcəsinə görə sağlamlığa AZ AĞİR zərərvurmaya aid, sağ əlin arxa və ovuc hissəsində, sağ əlin V barmağının əsas falanqa nahiyəsində kəsilmiş yara ilə nəticələnən dərəcəsinə görə sağlamlığa YÜNGÜL zərərvurmaya aid olan bədən xəsarətləri yetirməklə Təqsirləndirilən şəxs1 ilə birlikdə 20 dəqiqə ərzində ətrafda olan şəxslərin narahatçılığına səbəb olan, vətəndaşlar üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri törətmişdir. Həmin əməllərinə görə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2, 127.2.3 və 221.3-cü maddələri ilə və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs1 məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Masallı şəhərində yerləşən Mübarək şadlıq sarayında xalası oğlu Vüsal Rəhimovun toy şənliyi keçirilmiş, həmin toyda iştirak etmişdir. Toy məclisində olduğu zaman adının sonradan Zərərçəkmiş şəxs olduğunu bildiyi şəxsin toyda mahnı sifarişi üstündə səs-küy saldığını görmüş, Rəhmanın səs-küyünə tanımadığı şəxslər yığışmışlar. Rəhman səs-küy saldığı üçün toy zalından çıxararq sakitləşdirməyə çalışmışdır. Lakin Rəhman sakitləşməmişdir. Buna görə də, kəllə ilə Rəhmanın sifət nahiyəsindən vurmuşdur. Lakin Rəhmanı bıçaqla vurmamışdır. Həmin vaxt onda bıçaq olmamışdır. Daha sonra Rəhman sakitləşməyərək sağ əli ilə şadlıq sarayının girişində olan güzgüyə yumruq atmış, Rəhmanın yumruq zərbəsindən güzgü sınmış və Rəhmanın əli kəsilərək əlindən qan gəlmişdir. Həmin vaxtı Rəhman içkili olduğundan ağzı üstə yerə yıxılmış, burun və ağız nahiyəsindən xəsarət almış, daha sonra Zərərçəkmiş şəxs anası Mənsurə adlı qadın tərəfindən sakitləşdirilib oradan aparılmışdır. Törətdiyi cinayət əməlinə görə peşmançılıq hissi keçirir. Zərərçəkmiş şəxslə barışmışdır. Zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Himayəsində xəstə anası vardır. Üçüncü qrup əlildir. Odur ki, məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs2 məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Masallı şəhəri ərazisində yerləşən Mübarək şadlıq sarayında bibisi oğlu Vüsal Rəhimovun toy şənliyi keçirilmiş, o da toyda iştirak etmişdir. Toy məclisində adının sonradan Zərərçəkmiş şəxs olduğunu bildiyi şəxsin toyda mahnı sifarişi üstündə uca səslə səs-küy saldığını görmüş, Rəhmanın səs-küyünə tanımadığı şəxslər müğənni əyləşən masanın qarşısına yığışmışlar. Fərhadla Rəhmana yaxın olduğundan Fərhadla birlikdə Rəhmanı sakitləşdirməyə çalışmış, Rəhman isə toy sahibi olduğu üçün sifariş etdiyi mahnının ifa olunacağını israrla uca səslə bildirmiş, içəridə qadınlar olduğundan onlara narahatçılıq yaranmaması üçün Rəhmanı toy mərasimi keçirilən zaldan sarayın giriş hissəsinə Fərhadla birlikdə çıxartmışdır. Daha sonra orada mübahisə yaranmış o da mübahisəni sakitləşdirməyə çalışmış və bu zaman yumruğu Rəhmana dəymişdir. Lakin bunu qəsdən etməmişdir. Daha sonra Rəhman bərk əsəbləşərək sağ əli ilə şadlıq sarayının girişində olan güzgüyə yumruq atmış, Rəhmanın yumruq zərbəsindən güzgünün şüşəsi sınmış və Rəhmanın əli kəsilərək əlindən qan gəlmişdir. Həmin vaxtı Rəhman içkili olduğundan ağzı üstə yerə yıxılmış, burun və ağız nahiyəsindən xəsarət almış, bütün baş verənlər təxminən 10-15 dəqiqə ərzində davam etmiş, daha sonra Zərərçəkmiş şəxs anası Mənsurə sakitləşdirib oradan aparmışdır. Hadisə zamanı Fərhadın əlində bıçaq olmamışdır. Ümumiyyətlə Fərhadın əlində bıçaq görməmişdir. Törətdiyi cinayət əməlinə görə peşmançılıq hissi keçirir. Zərərçəkmiş şəxslə barışmışdır. Zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Atası xəstədir. Özü də, vərəm xəstəsidir. Odur ki, məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxslərin ittiham olunduğu cinayəti törətmələri məhkəmə istintaqı zamanı tədqiq edilən sübut növləri ilə aşağıdakı qaydada sübuta yetirilir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadə verərək bildirdi ki, hadisədən artıq bir il ötmüşdür. Tarixi yadında qalmayıb. Həmin vaxt bacısının toy şənliyi olmuşdur. Toy şənliyinin gedişində hazırda təqsirləndirilən şəxs olan Fərhad qadın müğəninin arxasına əllə toxunduğu üçün anası ilə Fərhad arasında mübahisə yaranmışdır. Mübahisə zamanı anası Fərhada toy sahibi olduğunu, toy şənliyini tərk etməsini, problem yaratmamasını demişdir. O da bunu eşidib onlara yaxınlaşıb məsələnin nə olduğunu soruşmuşdur. Bu zaman Fərhad və Əmrah onu şadlıq sarayının içərisindən binanın girişinə çıxartmışdır. Fərhad və Əmrah həmin vaxt sərxoş idilər. Binanın girişində aralarında söz-söhbət yaranmışdır. Bu zaman Fərhad anidən bir dəfə kəllə zərbəsi ilə onun burun nahiyəsinə zərbə endirmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 bir dəfə yumruq zərbəsi ilə dodaq nahiyəsinə qəsdən vurmuşdur. O, qaçmaq istəmiş lakin yerə yıxılmışdır. Ayağa durduğu zaman onlar onun üzərinə gəlmişlər. O da özünü müdafiə etmək üçün qarşılıq vermək məcburiyyətində qalmışdır. Bu zaman Fərhad bıçaq çıxararaq iki üç dəfə ona bıçaq zərbəsi vurmağa çalışmışdır. O, bıçaq zərbəsini əli ilə tutmuş və bıçaq əlini kəsmişdir. Daha sonra orada olan qadınlar onu toy şənliyi keçirilən zala aparmışlar. Həmin vaxt Fərhadın əlində qara rəngli balaca bir bıçaq olmuşdur. Hadisə təxminən 15-20 dəqiqə davam etmişdir. Hazırda təqsirləndirilən şəxslərlə barışmışdır. Onlara qarşı şikayət və tələbi yoxdur. Məhkəmədən onların azadlığa buraxılmasını xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 ifadə verərək bildirdi ki, qızı Nurəngizin toy şənliyi Masallı şəhəri ərazisində yerləşən Mübarək şadlıq sarayında keçirilmişdir. Toy gedərkən şadlıq sarayının giriş qapısının qarşısında bir neçə şəxsin toplaşdığını görmüş, əyləşdiyi yerdən oranı müşaiyət etdikdə oğlu Zərərçəkmiş şəxs ilə tanımadığı şəxslərin mübahisə etməsini və oğlunun şadlıq sarayının içərisindən çölə aparılmasının şahidi olmuşdur. Dərhal girişə tərəf getmiş, arxasınca tanışları gəlmişdir. Şadlıq sarayının giriş qarşısına çıxdıqda oğlu sonradan adlarının Fərhad və Əmrah olduğunu bildiyi şəxslərin onun oğlu Zərərçəkmiş şəxs ilə mübahisə etmələrini görmüşdür. Həmin vaxtı onlara oğlundan əl çəkmələrini demiş, lakin Təqsirləndirilən şəxs1 anidən bir dəfə kəllə zərbəsi ilə oğlu Rəhmanın burun nahiyəsinə zərbə endirmiş, zərbənin təsirindən oğlu yerə yıxılmış, bu zaman Təqsirləndirilən şəxs2 isə bir dəfə yumruq zərbəsi ilə oğlunun dodaq nahiyəsinə xəsarət yetirmişdir. Daha sonra Fərhad əlində olan qara rəngli bıçaqla oğlu Rəhmanı vurmaq isəyərkən, Rəhman sağ əlini bıçağın qarşısına qoyduğu üçün bıçaq oğlunun sağ əl nahiyəsinə dəymiş və Rəhman həmin hissədən xəsarət almışdır. Ətrafında olan şəxslərlə birlikdə qışqırıq səsləri ilə araya girib Rəhmanı Əmrah və Fərhadın əlindən almış, Fərhad və Əmrah spirtli içkinin təsiri altında olmuşlar, orada olan tanımadığı şəxslər tərəfindən kənara çəkilmişlər. Rəhmanın burun nahiyəsi qan içində olmuş, yanında olan Şahid2 və Şahid3 ilə birlikdə oğlunu yerdən qaldırmış, Rəhmanın burnundan qan gəlməsinin qarşısını almağa çalışmışdır. Daha sonra oğlu Rəhmanı tanımadığı taksi ilə Masallı RMX-ya aparmışdır. Dava-dalaş təxminən 20 dəqiqə davam etmişdir. Məhkəmə iclasında iştirak etmədiyi üçün ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilməklə tədqiq edilmiş şahidlər Şahid2 və Şahid3 ifadəsindən görünür ki, onlar Şahid1 ilə eyni məzmunlu ifadə vermişlər. Məhkəmə iclasında iştirak etmədiyi üçün ibtidai istintaq dövründə verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid4 ifadəsindən görünür ki, 13 iyul 2023-cü il tarixdə tanışı Şahid1 qızı Nurəngiz Beybudovanın toy şənliyinə dəvət edilmişdir, həmin toy məclisinə bacısı Şahid3 və sonuncunun azyaşlı uşağı ilə birlikdə getmişdir. Toy məclisi Masallı şəhəri ərazisində yerləşən Mübarək şadlıq sarayında keçirilmişdir. Toy məclisində kişilər və qadınlar ayrı-ayrı masalarda əyləşmişlər. Bacısı Şahid3 Şahid1 ilə eyni masada qadınlar əyləşən tərəfdə əyləşmişdir. O, isə kişilər əyləşən tərəfdə tanımadığı şəxslər ilə birlikdə əyləşib yemək yemiş və toya tamaşa etmişdir. Toy məclisi gedərkən təxminən saat 22 radələrində müğənni və çalğıçılar əyləşən yerdə 2 nəfər cavan yaşlarında olan oğlanın Şahid1 oğlu Zərərçəkmiş şəxs ilə sözlə mübahisə etmələrini görmüşdür. Müğənni və çalğıçıların əyləşdikləri masa onun əyləşdiyi masaya yaxın olduğundan orada Zərərçəkmiş şəxs ilə mübahisə edən 2 nəfər cavan yaşlarında olan oğlan birinci olaraq onların sifariş etdikləri mahnının ifa olunacağı barədə sözlə mübahisə etmələrini bilmişdir. Bir neçə saniyə içində Zərərçəkmiş şəxs ilə mübahisə edən şəxslərin ətrafına tanımadığı şəxslər toplaşmışlar. Zərərçəkmiş şəxs ilə sözlə mübahisə edən 2 nəfər cavan yaşlarında olan oğlan Rəhmanı şadlıq sarayının toy məclisi keçirilən zalından girişə tərəf aparmışlar. Həmin vaxtı Şahid1 bəy-gəlin əyləşən masanın yanında əyləşdiyi masadan qalxıb tələmtələsik oğlu Rəhmanın arxasıyca getmişdir. Mənsurənin arxasıyca onun bacısı Şahid3 və Tutu adlı qadın getmişdir. Həmin vaxtı oda bacısının arxasıyca getdikdə şadlıq sarayının çöl tərəfdən girişində Zərərçəkmiş şəxs yerdə ağız, burun və əl nahiyəsinin, paltarlarının qanlı olmasını görmüşdür. Həmin vaxtı oraya tanımadığı şəxslər yığışmışlar. Şahid1 oğlu Rəhmanı xəsarət yetirən şəxslərin əlindən almış və həmin vaxtı oda Rəhmanın yerdən qalxmasına köməklik etmişdir. Rəhmanı döyən şəxslərin sonradan Masallı rayonu Şıxlar kənd sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olduğunu bilmişdir. Hər iki şəxs ilk əvvəl Zərərçəkmiş şəxs ilə sözlə mübahisəyə şadlıq sarayının toy mərasimi keçirilən zalında müğənni və çalğıçıların əyləşdikləri yerdə başlamışlar və daha sonra Rəhmanı şadlıq sarayının girişinə aparıb orada onu vuraraq bədəninə xəsarət yetirmişlər. Rəhmanı Fərhad və Əmrahın əlindən anası Mənsurə alsa da hər iki şəxs Rəhmanın ünvanına nəlayiq küçə söyüşləri söymələrinə davam etmişlər və onlar ətrafda olan tanımadığı şəxslər tərəfindən oradan uzaqlaşdırılmışlar. Dava-dalaş nəticəsində toyda 20 dəqiqə ərzində fasilə yaranmışdır. Toyda iştirak edən şəxslərin dincliyi pozulmuş, toyda həmin vaxtı iştirak edən qonaqların əksəriyyəti çıxıb getmişlər. Toy mərasimi o dərəcədə pozulmuşdur ki, müğənni və çalğıçılar da toy mərasimindən çıxıb getməyə hazırlaşmışlar. Daha sonra oraya polis və təcili tibbi yardım xidmətinin əməkdaşları gəlmişlər. O, bacısının azyaşlı uşağın götürüb oradan uzaqlaşmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və X4” X6 tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli 665 saylı ekspert rəyində qeyd edilmişdir ki, vət. Zərərçəkmiş şəxs aşağıdakı xəsarətlər müəyyən olundu: a) burun tənəffüsünün pozulması ilə müşayiət olunan burun sümüyünün yerini dəyişən sınığı, b) sağ əlin arxa və ovuc hissəsində, sağ əlin V barmağının əsas falanqa nahiyəsində kəsilmiş yara, c) yuxarı dodağın iç hissəsinə qansızma. a) bəndində qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya, b) bəndində qeyd olunan xəsarətlər kəsici əşyanın (əşyaların), ola bilər ki, bıçağın təsirindən törənmişdir, dərəcəsinə görə ayrı-ayrılıqda və ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir, c) bədənində qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir və sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Vət. Zərərçəkmiş şəxs aşkar olunan xəsarətlərin törənmə müddəti qərarda qeyd olunan 13 iyul 2023-cü il tarixə uyğun gəlir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən və qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, CMin 69.4-cü maddəsinə əsasən 1000 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, cəriməni tam ödəmişdir. Daha sonra Masallı Rayon Məhkəməsinin 04 may 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmiş və iş üzrə icraata xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan məhkumun tibbi kitabçasından görünür ki, keçirilmiş müayinələr zamanı Təqsirləndirilən şəxs2 ilkin olaraq keçirilmiş plevmaniya (Anemnezdə) diaqnozu təyin olunmuş. Rentgen müayinəsi zamanı sağ ağ ciyərdə infiltrativ kölgəli izlənilir, köklər sərtləşib. Keçirilmiş bəlğəm müayinəsinin nəticəsi pozitiv olduğuna görə Ağciyər Vərəmi diaqnozu qoyulmuşdur. İş materiallarına əlavə edilmiş Masallı rayon İcra Hakimiyyəti Başçısının Şıxlar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Abasov X3 rayonu, Şıxlar kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır və yaşadığı yer üzrə mənfi xarakterizə edilir. İş materiallarına əlavə edilmiş Masallı rayon İcra Hakimiyyəti Başçısının Şıxlar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Nəbiyev X2 rayonu, Şıxlar kəndində qeydiyyatda olmaqla yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə edilir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə dindirilmiş və ifadələri elan edilmiş şəxslərin (təqsirləndirilən şəxslərin, zərər çəkmiş şəxsin və şahidlərin) ifadələrini, ekspert rəyi, istintaq və məhkəmə hərəkətlərinin protokollarını sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2, 127.2.3 və 221.3-cü maddələrində və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olmaları tam sübuta yetirildiyi üçün onlara həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsində göstərilir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamının 8-ci bəndində qeyd edilir ki, - ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmçinin həmin Sərəncamın 10-cu bəndində qeyd edilir ki, cəza siyasətinin humanistləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilsin və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə tapşırılsın ki, aşağıdakı istiqamətlərdə qanun layihələrini hazırlayıb iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsinlər: - cinayətlərin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunması və mövcud alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi; törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması. Həmçinin həmin Sərəncamın 13-cü bəndinə əsasən məhkəmələrə tövsiyə edilir ki: cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; - cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xatakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdiran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslə barışmasını 59.1.12-ci maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanı tamamilə ödəməsini Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, əməlindən peşman olmasını isə Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsininin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, məsuliyyətini yüngülləşdirən hallar nəzərə alınmalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Məhkəmə Cinayət Məcəlləsinin 58-ci maddəsinə əsasən cəza təyin edərkən Təqsirləndirilən şəxs1 şəxsiyyətini pis səciyyələndirməklə təyin olunacaq cəzanın şəxsin islah olunması yönümündə yetərli olmasını nəzərə alaraq daha sərt cəza yolu ilə azadlıqdan məhrumetmə cəzası təyin etməyi məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının CM-in 66-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs1 hazırki hökm üzrə təyin ediləcək cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikasının CM-in 66.1-ci maddəsində qeyd edilmişdir ki, cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə uyğun olaraq Təqsirləndirilən şəxs1 ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan Masallı Rayon Məhkəməsinin 1(050)-57/2024 saylı, 12 mart 2024-cü il tarixli qərarından görünür ki, 12 mart 2024-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilmiş və o, məhkəmə iclas zalında həbs olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.22-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli 12 mart 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslə barışmasını Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanı tamamilə ödəməsini Cinayət Məcəlləsinin 59.1.13-cü, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət əməli törətməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını isə Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsininin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təyin ediləcək cəzanın növü və həddi məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs2 əməlindən peşman olmaqla, cinayət əməlindən sonrakı müddətdə olan davranışları ilə islah yolundadır. Onun yaşı, ailə vəziyyəti, sağlamlığı təyin olunacaq cəzanın onun ailə şəraitinə təsiri nəzərə alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəmiyyətdən təcrid olunmadan islah oluna bilər. Bu səbəbdən də, azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsi ədalətli və qanuni hesab edilməklə cəzanın məqsədlərinə və sosial ədalətin bərpasına nail oluna bilər. Məhkəmə, Təqsirləndirilən şəxs2 barəsində olan yüngülləşdirici halları, onun şəxsiyyətini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təyin olunacaq cəzanın onun və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə cəza siyasətinin məqsədlərini təmin edir. Cinayət işinin materiallarında olan Masallı Rayon Məhkəməsinin 1(050)-57/2024 saylı, 12 mart 2024-cü il tarixli qərarından görünür ki, 12 mart 2024-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilmiş və o, məhkəmə iclas zalında həbs olunmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə olduğu müddət Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsində qeyd edilmişdir ki, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 həbsdə olduğu 12 mart 2024-cü il tarixdən 16 iyul 2024-cü il tarixədək olan müddət cəza müddətinə daxil edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələbinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməklə o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməli, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməklə hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak yoxdur. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 354, 356-358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 127.2.2 və 127.2.3-cü maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına və Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəza çəkməsinin əvvəli 12 mart 2024-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 həbs olunduğu 12 mart 2024-cü il tarixdən 16 iyul 2024-cü il tarixədək olan 04 (dörd) ay 04 (dörd) gün müddətin hər 1 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) günü hesabı ilə hesablanmaqla həmin cəzadan çıxılsın və Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 02 (iki) il, 03 (üç) ay, 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında azad edilsin. Cəzaçəkməsinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 münasibətdə hökmün icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm elan edildiyi vaxtdan, Təqsirləndirilən şəxs1 isə hökmün surətinin ona verildiyi andan 20 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №1(050)-57/2024
Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-57/2024
16.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver