Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-57/2025 17.03.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Masallı Rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1994-cü ildə Masallı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, Astara Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü üzrə Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələri ilə təqsirli bilinib 04 il 05 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 03 ay 03 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2024-cü il tarixdə cəza müddəti başa çatmış, məhkumluğu ödənilməmiş və qanunvericilikdə müəyyən edilmiş qaydada götürülməmiş, Masallı şəhəri M.ünvan 1-də qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2025-ci il tarixdən həbsdə saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, istintaqa məlum olmayan çəkidə satış məqsədi olmadan bir ədəd bükülüdə xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, xx.xx.2025-ci il tarixdə saat 00:11-də Masallı RPŞ-nin əməkdaşları tərəfindən təxirəsalınmadan keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə edib üzərində saxlamaqda və istifadəsində şübhəli olduğundan Masallı şəhəri H.Əliyev prospektində saxlanılmış, həmin yerdə üstü yoxlanılan zamanı əynində olan qara rəngli gödəkçənin ön iç hissəsindən bir ədəd sellofan bükülüdə təmiz çəkisi 395,0 qram təşkil edən xeyli miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür Məhkəmə iclasında Təqsirləndirilən şəxs məhkəmə istintaqında ona qarşı elan edilmiş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 5 ildir narkotik maddə istifadəçisidir və son zamanlar əsasən narkotik vasitə qurudulmuş marixuana çəkir. Narkotiklərdən qanunsuz istifadə etdiyinə görə əvvəllər xx.xx.2020-ci il tarixdə Astara rayon Məhkəməsinin hökmü üzrə Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələri ilə təqsirli bilinib 04 il 05 ay 28 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 2024-cü ilin payızında cəzanı çəkib azadlığa çıxmışdır. Azadlığa çıxdıqdan sonra da ara-sıra narkotik vasitə qurudulmuş marixuana çəkməyə davam etmişdir. xx.xx.2025-ci il tarixdə saat təxminən 14 radələrində şəxsi istifadəsi üçün narkotik vasitə qurudulmuş marixuana əldə etmək qərarına gəlmiş və bu məqsədlə həmin vaxtı yaşadığı Masallı şəhəri M.Füzuli küçəsində yerləşən evdən tək çıxıb piyada əvvəlcə yaxınlıqda yerləşən “Köhnə bazar” adlanan əraziyə, oradan isə tanımdığı şəxsə məxsus Masallı-Cəlilabad rayonlararası sərnişin mikroavtobusu ilə Cəlilabad rayonu Göytəpə şəhərinə gedib “dörd yol” adlanan yerdə düşmüşdür. Həmin yerin ətrafında bir qədər piyada gəzdikdən sonra xarici görkəmcə narkotik aludəçisinə oxşatdığı əvvəllər tanımadığı kişi cinsli şəxsi görüb ona yaxınlaşaraq bədənində ağrılar olduğunu demişdir və narkotik vasitə qurudulmuş marixuana tapmaqda köməklik etməyini xahiş etmişdir. Həmin tanımadığı şəxs ona bir qədər diqqətlə baxıb düşündükdən sonra onda narkotik vasitə qurudulmuş marixuana olduğunu, lakin bir az çoxluq təşkil etdiyini və istəsə əgər gətirib ona sata biləcəyini demişdir. Həmin şəxsdən onda olan qurudulmuş marixuananın çəkisinin nə qədər olduğunu və hansı qiymətə satmaq istədiyini soruşmuşdur. Həmin kişi cinsli tanımadığı şəxs ona qurudulmuş marixuananın çəkisinin təxminən 400 qram olduğunu və 200 manata satdığını bildirmişdir. O, tez-tez qurudulmuş marixuana çəkdiyi üçün həmin şəxsdən 400 qram çəkidə qurudulmuş marixuananı 200 manat pulun müqabilində almağa razılaşmışdır. Bundan sonra həmin şəxs ona olduğu yerdə bir az durub gözləməyini demişdir və gedib yarım saatdan sonra hardansa içərisində narkotik vasitə qurudulmuş marixuana olan qara rəngli sellofanı gətirib heç kimin görmədiyi şəraitdə gizlicə ona təqdim etmişdir, o da əvəzində üzərində olan 200 manat pulu sayıb vermişdir. Bundan sonra o, içində qurudulmuş marixuana olan sellofanı əynində olan qara rəngli gödəkçənin altında gizlədib oradan uzaqlaşıb yenə tanımadığı şəxsə məxsus yol avtomobili ilə Masallı şəhəri “Seybətin dairəsi” deyilən yerə gəlib avtomobildən düşmüşdür. Evdə anası ilə birlikdə yaşadığı üçün üzərində olan qurudulmuş marixuananı evə gündüz vaxtı aparmaq istəməmişdir və onu Masallı şəhəri ərazisində gizlətməyi qərara almışdır. Buna görə də piyada H.Əliyev prospektinə gedib orada heç kimin güman etmədiyi bir yer tapıb üzərində olan qara rəngli sellofanın içindəki qurudulmuş marixuananı sellofanla birlikdə gizlətmişdir və sonra yaşadığı evə getmişdir. xx.xx.2025-ci il tarixdə saat 00 radələrində tək H.Əliyev prospektinə gedib qurudulmuş marixuananı gizlətdiyi yerdən tapıb götürərək əynində olan qara rəngli gödəkçənin iç hissəsinə qoymuşdur və prospektlə yaşadığı evə tərəf getməyə başlamışdır. Həmin prospektin yaxınlığındakı kitabxananın qarşısında hərəkətdə olarkən üç nəfər şəxsin qaçaraq videokamera ilə arxadan ona yaxınlaşdığını görmüşdür. Həmin şəxslər ona xidməti vəsiqələrini göstərib özlərini təqdim edərək Masallı RPŞ-nin Şahid1, Şahid2 və Şahid3 adlı polis əməkdaşları olduqlarını, qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə istifadə etməkdə və üzərində gəzdirməkdə şübhəli olduğu üçün yaxınlaşdıqlarını demişdir. Sonra polis əməkdaşları hüquq və vəzifələrini izah edib ondan şifahi formada üzərində narkotik vasitə və ya psixotrop maddə olub-olmadığını soruşmuşdur. O, üzərində narkotik vasitə qurudulmuş marixuana olduğunu polis əməkdaşlarının artıq hardansa bildiklərini başa düşdüyündən və yalan danışmağın heç bir mənasının olmadığını dərk etdiyindən onlara üzərində narkotik vasitə qurudulmuş marixuana olduğunu demişdir. Sonra həmin yerdə özü əynində olan qara rəngli gödəkçənin iç hissəsindən bir ədəd qara rəngli sellofanı və sol yan cibindən bir ədəd “KGTEL” markalı mobil telefonu çıxardıb polis əməkdaşlarına təqdim etmişdir və təqdim etdiyi sellofanın içərisində narkotik vasitə qurudulmuş marixuananın olduğunu, həmin marixuananı Cəlilabad rayonu Göytəpə şəhərində tanımadığı şəxsdən 200 manat pulun müqabilində şəxsi istifadəsi üçün alıb üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra polis əməkdaşı Şahid1 təqdim etdiyi həmin bir ədəd sellofan bükülünün ağzını açıb yaxından baxdıqda onun həqiqətəndə narkotik vasitə qurudulmuş marixuana olduğunu görmüşdür. Sonra həmin qurudulmuş marixuana sellofanla birlikdə elektron tərəzidə çəkilmişdir və ümumi çəkisinin 415,0 qram olduğu müəyyən edilmişdir. Daha sonra həmin narkotik vasitə qurudulmuş marixuana və “KGTEL” markalı mobil telefon ayrı-ayrılıqda qablaşdırılıb üzəri polis şöbəsinin 90 saylı möhürü ilə möhürlənərək imzalanmışdır. Daha sonra orada üzərinə hər ehtimala qarşı baxış keçirilmişdir, lakin üzərindən qanunla qadağan edilmiş əlavə heç nə aşkar edilməmişdir. Bundan sonra polis əməkdaşları onu Masallı Rayon Polis Şöbəsinə gətirmişdir, orada əməliyyat müvəkkili Şahid1 üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuana ilə əlaqədar protokol yazmışdır, həmin protokolu ucadan oxumuşdur və hər şey düzgün qeyd edildiyi üçün o da həmin protokolu imzalamışdır. X8 baş təhqiqatçısı Samir Məmmədovun xidməti otağına aparılmışdır, baş təhqiqatçı qanunsuz olaraq üzərində narkotik vasitə qurudulmuş marixuana saxladığı üçün onu şübhəli şəxs qismində tutub hüquq və vəzifələrini elan edib bu barədə bildiriş vermişdir. Həmin vaxtı o, ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini demişdir. Bundan sonra istəyinə əsasən Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. Müdafiəçi gəldikdən sonra baş təhqiqatçı zəruri sənədləşmə işlərini aparmışdır və o həmin sənədləri də müdafiəçi ilə birlikdə imzalamışdır. xx.xx.2025-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılıb üzərinə yoxlama keçirilərkən və polis şöbəsinə gətirilərkən ona qarşı heç bir fiziki güc və ya psixi təsir olunmamış, üzərindən aşkar olunmuş bir ədəd sellofan bükülüdə narkotik vasitə qurudulmuş marixuana özünə məxsus olmuş, həmin qurudulmuş marixuananı ona satan şəxsi əvvəllər tanımamış, xarici görünüşü və əlamətləri yadında qalmamışdır. Sonda İ.M.İbrahimov əməlindən peşman olduğunu bildirib barəsində yüngül və ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə ona Masallı şəhəri M.ünvan 1-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə edib üzərində gəzdirməkdə və istifadəsində şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması və Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunmasından ötrü təxirəsalınmaz əməliyyataxtarış tədbirlərinin keçirilməsinə icazə verilməsi üçün raportla RPŞ-nin rəisinə məruzə etmişdir. Tərtib etdiyi raportun icrası tədbirlərinin davam etdirilməsi üçün rəis tərəfindən ona həvalə olunmuşdur və həmin günü tərəfindən qərar qəbul edilərək təsdiqlənmişdir. Daha sonra həmin qərarın icrası ilə əlaqədar əməliyyat qrupunun yaradılması barədə əmr hazırlanmışdır və o, həmin qrupun rəhbəri, üzvləri isə RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 və KTQ-nun baş inspektor kriminalisti Şahid3 təyin edilmişdir. xx.xx.2025-ci il tarixdə saat 00 radələrində Təqsirləndirilən şəxs Masallı şəhəri, H.Əliyev prospektində olması barədə məlumat əldə etdikdən sonra Şahid2 və Şahid3la birlikdə oraya getmişdir. Saat 00:11-də həmin prospektin yanındakı kitabxananın qarşısında Təqsirləndirilən şəxs tək piyada hərəkətdə olduğunu görmüşdürlər və həmin vaxtı videoçəkilişlə yaxınlaşıb orada Təqsirləndirilən şəxs saxlamışdılar. Sonra ona xidməti vəsiqələrini göstərib özlərini təqdim edərək Masallı RPŞ-nin əməkdaşları olduqlarını və qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə istifadə etməkdə və üzərində daşımaqda şübhəli olduğunu bildirmişlər. Daha sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edib ondan üzərində narkotik maddə və ya qanunla qadağan olunmuş hər hansı əşya olub-olmadığını soruşmuşdur. Təqsirləndirilən şəxs bir qədər düşündükdən sonra üzərində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Sonra həmin yerdə özü əynində olan qara rəngli gödəkçənin iç hissəsindən bir ədəd qara rəngli sellofan bükülünü və sol yan cibindən bir ədəd “KGTEL” markalı mobil telefonu çıxardıb təqdim etmişdir və təqdim etdiyi bükülünün içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin qurudulmuş marixuananı xx.xx.2025-ci il tarixdə günorta saat təxminən 14-15 radələrində Cəlilabad rayonu Göytəpə şəhəri ərazisində tanımadığı şəxsdən 200 manat pulun müqabilində şəxsi istifadəsi üçün alıb üzərində gəzdirdiyini demişdir. O, təqdim olunmuş həmin bir ədəd qara rəngli sellofan bükülünü açıb yaxından baxmışdır və onun narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə olduğunu görmüşdür. Sonra həmin qurudulmuş marixuanaya bənzər maddəni sellofanla birlikdə elektron tərəzidə çəkmişdir və ümumi çəkisinin 415,0 qram olduğunu müəyyən etmişdir. Daha sonra həmin narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddəni və “KGTEL” markalı mobil telefonu orada ayrı-ayrılıqda qablaşdırıb üzərini polis şöbəsinin 90 saylı möhürü ilə möhürləyərək imzalatdırmışdır. Sonra Təqsirləndirilən şəxs üzərini yoxlamışdır və üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı əşya aşkar etməmişdir. Təqsirləndirilən şəxs saxlanıldığı yerdə üstünün yoxlanılmasına dair parotokolun yazılmasına şərait olmadığından onu aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə və mobil telefonla birlikdə Masallı Rayon Polis Şöbəsinin inzibati binasına gətirmişdir. Polis Şöbəsində bununla əlaqədar tərəfindən protokol yazılmışdır, həmin protokolu Təqsirləndirilən şəxs və iştirak edən şəxslərə ucadan oxumuşdur, məzmununa dair əlavə və düzəlişlər daxil olmadığı üçün həmin şəxslər tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş həmin narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni, mobil telefonu və üzəri yoxlanılan zaman çəkilmiş videogörüntünün əks olunduğu 01 ədəd video diski RPŞnin Təhqiqat Bölməsinin baş təhqiqatçısı Samir Məmmədova təqdim etmişdir. Baş təhqiqatçı S.Məmmədov tərəfindən həmin narkotik vasitə qurudulmuş marixuanaya və əşyalara videoçəkiliş vasitəsilə baxış keçirilərək götürülmüşdür və götürmə aparılması ilə əlaqədar yazılmış protokolu imzalamışdır. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla arasında hər hansı ədavəti və düşmənçiliyi olmamış, xx.xx.2025-ci il tarixdə saxlanılıb üzəri yoxlanılarkən və polis şöbəsinə gətirildikdə ona qarşı heç bir fiziki güc və ya psixi təsir göstərməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 və RPŞ-nin baş inspektor kriminalisti Şahid3 oxşar məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Cinayət işinin materiallarında olan təqsirləndirilən şəxsin yerində saxlanılaraq üzərinə baxış keçirilməsinin video görüntülərini əks etdirən CD diskə məhkəmə iclasında keçirilən baxış zamanı müəyyən olunmuşdur ki, Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri Şahid1 Şahid2, Masallı RPŞ-nin Kriminalistik tədqiqatlar qrupunun baş inspektoru Şahid3 tərəfindən Masallı RPŞ-yə Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etməsi və qanunsuz olaraq narkotik vasitə əldə edərək üzərində daşıması barədə daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilən əməliyyat-axtarış tədbiri zamanı Mikayıl Ağabalayev xx.xx.2025-ci il tarixdə, saat 00:11-də Masallı şəhəri, H.Əliyev prospektində saxlanılaraq üzəri yoxlanılan zaman özü əynində olan qara rəngli gödəkçənin iç hissəsindən bir ədəd qara rəngli sellofan bükülünü və sol yan cibindən bir ədəd “KGTEL” markalı mobil telefonu çıxarıb təqdim etmiş, təqdim etdiyi selofan bükülünün içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin qurudulmuş marixuananı xx.xx.2025-ci il tarixdə günorta saat təxminən 14-15 radələrində Cəlilabad rayonu Göytəpə şəhəri ərazisində tanımadığı şəxsdən 200 manat pulun müqabilində şəxsi istifadəsi üçün alıb üzərində gəzdirdiyini demişdir. Əməliyyat müvəkkili tərəfindən təqdim olunmuş sellofan bükülüyə baxış keçirərkən həmin kütlənin qurudulmuş marixuanaya bənzər maddə olduğunu görmüşdür. Sonra həmin qurudulmuş marixuanaya bənzər maddəni sellofanla birlikdə elektron tərəzidə çəkmişdir və ümumi çəkisinin 415,0 qram olduğunu müəyyən etmişdir. Daha sonra həmin narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddəni və “KGTEL” markalı mobil telefonu orada ayrıayrılıqda qablaşdırıb üzərini polis şöbəsinin 90 saylı möhürü ilə möhürləyərək imzalatdırılmışdır. Sonra Təqsirləndirilən şəxs üzərini yoxlamış və üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı əşya aşkar etməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Masallı RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı Samir Məmmədov tərəfindən Təqsirləndirilən şəxs üzərindən əməliyyat-axtarış tədbiri zamanı aşkar edilmiş əşyalara keçirilən baxışın video görüntülərini əks etdirən CD diskə məhkəmə iclasında keçirilən baxış zamanı müəyyən olunmuşdur ki, Masallı RPŞ-nin CAB-nın əməliyyat müvəkkilləri Şahid1, Şahid2, Masallı RPŞ-nin Kriminalistik tədqiqatlar qrupunun baş inspektoru Şahid3 tərəfindən əməliyyat-axtarış tədbiri zamanı saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək qablaşdırılmış maddə olan zərf və baxış keçirilməsi barədə video görüntünü əks etdirə CD disk təhqiqatçıya təqdim edilmişdir. Təqdim edilmiş zərfdəki bükümə təhqiqatçı baxış keçirən zaman 01 ədəd selofan bükümdə marixuanaya bənzər narkotik vasitə olmuş və həmin büküm elektron tərzidə çəkilərkən 0,415 qram olmuş, daha sonra təhqiqatçı tərəfindən iştirakçılarla bərabər Təqsirləndirilən şəxs yerində saxlanılmaqla üzərinə baxış keçirilməsini əks etdirən CD diskə baxış keçirilmişdir. Cinayət işinin materiallarında olan Masallı RPŞ-nin İstintaq Bölməsinin baş müstəntiqi, polis kapitanı X6 tərəfindən müdafiəçisi Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində dindirilməsinin görüntülərini əks etdirən CD diskə məhkəmə iclsasında keçirilən baxış zamanı müəyyən edilmişdir ki, müstəntiq tərəfindən şübhəli şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona verilən sualları tam şəkildə cavablandıraraq törətdiyi cinayət əməlini səmimi etiraf etmişdir. Məhkəmə iclasında CD disklərə baxış keçirildikdən sonra təqsirləndirilən şəxs CD disklərdə olan görüntülərə heç bir etiraz bildirməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X2 Bölməsi tərəfindən təqdim edilmiş məhkəmə bioloji ekspertizasının 22 yanvar 2025-ci il tarixli, 19/23 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş bir ədəd qara rəngli sellofan bükümdə narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə....” sözlər və imzalar olan bir ədəd paketdəki, 1 ədəd bükülüdə təmiz çəkisi -395,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi 395,0 qram, tədqiqata sərf edildi -0,1 qram, qalıq -394,9 qramdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər X1 X7 Yoxlamanın nəticələrinə dair xx.xx.2025-ci il tarixli 34 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin və opioidlərin qəbulundan yaranan asılılıq sindromu (POLİNARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş maddi sübutun tanınmasl və təhvil verilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalan 394,9 qram narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınaraq RPŞ-nin saxlanc yerinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılmasını, üzərindən aşkar edilmiş psixotrop maddəyə baxış keçirilməsi və şübhəli şəxs qismində dindirilməsi barədə videogörüntüləri özündə əks etdirən 03 ədəd “CD” disk sübut növü kimi tanınmaqla cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.20245-ci il tarixli tələbnamədən və Astara Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(018)-131/2020 saylı hökmünün surətindən və Masallı rayon İcra və Probasiya şöbəsinin xx.xx.29024-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Astara Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü üzrə Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələri ilə təqsirli bilinib 04 il 05 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 03 ay 03 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2024-cü il tarixdə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır. Təqsirləndirilən şəxs qeyd olunan cinayət üzrə məhkumluğu ödənilməmiş və qanunvericliklə müəyyən edilmiş qaydada götürülməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Masallı rayon İHB-nın Masallı şəhər İƏDÜ nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Masallı şəhəri, M.ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır, subaydır, atası və anası olmaqla iki nəfərdən ibarət ailə üzvü vardır və yaşadığı yer üzrə mənfi xarakterizə edilir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən şahidlərin ifadələri, təqsirləndirilən şəxsin üzərindən narkotik vasitənin aşkar edilməsi barədə video çəkiliş aparılması barədə CD disk, eləcə də işin faktiki halları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 08 saylı Qərarının 4-cü bəndində göstərilir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda narkotik vasitə olan marixuananın xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı hədləri 5 qram təşkil edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). Məhkəmədə müəyyən edilir ki, Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan xeyli miqdarda 1 ( bir) ədəd qara rəngli sellofan bükümdə ümumi təmiz çəkisi 395,0 qram təşkil edən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımışdır. Beləliklə, məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Göstərilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin qeyd olunan maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən əməlindən səmimi peşman olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddələrinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmiş yenidən qəsdən cinayət törətdiyindən əməlində cinayətlərin sadə residivi yaranmışdır. Cinayətlərin residivi Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Odur ki, Təqsirləndirilən şəxs Azərbyacan Respulikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbi nəzərə alınmaqla cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlukəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini (əvvəllər analoji cinayət əməlində görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini, məhkumluğunun ödənilməməsi və götürülməməsini,), o cümlədən cəzanı yüngülləşdirən halın olmamasını, cəzanı ağırlaşdıran hal kimi cinayətlərin residivini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkməsi nəzərdə tutulduğudan Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 22 yanvar 2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 22 yanvar 2025-ci il tarixdə saat 00:11-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Masallı Rayon Məhkəməsinin 4(050)-9/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli şübhəli şəxs qismində tutulduğu 22 yanvar 2025-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması (məhkəməyədək, habelə birinci və apellyasiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1. və 158.2.2. və 158.3.-cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.16-cı maddəsinə əsasən təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin mümkün olub-olmadığı məsələsinə baxaraq qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1 və 93.1.4-cü maddələrinə əsasən tibbi xarakterli məcburi tədbirlər cinayət törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə təyin edilə bilər. Hazırkı cinayət işi üzrə alınmış müvafiq ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs polinarkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və o, Ərazi Narkoloji kabinetində qeydiyyata alınmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinin tələbləri baxımından qeyd edir ki, hazırkı cinayət işi üzrə maddi sübut kimi tanınaraq Masallı Rayon Polis Şöbəsində saxlanılan və aparılmış ekspert tədqiqatından sonra qalıq qalan -394,9 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılmasını, üzərindən aşkar edilmiş narkotik vasitəyə baxış keçirilməsi və şübhəli şəxs qismində dindirilməsinin videogörüntülərini özündə əks etdirən 03 ədəd “CD” disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələbinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə qüvvəsində saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.22-ci maddəsinin tələbnə əsasən cəzanın çəkilmə müddətinin hansı tarixdən başlanılması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun tutulduğu gündən gündən, yəni xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.21-ci maddəsinin tələbinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs aparılmış ekspertizanın dəyəri olan 65 (altmış beş) manat məbləğində pul vəsaiti tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Hökmün maddi sübut ilə bağlı hissəsinin icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi 6 saat üçün nəzərdə tutulan 36 manat pul ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın. Cəza çəkməsinin əvvəli onun həbsə alındığı gündən, yəni 22 yanvar 2025-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində polinarkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Masallı Rayon Polis şöbəsində saxlanılan, tədqiqata sərf edildikdən sonra qalıq qalan 394,9 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs saxlanılmasını, aşkar edilmiş narkotik vasitəyə baxış keçirilməsi və şübhəli şəxs qismində dindirilməsinin görüntülərini özündə əks etdirən 03 ədəd “CD” disk iş materiallarında saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmün maddi sübutla bağlı hissəsinin icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş müvafiq olaraq Masallı rayon Vəkil bürosunun vəkilləri Müdafiəçi 6 saat üçün nəzərdə tutulan 36 (otuz altı) manat pul dövlət büdcəsinin vəsaiti hesabından tutulub Masallı rayon «Kapital Bank»dakı hesabına köçürülsün. (kod-990003611, VÖEN **********1, hesablaşma hesabı ********************).ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxs hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Coşqun Abdullayev
Məhkəmə qərarları › İş №1(050)-57/2025
Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-57/2025
17.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver