Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 1(050)-58/2023 13.03.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Heydərov Rəşad Allahyar oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbənin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsi Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi Masallı rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə. xx xxxxxx 1995-ci il tarixdə Masallı rayonu, Qızılağac kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, hal-hazırda Masallı rayonu, Qızılağac kəndində qeydiyyatda olmaqla yaşayan; Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 01 fevral 2023-cü il tarixdə səhər saatlarında Masallı rayon Qızılağac kəndində yerləşən fərdi yaşayış evində arvadı Zərərçəkmiş şəxs ilə aralarında ailə-məişət zəmnində baş vermiş mübahisə zamanı sonuncuya bədəninin müxtəlif nahiyələrindən yumruqla və təpiklə bir neçə dəfə qəsdən vurmaqla Zərərçəkmiş şəxs sol bud nahiyəsinin yumşaq toxumalarının əzilib şişkinləşməsi, sol bud, sağ və sol bazu nahiyəsinin geniş qançırı ilə nəticələnən və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aid olan bədən xəsarətləri yetirmişdir. Məhkəmə istintaqında cinayət əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun arvadıdır. 01 fevral 2023-cü il tarixdə səhər saatlarında yaşadıqları ünvanda olarkən Nuranə ilə arasında mübahisə baş vermişdir, mübahisənin səbəbi onun anası Şahid1 iki qız övladından sonra bir oğlan övladının olmasını istəməyini deməsi olmuşdur. Nuranə onun bu sözünü eşidib gələrək mübahisə yaratmış və ona nalayiq küçə söyüşü söydüyü üçün o da əsəbiləşib Nuranənin bədəninin müxtəlif nahiyələrinə yumruq və təpiklə vurmaqla xəsarət yetirmişdir. Təxminən 4-5 dəqiqə ərzində davam edən mübahisədən sonra atası Şahid2 evə daxil olub onun Nuranəni döydüyünü görərək sakitlik yaratmış və onu həyətə çıxarmışdır. Nuranə onların ardınca həyətə çıxıb əsəblərini cilovlaya bilməyərək onun atasını qayınata kimi saymadığını, bundan sonra atası Ağaverdiyə də hörmətsizlik edəcəyini təkrarlamışdır. Nuranə birgə yaşadıqları ünvanda onlarla mübahisə yaradır, evin təmizliyinə səliqəsahmanına fikir vermir, həmin gün onun Nuranəni döyməsinə səbəb məhz Nuranənin saymazyana hərəkətləri ilə bağlı olmuşdur. Hazırda Nuranə acıq edərək atası evinə getmişdir. Əməlindən peşmandır, zərərçəkmiş şəxslə barışmışdır. Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək səmimi peşmançılığını, Zərərçəkmiş şəxs ilə barışmasını və vurulmuş zərəri aradan qaldırmasını nəzərə alaraq barəsində olan material üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun əridir. 01 fevral 2023-cü il tarixdə səhər saatlarında Raqif evdə mübahisə yaradaraq onu yumruqla və təpiklə vurmaqla xəsarət yetirmişdir. O, Raqifə söyüş söydükdə Raqif yenə də onu anası Kəmalənin təkidi ilə döyərək xəsarət yetirmişdir. O, əri olduğu üçün Raqifə heç bir söz deməmiş və səhvini başa düşər deyə polisə şikayət etməmişdir. Lakin Raqif ona heç bir söz demədən 02 fevral 2023-cü il tarixdə səhər saatlarında Bakı şəhərinə işləmək üçün getdikdən sonra zəng edib ona boşanmaq istədiyini və ailə qurduqdan indiyədək birgə yaşadıqları qayınatasına məxsus evi tərk etməyini tələb etmişdir, daha sonra ona əgər evi kəndə gələnədək tərk etməsə, onu sürüyərək evdən çıxaracağını demişdir. O da iki-üç gün səbir edib 05 fevral 2023-cü il tarixdə qayınanası ilə arasında baş vermiş sözlə mübahisədən əsəbiləşib DİN-in 102 xidməti zəng mərkəzinə zəng edərək məlumat vermiş və 06 fevral 2023-cü il tarixdə Masallı RPŞ-nə ərizə yazdıqdan sonra atasının evinə getmişdir. Xahiş edir ki, onu təhqir edərək döydüyü üçün Raqif barəsində qanuni tədbir görülsün. Həmin vaxt mübahisə təxminən 15-20 dəqiqə ərzində davam etmiş, bu zaman yanlarında qayıntası və qayınanası olmuşdur. Raqif onu birgə yaşadıqları qayınatasına məxsus evdə döyərək xəsarət yetirmişdir. MTE və PAB-nin Masallı rayon şöbəsinin 07 fevral 2023-cü il tarixli, 100 saylı rəyi ilə razıdır, ona həmin xəsarətləri 01 fevral 2023-cü il tarixdə səhər saatlarında baş vermiş mübahisə zamanı əri Təqsirləndirilən şəxs yetirmişdir. Əslində onu qayınatası Ağaverdi və qayınanası Şahid1 döyməmiş, o, əsəbiləşərək həmin şəxslər barəsində də şikayət etmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək cinayət əməli törətmiş şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam ödənildiyini, Təqsirləndirilən şəxs şikayət və tələbinin olmadığını nəzərə alaraq, onun barəsində olan məhkəməyədək sadləşədirilmiş icraat materialı üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəməyədək sadələşdirilmiş icraat materialında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3-Təcrübi və X2 rayon şöbəsinin 07 fevral 2023-cü il tarixli 100 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol bud nahiyəsinin yumşaq toxumalarının əzilib şişkinləşməsi, sol bud, sağ və sol bazu nahiyəsinin geniş qançırı müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, yumruqla və təpiklə vurulma nəticəsində əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan 01 fevral 2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Məhkəməyədək sadələşdirilmiş icraat materialında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəməyədək sadələşdirilmiş icraat materialında olan Masallı Rayon İcra Hakimiyyəti başçısının Masallı rayon Qızılağac kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Əhmədov X1 rayonu, Qızılağac kəndində qeydiyyatda olmaqla yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə dindirilmiş və ifadələri məhkəmə iclasında tədqiq olunmuş şəxslərin (cinayət əməli törətmiş şəxsin, zərərçəkmiş şəxsin) ifadələrini, təhqiqat, məhkəmə hərəkətlərini, dindirmə protokollarını, ekspert rəyini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib bu nəticəyə gəlir ki, cinayət əməli törətmiş şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsində göstərilir ki, CMnin 127.1, 128, 129, 130, 131.2, 147.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o cinayət əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tam ödənilmiş, cinayət əməli törətmiş şəxs Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur və Təqsirləndirilən şəxs barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, zərərçəkmiş şəxsin cinayət əməli törətmiş şəxs ilə barışmasını və onların məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsi barədə məhkəməyə müraciət etmələrini nəzərə alaraq qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməli, o, cinayət məsuliyyətindən azad edilməlidir. Məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə maddi sübut, mülki iddia və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Мəcəlləsinin 43, 321, 346, 347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin və о, cinayət məsuliyyətindən azad edilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şirvan Apelyasiya Məhkəməsinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №1(050)-58/2023
Masallı Rayon Məhkəməsi Qərar — İş №1(050)-58/2023
13.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver