Məhkəmə qərarları › İş №1(050)-59/2023

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-59/2023

15.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-59/2023 15.03.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Masallı Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1970-ci il tarixdə Masallı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər Masallı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən barəsində “8 noyabr - Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci Qərarının 5-ci bəndi tətbiq edilməklə azadlığın məhdualaşdırılması cəzasının çəkilməmiş hissəsi 01 il müddətə azaldılmış, xx.xx.2022-ci il tarixdə cəza müddəti bitdiyindən qeydiyyatdan çıxarılmış, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1-də qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən, satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, Masallı RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələri qəbul etməkdə və üzərində gəzdirməkdə şübhəli olduğundan xx.xx.2023-cü il tarixdə, saat 18 radələrində Masallı şəhəri, M.Əzizbəyov küçəsində saxlanılaraq Masallı RPŞ-yə gətirilmiş, orada üzərinə keçirilən şəxsi-axtarış zamanı əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə ümumi təmiz çəkisi 0,470 qram təşkil edən narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə günorta saatlarında bədənində ağrılar yaranmağa başladığından narkotik vasitə almaq məqsədilə Lənkəran rayonu, Qumbaşı kəndinə getmək qərarına gəlmişdir. Həmin gün təxminən saat 16 radələrində yaşadığı evdən çıxaraq Masallı rayonu, Musaküçə kəndinin girişinə getmiş, orada Masallı-Lənkəran avtomobil yolunun kənarında dayanıb Lənkəran rayonu istiqamətində hərəkətdə olan avtomobillərdən birinə əli ilə işarə edib saxlatdırmış, daha sonra tanımadığı həmin şəxsə məxsus avtomobillə Lənkəran rayonu, Qumbaşı kəndində gedib Qumbaşı kəndinin mərkəzində avtomobildən enmişdir. Qumbaşı kəndi ərazisində yerləşən məscidin yaxınlığında yolun kənarı ilə bir qədər piyada hərəkət etdikdən sonra ondan bir qədər aralıda olan, xarici görkəmcə narkotik aludəçisinə oxşatdığı əvvəllər tanımadığı bir nəfər şəxs görüb ona yaxınlaşmışdır və ona bədənində ağrılar olduğunu deyib, narkotik vasitə tapmaqda köməklik etməsini xahiş etmişdir. Həmin tanımadığı şəxs, özündə narkotik vasitə olan heroin olduğunu, istəsə ona verə biləcəyini bildirmişdir. O, həmin şəxsə öz istifadəsi üçün az miqdarda narkotik vasitə heroin almaq istədiyini bildirmişdir. Bundan sonra həmin şəxs onu yolun kənarından bir qədər kənara dəvət edib ətrafa baxıb heç kimin olmadığını yəqin etdikdən sonra əynində olan şalvarının cibindən bir ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb ona göstərərək, bükümdə təxminən 0,5 qram çəkidə narkotik vasitə heroin olduğunu və həmin bükümü 20 manata satdığını bildirmişdir. O, cibində olan 10 manat pulunu çıxarıb həmin tanımadığı şəxsə üzərində ancaq bu qədər pulunun olduğunu, başqa pulunun olmadığını demişdir. Həmin şəxs bir qədər fikirləşdikdən sonra heroini ona 10 manata satmağa razılaşmış və həmin bir ədəd bükümü ona vermişdir. O, da həmin tanımadığı şəxsə cibində olan 10 manat pulu vermişdir. O, bir ədəd sellofan bükümdə olan heroini aldıqdan sonra əynində olan qara rəngli cins şalvarının sağ yan cibinə qoymuş və həmin şəxsin yanından uzaqlaşıb Qumbaşı kəndinin mərkəzində Masallı rayonu istiqamətində yolun kənarı ilə yavaş-yavaş hərəkət etməyə başlamışdır. Bir müddət piyada hərəkət etdikdən sonra yanından keçən tanımadığı şəxsə məxsus avtomobilə əli ilə işarə edib saxlatdıraraq həmin şəxsə məxsus avtomobillə Masallı şəhərinə gəlib saat 18 radələrində “Köhnə Bazar” adlanan ərazidə avtomobildən enmişdir. Avtomobildən endikdən sonra Masallı şəhəri, M.Əzizbəyov küçəsində yaşadığı ev istiqamətində piyada hərəkət etməyə başlamışdır. Həmin vaxt küçədə piyada hərəkət etdiyi zaman iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşmışdır. Həmin şəxslər xidməti vəsiqələrini göstərib özlərini təqdim edərək Masallı RPŞ-nin polis əməkdaşları olduqlarını və onun qanunsuz olaraq narkotik vasitə istifadə etməkdə və üzərində gəzdirməkdə şübhəli olduğunu bildirmişlər. Polis əməkdaşları şifahi formada üzərində narkotik vasitə olub-olmamasını soruşmuşlar. O, həmin vaxt qorxduğu üçün polis əməkdaşlarına heç bir cavab verməmişdir. Polis əməkdaşları onlarla birlikdə Masallı RPŞyə getməli olduğunu bildirmişlər. Heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə RPŞnə gəlmişdir. RPŞ-yə gəldikdən sonra həmin iki nəfər polis əməkdaşı onu xidməti otağa gətirmişlər. Xidməti otaqda polis geyimində olan bir nəfər özünü ona baş təhqiqatçısı kimi təqdim etmişdir. Ona qanunsuz olaraq üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu və bu səbəbdən saxlanılaraq RPŞ-yə gətirildiyi deyilmiş, şübhəli şəxs kimi hüquq və vəzifələrini elan edilib bu barədə bildiriş verilmişdir. Daha sonra maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmuşdur. Bundan sonra Masallı Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. Daha sonra üzərində şəxsi axtarış aparılacağı və bu zaman video çəkilişdən istifadə olunacağını bildirilmişdir. Ona üzərində qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa, təqdim etmək təklif edilmişdir. Bundan sonra o, əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümü çıxararaq təqdim etmiş və təqdim etdiyi şəffaf rəngli sellofan bükümdə olan maddənin narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə Lənkəran rayonu, Qumbaşı kəndi ərazisində tanımadığı şəxsdən 10 manata aldığını, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Təqdim etdiyi narkotik vasitə olan heroin elektron tərəzidə çəkilmiş və çəkisinin 0,42 qram olduğu müəyyən olunmuşdur. Təqdim etdiyi narkotik vasitə olan heroin içərisi boş olan kağız zərfə qoyularaq möhürlənmiş və üzəri imzalanmışdır. Üzərindən başqa qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya aşkar olunmamışdır. Bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Sonda Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxsin ittiham olunduğu cinayəti törətməsi onun özünün səmimi etirafı ilə yanaşı işin məhkəmə istintaqı zamanı tədqiq edilən digər sübut növləri ilə aşağıdakı qaydada tam sübuta yetirilir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, Masallı RPŞ-in NMQ-nın əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə ünvan 1-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq şəxsiistifadəsi üçün üzərində narkotik kütləsi daşıması ilə bağlı ona əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın realizə edilməsi məqsədilə şöbə rəisinin əmri ilə qrup üzvləri olaraq Masallı RPŞ-nin TB-nin baş təhqiqatçısı X4, Masallı RPŞ-nin PPXB-nin polis nəfəri Şahid2 və qrup rəhbəri kimi onun iştirakından ibarət əməliyyat-təhqiqat qrupu yaradılmışdır. xx.xx.2023-cü il tarixdə saat 18 radələrində polis nəfəri Şahid2la birlikdə Təqsirləndirilən şəxs Masallı şəhəri, M.Əzizbəyov küçəsində piyada hərəkətdə olmasını görüb ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını, onun narkotik vasitələrin qanunsuz istifadəsində və üzərində saxlamasında şübhəli olduğunu bildirmişlər. O, həmin vaxt Təqsirləndirilən şəxs şifahi olaraq üzərində narkotik vasitə olub-olmamasını soruşduğu zaman Təqsirləndirilən şəxs heç bir cavab verməyib özünü daha da şübhəli aparmağa başlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs polis şöbəsinə dəvət edib baş təhqiqatçı Ariz Səfərovun xidməti otağına gətirdikdən sonra baş təhqiqatçı X7 Mahmudova tutulma səbəbini və şübhəli şəxs kimi hüquq və vəzifələrini izah edib bu barədə yazılı bildiriş vermişdir. Həmin vaxt Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək maddi imkanı olmadığı üçün dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istəyini bildirmiş və Masallı Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi onun müdafiəçisi kimi dəvət olunmuşdur. Baş təhqiqatçı video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirməyə başlamışdır. Baş təhqiqatçı Ariz Səfərov şəxsi axtarışa başlayan zaman ilk əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet varsa, təqdim etməsini xahiş etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükülünü çıxarıb təqdim edərək, təqdim etdiyi sellofan bükümdə olan maddənin narkotik vasitə olan heroin olduğunu, həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə səhər saatlarında Lənkəran rayonu, Qumbaşı kəndində tanımadığı şəxsdən 10 manata aldığını və öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə heroin baş təhqiqatçı Ariz Səfərov tərəfindən elektron tərəzidə çəkilmiş və çəkisinin 0,42 qram müəyyən olunmuşdur. Daha sonra baş təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış davam etdirilən zaman Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilmiş hər hansı başqa əşya, maddə və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən 01 ədəd sellofan bükümündə olan narkotik vasitə heroin baş təhqiqatçı Ariz Səfərov tərəfindən içərisi boş olan kağız zərfə qoyularaq RPŞ-nin 90 saylı möhürü ilə möhürlənmiş və zərfin üzəri iştirakçılar tərəfindən imzalanmşdır. Baş təhqiqatçı Ariz Səfərov tərəfindən şəxsi-axtarış keçirilməsi barədə protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 oxşar məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmə iclasında iş materiallarında olan Təqsirləndirilən şəxs üzərində axtarış keçirilməsi barədə video çəkilişin aparılmasına dair CD diskə baxış keçirilərək, narkotik vasitənin Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümdə aşkar edilməsi müəyyən edildi. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X3 Bölməsinin xx.xx.2023-cü il tarixli 19/92 saylı rəyin təsviri və nəticə hissələrində qeyd edilmişdir ki, “tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə olan heroinə bənzər kütlə....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi: -0,470 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi 0,470 qram, tədqiqata sərf olundu 0,05 qram, qalıq 0,420 qramdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Rayonlararası X1 X5 Yoxlamanın nəticələrinə dair xx.xx.2023-cü il tarixli, 77 saylı rəyinə əsasən müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş əşyanın maddi sübut hesab edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspert tədqiqatından sonra təmiz çəkisi 0,420 qram qalmış narkotik vasitə heroin məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə həll edilənədək maddi sübut kimi tanınaraq saxlanılmas üçün RPŞ-in saxlanc yerinə təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən və müvafiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Masallı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 01 (bir) il, 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Masallı Rayon Məhkəməsinin 03 mart 2022-ci il tarixli 7(050)75/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “8 noyabr - Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci Qərarının 5-ci bəndi tətbiq edilməklə azadlığın məhdualaşdırılması cəzasının çəkilməmiş hissəsi 01 il müddətə azaldılmışdır. İş materiallarına əlavə edilmiş Masallı Rayon İcra və Probasiya şöbəsinin 31 yanvar 2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs barəsində Masallı Rayon Məhkəməsinin 1(050)-216/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü və hökmün icrası barədə göstəriş xx.xx.2022-ci il tarixdə Masallı Rayon İcra və Probasiya şöbəsinin qeydiyyat kitabından çıxarılmışdır. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və götürülməmişdir. İş materiallarına əlavə edilmiş Masallı Rayon İcra Hakimiyyəti başçısının Masallı şəhər inzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır, onun barəsində Masallı rayon İHB-nın Masallı şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən təqsirləndirilən şəxsin etirafı, şahidlərin ifadələri, təqsirləndirilən şəxsin üzərindən narkotik vasitənin aşkar edilməsi barədə video çəkiliş aparılması barədə CD, eləcə də işin faktiki halları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikası CPM-nin 144-146-cı maddələrində nəzərdə tutulmuş qaydada qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xatakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdiran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs əməlini səmimi etiraf edərək, törətdiyi əmələ görə peşmançılıq çəkməsini Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə görə onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 61ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlukəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halı, ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsini nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə uyğun olaraq Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. İş materallarında olan şübhəli şəxsin tutulması haqqında və qətimkan tədbirinin seçilməsinə dair qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 21 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və 23 yanvar 2023-cü il tarixli qərarla barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə həbsdən azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq həbsdə saxlandığı müddət ona təyin ediləcək azadlıqdan məhrumetmə cəzasına daxil edilməklə ondan çıxılmalıdır. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələbinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalında həbsə alınmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə qüvvəsində saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.22-ci maddəsinin tələbnə əsasən cəzanın çəkilmə müddətinin hansı tarixdən başlanılması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun hökm elan olunduğu gündən, yəni 15 mart 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.16-cı maddəsinə əsasən təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirin və məhz hansı tədbirin tətbiq edilməsinin mümkün olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Rayonlararası X1 X5 Yoxlamanın nəticələrinə dair xx.xx.2023-cü il tarixli, 77 saylı rəyində əsasən müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülmüşdür. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinin tələbi baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə Masallı Rayon Polis şöbəsində saxlanılan, tədqiqata sərf edildikdən sonra qalıq qalan 0,420 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, video çəkilişin aparılmasını özündə əks etdirən 1 ədəd video CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.21ci maddəsinin tələbinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs aparılmış ekspertizanın dəyəri olan 65 (altmış beş) manat məbləğində pul vəsaiti tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini müzakirə edərək müsadirə ediləcək əmlakın olmamasını müəyyən etdi. İş üzrə mülki iddia yoxdur. Hökmün maddi sübut ilə bağlı hissəsinin icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə 21 yanvar 2023-cü il tarixdən 23 yanvar 2023-cü il tarixədək tutularaq saxlanıldığı 02 (iki) gün müddət təyin edilmiş azadlıqdan məhrumetmə cəzasına daxil edilməklə ondan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməklə dərhal məhkəmə iclas zalında həbsə alınsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın. Cəza çəkməsinin əvvəli hökm elan olunduğu gündən, yəni 15 mart 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Masallı Rayon Polis şöbəsində saxlanılan, tədqiqata sərf edildikdən sonra qalıq qalan 0,420 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərindən narkotik vasitənin aşkar edilməsi barədə görüntüləri özündə əks etdirən 01 ədəd “CD” disk iş materiallarında saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmün maddi sübutla bağlı hissəsinin icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxs hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar