Məhkəmə qərarları › İş №1(050)-59/2024

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-59/2024

27.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-59/2024 27.03.2024 MASALLI RAYON MƏHKƏMƏSİ X4 Ağabala oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Masallı rayon Xırmandalı bələdiyyəsinin nümayəndəsi Nümayəndə, Zərərçəkmiş şəxsin vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi1 iştirakları ilə, xx.xx.1977-ci ildə Masallı rayonu Xırmandalı kəndində anadan olmuş, ali təhsilli, subay, Azərbaycan Respublikası vətəndaşı, Masallı rayon Xırmandalı kənd tam orta məktəbdə müəllim işləyən, əvvəllər məhkum olunmamış, Masallı rayonu Xırmandalı kəndində yaşayan, barəsində başaq yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 326.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Masallı rayonu Xırmandalı bələdiyyə üzvlərinin ümumi iclasının qərarı əsasında kənd bələdiyyəsinə sədr təyin edildiyi zaman təhvil alaraq saxladığı bələdiyyəyə məxsus rəsmi sənəd hesab edilən iki ədəd bank rekvizitini, bir ədəd möhürü və bir ədəd ştampı xx.xx.2023-cü il tarixdə Masallı rayon Xırmandalı kənd bələdiyyəsinin sədri vəzifəsindən bələdiyyə üzvlərinin səsverməsi əsasında azad edildikdən sonra yeni təyin edilmiş bələdiyyə sədrinə təhvil verməli olduğu halda, digər şəxsi niyyətlə, yəni bələdiyyənin ümumi yığıncağının qərarına əsasən bələdiyyə sədri vəzifəsindən azad edilməsinə etiraz edərək rəsmi sənəd hesab edilən iki ədəd bank rekvizitlərini, bir ədəd möhürü və bir ədəd ştampı qanunsuz olaraq özündə saxlamaqla gizlətmişdir. Həmin əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 326.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Məhkəmə baxışında cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində bildirdi ki, o, istəyir ki, bələdiyyə sədri düzgün, təmiz bir adam olsun. Hazırkı bələdiyyə sədri dövlətin, yəni bələdiyyənin büdcəsinə ziyan vurub. 2019-cu ildə bələdiyyə üzvü seçilmişdir. Həmin vaxt səslərin çoxunu o, toplamışdır. Lakin həmin il anası vəfat etmişdir. Ona görə də, sədr olmamışdır. Çünki evdə üç nəfər anasız azyaşlı uşaq qalmışdır. Həmin uşaqları o saxlamış, qulluq etmişdir. Uşaqlara qulluq etdiyi üçün həmin vaxt Nümayəndə sədr olmasına etiraz etməmiş və o, sədr seçilmişdir. Nümayəndə sədr seçildikdən sonra o, onun barəsində heç bir orqana məktub belə yazmamış, şikayət etməmişdir. O, xx.xx.2022-ci ildə bələdiyyə sədri seçilmişdir. xx.xx.2023-cü ildən sədr kimi işə başlamışdır. O, sədr seçildikdən sonra hazırkı sədr onun barəsində dövlət orqanlarına yalan olduğunu bilə-bilə anonim şəkildə məktublar yazmışdır. O, həmin məktubları regional Ədliyyə mərkəzinə aparmışdır. Səhhət isə həmin məktubları yazmadığını deyərək araşdırılmasını bildirmişdir. Nümayəndə bələdiyyə sədrliyinə düzgün seçilməmişdir. Çünki keçirilmiş iclasa onu çağırmayıblar, iclas onun iştirakı olmadan keçirilib. Bələdiyyənin iclas qərarının ləğvi ilə bağlı məhkəməyə müraciət etməmişdir. Çünki barəsində polisə müraciət olunduğu üçün vaxt olmamışdır. Hazırkı bələdiyyə sədri sağlam adam deyil, narkotik vasitə istifadəçisidir, bununla bağlı məhkəmə qərarı vardır. Onu qanunsuz olaraq bələdiyyə sədrliyində azad etmişlər. O, həmin gün rayon icra hakimiyyətində keçirilmiş iclasda iştirak etmişdir. Bələdiyyəyə məxsus ştampı və möhürü gizlətməmişdir. Ştamp və möhürü bələdiyyənin binasında qoymuşdur. İnzibati məhkəməyə müraciət etdiyi zaman möhürü və ştampı inzibati məhkəməyə təqdim edəcəkdir, hazırkı bələdiyyə sədrinə verməyəcək. Nümayəndə 12000 manat dövlət büdcəsinə ziyan vurmuşdur. Həmin pulu 2018-ci ildə götürmüş, hansı ki, həmin vaxt bələdiyyə sədri olmamışdır. Lakin möhür vuraraq götürmüşdür. Nümayəndə məktəbdə müəllim işləyəişləyə özünə bələdiyyədə əmək haqqı yazmışdır. Məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün qismən etirafedici ifadəsi ilə yanaşı zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, eləcədə iş üzrə toplanmış digər sübutlarla aşağıdakı qaydada sübut olunur. Məhkəmə baxışında zərəçəkmiş şəxsin nümayəndəsi Nümayəndə ifadə verərək bildirdi ki, 2019-cu ildə bələdiyyə üzvü seçilmişdir və bələdiyyə üzvlərinin səsverməsi nəticəsində bələdiyyə sədri seçilmişdir və 2022-ci ilin dekabr ayının 28-dək fəaliyyəti davam etmişdir. Səhətində problemlər olduğuna görə bələdiyyə sədrindən çıxmış və bələdiyyəyə məxsus ştamp və möhürü səsvermə nəticəsində seçilmiş Təqsirləndirilən şəxs təhvil vermişdir. xx.xx.2023-cü il tarixdə səsvermə nəticəsində yenidən bələdiyyə sədri seçilmiş və bununla bağlı protokol bələdiyyə üzvləri tərəfindən imzalanmışdır. Regional Ədliyyə idarəsi həmin protokolu qəbul etmişdir. Bələdiyyəyə sədr seçildikdən sonra dəfələrlə Solmaz xanımdan bələdiyyəyə məxsus ştamp və möhürü tələb etmişdir. Eləcədə verməyəcəyi təqdirdə barəsində müvafiq qaydada şikayət ediləcəyini bildirmişdir. Lakin Təqsirləndirilən şəxs bələdiyyəyə məxsus ştamp və möhürü təhvil verməmişdir. Təqsirləndirilən şəxs bələdiyyə işlərindən xəbəri olmamışdır. Bələdiyəyə məxsus ştamp və möhür Təqsirləndirilən şəxs atasında olmuşdur və bələdiyyənin bütün işlərini atası həll edir. Odur ki, bələdiyyəyə məxsus ştamp və möhürün alınıb verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqında iştirak etmədiyi üçün ibtidai istintaqda verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 23 dekabr 2019-cu ildə keçirilmiş Bələdiyyə seçkilərində iştirak etmiş, həmin vaxt Xırmandalı bələdiyyəsinə üzv seçilmişdir. Bələdiyyəyə üzv seçildikdən sonra üzvlər arasında bələdiyyəyə sədr seçmək məqsədilə səsvermə keçirilmiş və Məmiyev X3 bələdiyyəsinin sədri vəzifəsinə təyin edilmişdir. 23 dekabr 2022-ci il tarixdə yenidən bələdiyyə üzvləri arasında keçirilmiş səsvermədə səsçoxluğu ilə həmkəndlisi Tağıyeva X1 bələdiyyəsinin sədri vəzifəsinə təyin edilmişdir. Lakin, Təqsirləndirilən şəxs əvəzində işlərini atası Şahid7 həyata keçirmişdir. Şahid7 isə Xırmandalı kənd bələdiyyəsində heç bir vəzifədə olmamış, camaat arasında qızının maliyyə işlərini həyata keçirən şəxs kimi özünü təqdim etmişdir. Təqsirləndirilən şəxs bələdiyyə sədri işlədiyi dövrdə kənd sakinləri ilə normal münasibət qurmaması, hər ay bələdiyyə üzvləri arasında keçirilməsi vacib olan iclası keçirməməsi, atası Şahid7 bələdiyyə üzvü olmadığı halda qızının işlərini yerinə yetirməsi səbəbindən o və digər 7 nəfər bələdiyyə üzvü yeni bələdiyyə sədri təyin edilməsindən ötrü səsvermə keçirilməsi barədə qərara gəlmişlər. Bu barədə Təqsirləndirilən şəxs məlumat vermələrinə baxmayaraq sonuncu səsvermədə iştirak etməkdən imtina etmişdir. Buna görə də 18 noyabr 2023-cü il tarixdə Masallı rayonu Hacıtəpə kəndində o da daxil olmaqla ümumilikdə 8 nəfər bələdiyyə üzvü arasında keçirilmiş səsvermədə Nümayəndə səsçoxluğu ilə Xırmandalı kənd bələdiyyəsinin sədri vəzifəsinə təyin edilmiş və bu barədə müvafiq protokol tərtib olunmuşdur. Bundan sonra Nümayəndə Təqsirləndirilən şəxs sədr təyin edildiyi barədə məlumat verib Xırmandalı kənd bələdiyyəsinin möhrünü, ştampını və bank rekvizitlərini təhvil verməsini tələb etsə də, sonuncu hal-hazıradək Xırmandalı kənd bələdiyyəsinin möhrünü, ştampını və bank rekvizitlərini özündə qanunsuz olaraq gizlədib təhvil verməkdən imtina etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid5, Şahid4, Şahid3, Şahid2 və Şahid6 Şahid1 ilə eyni məzmunlu ifadə verdilər. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid7 ifadə verərək bildirdi ki, Nümayəndə narkotik vasitə ilə tutulması ilə bağlı 2022-ci ilin dekabr ayının 26-da rayon icra hakimiyyəti regional ədliyyə orqanına müraciət etmişdir. Üzərindən 572 qram narkotik vasitə aşkarlanmış, bir gündə saxlanılmışdır və barəsində məhkəmə qərarıda vardır. Bu səbəbdən də Ədliyyə orqanı onun bələdiyyə sədri vəzifəsindən azad etmişdir. Amma əfsuslar ki, bələdiyyə üzvü kimi saxlamışdır. Bundan sonra qızı Təqsirləndirilən şəxs bələdiyyə sədri seçilmişdir. Qızı bələdiyyə sədri seçildikdən sonra Nümayəndə onlara “səni bir il işləməyə qoymayacam” demişdir. Nə üçün Xırmandalı kəndində bələdiyyə binası olduğu halda Hacıtəpə kəndində bələdiyyə iclası keçirilir və yeni bələdiyyə sədri seçilir. Ştamp və möhür Nümayəndə təhvil verilməyəcək başqasına veriləcək. Ştamp və möhür bələdiyyənin binasında kabinetdədir, iş tam bitdikdən sonra təhvil veriləcəkdir. Nümayəndə kabinetin qapısına vurulmuş kilidə müdaxilə etdiyinə görə o, iki dəfə qıfılları yenisi ilə əvəz etmişdir. Nümayəndə 11930 manat bələdiyyə büdcəsinə ziyan vurmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Masallı RİHB-nin Xırmandalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin arayışından və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Masallı rayonu, Xırmandalı kəndində qeydiyyatda olmaqla atası Şahid7 ibarət ailə tərkibində yaşayır və yaşayış yeri üzrə mənfi xarakterizə edilir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə dindirilmiş və ifadələri elan olunmuş şəxslərin (təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxsin nümayəndəsinin və şahidlərin) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Мəcəlləsinin 326.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirildiyi üçün o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsində göstərilir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 6.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamının 8-ci bəndində qeyd edilir ki, - ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmçinin həmin Sərəncamın 10-cu bəndinə əsasən cəza siyasətinin humanistləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilsin və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə tapşırılsın ki, aşağıdakı istiqamətlərdə qanun layihələrini hazırlayıb iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsinlər: - cinayətlərin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunması və mövcud alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi; törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması. Həmçinin həmin Sərəncamın 13-cü bəndinə məhkəmələrə tövsiyə edilir ki: cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; - cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1-ci maddəsində göstərilən cəzasını yüngülləşdirən hallar yoxdur. Lakin, məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət əməli törətməsini və ikinci dərəcəli əlil olmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsas yoxdur. Ona görə də məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda göstərilən halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, habelə cəzanın fərdiləşdirməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, həmçinin onun əmlak vəziyyətini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyası həddində islah işləri cəzası ilə cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 40 və 45.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs ona təyin olunmuş islah işləri cəzasını əsas iş yeri üzrə çəkməli və cəzanın icra müddəti onun işlədiyi və qazancından ilk məbləğin dövlət nəfinə tutulduğu vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs hazırki cinayəti Masallı rayon Xırmandalı bələdiyyəsinin sədri vəzifəsində işləyərkən qulluq mövqeyindən istifadə etməklə törətmişdir. Həmçinin Təqsirləndirilən şəxs hazırdada Masallı rayon Xırmandalı bələdiyyəsinin üzvüdür. Odur ki, onun gələcəkdə dövlət və yerli özünüidarə orqanlarında vəzifə tutma hüququnun saxlanılması məqsədə müvafiq deyildir. Bu səbəbdən ona müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməsi məqsədə müvafiqdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələblərinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Hökmün icrası Masallı rayon İcra və Probasiya şöbəsinə həvalə olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin müvafiq maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 326.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən 01 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında müəyyən vəzifə tutma hüququndan məhrum edilməklə aylıq qazancının 15 (on beş) faizi dövlət nəfinə tutulmaqla 1 (bir) il müddətə islah işləri cəzasına məhkum edilsin. Cəzasını iş yeri üzrə çəksin və cəzaçəkmə müddətinin əvvəli onun işlədiyi və qazancından dövlət nəfinə ilk məbləğin tutulduğu aydan (gündən) hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvədə saxlanılsın. Hökmün icrası Masallı rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar