Məhkəmə qərarları › İş №1(050)-60/2023

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-60/2023

19.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-60/2023 19.04.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Nəzrin Fikrət qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxx 1972-ci ildə Masallı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər Sabunçu Rayon Məhkəməsinin 15 iyul 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 10 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 2.4-cü bəndinə uyğun olaraq Amnistiya Qərarının 36-cı bəndinə əsasən cəzadan azad olunması barəsində narkomaniyadan məcburi müalicəsi ləğv edildikdən sonra həyata keçirilməsi qərara alınmış, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1-də qeydiyyatda olmaqla yaşayan, Masallı Rayon Məhkəməsinin 4(050)-18/2023 saylı, 03 fevral 2023-cü il tarixli qərarına əsasən barəsində “həbs" qətimkan tədbiri seçilmiş, 02 fevral 2023-cü il tarixdən həbsdə saxlanılan; Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə etməklə üzərində saxlayıb daşımış, 02 fevral 2023-cü il tarixdə, saat 14 radələrində Masallı RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbirləri nəticəsində Masallı şəhəri H.Əliyev prospektində saxlanılaraq polis şöbəsinə gətirilmiş, üzərinə keçirilən şəxsi axtarış zamanı sağ əlindəki üzərində “Mıeszko” sözü yazılmış albalı rəngli sellofan torbadan 01 ədəd şəffaf sellofana bükülmüş təmiz çəkisi - 455 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, narkotik vasitə qurudulmuş marixuananın istifadəsilə məşğul olur. Narkotik vasitəi bəzən Cəlilabad rayonu Göytəpə şəhərindən almışdır. Ona görə də xx.xx.2023-cü il tarixdə, saat 11 radələrində narkotik vasitə olan qurudulmuş marixuana almaq məqsədilə Cəlilabad rayonu, Göytəpə şəhərinə getmişdir. Cəlilabad rayonu, Göytəpə şəhərində xarici görkəmcə narkotik aludəçisinə oxşatdığı əvvəllər tanımadığı şəxsə yaxınlaşıb bədənində ağrılar olduğunu və ona narkotik vasitə qurudulmuş marixuana tapmaqda köməklik etməsini xahiş etmişdir. Yaxınlaşdığı şəxs əynində olan gödəkçənin altından bir ədəd şəffaf rəngli sellofana bükülmüş maddəni çıxartmış, həmin bükümü ona göstərib, 450 manata sata biləcəyini demişdir. O, qurudulmuş marixuananı 450 manat pula almış və həmin bükümü özü ilə ora apardığı sellofan torbanın içərisinə qoyaraq Masallı şəhəri Seybətin dairəsi adlanan yerə gəlmiş və yaşadığı Masallı şəhəri ərazisində yerləşən evinin yerləşdiyi istiqamətdə piyada hərəkət etməyə başlamışdır. Həmin vaxt o, Masallı şəhəri Dadva küçəsində piyada gəzərkən iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirib ona saxlanılmasının səbibini izah edərək Masallı RPŞ-nə gətirmişər. X7 xidməti otağına gətirildikdən sonra ona hüquq və vəzifələri izah edilmişdir. Daha sonra o, ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini bildirmişdir. Müdafiəçi qismində Müdafiəçi hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. Müdafiəçi, digər iki polis əməkdaşının iştirakları ilə videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Axtarış zamanı ondan üzərində qanunla qadağan olunmuş hər hansı vasitə və ya predmetin olubolmaması soruşulduqda sağ əlində olan sellofan torbanın içərisindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş narkotik vasitə olan qurudulmuş marixuanan təqdim etmişdir. Sorğu zamanı isə bildirmişdir ki, həmin narkotik vasitəni şəxsi istifadəsi üçün Cəlilabad rayonu, Göytəpə şəhərində tanımadığı şəxsdən alaraq üzərində saxlamışdır. Hazırda əməlindən peşmandır, məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Masallı RPŞ-nin NMQ-nın əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda, narkotik maddələri qəbul etməkdə və üzərində gəzdirməkdə şübhəli olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması və Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunmasından ötrü təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilmişdir. Həmin gün saat 14 radələrində Təqsirləndirilən şəxs Masallı şəhəri Heydər Əliyev prospektində olması barədə məlumat əldə edib polis nəfəri Şahid2 ilə birlikdə həmin əraziyə getmişdir. Həmin yerdə Təqsirləndirilən şəxs yaxınlaşıb özünü təqdim etdikdən sonra üzərində narkotik maddə gəzdirməsini, qəbulunda şübhəli olmasını bildirib onu polis şöbəsinə dəvət etmiş və onunla birlikdə Masallı RPŞ-nə gəlmişlər. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, daha sonra isə Masallı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi qismində dəvət edilmişdir. Bundan sonra baş təhqiqatçı Ariz Səfərov tərəfindən onun, müdafiəçinin və polis əməkdaşı Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə video çəkiliş vasitəsilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı bir maddə, əşya varsa iştirakçılara təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs sağ əlində olan üzərində MİESZKO sözləri yazılmış torbanın içərisindən bir ədəd şəffaf rəngli sellofan bükümün içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin bükümü xx.xx.2023-cü il tarixdə səhər saatlarında Cəlilabad rayonu Göytəpə şəhərində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 450 manata aldığını və istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra baş təhqiqatçı Ariz Səfərov tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində axtarış davam etdirilmiş və onun üzərindən əlavə olaraq qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Narkotik vasitə olan qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş və ümumi çəkisinin 460(dörd yüz altmış) qram olduğu müəyyən olunmuşdur. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əlində olan sellofan torbadan aşkar olunan narkotik vasitə olan qurudulmuş marixuana zərfə qoyularaq qablaşdırılmış və üzəri DİN-in 90 saylı möhürü ilə möhürlənmiş, üzərinə imzalar edilmişdir. Məhkəmə istintaqına şahid qismində dindirilmiş Masallı RPŞ-nin PPXB-nin polis nəfəri X4 oxşar məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iclasında iş materiallarında olan Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilməsi barədə video çəkilişin aparılmasına dair CD-yə baxış keçirilərək, sağ əlində olan albalı rəngli sellofan torbanın içərisindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar bitkinin aşkar edilərək götürülməsi müəyyən edildi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X8 Bölməsinin xx.xx.2023-cü il tarixli 19/150 saylı rəyindən görünür ki,tədqiqata təqdim edilmiş üzərində “Vət Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş qurudulmuş marixuanaya bənzər kütlə....” sözlər və imzalar olan bir ədəd paketdəki, 1 ədəd sellofanda təmiz çəkisi: - 455.0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə ( kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi – 455,0 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 454,95 qramdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran Şəhər X1 X12 Yoxlamanın nəticələrinə dair xx.xx.2023-cü il tarixli, 149 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Maddi sübutun tanınması və təhvil verilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində aşkar edilərək götürülmüş ekspert tədqiqatından sonra qalıq çəkisi -454,95 qram narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmış və saxlanılması üçün RPŞ-nin saxlanc yerinə verilmişdir. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə qurudulmuş marixuananın aşkar olunduğu görüntünü əks etdirən 01 ədəd video disk iş üzrə əhəmiyyətli olduğundan sübut növü kimi tanınaraq cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən və Ədliyyə Nazirliyi Penitensiar Xidməti 5 saylı Cəzaməkmə Müəsissəsinin “Amnistiya aktının tətbiq edilmsi barədə” xx.xx.2021-ci il tarixli Qərarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 15 iyul 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 10 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 2.4-cü bəndinə uyğun olaraq Amnistiya Qərarının 36-cı bəndinə əsasən cəzadan azad olunması barəsində olan narkomaniyadan məcburi müalicə ləğv edildikdən sonra həyata keçirilməsi qərara alınmışdır. Salyan Rayon Məhkəməsinin 7(050)-456/2021 saylı, 01 dekabr 2021-ci il tarixli qərardan görünür ki, məhkum Təqsirləndirilən şəxs narkomaniyadan məcburu müalicəsi Səhiyyə Nazirliyinin nəzdində olan ixtisaslaşdırılmış tibb müəsisəsində davam etdirilməsi və tamamlanması qərara alınmışdır. Ədliyyə Nazirliyi Penitensiar Xidməti 5 saylı Cəzaçəkmə Müəsissəsinin 707 nömrəli, froma “B-İV”, seriya AZ-2 saylı, 22 dekabr 2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 2.4-cü bəndinə uyğun olaraq Amnistiya Qərarının 36-cı bəndinə əsasən 22 dekabr 2021-ci ildə azadlığa buraxılmışdır. Masallı Rayon İcra Hakimiyyəti başçısının Masallı şəhər inzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatda olmaqla arvadı xx.xx.1972-ci il təvəllüdlü X6, oğlu xx.xx.1993-cü il təvəllüdlü X3 və oğlu xx.xx.1998-ci il təvəllüdlü X2 ibarət ailə tərkibində yaşayır, yaşadığı yer üzrə mənfi xarakterizə olunur. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən təqsirləndirilən şəxsin etirafı, şahidlərin ifadələri, təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış aparılmasına dair video çəkiliş aparılması barədə CD, eləcə də işin faktiki halları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikası CPM-nin 144-146-cı maddələrində nəzərdə tutulmuş qaydada qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 59.1ci maddəsində göstərilən yüngülləşdirici hallardan yoxdur. Lakin məhkəmə həmin Məcəllənin 59.2-ci maddəsin əsasənəməlini səmimi etiraf edərək, peşman olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. Onun əməlində cinayətlərin residivi var. Cinayətlərin residivi Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilir. Belə ki, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 36-cı bəndində qeyd olumuşdur ki, alkoqolizmdən, narkomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə təyin olunmuş şəxslər barəsində amnistiya tətbiq edilməsinə dair materiallara bu Qərarın 45-ci hissəsində nəzərdə tutulmuş müddətdə baxılmalı, həmin şəxslərin cəzadan azad edilməsi məsələsi isə müalicə başa çatdıqdan sonra həll edilməlidir (şəxsin zöhrəvi xəstəliklərdən müalicəsini qurtarmasının təsdiqi üçün əsas-tibbi rəy, məhkəmənin alkoqolizmdən və ya narkomaniyadan məcburi müalicə təyin etdiyi şəxslər barəsində isə belə əsas məcburi müalicənin ləğvi və ya məcburi müalicə təyin edilmiş şəxs məcburi müalicədən vaxtından əvvəl azad edilməsi barədə məhkəmənin qərarıdır). Göründüyü kimi, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəsindən azad olunması və ya ləğvi ilə bağlı deyil, müalicənin davam etdirilməsi və tamamlanması barədə məhkəməyə müraciət edilmiş və Salyan Rayon Məhkəməsinin 7(050)-456/2021 saylı, 01 dekabr 2021-ci il tarixli qərarı ilə onun narkomaniyadan məcburu müalicəsi Səhiyyə Nazirliyinin nəzdində olan ixtisaslaşdırılmış tibb müəsisəsində davam etdirilməsi və tamamlanması qərara alınmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1. və 56.1.3.-cü maddələrinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün-ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Məhkəmə təyin ediləcək cəzanın növü və həddi məsələsini müzakirə edərək qeyd edir ki, Təqsirləndirilən şəxs eyni növ cinayətə görə əvvəllər məhkum olunmuş şəxsdir, məhkumluğu ödənilməmişdir. Əməlində ağırlaşdırıcı halların olması, şəxsiyyəti, ona əsas verir ki, o, yalnız azadlıqdan məhrumetmə ilə əlaqədar cəza çəkməklə islah oluna, həmçinin həmin növdə cəzanın təyin olunması ədalətli və qanuni hesab edilməklə cəzanın məqsədlərinə və sosial ədalətin bərpasına nail oluna bilər. Əməlində cinayətin residivinin olması nəzərə alınmalı və ittiham olunduğu maddənin sanksiyasında göstərilən azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinin yarısından az ona cəza təyin edilməməlidir. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəkməlidir. Şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 02 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Masallı Rayon Məhkəməsinin 4(050)-18/2023 saylı, 03 fevral 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlanılmanın əvvəli 02 fevral 2023-cü il tarixdən hesablanmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələbinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından Təqsirləndirilən şəxs barəsində Masallı Rayon Məhkəməsinin 4(050)-18/2023 saylı, 03 fevral 2023-cü il tarixli qərarı ilə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.16-cı maddəsinə əsasən təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirin və məhz hansı tədbirin tətbiq edilməsinin mümkün olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, xx.xx.2023-cü il tarixli, 178 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinin tələbi baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə Masallı Rayon Polis şöbəsində saxlanılan, tədqiqata sərf edildikdən sonra qalıq qalan 454,95 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, video çəkilişin aparılmasını özündə əks etdirən 1 ədəd video CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.21-ci maddəsinin tələbinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs aparılmış ekspertizanın dəyəri olan 60 (altmış) manat məbləğində pul vəsaiti tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini müzakirə edərək müsadirə ediləcək əmlakın olmamasını müəyyən etdi. Hökmün maddi sübut ilə bağlı hissəsinin icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın. Cəza çəkməsinin əvvəli onun həbsə alındığı gündən, yəni 02 fevral 2023-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Maddi sübut olan Masallı Rayon Polis şöbəsində saxlanılan, tədqiqata sərf edildikdən sonra qalıq qalan 454,95 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərindən narkotik vasitənin aşkar edilməsi barədə görüntüləri özündə əks etdirən 01 ədəd “CD” disk iş materiallarında saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmün maddi sübutla bağlı hissəsinin icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxs hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar